“Eyni gündə həm anasını, həm də bacısını itirmişdi” - "Varislər"in qonağı professor Nüşabə xanım Araslıdır

"Varislər"in bugünkü qonağı böyük ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nüşabə xanım Araslıdır.

 

Həmid Araslı 1909-cu ildə Gəncədə, dövrünün məşhur din ailimi Hacı Məhəmmədtağı Ərəszadənin ailəsində dünyaya gəlmişdi. Hacı Məhəmmədtağı daha çox islahatçı din adamı kimi tanınırdı. Onun şəriət məsələləri ilə bağlı məqalələri silsilə şəklində qəzetlərdə çap olunur, maraqla qarşılanırdı. Alimin "Vəşrihi-Fəraiz" adlı kitabı, tərcümələri bu gün də elmimiz üçün qiymətli nümunələrdən hesab olunur.

Sinədəftər ana

Həmid Araslı atasını iki yaşı olanda itirib. Balaca Həmid uşaq yaşlarından kitaba, ədəbiyyata maraq göstərməyə başlayıb. Onun həyatında anası Dürrübəyim xanım mühüm rol oynayıb. Bu xanım oğlunda milli folklor nümunələrinə maraq yaradıb, ədəbiyyata, incəsənətə həvəs göstərməsinə təsir edib. Sinəsi el şairlərinin şeirləri, bayatılar, gəraylılar, hikmətli sözlərlə dolu olan Dürrübəyim xanım övladlarına olan sevgisini nəğmə ilə, bayatı ilə dilə gətirib.

Akademik Həmid Araslının varisi ilə onun iş otağında görüşdük.

- Nüşabə xanım, tanınmış ədəbiyyatşünas alim kimi son dövrlərdə dünyanın başını almış COVİD-19 bəlası ilə bağlı tətbiq edilən qadağalara münasibətiniz necədir? Karantin dövrünü necə yaşayırsınız? Bu qadağalar sizin elmi fəaliyyətinizə, həyat tərzinizə necə təsir göstərir?

- Əlbəttə, mən də dünyanın bir fərdi kimi səbirsizliklə bu bəlanın çəkilib gedəcəyi günü gözləyirəm. Ruhən azad adam olduğum üçün bu qadağalar əsəblərimdən, həyat tərzimdən təsirsiz ötüşmür və başa düşürəm ki, yenidən normal həyata qayıtmağımız üçün mütləq tətbiq edilən karantin rejiminin tələblərinə əməl etməliyik. Son dövrlər yoluxma sayının gündən-günə azalmasını da yaxşı hal kimi qiymətləndirirəm və güman edirəm, tezliklə hər şey bitəcək, bütün dünya öz normal tempi ilə həyata davam edəcək.

- Güman edək... Nüşabə xanım, atanız Gəncədə çox tanınmış bir din aliminin ailəsində dünyaya gəlmişdi. Gəncə İslam ənənələrinə sadiq şəhər kimi tanınır və elə bu gün də Gəncə camaatı milli dini dəyərlərimizin qorunub saxlanmasına haradasa mühafizəkarlıqla riayət edir. Həmid müəllim nə əcəb atasının yolunu tutub din alimi yox, ədəbiyyat alimi oldu? 

- Deməzdim atasının yolunu tutmayıb, yaxud tam bu yolun əksinə gedib. O, demək olar, atasını görməmişdi, xatırlamırdı onu, lakin yəqin, atasının elmə, mənəviyyata olan marağı ona irsən keçib və atam mütaliə etməyi çox sevib, elmə böyük maraq göstərib. Xatirələrini danışanda hər zaman mədrəsə həyatını, mədrəsə təhsilini böyük sevgi ilə, sayqı ilə xatırlayıb.

Müəllimlərini şükranlıqla yad edirdi və onlara böyük alimlər - üləmalar deyirdi. Bu insanların qanlı repressiya qurbanları olduğunu təəssüflə qeyd edirdi. Həmişə deyirdi ki, müəllimlərim mənə həm elmin sirlərini, həm də insanlıq öyrətdilər.

Mədrəsələrdə tədris olunan insanlıq dərsləri

Atam kitabların olduğu dünyada yaşayırdı. Mütaliə etmək, nəsə öyrənmək, o kitablar arasından nəsə tapmaq onun həyat kredosuna çevrilmişdi və ömrünün sonuna qədər bu həvəs onu tərk etmədi. Kitaba zərrə qədər hörmətsizlik görəndə narazılığını gizlətmirdi.

- Deyilənlərə görə, Həmid Araslının birbaşa ədəbiyyata maraq göstərməsində anası Dürrübəyim xanımın danılmaz rolu olub. Ümumiyyətlə götürsək, Həmid Araslı anasını da tez itirmişdi. Anası haqqında nə danışırdı, necə xatırlayırdı onu?

- Atam hər dəfə uşaqlıq illərini xatırlayanda kövrəlirdi. İsrarla ondan anası haqqında xatirə danışmağı xahiş edirdik. Bu qadın övladına ədəbiyyata, elmə maraq göstərmək həvəsi oyatmaqla yanaşı, həm də müdrik, ağıllı qadın olub. Babam nüfuzlu din adamı idi və o, dünyadan köçəndə müəyyən qədər malı-mülkü qalmışdı. Başsız, kimsəsiz bir qadının malına-mülkünə göz dikənlər az olmayıb və Dürrübəyim xanım bu təhlükələrdən qurtulmaq, övladlarının gələcəyini təmin etmək üçün, ikinci dəfə ailə qurmağa məcbur olub.

Sizi sahibsiz böyüdə bilmərəm

Bu barədə atama: "Sizi sahibsiz böyüdə bilmərəm", söyləyib. Atam ona: "Yaxşı, heç olmasa varlı-karlı adamla ailə qurardın", deyib və nənəm yenə müdrikliklə: "Varlı-karlı adamla ailə qursaydım, siz onun qapısında nökər olacaqdınız", bildirib. Yəni belə bir zərurət yaranıb və atam da öz atalığını hər zaman hörmətlə xatırlayıb. Ümumiyyətlə, Həmid Araslı çox şükranlı adam idi, səbirli idi. Doğrudur, atalığının sərt üzünü də görmüşdü, amma onu oxutduğu, arxa, ayaq durduğu üçün, heç vaxt sayqısını əskiltmədi.

Atam dahi şairimiz Nizami Gəncəviyə həsr etdiyi "Şairin həyatı" əsərində bəzi məqamlarda öz həyatını qələmə alır. Məsələn: "Yetimlik ağır şeydir..." və s.

Dürrübəyim xanım ailənin tək qız övladı olub və kiçik qardaşı ilə arasında yaş fərqi az imiş. Kiçik qardaşı təhsil alıb və Dürrübəyim xanım hər gün qardaşı ilə bərabər hazırlaşıb. Beləcə, nənəm də ev şəraitində, sərbəst məşğul olmaqla yazıb-oxumaq öyrənib, müəyyən qədər təhsil alıb. Atam danışırdı ki, babam nənəmin savadlı, yazıb-oxuya bilən biri olduğunu biləndə çox sevinib.

Akademik övladı olmaq

- Nüşabə xanım, ailədə iki bacı, bir qardaş olmusunuz və qardaşınız Elman Araslı uzun illər diplomatik fəaliyyətlə məşğul olub, Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Həmid müəllimin evdə, ailəsi, övladları ilə rəftarı necə idi? Elmi fəaliyyətdən, akademik işlərdən ayrılıb, sizinlə zaman keçirə bilirdimi? Ümumiyyətlə, akademik titulu elmin generalı deməkdir. Bəs akademik övladı olmaq necədir?

- Bəli, qardaşım Elman müəllim filologiya elmləri doktoru, professor idi. Səudiyyədə və İordaniyada səfir kimi fəaliyyət göstərirdi. Atam bacıma anasının adını vermişdi, amma bunu qısaldıb Dürdanə, ya da anam deyirdi. Mənim də həyatım, bildiyiniz kimi, Nizami irsinin tədqiqi ilə keçib. Atam elmə bağlı olduğu qədər də ailəsinə, ətrafındakı insanlara, tələbələrinə, yetirmələrinə bağlı idi. Onunla bir saat, iki saat birgə vaxt keçirmək, bizə əbədiyyət qədər qiymətli və maraqlı olurdu. Onun söhbətlərindən doymaq mümkün deyildi. Təsəvvür edin, hamımız ədəbiyyat adamı idik, öz yanaşmalarımız, fikirlərimiz olurdu, bəzən evdə elmi mübahisələrimiz, müzakirələrimiz baş tuturdu və mən o günləri həmişə həsrətlə xatırlayıram.            

Həmid Araslı özünə hörmət qoyan, cəmiyyətdən öz layiqli hörmətini gözləyən və bunu görən elm xadimi idi. Həyət evində yaşayırdıq, məhəllə camaatı, uşaqdan tutmuş, böyüyə qədər hər kəs onun hörmətini saxlayırdı. O, məhəlləyə girəndə hamı özünə çəki-düzən verirdi. Bir şey olanda onunla məsləhətləşirdilər.

Ümumiyyətlə, kimsə Həmid Araslının qızıdır, yaxud oğludur kəlməsini eşidən kimi, bizə sayqı ilə yanaşırdı. Bu bizə xoş olduğu qədər də, məsuliyyət tələb edirdi.

Bu rəftar bizi müəyyən çərçivəyə salırdı

Davranışımızı, rəftarımızı, həyat tərzimizi müəyyən çərçivələr içərisində qurmalı olurduq. Çünki bizi həm də nümunə kimi göstərirdilər. Onsuz da ağlımız kəsəndən elm adamlarının, alimlərin arasında böyümüşdük, atam akademik olandan sonra qeyri-adi fərq hiss etmədik, sadəcə, o, bir elm adamının qazana biləcəyi ən yüksək mərtəbəyə çatmışdı, bizim üçün isə hər zaman olduğu kimi ailə başçısı, sevimli həyat yoldaşı, əziz ata idi.

- Həmid Araslı təhsil illərini, uşaqlıq illərini necə xatırlayırdı? Yəqin, ögey ata himayəsində böyümək asan olmayıb.

- Atam uşaqlıq illərindən, yeniyetməlik dövründən çox danışırdı. Yetimlik acısı gördüyü üçün bütün meylini bizə - övladlarına salmışdı. Nə qədər yorğun olsa da, qayğılı olsa da, sevgisini bizdən əsirgəmirdi.

O, qürurlu adam idi

Çox qürurlu adam idi, hətta bu xüsusiyyəti bəzən ona mane də olub. Təsəvvür edirsinizmi, seminariyada təhsil aldığı illərdə bütün günü kitabxanada keçib, dəfələrlə yemək vaxtını ötürüb. Yaxın qohumlarıgilə nahar etməyə gedib və süfrə üstə çıxıb. "Fikirləşdim, deyəcəklər bu uşaq qəsdən yemək vaxtı gəlib, odur ki, bir kənarda oturdum, süfrəyə yaxınlaşmadım. Az qala acından gözlərim qaralırdı, amma yeməyə toxunmadım, toxam dedim...".

Dediyim kimi, atasını qətiyyən xatırlamırdı. Birindən "filankəs sənin atanı tanıyır" sözünü eşidən kimi həmin adamla görüşməyə can atıb, atası haqqında təzə nəsə öyrənməyə çalışıb.

Çox kədərli bir xatirə qalmışdı yaddaşında. Demək, anası ağır xəstələnib, ölüm yatağına düşəndə, südəmər, körpə bacısı olub. Anası yaxın qohumlarıgildə qalıb, ona qulluq edirmişlər. Bu körpə də xəstə imiş, zəif imiş. Birdən nəsə xəbər gəlir, evdə olan böyüklərin hamısı çıxıb harasa gedir və gedərkən bunun yanına süd qoyub tapşırırlar ki, birdən bacın ağlayıb-eləsə, südü azca qızdırıb ona verərsən. 

Eyni gündə həm anasını, həm də bacısını itirmişdi

Atamın yaşı çox olmayıb. Uşaq yatır, o da uşağın yanında yuxuya gedir və bir müddət sonra ayılır, uşağa baxanda görür ki, bunun səsi çıxmır, hərəkət etmir. Körpənin öldüyünü başa düşür, ağlaya-ağlaya körpəni arabaya qoyur, anası olan evə gedir. Deyirdi: "Mən həyətə girəndə anamı təzəcə yuyub, kəfənləmişdilər". Yəni eyni gündə həm anasını, həm də kiçik bacısını itirib. O bu acını heç vaxt unuda bilmirdi.

- Həmid Araslı repressiya illərində müəyyən təzyiqlərə məruz qalıb və hətta həbs olunmaq təhlükəsi yaşayıb. Mətbuatda onun haqqında antisovet təbliğatçısı, islamçı, türkçü damğası ilə yazılar gedib və o, "Kitabi-Dədə Qorqud" dastanının nəşrinə nail olduqdan sonra, bu təzyiqlər daha da artıb. Hətta ən yaxın ətrafında olan həmkarları belə, onun haqqında tənqidi yazılarla çıxış ediblər. Nüşabə xanım, nə istəyirdilər atanızdan? Ona qara yaxanlar kim idi? Hansı iradə idi Həmid Araslını yolundan döndərməyən, əqidəsinə, məsləkinə sadiq qalmağa sövq edən?

- Bilirsiniz necədir, sovet dövrünün qəribə, anlaşılmaz ideoloji proqramı vardı. Hər hansısa xalqın milli dəyərlərini bütünlüklə sovet xalqının adına bağlamağa çalışırdılar. Rus mədəniyyətindən böyük mədəniyyəti qəbul etmək istəmirdilər. Yəqin, xəbəriniz var, uzun illər dahi Nizami Gəncəvini fars şairi kimi təqdim etməyə çalışıblar. Çünki başqa xalqların yazılı ədəbiyyat tarixi bir o qədər də qədim və zəngin deyil. Nizami bəşəriyyətin Homer, Dante kimi qəbul etdiyi dünya klassiklərindən biridir və yaradıcılıq diapazonuna, ideya-fəlsəfi təfəkkürünə görə bu dahilərdən öndə gedir. Təbii ki, Azərbaycan kimi kiçik bir xalqın belə böyük  dahi yetişdirə bilməsi birmənalı qəbul oluna bilməzdi. Həmid Araslı bütün şüurlu həyatını milli ədəbiyyat tarximizin öyrənilməsi işinə sərf etdi və bu fəaliyyəti ilə həmişə qürur duydu. Sovet ideologiya maşını bizim klassiklərin hərəsinə bir ad qoymuşdu: "Xaqani saray şairi olub!", "Nəsimi təriqət şairidir!", "Şah İsmayıl Xətai feodal hakimdir, şahdır!" və s. Bu fikirlərlə o dahilərin şəxsiyyətinə kölgə salmağa çalışıblar və əgər Həmid Araslı kimi elm və millət fədailəri olmasaydı, təbii ki, buna nail ola biləcəkdilər.

"Kitabi-Dədə Qorqud" bəlası

Eləcə də "Kitabi-Dədə Qorqud" dastanı... Bu böyük eposu, xalqımızın qiymətli folklor incisini türk xalqlarının ortaq abidəsi kimi təqdim etmək istəyirdilər. Doğrudur, bu fikirlər hələ də səngiməyib, lakin Həmid Araslı öz araşdırmaları ilə belə düşüncələrin qarşısına sədd çəkə bildi. Dastanın nəşri Azərbaycanda böyük hadisə hesab olunurdu və bunu istəməyən, hökumətə, partiyaya, onun rəhbərlərinə yarınmağa çalışan, öz gərəksiz fəaliyyətini arxa plana çəkmək istəyənlər az deyildi. Dastan nəşr olunduqdan sonra atamı o vaxt "Ədəbiyyat və Dil İnstitutu" adlanırdı, oradakı işindən xaric etdilər, universitetdə müəllim idi - çıxartdılar və təzyiqlər artdı, amma onun iradəsini qıra bilmədilər. Xalq müdafiə edirdi onu, milli təəssübkeşliyi ilə xalqın ürəyinə yol tapmışdı və bunun qarşısını ala bilmirdilər.

Gündüz tənqid edib, axşam üzr istəyənlər

Həmid Araslıya hücum çəkənlər, mətbuatda sicilləmə məqalələr yazıb, onu tənqid edənlər arasında yaxın dostları, elmə gətirdiyi, dərs dediyi, qayğı göstərdiyi adamlar da vardı. Hətta gündüz məqalə yazıb, axşam qapımıza gəlib üzr istəyənlər də olurdu.

- Kim idi onlar?!

- Adlarını çəkməyə ehtiyac duymuram. Haqq dünyasında olanlar da, yaşayanlar da var aralarında. Anam belə şeyləri bağışlamazdı, sərt idi bu mövqeyində. Qapıdan qovmaq istəyirdi elələrini, atam zorla sakitləşdirirdi onu. Hətta atam bir dəfə elə adamlardan birinə farsların məşhur: "Ozr bədtər əz günah!" kəlamı ilə cavab verdi.

- Bu kəlamın mənası nə idi?

- Yəni "üzrü günahından betər".

Atam kiməsə yarınmağı xoşmazdı. Belə təzyiqlərin tüğyan etdiyi dövrdə bir dəfə elmi konfransda böyük alimimiz, akademik Məmməd Arif Dadaşzadənin Şeyx Şamil haqqında yazdığı əsərlə bağlı onu tənqid etməyi təklif ediblər. Hətta: "Kişi də buradadır (yəni Mircəfər Bağırov), dur çıxış elə!" - deyənlər də tapılıb, amma atam buna razı olmayıb. "Mən belə namərdlik edə bilmərəm!" - deyib. Həmin adam özü qalxıb, çıxış edib və tezliklə yaxşı vəzifəyə irəli çəkilib.

O, ədəbiyyatı çox sevirdi və sevdiyi qədər onu sevdirə də bilirdi. Sözü boş yerə deməzdi. Yeri gələndə Füzulinin şah beytlərindən, Nizaminin müdrik kəlamlarından elə sərraf dəqiqliyi ilə misal çəkirdi ki, zövq almamaq olmurdu.

Namərdlik edə bilmərəm

Atam Elmlər Akademiyası əsaslı elmi kitabxanasının Şərq şöbəsinə rəhbərlik edəndə xeyli əlyazmanın üzə çıxmasına, o mətnlərin işlənib elmi dairələrə təqdim edilməsinə nail olur. Tapşırıq gəlir ki, həmin mətnlərin, əlyazmaların müəyyən hissəsi məhv edilməlidir. Atam özünə bu xəyanəti rəva görmür, bacardığı qədər, gizlədə bildiyi qədər materialı gizlədir və qoruyur. Bu, böyük risk idi, xəbər tutsaydılar, itaətsizlikdə, xəyanətdə günahlandırıb onu məhv edə bilərdilər. Sonradan bundan xəbər tutublar, həbs etməsələr də köhnəliyə pərəstiş etdiyi üçün vəzifəsindən uzaqlaşdırıblar.

- Kim idi axı o adamlar? Kim idi Həmid müəllimə qara yaxanlar?

- Bilirsiniz necədir?! Atam deyirdi ki, o adamları da məcbur ediblər. Onları da qorxudublar. Onlar özlərini xilas etmək üçün buna məcbur olublar?

Hər adam qəhrəman ola bilmir

- Bəs ləyaqət? Kişilik? Axı, bilirik, bu yolu tutmayanlar, ölümü şərəfsiz həyatdan üstün tutanlar da olub... Axı Həmid Araslını da bir başqası haqqında danos yazmağa, bir başqasına qara yaxmağa məcbur edirdilər və o buna getmirdi.

- Bilirsiniz, hər adam qəhrəman ola bilmir. Belələri yazırdı, sonra gəlib üzr istəyirdi, deyirdi başqa adam yazsaydı, lap betər yazardı, yaxud mənə dedilər altında imza olmayacaq və s. Şəxsiyyət məsələsi çətin şeydir, bütöv şəxsiyyət olmaq zülümdür. Atamın qətiyyətli olmağının bir əsas səbəbi də vardı: həmişə deyirdi ki, gördüyüm işin əhəmiyyətini başa düşürəm.

"...Saat hələ də işləyir..."

Ali təhsilini bitirdikdən sonra cavan vaxtında Gəncənin Nəbiağalı kəndində müəllim və direktor olub. 60 illik yubileyi münasibətilə atamı həmin məktəbə dəvət ediblər. İti yaddaşı, dərin hafizəsi vardı. İllərlə görmədiyi adamlarla görüşəndə onların çoxunu xatırlayıb, amma bir nəfər, nisbətən cavan adam yaxınlaşıb və "Həmid müəllim, deyəsən, məni xatırlamadınız?!" deyərək, xəbər alıb. "Suyun şirin gəlir, amma xatırlaya bilmirəm", deyib atam. Həmin gənc: "Siz bizə folklor nümunələrinin toplanmasını təklif etdiniz və dediniz ki, kim çox folklor nümunəsi toplasa qalib olacaq. Hamıdan çox mən toplamışdım. Siz qalib olduğumu elan etdiniz və öz qolunuzdan saatı açıb mükafat olaraq mənə bağışladınız. Həmin saat hələ də işləyir və evimdə əziz xatirə kimi qorunur".

- Həmid Araslını xeyirxah müəllim kimi xatırlayanlar az deyil. Onlarca alimin, bir neçə akademikin yetişməsində onun mühüm rolu olub. Hətta eşitdiyimə görə, Özbəkistanda da atanızı çox istəyirmişlər.

- Bəli, atam istedadlı, bacarıqlı, savadlı tələbələri üçün əlindən gələni edib. Aspiranturada boş yer olan kimi istedadlı tələbələrini ora cəlb etməyə çalışıb. Əziz Mirəhmədov da onlardan biri idi. Doğrudur, atamın da insanlar haqqında yanıldığı məqamlar var, bəzən kömək etdiyi insanlar da ona xəyanət edib, amma belə şeylər onu insanlara yaxşılıq etməkdən yayındıra bilməyib.

Bəli, çox doğru deyirsiniz, Özbəkistanda atam sevilən elm adamı idi. Ona hörmət olaraq "Damla" (Ustad) deyirdilər. Vahid Zahidov, Vahid Abdullayev, Həmid Süleymanov kimi onlarca özbək aliminin yetişməsində, onların tanınmasında xidmətləri var. 

Atam Tiflis Müəllimlər Seminariyasının məzunu idi, ilk əmək fəaliyyətinə də müəllim kimi başlamışdı və ömrünün sonuna qədər müəllim adının şərəfini qorudu.

- Atanızın ömrünün son dövləri haqqında bir qədər danışın. Hansı dostlarını xatırlayırdı. Nə iş görürdü? Səhv etmirəmsə, hipertoniyadan əziyyət çəkib...

- Hə, yüksək təzyiqi vardı. Ailəmlə bərabər eyni evdə yaşayırdıq, yəni mən baxırdım ona. Gecələr narahat olurdu. Mən də narahat olurdum,  öz otağının işığnı yandıran kimi, mən də tez yerimdən qalxıb onun otağına gedirdim. Deyirdi get yat, narahat olma, amma kim idi gedən. Bax elə gecələrdə tez-tez dostlarını xatırlayırdı. Səməd Vurğunu, Mir Cəlal Paşayevi, Feyzulla Qasımzadəni, Əbdüləzəl Dəmirçizadəni, Abdulla Şaiqi (həm də müəllimi olmuşdu), Cəfər Xəndanı yada salırdı. Bu adamlarla gənclik illərindən yaxın dost olublar. Bu adamlar Azərbaycan sovet ədəbiyyatşünasılığını formalaşdıran və bununla yanaşı, bu ədəbiyyatı xalqa təqdim edən insanlar idilər. Onlar ədəbiyyat tarixini sıfırdan yazır, dilçilik elmini yaradırdılar. Hərəsi bir dövrü, bir sahəni tədqiq edirdi.

Xalqımızı aşağılamağa çalışırdılar

Mirəli Seyidov onun sevimli tələbəsi olub. Atam onun İrəvandan Bakıya gəlib, təhsil almasına kömək etmişdi. Sonradan Mirəli Seyidovdan həmişə razılıq edirdi, atamın ümidlərini doğrultmuşdu. Hətta Mirəli Seyidov altı aya qədər evimizdə yaşamışdı. Əzizağa Məmmədov, Qulamhüseyn Beqdeli də onun sevimli tələbələri olub.

Sonra deyirdi ki, xalqımızı həmişə aşağılatmağa çalışırdılar. "Çarizmin ucqar vilayəti, savadsızlar, nadanlar ölkəsi, cəhalətin hökm sürdüyü yer və s. Bunların heç bir əsası olmayıb. Mən də çox cavan idim və elə o vaxt qarşıma məqsəd qoydum ki, bu əsassız fikirlərə son qoymaq üçün mübarizə aparacağam, sübut edəcəyəm ki, bu xalq heç də istedadsız, savadsız, cahil deyil. Buna müəyyən qədər nail oldum, xalqımın milli dəyərlərini üzə çıxarıb, dünyaya təqdim edə bildim. Sübut etdim ki, Azərbaycan xalqı dünya mədəniyyətinə əvəzsiz dəyərlər bəxş edib, amma hələ görüləsi işlər çoxdur...".

Bəkir Çobanzadənin xanımı və son beytlər

Yadıma atamın son günləri ilə bağlı bir əhvalat düşdü. Xəstəxanada idik, vəziyyəti ağırlaşmışdı, tez-tez halı dəyişirdi. Birdən yaşlı bir xanım dəhlizdə göründü. Dedilər, bizi axtarır. Yaxınlaşdım, özünü təqdim etdi, dedi: "Bəkir Çobanzadənin xanımıyam. Bəkirin bir siyahısı vardı, istedadlı tələbələrinin adı qarşısında işarə qoymuşdu. Atanı da həmin siyahıdan tanıyıram. Eşitdim Həmid Araslı burada müalicə alır, onunla görüşməyə gəldim". Atamdan eşitmişdim, Bəkir Çobanzadə onun elmi rəhbəri olmuşdu. Bir qədər narahat oldum, atama qətiyyən həyəcanlanmaq olmazdı, ona görə də üzürxahlıq edib, atamı bu görüşə hazırlamağa getdim və bir qədər söhbətdən sonra müəlliminin xanımının onunla görüşmək istədiyini söylədim. Atamla şərt kəsdim, həyəcanlanmaq olmaz. Dedi ki, "Bəkir Çobanzadədən ziyan gəlməz!". Görüşdülər. Atam söylədi ki, Bəkir müəllim həm də onlara mənəvi ata olub. Tələbələrini evində yedirdib, qarınları doymadan getməyə qoymayıb. Ayrılanda atam bu böyük ürəkli, cəfakeş qadının əllərindən öpdü, gözləri doldu, sonra bir neçə beyt dedi, quşlar kimi köçüb gedən dostlar haqqında. Doğma gəldi, amma başqa türkcədə idi. İndi fikirləşirəm, Bəkir Çobanzadə Krımda anadan olmuşdu, bəlkə bu beytləri də nə vaxtsa sevimli müəlliminin dilindən eşidib, bəlkə də, Krım türkcəsində idi, bilmirəm...   

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!