"Ədəbiyyat qəzeti"nin redaksiyasına
Hörmətli Azər müəllim!
Bildiyiniz kimi, bu il görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ölkə səviyyəsində keçirilir.
Böyük ədibin yubileyinin onun adına layiq səviyyədə keçiriləcəyinə şübhəm yoxdur. Yəqin ki, bu yubiley ilində unudulmaz yazıçının ədəbi irsi, tərcüməçilik, pedaqoji və diplomatik fəaliyyəti bir daha diqqət mərkəzində olacaq, haqqında məqalələr, esselər yazılacaq, televiziya verilişləri hazırlanacaq, teatrlarımız dramaturgiyasına müraciət edəcəkdir.
Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəyin yubileyinə töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm. Tərtib etdiyim bu kitabdan unudulmaz müəllimim, yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlalın 13 dekabr 1943-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Unudulmaz ədib" məqaləsini 77 il sonra "Ədəbiyyat qəzeti"nin möhtərəm oxucularının diqqətinə çatdırmaq istədim.
Hörmətlə, Mustafa Çəmənli
Ə.Haqverdiyevin hekayəçilik fəaliyyəti 1907-ci ildən, "Molla Nəsrəddin"in nəşrindən sonra başlanır. Ədib həmin jurnalın səhifələrində, sonradan kitab halında gördüyümüz iki məşhur əsərini - "Xortdanın cəhənnəm məktubları"nı və "Marallarım"ı təfriqə şəklində çap etdirmişdir. Elə həmin illərdə ədibin kitabça şəklində nəşr etdirdiyi "Ayın şahidliyi", "Ata və oğul", "Şeyx Şəban" hekayələri, nəhayət, ədibin vəfatından sonra nəşr edilən 15 hekayəsi vardır.
Ə.Haqverdiyevin hekayəyə gətirdiyi ən mühüm şey həyatdır! Ədəbi sənətin bu şəklini Haqverdiyev həqiqi həyatımızı, məişətimizi təsvir etmək üçün xalqımızın, vətənimizin dərd və ehtiyaclarını açıb göstərmək üçün, özünü düşündürən ümumi-ictimai məsələləri vətəndaşlarına danışmaq üçün yaxşı bir vasitə seçmişdir. Ədibin başlıca mövzusu - köhnə həyat və münasibətdir. Öz vətəni olan Qarabağda və sonralar ölkədə, bütün islam Şərqində müşahidə etdiyi cəhalət, fanatizm, istismar və haqsızlıqları satiraya tutan, şirin və təbii bir gülüş ilə bizə söyləyən ədib əlvan bir tiplər silsiləsi yaratmışdır. O, bu adamları "Maral" adlandırır.
Ə.Haqverdiyev keçmiş cəmiyyətə üzdən, ümumiyyətlə, yanaşmamışdır. Onun bütün daxili sistemini, hakim münasibətin mexanizmini açıb göstərməyə çalışmışdır. Ədibin hekayələrində göstərilən surətləri üç dəstəyə bölmək olur. Birincisi, Fazil Dərbəndilər ("Cəhənnəm məktubları"), Hacı Mirzə Əhmədağalardan ("Odabaşının hekayəsi") ibarət olan istismarçı, zalım, mənfəətpərəst adamlardır ki, ədib satira süngüsünü bunlara qarşı çevirmişdir. Bu adamların din, şəriət, qanun və ədalət adına nə müdhiş fırıldaqlar törətdiklərini, avam camaatı aldadıb qanını sorduqlarını açıq görürük.
İkinci və əsas surətləri təşkil edən məzlumlardır ki, yuxarıdakı qəddarların qurbanı olurlar. Məzlum və məhrum insanların nümunəsi olaraq Fərmanı, Göhərtacı ("Odabaşının hekayəsi"), Süleyman Əfəndini, Əkbəri ("Ata və oğul"), Gülsüm nənəni ("Şeyx Şəban") göstərmək olar.
Ə.Haqverdiyevin əsərlərində bu adamlar - böhtana düşmüş günahsız müqəssirlərə oxşayırlar.
Bu adamları döyürlər, qovurlar, məhrum edir, təhqir edir, hüquqlarını tapdalayır, çörəyini kəsir, həbsə alır, azara salır, nəhayət, öldürürlər.
Bu adamların günahı nədir?
Bu adamların günahı odur ki, təmiz və sağlam doğulmuşlar. Həqiqi, inasni hiss sahibidirlər və insani meyillərini çidarlamırlar. Bunlar mərhəmət və nəvaziş, qayğı və məhəbbət gördükləri ana qucağından ayrılanda ictimai mühitdən də həmin hiss və hörməti gözləyirlər. Öz həmcinslərinə, onları əhatə edən mühitdəkilərə də belə sadə baxırlar. Halbuki, dərəbəylik mühiti və bu mühitin qaynar qazanında bişmiş vəzifə, mənsəb sahibləri, adamların taleyini öz əlinə almış yüzbaşılar, pristavlar, mollalar, qazılar və başqaları ayrı xarakterdə olan adamlardır.
Fərmanla Göhərtacın azad sevgi hissi ilə bir-birinə bağlanması olduqca adi, təbii və bəşəri hadisələrdir. Ancaq bu hadisə Ağamirzə Əhmədağanın, Hacı Kamiyabın kitabında yazılmayıb. Bu sevgi şəriət əhkamına aiddir. Ağa, Göhərtaca təmə (tamah, göz dikmək - M.Ç.) saldığı üçün Fərman sevgilisindən əl çəkməlidir. Məsum bir quzu kimi qəssabın əlində qalmalıdır.
Bu adamların ikinci günahı ondan ibarətdir ki, yalan, hiylə, riya və aldadıçılığı bacarmırlar. Hakimlərin axmaq, qeyri-qanuni, şüursuz hökmlərinə tabe olub boyun əyirlər.
Bu adamların üçüncü günahı ondan ibarətdir ki, bu qədər ağır, bu qədər çətin və işgəncəli gördükləri həyatdan yenə də əl çəkmirlər. Yaşamaq istəyirlər... Nə vaxt, harada isə bir işığın doğacağına ümid bəsləyirlər. Həmin bu günahlarına görə də məhkum və məhv olurlar.
Ə.Haqverdiyevin üçüncü qrup surətləri bir az başqa, mənəviyyat etibarilə daha qüvvətli adamlardır. Bunlar da birinci və ikincilər kimi qayda-qanunların açıq və amansızlığını duyurlar. Bunlar da əvvəlkilər kimi şüursuz və küt, ikincilər kimi hünərsiz və aciz deyillər.
Bunlar öz təbiətləri etibarilə mübariz adamlardır. Bunlar öz mənliyini sevən, izzət-nəfsini yüksək tutan və qoruyan, yalnız öz əqli və mühakiməsi ilə yaşayan adamlardır. Bunların ürəyində nə güzəran, nə vəzifə, nə cənnət-cəhənnəm qayğısı, nə həbs və sürgün qorxusu var. Bunlar tək və adamsız olsalar da öz şərəflərini yüksək tuturlar. Şərəfli ölümü şərəfsiz həyatdan üstün tuturlar. Maddi nemətləri, bəzən ömürlərini heysiyyətə qurban verirlər.
Ədibin "Mirzə Səfər" hekayəsində şirin yumor üsulu ilə təsvir etdiyi saatsaz Zeynalı və mütərcim Mirzə Səfəri bu surətlərə misal göstərmək olar.
Ə.Haqverdiyevin hekayələri sənətkarlıq cəhətdən bitkin və mükəmməldir. Ədib obyektiv təsvir üsulu ilə fakta, hadisəyə heç bir şey əlavə etmədən, məsələ haqqında fikir və mülahizəsini demədən yazır. Ən coşqun qəzəb və kin bəslədiyi satirik tiplər haqqında da heç bir mənfi sifət işlətmir. Tipin daxili boşluğunu, qəddarlığını ya alçaqlığını, onun öz sözləri, hərəkətləri və mühakimələri vasitəsilə göstərir.
Müəllifin hadisəyə münasibətini ayrı-ayrı ifadələr və xasiyyətnamələrdə yox, hadisənin mahiyyətində görürük.
Ə.Haqverdiyevin təbii, şirin, məzmunlu yumoru vardır. Gülüş onun hekayələrində əsas və ümumi rəngdir. Buna rəng demək də düz deyil. Bu bir keyfiyyətdir. Biz gülürük və həm də düşünürük.
Ə.Haqverdiyevin nəsrində gülüş ilə yanaşı, lirika da, ictimai, bəşəri kədər də az yer tutmur. Xüsusilə "Dərviş nakam", "Ayın şahidliyi", "Ata və oğul", "Röya" hekayələrini oxuyanda biz kədərlənirik. Soyuqqanlı ola bilmirik. Günahsız adamların faciəsi günlər ilə yadımızdan çıxmır.
Yığcamlıq, müxtəsərlik, aydınlıq, müəyyənlik bu hekayələrin ümumi xüsusiyyətidir.
Ə.Haqverdiyevin nəsr dili bütün realist nasirlərimiz üçün nümunədir. Bu dildə sünilik, ibarəçilik, zahiri bəzək, əcnəbi təsir yoxdur. Canlı danışıq dilimizi, onun gözəl xüsusiyyətlərini, onun zəngin ehtiyatını, məsəllərini, həkimanə sözlərini bu qədər cəsarətlə yazan, bədii ədəbiyyata gətirən iki ədibimiz varsa, biri Ə.Haqverdiyevdir. Ona görə də dili əlvan, söyləmə üsulu şirin, ifadəsi sadə, ədası xoşdur.
Ədib bəzi ifadələrində məcazi sözlərdən, sözün müxtəlif mənalarından faydalanaraq dərin ictimai fikir söyləyir. Elə həmin "Ayın şahidliyi" hekayəsində ədib kəndin gecəsini təsvir edir:
"Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dəryatək mövcələnirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qutara bilməyəcəklər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qutardığı yerdə xırda çayın şırıltısı, bilavasitə, qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri (sərv ağacı - M.Ç.) guya sünbüllər üstündə qarovul qoymuşdular.
Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki, camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!".
Bu təsvirdə haqqında danışılan sünbül də, boş və ya dolu baş da, cəllad da, vaxtsız səs salan xoruz da, yatanlar da, gecə də ikimənalıdır və oxucu bilir nəyə, kimə işarədir.
Cavan sovet nəsrimiz bu qocaman ədibin sayca az, sanbalca güclü olan əsərlərinə klassik nümunə kimi baxıb və baxacaqdır. Bu nümunələrdən öyrənəcək, ədibin gözəl xüsusiyyətlərini inkişaf etdirəcəkdir. Bu isə Haqverdiyev üçün ən yaxşı xatirədir.
"Kommunist" qəzeti, 13 dekabr 1943-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!