Davud HƏŞİMOV: “Biz həmişə onun üçün darıxmışıq...”

 

"Qəhrəmanlıq nə yanlız bir yüksəliş deməkdir,

Nə də şimşəklər kimi, parlayıb sönməməkdir,

Bunun üçün ölümə bir atılış gərəkdir.

Atıldıqdan sonra da bir daha dönməməkdir"

H.N.Atsız

Artıq neçənci dəfədir "Varislər"lə görüşə gedirəm, amma bugünkü görüşüm digərlərindən tam fərqlidir. Mənim bugünkü qəhrəmanım son günlər hər kəsin haqqında ürək dolusu danışdığı, söz açdığı adamdır. Mənim bugünkü qəhrəmanımı bütün Azərbaycan xalqı tanıyır və onunla fəxr edir. Onun haqqında dolaşan əfsanələr artıq Azərbaycan sərhədlərini də aşıb keçib. İndi onu düşmən də tanıyır və onun yoxluğundan qorxur. Çünki düşmən dəqiq bilir, bu xalq onun qanını yerdə qoymayacaq.

Bu gün "Varislər"də 2020-ci ilin 14 iyul günü Azərbaycan torpaqlarının azadlığı uğrunda düşmənlə döyüşdə qəhrəmanlıqla şəhid olmuş general-mayor Polad Həşimovdan danışacağıq. Əlbəttə, belə ağır günlərdə onun ailəsini narahat etmək istəməzdim, amma bir yerdə qərar tuta bilmirəm. Son günlər baş vermiş hadisələr bir an belə yaddaşımdan çıxmır. Məhz onun şəhadətindən sonra Azərbaycan xalqı bir daha misilsiz milli birlik, həmrəylik nümayiş etdirdi. Döyüşən ordumuza dəstək mitinqləri, dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimizin bir araya gəlib xalqa, vətənə bağlılıq ifadə etməsi son dərəcə qürurvericidir.

Hər kəsin fəxr etdiyi general

İyul döyüşləri başlayan kimi xalqımız düşmənə sarsıdıcı zərbə vurmaq çağırışı ilə ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi. Şəhidlərimiz - and yerimiz! Şəhidlərimiz - qürur yerimiz! General-mayor Polad Həşimovun şəhadəti isə ölkədə işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda mübarizə çağırışını daha da gücləndirdi. Bu gün hamı Polad Həşimovla fəxr edir!

Nə qədər ağır olsa da, qardaşı İlham Həşimovun nömrəsini yığıram. Cavab verməyə də bilər, çünki nə hisslər keçirdiyini bilirəm, amma bir neçə çağırışdan sonra cavab gəlir. Özümü təqdim edib məqsədimi bildirir, görüşmək istədiyimi söyləyirəm və bir gün sonraya vədələşirik.

Gün, o gündür. Bu gün dini adətlərimizə əsasən şəhidimizin yeddi mərasimidir, amma pandemiya ilə bağlı qadağalara görə məclis verilmir. Evdə görüşəcəyik. Axşamüstü bir neçə gün əvvəl on minlərlə adamın öz qəhrəman şəhidini qarşılamağa toplaşdığı həyətə gəlirəm. O gün gecə olduğundan fikir verməmişəm, indi isə binanın divarına vurulmuş lövhə diqqətimi çəkir.

İki şəhidi olan bina

Yaxınlaşıram:

"İsmayılov Yaqub Aydın oğlu. 1994-cü ildə şəhid olub".

"İsmayılov Aslan Qəzənfər oğlu. 1994-cü ildə şəhid olub".

Bura general Polad Həşimovun böyüyüb boya-başa çatdığı məhəllədir. O, bu xatirə lövhəsi vurulmuş binada yaşayıb, uşaqlığı, yeniyetməliyi bu həyətdə keçib. Nə vaxtsa bu şəhid oğullarla üz-üzə gəlib, onların şəhidlik xəbərinə sarsılıb. Artıq Polad Həşimov da onların yanındadır və öz əbədiyyət yolçuluğuna başlayıb.

Həyətdə bir neçə zabit var. Görüşürəm. İlhama zəng vururam, aşağıda olduğumu xəbər verirəm, üzrxahlıq edir, deyir evdə Poladın döyüş yoldaşı var, anamla söhbət edir, imkan varsa bir qədər gözləyim. Əlbəttə, gözləyərəm. Bir qədər sonra İlhamla haqqında bəhs etdiyi döyüş yoldaşı aşağı enir. Gözlərimə inana bilmirəm. Məşhur generallarımızdan biri, fəxr etdiyimiz insandır. Yaxınlaşıram, səmimi görüşürük. Adının çəkilməsini istəmir. Hörmətlə istəyinə əməl edirəm. Tələsdiyini bildirir, amma sualıma məmnuniyyətlə cavab verir:

"Polad Həşimov Azərbaycan xalqının son illərdə yetişdirdiyi son dərəcə peşəkar hərbçilərdən biri idi. Biz onun simasında ən etibarlı silahdaşımızı, yaxın dostumuzu, əvəzsiz bir insanı itirdik. Amma əmin ola bilərsiniz, Polad Həşimovun da, digər şəhidlərimizin də intiqamı düşməndən çox ağır alınacaq".

Generalla görüşüb onu yola salırıq. İlhamla bərabər pillələri qalxıram. Bura onun böyüdüyü evdir. Təmkini ilə məni heyrətə gətirən Səmayə ana, şəhid generalın ömür-gün yoldaşı Ofelya xanım və övladları ilə görüşürəm.

- Səmayə ana, sizə, ailənizə, yaxınlarınıza Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, "Ədəbiyyat qəzeti"nin yaradıcı kollektivi və bütün yazıçı dostlarım adından başsağlığı verirəm. Başınız sağ olsun! Allah səbr versin! Bağışlayın ki, belə ağır bir gündə sizi narahat edirəm. Vaxtınızı çox almayacağam. İmkan varsa bir qədər ailəniz haqqında danışın.

Mən onun hərbçi olmasını istəmirdim

- Polad 1975-ci ilin 2 yanvar tarixində Sumqayıtda anadan olub. Yoldaşım İsrayıl Həşimov metallurq idi, uzun illər Sumqayıt Alüminium Zavodunda fəhlə, mühəndis, növbə rəisi, sex rəisi vəzifələrində çalışıb. Ailəmizin əsli Qəbələ rayonunun Vəndam kəndindəndir, amma gənc yaşlarımızda rayondan çıxmışıq, bütün ömrümüz Sumqayıtla bağlıdır.

Polad orta məktəbi Sumqayıtda bitirib. Mən onun hüquqşünas olmasını arzulayırdım, amma onuncu sinfin axırlarında Polad fikrini dəyişdi, birdən-birə hərbçi olmağa qərar verdi.

Polad orta məktəbdə çox yaxşı oxuyurdu, əlaçı idi. Tarixi, riyaziyyatı, ədəbiyyatı, ingilis dilini çox sevirdi. Mən valideyn iclasına gedəndə müəllimləri ancaq ondan razılıq edirdilər. Həmişə başımızı uca edib. Dərsləri ilə çox ciddi məşğul olurdu, bu adam süfrə arxasında çörək yeyəndə belə, kitabdan ayrılmırdı.

Hadisələr başlamışdı, onlar orta məktəbi bitirəndə. Tarix müəllimi vardı - Habil müəllim, o həvəsləndirmişdi Poladı hərbi məktəbə sənəd verməyə. Mən onun bu fikrinə narazılıq edəndə dedi ki, atamdan icazə almışam. Yoldaşımla aramızda fikir ayrılığı yarandı, amma artıq Polad da, atası da qərar vermişdi.

Atası çox sakit adam idi, uşaqlarla da çox mehriban rəftar edirdi, heç vaxt səsini qaldırmazdı, amma mən arada nadinclik edəndə, sözə baxmayanda uşaqları oxlovla vurmuşam. 

18 yaşını döyüşdə keçirən kursant

Bakıda Ali Hərbi Məktəbə daxil oldu. 18 yaşı tamam olanda evdə atası ilə razılaşdıq ki, icazə alaq, ad gününü evdə keçirək. Belə tədbirlər olanda hərbi məktəbdən icazə verirdilər. Atası məktəbə gedəndə məlum olmuşdu ki, onunla bir yerdə kursant yoldaşlarını da döyüşə aparıblar. Ağdamda, Mərzilidə döyüşlər başlamışdı. Təxminən 15 gün Ağdamda döyüşlərdə iştirak edəndən sonra evə gəldi. Yəni Polad müharibəyə kursantlıqdan qoşuldu. İlk dəfə Murovu da o vaxt gördü. Bir müddət xidmət edəndən sonra Türkiyədə təlimlərdə, kurslarda iştirak etdi. 

- Səmayə ana, hərbçi anası olmaq, özü də müharibə gedən bir ordunun zabitinin anası olmaq, hardasa ayaqyalın tikanlıqda gəzmək kimi bir şeydir. Hər an qulağın səsdə, gözlərin yolda olur. İyulun 12-dən sonrakı günlər xatirinizdə necə qaldı?

- Axırıncı dəfə iyulun 10-da səhər saat 10 olardı, evə zəng vurdu, danışdıq. Hərbçiydi də, xidmətdə idi. Gün olurdu iki-üç dəfə zəng vurub hal-əhval tuturdu, bəzən bir neçə gün ondan xəbər çıxmırdı. Alışmışdıq belə şeylərə. Zarafat deyil, 30 ilə yaxın vaxt keçib onun hərbi xidmətə başlamasından. Həmin gün də xeyli danışdıq. Mən ondan kefini, halını soruşdum, yaxşıyam dedi. Uşaqları soruşdum, dedi, kəndə göndərmişəm. Sonra bir qədər də bacısı ilə danışdı, söhbətimiz bitdi. Ertəsi gün ondan xəbər-ətər olmadı. Xidmətdə olduğu üçün biz ona zəng vura bilmirdik, telefonu çox vaxt bağlı olurdu, ancaq özü imkan tapan kimi bizi arayıb-axtarırdı. İyulun 12-də hamı kimi mən də Tovuzda döyüşlərin başlandığını eşitdim. Ana ürəyidir, o dəqiqə narahat oldum. Dəfələrlə nömrəsini yığıb zəng vurmağa çalışdım, hər dəfə zəng çatmadı. İyulun 13-də yenə ondan xəbər çıxmadı. Yerə-göyə sığmırdım, neçə ildir xidmət edir, amma birinci dəfə idi ürəyim belə narahat idi, özümə yer tapa bilmirdim. 13-dən 14-nə keçən gecəni çox narahat yatdım. Ürək dərmanı qəbil elədim, sakitləşə bilmədim ki bilmədim. Elə bil Allah mənə nəsə agah etdirmək istəyirdi.

İyulun on dördü...

İyulun 14-də səhər yatağımdan durandan sonra evdə qərar tuta bilmirdim. Kimə zəng vurum, kimdən xəbər alım?! Başımı itirmişdim. Dəfələrlə ona zəng vurdum, yenə nömrəsi bağlı idi. Tanıdığım dostları vardı, zəng vururdum, heç kəs cavab vermirdi. Sadiq adlı dostu var, ona zəng vurdum, özü yox, yoldaşı cavab verdi, dedi ki, Sadiq özü zəng vurmur, ancaq mesaj yazır. Xahiş etdim ki, Sadiq mütləq mənimlə əlaqə saxlasın, Poladdan çox narahatam.

Səhər saatlarıdır hələ, saat 10 olar, bu eyvandan o biri eyvana keçirəm, özümə bu evdə yer tapa bilmirəm. Ürəyim quş kimi çırpınır. Bir qədər vaxt keçdi. Eyvana çıxanda həyətdə qəribə maşınlar gördüm. Yad maşınlar idi. Yad adamlar gördüm həyətdə. Sonra Poladın məktəb yoldaşlarından ikisini görüb tanıdım, həyətdə skamyada oturmuşdular. Təəccübləndim. Ağlıma hər fikir gəlirdi, amma Poladın şəhid olacağını qətiyyən düşünmürdüm. Növbəti dəfə eyvandan baxanda oğlumu gördüm, İlhamı. İlhama xəbər verilən kimi uşaq çöküb. Skamyada oturub əlləri ilə nəsə çarəsiz-çarəsiz qəribə hərəkətlər edirdi. Sən demə, başına toplaşmış adamlara deyirmiş ki, "bu xəbəri anama necə çatdırım?". Mən o adamları görmürdüm, onlar binanın girişinə yığışmışdılar.

Qızım da evdə idi. Sən demə, artıq onun da xəbəri varmış, hiss elədim, məndən qaçırdı. İlhamı elə görəndən sonra qızı axtardım, birdən nəsə tappıltı eşitdim, tez yüyürdüm, gördüm qızım o biri eyvanda yerdə oturub, büzüşüb. Ürəyim xəstədir, məndən gizlətməyə çalışır hamısı. Nə baş verdiyini xəbər aldım, boynuna almadı. Dedi İlhamı çağıraq, gedək Şəmkirə. Polad ailəsi ilə bir yerdə Şəmkirdə qalırdı. Yenə dalağım sancdı. Yenə ağlıma ən dəhşətlisi gəlmədi. Elə biz söhbət edirdik, bir anda həyət adamla doldu. Qonşular, qohumlar, tanışlar gəldi əvvəlcə. Xeyli adam toplaşdı. Evə qalxanlar, hal-əhval tutanlar vardı artıq. Nə baş verdiyini soruşa-soruşa qalmışdım, heç kəs həqiqəti demirdi mənə. Təsəvvür edin ki, həyət adamla doludur, ev adamla doludur, mən yenə Poladın başına belə bir iş gələcəyini ağlıma sığışdıra bilmirəm. Baldızım qolumdan tutub məni qaldırdı, dedi dur, rayona getməliyik. Təəccübləndim, dedim rayonda nə var? Dedi ki, Polad yaralanıb, Qəbələyə hospitala aparıbar. Bu sözdən sonra elə bil yuxudan ayıldım. Dedim axı, Qəbələdə hospital yoxdur, məndən nə gizlədirsiniz?! Artıq nəsə baş verdiyini anladım və Allaha yalvardım ki, nə olursa-olsun, lap şikəst olsun, lap elə iki ayağını itirsin, quru nəfəsi üstündə olsun, qoşa-qoşa qurban kəsdirəcəyəm! Bu vaxt qohumlardan biri nalə çəkib dedi ki, "ay bədbəxt, qolu-qıçı getməyib ey, özü gedib!". Yer-göy başıma hərləndi! Allah heç bir anaya belə müsibət göstərməsin! Heç düşmənimə də arzulamıram. Ana üçün bundan ağır sınaq, bundan çətin imtahan ola bilməz. Əgər mən o xəbəri eşidib ölmədimsə, bu günə qədər yaşayıramsa, demək, güclü adamam.

Sağ olsun millətimiz, xalqımız, bizi tək qoymadı. İnsanların həyətə toplaşması bizim üçün böyük təsəlli idi. Bu sevgi, bu xalq məhəbbəti bizə təpər verdi, güc verdi. Ailənin ayaqda dura bilməsinin əsas səbəblərindən biri də bu xalq sevgisidir.

- Səmayə ana, eşitdiyimə görə, generalın ailə qurmasında əksər analar kimi sizin böyük rolunuz olub. Bəlkə bu barədə bir qədər danışasınız. Necə olub həmin əhvalat?

Onun üçün qızı mən seçdim

- Yoldaşım xəstə idi, uzun illər zərərli zavodda işləməsi səhhətinə təsir etmişdi. Məsləhət oldu ki, Poladı evləndirək. Həm də 28 yaşa çatmışdı, vaxt idi. Anayam da, təbii ki, ailəm üçün, övladım üçün münasib gəlin istəyirəm. Soraqlaşdım, məsləhətləşdim, kəndçimizin qızını nişan verdilər. O vaxt gəlinimiz Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində oxuyurdu. Polada çox deyirdik evlənsin, hər dəfə bəhanəsi o olurdu ki, xidmətdəyəm, burada özümə necə nişanlı seçim, məndə o vaxt hardandı?! Nəsə, bu qızın sorağını aldıqdan sonra Polada xəbər verdim. Bir günlük icazə alıb gəldi. Qız universitetin yataqxanasında qalırdı. Bakını yaxşı tanımıram, qızmı da götürdüm, üçümüz bir yerdə getdik. Mən Poladla həyətdə gözlədim, qızım gedib yataqxanadan gəlini aşağı düşürtdü. Uzaqdan nişan verdim ki, bax, bu qızdır, gör ürəyinə yatır, ya yox?! Nəsə, yaxınlaşdılar, oğlumun əlindən tutub qızın əlinə verdim, bunları birləşdirdim, dedim, mənlik bura qədərdir, qalan qərarları özünüz verin.

Ulduzları barışdı

Belə... Polad qızı universitetə qədər ötürüb, Bakıda bir az gəzib, bir-birlərini tanımışdılar. Axşam Poladdan qərarını soruşdum, dedi ki, ana məsləhətdirsə, gedin elçiliyə. Hər şey belə oldu.

Gəlin sonradan danışdı bizə. Ona da Polad haqqında, ailəmiz haqqında xəbər verilib. O da ali məktəbi bitirmək üzrəydi, ailə qurmaq vaxtıydı. Biz həmişə Sumqayıtda yaşamışıq, amma qohumlarımızın get-gəli olub kənddə. Qız pəncərədən baxanda Poladı görüb. Səliqəli geyim-kecimi, yaraşıqlı oğlan olduğunu görüb, həm də adamın üzünə baxanda o dəqiqə hiss olunur da. Qız baxıb, onun da ürəyinə yatıb. Deyir Poladın üzündəki nuru gördüm, fikirləşdim ki, bu yaxşı insandır. Bununla danışmaq olar. O vaxta qədər qızın adını kim tutubsa, razı olmayıb, amma Poladla ulduzları barışdı. Qızın atası çox mühafizəkar adamdır, onun öz ailə qanunları var. İlk görüşləri çox qısa olub, təxminən bir saata yaxın, ancaq elə bil illərlə bir-birlərini tanıyırmışlar.

Şəhid generalımızın, qəhrəman generalımızın bir kənarda oturub oğlanlarına sığınan ömür-gün yoldaşı Ofelya xanım bu yerdə köks ötürür. Dediyi sözlər sinəsini parçalaya-parçalaya ağzından çıxır:

"Məncə, Allahın yazdığı, qərar verdiyi şeylər var ki, vaxtı çatanda həmin hadisələr mütləq həyata keçir. Bizim görüşümüz, ailə qurmağımız da Allahın yazısı idi və bu evlilikdən hər zaman məmnun qaldım".  

Ofelya xanımın sözlərindən sonra araya ani sükut çökür. Generalın yadigarlarına, aslan parçası iki oğluna baxıram. "Maşallah!" - ürəyimdə deyirəm. Yadıma məşhur filmdən bir epizod düşür.

- Yəqin, "Moskva göz yaşlarına inanmır" filminə baxmısınız. Orada belə bir yer var, iki rəfiqə söhbət edir və biri digərinə: "General arvadı olmaq xoşbəxtlikdir", - deyir və rəfiqəsi də cavabında "General arvadı olmaq üçün vaxtında leytenanta ərə getməlisən". Sualım sizədir, leytenanta ərə getməyə təəssüflənmədiniz ki?

Toydan bir gün sonra

- Biz ailə quranda o, həqiqətən leytenant idi və çox aşağı maaşla kiçik bir vəzifəsi vardı. O vaxt Murovda xidmət edirdi. Çox ağır şəraitdə yaşayırdıq, Göy-göl rayonunda kirayədə qalırdıq. Təsəvvür edin ki, toyumuz oldu, bir gün sonra Poladın xidmət yerinə yola düşdük. Təzə gəlin idim, məni evdə qoyur, həftədə bir dəfə gəlib evə baş çəkə bilirdi. Toydan sonra məni ata evində saxlaya bilərdi, amma elə ilk gündən bir yerdə olduq və bir yerdə çətinlik də gördük, xoş günlər də yaşadıq. Bəzən, ümumiyyətlə, şəraitsiz yerlərdə yaşamağa məcbur olmuşuq, amma bir yerdə olmuşuq, bu, bəs edirdi. Polad demək olar ki, cəbhə boyu rayonların hamısında xidmət edib və biz də o rayonların hamısında yaşamışıq. Son illər də Şəmkirdə qalırdıq. Mən də bir neçə il olar məktəbdə müəllim işləyirəm.

Həyatımdan razıyam! Çox gözəl bir insanla ailə qurmuşam, hər zaman onun arxasında durmuşam. O, həmişə evdən, ailədən, uşaqlardan arxayın olub. Hərbçi üçün bu, çox vacib amildir. Həmişə mənə deyirdi ki, "çox dözümlüsən, mərdsən!". O, hər kəsin çəkdiyi əziyyətə dəyər verirdi. Polad mənə elə bir həyat yaşatdığı üçün, ondan qətiyyən narazı olmadım, çünki onun özünün bizdən qat-qat ağır şəraitdə xidmət etdiyini yaxşı bilirdim və bu mənim öz seçimimdir. Yenə olsaydı, yenə onun üçün hər şeyə hazır idim. Ömrümün sonuna qədər onun qulluğunda durmaqdan, onun üçün hər çətinliyə dözməkdən yorulmazdım, təəssüf ki, belə oldu. 

Səmayə ana söhbətə müdaxilə edir:

"Yoldaşım gəlinin atasına demişdi ki, ola bilər nə vaxtsa oğlumun maddi vəziyyəti yaxşı olar, amma yadında saxla ki, evində hər zaman ona ehtiyac olacaq, çünki mənim oğlum hərbçidir, onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc gəlir!". 

 Əvvəl vətən qarşısında olan borc gəlir

- Ofelya xanım, generalın iki oğul, bir qız övladı var, oğlanlardan atalarına daha çox hansı oxşayır? Bir də, aralarında hərbçi olmaq istəyən yoxdur ki?

- Kiçiyi xasiyyətcə daha çox oxşayır atasına.

- Bəlkə siz özünüz cavab verəsiniz, - deyib, üzümü generalın ciyərparalarına tuturam. Aslan parçaları analarına baxıb razılıq alır, sonra oturduğum masaya yaxınlaşırlar. İlk olaraq sözə böyüyü başlayır.

- Adım Davuddur, 13 yaşım var. Hələ peşə ilə bağlı qəti qərar verməmişəm. Atam belə şeyləri bizim öz ixtiyarımıza buraxırdı. Yəqin, II qrupa hazırlaşacağam, amma hələ konkret deyil.

- Davud, ata sənin yaddaşında necə qaldı?

Atamın bir arzusu vardı...

- Biz həmişə onun üçün darıxmışıq. Uşaq olanda lap çox darıxırdıq. Həftədə bir, uzaqbaşı iki dəfə evə baş çəkirdi. Həmişə xidmətdə, təlimlərdə olurdu. Bizə münasibəti çox yaxşı idi, evə gələn kimi dərslərimizlə maraqlanırdı, deyib-gülürdü, zarafatlaşırdı. Atamın bir arzusu vardı, istəyirdi həyətimizdə iri bir çinar ağacı olsun, hamımız onun kölgəsinə sığına bilək. Mən onun bu arzusunu yerinə yetirəcəyəm, həyətimizdə onun adına çinar əkəcəyəm. Atam bizim üçümüzü də savadlı, ağıllı görmək istəyirdi.

- Bəs sən, Teymur bala, ata haqqında nə demək istəyirsən?

İstəyirdim getməsin

- Mən onu çox istəyirəm. Həmişə də çox istəyəcəyəm. Qardaşım düz deyir, evdə tapılmırdı, gələndə istəyirdim daha getməsin. Bəzən mən səhər yuxudan duranda görürdüm çıxıb gedib. Yolunu səbirsizliklə gözləyirdim. Mənə dedi ki, dərslərimi yaxşı oxuyum, mən ona söz verdim, həmişə dərslərimi yaxşı oxuyacağam. Hələ bilmirəm qrup nədir, ancaq ingilis dili ilə riyaziyyat xoşladığım fənlərdir.

- Ofelya xanım, son günlər eviniz ziyarətgaha çevrilib. Az qala hər kəs şəxsən gəlib bu ailəyə öz sevgilərini, hörmətini bildirmək istəyir. Kimlər gəlib getdi, kimlər oldu yanınızda?

- Bütün Azərbaycan xalqını yanımızda gördük, hiss etdik. Sağ olsun hamı! Bu münasibət Polada olan sevginin, sayqının təzahürü idi. İyulun 14-nə qədər Polad bir ailənin, bir hərbi hissənin, bir ordunun oğlu, işçisi, generalı idisə, indi o, bütün azərbaycanlıların oğlu, qardaşı, dostudur. Biz hamımız onunla fəxr edirik, qürur duyuruq.

İlk gündən Müdafiə Nazirliyinin nümayəndələri gəlib bizə komadanlıq adından başsağlığı verdi. Özünüz gördünüz, dəfndə şəxsən nazir, general-polkovnik Zakir Həsənov iştirak etdi. Tanıyan, tanımayan kim vardısa, evə qalxmasa belə, həyətə gəlib başsağlığı verdi.

- Deyilənlərə görə, general ona verilən evdən imtina edib və həmin evi bir şəhid ailəsinə bağışlayıb. Bu nə məsələdir? Bir də bankdan kredit götürüb, əsgərlərin ehtiyacını ödəyirmiş... Bu məsələlərə bir qədər aydınlıq gətirin...

Xidmətlə bağlı evdə heç nə danışmazdı

- Çox qapalı adam idi, xidmətlə bağlı evdə heç nə danışmazdı. Əlbəttə, ev məsələsini mən də eşitmişəm, amma özü bu söhbəti açmadığı üçün mən də soruşmadım. Çünki əgər o, belə bir qərar veribsə, mən onun qərarına qarşı çıxa bilmərəm.

Bildiyim isə budur: 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə ona ev verilib, o da həmin evdən imtina edib, onu şəhid ailəsinə bağışlayıb. Polad heç vaxt etdiyi yaxşılığı açıb ağartmağı xoşlamazdı. Bank məsələsi də elədir. Bilirdim ki, hansısa əsgərin ehtiyacı üçün nəsə edib, amma elə o qədər bilirdim.     

- Səmayə ana, Aprel döyüşlərində də Polad Həşimov atəş nöqtəsində olub. O günlər sizin yaddaşınızda necə qalıb? Özü nəsə danışırdı sonradan o barədə?

- Yenə budəfəki kimi, telefonu bağlı oldu. Heç cür əlaqə saxlaya bilmədim. Dostlarına zəng vurdum, dedilər yaxşıdır. Axır mənim xahiş-minnətimi birtəhər çatdırmışdılar ona. Arada imkan tapıb mənə zəng vurdu, döyüşlər gedəndə o qədər qışqırmışdı ki, səsi batmışdı. 

Aprel döyüşlərinin on birinci günü idi, evə zəng vuranda qızı cavab verdi, dedi nənə, ata evə gəldi, yarasının sarğısını dəyişib qayıtdı. Dalağım sancdı, başa düşdüm ki, nəsə olub. Sonradan eşitdim, neçə gün hospitalda müalicə alıb, amma nə bizə, nə də ailəsinə xəbər verib. Hələ indi də bimirik o vaxt yaralanmışdı, yoxsa sadəcə, ayağını əzmişdi.

- Ofelya xanım, müharibədən sonrakı arzuları barədə sizinlə nəsə bölüşürdü?

 Mən elə şeyləri ancaq kitablardan oxumuşdum

- Bayaq da dedim, çox danışmağı, hər şeyi danışmağı sevmirdi. Bəzən qısa şəkildə dediyi fikrin içində çox böyük məna olurdu, başa düşən düşür, düşməyən öz həyatını yaşayırdı. Onun yeganə dərdi torpaq dərdi idi. Həmişə deyirdi ki, torpaqlar azad olunmadan ölə bilmərəm! Onun Vətən sevgisi, torpaq, el məhəbbəti ağlasığmaz dərəcədə idi, mən ancaq kitablardan oxumuş, filmlərdən seyr etmişdim elə şeyləri. Təsəvvür edin, evdir də, uşaq xəstələnə bilir, nəsə problem ola bilir, hər şeyi qoyub xidmətə gedirdi. İcazə istəmək, yayınmaq, baş girləmək bu adamın xasiyyətinə yad idi. Deyirdi ki, sən varsan, sənə arxayınam. Ona nahaq yerə "səngər generalı" adı verilməmişdi, gününün çox hissəsi səngərlərdə, əsgərlərinin, zabitlərinin yanında keçirdi. Evə gələndə çəkmələri toz-torpaq, palçıq içində olurdu çox vaxt. O, zabit olanda da belə idi, general olduqdan sonra da belə davam etdi.  

- Ofelya xanım, o, bir əfsanə oldu artıq və əfsanələr həmişə maraqlı olur insanlar üçün. Ən çox hansı yeməyi bişirirdiniz ona? Hansı yeməyi xoşlayırdı? İçkiyə, siqaretə münasibəti necə idi? Birgə maraqla baxdığınız filmlər vardımı? Hansı bədii kitabları oxuyurdu?

"İblis"i bitirə bilmədi

- Bizdə belə bir ifadə var, "daşdan yumşaq", bax onun da qabağına daşdan yumşaq nə qoysan, yeyirdi. Çox şükranlı adam idi. Belə şeylərdə xüsusi istəyi, tələbi olmurdu. Əvvəllər hərdən içki içirdi, siqaret də çəkirdi, amma son illər hər ikisini tərgitdi və çox sağlam həyat tərzi keçirməyə başladı. İdmanla məşğul olurdu, xüsusi tərəvəzlər qatmışdı yemək rasionuna. Belə. "Əhməd haradadır?", "Bəyin oğurlanması" filmlərinə bir yerdə maraqla baxıb gülürdük. Bədii kitaba böyük marağı vardı, imkan yaranan kimi mütləq mütaliə edirdi. Nizamini, Əhməd Cavadı, Şekspiri, müasirlərimizi oxuyurdu. Son oxuduğu Hüseyn Cavidin "İblis" faciəsi idi, təəssüf, bitirə bilmədi.

Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini çox sevirdi, özü də əzbər bilirdi, uşaqlara da əzbərlətmişdi. Xüsusilə son bəndi çox xoşlayırdı. Ruhu təzələnirdi o yerə çatanda.

Bu yerdə qarşımda oturan Davudla Teymura baxıram. Qardaşlar fikrimi anlayır, onlar da bir-birinə baxıb nəsəyəsə qərar verir, razılaşırlar. Sonra Teymur adıçəkilən şeirin son bəndini əzbərdən deyir:

"Aləmə nur saçdı tarix boyunca

Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm".

Evə ziyarətə gələnlər çoxdur. Hələ həyətdə məni xidmət yoldaşları, qonşuları, qardaşı İlham gözləyir.

Səmayə ananın qarşısında əyilib əllərindən öpürəm, generalın ciyərpalarını köksümə sıxıb, ömür-gün yoldaşı Ofelya xanıma bir daha başsağlığı verir, evdən çıxıram.

General Polad Həşimovun qonşusu Eldar Məmmədov ötən günləri xatırlayır:

Yaxınlığımızdakı qəhrəmanı tanımamışıq

"Bizim binadan on bir nəfər könüllü döyüşçü getmişdi Qarabağ savaşına, ikisi 1994-cü ildə şəhid oldu, binaya onların xatirə lövhəsi vurulub. Mən də o könüllü döyüşçülərdən idim. Yeddi yaş böyüyəm generaldan, o, ilk dəfə bizi həyətdə əliavtomatlı, hərbi geyimdə görmüşdü. Bəlkə elə hərbə maraq onda biz könüllülərdən yaranmışdı, kim bilir. Ancaq Polad çox dəyərli oğul idi. Ağıllı oğlan idi, onun həyata baxışı fərqli idi. Mən onun qədər patriot, işinə, vətəninə bağlı adam görməmişəm. Bu xəbəri eşidəndə çox sarsıldım, inana bilmirdim. Biz çox böyük, əvəzsiz bir hərbçimizi itirdik. Ümumiyyətlə, Poladgilin ailəsi nümunə idi. Çox tərbiyəli uşaqlar idilər. Ataları İsrayıl əmi tanınmış mühəndis olsa da, çox sadə adam idi. Polad həyətdə yerini bilən, sözünü bilən oğlan olub. Polkovnik rütbəsi alanda eşitdik, general olanda sevindik. İnsanın böyüklüyü onun əməli ilə, işi ilə bilinir. Sən demə, biz yaxınlığımızda olan bir qəhrəmanı, bir igidi tanımamışıq. Bu adamı heç vaxt təkəbbürlü görmədik. Heç vaxt öz işindən danışmazdı. O, şəhid olandan sonra etdiyi igidliklər, yaxşılıqlar çıxdı üzə. Nə bilim... Böyük itkidir. Allah rəhmət eləsin!".

Qardaşı İlhama üz tuturam. Əvvəldən mənə xəbərdarlıq edib ki, çox danışmaqla arası yoxdur, həm də hələ özünü belə şeylərə hazır bilmir.

"Aramızda iki yaş fərqi olub, böyük idi məndən və bu böyüklüyü hər zaman hiss elədim. Bir yerdə bağçaya gedirdik. Valideynlərimiz zavodda işləyirdi. Bağçada qalmaq istəmədim, məni də götürdü, qaçdıq bağçadan. Bir dəfə evdən icazəsiz dənizə getmişdik. Əslində, mənim başımdan çıxmışdı dəniz həvəsi, evdə mərəkə qopdu, hər şeyi öz boynuna götürdü. Məndən əvvəl məktəbə getdiyi üçün evdə konsert verdim. Bağçaya da getmirdim. Evdə tək qalmağa məhkum oldum, çünki hamı ya işdə, ya da dərsdə olurdu, mənimsə uzaqbaşı 5-6 yaşım vardı. Ancaq birinci sinfə gedəndə təzə çanta görmüşəm, sonra evin böyüyü olduğu üçün onun çantalarını mən daşımışam. Elə paltarlarımız da, mən, o... fərq eləmirdi, bərabər geyinirdik. O vaxt ütülü pioner qalstuku olmadan məktəbə buraxmırdılar. Poladın qalstuku həmişə ütülü olurdu, çünki çox məsuliyyətli idi. Bəzən o, dərsdən gələndə mən dərsə gedirdim, yolda qalstuklarımızı dəyişirdik.

Polad yaxşı qardaş idi

Bilmirəm başqa şəhərlərdə, başqa yerlərdə necədir, Sumqayıtın qəribə, özünəməxsus keyfiyyətləri var. Burada bir məhəllənin uşaqları yaxşı işə görə də, pis işə görə də bir yerdə cavab verirdilər. Polad yaxşı qardaş idi. Ona etibar etmək, ona güvənmək olardı. Onda əmanətə xəyanət yox idi. Bizim bina iki şəhid vermişdi Polada qədər, bəlkə də, o şəhidlərin qanını almaq hissi oldu onun hərbə getməyinə səbəb, amma biz onun hüquqşünas olacağını gözləyirdik. Məncə, bu onun taleyidir. Düşünürdük ki, təsadüfdür, Poladın bəxtinə müharibə dövrü düşdü, amma həyatda izahı tapılmayan şeylər də var... 

Başa düşürəm olanları, amma hələ şokdayam, hələ inana bilmirəm və yəqin, inanmağım çox çətin olacaq".

On ilə qədər general Polad Həşimovla bir yerdə xidmət edən, indi isə ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov söhbətə qoşulur:

"Polad Həşimov bizə bir daha millət olduğumuzu, özü də böyük millət olduğumuzu, bir olduğumuzu, həmrəy olduğumuzu xatırlatdı. Bu gün dünyanın çox yerindən Polad Həşimov baxır bizə. Xarici ölkələrdə yaşayan həmvətənlərimizi görürük televiziyada, internetdə, maşınlarına şəhidlərimizin şəkillərini vurub küçələri gəzir və Azərbaycan həqiqətlərini dünyaya tanıdırlar. İngiltərədə, Kanadada, Almaniyada, ABŞ-da, Avropanın, Asiyanın onlarca ölkəsində həmyerlilərimiz səsini səsimizə qatır. Şəhidlərimiz dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün qürur mənbəyi oldu. Bu, çox xoş duyğudur.

Postun adını dəyişdirdi

Mən generalla bir yerdə xidmət etmişəm, çox təvazökar, xeyirxah adam idi. Daşkəsəndə xidmətdə olanda onun apardığı əməliyyat nəticəsində bir post almışdıq düşməndən. Sonra onu Bərdəyə xidmətə göndərdilər. Şəxsi heyət hörmət əlaməti olaraq həmin posta onun adını verdi, Polad müəllim bundan xəbər tutan kimi, postun adının dəyişdirilməsini tələb etdi.

Bir dəfə elə oldu ki, onun əsgərlərinin biri ilə yol yoldaşı oldum. O danışdı mənə. Demək, maşınla gedərkən yolda ermənilər onları görür. Bu, təhlükəli bir şeydir. Hər an hərəkətdə olan maşını vura bilərlər. Sükan arxasında olan əsgər maşını saxlayıb. Polad müəllim səbəbini xəbər alanda, əsgər məsələni izah edib. Komandir başa düşüb ki, əsgər qorxduğu üçün yola davam etmək istəmir, bu zaman kürəyi ilə əsgərin qarşısını kəsib və deyib: "Yola davam elə, əgər atsalar güllə birinci mənə dəyəcək...".

Beləcə, günümüzün əfsanəsi, şəhid generalımızın doğmalarından, tanışlarından ayrılıb, fotoqrafımız Elgünlə bərabər sakit-sakit addımlayırıq. Artıq qaranlıq çöküb, səmada milyonlarla ulduz var. Qeyri-ixtiyari başımı qaldırıb göyün üzünə baxıram. Əminəm, göydə dolaşan narahat ruhlardan biri də general Polad Həşimovun ruhudur. Axı, vədinə əməl etmədi, torpaqlar azad olmadan ölə bilmərəm demişdi... O bizi görür, biz isə onu, sadəcə, hiss edirik. Göy üzündə narahat ruhlar çoxdur. Biz torpaqlarımızı azad etmədən, onların qisasını almadan bu ruhlar sakitlik tapa bilməyəcək...

Söhbətləşdi: Əyyub QİYAS

Fotolar Elgün Şakiroğlunundur

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!