Kamal Abdulla - 70
Bir vəhdətin üç Kamal Abdullasına
Bir də görürsən ayrılıb öz əsrindən
Qopuzla kökənli boylara,
Və Qorqud kökənli soylara,
Vaxtını calayır,
Ziyası çaxmağı, qovuyla,
Poetik bir tonqal qalayır...
Yolüstü Kərbəlada
durur, dərir nəfəsini...
Ustad önündə sınanır
Eşidib də xələfini
Füzuli ona inanır,
Şəbi-hicrana calayır...
Bir də gördün səyirtmədə
Şeirin qanadlı atını.
Əsl bayat balasıtək
Yağdırmada bayatını
Sözün zərgərinə dönür.
Alim kimi, şair kimi
əsrimizin əkinçisi.
Bir də gördün dönüb olub
nəsrimizin əkinçisi.
"Yarımçıq əlyazması"tək
Bütöv əsərlər göz açır.
həm butası, naxışından
"Sirri zəmanə" söz açır -
nəsrin misgərinə dönür.
Çatdırıb da yetmişinə
Bu üç yolun bir amalı.
Gəlib çatıb yetmişinə
Bir vəhdətin üç Kamalı!
Əsl yaradıcılar ilahi yanacaq sahibləridir.
Onlar həmin müqəddəs yanacaqdan xalq üçün məşəllərini yandırırlar.
Yaradıcılıq yollarını şairlər əllərində şeir, yazıçılar nəsr məşəlləriylə keçir.
Alimlər məxəzlərin və özlərinin yollarını idrak məşəlləriylə işıqlandırır.
Həmin yol yolçularının daşlı, kəsəkli, yağmurlu, qarlı, şimşəkli, ildırımlı səfərlərini zirvə yolu hesab etmək olar.
Sənətin şöhrət yolu asan, zəhmət yolu çətin göründüyündən həmin marafona qoşulanlar çox olur.
Ancaq və ancaq ilahi yanacaqlı sözü sönməzlər, üzü dönməzlər ətəklərdə ələnmir.
Amalının zirvəsinə qalxır...
Ordan keçib gəldiyi yollara baxır...
Və onlar öz yaradıcılıq bayramlarını yaşayır.
Atəşfəşanlığını görür.
Yara bildikləri leysanlar həmin atəşfəşanlığın göy qurşağı rənglərinə çevrilir, sonra da çələngə çevrilib boyunlarından asılır. Keçə bildikləri şimşəklər, ildırımlar həmin bayramın zəfər ahəngitək səslənir...
Zirvə yolçumuz Kamal Abdulladı.
Alim, şair, nasir kimi yaradıcılığının uğurlu məşəlini yandıra bilmiş qələm əhli..
Üç çətin yolu bir vəhdətdə sığışdıra bilmiş, öz aləminə yığışdıra bilmiş 70 yaşlı Xalq yazıçısı.
Bir vəhdətin üç Kamal Abdullası.
Üç yolun uğurlu yolçusuna yolüstü suallar...
İlk gəncliyinizdən tanıdığım qələm əhlilərindənsiniz. Bütün yaradıcılar kimi sınaq dövrü keçirdiyiniz zamanlardan.
O vaxtlar mən "Azərbaycan gəncləri" qəzetinin əməkdaşı, Kamal (Abdulla(yev) universitet tələbəsi idi.
Yazılarıyla tanışlıq gözüm önünə universitetdən tanıdığım, artıq yollarını müəyyənləşdirmiş, bəzi yaradıcılarımızı gətirirdi: Yaşar Qarayevi, Əlibala Hacızadəni, Fikrət Sadığı...
Onların hər üçü ədəbi sınağına şeirlə başlamışdı.
Yaşar Qarayev - ədəbiyyatşünaslığa keçmiş...
Əlibala nəsrə köçmüş...
Fikrət Sadıq Dədəd Qorqudluğu seçmişdi...
Şeirlərində zəkası boy göstərən Kamalın hansı yolu seçəcəyi o zamanlar özü üçün bilmirəm, məndən ötrü sual altında idi.
Bu günsə bir vəhdətin üç Kamal Abdullası cavabı vermişdi.
Və yeni sualımı doğurmuşdu:
- Ən birinci, özünüzü alim, nasir və ya şair hesab edirsiniz?
Müdafiələriniz dilçilik sahəsində olub. Elmi rütbələrinizi də həmin sahədə qazanmısınız. Amma başqa tədqiqatlarınız daha çox kütləvilik qazanıb. "Dədə Qorqud dastanları poetikasına giriş" və lap yaxınlardakı Füzuli dəryasına elmi və poetik başvuru. Hansı sahədən özünüz də daha çox zövq alır, necə dəyərlər, feyziyab olur?
Sizin üçşaxəli yaradıcılığınız arasında dərindən nəzər saldıqda qırılmaz bağlılıq görünür. Bunların da zəminində bizcə Dədə Qorqudun həm özü, həm də dastanları durur.
Elmi yaradıcılığınızın dilçilik və ədəbiyyatşünaslıq sahəsində bəhrələrindən söz açdıq.
Günümüzün dilçilik sahəsində ən araşdırıcı, yeniliklərə meyilli, cəsarətli baxışlılarındansınız: (Həmin sahənin akademiki Mara münasibətiniz də daxil olmaqla açıqlamalarınız cəsarətinizdən, bənzərsiz tədqiqləriniz yenilikçiliyinizdən xəbər verir. Televiziyadakı silsilə verilişlərinizdən içi mən qarışıq xalqımız da bunun şahidi oldu. Barlı ağacları "iyığac" adlandırmağınızı dil tariximizin koloritinə hədiyyə hesab etmək olur).
- Bir dilçi alim kimi yetişməyinizdə kimlərə minnətdarsınız? Onların heç birinin təsiri altina düşmədən öz yolunuzu necə aça bilmisiniz?
Bu yolda Dədə Qorqud qolunuzdan tutubmu?
Ədəbi tənqidimizdə açıq gözlü və sözlü izləmçilərindənsiniz. Füzuli dünyasına başvurunuz klassik şeirimizə bələdçiliyinizdən, "Dədə Qorqud dastanlarının poetikasına girişiniz yüksək elmi intellektuallığınızdan xəbər verir. Həmin sahədə sizi Məmməd Cəfərin, Yaşar Qarayevin bənzərsiz təfəkkürlü davamçısı hesab etmək olar.
- Füzuli başvurunuz, Qorqud dastanları poetik açıqlamalarınız davam edəcəkmi. Yeri gəlmişkən, həmin əsərə mən də münasibətimi bildirənlərdənəm. Məqaləmdə birtək Qorqud dastanımızın qopuz, sonrakıların sazla bəstələndiyindən söz açmışdıq. - Qopuzdan saza keçidi gələcək əsərinizdə görmək istəmişdim.
Ən çox sevdiyiniz dilçi, sualını verməyəcəm, ən çox rəğbət bəslədiyiniz ədəbiyyatşünası da.
Çünki hər iki sahədə yolunuz bənzərsizdi. Kamal Abdulla yoludu.
Bircə onu deməkdən özümü saxlaya bilməyəcəyəm. Oğul dayıya çəkir, söyləyirlər. Sizin elmi təfəkkürünüzdə rəhmətlik Əli Sultanlı siqlətini, əzəmətini görürəm.
Siyasi əqidəsinə görə yaradıcılığı ədəbiyyatımızın güzeyində qalmış şair Məzahir Daşqının məşhur misrası var:
Məhəbbət qandasa, silmək çətindi.
Sizi gəncliyinizdən (hamımız kimi ömrünüzün baharından) şair kimi tanımışıq. Görünür, şeirə məhəbbətiniz qanınıza işlədiyindən bir çox ədiblərimiz kimi ondan birdəfəlik elmin, nəsrin cəhbəsinə keçməmisiniz. Qana işləmiş şairlik adamı hər yerdə, hər vəziyyətdə yaxalayır.
Həmin an həmin poetik hissləri vərəqlərin meydanına endirməsən uçub gedə bilir. Alimlərdən Ömər Xəyyam kimi bəziləri deyilənə görə rübailərini elmi əsərlərin yanı yançağına yazmışlar.
- Sizin bir tək özünüzə bəlli poeziya yaradıcılığınızdan, misralarınızın necə tapışdığından bir-birlərilə qonşu olub poetik yuvalara çevrildiyindən danışmağınızı istəyirik.
Şeirləriniz özləri də imzanızı görmədən belə, kimin qələmindən çıxdığından xəbər verir. Qəribədir ki, nəsr əsərlərinizin çoxunun adları da (hətta Füzuli traktatınızın bölümlərininkidə) şeir misralarını xatırladır. Hamısında unutmağa heç bir kəs və yer qoymayıb Dədə Qorqud avazı yada salır. Bundan əlavə, şeirlərinizin bəziləriylə bəzi nəsr əsərləriniz arasında əlaqə görmək olur. Sanki onların bəziləri həmin yazıların poetik proloqu missiyasını daşıyır.
- Şeir yaradıcılığı çiynini elmin, nəsrin ağırdan ağır yükü altda vermiş Kamal Abdulla üçün gərgin vaxtlarının "taym-autuna" bənzəyirmi (yəni ondan içi dağ ətri dolu bir oksigen balışından istifadəsinə). Şeirinizlə nəsriniz arasındakı əlaqə mövcuddurmu?
Şəxsən mənə hərdən dil sərrafı, poeziya əttarı kimi Oljas Süleymenovu xatırladırsınız. Onun da sözlərin etmologiyasına dair araşdırmaları və poeziya nümunələri var (Oljasdan fərqli Kamal Abdulla dilçilik sahəsində peşəkardı, poeziyası da milli dilindədi).
- Dilçi alimliyinizin və ya Dədə Qorqud vurğunluğunuzun poeziyanızın durulması, dürləşməsində rolu olmuşmu?
Müasir şeirimizin bir çox özünə yol açmış nümayəndələri var. Vaqif Səmədoğlu, Ramiz Rövşən və, və, və. Məncə, şeirləri bir vəhdətdən doğulduğundan, rişəsini bütöv yaradıcılığına atdığından Kamal Abdullanı şeirimizin öz yolu olan bənzərsiz poeziya elçilərindən hesab etmək olar.
Yazıçı qurultaylarının birində publisistika sahəsindən məruzəçi oldunuz. Halbuki nəsrimizi araşdırmağa nəsr yaradıcılığınız daha çox səlahiyyət verə bilərdi.
Nəsr əsərlərinizdə, necə dəyərlər, az qala bütün dünyaya yürüş edə bilmisiniz. Haqqınızda kifayət qədər fikirlər söylənib (yeddinci cild onlara həsr olunduğundan onlardan söz açılmayacaq). Tənqidin yazıçıların əsərlərini cilaladığını söyləyirlər.
- Siz necə, nasir kimi haqqınızda deyinlənlərdən faydalana, cilalana bilmisinizmi?
Azərbaycanımızda nəsrin yaranması yaxın tarixə dayanır. Şərq aləmində sözün şeirlə deyilməsi hünər sayıldığından bu amil nəsrimizin qarşısını əsərlərlə çəpərləyib. (Düzdür, "patriot" alimlərimiz, "şikayətnaməni", Aldanmış kəvakibi fransız dilində ki, bir əsəri nəsr nümunəsi hesab edib həmin tarixi uzatmağa çalışıb). Amma istedadı ilahi yanacaq hesab etdik. Bizlərdə həmin sərvətə sahib çoxları var. Belələri hesabına Azərbaycan nəsri yaranmış və dünyada təmsil olunmuşdu.
- Mükafatlara münasibətiniz necədi. Qələm sahiblərinin çoxu onların dəyərinə siyasət qarışdığını hesab edir. Niyə bizim istedadlı (mükafatlandırılanlardan qiymətli) əsərlərimiz Nobel mükafatına layiq görülmür?
Sizi ən koloritli, milli zəminimiz üzərindən boy göstərmiş yazıçı hesab edirik. Qəribədir ki, bəzi istedadlı qələm sahiblərimizi dünyanın bəzi tanınmış yazıçılarına bənzədirlər. Onların da çoxu bundan xoşhallanır.
- Sizi də Borxesə oxşadırlar. Həmin bənzərliyə münasibətiniz?
Bu başdan deyim ki, bəndeyi-həqiriniz bunun əleyhinədir. O, Kamal Abdullanı ancaq və ancaq özünə bənzədir. Bir vəhdətin heç kəsə bənzəməyən üç Kamal Abdullasına...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!