"Varislər"in bugünkü qonağı ötən əsrin səksəninci illərində qələmə aldığı publisistik portretləri ilə oxucuların sevimlisinə çevrilən, jurnalistikaya gətirdiyi yeni nəfəslə qısa müddət ərzində məşhurlaşan, kəskin yazıları ilə diqqətdə olan, "Dinmə, ey kədər", "Ölənlər evə qayıdırlar", "Fikrin yükü", "Ürəyinə borclu adam" və başqa kitabların müəllifi, unudulmaz jurnalist Feyzi Mustafayevin varisi Ramil Mustafayevdir.
Yardımlıdan üzü Bakıya
1938-ci ilin qışında Yardımlının Ostayar kəndində, dəyirmançı ailəsində anadan olmuşdu. Uşaqlığı İkinci Dünya müharibəsi illərinə təsadüf etdi. Ağır şəraitdə yaşayan, bir qarın çörəyə ehtiyac duyan kasıb ailələri, bir yandan da müharibənin ağır şərtləri ilə üz-üzə qalmışdı. Dərslərini qoyun-quzu otarmağa gedəndə hazırlayırdı. Lap uşaqlıqdan kitab oxumağa həvəsi vardı. Əlinə keçən qəzet parçalarını belə acgözlüklə oxuyurdu.
Orta məktəbi bitirdikdən sonra jurnalist olmaq arzusu ilə Bakıya üz tutdu. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunduqdan sonra, istehsalatdan ayrılmamaqla təhsilini davam etdirdi. Onun bütün ömrü o vaxtlar qoynuna sığınmış gənclər kimi hələ gənclik dövrünü yaşayan Sumqayıtla bağlı idi.
Unudulmaz Feyzi Mustafayevin varisi Ramil Mustafayevlə Feyzi müəllimin halal ocağında görüşdük. Qapını üzümə rəhmətlik Feyzi müəllimin ömür-gün yoldaşı, nur simalı Əzizə xanım açdı.
- Ramil, atanız ölkədə kifayət qədər tanınmış jurnalistlərdən biri idi. Feyzi Mustafayevin oğlu olmaq necədir?
Yaxşı kişinin oğlu
- Xoş gəlmisiniz. Əlbəttə, Feyzi Mustafayevin oğlu olmaq şərəflidir, xoşdur. Artıq iyirmi ilə yaxındır ki, atam həyatda deyil, amma yenə bu qapını onun adına döyənlər, onun yaradıcılığına, şəxsiyyətinə hörmət edənlər varsa, demək, mən yaxşı kişinin oğlu olmuşam. İndi müəyyən meyarlar dəyişib axı, yaxşı kişilər bəzən başqa ölçülərlə qəbul edilir, amma mən atamla fəxr edirəm. Onun miras qoyduğu bu kasıb ev, bu kitablar və təbii ki, anam mənim üçün ən böyük xəzinədir.
- Ramil, Feyzi müəllimi yaxından tanıyırdım, necə sakit təbiətli, dövlətinə, vətəninə sadiq, qanunları sevən biri olduğunu bilirdim. Bütün ömrü Sumqayıtda keçmişdi, amma doğma Yardımlıya bağlı adam idi. Mümkünsə, bir az onun ailəsi haqqında danış.
Ədəbiyyata həvəsi anasından gəlir
- Məmnuniyyətlə. Mənim yaşım hər şeyi təfsilatı ilə danışmağa imkan vermir, amma böyüklərimdən eşitdiyimi danışa bilərəm. Ata babam Əzizalı kişinin kənddə dəyirmanı olub. Çox səxavətli kişi imiş. Bilirsiz də, atamın uşaqlığı ağır müharibə illərinə təsadüf edib, aclıq, ümidsizlik. Dəyirmançının nəyi də olmasa, bir qarın çörəyi hər zaman olur. Babam son tikəsini kənd camaatı ilə bölən biri kimi xatırlanır indi də. Üstəlik, həm də yaxşı bənna olub, öz kəndimizdə, qonşu kəndlərdə onlarca ev tikib. Tellibəyim nənəm isə başqa aləm idi. Məncə, atamın ədəbiyyata həvəsi Tellibəyim nənəmdən gəlir. O, uzun ömür yaşamışdı, yüzdən artıq yaşı vardı. Çox xanım-xatın qadın idi. Özünə baxan, öz dövrü üçün ənlik, kirşan, xına, ətir... bütün bunlar onun gündəlik ritualına daxil olub. İndi də xatırlayanlar var: sinədəftər imiş. Xeyli bayatı, məsəl, nağıl, layla bilirmiş. Təbii, atamın yaddaşındakı ilk ədəbi mətnlər elə Tellibəyim nənəmin söhbətlərindən qaynaqlanıb. Bir ömürdə xeyli itki vermişdi, cavan oğullarını, qardaşlarını itirmişdi, amma möhkəm qadın idi, mərd idi. Dərdini içində yaşada-yaşada ömür sürürdü. Kənddə hamı ona hörmət edirdi. O gələndə hamı ayağa qalxırdı. Belə...
- Feyzi Mustafayev ciddi jurnalist idi. Bir neçə qəzetlə əməkdaşlıq edirdi, özü qəzet redaktoru idi və qələminin kəsəri vardı. İndi baxıram, çox sadə həyat şəraitiniz var. Mən onu tanıyırdım, istəsəydi indi sizi sarayda yaşada bilərdi, çünki onunla eyni vaxtda fəaliyyət göstərən çox jurnalist özünə yaxşı gün ağlaya bildi...
- Biz elə onun bu keyfiyyətlərinə dəyər veririk. Atam mənliyini, əqidəsini və hər şeydən müqəddəs bildiyi qələmini heç nəyə qurban vermədi, özünə xəyanət etmədi. Anam daxil, onu bu xasiyyətinə görə danlayanlar, qınayanlar olurdu, amma Feyzi Mustafayev üçün şərəf hər şeydən üstdə idi. Rüşvət də təklif edirdilər, hədiyyələr də vermək istəyirdilər, atam ömrü boyu belə şeylərdən uzaq oldu. Sizə bir hadisəni danışmaq istəyirəm, çünki bu əhvalat uzun zaman həm ailədə, həm də dostları arasında bir qədər zarafatla və hörmətlə xatırlanırdı.
Rüşvət almaq qorxusu...
Demək, hansısa rayona ezam olunur və imkanlı bir zavod direktorunun fəaliyyəti ilə bağlı yazı yazmalı olur. Direktorla görüşür, işini görür. Təsəvvür edin, jurnalist birbaşa nazirliyin mətbu orqanından gəlib, özü də həmin qəzetin baş redaktoru səviyyəsində. Direktor atama hörmət etmək istəyib. Deyib ki, Feyzi müəllim, gedək yaxşı, mənzərəli yerdə nahar edək, sonra maşın sizi Sumqayıta, birbaşa evinizə aparacaq. Maşının yük yerində evə çatacaq kənd sovqatı var, bir də zərf olacaq. Atam bu sözlərdən çaşıb qalıb. Deyib ki, 10 dəqiqəlik işim var, gedim, qayıdıram. Demək, zavoddan çıxıb, birbaşa avtovağzala gedib, avtovağzal yeməkxanasında bir qab şorba içib, bilet alıb, avtobusla qayıdıb evə. Onlarca, yüzlərlə buna oxşar hadisə olub. Biz kasıb yaşamışıq, amma başıuca yaşamışıq.
Bu yerdə bizi diqqətlə dinləyən Əzizə xanım da söhbətə qoşulur.
İşə qaloşla gedən baş redaktor
- Qəribə xasiyyəti vardı. Özü halallıqla böyümüşdü, evinə, ailəsinə də bir tikə haram yedirtmədi. Bəzən adi şeylərə ehtiyacımız olurdu və onun üçün nəsə etmək istəyənlər vardı, qəbul eləmirdi. (Kövrəlir.) İlin, günün hansı vaxtıdır, işə qaloşla gedirdi, amma qapıya gələnlərin "ağzından vurub" geri qaytarırdı. Bəzən hirslənirdim, qınayırdım onu, indi xatırlayıram və başa düşürəm ki, Feyzi doğru bildiyi həyatı seçib və bizim də borcumuz onun doğru bildiyinə hörmətlə yanaşmaqdır.
- Əzizə xanım, yaxşı oldu siz də söhbətə qoşuldunuz. Bildiyimə görə, yaşda sizdən xeyli böyük idi, Feyzi müəllim. Mənimçün maraqlıdır, necə tanış olmuşdunuz, münasibətiniz necə idi?
Onunla bir gündə mən də öldüm
- Hə, on beş yaş böyük idi məndən. Eyni kənddənik, analarımız rəfiqə olub. Bayaq Ramil də dedi, Feyzinin anası Tellibəyim ana kənddə çox hörmət qazanmışdı, hamı başına and içirdi. Feyzi Bakıda oxuyub ali təhsilini bitirmişdi, zavodda işləyirdi o vaxt hələ. Analarımız məsələni həll etmişdi, mən onun üzünü toy gecəsi görmüşəm. Çünki dediyim kimi, yaşda çox kiçik idim ondan. Kənddən gedəndə mən uşaq olmuşam. Amma xasiyyəti, rəftarı, mədəniyyi ilə ilk günlərdən ürəyimə yol tapdı. O, mənim üçün çox böyük adam idi, mən elə Feyzi ilə bir yerdə, bir gündə ölmüşəm. Qardaşım olmayıb, o mənə həm də qardaş idi, arxa, dayaq idi. Biz ailə quranda hələ o qədər də tanınmırdı, sonra "Azərbaycan" jurnalında yazıları çap olunmağa başladı. Yazıları ilə də sevdim onu. İlk kitabı "Dinmə, ey kədər"dir, rəhmətlik Əli Kərimdən yazıb. Kitabın çap olunmasını həsrətlə gözləyirdi və bir gün siqnal nüsxəsi ilə evə gəldi. Uşaq kimi sevinirdim, kitabı öpüb gözümə qoydum. (Bu yerdə Ramil gülür və bu, diqqətimdən yanınmır.)
- Ramil, niyə gülürsən? Nəsə olub?
- Hə, anam "Dinmə, ey kədər"in siqnal nüsxəsindən danışdı, bir əhvalatı xatırladım, ona görə gülürəm. Demək, anam kitabı öpəndə atam zarafatla deyib ki: "Zalımın qızı, o kitabı mən yazmışam, məni öp də...". Belə bir söhbət olub. (Əzizə xanım da həmin əhvalatı xatırlayır, başı ilə təsdiq edib gülümsəyir).
Ölçülü adam
- Bir qədər əvvəl də dedim, çox ehtiyatlı adam idi. Ölçülü adam idi. Qapalı adam idi. Dostları da çox deyildi...
- Atam heç kəsdən söz götürmək istəməzdi. Onun bu xasiyyətini özümdə hiss edirəm. Ehtiyac içində olsam belə, kiminsə qarşısında əyilmərəm. Bəzən sərt danışanda, hökmlü danışanda anam deyir, "Feyzi başladı".
Hə, doğru deyirsiniz, dostu az idi, amma bu sayılı dostların hamısı ilə əsl dostluq münasibəti vardı aralarında. Əşrəf əmi ilə (Əşrəf Veysəlli) lap yaxın idilər. Ailələrimiz yaxınlıq edirdi və bu münasibətlər hələ də qalır. Əli Kərimlə dostluq edib. Vaqif İbrahimlə, Ağəddin Mansurzadə ilə dost idi.
Nekroloqa həsəd aparmaq
Demək, Vaqif İbrahimlə birlikdə bəzən Yardımlıya gedirlərmiş. Vaqif əmi avtomobil qəzasında dünyasını dəyişəndə təsadüfən atamın əlində bu faciə ilə bağlı nekroloq yazılmış qəzet olub. Tellibəyim nənəm qəzetdə Vaqif əminin şəklini görəndə sevinclə atama deyib ki, "Ay Feyzi, o gün olsun sənin də şəklin qəzetlərdə belə çıxsın!". Atam həmişə bu əhvalatı həm kədərlə, həm də zarafatla xatırlayırdı.
- Ailədə necə idi? Belə baxanda qaraqabaq adama oxşayırdı. Deyərdin bu adamın üzü heç vaxt gülmür.
- Əslində, elə deyildi. Çox mülayim xasiyyəti vardı, amma sərtliyi də öz yerində idi. Atam hər şeyin yerini bilən adam olub. Evimizə qonaq gəlirdi, dostları ailəsi ilə. Süfrə açılırdı, hər şey düzülürdü süfrəyə, gözünün işarəsi ilə bildirirdi ki, o biri otağa keçək. İçkiyə meyilli deyildi, uzağı iki qədəh içən kimi keflənirdi, amma siqaret... çox çəkirdi. Elə bəlkə də bu siqaretlər yedi, bitirdi onun ciyərini.
Qapını döyəndə ovqatı bilinən adam
- Anam indi də danışır: atam işdən qayıdanda onun qapı döyməsindən hansı ovqatda, hirsli, yoxsa sakit olduğunu müəyyən edirmiş. Evə həmişə vaxtında gəlirdi, əgər bir iş çıxsa, yubansa, mütləq zəng vurub xəbər verirdi. Yəni onu bütün həyatı nizamlı idi.
- Əzizə xanıma vermək istəyirəm bu sualı. Feyzi Mustafayev dünyasını dəyişdi və bu ayrılıqla siz kimi itirdiniz?
- Əlbəttə, ilk növbədə, ailəmin dayağını, evin böyüyünü, yaxın dostumu, ömür-gün yoldaşımı itirdim. Mən ziyalıların bacısı idim, həkimlərin, şairlərin, yazıçıların, müəllimlərin, tanınmış adamların bacısı idim, Feyzi dünyasını dəyişəndən sonra mən onların əksəriyyətini itirdim. Sağ olsun Əşrəf Veysəlli, o, çox sədaqətli dostdur, özü də, ailəsi də, övladları da bizi unutmadı.
Məzar daşı üstdə yazı...
Feyzi qəbri üstdə yazılacaq yazını da Əşrəf qardaşa vəsiyyət etmişdi. Feyzi rəhmətə gedəndən sonra Ağəddin Mansurzadə əlaqələri kəsmədi, amma az sonra o da dünyasını dəyişdi. Rəhman Orxan yenə əlaqə saxlayır. Amma Feyzinin sağlığında mənə elə gəlirdi ki, zəng vuran, axtaran adamlar onu heç vaxt unutmazlar. Nemət Veysəlli, Məmməd Aslan onun dostu idi. Jurnalist Zümrüd Baloğlanovaya "mənim qız qardaşım" deyirdi.
- Əzizə xanım, o dövrdə kitabın çap edilməsi böyük hadisə hesab olunurdu. İndi nə var ki, kitab çap etdirməyə. Amma sovet dövründə illərlə növbədə dayanmalıydın bir kitab çap etdirmək üçün. Bir kitab adamı məşhur edə bilərdi. Unudulmaz Əli Kərimin maraqlı portretini əks etdirən, onunla bağlı xatirələri dilə gətirən "Dinmə, ey kədər" müəllifinə qısa zamanda şöhrət gətirə biləcək kitablardan sayılırdı.
Bir kitabın şöhrəti
- Hə... "Dinmə, ey kədər"in yolunu çox gözlədik və nəhayət, kitab işıq üzü gördü. Normal da qonorar almışdı, xeyli kömək oldu bizə. Sözün həqiqi mənasında o kitab Feyziyə böyük şöhrət qazandırdı. Sonra təkrar nəşr etdilər həmin kitabı. Feyzi sözə çox müqəddəs bir şey kimi münasibət göstərirdi. Bütün varlığı ilə yazdığı məqalələrin, oçerklərin, kitabların təəssübkeşi idi. Sonradan dostu, qələm yoldaşı Vaqif İbrahim haqqında "Ölənlər evə qayıdırlar" adlı kitab yazdı. Bu kitab da əl-əl gəzirdi. Yəni onun yazı üsubu maraqlı idi.
- Hə... Feyzi Mustafayevin publisistikası poetik publisistikadır. Bəlkə də, yazdığı kitablar şairlərə həsr olunduğundan öz yazı üslubunda bu poetikanı qoruyub saxlamağa çalışıb.
Ramil, evdə, ailədə daha çox onun hansı kitabı sevilir? Hansı kitabını arada götürüb vərəqləyirsiniz?
Yoxluqda bilinən dəyərlər
- Bilirsiniz necədir, elə şeylər var ki, onların dəyəri müəyyən hadisədən, itkidən sonra bilinir. Atamın sağlığında mənə çox adi görünən şeylər, onun yoxluğundan sonra formasını dəyişdi. Bəzən hansısa qələm, kağız parçası, kitab vərəqləri arasından çıxan qeyd kağızı mənə tamamilə başqa təsir bağışlayır. Açığını deyim ki, atamın sağlığında onun kitablarını oxumazdım, iyirmi yaşım tamam olmamışdı onda, onun yoxluğunda yazdığı bütün kitabları oxudum. Mənim üçün "Ölənlər evə qayıdırlar" kitabı çox doğmadır. Amma anam daha çox onun "Azərbaycan" jurnalında çap olunan yazılarını tez-tez oxuyur yenidən.
- (Əzizə xanım müdaxilə edir). Hə, çünki o yazılar Feyzinin ilk qələm təcrübələridir, demək olar, əsəriyyəti gözlərim önündə qələmə alınıb. Hərəsi bir xatirədir mənim üçün.
Ruhu ilə birlikdə göylərə uçan adam...
- Ramil, təxminən 10-12 il əvvəl böyük bir heyətlə Yardımlıya, oxucularla görüşə getmişdik, imkan yarandı gedib Feyzi müəllimin də qəbrini ziyarət etdik. Amma açığı, hamımız çox sarsıldıq. Heç on il keçməmişdi üstündən, məzarı baxımsız idi. Qəbri yarılmışdı. Bu mənzərəni görəndə ağlımdan bir fikir keçdi və qələm dostlarımın yanında o fikri dilə gətirdim: Feyzi Mustafayevin təkcə ruhu yox, cismi də göylərə uçub, dedim. Çünki o, bütün yaradıcılığı ilə, həyatı ilə yerə-göyə sığışmayan adam idi. Sonra mən bu barədə bir yazı da yazdım. İndi necədir? Feyzi müəllimin qəbri qaydaya salındımı?
- Hə, olmuşdu elə bir şey. Sonradan biz Sumqayıtdan nə lazımdırsa göndərdik rayona, atamın məzarını səliqəyə saldıq. Əslində, onun ömrünün böyük hissəsi Sumqayıtla bağlı idi. Dünyasını dəyişəndə Dövlət Kimya Şirkətinin prezidenti Fikrət Sadıqov onun Sumqayıtda dəfn olunmasını təklif etdi, amma atam artıq vəsiyyətini etmişdi və ailəmiz onun son arzusunu yerinə yetirməyə borclu idi. Yol uzaqdır, Yardımlı dağ rayonudur, amma nə lazımdırsa elədik. Sonradan atamın məzarı bir qədər uçmuşdu, buradan lazım olan materialı göndərdik, yaxın qohumları ilə bir yerdə məzarı sahmana saldıq.
- Ramil, evdə beş uşaq olmusunuz. Necə idi, incidirdiz Feyzi müəllimi? Ailədə ən çox ipə-sapa yatmayan kim idi?
Sözünü anamla çatdırırdı bizə
- Evdir də, hər ailədə dəcəli də olur, cığalı da... Bizdə də elə idi. Amma rəhmətlik qardaşım Emil bir az ipə-sapa yatmırdı, ərköyünlük edirdi. Atamın xasiyyəti elə idi ki, üstümüzə çığırmazdı, sözü olanda anam vasitəsilə çatdırırdı bizə. Mən bu pərdəni hər zaman gördüm və hiss etdim. Şəhərdir də, Emil bəzi dostlarının təsirinə düşmüşdü, onun bəzi hərəkətləri atamı çox sarsıdırdı. Elə Emilin dərdi onu xəstə saldı.
- Nə idi xəstəliyi? Ümumiyyətlə, müalicəsi necə keçdi? Neçə müddət xəstə yatdı?
- Ağciyər xərçəngi. Bilirsiniz də, o, gərəksiz yerə işdən qalmazdı. Hətta qardaşı Rusiyada vəfat etmişdi, onu gətirib rayona aparmaq istəyəndə atam tərəddüd etmişdi ki, sabah qəzet günüdür, heç bilmirəm nə edim? O gün səhər yenə işə hazırlaşırdı. Ürəyində də problem vardı, dərman qəbul edirdi. Səhər üzünü təraş etdiyi yerdə birdən özünü pis hiss etdi, halsızlaşdı. Bacımdan dərman istədi. Birtəhər özünü evə saldı. İşdən, redaksiyadan dostu zəng vurdu, atamı soruşdu. Anam vəziyyəti izah etdi, dedi ki, halı yaxşı deyil, amma nə həkim çağırmağa, nə də həkimə getməyə razı olur. Heç beş dəqiqə keçməmiş dostu İldırım müəllim özünü bizə çatdırdı, zorla atamı həkimə apardıq, xəstəxanaya yerləşdirdik. Az sonra xərçəng olduğu üzə çıxdı və doqquz gündən sonra dünyasını dəyişdi...
Sonuncu siqaret qutusu
Ramil danışdıqca Əzizə xanım mərhum ömür-gün yoldaşından qalan son xatirələri mənə göstərir. İşdə qazandığı uğurlara görə aldığı Fəxri fərmanlar, diplomlar, təşəkkürnamələr, saralmış fotolar, rəngli şəkillər və üstündən cəmi dörd ədəd siqaret çəkilmiş "Şirvan" siqareti qutusu. Bu xatirələr Əzizə xanımın son təsəllisidir. Bu nur simalı, cəfakeş qadın barmaqlarının ucu ilə siqaret qutusuna toxunur. Doluxsunur, dərindən köks ötürüb danışır.
- Siqaret çox çəkirdi, amma evdə heç vaxt siqaret çəkməzdi. Eyvana çıxıb çəkirdi. Bu onun son siqaretidir, mənə dedi ki, Əzizə, sağalsam, bunları çəkəcəyəm. Sağalmadı. Həmişə onun bu vərdişinə qarşı olmuşam, amma Feyzi belə deyəndən sonra Allaha yalvarırdım ki, sağalsın, qoy nə qədər istəyir siqaret çəksin...
Feyzi Mustafayevin yadigarları - ömür-gün yoldaşı Əzizə xanım, oğlu Ramil məni yola salır. Unudulmaz Feyzi Mustafayevin evindən çıxıb şəhərin küçələri ilə addımlayıram. Yaydır... Hava çox istidir. Birdən adamların arasından boz plaşlı, damağında siqaret olan tanış sima görürəm. Odur, Feyzi Mustafayevdir... Amma başa düşürəm ki, o adam mənim yaddaşımın payızından boylanır...
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!