Nəriman Nərimanov - siyasətçi - Rəhim ƏLİYEV yazır

Nəriman Nərimanov Azərbaycanda maarif hərəkatının görkəmli ideoloqu və yazıçısı, teatr və maarif təşkilatçısı idi. Tale onu rus bolşevik partiyasının Azərbaycanda müsəlmanlar ücün yaratdığı "Hümmət" təşkilatı ilə bağladı. Nəticədə, N.Nərimanov İkinci Azərbaycan Respublikasının (1920 may - 1922 may), Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sədri oldu. İkinci Azərbaycan Sovet Sosialist Respublikasının müstəqil dövlətə aid bütün qurumları: vətəndaşlığı, öz pasportu, milli pulu və bankı, milli məktəbi və universiteti, daxili və xarici işlər, Hərbi dəniz komissarlığı vardı. Amma Azərbaycanın əsl rəhbəri XI Qızıl Ordunun Məxfi şöbəsinin rəisi Pankratov idi. Bunların hamısının təşkilində N. Nərimanov yaxından iştirak etmişdi. Onun İkinci Respublikanın rəhbəri olması yaşlı maarifçi və yazıçı kadrların (Hüseyn Cavid, Ə.B.Haqverdiyev, N.B.Vəzirov, Salman Mümtaz və b.) sovet quruculuğuna, mədəni inqilaba cəlb edilməsində tarixi rol oynadı. Bu, Oktyabr inqilabına qədər yaranan maarif hərəkatı, mədəni tərəqqi ilə sovet dönəminin varislik prosesini təmin etdi.

N.Nərimanov ziddiyyətli tale yaşadı. Maarifçilikdən və həkimlikdən 1918-1920-ci illərdə bolşeviklərin Azərbaycanda əsas müsəlman ideoloqluğuna qədər yol keçdi. İkinci respublikanın rəhbəri olan kimi bolşeviklərin şovinist və sol qanadı ilə konfliktə düşdü.

Öləndən sonra rus-erməni ittifaqının tərəfdarları onun irsini o vaxtın termini ilə "milli uklon", sonra "nərimanovçuluq" - bolşevizmə zidd millətçilik - kimi damğaladılar. Bu, ölünün dalınca edildi. Mənası da o idi ki, nə Moskvanı, nə də erməniləri Bakı mətbuatında tənqid etmək olmaz. Çünki bunsuz ermənilər 1990-cı ilin dekabrınadək Bakıda ağalıq edə bilməzdilər. Nərimanov Bakıda əsl müstəmləkə siyasəti aparan rus-erməni qardaşlığını faktlarla ifşa etmişdi, ona görə onun irsi qadağan edilməli idi. Hər dəfə nərimanovçuluğun ifşasında, bu şərəfsiz kampaniyalarda Azərbaycanda vəzifə almaq istəyən xırda bazar ziyalıları Moskvanın sifarişi ilə əsas rol oynadılar. Əsərləri və adı 1956-cı ilədək qadağan edildi. Müstəqillik dövründə bazar ziyalıları onu satqın adlandırdılar və guya torpaqların ermənilərə verilməsinin günahkarı kimi qələmə verdilər. Bu, tarixin təkrarı idi, çünki müsavatçı publisistlər hələ 1919-1920-ci illərdə onu artıq Həştərxanda olanda satqın adlandırmışdılar. Və N.Nərimanov bunu 1922-ci ilin mayından Azərbaycanda vəzifələrini itirəndə və sonra Moskvaya yazdığı "məxfi" qrifli raportlarında da fəxrlə qeyd edirdi.

Məxfi sözü bu raportlarda böyük məna daşıyır. N.Nərimanov sona qədər bolşevik partiyası ilə münasibətlərini qırmaq istəmədi, bu münasibətlərin açıq demokratik müzakirəsini ortaya qoymadı. Bəzi raportlarında Moskvanı kəndli üsyanları ilə qorxutmaq istədi, Stalinin yaxınları - Kirov, Orconikidze, Mikoyan kimi adamları müstəmləkəçi adlandırdı, amma bolşevizmdən heç zaman əlini üzmədi. Çünki müsəlman bolşeviki və kommunisti olmaqdan çox xoşlanırdı. Nümunəvi Azərbaycan Sovet Sosialist Respublikası ideyasına bağlanmışdı. Sosializmə gələn müsəlmanların beynəlxalq lideri görürdü özünü.

Bəs bu gün əsl N.Nərimanovu gənc nəsil necə tanımalıdı? Necə olubsa, elə, yaxşı xidmətləri də, səhvləri də göstərilməlidi. Bircə, İkinci Respublikanın qurucusu olmaqla N. Nərimanov Azərbaycan tarixində həmişəlik fəxri yer tutub.

***

Maarifçilərin çoxu kimi, N.Nərimanov Qori Müəllimlər Seminariyasını bitirmişdi (1890). Görkəmli müəllim və maarifçilər Soltan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovla bir qrupda oxumuşdu. Sonradan bir çox məqamlarda onları bir yerdə görürük. Məsələn, S.M.Qənizadə N.Nərimanovun sədr olduğu Azərbaycan İnqilab Komitəsinə üzv oldu.

N.Nərimanov seminariyada oxuduğu vaxtdən rus klassiklərindən tərcümələr edir və özü də bədii əsərlər, xüsusilə səhnə üçün əsərlər yazırdı. Qoqolun "Müfəttiş" əsərini tərcümə edib həvəskarlarla birgə tamaşaya qoymuşdu. Erməni qızı ilə müsəlman gəncin sevgisindən bəhs edən "Bahadır və Sona" (1896) romanını, ilk Azərbaycan faciəsi olan "Nadir şah"ı (1899) qələmə aldı və bu əsərlər tamaşaya qoyularaq gənc Nərimana şöhrət qazandırdı. Erməni-müsəlman problemində sağlam mövqe tutan Nərimanovu çarizmin rəsmi mətbuatı və qurumları da himayə edirdi.

Nərimanovun taleyində iki konflikt həlledici rol oynayıb. Bakıda Əli İsgəndər Cəfərzadənin evində açdığı ucuz (simvolik ödənişlə) kitabxana və oxu zalı böyük uğur qazandı, qəzetlər onun haqda yazdılar. 1898-ci ildə Azərbaycan Şeyxülislamı Jandarm İdarəsinə onun kitabxanasını bağlamağı tələb edən donos yazdı Nərimanovdan. Bu donosun altında Şeyxülislam Axund Əbdülsəlam Axundzadə (1895-1907) imzası var idi və iddia edirdi ki, kitabxana müsəlmanlara ziyanlı biliklər verir. Bundan sonra din N. Nərimanovun yaradıcılığında mühüm yer tutdu və dini təmsil edən adamlar həmişəlik mənfi obraz oldu. Nərimanov mollaları ifşa edən ilk nəsr əsərlərindən biri olan "Pir" (1913) hekayəsini yazdı. O vaxt mollaları tənqid etmək asan deyildi, ona görə Nərimanovun nümunəsi "Ölülər", "Od gəlini" kimi inqilabi antidin əsərlərin yaranmasına yol açdı və ədəbi məktəb yaratdı.

Xatırladaq ki, 1911-ci ildə Bakıda 3-4 adam yarımrəsmi Müsavat partiyasını elan edəndən sonra da şeyxülislam Pişnamazzadə bu partiyanı küfr elan edən fətva vermişdi. Rus hökumətinə yarınmaq istəyən şeyxülislam, əslində, az adamın xəbəri olan faktı geniş yayıb gündəmə gətirmişdi, çünki əksər müsəlmanlar firqə nə olduğunu hələ eşitməmişdi. Amma bu, şeyxülislamlığın kimə xidmət etdiyini göstərən tarixi faktlardan biri idi.

Sonralar bolşeviklər 1917-ci ildə hakimiyyətə gələn kimi dinin dövlətdən və təhsildən ayrılmasını müəyyən edən Dekret verəndən sonra Nərimanov bu dekretin ən fəal təbliğatçısı oldu: təbliğat məclislərində və məqalələrində şeyxülislamlığı rus hökumətinin Məxfi idarəsinin bir qurumu adlandırdı. 1920-ci ilin avqustunda Azərbaycanda dindən ayrı ilk milli məktəb yaradan tarixi Dekreti imzaladı. Azərbaycanda da cahil islamçıların sevimli tezisi belə idi: müsəlmanlara "Quran"dan başqa kitab və elm lazım deyil. Nərimanov hələ Qızıl Hacılı kəndinə müəllim təyin olunan vaxtda müsəlmanları zəlil və yazıq edən bu görüşlərlə üzləşmişdi. Cahil müsəlmanlar uşaqlarını məktəbə vermək istəmirdi və mollaların çürük arqumentlərini təkrarlayırdılar. O vaxtdan Nərimanov anladı ki, rus hökuməti Azərbaycanı tutan kimi mollaları öz tərəfinə çəkib və 1823-də tələsik yaradılan Şeyxülislamlıq qurumu buna xidmət edib: onların ictimai həyatda iştirakı aradan götürülməsə, Avropa burjua maarifinə keçid mümkün deyil. Yazıçı Çingiz Hüseynov da M.F.Axundova və N.Nərimanova həsr edilən romanlarında satqın mollaların müstəmləkə üsul-idarəsinin yaranmasında iştirakını tarixi faktlarla geniş təsvir edib.

Nərimanovun taleyində mühüm rol oynayan ikinci fakt onun Qafqaz müsəlman müəllimlərinin birinci qurultayında (1906) Hacı Zeynalabdin Tağıyevlə toqquşması oldu. Konflikt qurultayın qətnaməsində Nərimanovun təklifi ilə xahiş edirəm sözünün tələb edirəm sözü ilə əvəzlənməsi üstə olmuşdu. Səhər hacı qurultaya gəlib demişdi ki, N.Nərimanov mənim puluma oxuyur, cibində bir qəpiyi yoxdur, amma rus hökuməti müsəlmanların münasibətinə xələl gətirən təklif edir. Nərimanov burada Hacının üzünə qayıtmış və öz mövqeyini dəyişməyəcəyini demişdi. Güman etmək olar ki, Nərimanov Odessada marksist sinfi mübarizə nəzəriyyəsinə çox meyillənmişdi. Bu haldan sonra Nərimanovun üzünə çox qapılar bağlandı. Hacı Bakıda böyük nüfuz və ixtiyar sahibi idi. Hadisə Nərimanovun Azərbaycan burjua elitası ilə münasibətlərini pozdu və onun rus meyilli siyasi qüvvələrə qoşulmasına təkan verdi.

Düzünə qalanda, qurultaya rəhbərlik edən H.B.Zərdabinin müavini seçilmiş Nərimanov haqlı deyildi. Söhbət icazəli işlərdən gedirdisə, tələb etməyin yeri deyildi. Böyüyün təklifinə daha sayqılı olmaq gərək idi. Bir də ona görə ki, H.Z.Tağıyev onun Odessada təhsilinə faizsiz kredit vermişdi, üstəlik, ayda 50 manat da Nərimanovun Bakıdakı ailə üzvlərinə dolanışıq krediti verirdi. Nərimanov sonralar bu pulları qaytarmışdı. Amma 1908-ci ildə həkim diplomu alıb Bakıya qayıdandan sonra. Bu gün müstəqil Azərbaycanda onlarca bank var, amma faizsiz tələbə krediti verən bircə bank da məlum deyil... Heç Hacı da öz yaxşılığını cavan tələbənin başına qaxmamalı idi.

N.Nərimanovun həkim və maarifçi taleyini dəyişən əsas hadisələr 1917-ci ildə II Nikolayın istefasından sonra başladı. Çar Dördüncü Dövlət Dumasının işinin dayandırılması haqda fərman verdi (25 fevral, 1917). Amma Dumanın Rəyasət heyəti Fərmana tabe olmayıb Müvəqqəti Hökumət yaratdı. Bolşeviklər hakimiyyəti Müvəqqəti hökumətdən alandan sonra ikihakimiyyətlilik yarandı. Burda N.Nərimanovla H.Z.Tağıyevin və M.Ə.Rəsulzadənin yolları ayrıldı. Nərimanov bolşeviklərin tərəfinə keçdi. Hacı ilə M.Ə.Rəsulzadə isə Müvəqqəti hökumətə tərəf oldular.

Cənubi Qafqazda da ikihakimiyyətlilik yarandı. Müvəqqəti hökumət Tiflisdə oturan Cənubi Qafqaz Seymini - hökumətini yaratdı. V.İ.Lenin 16 dekabr 1917 tarixli Dekreti ilə S. Şaumyanı Qafqaz Canişini təyin etdi və çoxlu alman puluynan Bakıya göndərdi. S.Şaumyan bu pullarla Bakı Sovetini yaratdı və Türkiyə cəbhəsindən gətirilmiş 6 min silahlı ermənidən, 2-3 min rus əsgərindən Qırmızı Qvardiya təşkil etdi. Bu Qvardiya Gürcüstanı və Ermənistanı bolşevik hökumətinə tabe etməli idi.

Amma problem yarandı: Bakıda milli burjuaziya və onun mətbuatı, üstəgəl Çardan qalma müstəmləkə aparatı S.Şaumyanı tanımaq istəmirdi. Dekabr-yanvar aylarında M.Ə. Rəsulzadə öz məqalə və çıxışlarında Azərbaycanın Milli-Mədəni Muxtariyyət tərəfdarı olduğunu və istədiyini elan etdi. Aydınladaq: Milli-Mədəni Muxtariyyət şüarı Müsavat partiyasına məxsus deyildi, Müəssisələr Məclisinə seçkilər keçirən Müvəqqəti hökumətin rəsmi şüarı, milli məsələni həll yolu idi. Neft sənayesinin sahibləri bu şüara tərəfdar idilər. Bakıda da bu şəkildə ikihakimiyyətlilik yaranmışdı.

V.İ.Lenin bu vəziyyəti bolşeviklərin xeyrinə dəyişmək üçün hərbi cinayətə artıq neçənci dəfə əl atdı: qaniçən və terrorçu S.Şaumyanın əli ilə Bakıda mütləq hakimiyyət yaratmaq qərara alındı: müstəmləkə administrasiyası bütün 1917-ci il boyu müsəlman əhalinin evlərində axtarış aparıb bütün silahları yığmaq təklif edirdi. Müsəlman qəzetləri bu barədə yazırdı. Bu təklif 17-21 mart 1918-ci ildə 10 min silahsız müsəlmanın, o cümlədən uşaq, qadın və qocaların kütləvi qətliamı şəklində həyata keçirildi. Bu, Moskvanın Bakıda hakimiyyət məsələsini həll etmə üsulu idi.

Bəs Nərimanov özü sonralar bu avantürada iştirakını necə izah edir? Yazır ki: "Vətəndaş müharibəsi ərəfəsində mənim mənzilimdə müsəlman kommunistlərin yığıncağı keçirildi ki, mərhum yoldaş Şaumyan da bura dəvət edilmişdi... Mən sübut etməyə çalışdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o, milli qırğına çevrilə bilər". (Nəriman Nərimanov, B., 2010, s. 54). Bu sözləri səmimi saymaq olmaz. Vətəndaş müharibəsi nə deməkdir? Bu müharibə Rusiyada bolşeviklərlə Ağ Qvardiya arasında gedirdi. Əgər Şaumyanın Bakı soveti qoşunu bu müharibəyə qoşulmaq istəyirdisə, gərək öz qoşununu Tiflisə yönəldəydi, Müvəqqəti hökumət orda idi. Amma Şaumyan "Bakıda İnqilabi Müdafiə Komitəsi" yaratmışdı: Nərimanov, Əzizbəyov, Həmid Sultanov onun üzvləri idilər. Nərimanovun öz məntiqindən, yazdığından görünür ki, vətəndaş müharibəsini idarə edəcək səlahiyyətli Üçlüyün Şaumyan və Caparidze ilə birgə üzvü idi. Yoxsa nə üçün öz evində vətəndaş müharibəsinin planını müzakirə edirdi?

Əmr və əməliyyat planı da Moskvadan alınmışdı: Azərbaycanda 1. Milli-Mədəni Muxtariyyət hərəkatını məhv etmək. 2. Bolşevik hakimiyyətini kütləvi terror yolu ilə mütləq diktaturaya çevirmək. Daha sonra Nərimanov yazır ki, müharibə 3 gün sinfi oldu, dördüncü gün qüvvə az olduğundan Şaumyan məcbur olub erməni batalyonlarını işə salmağa icazə verdi. Nərimanov bunun əleyhinə olduğunu demir, deməli, əleyhinə olmayıb. Sonra da iki kəlmə deyir ki, vətəndaş müharibəsini qəzalarda davam etdirmək səhv idi. Bu da çox qeyri-səmimi qeyddir, çünki Quba, Şamaxı, Zəngəzur kimi qəzalarda tarixdə misli olmayan faciələr olmuşdu, bunu iki kəlmə ilə demək ört-basdır kimi bir şeydir. Özü də hadisələrdən 3-4 il sonra yazıldı bunlar, Bakıda vəzifələr itiriləndən sonra. Cəllad Şaumyan haqda ancaq hörmətli sözlər... Çeçerini, Serebrovskini, Kirovu, Orconikidzeni tənqid edirdi, amma cəllad Şaumyanı yox. Görünür, o qədər də sadəlövh deyildi Nərimanov.

Amma 3 mart 1918-ci ildə Brest Sülhü imzalanan kimi, Moskva bolşeviklərinin bu cinayəti mənasız oldu. Müharibəni udmuş Almaniya Osmanlı Ordusunu Bakıya yollamaq haqda qərar verdi və martın ortalarında Osmanlı Soltanı Bakı ekspedisiyası haqda fərman verdi. Moskvada anladılar ki, yaxın iki ayda bolşeviklər Bakını tərk etməli olacaqlar. Moskva Ş. Şaumyana gizli əmr verdi: Bakıda tələsik milliləşdirmə aparıb, Bakı burjuaziyasının və sənayesinin bütün varidatını yığıb gizlicə Moskvaya ötürsünlər. Bakı Kommunası adlı tarixi avantüra bunu icra etdi.

Hər iki avantürada N.Nərimanovun və M. Əzizbəyovun imzaları var, komissar, yəni nazir vəzifəsi tutublar. Xüsusilə 17-21 martda müsəlmanların qətliamı üçün yaradılan yalançı İnqilabi Müdafiə Komitəsinin üzvü olmaları N.Nərimanovu və M.Əzizbəyovu Azərbaycan xalqı qarşısında ləkələdi. Çünki bu komitə heç bir silahı olmayan dinc müsəlmanları qırmaq və bolşevikləri istəməyənləri qorxutmaq üçün yaradıldı. Həmid Sultanov da bu komitədə katib yeri aldı. Mən onların aldadıldığını və ya bu cinayətlərdə şüurlu iştirak etdiyini bilmirəm. Amma bu, heç nəyi dəyişmir. Fəqət, bilirəm ki, N.Nərimanov Azərbaycan Dövlət İnqilab Komitəsinin sədri olanda bu ləkəni silməyə yönəlmiş bir sıra addımlar atıb.

Bakkomunanın silahlı milliləşdirmə işi müsəlmanlara böyük zərbə oldu. Müsəlmanlar Bakıda ancaq əhali idilər. Amma Bakı neftində payı olan Rotşeld və Rokfellerlərin də mülkiyyəti müsadirə edildi. İngilislər şəxsi mülkiyyətə qarşı bu cinayətlərinə görə Bakkomunanın komissarlarını həbs edib Türkmənistanda güllələdilər. (N.Nərmanov iyunun əvvəllərində xəstələnib Həştərxana getmişdi). Şaumyan layihəsi nəinki Cənubi Qafqaz Canişinliyni bərpa edə bilmədi, özü də qan içində boğuldu. Çünki ermənilər Bakıda ancaq soyğunçuluqla məşğul idilər, hakimiyyətsizlik onlara müttəfiq idi. Tələsik müsadirələrin hakimiyyət məsələsinə dəxli yox idi.

Şaumyan eksperimenti faciələr və acı məğlubiyyətlərlə bitdiyinə görə, Moskvada bolşeviklər Azərbaycanı müsəlman kadrların əli ilə Rusiyaya qatmaq konsepsiyasını qəbul etdilər. Amma sadəlövh maarifçi Nərimanov "Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası" şüarına inanmışdı. Amma bu şüarı 1919-cu ildə Nərimanova təlqin edənlər və V.İ. Lenin özü də heç zaman bu şüarlara inanmamışdı, onu Cənubi Qafqazı Rusiyaya qaytarmaq üçün taktiki gediş kimi düşünmüşdü. XI Qızıl Ordu Bakıya girən gündən N.Nərimanov ehtirasla Müstəqil Azərbaycan Sosialist Dövləti qururdu, xristian bolşeviklər isə buna gülürdülər onun arxasında. 1922-ci ilin mayında Moskva tərəfindən pərdə yırtıldı, Nərimanovun dörd il ideoloqu olduğu bu müstəqillik rəsmən ləğv edildi. Nərimanov isə bu prosesə nəinki müxalif olmadı, əksinə, fəal şəkildə kömək edirdi. Hələ 1921-ci ilin mayında V.İ.Leninə Cənubi Qafqaz respublikalarının birləşməsi haqda təkliflərini yazmışdı. Üstündə oturduğu budağı kəsməyə başlamışdı.

Amma 1922-ci ilin mayında özünə əvvəlcədən xəbər vermədən Azərbaycanda tutduğu hər iki vəzifədən azad ediləndən sonra anladı: Moskva onun maarifçi adından pərdə kimi istifadə edirdi. M.D.Hüseynov cəmi dörd ay AKP sədri oldu, Moskvanın oyunlarına mane olduğu üçün kənara atıldı. Müsavat parlamentinə Nota verən Həmid Sultanov Daxili İşlər naziri postunda cəmi bir il qaldı, əl-ayağa dolaşdığı üçün Tıcarət naziri təyin edilib siyasi səhnədən uzaqlaşdırıldı.

Bütün bunları görən Nərimanov Azərbaycan Kommunist partiyası deyilən şeyin yalançı bir pərdə olduğunu başa düşmüşdü. Amma geriyə yol yox idi. Nərimanov ruslarla ermənilərin xristian qardaşlığına qarşı "Nümunəvi Müsəlman Sosialist Respublikası" şüarını irəli sürdü. Bu, müsəlman yazıçı və bolşevikin düzəltdiyi bir siyasi utopiya idi. Onun "məxfi" qrifli Moskvaya yollanan raportlarında bu, əsaslandırılır və müdafiə olunur. Bu respublika Azərbaycanda Nərimanov deyən şəkildə elə qurulmalıydı ki, qalan müsəlman xalqları da buna baxıb rus bolşevizminə və sosializmə gəlsinlər. Azərbaycanda müsəlman fəhlə və kəndlilər firavan yaşamalıdır, onları mədəni cəhətdən xristianlara çatdırmaq üçün məktəblər açılmalıdır. Türkiyə və İranın sosializmə gəlməsini Nərimanov yaxın vaxtın işi sayırdı. Və müsəlmanların bolşevik sosializminə gəlişində özünü əsas ideoloq və təşkilatçı görürdü. Vəzifələrin əksərində müsəlmanlar olsun, əksinə yox. Təklif edirdi ki, Qızıl Ordu Əfqanıstana və oradan da Hindistana girib ingilis imperializmini zəiflətsin. Lakin bunlar hərbi işi bilməyən adamın xəyalları idi. Təkliflər reallığa əsaslanmırdı: yəni Sovet Rusiyasının Qızıl Ordusu çox zəif idi, imperiyanın özünün Finlandiya və Polşa, Qərbi Ukrayna kimi ərazilərini belə qaytara bilmədi.

N.Nərimanovun V.İ.Leninə və İ.Stalinə məktublarının əsasında bu sadəlövh təklif və doktrina durur. Rusiyada və digər yerlərdə bolşevizmin və sosializm şüarının bütün hallarda hərbi yolla tətbiq edildiyini, görünür, N.Nərimanov qəbul edə bilmirdi. Maarifçi dünyada silah və tərbiyə görünməz dərəcədə uzaq qütblərdə di.

Müvəqqəti hökumətin Milli-Mədəni Muxtariyyət şüarı Ukrayna, Polşa, Tatarıstan, Gürcüstan, Ermənistan və s. yerlərdə Milli qurumlar və ovqatlar yaratmışdı. Bu əraziləri və xalqları Rusiyaya yenidən quberniya kimi birləşdirmək üçün milli şüarlardan pərdə kimi istifadə etmək V.İ.Leninin öz qərarı idi. Lenin Şaumyanın yerinə Azərbaycan bolşeviklərinə rəhbər axtarmağa başladı. Məsələn, 19-cu ildə Dadaş Bünyadzadəni qəbul etdi. Sonra Nərimanovu qəbul etdi və onu bəyəndi. Nərimanovun şöhrətpərəstliyi, müsəlman sosialist inqilabından danışması, sadəlövh beynəlmiləlçiliyi, islama düşmən, ermənilərə isə dözümlü olması yəqin, Leninin xoşuna gəldi. Nərimanovun 1919-20-ci illərdə Həştərxanda yazdığı broşürlərdə, məsələn, "Biz Qafqaza hansı şüarlarla gedirik", "Azərbaycan Sovet Sosialist Respublikası" şüarları təsdiq edir ki, 1919-cu ildə Nərimanov bolşeviklərlə Azərbaycana qayıdacağını və Azərbaycan İnqilab Komitəsinin sədri olacağını bilirdi. 2010-cu ildə Teymur Əhmədovun tərtibi ilə çıxan "Nəriman Nərimanov" kitabında Nərimanovun "Mərkəzi Komitəyə" məxfi qrifli məktubu çap olunub (s. 20-103). Orda Nərimanov özü yazır ki, hələ 1919-cu ildə Moskvaya, bolşevik MK-ya Məxfi məruzələr (rusca: dokladnıe) yollayıb və onlarda Şərq siyasətinin düzgün yolunu göstərib bolşevik partiyasına.

Nərimanovun Azərbaycana bolşevik rəhbəri olmaq layıhəsinin ancaq Şaumyan güllələnəndən sonra ortaya gəldiyini onun 1917-ci il fəaliyyətində görmək olar. O, neft mədənlərindəki xəstəxanada sıravi həkimdir. O dura-dura Bakıda Zaqafqaziya bolşevik təşkilatına Şaumyan başçı təyin olundu. 1917-ci ilin martında onu "Hümmət" qəzetinə redaktor təyin etdilər. Qəzet Petroqradda oturan bolşeviklərin rəsmi qərarlarını azərbaycancaya çevirib yayırdı, başında da "Bütün dünyanın proletarları, birləşin!" yazılmışdı. Nə o zaman, nə də indi Bakıda bu şüarın mənasını bilən, demək olar ki, yoxdur. Nərimanovu isə 1917-ci ilin yayında Tiflisə mühazirələr oxumağa yolladılar. Bolşevik yığıncaqlarında rus-ermənilərə mane olurdu... Bu qəzet Bakı camaatından heç kəsi təmsil etmirdi.

Bir necə kəlmə "Hümmət" təşkilatı haqqında. Bolşevik partiyası demokratik mərkəziyyət, yəni hərbi intizam prinsipi ilə qurulurdu. Bu, Pyotrdan bəri Rusiya dövlətinin idarəetmə prinsipi idi. Rusiyada siyasi vəziyyət gərginləşəndə "Hümmət", "Ədalət" kimi təşkilatlar peyda oldu. Onlar müsəlmanlar arasında siyasi iş üçün yaradılırdı, onların dilində proqram və müraciətnamələr yaymağa yönəldilirdi. Həm də V.İ.Lenin və bolşevik partiyası rus çarizmini sarsıtmaq üçün milli ucqarlardakı müxalif ovqatlardan istifadəni də məqbul sayırdı, bu dərəcədə sinik idilər siyasətdə. Bütün hallarda bu təşkilatlar bolşevik mərkəzinin rəsmi qərarları ilə yaradılırdı, yerli millətlərdən olan kadrlar cəlb etmək üçün vasitə idi. V.İ.Lenin Azərbaycan, Gürcüstan və Ermənistan üçün müstəqil bolşevik partiyaları yaratmaq qənaətinə 1919-cu ildə gəlmişdi və bu barədə Bolşevik Siyasi Bürosunun rəsmi qərarını çıxarmışdı. Azərbaycan Kommunist partiyası 1920-ci ilin fevralında Birinci qurultayda yaradıldı. Bu qurultay XI Qızıl Ordunun aprelin sonuna təyin olunmuş işğalı üçün nəzərdə tutulan pərdələyici tədbirlərdən biriydi. Amma 1990-cı ilin dekabrında dağılana qədər Azərbaycan Kommunist Partiyası Sov. İKP-nin tərkibində olub və bütün qərarları Moskva ilə razılaşdırıb, yəni butaforik orqan olub. Bu qayda Azərbaycan Kommunist Partiyasının bütün Nizamnamələrində açıq şəkildə yazılıb.

AKP-nin birinci qurultayından qayda var idi: qurultay bir Siyasi büro, bir də Təşkilat bürosu yaradırdı. Xristianlar Siyası büroda qərarlar qəbul edirdilər. Müsəlmanlar isə Təşkilat bürosunda bu qərarları icra edirdilər, amma qərarların qəbulu prosesində iştirak edə bilməzdilər. Onlar Moskvanın qərarlarını icra etməli, qalan heç nəyə qarışmamalıydılar. Qarışanda Nərimanov, Mirzə Davud, Həmid Sultanov, Xanbudaqov və b. kimi təsərrüfat işinə keçirilirdilər.

Nərimanov hələ 1919-cu ildə "öz planını" açıq şəkildə deyirdi: Bakıda müsəlman fəhlələr üsyan edib hakimiyyəti alacaq və sonra Sovet Rusiyasına yardım üçün müraciət edəcəklər. Burada Nərimanov, şübhəsiz, səmimi deyildi, bilirdi ki, Imperiyanın başqa ucqarları kimi, Bakı da hərbi yolla azad ediləcək. Amma iki ay əvvəl yaranmış Azərbaycan Kommunist partiyası Qızıl Ordunun sərhədi keçməsi ərəfəsində bir günlük Bakının Müvəqqəti İnqilab Komitəsini yaradıb Sovet Rusiyasından yardım istədi. Ordu sərhədi keçən kimi kəndlərə girib Müsavat administrasiyasına xidmət etmiş hərbçi, polis, müəllim, mollaları belə məhkəməsiz güllələməyə başladı. Sovet Rusiyasının yardımı bu idi: Şaumyanın törətdiyi qırğınların təkrarı. Nərimanov bu planla yaxşı tanış idi, Həştərxanda gizlənən azərbaycanlı bolşeviklər Bakıdan gizli məlumatlar alır, qayıdışdan sonra inqilabi terror yolu ilə güllələnəcək müsəlman siyasətçilərin siyahısını hazırlayırdılar. Nərimanov bu işlərin içindəydi və hazırlanan siyahılardən xəbəri var idi. O, Bakıya XI Qızıl Ordunun işğalından iki həftə sonra, Moskvada V.İ.Lenin tərəfindən təsdiq və qəbul görüşündən sonra gəldi. Bu gecikmə iki həftədə Azərbaycanda güllələnən siyasətçilərin qətlindən guya xəbərsiz olması təəssüratını yaratmalıydi. Belə də oldu. Nərimanov inqilabi terroru pisləmədi, amma siyahılardakı bəzi ikinci dərəcəli şəxslərin güllələnməsi əleyhinə çıxdı. Müsavat hökuməti hakimiyyəti dinc yolla təhvil verdi: amma bolşeviklər Bakıya girəndən sonra Müsavat hökumətinin antirusiya ovqatlı bütün üzvlərini Kondratyevin başçılığı, erməni terrorçularının əli ilə qətlə yetirdilər. Bu cinayətlərdə bolşevik rejiminin Bakıda formal rəhbəri olan N.Nərimanovun də müəyyən məsuliyyətindən danışıla bilər.

Müəssisələr məclisinə seçkilər zamanı Nərimanov bolşeviklərin taktikasına tərəfdar çıxdı, Rusiya xalqlarının Milli-Mədəni Muxtariyyəti şüarını rədd etdi. Bu şüarın müəllifi Kerenski hökuməti idi və Müəssisələr məclisinə seçkilər hər yerdə bu şüar altında keçirdi. M.Ə.Rəsulzadə isə 1917-ci ilin dekabrından bu şüarı müdafiə etdi. Burda Nərimanovun və Zeynalabdin Tağıyevlə bir mövqedə qalan M.Ə.Rəsulzadənin yolu həmişəlik ayrıldı. Azərbaycanın Milli-Mədəni Muxtariyyəti şüarında bu ölkənin müstəqil dövlət olmasına da işarə var idi və bu, hətta İranda saray nökərlərini qəzəbləndirdi, Rəsulzadə şantaj və ittiham predmeti oldu. Halbuki o, şüarın müəllifi yox, sıravi tərəfdarı idi. Bu şüar Moskvada oturan bolşeviklərin S.Şaumyanın və Caparidzenin əli ilə Mart qırğınlarını törətməsinin əsas səbəblərindən biri oldu. Bu, erməni-müsəlman davası yox, tam mənada Bakı neftinə görə xristian-müsəlman davası idi. Ermənilər özləri nə Bakıda, nə Cənubi Qafqazda heç vaxt siyasi qüvvə olmayıblar. Rus ordusunun aləti və bir hissəsi olublar, onun geyimini geyib onun silahını tutublar. Nə vaxt rus ordusu Ermənistandan və Xankəndidən çıxsa, həmin gün erməni problemi 99 faiz yox olacaqdır. 1919-cu ildə Fövqəladə Komissiyaya ifadə verən elə dükançı hacılar var idi ki, çoxluq kimi ermənilər belə elədi yox, rus-erməni dəstələri belə elədi deyirlər. Yəni o vaxt da Mart qırğınları üçün əmrin Moskvadan gəldiyini başa düşənlər var idi.

***

Nərimanovun taleyini həll edən sonuncu hadisə 1920-ci ilin mayında Bakıda Azərbaycan İnqilab Komitəsinin sədri olandan sonra XI Qızıl Ordunun Xüsusi şöbəsinin rəisi Kondratyev, Bakı erməniləri və gənc Azərbaycan bolşevikləri ilə konflikti oldu.

N.Nərimanov özü 1923-cü ildə yazırdı ki, 27 apreldə Bakıda heç bir inqilab olmayıb. Hakimiyyət Demokratik respublika parlamentinin rəsmi qərarı ilə Azərbaycan Bolşeviklərinə təhvil verilib. Amma XI Qızıl Ordu Bakıya girən kimi hakimiyyət onun Məxfi şöbəsinə və onun rəisi Kondratyevə keçdi. Çünki Moskvanın planları hər yerdə olduğu kimi, orduya tapşırılmışdı. İnqilab komitəsi sözü isə iki ay davam edən kütləvi terroru pərdələmək üçün idi. Hələ Həştərxanda İki Kommunist polkunun layihəsi hazırlanmışdı. Ona əsasən iranlı fəhlələrdən olan əsgərləri məhkəməsiz güllələnmələrdə iştirak edirdilər. Pərdə üçün dörd rus-erməni əsgərinin yanında bir müsəlman olurdu. Məhkəməsiz öldürülənlərin sayı hələ də hesablanmayıb. Çünki cinayətlərin izlərini göstərən arxivlər məhv edilib, ya Azərbaycandan çıxarılıb.

Azərbaycan İnqilab Komitəsinin başında Moskvada təsdiq olunmuş Üçlük dururdu: N.Nərimanov, M.D.Hüseynov (müavin, Azərbaycan Kommunist Partiyasının sədri), Əliheydər Qarayev. Mirzə Davudun 26, Əliheydərin 24 yaşı vardı. Onlara tapşırılmışdı ki, Nərimanov rusların rəyinə qarşı nə təklif versə, əleyhinə səs verin. Moskvanın göstərişlərini isə müdafiə edin. Bu iki uşaq da bunu icra edir və Nərimanovun siyasi iradəsini neytrallaşdırırdılar. Qalırdı bircə adı. Amma Nərimanov daim Moskvaya, yoldaş Stalinə məxfi şikayətlər və məruzələr yazırdı. İ.Stalin isə Moskvada Cənubi Qafqazın kuratoru, bura göndərilən bütün qərarların müəllifi idi.

Nərimanov, əslində, Stalindən onun özünə şikayət edirdi. Stalin, əlbəttə, boğaza yığıldı və 1922-ci ilin mayında Nərimanovu Azərbaycandakı vəzifələrindən çıxardı, həmin ilin dekabrınadək İkinci Azərbaycan respublikasının əsas qurumları ləğv edildi və Nərimanov Tiflisə köçəsi oldu. Təzə federasiyada vəzifə başına N.Nərimanova düşmən olan gənc müsəlman bolşeviklər gətirildi. Halbuki, o özü hələ 1921-ci ilin oktyabrında Moskvada bolşevik Siyasi bürosundakı iclasda Zaqafqaziya Federasiyası yaradılmasına tərəfdar çıxdı. Yəqin, Nərimanov bu Federasiyada öz yerini başqa cür təsəvvür edirdi. Amma qərar praktiki icraya başlayanda onun öz taleyi belə özündən xəbərsiz həll edildi. 1922-ci ilin dekabrın 13-də Zaqfederasiya Covetinin Bakıda qəbul etdiyi qərarlardan sonra Nərimanov Tiflisdən də Moskvaya köçəsi oldu. Azərbaycanda İkinci Respublikanın manatı əvəzinə Zaqfederasiyanın öz təzə rublu işlənməyə başladı. Onun qəddar düşməni Kondratyev Zaqfederasiya ÇK-nin müavini təyin olundu, Tiflisdə Çar dövrü Canişinliyinin Məxfi Şöbəsinin tutduğu binada oturmağa başladı. Formal olaraq Nərimanovun vəzifəsi böyüdü. O, SSRİ Ali Sovetinin Zaqafqaziya üzrə sədr müavini oldu. Amma birləşmənin mahiyyətcə onun üçün tələ olduğu aşkar oldu. Sovetlərdə heç bir hakimiyyət yox idi.

Öləndən az conra N.Nərimanovun irsi "Milli uklon" tərəfdarı kimi pisləndi Bakıda və Moskvada. Bu, İ.Stalınin intiqamı idi: Nərimanov onun əlaltıları olan S.Kirov, A.Mikoyan, S. Orconikidze, Mirzəyan, Sarkis kimi adamları müstəmləkəçi adlandırmışdı. Bolşeviklərin Şərq siyasətinin rəhbəri olmaq iddiasına düşmüşdü. Onda bəs İosif Stalin kim idi? Qafqaz və Şərq siyasəti ilə ancaq Stalinin öz adamları, erməni məmurlar məşğul ola bilərdi. N.Nərimanov isə müalicədə olan V.İ.Leninin seçimi idi. Üstəlik, Nərimanov Avropada sosialist inqilabı olacağı nəzəriyyəsinə istehza ilə qiymət verirdi.

Nərimanovun siyasi irsinin bizim üçün ən qiymətli cəhəti İkinci Azərbaycan Respublikası yaradılanda və ləğv ediləndə Azərbaycan torpaqlarının və sərhədlərinin düzgün tanınması uğrunda mübarizəsi idi. Bu yolda o, sona qədər təkbaşına mübarizə edib. Bu mübarizələrin çoxu bağlı və aparat mübarizələri idi. Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qəbul edilmiş qərarı bir gün ərzində əksinə dəyişilməsinə nail olub. Onu hansısa torpağı verməkdə günahlandırmaq tarixi həqiqətləri danmaqdır. Elə müsəlman sosializmi nəzəriyyəsi də İkinci Dünya müharibəsindən sonra Şərqdə yayılıb N.Nərimanovun fərziyələrini təsdiq etdi. Azərbaycan dövlətçilik tarixi N. Nərimanovsuz təsəvvür edilə və dərk edilə bilməz. Elə buna görə Heydər Əliyev də onun təmiz adının üzə çıxması üçün rus-erməni qardaşlığı ilə mübarizələr apardı, Bakının mərkəzində ona S.M.Kirovun mənfur heykəlindən uca abidə qoydu.

Nərimanovun sovet dövrü mübarizələri geniş və ibrətamizdir. Bu mübarizələr bir tərəfdən tariximizin bir hissəsidir. İkinci tərəfdən, məxfilik müstəvisində aparılsa da, Azərbaycan publisistik fikrinin parlaq abidələridir. Bu günə qədər heç bir azərbaycanlı siyasətçi Moskvaya qarşı onun kimi açıq və amansız mübarizə aparmayıb, bu işə onun qədər qüvvə sərf etməyib. Azərbaycanda siyasətçi olmaq istəyənlər, xalqın taleyi ilə maraqlananlar bu mübarizələrin tarixini və məntiqini bilməlidirlər.

Amma bizdə 1956-cı ildən Nərimanovun süni və steril obrazı yaranıb. Bunun da səbəbi vardır: birinci, bu obraz Nərimanov-Moskva konfliktinin üstünü bağlayır. 1956-cı ildə Nərimanovun bədii əsərlərinin çapına icazə verildi. Amma siyasi irsi bağlı olaraq qaldı: bu irsi açıb-ağartmaq olmazdı, çünki Moskvanın və rus-erməni qardaşlığının əleyhinə idi, onun qərarlarını şübhə altına alırdı, müzakirəyə qoyurdu. Nərimanovun faciəsi fərdi deyildi, bu, rus bolşevizminə bel bağlamış onlarca azərbaycanlı siyasətçinin faciəli taleyinə bir açar idi. 1956-cı ildə hələ Mikoyan da Siyasi Büroda idi...

Bəzi müəlliflər Nərimanovdan bir türkçü ideoloqu düzəltmək istəyirdilər. Bu doğru deyildir, Nərimanov müsəlman bolşeviki idi. Onun Türkiyədə 1918-1923-cü illərdə baş verən proseslərlə bağları onun özündən yox, Rusiya xarici siyasətindən gəlirdi. Bolşevik Rusiyası İngiltərə, ABŞ və Fransa ilə birgə Osmanlı Sultanlığını aradan götürmək, xüsusilə, Sultanın Xəlifəlik statusunu ləğv etməyə çalışırdılar. Saydığım ölkələrin məxfi xidmət orqanları Türk millətçiliyi ideyalarını osmanizmi məhv etmək aləti kimi himayə edirdilər. Ona görə Ənvər paşa iki ilə yaxın Moskvada yaşadı və işlədi. Stalin gəlib Məhəmməd Əmini Moskvaya apardı. Bu adamlar Osmanlı sultanının ölkədən qovulmasına qədər lazım idilər. Ənvər paşanın Orta Asiyaya qaçmasını isə Nərimanov avantüra adlandırır. Atatürk 1917-ci ildə Sultanın yavəri idi, amma öz hakimiyyətinin Avropa dövlətləri tərəfindən tanınması xatirinə əvvəlcə ingilislərin sifarişi ilə Sultanın Xəlifəlik statusunu ləğv etdi, sonra özünü ölkədən qovdu. Atatürk türkçülüyün nə olduğunu bilmirdi, amma hakimiyyətin nə olduğunu bilirdi.

Amma İran inqilabı və onun xadimləri ilə Nərimanovun şəxsi əlaqələri var idi. Orda sosialist inqilabı təşkil etmək üçün Leninə məsləhətlər də verirdi. Amma İranda inqilabın baş tutmamasını Şərqin özünəməxsus cəhətlərin nəzərə alınmaması ilə izah edirdi. Onun babaları da iranlı idilər.

Bu il N.Nərimanovun doğumunun 150-ci yubileyidi. Birinci vəzifə onun ana dilində olan əsərlərini ana dilində, rus dilində olan əsərlərini rus dilində yenidən toplayıb akademik səliqə ilə, olduğu kimi, redaktəsiz çap etmək lazımdır. Nərimanovu ideallaşdıranlar həmişə bundan qorxublar. Cünki onun publisistikası çox ziddiyyətlidir və bu, ideal obraza sığmır. Amma bu obraz artıq sındırılıb. Nərimanovun siyasətçi obrazının meydana çıxması labüddür. Bu obraz isə bütün siyasətçilərin obrazı kimi ziddiyyətlərlə doludur. N.Nərimanovun başçı olduğu Xalq Komissarları Sovetinin üzvlərinin hər biri ikinci Nərimanovdular, əvvəlcə Moskvaya xidmət ediblər, sonra əl-ayağa dolaşanda məhv ediliblər.

Bolşevik senzurasından ən çox əziyyət çəkən qələm adamlarından biri elə N.Nərimanov özüdür. Professor Teymur Əhmədov onun haqda son kitablarından birini "Bir şəhid ailəsinin tarixçəsi" adlandırıb. Nərimanov xoşbəxt və tragik bir tale yaşayıb. Onun bioqrafiyası xalqımızın tarixi faciələrinin bir hissəsidir. Yeni cahillərin onu tanımadan ifşa etmək cəhdləri yolverilməzdir və tragikdir, çünki N.Nərimanovun bizə nişan verdiyi maarif yolunda, güman ki, hələ çox da irəli gedə bilməmişik.

06.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!