Hamıya salamı var - Əjdər OL yazır

Fikrət Qoca - 85

Xalq şairi Fikrət Qoca səksən beş yaşı geridə qoyur. Onun geniş, sıx yaradıcılığından sağına-soluna, geninə-boluna o ki var danışmaq və yazmaq olar. Ötən əsrin ictimai-siyasi, mədəni hadisələrlə zəngin, coşqun dövründən yazıb-yaratmağa girişən, şeirdən bərk-bərk yapışan şair özü də sözün müqəddəs, poetik mənasında şeirləşdi, şeirlə yaşamağa başladı. Gündəlik, nəinki gündəlik, saatlıq, dəqiqəlik yazırmış kimi qələmə güc verdi. Gördüyü, duyduğu, eşitdiyi, şeirə çevriləcək, yəni şeirlik nə vardısa, səhər, günorta, axşam, gecə, obaşdan, fərqi yoxdur, vərəqlərə köçürürdü. Elə bil həyatın ədəbi inventarlaşmasını aparırdı, yorulmaq bilmirdi. İstedadı ilə diqqəti cəlb edirdi. İstənilən şeirində ən azından "bir atımlıq barıtı" vardı. Söhbətlərimizin birində demişdi: "Şairin ki, gecə yorğanı qızdı, ondan şair olmaz". "Eh, sən hardan bilirsən, gecə yaman uzundur" misraları da onundur.

Hara gedirdi, harda olurdu, qabağına şeir çıxırdı. Vəznə, qafiyəyə, həcmə uymadan şeirlər doğururdu.

O vaxtlar şeirimiz heca və sərbəst vəzndə yazanlar cəbhəsinə bölünmüşdü, barışıq uzun çəkdi. Hecada israr edənlər sərbəst vəznlə şeiri sərbəst yazmağı qarışdırırdı. Fikrət Qoca şeir yazanda sərbəst idi.

Xalq şairi Vaqif Səmədoğlu danışırdı: "Hecaçılarla sərbəstçilər arasına çarpışma gedən zamanlardı, Moskvada tələbə Fikrət Qoca ilə "Leninskiye qorı"nın bir təpəsinə çıxıb üzümüzü Azərbaycan tərəfə tutaraq and içdik ki, axıra qədər sərbəst şeir yazacağıq!".

Zəmanə necə də dəyişdi, onda sərbəst vəzndə şeir yazanlara yanpörtü baxanlar nə qədər çox idisə, indi də hecada yazanlara dodaq büzənlər yetərincədir. Hara qədər bəyənilib bəyənilməməsi, dedi-qodular da, sanki onu az maraqlandırırdı. Hərdən mənə elə gəlir ki, Fikrət Qoca "amma öz aramızdı, o vaxt sözümüzə baxsaydı, indi Rəsul Rzamız olmazdı"nı yazanda həm də özünü nəzərdə tuturdu.

Fikrət Qocanın ədəbi yaradıcılığa fəal qoşulduğu ötən əsrin altmışıncı illəri bir tərəfdən, oyanış, qalxınma, uçuş dövrü idisə, o biri tərəfdən, yarış, çarpışma, qarşıdurma, "kim-kimi" zamanı idi. Dünyada böyük dəyişikliklər baş verirdi.

Yaşının ən qaynar vaxtlarında o, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyarkən dünyaya Moskvadan baxıb. Onda, ondan qabaq da, ondan xeyli sonra da SSRİ super dövlət kimi bərk gedirdi. Onsuz dünyada heç bir böyük məsələ həll edilmirdi. SSRİ Asiyanın, Afrikanın, Amerikanın neçə-neçə ölkəsində kommunist və yaxud ona oxşar rejimlər qurub, onları "Kommunizm xoşbəxtliyinə" doğru aparırdı. Fikrət Qoca da dövrünü təsvir və tərənnüm edirdi. "Ölkə var silah üstündə kürt yatıb" deyirdi. Həm Qərb, həm də Şərq dünyasında insanlar soyuq müharibə xofunda saxlanılarkən Fikrət Qoca "Xirosima" şeirini yazmışdı. Həmin dövrün təlqin edilən həyəcanlarını göstərmək üçün şeiri bütöv misal gətirmək istəyirəm:

 Gecə

Gizlicə-gizlicə

Oğurlanıb soxulur

İnsan həyatıma yuxum

Yuxuda görürəm ki, dünyada yoxam.

Hələ bu Yer kürəsi də maviliklərin

Dərin sükutu içində balaca bir qayıqmış.

Od alıb elə yanır ki, yanır elə bil

bir çəngə qamış.

Yanır:

yer,

göy,

su,

hava.

- Sus,

dava

başlayıb -

deyir

bir səs:

"Partlayış"

Deyirlər

XX əsrin

Səbri partlamış".

Yanır kirpiklərdə yaş,

Yanır arzu, murad, təlaş.

Ömür yoludur yanan qarşımızda

Zəhər yağır kirpiyimizə, qaşımıza.

Əsir çəhrayı rəngli əcaib bir külək

Yuxudan gözlərimi açıram hövlnak

Bir tərəfdə Günəş - xeyirxah bir işıq.

Yadıma düşür,

Axşam yuxudan qabaq Xirosimadan

danışmışıq.

"Xirosima" Fikrət Qocanın rəsm görüntüsündə yazdığı tək nümunədir. Üzdən fransız şairi Giyom Apollinerin XX əsrin əvvəllərində yazdığı "Fontan" şeirinə bənzəyir. Ancaq məzmun tamam başqadır. Şeirin formasını dəyişsək də, anlatdığı mətləbin ömrü bu gedişlə getsək, çox uzun olacaq.

ABŞ dövlətçiliyi tarixində elə də böyük ad-san qazanmayan Prezident Harri Trumen İkinci Dünya müharibəsinin sonunu yaxınlaşdırmaq üçün Yaponiyanın iki şəhərinə atom bombası atdırdı və dünya dövlətlərinin gözünü qorxutdu. Bundan sonra ABŞ hələ də dünya dövlətlərinə meydan oxumaqda davam edir.

İdeoloji dövlət olan SSRİ-də təbliğat vasitəsi kimi ədəbiyyatın, incəsənətin rolu indiki nəslin anlamayacağı dərəcədə böyük idi. Tanınmış bir yazıçının, incəsənət xadiminin nüfuzu yüksək vəzifəli məmurun yetənəyindən artıq idi ki, əskik deyildi.

Cəmiyyətdə söz adamlarına möhkəm inanırdılar, kitablarını oxuyurdular, onlara etibar edirdilər, hörmətlə qarşılayıb yola salırdılar. Böyük rəsmi tədbirlərdə, yığıncaqlarda dövlət rəhbərlərinin yanında ziyalıları, yaradıcı şəxsləri də görmək olurdu.

Onda Şair təkcə şair deyildi, eyni zamanda sözü ötərli fəal vətəndaş idi.

Fikrət Qocanın şair olaraq həmin illərdə romantikası (rejim estetikası bu yaradıcılıq tərzini "İnqilabi romantika" adlandırırdı) aşıb-daşırdı. "Günəş mənim fonarımdır, onu dağların arxasından götürüb işə çıxarıram hər səhər". Hər an, hər gün, hər bir xeyirxahlıq, hər başa çatmış uğurlu iş, ilin fəsillərinin, Günəşin, dənizin, çayların, dağların hər halı bir şeir idi onun üçün. Şair şeirlərində fəhlələrlə işə gedirdi, onlarla bir süfrədə nahar edirdi, "çağırır sizi fit verən zavod, gəmi, qatar zəngli saatlar..." deyirdi. Katokda dostları ilə sürüşürdü, sibirli sürücüdən, litvalı tərcüməçidən, dostu Anardan, bayraqdan, Bakıdan nikbin ovqatda yazırdı. Dünyanı dəyişməyə özündə güc görürdü:

İnsantək yaşasaq dünyada əgər

Bir ömür insanın gen-bol bəsidir.

Böyüklər dünyaya "gözəlsən" deyər,

Kədər acizlərin bəhanəsidir.

 

Həyat, əlimdəsən, sən mənimkisən,

Sən mənə mirassan öz adım kimi.

Mənimsən, mənim də zövqümlə bəzən

Bəzən körpəm kimi, övladım kimi.

Arada ayrı-seçkilikləri, haqsızlıqları, təcavüzləri görəndə şeirinin səsi, ritmi, lüğət tərkibi dəyişəcək, ancaq yenə də hər şeyin yaxşıya doğru yön alacağına inanacaqdı. Fikrət Qocanın o illərdə yazdığı bir neçə şeir məşhur oldu ki, sonralar şairdən yazan tənqidçilər, araşdırıcılar həmin əsərləri yazılarına söykənəcək seçdilər. "Qaragül dərili quzu" (Bıçaq kimi bir şeydir həyat, dünya da teşt boyda), "Vals" (Vals olan yerdə/ Başsız da keçər/ Ayaqsız olmaz/ Fırlanıram, vals.../Vals...Vals...).

"Risk" şeirindən mən də ayrıca yazmalıyam. Dəfələrlə şahidi olmuşdum, məclislərdə, ayaqüstü söhbətlərdə Fikrət Qocadan söz düşəndə onun "Risk" şeirinin adı çəkilirdi. Bizi "Azərbaycan" kəlməsi necə birləşdirirdisə, "Risk" şeiri də elə səfərbəredici gücə malikdi. Çünki bu şeirdə milli mənafeyimiz vardı.

İkinci Dünya müharibəsi illərində Sovet Ordusunun İranın şimalına yerləşməsindən sonra Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyilə Demokratik respublika qurulmuşdu və yüz ildən artıq zamanda ayrı salınmış, bölünmüş xalqımızın birləşmək, qovuşmaq imkanı yaranmışdı. Qısa müddətdə Təbrizdə siyasi, iqtisadi, mədəni sahədə böyük işlər görüldü, doğma dilimizdə məktəblər açıldı. Lakin həm beynəlxalq qadağalara, həm də Moskvanın və Tehranın rəsmi dairələrinin Azərbaycanın bütövləşməsindən qorxduğuna görə bu tarixi şans əlimizdən çıxarıldı. On minlərlə azadlıqsevər həmvətənimiz dara çəkildi, zindanlara atıldı, yerindən-yurdundan didərgin düşdü. Arzular, ümidlər gözlərdə qaldı.

Həmin illərdən başlayaraq ədəbiyyatımızda ayrılıq, həsrət notu üstə cənub mövzusunda əsərlər yarandı və dairə ildən-ilə genişləndi. Məmməd Səid Ordubadinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə İbrahimovun, Məmməd Hüseyn Şəhriyarın başladığı və genişləndirdiyi bu mövzu sonrakı ədəbi nəsillər tərəfindən ta doxsanıncı illərdə yollar açılana qədər davam etdirildi. Respublikamız dövlət müstəqilliyini qazanandan sonra ədəbiyyatımızda güneyli qardaşlarımızın siyasi, milli, demokratik təsisatlar uğrunda mübarizəyə çağırış daha çox səslənir.

O illərdə Sovet ideologiyası bu mövzuya tabu qoymurdu. Dünyanı kommunist rejiminə salmaq istəyən imperiya bizim milli arzularımızdan da bəhrələnmək istəyirdi. Sovet Azərbaycanında yaşayanlar İrandakı soydaşlarına birləşmək arzularını ifadə edə bilərdilər, ancaq Rusiyadakı, qonşu respublikalardakı tarixi ərazilərimizdən söz açmaq yasaq sayılırdı.

Ötən əsrin altmışıncı illəri ədəbiyyatımızın bir böyük işi də bəzən açıq, çox vaxt isə üstüörtülü, eyhamlı şəkildə milli dərdlərimizi qabartmaq, özünüdərk prosesini gücləndirmək idi.

"Risk" şeirində də "Risk, o hər nədirsə, biz hələ onu eləməmişik", "Bəzən adi bir riskdən doğulur yeni bir ölkə, onun tarixi də. Biz boyda xalqın yolunu kəsib Araz kimi balaca bir çay, ay dədə vay... Sən Arazın soyuq suyunda, qaynar riskə bax..." misraları vardı.

Fikrət Qocanın ən çox işlədiyi mövzulardan biri azadlıqdır. İnsanların, ölkələrin həm siyasi, həm də demokratik azadlığı onu çox düşündürüb həmişə.

Ötən əsrin altmışıncı, yetmişinci, səksəninci illərində və ondan əvvəllər kommunist ideologiyasının basqısı altında yaşayan sovet ədəbiyyatı insan azadlığından söz açanda "icazəli cəsarət"dən (Rəsul Rza) kənara çıxmaq istərkən mütləq ya mövzunu Qərb həyatından götürməli olurdu, ya alleqoriyaya üz tuturdu, ya da sətiraltı mənalara üstünlük verirdi.

Fikrət Qocanın ustadı, Xalq şairi (onda hələ Xalq şairi deyildi) Rəsul Rza "Amerikanın səsi" şeirində yazırdı:

Burda hər şey azaddır,

Azaddır insan fikri,

İnsan arzusu.

İnanmayan baxsın qəzetlərə

Yoxdur azadlıq tamarzısı.

Bu, elə bizim yaşadığımız quruluş deyildimi?

Şairin "Qarsiya Lorkanın son anları" şeiri kiçik olsa da, çox təsirlidir. Qarsiyanı səhər alaqaranlığında, yağışlı havada güllələməyə aparırlar.

Zabit dedi:

- Çıx, şair! -

Vaxt çatdı, zindandan çıx!

- Məni azad edirsiz?

- O dünyada üzünə

bütün qapılar açıq.

Güllələnmə vaxtındı...

Bu da şair baxtıdı...

Qarsiya deyindi ki:

- Hava yağış, yer palçıq,

Elə bil qəhət olub

Bu günlər, aylar, illər;

Heç belə havada da

Adam güllələyərlər?..

Zabit dedi:

- Xoşbəxtsən.

Sən deyinə bilirsən,

Biz qanunun lalıyıq.

Sənə nə var, biz hələ

Geri qayıtmalıyıq.

Bu şeiri uzun illər bir sözə, ürəkdən tikan çıxaran ehtiyatsız bir atmacaya, haqsızlığa etiraz edən bir lətifəni danışdığına, bir dahi deyimini misal gətirdiyinə görə adamları həbs edilib Sibirə göndərilən, Nargin adasında itirilən, həbsxanalarda çürüdülən bir ölkədə doğulmuş şair yazırdı.

Fikrət Qocanın səfər stixiyasından danışmaq istəyirəm. İlk şeirlərindən indiyə qədər o, "həmişə səfərdə" (Əli Kərim) olub. İndi də hər səfər, hər yolçuluq ona yeni həyəcanlar verir, növbəti şeir havasına salır. Heç şübhəsiz, dünyada ondan da çox dünyanı dolaşan şairlər olub və var. Ancaq Fikrət Qoca qədər səfər təəssüratlarını bölüşən şair tanımıram. Səfərləri onun tərcümeyi-halının baş xəttidir.

"Milyon kilometrlərlə ömür yaşamışam" deyir. "Mən ünvansız yaşayıram, Günəş kimi, səma kimi" misraları da onun şeirlərindəndir. Bu şairin səfərləri turist gəzintiləri deyil, məna axtarışlarıdır. Kuba leysanlarında, Ağdaş meşələrində, Şandor Petefinin Macarıstanında, litvalılar arasında, Yurmalada, Mərdəkanda, Astarada, Sibir göylərində, Daşkənddə, Vyetnamda, Kiyevdə, Qvineya-Bisauda - siyahını çox uzatmaq olar - həyatı anlamağa və anlatmağa çalışıb.

Bəzən illərlə hər gün gördüyümüz adam haqqında yönlü bir xatirə yaza bilmirik. Gərək haqqında yazdığın adamın özü, həyatı başqaları üçün maraqlı olsun.

Oxucu kimi özümü Fikrət Qocanın altıncı, "İnsanlar arasında" kitabına çatdırmışdım. Mənim oxuculuğa başladığımdan qabaq şairin beş kitabı çıxıbmış. (Mənim sevdiyim şairlərin, yazıçıların bütün külliyatını oxumaq azarım var, geri qayıdıb Fikrət Qocanın həmin beş kitabını da şəhər kitabxanasından (o zamanlar bütün yeni nəşrlər, həm kitab mağazalarına satışa, həm də kitabxanalara göndərilərdi) götürüb oxuyacaqdım. İki il qabaq çap olunmuş gözəl tərtibatlı və sanballı "Günlərin bir günü" kitabını daha çox sevəcəkdim. Onda doqquzuncu sinifdə oxuyurdum. Şairin bir neçə şeirini əzbərləmişdim. Bu şeirlərlə məktəbimizdə Fikrət Qocanın təbliğatçısına çevrilmişdim. Ən çox "Möcüzə" şeirini söyləyirdim:

Soruşma nə üçün sevirəm səni

Sən də möcüzəsən, mən də möcüzə.

Niyə eyni vaxtda dünyaya gəldik,

Bu boyda dünyada gəldik üz-üzə.

 

Hər addım başında min möcüzə var,

Möcüzə küləkdir, oddur, bulaqdır.

Kiçik bir budaq da hoqqa çıxardır,

Yarpağı yaşıldır, çiçəyi ağdır.

 

Sükut səssizlikdən yaranır ancaq,

Sükutun səsindən qulağım batır.

Hər şeydə, hər yanda min möcüzə var,

Daşda, qayada da möcüzə yatır.

 

Hardandır gecədə işıqlı yuxu,

Zülmət yer altında işıqlı sular,

Ölüm ayağında həyata ümid,

Zindanın küncündə gözəl arzular.

 

Min-min səyyarəni yaşatmaq üçün

Günəşə nə gəlib alışıb yanır.

Kiçik bir daş atsan, havada durmaz

Bəs bu Yer kürəsi necə dayanır?

 

Mavi göz aləmi mavi görməyir,

Ala göz də ala, qara göz qara.

Bir vaxt mən ölsəm də bu ölüm deyil

Təslim olmağımdı bu suallara.

 

Soruşma nə üçün sevirəm səni,

Sən də möcüzəsən, mən də möcüzə.

Niyə eyni vaxtda dünyaya gəldik,

Bu boyda dünyada gəldik üz-üzə.

Biz şərqliyik və ən qədim zamanlardan üzübəri ədəbiyyatımız həm də həyat təcrübəsindən doğan müdrikliyə söykənir. Klassik, orta çağ, elə indinin özündə ədəbiyyatımızda nə qədər "böyük sözünə", örnək şeirlərə, hekayələrə, nəsihətə rast gəlirik. Sənətində özünü göstərmiş, oxucu etibarı qazanmış qələm sahiblərinin müdriklik səlahiyyəti yaranır. Onun ədəbi nəsihəti də oxucuya təbii görünür. Fikrət Qocanın şeirlərində müdrik baxışlarla, məsələyə ağsaqqal münasibətlərilə tez-tez üzləşmək olur. O, dediklərinə bəzən sərtlik, bəzən də məzə qatır. Onun cavan yaşında "yekə" danışığına, müdrikliyinə baxın:

Oğluna qoyub vətənin adını,

Milli geyimə vərdiş elətdirir arvadını.

Elə arvad-uşağına sərf eləyib

ömrünü, istedadını.

Bir müddət sonra yazır:

Deyirlər, qocalanda adamın ağlı çaşır,

Yalandır, lap ağ yalan.

Ağıllı yaşa dolub bir az da ağıllaşır,

Yaş ötdükcə axmaqlar bir az da axmaqlaşır.

Bu şeiri də var:

Acgöz arvadın

Allahı pul olur.

Əri qul olur,

Özü də axırda dul olur.

Başqaları:

Atalar sözü var, aydın və qısa:

"Mərdi qova-qova namərd eləmə!".

Bir mərd qovulanda namərd olursa,

Sən bunu özünə bir dərd eləmə!

 

Əzizim, məhəbbət təkcə sığal deyil,

həm də qamçıdı.

Həmişə "can" deyib "can" eşidənlərə inanma,

Vallah, billah,

Onlar yalançıdı.

Sonrası şişirtmədən, kiçiltmədən həqiqət açısıdır.

- Suyun dibində nə var, ay baba?

- Balıq, balıq, ay bala!

- Göyün dibində nə var?

- Xalıq, xalıq, ay bala!

- Hansı sənə yaxındı, ay baba?

- Əynimdəki arxalıq, ay bala!

Ayrısı sərt gəlir:

Qatil ömrü-günü heç vaxt ağ olan deyil,

Yerə insan əkmək ilə bağ olan deyil,

Davalarda həqiqətlər doğulan deyil,

Yer kürəsi göz yaşında boğulan deyil,

Döndərəcək duzlu suya, yaşayacaqdı,

Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Yeri gəlmişkən deyim, bu yazıda şairin qısa şeirlərindən daha çox istifadə edirəm ki, mətn anlaşılsın, yarımçıqlıq, bir-iki uğurlu misra ilə oxucunun gözünə kül üfürmək olmasın.

Fikrət Qocanın şeirlərinin özəlliklərindən danışmaqla yanaşı, onunla bağlı ilişgilərimi, yadımda qalanları da bölüşmək istəyirəm. O, həyatda da təmkinli, müdrik mövqeyini saxlayır. Dəfələrlə şahidi olmuşam.

Bir dəfə ilk qələm təcrübələrini çap etdirmiş, özündənrazı, bərkə-boşa düşməmiş gənc şair yanımda Fikrət Qocaya dedi:

- Arxamda dursanız, məni saxlasanız, şedevrlər yarada bilərəm.

Fikrət Qocanın cavabı qısa və sərrast oldu.

- Məşuqəni saxlayarlar, bala, kişini saxlamazlar!

Onun hazırcavablığını da yada salım:

1988-ci ilin yayında Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların Yaradıcılıq Evində işləyirdim. Bir gün axşamüstü binanın girəcəyində qoyulmuş oturacaqlarda xeyli qadın əyləşib söhbət edirdi. Yazıçı-jurnalist qadının əri olan Ramiz adlı orta yaşlı, yüngül bir kişi iki-üç yaşlı tumançaq oğlunun əlindən tutub onu gəzdirirdi. Birdən o, binadan çıxan Fikrət Qocaya oğlunu göstərib ərklə dedi:

- Fikrət müəllim, oğlumun duduşuna bax, gör nə boydadır.

Qadınlar gülüşdü, diqqətləri Fikrət Qocaya yönəldi:

Fikrət Qoca cavabı ləngitmədi:

- Ramiz, inşallah, oğlunun duduşu bir az da böyüyər, ağzını... zad eləyər.

Hərdən şeirlərinin üstündə "Zarafatyana" yazan zarafatcıl şairdən iki əhvalat da anladım, söhbəti dəyişək.

Fikrət Qoca İstanbulda əməliyyat olunub, həm qürbətdən, həm də ölümdən qayıdandan sonra onu yoluxmağa getmişdim.

Məni zarafatla qarşıladı:

- Bu xəstəlikdən çox əziyyət çəkdim, qorxuram başqa xəstəlikdən öləm, zəhmətim bata.

Sonra:

"OL" təxəllüsünü yeni götürdüyüm vaxtlardı. "Alın yazıma düzəliş" şeirlər kitabımı avtoqrafla ona bağışlayanda kitabın üzünə baxıb təəccüblə soruşdu:

- Ol?!

Başımla təqdiq etdim:

Qımışdı:

- Olursan, ol da!

Fikrət Qocadan yazasan, şeirlərindəki dənizləri yada salmayasan, doğru olmaz. O, poeziyamızda dənizi çox sevən şairlərdəndir. Əlbəttə, başda Xəzər gəlir. Ona görə də Xəzər dilindən düşmür, həmişə onu dəniz çağırır. Bir zamanlar özü də Xəzərin balıqçısı olub. Dənizimizin gözəlliyindən, şıltaqlığından, neft buruğundan, mavisindən, Günəşə güzgü tutmasından, qağayısından, ləpəsindən, dalğasından, qumundan, balığından, gəmisindən, qasırğasından, çirkindən ("Xəzərim, səndə dənizlikdən qalan dalğaların səsidi") yazanda bilinir ki, Xəzərin "cikinə-bikinə" bələddir, onun sevgisi və qayğıları ilə yaşayır. Ancaq başqa dənizlərdən, okeanlardan söz açanda gözəlliyin tamaşasına durmuş kimi görünür. Ölü dəniz görəndə isə ağıya keçmir:

Sənə ölü dəniz deyənlərin

Başına gün vurub

sarsaqlayıblar.

Dəniz ölü ola bilməz!

Bu dənizi duza qoyub

gələcək üçün saxlayıblar.

Fikrət Qocanın "Balıqçıyam" şeirində dayanaq. Balıqçı kimdir? Dənizin oğlu. Dəniz ona həm anadır, həm ata, həm də iş, qazanc yeridir. Fikrət Qoca bütün yazdıqlarında gerçəyi nəzərə alır, rənglərin tündlüyündən çox, əlvanlığına üstünlük verir. Oxucunun üzünü turşutmasına, qınağına səbəb olmur. Hər bir gözəlliyin varlığı sevgi, qayğı, zəhmət tələb edir. Heç nə havayı deyil.

Balıqçıyam, balıqçı,

Bir dənizim var mənim.

Dalğa qırışlarında

qayıq izim var mənim.

Tordan dəniz süzmüşəm.

Tordan zaman süzmüşəm.

Əksi sulara düşmüş

bir asiman süzmüşəm.

Tora Günəş düşmüşdür,

balıq yoxsa da nə qəm.

Amma qarnım acanda

Mən Günəş istəmirəm.

Mən balıq istəyirəm.

Odur ki, soruşana

Balıqçıyam deyirəm.

Balıqçıyam, balıqçı

Ayağımın altında,

Batır Günəş, doğur Ay.

Dəniz mavi bir örpək

Ulduzlu bir kəlağay.

Titrəsən ulduzlara

Yelkənim dəyir keçir.

Çilənən dalğalardan

ruhum sərinlik içir.

Baxsan bu gözəlliyə

Gözlərin sərxoş olar.

Amma tək ona baxsan,

Evə qayıdan zaman

Əllərin də boş olar.

Onda nə fayda bizə,

Tor atıram dənizə.

Balıqçıyam, balıqçı.

Bütün tutumlu şairlər kimi Fikrət Qocanın da hər ovqatda şeiri var. O, şeirlərində həssasdır, düşdüyü şəraitdən asılı olaraq haldan hala düşür, gah qəzəblidir, gah döyüşkən ruhdadır, gah nifrət eləyir, gah tənqidə, danlağa keçir, gah küsür, haqqı qorumağa gücü çatmayanda özünə divan tutur. Amma ətrafa, xoş nəzərlə, təbəssümlə baxmaq da onun şair xislətidir! Ən yüksək mənəvi dəyərlər onun söykənəcəyidir.

Fikrət Qocanın duru, zərif, oxuyanda insanın sinəsini genişləndirən, duyğularına sığal çəkən, saçlarına meh əsdirən, "əynindən yorğunluğu soyunduran" şeirlərinə nəfəsimi içimə çəkib qələmi əlimdə oynatmadan, stolu, stulu cırıldatmadan, heç kəsin diqqətini özümə çəkmədən yanaşmaq istəyirəm. Onlara qoşuluram. Bütün hissiyat üzvlərim ən yüksək fazada çalışır.

Göy güləndə xoşum gəlir,

Həya ilə üfüqdə dan

Söküləndə xoşum gəlir.

Mən göz yaşı sevməyirəm,

Yarpaqlardan şeh damlası

Töküləndə xoşum gəlir.

 

Ətəyindən tök daşı,

Küsmə hər addımbaşı

Ay canım, yaxşı, yaxşı,

Yaxşı, sən deyən olsun!

 

Dodaqların Füzulinin

iki şirin misrasıdır.

Özün tap oxu,

Hansıdı!

Gözlərin yazılmayıb hələ

Nazın çəkilməyib hələ

Eh...

İşimiz varmış indən belə.

 

Yol verin, yana durun,

Hamilə qadın gedir.

Bir az o yana durun

Hamilə qadın gedir.

Ayağının altında

yumşaq olun, a daşlar.

Köntöy söz danışmayın

ay bacılar, qardaşlar.

Hamilə qadın gedir...

Siz Allah, gülümsəyin,

gülümsər görsün bizi,

hamımızın tanışı,

hamımızın əzizi,

Hamilə qadın gedir...

"Zərif çiçəklərə yuxu da yükdür" deyən şair incə məqamları tutmaq ustasıdır. O, danışırdı ki, bir dəfə Səttar Bəhlulzadənin emalatxanasında idim. Kreslolarda üz-üzə oturub sənətdən söhbət edirdik. Səttar Bəhlulzadə danışa-danışa birdən mürgüləyib şirin yuxuya getdi. Ağzında sözü yarımçıq qaldı. Tərpənmirdim, səsimi çıxartmırdım ki, sənətkarın yuxusuna haram qatmayım.

Təxminən on beş-iyirmi dəqiqədən sonra yuxudan gümrah oyanan Səttar bayaq cümləsinin yarımçıq qaldığı yerdən danışmağa başladı.

Fikrət Qocanın sevgi şeirləri tamam fərqlidir. Nümunələr göstərəcəyəm, əmin olacaqsınız.

XX əsrin ortalarına qədər, hətta bir az da sonralar poeziyamızda qadın, ilahi, nə qədər yüksəkdə tutulurdu, o, mələk, büt sayılırdı, "gözüm, canım, əfəndim, şövkətli sultanım" (M.Füzuli), "Məkkəm", "Mədinəm" (Vaqif) idi. Aşiq özünü onun qulu, kölgəsi, qurbanı, hətta qapısının iti yerinə qoyurdu. Füzuli, ən uzağı sevgilisindən gileylənərdi, "Sənintək nazəninə nazənin işlər münasibdir" deyə bilərdi. Seyid Əzim "Səndən ötrü nə qəmim düşsə başım qovğayə. Təki mən sağ olum, öz başımı qovğadə görüm", Əliağa Vahid "Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır, əvvəl var idi hüsnünə rəğbət, yenə vardır", Müşfiq "Rəssam, sevgilimin şəklini gəl çək, sevgilim gözəldi, sən də gözəl çək", Səməd Vurğun "Humay düşündürür, Humay ağladır", Əli Kərim "Qayıt, sahmana sal bu kainatı" yazanda qadın ən ülvi, ən saf, ən şərəfli, ən zərif məxluq kimi təsəvvür edilirdi. Min illərdən gələn qadına hörmətlə yanaşma ənənəsini bu gün də davam etdirənlər var. Amma təəssüf ki, ötən əsrin yetmişinci illərindən sonra qadına "minnətin olsun ki, səni sevirəm" münasibəti başladı və genişləndi. "Saxta məhəbbət" motivli şeir silsilələri yarandı. Yaşlı şairlərin şəhvət dolu şorgöz sevgi şeirləri necə də əttökəndir. Qadın şairələrimiz kişi şairlərimizdən sevgi məsələsində xeyli insaflı və yumşaqdırlar.

Fikrət Qoca klassik lirik ənənələrə hörmətlə yanaşmaqla yanaşı, sevgi mövzusunda həyati şeirlər yazıb. Onun sevgi qəhrəmanlarının könül çırpıntıları ya heysiyyata toxunmadan, ya da nişanla, toyla, uşaqla, nəvə, nəticə ilə bitir. Sevgisində fədakar və dayanıqlıdır şair.

Əgər çatılsaydı qaşın kamanı,

Kainat xətrinə dəysəydi əgər.

Elə silkələrdim mən asimanı

Ulduzlar tut kimi tökülərdilər.

 

Xevsur qızı,

Dədən niyə deyil razı?

Gəlib daşa basacağam

darvazanızı

Azı, azı

On bir dəfə elçi gəlib

Sizə mənim adamlarım.

Əgər taylı tayını tapmayıbsa, sakitcə aralanmaq gərəkdir: "Almamışdan boşayıram".

Kişinin "Yanındakı arvadı çarşablı çantasıdı"sa sevgisini ona-buna nümayiş etdirib özünü göstərməsi də ürəkaçan deyil.

Sevdiyin gözələ "sevirəm" demək,

Onu kölgəsitək daim izləmək

Könlünü oxşamaq hər addımbaşı

Əlbət ki, yaxşıdı, yaxşıdı, yaxşı!

amma kişi üçün ağırdı, ağır.

 

Od geymisən əyninə,

qıyğacı baxma mənə.

Saqqalımdan utanıb

"Sevgilim" deyəmmirəm

Ay bacı, baxma mənə!

 

Oynamasın qaşların,

Bu oğrun baxışların

Axırı görüş olur.

Kişilərin hamısı

bir az görməmiş olur.

Sən Allah, elə baxma!

Bir misal da çəkim:

Yaş o yaş deyil ki, yolunu kəsim,

Yaş o yaş deyil ki, açım qəlbimi.

Təzədən başlayım barışım, küsüm.

On yeddi yaşında cavanlar kimi.

 

Yaş o yaş deyil ki, səni izləyim,

Özümü odlara toxuyum yenə.

Durub saatlarla vədə gözləyim,

Görənlər, bilənlər nə deyər mənə.

Dövlət müstəqilliyinin qazanılmasında və qorunmasında əlindən gələni etmək hər bir vətəndaş üçün şərəfdir. Özgür milli qürur hissi bəlkə də ən ali duyğudur. Əgər şairlik dil, mədəniyyət faktıdırsa, bunlar azadlıqsız tam miqyasda mümkün deyil.

Şair Fikrət Qoca həm birbaşa siyasi azadlıq, həm də azadlıq ruhunda yazdığı əsərlərində yorulmadan, usanmadan o taylı, bu taylı Azərbaycanın ağ günlərə çıxmasından ötrü, necə deyərlər, illərlə külüng çalıb.

Sovetlər zamanında hansı gücə arxalanaraq hansı rejimi qurmasından asılı olmayaraq öz dövlətinin əsasını qoymuş xalqları, xalq qəhrəmanlarını öyən, onlardan nümunə götürməyə çağıran şeirlərin, poemaların müəllifidir o. Şair siyasi azadlığını qazanmış Vyetnama, Kubaya, Qvineya-Bisauya gedib, yeni yaşam tərzinə keçmiş həmin ölkələri Azərbaycanda tanıtmaq istəyirdi.

Təsadüfi deyil ki, şairin poemalarının çoxu ("Xose Risal", "Salam, Vyetnam", "Amilkar Kabral", "Oddan keçənlər", "Ünvansız məktub", "Viktor Xara", "Cənnətdən qovulanlar", "Şəhidlər Xiyabanı", "Azadlıq şərqisi") azadlıq haqqındadır.

Azərbaycanda ömrü iki - azadlıqdan öncəki və sonrakı mərhələyə bölünmüş nəsillər var. Birinci mərhələdə doğulmuşlar artıq iyirmi doqquz ildir ki, yeni siyasi mühitdədir. Əlbəttə, ömrünün əlli altı ili Sovet dövrünə aid olan Fikrət Qoca nəsli müstəqillik şəraitində azadlığın dadını-tamını daha artıq duyurlar, qədrini daha artıq bilirlər.

Azadlıqdan sonradı

yolun ən çətini.

Azadlıqdan sonra sınayarlar

Xalqın ağlını, gücünü, qeyrətini.

Azadlıqdan sonra

gərək hamımız ayıq-sayıq olaq

O gözəl azadlığa layiq olaq.

Fikrət Qoca bütün yaradıcılığı boyu əsərlərində Azərbaycanın, Türk dünyasının, ümumiyyətlə, bəşəriyyətin ən görkəmli oğul və qızların xeylisindən yeri gəldikcə söz salıb. Onların örnək həyatının ilginc məqamlarını misralara sığışdırmağa çalışıb. Onun haqqında böyük rəğbətlə yazdığı şəxsiyyətlərdən biri də siyasi fəaliyyəti, dövlət xadimliyi dövründə yaşadığı ulu öndər Heydər Əliyevdir.

Heydər Əliyev Azərbaycanın ən çətin dövrlərindən birinin qəhrəmanıdır. Yenicə siyasi müstəqillik qazanmış respublikamızda idarəetmə xaosunun, ölkəmizə düşmən təcavüzünün qarşısının alınmasında misilsiz rəhbərlik missiyasını yerinə yetirən, Azərbaycanın dünya birliyində öz mövqeyini qazanmasında yorulmaz işlərilə xalqın yadında qalan bir insan şair qələminin böyük obrazına çevrilmişdir.

Heydər sehrli bir açardı,

Bağlı qapıları bir-bir açırdı.

Heydər Əliyevin minlərlə başqaları kimi onu da ölümdən xilas etməsindən şair qədirbilənliklə dönə-dönə danışıb. İkinci dəfə isə Heydər Əliyevin ailə üzvləri onu ölümlə təkbətək qoymayıb.

Müstəqillik dövrü həm də qəhrəmanlar, şəhidlər, qurbanlar dövrüdür. Fikrət Qoca da bala dağı gördü, oğlu yeni zamanın keçidindən adlaya bilmədi.

"Mən səni qorudum uşaqlığından

Mən səni qorudum cavanlığından

Qorudum mən səni baba olunca,

Demirəm izlədim, gəzdim dalınca...

...Bəlkə yaxşı ata ola bilmədim.

Səni öz əlindən ala bilmədim...

Azərbaycan bütün keçmişi və bu günü ilə Fikrət Qocanın şeirlərindədir.

Azərbaycanı olan dünyaya onun sevgisi bitib-tükənmir. Hərdən gələcəyin işıqları şairin gözlərini qamaşdırır:

"Gələcək həmişə işıqlı olub

Yaxşı ki, dünyanın gələcəyi var"

Artığını istəmir o:

"Analardan anaş dünya yaşasın təki".

Fikrət Qoca xoşməramlı şair olub həmişə... O, əvvəldən sülh, barış tərənnümçüsüdür. Kainatı, dünyanı, Azərbaycanı, Günəşi, insanları, ölkələri, şəhərləri, gələcəyi salamlayan nə qədər şeiri var.

Qeybdən mütləq səs gəlməlidir: "Əleyküm-salam, şair!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!