İsa Həbibbəyli, Yaşar Qasımbəyli
Akademik Bəxtiyar Nəzərov müstəqil Özbəkistanın elmi-mədəni inkişafında fəal rol oynayan və müasir özbək nəzəri-estetik fikrinin inkişafına töhfələr verən görkəmli ədəbiyyatşünas alimlərdən biridir. Yaradıcılığa şeirlə başlayan və bir neçə poetik toplunun müəllifi olan istedadlı yazarın özünəməxsus tənqidçi kimi formalaşmasında şairlik illərinin və təcrübəsinin qüvvətli təsiri olmuşdur. XX yüzil özbək nəzəri-estetik fikrinin qızıl qvardiyasına mənsub olan İzzət Sultan, Vahid Zahidov, Hamil Yaqubov, Mətyaqub Qoşcanov, Əbdüqadir Hayitmetov, Mahmudəli Yunusov, Azad Şərəfəddinov, Ləziz Kayumov, Səlahəddin Mamacanov, Ömərəli Normatov, Narbay Xudayberqanov, Batırxan Əkrəmov və başqalarının ənənələrini yaradıcı surətdə inkişaf etdirən Bəxtiyar Nəzərov ədəbiyyatşünaslıqda öz yolunu və üslubunu formalaşdırmış, xüsusən, Özbəkistanda ədəbi tənqidin və Ədəbiyyat nəzəriyyəsinin yeni mərhələyə yüksəlməsində əvəzsiz xidmətlər göstərmişdir.
Akademik Bəxtiyar Nəzərov çağdaş özbək ədəbiyyatşünaslığının yüksək nəzəri-estetik səviyyəyə malik və məhsuldar nümayəndələrindən biri kimi yarıməsrlik coşğun və səmərəli fəaliyyəti ərzində 30-a yaxın monoqrafiya və kitab çap etdirmişdir. Onun monumental elmi əsərləri sırasında "Özbək ədəbi tənqidi", "Bu sehrli dünya", "Özbək ədəbi tənqidinin metodoloji prinsiplərinin formalaşması mərhələləri", "Həmzə Həkimzadə Niyazi əbədiyyəti", "XX əsr özbək ədəbiyyatı", "Qafur Qulam dünyası" və s. əsərlərini, tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. Bəxtiyar Nəzərov ustad ədəbiyyatşünas alim kimi 20-dən çox elmlər doktorluğu və namizədlik dissertasiyalarının rəhbəri olmuş, 30-dan çox dissertasiyanın müdafiəsi prosesində opponent kimi iştirak etmişdir. Elmi yaradıcılıqla ictimai fəaliyyəti həmişə yanaşı və paralel aparan zəhmətkeş alim Özbəkistan Respublikasının və Elmlər Akademiyasının rəhbərliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Tanınmış alimin yaradıcılığı və elmi fəaliyyəti təkcə Özbəkistan Respublikası hüdudları daxilində deyil, bütün Mərkəzi Asiya Respublikaları, qardaş Türkiyə və Azərbaycanda da kifayət qədər tanınır.
XX yüzil özbək ədəbiyyatının əksər məşhur ədəbi simaları və nümayəndələri haqqında alimin ciddi tədqiqatları mövcuddur. Onlardan Abdulla Qədiri, Əbdürauf Fitrət, Çolpan, Aybek, Qafur Qulam, Maqsud Şeyxzadə, Abdulla Qəhhar, Həmid Alimcan, Mirtemir, Zülfiyyə, Şükrulla, Şöhrət, Səid Əhməd və başqaları haqqında alimin tədqiqat və kitablarını xüsusi qeyd etmək lazımdır. Amma akademik Bəxtiyar Nəzərovun yaradıcılığında xüsusi yer tutan mövzu və problemlərdən biri məhz altmışıncıların əsərləri, nəsri və poeziyasıdır. Nasir altmışıncıların - Ölməz Ömərbəyov, Uçqun Nəzərov, Öktəm Osmanov, Şükür Xalmirzəyev, Ötkür Haşımov, Zahir Ələm, Xudayberdi Toxtabayev, eyni zamanda şair altmışıncıların - Erkin Vahidov, Hüsniddin Şəripov, Abdulla Aripov, Rauf Pərfi, Aman Mətcan, Çolpan Erqaş, Məhəmməd Əli, Gülçöhrə Nurullayeva, Aydın Hacıyeva, Həlimə Xudayberdiyeva, Abdulla Şir, Süleyman Rəhman və başqa qüdrətli qələm sahibləri haqqında alimin araşdırmaları diqqətəlayiqdir.
Akademik Bəxtiyar Nəzərov altmışıncılar haqqındakı məqalələrinin birində yazır: "Ədəbiyyatımıza tarixinin və inkişafının heç bir mərhələsində ədəbi prosesə 60-70-ci illərdə olduğu kimi gənc qələm sahiblərinin müxtəlif, rəngbərəng, özünəməxsus və qüdrətli nəsilləri təşrif buyurmayıb. Bu yeni nəsillərin istedadlı nümayəndələri rübai və sonetdən tutmuş lirik poemalara qədər, ciddi dramatik dastanlardan tutmuş mənzum romanlara qədər, demək olar ki, poeziyanın bütün janrları və formalarında səmərəli şəkildə yazıb yaratmaqdadırlar. Onlar öz ustadlarının və klassiklərimizin qabaqcıl bədii ənənələrini davam və inkişaf etdirərək, ədəbiyyatımızı həm şəkil, həm də məzmun cəhətdən daha da rəngbərəngləşdirib, ədəbi-mədəni səviyyəmizi yeni mərhələyə və zirvəyə qaldırmaq üçün ürəkdən, ilhamla söz sənətimizə xidmət etməkdədirlər" (Baxtiyor Nazarov. Hayatilik -bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 127). Tanınmış tənqidçi yeni bir ədəbi-estetik mərhələ kimi 60-70-ci illərin həm ümumi mənzərəsini, həm də bu prosesdə iştirak edən hər bir qələm sahibinin yerini və mövqeyini müəyyənləşdirməyə çalışır. Məsələn, aşağıdakı mülahizələrində də alim yeni ədəbi epoxanın geniş panoramasını və obrazını canlandırmağa, ədəbi prosesin əsas cizgi və xüsusiyyətlərini ümumiləşdirməyə meyil edir: "Altmışıncılar ədəbi nəslinin ən istedadlı nümayəndələri on beş-iyirmi il ərzində ədəbiyyatımızda öz yerlərini və mövqelərini möhkəmləndirdilər. Abdulla Aripov nəinki respublikamızda, hətta, İttifaq miqyasında özbək şeiriyyətinin görkəmli nümayəndələrindən birinə çevrildi. Aman Mətcanın "Biruni", "Pəhləvan Mahmud", "Toğan" ("Bənd") və s. dramatik dastanları ədəbiyyatımızda bu janrların daha da inkişafında və təkmilləşməsində mühüm rol oynadı. Bu nəsil dünya ədəbiyyatının "İlahi komediya", "Faust", "Manfred", "Don Juan", "Ramayana", "İnsan mənzərələri" və başqa qiymətli incilərinin özbək dilində səslənməsi sahəsində misilsiz fədakarlıq nümayiş etdirdilər. Dünya ədəbiyyatının bu şah əsərlərinin özbək dilinə çevrilməsi nəinki tərcümə ədəbiyyatımızın, hətta, ümumən, bədii ədəbiyyatımız və bədii təfəkkürümüzün rövnəqinə, hiss olunacaq dərəcədə yüksəlişinə təkan verdilər." (Baxtiyor Nazarov. Hayatilik-bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 127-128).
1960-80-ci illərin ədəbi prosesində fəal iştirak edən istedadlı alimin yaradıcılıq manerasını səciyyələndirən əsas xüsusiyyətlərindən biri onun həmişə öz yaşıdlarını - gənc altmışıncıları demokratik və cəsarətli əsərlərinə, poetik mövqe və münasibətlərinə görə ictimai-siyasi mühitin təzyiqlərindən qorumaq, müdafiə etmək idi. Mətyaqub Qoşcanov və Azad Şərəfəddinov kimi demokratik görüşlü və altmışıncıların hamisi kimi tanınmış böyük alim və tənqidçilərlə bir sırada Bəxtiyar Nəzərov da yeni ədəbi nəslin yaradıcılıq axtarışlarını həmişə rəğbətləndirmiş, ədəbi-nəzəri fikrin gücünü və imkanlarını bu yöndə səfərbər etmişdir. Bu cəhətdən tənqidçinin Erkin Vahidov, Abdulla Aripov, Rauf Pərfi, Abdulla Şir, Aman Mətcan, Süleyman Rəhman, Maarif Cəlil, Çolpan Erqaş və başqa istedadlı şairlər haqqındakı məqalələrində yuxarıda qeyd etdiyimiz tendensiya açıq-aşkar nəzərə çarpır.
Məlumdur ki, altmışıncıların yaradıcılığı o dövrün ictimai-siyasi ab-havasına və qanun-qaydalarına uyğun gəlmirdi. Başqa sözlə, yeni ədəbi nəsil köhnəlmiş Sovet rejiminin siyasi sərhədlərinə və çərçivəsinə sığmırdı. Tez-tez gənc ədəbi qüvvələri partiyalılıq, sinfilik, siyasi mənsubiyyət, söz sənətində ictimailik və vətəndaşlıq kimi o vaxt qəbul olunmuş norma və meyarlardan kənara çıxmaqda, zamanın ictimai-estetik dəyərlərinə və tələblərinə əməl etməməkdə günahlandırırdılar. Bu cür ciddi tələb və iradlar gənc qələm sahibləri üçün ağır nəticələr verə bilərdi. Belə "diaqnoz" və günahlandırmalara tuş gələn yazarların üzünə mətbuat və nəşriyyatlar bağlanır, gənc qələm sahibləri sovet dövrünün qayda-qanunlarına riayət etmədiklərinə görə, hətta, işdən qovulurdular. Bəxtiyar Nəzərovun aşağıdakı mülahizələrini oxuyarkən vətənpərvər alimin öz yaşıdları haqqında yazarkən və düşünərkən bütün bunları nəzərə aldığını professional oxucu hiss edir: "Yeni ədəbi nəsil nümayəndələri arasında mübariz, ciddi və dərin poetik axtarışları ilə ədəbi ictimaiyyətin diqqətini özünə çəkən şairlərdən biri Abdulla Şirdir. Abdulla Şir təxminən 20 il ərzində mətbuatda yüzlərlə şeir çap etdirib. Onun "Bahar təbəssümü", "Əlyar" ("Nəğmə"), "Qızıl gülün kölgəsi", "Raz" ("Həsbi-hal") və s. kimi neçə-neçə şeir kitabları çap olunub.
Şairin ilk "Bahar təbəssümü" toplusu ilə son vaxtlar çapdan çıxmış "Payız hilalı" kitabındakı şeirləri müqayisə edərkən Abdulla Şir əsərlərində son illərdə ictimai ruh, vətəndaşlıq əhvali-ruhiyyəsinin daha da dərinləşdiyini müşahidə edirik. Abdulla Şir 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindəki şeirlərində daha çox özünün zaman, zamandaş, Vətən qarşısında qoyduğu suallara cavab tapmağa səy göstərirsə, son şeirlərində isə Vətən, zaman və zamandaşların onun özü qarşısında, lirik qəhrəmanı qarşısında qoyduğu suallara cavab tapmaq istəyi diqqət mərkəzindədir. Yəni Abdulla Şirin son illərdəki şeirlərində dövrün mühüm ictimai məsələləri, onların müasirlərimiz duyğusu və şüurundakı əks-sədası, həm də insanın, şəxsin mənəviyyatındakı yaşantılar, sevinclər və qayğıların ictimai mahiyyətinin ifadəsi daha sıx-sıx əks etməkdədir". (Baxtiyor Nazarov. Hayatilik- bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 128). Tənqidçinin bu ədəbi-estetik təhlilləri və müqayisələri ilə tanış olarkən, onun məramı, məqsədi ayıq oxucuya dərhal məlum olur; müəllif əsl şairi və şeiriyyəti hazırlıqsız, səviyyəsiz və kobud vulqar-sosiloji yanaşmalardan, qeyri-professional və dayaz dəyərləndirmələrdən qorumaq istəyir.
Altmışıncıların poeziyasını zamanın və ictimai-siyasi mühitin kəskin hücumlarından, amansız zərbələrindən hifz etmək meyilləri alimin Erkin Vahidov, Abdulla Aripov və Rauf Pərfi haqqındakı təhlillərində də aşkar görünməkdədir. Tənqidçi 60-70-ci illərdə ciddi və kəskin mübahisələrə səbəb olan istedadlı şairlərdən biri Rauf Pərfi haqqında yazır: "Raufun ilk toplusu "Karvan yolu" (1968) nəşr edilməsindən bəri az qala iyirmi il keçib. Bu müddət ərzində gənc şairin "Əks-səda", "Təsvir", "Xatirat", "Gözlər", "Qayıdış" və s. kimi ona yaxın kitabı və tərcümələri çap olundu. Yeri gəlmişkən, Raufun tərcüməçilik fəaliyyətini də xüsusi qeyd etməliyik. O, mədəniyyətimizi və ədəbiyyatımızı cahan söz sənətinin iki böyük əsəri ilə zənginləşdirdi. Bunlar Corc Qordon Bayronun "Manfred" əsəri və Nazim Hikmətin "İnsan mənzərələri" adlı mənzum epopeyasıdır". (Baxtiyor Nazarov. Hayatilik-bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 153-154). Bəxtiyar Nəzərovun bu təqdimatı mübahisələr qəhrəmanı olan şair haqqında pozitiv təsəvvür və təəssüratı formalaşdırmağa, gücləndirməyə xidmət edir. Müəllif şairin yaradıcılıq cəsarəti, iyirmi illik ədəbi zəhmətləri və xidmətləri haqqında ayrıca vurğulamaqla sanki şairə hücum etməyə hazırlaşanlara ciddi müqavimət göstərir. Ümumən şair haqqında obyektiv və doğru təsəvvür yaratmağa çalışır: "Rauf Pərfi yaradıcılığı barəsində, şeirlərinin yönü və özünməxsusluğu haqqında, qüsur və uğurları barəsində, demək olar ki, iyirmi ildən bəri ciddi mübahisələr davam edib gəlməkdədir. Bu mübahisələrdə müxtəlif, hətta, bir-birinə zidd və kökündən qarşı olan fikirlər də söylənməkdədir. Amma bir şey aydındır: Rauf Pərfi yaradıcılığını ən ciddi və amansız tənqid edənlər də bu şairin özünəməxsus istedad və qabiliyyət sahibi olduğunu etiraf etməkdədirlər". (Baxtiyor Nazarov. Hayatilik -bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 154).
Həssas tənqidçinin Rauf Pərfinin mübahisələrə səbəb olmuş həzin və pessimist ruhlu şeirlərinin təhlili ilə bağlı irəli sürdüyü mülahizə və arqumentlər yalnız bu fikirlərin yazıldığı 70-80-ci illər üçün deyil, indiki zamanın mənəvi-estetik tələbləri və ehtiyacları nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb etməkdə və aktual səslənməkdədir: "Rauf Pərfi yaradıcılığı haqqında fikir bildirən bəzi tənqidçilər onun şeirlərində bəzən ani və keçici pessimist əhvali-ruhiyyənin ifadə edildiyini, bəzən müasirlərimiz obrazının və qiyafəsinin yanlış təlqin və təsvir edildiyini söyləyirlər. Həqiqətən də belədirmi? Bunu qətiyyən inkar etmək olmaz. Çünki Rauf Pərfinin qəmgin və pessimist ruhlu şeirləri yox deyil və az da deyil. Amma məsələ bundadırmı? Bizcə, əsas məsələ həmin şeirlərin mahiyyətini doğru-düzgün müəyyənləşdirməkdə, onlardan obyektiv nəticə çıxarmaqdadır. Zatən, Rauf Pərfinin əksər şeirlərindəki həzin və bədbin əhvali-ruhiyyə həzinliyi mədh etmək üçün deyil, əksinə, ondan qurtulmaq üçün, nurlu halət və hal, duyğu, yaşantıları axtarıb tapmaq, onlara can atmaq məqsədilə və onları daxilən tərənnüm etmək niyyəti ilə qələmə alınır. Bəzi tənqidçilərə qara boyaq və rəng kimi duyulan müasirlərimizi təsvir və tərənnüm üslubu isə əslində Rauf Pərfinin mürəkkəb insan yaşantılarını, ziddiyyətli mənəvi vəziyyətləri, müasir insanın dərdləri, həsrət və sevinclərini əks etdirmək istəyinin nəticəsidir". (Baxtiyor Nazarov. Hayatilik-bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 154). Alimin sonrakı mülahizələri də şairi və əsl poeziyanı müdafiə etmək, zamanın aktual və zəruri bədii həqiqətini dərindən dərk etmək və oxuculara anlatmaq məqsədlərinə xidmət edir.
Rauf Pərfi yaradıcılığını təkcə özbək ədəbiyyatı kontekstində deyil, ümumən, sabiq Sovet İttifaqı ədəbi prosesi müstəvisində dəyərləndirməyə çalışan müəllif, beləliklə, şair yaradıcılığının və ondakı yeni estetik keyfiyyətlərin miqyaslarının və əhatə dairəsinin genişliyini vurğulamaqla yeni poetik dəyərlərin əhəmiyyətini göstərir: "Məlumdur ki, sosialist realizmi metodu insan qəlbindəki bütün mürəkkəblik və ziddiyyətləri təsvir edib göstərməyi inkar etmir. Məncə, yüngül yazmağa öyrənmiş, adət etmiş bəzi şairlərdə insan idrakı və qəlbindəki məhz bu mürəkkəblikləri əks etdirmək, adi, adəti qəlib və şablonlara sığmayan, hər bir ruhi halət və vəziyyətdə təkrarsız, yenicə peyda olan özünəməxsusluqları görmək və təsvir etmək qabiliyyəti çatışmır. Vladimir Sokolov, Yevgeni Yevtuşenko, Anrdey Voznesenski, Robert Rojdestvenski, İvan Draç, Oljas Süleymenov, Gülruxsar Səfiyeva və başqa tanınmış şairlərin şeiriyyətinə fikir versək, onların əsərlərinin məşhurluğunu təmin edən əsas estetik keyfiyyət və fəzilətlərdən biri məhz bu insan yaşantılarındakı təzadları və mürəkkəblikləri təsvir və tərənnüm etmək olduğunu görürük". (Baxtiyor Nazarov. Hayatilik -bezovol mezon. "Yoş qvardiya" naşriyoti, Toşkent, 1985, s. 155).
Akademik Bəxtiyar Nəzərovun elmi və ədəbi-tənqidi əsərlərində, yuxarıda gördüyümüz kimi, yalnız özbək altmışıncılarının deyil, ümumən, bu məşhur ədəbi nəslin başqa qardaş xalqlar ədəbiyyatındakı nümayəndələrinin yaradıcılığına da münasibət bildirilmişdir. Yevgeni Yevtuşenko, Anrdey Voznesenski, Robert Rojdestvenski, Oljas Süleymenov, Gülruxsar Səfiyeva və başqaları kimi rus, qazax, Ukrayna, tacik altmışıncıları ilə yanaşı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Əli Kərim, Nəriman Həsənzadə və başqa Azərbaycan altmışıncılarının adına və əsərlərinə də görkəmli alimin yaradıcılığında rast gəlirik. Məsələn, Azərbaycan xalqının böyük istiqlal şairi Xəlil Rza Ulitürkün bədii və elmi yaradıcılığına Bəxtiyar Nəzərovun məqalə və tədqiqatlarında geniş yer verilmişdir. Özbəkistanın xalq şairiləri Erkin Vahidov, Abdulla Aripov və Rauf Pərfi ilə Xəlil Rza Ulutürkün hərarətli dostluğunu və yaradıcılıq əlaqələrini yüksək dəyərləndirən Bəxtiyar Nəzərov özü də Özbəkistan və Azərbaycan ədəbi-mədəni əlaqələrinin daha da dərinləşməsinə, möhkəmlənməsinə və inkişafına töhfələr vermişdir. 1985-ci ildə X.R.Ulutürk Maqsud Şeyxzadə yaradıcılığı haqqında elmlər doktorluğu dissertasiyası müdafiə edərkən akademik Bəxtiyar Nəzərovun birinci opponent kimi çıxış etməsi o dövrdə alimin yalnız X.R.Ulutürkə qardaşlıq köməyi deyil, həm də Azərbaycan elminə və mədəniyyətinə göstərdiyi böyük diqqət və xidmət idi. Xalq və istiqlal şairi X.R.Ulutürk özbək alimlərinin, xüsusən, akademik Bəxtiyar Nəzərovun ona etdiyi bu cəsarətli yaxşılıqları, əsl alim və vətəndaş rəşadətini həmişə yüksək qiymətləndirir, hörmət və sayqı ilə xatırlayırdı.
Akademik Bəxtiyar Nəzərovun elmi xidmətləri Azərbaycan Respublikasında da etiraf olunur və yüksək qiymətləndirilir.
Azad və müstəqil Özbəkistanın milli mənəviyyatını və mədəniyyətini öz əsərləri, ədəbi və elmi fəaliyyəti ilə daha da inkişaf etdirən böyük ədəbiyyatşünas alim, həssas və vətənpərvər tənqidçi, zəhmətkeş müəllim və ustad, akademik Bəxtiyar Nəzərovun anadan olmasının 75 illiyi tamam olur. 50 ildən bəri öz Vətəninə və xalqına, qardaş xalqların elminə və mədəniyyətinə, eyni zamanda, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin dərinləşməsinə və zənginləşməsinə yeni-yeni töhfələr verməkdən, xidmət etməkdən usanmayan qardaş el və yurd aliminə uzun ömür, can sağlığı və möhtəşəm yaradıcılıq zəfərləri arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!