Elmə təmənnasız xidmətə sərf olunmuş ömür - Təhminə Bədəlova yazır

Xəlil Yusifli – 85

 

Yəqin ki, orta məktəb illərində heç kim dərsliklərin müəlliflərinə fikir vermir. Ya da ki, mən diqqətsiz şagird olmuşam... Amma universitetdə başqadır. Müəlliflərlə nəinki maraqlanmaq, onu şəxsən tanımağa, təbii ki, yaşayırsa, hələ təhsil aldığın ali məktəbdə dərs deyirsə, can atırsan. Hələ tələbə adının sevincinin yaratdığı xoşbəxt təbəssüm surətimizdən çəkilməmiş, onun məsuliyyətini dərk etməyə macal tapmamış, ilk semestrin elə ilk günlərindən (lap namizədlik minimumu imtahanını verənədək, hətta günü bu günəcən də) bizə yoldaşlıq edən bir kitabla: "Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyi ilə tanıdıq Xəlil müəllimi - Xəlil Yusiflini! Fənni bizə sonralar AMEA-nın müxbir üzvü olan, o zaman isə hələ professor elmi vəzifəsi daşıyan Əlyar müəllim Səfərli tədris edirdi. Nədənsə, həmişə "klassik ədəbiyyat" ifadəsini eşidəndə, oxuyanda bu iki sadə sözün birləşməsi məndə qəribə, xoş bir vahimə yaradırdı, sanki zəhmi basırdı məni.

Haşiyə: Bu, hələ də belədir və indi bu sətirləri yazarkən namizədlik dissertasiyasının müdafiəsi zamanı müdafiə şurasına sədrlik edən, indi elmi məsləhətçim olan akademik Teymur Kərimlinin klassik ədəbiyyatın tədqiqatçıları haqqındakı sözləri yadıma düşür: "Bizim klassik ədəbiyyat üçün, doğrudan da, bir həyəcan təbili çalmaq lazımdır ki, gənclər klassik  ədəbiyyata çox az-az gəlirlər. Və bunun da bir sıra səbəbləri var: dil bilməmək, əlifba bilməmək, klassik ədəbiyyatın çətinliyi, axtarışların ağırlığı... Bütün bunlar əlbəttə ki, klassik ədəbiyyatın tədqiqatçılarının az olmağına təsir göstərir. Odur ki, bacarıqlı kadrların gəlməsi hamımızın sevincinə səbəb olur".

Hə, "klassik ədəbiyyat"ın zəhmindən deyirdim... Bəlkə də bunu yaradan Əlyar müəllimin auditoriyadakı qaşqabaqlı duruşu, çatılan qaşları, amiranə səsi və hökmlü diksiyası idi... O vaxtdan klassik ədəbiyyat və onun yaradıcıları deyəndə təsəvvürümdə zəhmli və qaradinməz, amma, nədənsə, qocaman bir dağı xatırladan obraz canlanırdı və mənə elə gəlirdi ki, dərsliyimizin həmmüəllifi olan Xəlil Yusifli (o zaman kitabın üstündə Yusifov yazılmışdı) də məhz bu obrazda olmalıdır: hündür, ağ gur saçlı, xeyli yaşlı, üzündə də əsrlərin qoyduğu izlər...

Bizə klassik ədəbiyyatı tədris etməklə yanaşı, həm də onu sevdirən Əlyar Səfərli kursa daxil olan bədii ədəbiyyat materialları ilə bərabər, mövcud elmi əsərləri də oxuyub öyrənməmizə xüsusi diqqət yetirdiyindən (ədəbiyyatı oxuyub konspektləşdirməsək, imtahana buraxmırdı) biz demək olar, o dövrə aid əsas tədqiqatların əksəriyyətini oxuyurduq. Elə Xəlil müəllimin monoqrafiya, tərtib və tərcümələri ilə də o vaxtdan tanış olmuşduq. "Nizaminin lirikası" kitabı isə öz elmi yükü və çəkisi, mənbələrinin çoxluğu və qədimliyi ilə bizə elə dərkedilməz gəlirdi ki...

O zaman heç ağlıma da gəlməzdi ki, bu əsərlərin müəllifi ilə eyni institutu bölüşəcəm, üzbəüz oturub maraqlı söhbətlərini, elmi izahlarını canlı dinləyəcəm, məsləhətlər alacam, cızma-qaralarımı o böyük alimə göstərməyə cəsarət edəcəm...

İllər sonra, AMEA-nın Gəncə Bölməsində işlədiyim vaxt, günlərin birində Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, dosent Ruziyə xanım Quliyevanı dəhlizdə bir nəfərlə nəsə ədəbiyyata, Nizaminin dini-fəlsəfi görüşlərinə dair mübahisə edən gördüm. Doğrusu, söhbət maraqlı gəldiyi üçün Ruziyə xanımın da dəvətli baxışlarından cürətlənib mən də "debata" qoşulmağa ürək elədim, təbii ki, dinləyici qismində. Amma söbə müdirimizin müsahibinin kim olduğunu da bilmədən. Çox da uzun sürməyən bu maraqlı söhbətin (hər gözəl şeyin sonu olur deyirlər axı!) sonunda "qonağımız" sağollaşıb ayrılandan sonra Ruziyə xanım onun professor Xəlil Yusifli olduğunu söylədi. Tam səmimi deyirəm, bəlkə də ancaq Orta əsrlərdə yaşamış hansısa klassik şairi görmüş olsaydım, bu qədər təəccüblənərdim: "Nizaminin lirikası"nın müəllifi bu qədərmi sadə, təvazökar və bizimlə ünsiyyətə girəcək qədər alçaq könüllü bir insandır?! O gündən Xəlil müəllimi institutda tez-tez görməyə başladıq, çünki Nizamişünaslıq şöbəsinin müdiri (sonralar isə Nizami Gəncəvi Mərkəzinin direktoru) vəzifəsi məhz ona tapşırılmışdı.

Qəribədir, bəzən hansısa bir ümumi qərarın kimlərinsə həyatını dəyişdirəcəyi imza sahibinin heç ağlına da gəlmir. Amma indi yeri gəlib, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə həm bölmədə Nizami Gəncəvi Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürdüyü üçün, həm də bu mərkəzin rəhbərliyini məhz Xəlil müəllimə həvalə etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki professor Xəlil Yusifli öz gəlişi ilə institutumuza bütöv bir ədəbiyyat, ədəbiyyatşünaslıq mühiti gətirdi. Onun hər söhbəti, toxunulan, bizi maraqlandıran mövzuya dair fikirləri böyük bir seminarın yaratdığı təəssürat qədər böyük idi. Bütün bunlar bir çox səbəblərdən yarımçıq qalmış dissertasiya işimi davam etdirmək üçün mənə də stimul verdi. Mərkəzdən, Bakıdan, zəngin kitabxana və mənbələrdən kənarda da ciddi elmlə məşğul ola biləcəyimə inam yaratdı. Fikrimi bildirəndən sonra isə mövzumla maraqlandı və elə həmin vaxtdan da XVIII əsr şairi Məhcur Şirvani bizim ortaq söhbət mövzumuz oldu. O vaxt Xəlil müəllimin xarakterinin tamam başqa bir tərəfini də kəşf etdim. Kiminsə zehnində, qəlbində iynənin ulduzu qədər işıq görəndə Xəlil müəllim illər ərzində ilmə-ilmə topladığı bütün intellektual və qiymətli kitabların toplandığı elm-hikmət xəzinəsini o adamın ixtiyarına verməkdə heç vaxt tərəddüd etmir. Kserokopiyanın, kompüterin olmadığı bir vaxtda Moskvanın, Leninqradın arxivlərində oturub günlərlə əli ilə üzünü köçürtdüyü dəftərçələr, kitabxanasının nəfis nüsxələri, mövzu ilə əlaqədar bütün lazımi mənbələr ancaq Xəlil müəllimin sayəsində mənimçün əlçatan oldu. Hələ Məhcurun əlyazmaları... Xəlil müəllim bəlkə də heç bir rəhbərin etməyəcəyi bir işi gördü: ailə vəziyyətimlə əlaqədar Bakıya gələ bilmədiyimdən Xəlil müəllim Məhcur Şirvaninin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan bütün əlyazmalarının fotosurətini çıxarıb Gəncəyə gətirdi. Və nə yaxşı ki, sonralar onları yeni transliterasiya və tərcümələri ilə birlikdə nəşr etdirdi.

Təsəvvürlərimdə yaratdığım heykəl-obrazı Xəlil müəllim mənəviyyatı, əxlaqı ilə hafizəmdə "tuncdan" (Ə.Məmmədxanlı) ucaltdı.

Bütün bu qayğıkeşliyi ilə bərabər, çox sərt intizamı, ciddi tələbkarlığı da var professor Xəlil Yusiflinin. İşdən razı qalmadığı üçün neçə dissertasiyanın elmi rəhbəri olmaqdan rəsmi şəkildə imtina etdiyinin şahidi olmuşam. Elə aspirantlarının sayının az olmasının da səbəbi məhz xoşagəlməz hallarla barışmazlığı, elmə və öz şəxsiyyətinə sədaqətindən irəli gəlir.

Bu gün də Xəlil müəllimin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinə hər gəlişi bizim üçün böyük bir bayrama çevrilir, ondan nəsə öyrənəcəyimizi bilərək hər kəlməsinə diqqət kəsilirik. Bəzən hardasa çaşıb qalanda, həmişə yanımızda olan və yardımını əsirgəməyən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli ilə yanaşı, bir qədər uzaqda da olsa, çox vaxt narahat etmək istəməsək də, Xəlil müəllimə müraciət etməyə, onun sözünü, fikrini öyrənməyə ehtiyac hiss edirik.

Professor Xəlil Yusiflinin elmi fəaliyyəti ilə bağlı söz demək, nəsə yazmaq, təbii ki, bizim kimi tələbələrin əli çatacağı bir iş deyildir. Və yəqin ki, bu məsuliyyətli işi görkəmli alimlərimiz öz çiyinlərinə götürəcəklər. Mən isə bu gün də qəlbi vətəninə, onun maddi və mənəvi sərvətlərinə, xüsusilə də ölməz Nizami irsinə məhəbbətlə döyünən, yazmaq-yaratmaq eşqi bir an da olsa, sönməyən Əməkdar elm xadimi, "Şöhrət" ordenli, professor Xəlil Yusifliyə yeni yaradıcılıq uğurları, ədəbiyyata və ədəbiyyatşünaslığımıza təmənnasız xidmətdə keçən sağlam və səhhətli ömür arzulayıram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!