Qazax xalqının dan ulduzu - Qənirə Paşayeva

Abaydan yeni tərcümələr. Tərcümə etdi: Elxan Zal, İbrahim İlyaslı

 

TÜRKSOY 2020-ci ili dahi qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibətilə "Abay ili" elan etmişdir. Abayın 175 illik yubileyi qarşısına onun əsərləri bir çox xarici dillərə çevrilmiş, müxtəlif ölkələrdə kitabları nəşr edilmişdir. Azərbaycanda bu missiyanı AR MM Mədəniyyət Komitəsi və Mahmud Kaşqari adına Beynəlxalq Fond öz üzərinə götürmüş, "İRS" seriyasından Abayın tam külliyatını Azərbaycan dilində nəşr etmişdir. Nəşrin tərcüməçiləri Elxan Zal Qaraxanlı və İbrahim İlyaslıdır. MM-in Mədəniyyət Komitəsinin sədri prof. dok. Qənirə Paşayevanın kitaba yazdığı ön sözü, bu günlərdə (01.07.2020) MDB-nin Ədəbiyyat və Publisistika portalı "Sozvuçiye" dərgisində dərc olunmuş, Abay adına Qazax Milli Pedaqoji Universiteti "Şərq filologiyası və tərcümə" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevin yeni nəşrlə bağlı məqaləsini və yeni tərcümə nümunələrini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

prof. dok. Qənirə Paşayeva

AR Milli Məclisi Mədəniyyət Komitəsinin sədri

Hər bir xalqın taleyində elə şəxsiyyətlər var ki, onların adı xalqın adı ilə sinonim təşkil edir. Belə adamlar mənsub olduqları xalqın simvolu hesab olunurlar və bir növ onun pasportu rolunu oynayırlar. Məsələn, Şekspir deyəndə göz önünə ingilislər, Robert Börns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Taras Şevçenko deyəndə ukraynalılar gəlir. Qazax xalqından danışanda isə yada düşən ilk böyük şəxsiyyət Abay Kunanbayev olacaq. Bu xalqın özü də varlığını Abaysız təsəvvür edə bilmir - o, qazax cəmiyyətinin demək olar ki, bütün sahələrində həmişə mövcuddur, toyda, yasda, toplantıda, yaxşı gündə, pis gündə Abay yada salınır, ondan sitatlar deyilir. Avrasiyanın nəhayətsiz ərazilərinə yayılmış çoxsaylı qazax tayfaları, sanki Abay işığına yığışaraq vahid bir xalq, millət halına gəlmişlər. Yer üzündəki xalqlar arasında çox az şairlər var ki, öz xalqı tərəfindən Abay qədər sevilir və yada salınır. O bunu öz həyatı, yaradıcılığı və xalqına olan sevgisi ilə qazanıb.

Bu il anadan olmasının 175 illik yubileyi Qazaxıstanda və bütün türk dünyasında təntənə ilə qeyd olunan qazax xalqının böyük şairi, mütəfəkkiri, bəstəkarı, maarifçisi, yazılı qazax ədəbiyyatının banisi Abay Kunanbayev 1845-ci ildə Semey (əski Semipalatinsk) vilayətində, Tobıklı nəslinin başçısı Kunanbay Oskenbayevin ailəsində dünyaya gəlib. Arqın tayfasından olan Kunanbay rus rəhbərliyinin müəyyən etdiyi Karkaralı dairəsinin baş sultanı vəzifəsini daşıyırdı, bu vəzifənin sahibləri ərazidə inzibati və məhkəmə hakimiyyətinə malik idilər. Abayın əsl adı İbrahim olub, Abay isə nənəsi Zereninin ona əzizləmə mənasında verdiyi addır. O, nənəsinin verdiyi bu adı ədəbi təxəllüs olaraq ilk dəfə 1886-cı ildə yazdığı "Yay" şeirində  istifadə etdi və qazax xalqının tarixinə əbədi olaraq həkk olundu. Onun ədəbi yaradıcılığı 150-yə qədər şeirdən, üç poemadan və "Qara söz" adlanan nəsr kitabından ibarətdir. Abay qələmini tərcümə sahəsində də sınamış, rus və dünya ədəbiyyatı klassiklərinin bir çox əsərlərini qazax dilinə çevirmişdir. Bundan başqa, Abayın bəstələdiyi bir çox nəğmələr bu gün də çox populyardır və xalq tərəfindən sevilir.

Abay Kunanbayev yazılı ədəbiyyat ənənələri olmayan, əsasən şifahi şəkildə inkişaf edən qazax poeziyasına Şərq, Qərb və rus poeziyasından əxz edib, öz istedad süzgəcindən keçirdiyi yeni baxış, yeni bir tərz gətirdi. Qətiyyətlə deyə bilərik ki, XIX əsrin ikinci yarısında qazax yazılı ədəbiyyatının başlıca nailiyyətləri onun adıyla bağlıdır. Abay poeziyaya yeni janrlar, demokratik ideyalar, həyat problemlərinin poetik təsvirləri, yeni deyim tərzləri kimi yeniliklər gətirdi. Klassik qazax ədəbiyyatı məhz onun sayəsində dərin ictimai-siyasi və fəlsəfi məzmunla zənginləşdirildi. Əlbəttə, bu yenilikləri etmək üçün onun dirənə biləcəyi bir zəmin var idi. Abaydan əvvəl Çokan Vəlixanov (1838-1865) kimi, təkcə qazax deyil, bütün türk xalqları üçün zəngin miras qoyub getmiş böyük bir şəxsiyyət yaşayıb. Əsərlərini əsasən rusca yazan Ç.Vəlixanov türk tarixinə, etnoqrafiyasına, coğrafiyasına aid əsərlər yazıb. Dildən-dilə gəzən bir çox dastanları, o cümlədən "Manas"ın müəyyən hissələrini akınların dilindən toplayaraq yazıya alıb.

İlk qazax pedaqoqu İbray Altınsarin (1841-1889)  rus və qazax dillərində şeir və hekayələr yazırdı. Əsərlərində nadanlığı və tüfeyliliyi tənqid, maarifi və zəhməti təbliğ edən, qoçaq, işgüzar, çətin anlarda səbr və təmkinli olan, yoxsul uşaqların surətini yaradan bu maarifçinin ədəbi irsi həmin dövr üçün çox əhəmiyyətli bir hadisə idi. Fəqət İ.Altınsarin əsasən təlim-tərbiyə məqsədi ilə şeir və hekayələr yazır, müntəxəbat tərtib edir və pedaqoji fəaliyyət dairəsindən çox da kənara çıxmırdı. Abayın arxalandığı digər ədəbi mənbə qazax folkloru və akın poeziyası idi, amma o bu poeziyaya yeni məzmun, yeni deyim tərzi gətirdi. Şeirlərindən gördüyümüz kimi, o, kimdənsə pul, mal müqabilində mədhiyyə yazan akınları kəskin tənqib atəşinə tutub. Onun poeziyasında təbiət təsviri də, lirika da, ironiya da, satira da içiçədir, yan-yanadır. Abay poeziyası ona qədər olanlardan o qədər kəskin fərqlənir ki, onu qazax poeziyasının "Dan ulduzu" adlandırırlar. Yəni cəhalət zülmətini yarıb keçən ilk şölə.

Cəsarətlə deyə bilərik ki, Abay Kunanbayevin yaradıcılığı XIX əsrin ikinci yarısında hələ də qəbilə-tayfa quruluşu sistemini davam etdirən qazax həyatının güzgüsüdür. Burada milli həyatın özünəməxsus koloriti rəngarəng boyalarla təcəssüm edir. İlin dörd fəslində Qazaxıstan təbiətinin inikasından başlamış, köçərilərin məişətinə, təsərrüfatına, fəaliyyət və adətlərinə, etnoqrafiyasına, feodal təbəqələrin əxlaq və xarakterinə xas olan xüsusiyyətləri aydın görmək mümkündür. Köçərilər arasında hökm sürən nəsil və tayfa yaşayışı qaydalarının çürümüş ənənələrinə, feodal-patriaxal düşüncə tərzinin bütün kobudluğu və məhdudluğuna qarşı yeni dövrün tələblərindən qaynaqlanan ictimai-siyasi, etik və estetik, ədəbi-bədii mübarizə Abayın poeziyasında və nəsrində parlaq surətdə təcəssüm edir. Biz burada elinin və xalqının vurğunu olan, onu yeniləşməyə səsləyən, insanların rahatlığı və azadlığı naminə mübarizə meydanına atılan bir cəmiyyət xadiminin, bir mütəfəkkir-şairin həyat yolunu görürük. O, birinə öyüd-nəsihət verib, digərinin bəd əməllərinə gülür, bəzən öz nailiyyətindən məmnunluq duyub gələcəyə ümidlə baxır, bəzən səylərinin nəticəsiz qaldığını görərək pərişan olur. Şair və zaman, şair və cəmiyyət, şair və ailə Abayın ictimai-siyasi və əxlaqi görüşlərində xüsusi əhəmiyyət kəsb edir. Abayın həyatı barədə dünyaca məşhur "Abay yolu" romanının müəllifi Muxtar Auezov Abaya həsr olunmuş bir məqaləsində yazır: "Qazaxıstan bozqırlarını saran cahilliyin qaranlığında o, parlayan şeir məşələsini daşıyırdı və öz xalqına günəşlər doğacaq yeni üfüqləri göstərirdi". Böyük şair xalqının və öz taleyinin bütün ağrı-acılarını yaşamış, amma ümidini itirməmiş, mübarizədən geri çəkilməmiş, sonacan İlahidən gələn missiyasını ləyaqətlə yerinə yetirmişdir.

Qardaş Qazaxıstanın bu böyük sənətkarının 175 illiyi ilə bağlı Azərbaycanda da geniş tədbirlər planı həyata keçirilir. Əlbəttə, şairin yubileyinə ən yaxşı töhfə onun əsərlərinin nəşr edilməsidir. Azərbaycan və qazax xalqları qardaş xalqlardır, bizim ortaq etnik, mədəni, tarixi dəyərlərimiz var. Düz əlli il öncə, Abayın anadan olmasının 125 illik yubileyi münasibətilə onun şeirlərinin müəyyən qismi Azərbaycan dilinə çevrilərək ilk dəfə kitab şəklində nəşr edilib. Bu yubiley ilində isə biz onun ədəbi yaradıcılığının orijinaldan çevrilən tam külliyatını nəşr etmək qərarına gəldik. Şeirləri, poemaları və nəsr şəklində olan "Qara sözlər"i dilimizə tanınmış şairlərimiz Elxan Zal Qaraxanlı və İbrahim İlyaslı  çevirib. Uzun illərdir Qazaxıstan Respublikasında yaşayan və orada ilk dəfə olaraq təhsil müəssisəsində "Azərbaycan dili və ədəbiyyatı" kafedrası yaradan, görkəmli elm adamı, Abay adına Qazax Milli Pedaqoji Universiteti "Şərq filologiyası və tərcümə" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevin bu tərcümələr barədə yazdığı rəydən gördüyümüz kimi, Abayın əsərlərinin Azərbaycan dilinə yeni tərcümələri çox uğurlu alınıb. Hörmətli Knyaz müəllim, hətta yazısında təklif edir ki, Abayın əsərlərinin Türkiyə türkcəsində yeni nəşrində də bu tərcümədən istifadə olunsa çox yaxşı olardı. Knyaz Mirzəyev kimi tanınmış bir mütəxəssisin tərcümə barədə bu cür yüksək rəyi bizi sevindirməyə bilməz və mən gördükləri bu gözəl işə görə Abay şeirlərini yenidən dilimizdə səsləndirmiş Elxan Zala və İbrahim İlyaslıya dərin təşəkkürümü bildirirəm.  

Dövlətimiz Bakının gözəl yerlərinin birində qazax xalqının böyük şairi Abayın əzəmətli heykəlini ucaldıb. Qoy bu kitab da dövlətimiz adına bu böyük şairə həsr olunan növbəti abidə olsun.

Knyaz Mirzəyev

Abay adına Qazax Milli Pedaqoji Universiteti "Şərq filologiyası və tərcümə" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Abayın Azərbaycan dilinə yeni tərcümələri

Qazax torpağının dahi oğlu, qürur mənbəyimiz, bəşəri miqyaslı şəxsiyyət Abay Kunanbayev bütün bəşəriyyətə unikal ağlının və çoxşaxəli yaradıcılığının bəhrələrini verdi. Dahi qazax şairi, mütəfəkkiri, filosofu Abay Kunanbayevin əsərləri görkəmli Azərbaycan şairi və ictimai xadimi Elxan Zal tərəfindən yeni tərcümədə azərbaycanlı oxuculara təqdim edildi.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokaev, "XXI əsrdə Abay və Qazaxıstan" məqaləsində Abayın "üslubunun gözəlliyini qorumaqla, dünyanın əsas dillərinə tərcümə edilməsinə" diqqət yetirir. Buna tamamilə nail olduğumuzu söyləmək çətindir. Əsl xalq şairlərinin əsərlərinin başqa dillərə tərcümə edilməsi asan məsələ deyil. Tərcüməçi eyni mütəfəkkir səviyyəsində istedada sahib olmalıdır. Bəli, Abay səviyyəli bir xalq şairinin əsərlərini tərcümə etmək üçün tərcüməçinin xüsusi bir poetik istedadı və qazax dilinin musiqisini Abay kimi hiss etmək bacarığı olmalıdır.

Əsrlərin dərinliklərindən başlayan Azərbaycan-Qazaxıstan tarixi-mədəni əlaqələri indi yeni məna kəsb etməklə davam etməkdədir. Dost ölkədə həmişə qazax ədəbiyyatına böyük diqqət yetirilmişdir. Abay Kunanbayevin "Şeirlər və poemalar" toplusu 1970-ci ildə qazax klassikinin Azərbaycan dilində ilk nəşrlərindən biri oldu. Əvvəllcə M.O.Auezovun "Abay yolu" roman-epopeyası və "Qız Jibek" qazax roman-dastanı işıq üzü gördü.

2011-ci ildən isə Bakı Dövlət Universitetində qazax dili, tarixi və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Mərkəzin elmi əməkdaşları Abayın "Qara sözlər"ini, "İskəndər", "Masqut", "Əzimin nağılı" şeir və poemalarını birbaşa qazax dilindən Azərbaycan dilinə tərcümə etmişlər. "Abay" kitabı 2017-ci ildə Bakıda nəşr edilmişdir. Kitabın təqdimat mərasimində BDU-nun rəhbərliyi və tələbələri, filoloq-alimləri, türkoloqlar, abayşünaslar, Qazaxıstanın Bakıdakı səfirliyinin və "Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyəti"nin nümayəndələri iştirak etmişlər.

Təqdimat mərasimində çıxış edən filoloq Elçin Məmmədov Azərbaycanla Qazaxıstanın ortaq köklərə, mədəniyyətə və tarixə sahib olduğunu və buna görə də Azərbaycanda qazax ədəbiyyatını öyrənməyə böyük maraq olduğunu, Abay Kunanbayevin türk ədəbiyyatının inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının professoru Firuzə Ağayeva Azərbaycanda ali təhsilin tədris prosesində fəal istifadə olunan "Abayın yaradıcılıq yolu" (Bakı, 2015) dərsliyini nəşr etdirmişdir.

Abay Kunanbayevin 175 illik yubileyi üçün əvəzsiz hədiyyə olan yeni tərcümə kitabı, Azərbaycan dilinə tərcümənin əsas ilhamçısı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tərəfindən yazılmış  "Ön söz"lə nəşr edilmişdir. Köhnə dostum Elxan Zal böyük Abayın əsərlərini o qədər yaxşı tərcümə etmişdir ki, hesab edirəm bu yeni tərcümələr, Abayın əsərlərinin türk dilinə də tərcümə olunmasında əsas kimi götürülsə yaxşı olar. 

Mahmud Kaşğari adına Beynəlxalq Fondun icraçı direktoru Elxan Zal əvvəllər də qazax müəlliflərini tərcümə etmişdir. Onun Azərbaycan dilinə tərcümə etdiyi Nursultan Nazarbayevin "Qazaxıstan yolu" və "Avrasiyanın ürəyində" kitabları (İ.İlyaslı ilə birgə), Oljas Süleymenovun şeirləri, Sabit Dosanovun nəsri geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb. Elxan Zalın Azərbaycan dilinə tərcümə etdiyi Oljas Süleymenovun "Gil kitab"ı, məşhur qazax şairi və türk-slavistinin bu əsərinin türkcəyə bədii tərcüməsi üçün əsas olub.

Elxan Zal bir neçə dəfə Qazaxıstanda olmuş, Almatı şəhərinin "Dostluq Evi"ndə və qazax yazıçılarının yubiley tədbirlərində iştirak etmişdir. Mahmud Kaşğari adına Beynəlxalq Fond Azərbaycanda qazax ədəbiyyatı və mədəniyyətinin populyarlaşdırılması istiqamətində böyük işlər görməkdə davam edir.

Abayın şeirlərinin bir hissəsini yeni nəşr üçün tərcümə edən tanınmış şair İbrahim İlyaslıya da təşəkkürümü bildirirəm. Məncə, azərbaycanlı tərcüməçilər əla bir iş görüblər. Abayın şeirləri, poemaları və yeni tərcümələrdəki "Qara sözlər" Azərbaycan dilində çox gözəl səslənirlər.

Abaydan yeni tərcümələr

Gəncliyimdə elmə dəyər vermədim

Gəncliyimdə elmə dəyər vermədim,

Faydasını dərk etsəm də boş verdim.

Yaş ötəndə buna fürsət olmadı,

Çox şeyləri, çox şeyləri itirdim.

 

Bu itkinin görən kimdədir suçu?

İndi xatırlamır bunları huşum.

Əlimi vaxtında uzatsa idim,

Böylə olurdumu işin sonucu?

 

Körpə balalara olmuşuq yiyə,

Borcluyuq onlara savad verməyə.

Göndərdim onları mədrəsəyə mən,

Bir savad yiyəsi olsunlar deyə.

 

Mən el başçısıyam, yerim qabaqda,

Sözüm üstə söz olamaz qazaxda.

Ancaq qiymətimi bilən olmadı,

Belə davam etdim mən yaşamaqda.

 

Sakit gecədə Ay

Sakit gecə, yarım Ay

İşıq oynayır suda.

Dərin vadidə bir köy,

Dərd-bəla bizdən cüda.

 

Pıçıldaşıb söyləşir,

Ağaçların yarpağı.

Yamyaşıldır yer üzü.

Tükənməzdir torpağı.

 

Bitməyən şarkılar var,

Uzanır it hürüşü.

Yayan durub növbəyə

Arzuların gülüşü.

 

Arzu qucağa sığmaz,

Gah üşüyər, gah yanar.

Kimi xoş anlar duyar,

Kimi yoldan caydırar.

 

O çox susdu, dinmədi,

Asta vurdu ürəyi.

İndi səssiz, sevdasız

Danışsın sizə nəyi?

 

Qalın elim, qazağım, yurdum, uruğum

Qalın elim, qazağım, yurdum, uruğum,

Dodağının üstünə düştü bıyığın.

Ovurdunun biri yağ, biri qan oldu,

Xeyirin az oldu, şərin bir yığın.

 

Üz versən, üzün nə sevimli oldu,

Şərtlər kimi sırtın niyə pozuldu?

Ariflərin sözü səni çaşdırdı,

Tarlanı ağzınla əkəsi oldun!

 

Mənim sözlərimdən olubsan naçar,

Gündüz nəşən, gecə də uyqun qaçar.

İstədiyin nədir, həddini söylə,

Gör bir nə haldasan, yüz min üzün var.

 

El başına bəydir cılız insanlar,

Xalqın hüzurunu pozurlar bunlar.

Özün itiribsən azadlığını,

İtmiş sifətini de kim qaytarar?

 

Dərdin mal dərdisə, işin çox çətin,

Allah kərəminə qalıb qismətin.

Bir nəsli, uruğu dərdə salıbsan,

Bumu ərənliyin, bumu ismətin?

 

Nəfsin sahib olub ömrünə sənin,

Ayaqlar altına düşüb qeyrətin.

Əgər qurtulmasan gəvəzəlikdən,

Ömrün əzab olar, işlərin çətin.

 

Könlün öz gücünü de nədən alar,

Yaşın qırx olanda səndən nə çıxar?

Arını itirən verəmməz qərar,

Onun hər işində çoxüzlülük var.

 

Bir ağıllı məsləhətə rast gəlsə,

Hədyan çıxararaq söyüş yağdırar.

 

Zənginlər uğraşır mal çoxaltmağa

Zənginlər uğraşır mal çoxaltmağa,

Satar öz cüzünü* qeyrətsiz ağa.

On alar, doxsan da qazanmaq istər,

Bunun haqq yanında bədəli baha.

 

Varıb gəlsə, İrtışın suyundan dadıb,

Verib gəlsə, bir qədər çalıb-çatıb,

Əlli alıb, sərxoş olub İdildə,

Yeyib-içib, ayaq üstündə yatıb.

 

Gülüb oynar, boşa at zəiflədir,

Boğazına qədər borc içindədir.

Sərsəm desələr də, bunu xoş bilir,

Həm Allah söyləyir, həm kələk gəlir.

 

Qorxu görsə, qorxusuna qoymaz son,

Şəhrə qoşar, bay ardınca tutub yön.

Güclü bassa, üstə çıxar öncədən,

Qolları düşər qalanda halsız bədən.

 

Sanballı bəylərə qurmaqçün tuzaq,

Hər kəs bir it bəslər, mırıldadaraq.

 

* Cüz - qazaxlarda tayfalar birliyi,

qazax xalqı böyük, orta və kiçik

adlanan üç cüzə bölünür.

 

Bazara baxar dursam, hər kəs varar

Bazara baxar dursam, hər kəs varar,

Axtaranlar hər şeyi burda bular.

Hər kəsə eyni şey sunmaz ki, bazar,

Kimi mərcan, kimi də yeyəcək alar.

 

Hərə aradığı bir cürə şey var,

Ödəyib pulunu, malını alar.

Sözü kimsə anlar, kimsə anlamaz,

Nadan dəyər verməz, çaşaraq qalar.

 

Bu zamanda söz anlayan adam varmı?

Cahil adam hikmətli söz anlayarmı?

Dağılsa da yerdə qalmaz deşik muncuq,

O həmişə əldən-ələ gəzən vardı.

 

Bir adama deyil, bütün xalqa sözüm var,

İnad etməyin gənclər, qavrayın, işə yarar.

"İt mərcanla nə etsin", demiş atalar,

Şüurlu igidlər bu sözdən ibrət alar.

Tərcümə etdi: Elxan Zal

Mən şeir yazmıram baş qatmaq üçün

Mən şeir yazmıram baş qatmaq üçün,

Bəlli nağılları anlatmaq üçün.

Yazdım, bir hikməti doğma dilində,

Yeni nəsillərə çatdırmaq üçün.

Məni nadanlar yox, aqillər anlar,

Yalnız aqillərin bəs edər gücü.

 

Mənə dolanbac yox, doğru yolla gəl,

Sirlərimi öyrən hər şeydən əvvəl.

Həmən qulağını bəri tut, dinlə,

Çox da duymamısan belə saf əməl.

Çaşıram öncəki fikri anmadan, -

Xalq belə söyləyir mənə əlbəəl.

 

Siz "Həzrət-Əli"siz, "şiri-pələngsiz",

Burda yoxdur "altun dişli gözəl qız".

Qocalıq yamandır, ölüm diləyən,

İgid, demirəm ki, qoy olsun arsız.

İlginc şeylər yoxdur burda deməyin,

Dərin mənalar var, bilib, açarsız.

 

Batırdan doğulan inadkar olar,

Quldurdan doğulan bac-xərac alar.

Ağılsız, mal-mülksüz, arsız kimsələr,

Mübtəla olduğu halına gülər, -

"Qızıl dildə sümük..." deyib atalar.

 

Şeirdə, sənətdə ad çıxaranlar,

Dinləyin mənim də sizə sözüm var.

Boşboğaz adamdan fayda gözləmək

Əsl sənəti də gözlərdən salar.

Bunlar kefinizi durultmayacaq,

Ey özündənrazı plagiatçılar!!!

 

Gözü var, amma beyni yox

Gözü var, amma beyni yox,

Nadanlıqdır hər bir işi.

Gözü-könlü toxdur guya,

Hünər sayar göstərişi.

 

Cahil olduğu söylənsə,

Deyər: Tanrının işi bu.

Bəndələrə fərq qoyarmı,

Tanrı, onun adil qulu?

 

Bəsarət gözün açılsa,

Düşər Tanrının şöləsi.

Qəlbindən kiri təmizlər,

İnsanın hikmət haləsi.

 

Cahilin könlünü tutar

Qaranlıqların pərdəsi.

Ağlı başından aralı,

Bir fərqi var, düşüncəsi.

 

Kitabı tərsinə yozur,

Sarıqlı, cübbəli molla.

Könlü parada, gözü kor,

Qartaltək şığıyır pula.

 

Ürəkdə bir ayna yoxsa,

Başqa sözə nə hacət var?

Dinləyəni çox olsa da,

Çox az insan sözü anlar.

Tərcümə etdi: İbrahim İLYASLI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!