"Azad qadınsız milli inkişaf ola bilməz" - Əhməd bəy Ağaoğlu
Günel EYVAZLI
..."Uşaqlığımı, Bakıdan İstanbula getməyimizi yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və ən böyüyü altı yaşında olan məni, qardaşlarımı qatarla yola saldı. Qohumlarım ağlayırdı. Anam və Humay bibim də. Yenə xəyal kimi Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Qalata limanına gəlişimizi və o qələbəlik içərisində atamın bizə əl salladığını görmüş oluram. 1910-cu il idi" (Mənbə:"Bir ömür belə keçdi" kitabından - Sürəyya Ağaoğlu).
Qadınların geriləmə dönəmində dünyaya gəlmiş Sürəyya Ağaoğlu Türk Cümhuriyyətinin elanına qədər çox sıxıntı keçirmişdi. Geniş dünyagörüşlü, bilim adamı, ictimai xadim, siyasətçi, jurnalist, yazıçı, fikir nəhəngi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlmək taleyin ən uğurlu qisməti idi.
"Uşaqlığımın ən uzaq çağlarından bəri evimizdəki yığıncaqlar sayəsində dövrün siyasi və ideoloji cərəyanlarının içində idik. Zamanın tanınmış şəxsiyyətləri, qələm sahibləri evimizə yığışırdı... Günləri çox məşğul və zehni fəaliyyət yönündən zəngin keçən atam şam yeməyində anama bu görüşlərin xülasəsini danışır, biz də maraqla dinləyirdik... Atamın təfəkküründə hakim olan fransız həyat tərzinin təsiri altında çox açıq və işıqlı düşüncə ilə böyüdük" ("Bir ömür belə keçdi" kitabından) yazırdı Sürəyya Ağaoğlu.
Türkün böyük atası Mustafa Paşa ilə ünsiyyətdə olmaq, onu tanıma şərəfinə nail olmaq həyatının ikinci böyük şansı sayıla bilər. Bu taleyi yalnız arzulamaq olardı. O isə bunu yaşadı. Gözəl yaşadı...
Əlbəttə, çevrə, düşüncə adamlarıyla ünsiyyət Sürəyya xanımı beyincə tez yetkinləşdirmişdi. Yeniləşən, dəyişən dünyanın fonunda türk qadınının çərçivələr içində olması bir başqası deyil, məhz Sürəyya təfəkkürlü bir xanım üçün olduqca çəkilməz idi. Hələ yeddinci sinifdə oxuyarkən din dərsini tədris edən müəlliminin qadınlara "mülkü-müta" (əşya, mal) deyərək müraciəti Sürəyyanı incidərdi.
Onun yeniyetməlik dövrü çox çılğın keçmişdir. Cəsarətli addımlarıyla hamıdan fərqlənirdi. Bu hərəkətləri etməyə onu təhrik edən düşüncəsiz cəsarəti yox, məhz dünyagörüşü, inam və bilgisi idi.
Günlərin birində onun təşəbbüsü ilə Lisey üzərində dalğalanan ingilis bayrağı endirilərək Türk bayrağı ilə əvəzlənir. O, bu hərəkətinə görə suçlandıqda: "Sizin ölkənizi birisi işğal etsəydi siz eyni davranışı göstərməzdinizmi" cavabını verərək cəsarət və hazırcavablıq nümayiş etdirir.
Sürəyya Ağaoğlu yeddi yaşındaykən yaxınları ondan gələcəkdə nə olacaqsan, soranda, "Avukat (hüquqşünas) olacağam" cavabını verirdi. Sonra böyüyüncə fikrindən daşınmadığını görən yaxınları bu peşənin qadınlara uyğun olmadığını və belə bir ixtisasda heç vaxt qadının təhsil almadığını ona anlatmağa çalışsalar da, Sürəyya istəyindən dönmür. Qətiyyətlə bu seçimin üzərində dayanır. Və istədiyinə nail olur.
Sürəyyanın liseyi bitirdiyi və hüquqşünas olmağa qərar verdiyi dönəmdə Əhməd bəy Ağaoğlu Malta adasında əsirlikdə idi. Sürəyya xanım ixtisas seçimiylə bağlı atasına məktub yazır. Əhməd bəy cavabında tarix və ədəbiyyat oxumasını məsləhət bilib, yaxşı bir hüquqşünas olmaq üçün mütləq ərəb və fars dilini bilməyin vacib olduğunu qeyd edir. Amma qızının mütləq şəkildə hüquq oxumasını istəməsində də qəbahət görmədiyini bildirir. Beləliklə, Əhməd bəy qızına hüquqda oxumasına həm icazə, həm də məsləhət verərək: "İlk qız tələbələrsiniz. Ən kiçik bir xətanız sizdən sonrakılar üçün bir maneə yarada bilər. Bunu yadından çıxartma və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol" sözlərini məktubunda qeyd edir.
Sürəyya Ağaoğlu, ilk hüquqşünas, vəkil, hüquq bilicisi olmaqla türk qadını üçün öncül olmuşdur. O, "Türk qadınının dünəni və bugünü" adlı ingilisdilli məqaləsində belə yazırdı: "Bu gün Türkiyə qadınları digər mədəni dünya ölkələrində var olan haqlardan yararlanırlar. Türkiyə qadın haqlarını iki mərhələyə bölə bilərik: Bizans və İslam mədəniyyətlərinin etkisi altında olmayan dönəmlər. İkincisi isə bu iki mədəniyyətin təsir etkisindən sonrakı dönəmlər.
Bu dönəmin ilkində qadınlar eynilə indiki kimi erkəklərin yararlandığı bütün haqq və hüquqlardan istifadə edirdilər. Hətta Türk dövlətinin Hökmdarı belə, Xatunun, yəni həyat yoldaşının hazır olmadığı vaxtlarda qonaqlarını, elçilərini qəbul etməzdi.
İkinci dönəmdə - yəni İslam inancının qəbulundan və Bizans Mədəniyyətinin günlük yaşam üzərinə buraxdığı etkilərdən sonra qadınların huzuru, dincliyi pozulur.
Ərəblərin qadını küçümsəməsi və bir əyləncə məqsədi olaraq görməsi həqiqətdir. Ərəb qadınlarının miras, özəl mülk, məhkəmə haqlarının itirilməsindən sonra Hz.Məhəmməd qadının toplumdakı yerini dəyişdirmək üçün çox çabalayır. "Cənnət anaların ayaqları altındadır" deyən Məhəmməd qadınlara bir çox haqları tanıdır. İstədikləri sayda qadına sahib olmaq özgürlüyündə bulunan kişilər isə dörd qadınla evlənməklə çərçivələyir. Ərəb qadını bu yol ilə müəyyən hüquqlara sahiblənsə də, İslamın mövcudluğu türk qadınının əlindən öz erkəyi ilə çiyin-çiyinə haqq və hüquq müstəvisində olma özgürlüyünü alır. Halbuki, İslamdan öncə türk qadını haqq və hüquqa malik idi. İndi onlar ailənin təhriki ilə, ailənin seçdiyi bəy ilə evlənmək zorunda qalırdılar. Və bu erkəklər dörd qadınla evlənmək azadlığında idilər.
1850-ci il reformlarından sonra qadın hərəkatı başladı. Türk qadınları Avropada gedən tendensiyalarla, hərəkatlarla tanış olmağa başladılar. Xarici dil öyrənməyə və yabancı dillərdə olan kitabları oxumağa meyilləndilər. Bir zaman ilkokul təhsili almaq ilə çərçivələnən qadınlar, 1909-cu il hərəkatından sonra daha da özgürləşdilər. Orta öyrətim kurumları qızların üzünə taybatay açıldı. 1914-cü il savaşı başlanandan Universitetlərdə qadın öyrətmənləri yetişdirmək üçün fakültələr açıldı.
Bütün bunlara rəğmən sosial həyatda qadınlar rol almırdılar. Ərləri isə hələ də dörd qadınla evlənir və istədikləri zaman qadınlarını boşayırdılar. Qadınlar nə ölkə daxilində, nə də ölkədən kənarda özünü qoruyan haqlara sahib deyildilər.
Qurtuluş savaşında erkəklərin ən böyük yardımçısı məhz qadınlar oldu. Məhz bu savaş təcrübəsindən sonra xanımlar dünyanın digər ölkələrindəki qadınlarla eyni haqlara sahib olma tələbində bulundular. Bu gün qadınlar kişilərlə bərabər hüquqdadırlar. Universitetdə bütün fakültələr onların üzünə açıldı. Hal-hazırda türk qadınının amacı ölkələrində yaşam standartı gücünü sona qədər istifadə edib yüksəltmək və təkcə Türkiyədə çaba göstərməklə kifayətlənməyib digər ölkələrin qadınlarıyla da iş birliyi yaratmaqdır". - Sürəyya Ağaoğlu.
Sürəyya xanım seçimlərində, hərəkətlərində həm də Atatürkə arxalanırdı. Mustafa Kamalın yanında olan köməkçilərindən biri Sürəyya xanımın olması da təsadüfi deyildi. Sürəyya xanımın təbirincə desək, o, Atatürk inqilabının simvolu idi.
Qadın azadlığı mövzusuna kifayət qədər həssas olan Qazi qadınların sosial, ictimai, siyasi sferada təmsil olunmasını cani-könüldən istəyirdi. Və ağıllı, idraklı qızların sivil hərəkətləri onda bu istəyin daha da şaxələnməsinə səbəb olurdu. Çünki Sürəyya təkcə ilk hüquqşünas deyildi, o həm də ölkəsinin hüquq sahəsində ən güclü mütəxəssislərindən biri idi.
"Mən Atatürkü gənc yaşımda tanımışam. Universitet tələbəsi idim. Ailəmlə Ankaraya getmişdim. Fəqət o zamanki tanımağım gözəl bir insanı seyr etməkdən ibarət idi. İkinci dəfə təhsilimi bitirdikdən sonra Ankaraya getdim ki, o zaman Lətifə xanımla evli idi. O vaxtlarda ailə münasibətimiz çox isti olduğundan tez-tez onu görmək imkanım olurdu. Atatürkə heyran idik. Yalnız mən deyil, hər kəs - gənc, yaşlı... Hər kəsin halı o idi...
Lətifə xanımla evli olduğu müddətcə Atatürkü yaxından tanımaq şərəfinə nail olduq... Evli olduğu müddətdə hər həftə evimizin qonağı olurdu. Və ya başqa birinin evində ailəlikcə görüşürdük. Orda müşahidə etdiyim Atatürk bir başqa idi - ailə atası idi. Tam ailə fərdi kimi bir canlı insan obrazı idi. O zamanlar Ankaranın havası bir başqa cür idi..." - Sürəyya Ağaoğlu.
Öz müsahibələrində Sürəyya Ağaoğlu qurtuluş savaşı zamanlarında türk qadınının fədakarlığı haqqında dönə-dönə fikir sərgiləyirdi və bu fədakarlığın şahidi olmuş Atatürkün də baş verən hadisələrdən ürəyinin riqqətə gəldiyini söyləyirdi. "Atatürkün kadınlara çok önüm ve deyer vermesi bilhassa İstiklal Harbinde kadınlarımızın yapdığı hizmetleri çok takdir etmesiydi. Anadolu kadını gerçekden de savaşta büyük fedakarlıqla hizmet vermişdir. Karda, kışda yalın ayak sırtında silah taşımıştır". (S.Ağaoğlu "Qadın" dərgisinə müsahibəsindən).
"Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin" - Əhməd bəy Ağaoğlu
Əslində, qadın azadlığı mövzusu bugünkü dövr üçün həm önəmlidir, həm də önəmli deyil. Cəmiyyət ailələrdən, ailələr fərdlərdən ibarətdir. Və bu fərdlərin dünyagörüşü övladların tərbiyəsi üzərində görünür. Əlbəttə, diktator ata heç vaxt sivil, azad təfəkkürlü övlad yetişdirə bilməz. Və ya ailəsində zorakılıq təpkisi altında olan ana heç vaxt cəmiyyətə geniş düşüncəli, azad təfəkkürlü övlad təhvil verə bilməz. "Sus", "danışma"larla övlad tərbiyələndirmək qeyri-mümkündür. Valideynin əməli övlad üçün tərbiyədir, dediyi söz yox. Övlad gördüyünü edir, eşitdiyini əsla. Azadlıq tüfeylilik, "nə istəyirəm onu da edərəm" demək deyil. Azadlıq etmək istəmədiyini etməməkdir. Azad insana istəmədiyini zorla etməyə heç kim məcbur edə bilməz.
Əlbəttə, yazıda söhbət açdığımız xanım Əhməd bəy Ağaoğlunun qızı idi. Sürəyyanın başqa cür olma ehtimalı yox idi. Atatürk nəhəngliyində bir insanla daima üz-üzə gəlib ünsiyyətdə olmaq, Əhməd bəyin müəyyən konularda ailədaxili müzakirələrinin qulaq şahidi olmaq artıq tərbiyənin və xarakterin yetişməsi üçün zəmin idi. Həm də Əhməd bəy qız övladlarına qarşı çox düşkün idi. Qız balalarını, qız nəvələrini çox sevərdi. Onlarla nəfəs alardı. "Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir" söyləyən Əhməd bəy Ağaoğlu eyni zamanda hürriyyət və sərbəstliyi intizamsızlıq şəklində qətiyyən tələqqi etməzdi. Qız balalarını güvənmədiyi, etimad etmədiyi şəxslərlə ünsiyyətinə heç vaxt icazə verməzdi. O, günlərin birində Sürəyya və Tezerini təhsil almaq üçün İstanbula göndərməyi qərara alanda da əqidə və əməl dostuna güvənir. Onun Əli bəy Hüseynzadəyə ünvanladığı təsirli məktubunu oxuduqca gözlərimiz önündə iki böyük şəxsiyyətin, türkçülük peyğəmbərlərinin möhtəşəm portreti canlanır. Mühacir həyatı keçirən, qəlbi vətənlə döyünən, bir-birinə dayaq olmağı bacaran iki nəhəng şəxsin münasibəti insanlıq mahiyyətinin, dəyərlərin nə olduğunu bizim üçün aydın edir. Bu isti, qardaş məktubunu, güvən məktubunu kövrəlmədən oxumaq qeyri-mümkündür...
- Əhməd Ağaoğlunun Əli bəy Hüseynzadəyə məktubu:
"Əziz Qardaşım Əli Bəy! Sürəyya və Tezər xanımı sana evlad olmaq üzərə tevdi (əmanət) ediyorum. Təhsillərini natamam buraxmamaq için İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa onları etimad edəcək yer bulamadığım için sana və Əthiyyə xanıməfəndiyə zəhmət vermək ıztırarında (məcburiyyətində) qaldım. Onları qəbul etmək kibi lütfdə bulunmanız bəni və ailəmi şükranı ödənəməyəcək qədər minnətdar etdi. Artıq çocuqlar sənindir. Bəni biliyorsun. Bən insanda həsəb və nəsəbdən, elm və irfandan ziyadə əxlaqa, mətanətə qiymət veririm. Bən Türk qızlarının sərbəst olmalarını həyata qarışmalarını və bütün fəaliyyəti-içtimaiyyəyə iştirak etmələrini arzu edərim. Qızlarımın da o yolda hazırlanmış olmalarını istərəm. Fəqət hürriyyət və sərbəstiyi intizamsızlıq səklində tələqqi etməm. Onun için qızlarımdan da təvazö, iffət, hicab və hörmət dairəsində sərbəsti istərim. İştə qardasım! Hər cəhətdən onların babası sənsin...Binaenaleyh Saida, Feyzavər və Məhmət haqqında nasıl hərəkət ediyorsanız onları da o surətdə tələqqi (qəbul) edəcəksiniz. Artıq onları sizə, sizi də Allaha ısmarlıyoruz qardasım...
Əziz qardaşımız! Qardaşınız Ağaoğlu Əhməd, 17 Ekim (oktyabr) 1922. Ankara." (Mənbə: A.Turan "Əli bəy Hüseynzadə" Bakı. 2014. səh 314).
Əski əlifba ilə "Saadet ablacığıma beni hatırlaması için" (Səadət abla Əli bəyin baldızıdır) sözləri yazılmış bu foto isə Feyzevər xanımın ailə albomunda böyük məhəbbətlə qorunurdu.
Sürəyya Ağaoğlu 1919-1920 (1335-1336) illərdə Bazm-i Aləm Valide Sultanisini (İstanbul qız liseyi) yüksək dərəcə ilə bitirmiş və inadkarcasına hüquq fakültəsinə daxil olmuş, Türk tarixində ilk qadın hüquqşünası kimi adını əbədiləşdirmişdir. 1923-1924-cü ildə fakültəni əla qiymətlərlə bitirən Sürəyya xanım 7 oktyabr tarixində Ədliyyə Vəkaləti Umur-u Cəzaiyə Müdiriyyətində işə başlayır. Və ən ciddi hüquqşünas görəvinə qədər yüksəlir.
Qadın hüququ baxımından Sürəyya xanımın növbəti cəsarətli hərəkəti Ankaraya gəlincə gerçəkləşir. O günə qədər qadınlar kişilərlə birgə kafedə, restoranda əyləşmirdilər. O isə rəfiqələriylə birgə lokantaya gələrək masa arxasında əyləşir. Belə etməsinə səbəb gərgin iş görəvindən sonra yemək hazırlamağa zamanın olmaması idi. Xanımlar uzun müddət yüngül yeməklərlə keçinsələr də, son anda dözə bilməyib lokantaya yol alırlar. Bu hadisəni Sürəyya xanım öz memuarında belə qələmə alır: "Nahar məsələsi Məlahət və mənim üçün problemə çevrilmişdi. Çünki o dönəmlərdə Ankarada "İstanbul Lokantası" adlı restorandan başqa yer yox idi. Bir gün atamdan izn alaraq Məlahətlə birgə o lokantaya getdik. Kənar bir yerdə əyləşib yemək yedik. Hər kəs heyrət içində idi. İki gənc qız lokantada yemək yeyir... Basın-Yayın Genəl Müdiri bizi və atamı yaxşı tanıdığından xəbəri atama o dəqiqəcə çatdırmışdı. Gecə atam evə gəlincə bunları anlatdı:
Başbakan Rauf bəy, Sürəyya ilə bir xanım arkadaşının lokantada yemək yediyini və hamının bundan danışdığını söylədi. Bir də kitabxanaya gedən bir xanım varmış, onun haqqında da şayiələr dolaşmaqdadır...
Rauf bəy kitabxanaya gedən qızın öz qızı olduğunu sonradan bilir. Bu olaydan sonra Qazi və Lətifə xanımla rastlaşınca hadisəni ona nəql eləyirlər. Onlar da bizə gəlir. Lətifə xanım iş həyatımdan məmnun olub-olmadığımı məndən soruşur. Mən də baş verən olayı ona olduğu kimi anlatdım. Lətifə xanım mənə atamın və Rauf bəyin haqlı olduğunu söylədi. Elə Atatürk də bəylərin söylədiklərinin doğru olduğunu dilə gətirir. Qadın azadlığı konusunda düşkün olan Atatürkün bu jesti Sürəyyanı şaşırır. O, Qazinin başqa bir fikir söyləyəcəyini gözləyirdi. Amma əksini eşidir.
Ertəsi gün bakanlıqda çalışarkən millət vəkili Necati bəy təlaşla içəri girir: "Sürəyya, hazır ol, Paşa gəlib yeməyə götürəcək səni". Mən və dostlarım şaşırmışdıq. Çölə çıxınca Paşanın avtomobilini və onun içində Millət vəkilləri Mahmud və Müzəffər bəyin olduğunu gördüm. Onlar mənə: "Lətifə xanım bu gün səni nahara gözləyir" söylədilər. Özümü itirmişdim, heç nə danışa bilmirdim. Avtomobilə mindim. Yolda hər kəs bizə baxırdı. Lokantanın qarşısında dayandıq". Sonra Lətifə xanım mənə nəql etmişdi ki, Paşa restoran məsələsinə görə çox əsəbləşmişdi. Elə baş verən bu olaydan çıxış yolu kimi və pıçhapıçın birdəfəlik kəsilməsi üçün Paşanın əmri ilə məmurlara və Millət vəkillərinə tapşırılmışdır ki, lokantaya həyat yoldaşları ilə birgə getsinlər. "Onlar rahatlıqla lokantaya gəlmişlər. Və bununla Paşa qadınların rahat hərəkəti üçün şərait yaratmışdı".
İngilis və fransız dilini mükəmməl bilən S.Ağaoğlu daima uluslararası konfranslarda Türkiyəni layiqincə təmsil edirdi. O, 1952-ci ildə Millətlərarası Qadın Hüquqçular Birliyinə üzv olmuşdur. 1980-1982-ci illərdə Hüquqçu Qadınlar Federasyonunun ikinci başqanı olmuşdur.
S.Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak edib, Yeni Türkiyə Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib. İndi Türkiyədə onun adını daşıyan küçə vardır. Yaratdıgı Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ də fəaliyyət göstərir.
Onun "Londonda gördüklərim", "Bir həyat belə keçdi" kitabları - memuarları vasitəsilə hüquq cəbhəsində baş verən olaylar haqqında təfsilatıyla məlumat ala bilərik. Biz Ağaoğluların Türkiyədə aktiv fəaliyyəti haqqında, ailənin digər fərdlərinin nələr yaşadıqlarını təkcə Sürəyya Ağaoğlunun memuarlarından deyil, eyni zamanda qardaşı Səməd Ağaoğlunun qələmə aldığı "Atamdan xatirələr", "Atamın dostları", "Strasburq xatirələri", "Aşina üzlər", "Dostum Menderes", "Sovet Rusiya imperatorluğu" və s. memuarlar vasitəsilə xəbərdar oluruq.
Sürəyya xanımın uzunömürlü ailə həyatı olmayıb. Atasının anası ilə tanışlığını öz xatirələrində sevə-sevə nəql edən Sürəyya xanım özü belə bir xoşbəxtliyə nail ola bilmir.
"Anama aşiq olan atamın evlənmə təklifi onu "Firəng Əhməd" kimi görən nənəm tərəfindən rədd edilmişdi. Çox mühafizəkar bir qadın olan ana nənəm atam evin önündən keçərkən anamın balkona çıxmasına da dözə bilmirmiş. Bir müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi oğlu Fərrux bəy ilə danışarkən onun niyə evlənmirsən sualına "Mənim istədiyimi mənə vermirlər, mənə gəlmək istəyənləri isə mən bəyənmirəm", - deyə cavab verir və sirrini Fərrux bəyə açır. Həmin vaxt artıq nənəm də vəfat etdiyi üçün Fərrux bəy "Mən sənə Sitarəni verdim" deyərək Qarabağa, anamın atasına teleqraf göndərir. Atam o dövrdə adət olmadığı halda, nişanlısını ziyarət etməklə, ona hədiyyələr verməklə babamın və qonaqların təəccübünə səbəb olmuşdu. Beləcə, evləniblər".
Sürəyya Ağaoğlu 1950-ci ildə - 48 yaşında alman hüquqşünası Varner Tasçenbreker ilə ailə həyatı qursa da, bu izdivac on ildən sonra - 1960-cı ildə ayrılmaqla tamamlanır. Övladı olmayır. Biz memuarları vasitəsilə də bu izdivac haqqında məlumat ala bilmirik. Sürəyya xanım bu haqda yazmamağı doğru hesab etmişdir.
Sürəyya xanım 1982-ci ildə Bakıda olub. O bu tarixi səfər haqqında xatirələrində belə yazıb: "Bizi "Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"...
Bu olayı oxuyarkən gözlərim uzun-uzadı pəncərəyə zilləndi. Görəsən, bizim üçün "növbəti dəfə" nə zaman olacaq? Biz "növbəti dəfə"lərlə Qarabağa gedişimizi otuz ilə yaxın müddətə gecikdirmədikmi? Qədimdən qədim yurdumuzu görmək bizə nəsib olamayacaqmı? Yəni bu arzu gözümüzdəmi qalacaq? Yəni biz də ölüm yatağında sonuncu dəfə "Qarabağ" deyib dünyadan köçəcəyikmi? Belə həqarətmi olar? Belə ədalətsizlikmi olar?
"Torpaqdan pay olmaz" deyimini şeirlərdə əzbərlədik, Sürəyya xanım. Elə gözəl vətənpərvərlik şeirləri yazırıq ki... bir biləsiniz... elə gözəl təriflər yağdırırıq ki, könlü parçalanmış, didik-didik olmuş vətənimizə... Ah, yazıq bizə... ah...
Bir xəritəmizi görsəniz. "Olmaz" dedik, amma pay verdik... İrəvanı Ermənistan adına, Borçalını Gürcüstan qonşusuna, Təbrizi, Ərdəbili, Urmiyanı, Xoyu, Zəncanı və daha haraları... Əlimizdənmi qopardılar? Əlimizdən buraxdıq. Siz də gedə bilmədiniz. Biz də gedə bilmirik...
Sürəyya Ağaoğlu Atatürk sayəsində aydınlanma atəşinin, qadınların üzünə bir günəş kimi doğduğu sürəcə missiyanın öhdəsindən layiqincə gəlmişdir. Hətta sıxıntılı dönəmlərdə yorulmadan yeniliklərə doğru aktiv fəaliyyətdə olmuş və modern Türk qadını tanımının özü olmuşdur.
Memuarları oxuduqca müəyyən təsvirdən sonra, "kaş o günlər bir də qayıdardı", "atamın bu hərəkətini heç unutmuram", "necə gözəl günlər olmuşdur, ilahi" fikirlərini dönə-dönə oxuyuruq. O dönəmlərin, gərgin, acılı-şirinli günlərin xiffətini çəkən Sürəyya xanım son nəfəsinə qədər işdən, müzakirələrdən usanmır. Öz tənhalığını, təkliyini gur diskussiyalar içində unutmağa çalışır. 1989-cu ildə İstanbulda qatıldığı "Qadın haqları və çağdaşlaşma" mövzulu panel iştirak etdiyi son toplantı olur. Ordan ayrılarkən pilləkanlardan yıxılaraq beyninə qan sızması nəticəsində gözünü əbədi olaraq bu dünyaya yumur. Bir ömür də belə keçir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!