Yaradıcı insanlar təkamülün indiki səviyyəsi ilə qane olmayanlardır. Onlar Tanrının qəlbinə nüfuz etmək, şüurun xaricinə sıçramaq, kosmik düşüncəni yaxalamaq istəyirlər. Bütün sənət əsərləri dünyanı dərk etmək ehtirasından yaranır. İnsanın mahiyyətində bir ilahiləşmək entuziazmı var. Transsendental fikir axını da yaranışın mənbəyinə varmaq meylindən yaranıb.
İnsanın kosmosa uçuşu da dünyanın dışına çıxmaq, paralel dünya axtarışlarının nəticəsidir. Yəqin. Mel Fişeri xatırlayırsınız. O, nə az, nə çox, on yeddi il dənizin dibində dəfinə axtarmış, nəhayət, yarım milyard dollar dəyəri olan qızıl və gümüş sikkələr tapmışdı. Bu şaquli axtarışlar insanın ruhani həyatında katalizator rolunu oynayır. Bütün əməllərin əcdadı düşüncədir, deyirlər. Hər şey düşüncədə baş verir; beyinə düşən toxum inkişaf edib əmələ çevrilir. Elm də sübut edib ki, insanın hərəkətverici qüvvəsi olan ruhun məkanı ürəkdə deyil, beyindədir. Orqanizmin saatı hesab olunan epifiz görünüşcə noxuda bənzəyir. Ruh məhz o "noxud"un içində gizlənir, mikrokosmos, kiçik dünya da ordan güc alır. İnsan enerjisinin toplandığı Depodan. O balaca nöqtə insanı kosmosa qədər aparıb çıxarır.
Rus yazıçısı və jurnalisti Anton Pervuşinin kosmosa çıxan ilk insan kimi adını tarixə yazmış Yuri Qaqarin haqqında yazdığı "Bir uçuş və bütün həyatı" kitabında olduqca maraqlı məqamlar yer alır. Müəllif Qaqarinin məktəb yoldaşı Timofey Çuqunovun xatirələrinə istinadən yazır ki, onlar 1949-1952-ci illərdə Moskva yaxınlığındakı Lubertsı şəhərində birlikdə təhsil alırmışlar. Şagirdlər tez-tez Moskvaya gəzməyə çıxır, muzeyləri, parkları ziyarət edirmişlər. Bir gün Qaqarin sinif yoldaşlarını Nazim Hikmətin Sokolniki parkında keçirilən şeir gecəsinə aparır. Nazim həmin dövrdə həbsdən yenicə azad olunub Sovetlər ölkəsinə pənah gətirmişdi. Qaqarin Nazim Hikmətlə bu görüşdən unudulmaz təəssüratlarla ayrılır və uzun müddət bu görüşün təsiri altında olur. Pervuşin yazır ki, ruslar Nazimi "Türkiyənin Puşkini" adlandırırdılar. Qaqarin məktəbdə də həmişə Nazim Hikmətin şeirlərini əzbərdən deyir, hər fürsətdə böyük şairə sevgisini dilə gətirirdi.
Daha bir maraqlı məqam diqqəti çəkir. Sən demə, Nazim Hikmət kosmosa uçan ilk insanın sovetlər ölkəsindən olacağını öncədən təxmin edibmiş. Sözsüz, Nazim Sovet ölkəsinə sığınmışdı, sosialist quruluşu onu tam qane etməsə də bu quruluşun texniki tərəqqisi, elmi nailiyyətləriylə daim öyünürdü. Onun bu qənaətə gəlməsində həmin dövrün, mühitin çox böyük təsiri olmuşdu. "Znaniye sila" jurnalının 1961-ci ildə çap olunmuş 6-cı sayında Nazim Hikmətin belə bir açıqlaması yer alırdı: "Kosmosu fəth edən ilk insan Sovet vətəndaşı olacaq".
Nazim Hikmət həmin açıqlamasında belə deyir:
"Venera planetinə ilk kosmik səfərdən sonra Moskva radiosunun müxbirləri evimə ziyarətə gəldilər və məndən kosmosa çıxacaq ilk insanın hansı ölkədən olacağını soruşdular. Mən də əminliklə söylədim ki, həmin insan Sovet vətəndaşı olacaq. Bu insan sovet vətəndaşı olmalıdır, başqa cür mümkün deyil. Mistik düşünmürəm, amma yenə də tarixin məntiqinə inanıram. Bu məntiq mənə bunu pıçıldayır: "1917-ci ildə ayağında çəkmə, başında kepka Qış sarayına hücum edən Putilov fabrikinin işçisinin oğlu kosmosu da fəth edəcək. Əlbəttə, bu dəfə əlindəki tüfənglə yox, kosmonavt geyimində".
Şairə görə, sosial ədalət və tarixin məntiqi bunu deyirdi. Dərginin mövqeyi isə belə idi: "Nazim Hikmətin sözləri gerçəyə çevrildi. Qaqarinin atası Putilov fabrikində işləmişdi".
Bu, təsadüf ola bilərdimi? Nazim Hikmət mistik idimi? Bəlkə poeziyanın məhvərində gizlənən mistisizm şairə bu həqiqəti pıçıldamışdı?! Bəlkə elə buna görə zaman-zaman dahi şairlərin kəllə sümüyü paleontoloqları maraqlandırıb? Ötən əsrin 30-cu illərində rus alimi, paleontoloqu Mixail Gerasimov Nizami Gəncəvinin kəllə sümüyünü tədqiq etmək üçün aparmışdı. O, böyük şairin təfəkkür modelini müəyyən edə bildimi? Bu tədqiqat zamanı hansı nəticələr əldə edildi? Təəssüf ki, biz bütün bunlardan xəbərsizik. Şairlər yer üzünün sehrbazlarıdır, onlar bu dünyadan qopduqdan sonra da öz sirlərini qoruyub saxlayırlar. Kəllə heç zaman öz sirrini özündən olmayana verməz. Biz niyə unuduruq ki, kainatın ən güclü fenomeni insan beynidir? Şairlər isə bir çox xüsusiyyətlərinə görə adi insanlardan seçilən varlıqlardır. Onlar Tanrı ilə əlaqəyə girə bilirlər. Şairlər peyğəmbərlərdən sonra onların missiyasını yerinə yetirirlər. Bu, artıq tamamilə başqa söhbətin mövzusudur.
Sanskrit əfsanələrində Ayda yaşayan və bütün dünyadakı soydaşlarının kralı olan bir dovşanın varlığından bəhs edilir. Nazim Hikmətin məhbəs illərində yazdığı "Aydan asfalta düşən dovşan" şeiri bu əfsanələrdən qaynaqlanır.
Ay doğdu içinde tavuşanıyla,
ben bir şey düşündüm yüregimin kanıyla,
terini sildi o şey ceketinin yeniyle,
o şey tepeden tırnağa süzdü beni,
basdı gaza aldı virajı debriyajdayken
ezib keçti aydan asfalta düşen tavuşanı.
Ən qəribəsi budur ki, insan oğlunun Aya ilk yolçuluğu zamanı kosmonavtların Hyuston Nəzarət Mərkəziylə ilk danışıqlarında söhbət Ayla dövşanın üzərinə gəlib çıxır. Onlar Nazim Hikmətin Bursa Cəza Evinin daş divarları arasında şeirini yazdığı Aydakı dovşan haqqında məlumat verirlər. Qədim bir əfsanədə deyilir ki, dörd min il bundan öncə Çanqo adlı olduqca gözəl bir qız yaşayırmış. Sevgilisindən ölümsüzlük həbini oğurladığı üçün öz dovşanı ilə birlikdə Aya sürgün edilibmiş. Kosmonavtlardan biri belə demişdi: "Biz mütləq o dovşan qızı axtarıb tapacağıq".
Nazim Hikmət isə əminliklə yazırdı ki, kosmonavtlar mütləq yadplanetlilərlə qarşılaşacaqlar.
ve yıldızlardan birinde
hangisinde bilmiyorum
yıldızlardan birinde konuşacak elçimiz
hangi dilde bilmiyorum
yıldızlardan birinde konuşacak elçimiz onunla.
Böyük şair "Kosmosun qardaşlığı adına" şeirini 1961-ci ilin 13 aprelində Parisdə yazmışdı. Qaqarinin kosmosa uçuşundan bir gün sonra! Bu şeir dünya poeziyasında yadplanetliyə yazılmış ilk bədii mətndir. Bu mənada elmlə ədəbiyyat ürəklə ciyər kimi bir-birindən ayrılmazdır. Jorj Simenon çox dəqiq deyirdi: "Ehtimal nəzəriyyəsi elmdir, ancaq onu ayrı-ayrı fərdlərə tətbiq edəndə o həm də dönüb incəsənət olur".
Bu heyrətamiz faktların ətrafında cövlan etdikcə Nazim Hikmət haqqında yazılmış onlarca kitabdan birinin müəllifi Radi Fişin fikirlərini də xatırlayıram: "Nazim Hikmət uzunboylu, güclü, qüvvətli, yaraşıqlı, ətrafa hardasa fiziki şəkildə hiss ediləcək dərəcədə ruhi enerji saçan bir insan idi. Başqa dünyalarda yaşayan kimsələrə dünyamızın insanını tanıtmaq üçün Nazimdən daha mükəmməl elçi tapmaq çətin olardı".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!