Qurtuluş günümüz ədəbiyyatda necə varsa - Tehran Əlişanoğlu yazır

Bir romanın şahidliyi ilə

 

"Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir"

Heydər Əliyev

Bugünün Xalq yazıçısı, məşhur "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi Elmira Axundovanın siyasi detektiv janrda qələmə aldığı daha bir romanı "Şüşə saray" (Bakı, "Yurd, 2007, 468 s.), mənimcə, zamanında ədəbi ictimaiyyətin diqqətini çox da çəkməmişdir. Roman yaxın tariximizin ən gərgin, faciəvi, çıxılmaz durumlarından birisi, hazırda barəsində hər növ xaric notların çoxaldığı 1990-cı illərə şahidlik edir; və haqqında danışmağa dəyər, məncə.

1990-cı illərin əvvəlləri - müstəqilliyinə can atan Azərbaycan xalqının şərəfli səhifələr dolu azadlıq mübarizəsi ilə yanaşı, tariximizin ən dramatik, siyasi hakimiyyət uğrunda intriqalarla səciyyəvi bir dövrüdür. Sovet dövlətinin süqutu fonunda üç ildə dörd dəfə hakimiyyət dəyişikliyi və hər dəfə xalqa, millətə dəyən ağır zərbələrlə müşaiyət olunması, 20 yanvar və Xocalı faciəsi, daxili qiyamlar nəticəsində ölkənin vətəndaş müharibəsi sərhədinəcən gəlməsi, erməni işğalçılarının Qarabağ və Azərbaycan rayonlarını bir-birinin ardınca ələ keçirməsi, əsas hökumət üzvlərinin, güc nazirlikləri başçılarının bir vertolyotda Qarabağ səması üzərində düşmənlər tərəfindən partladılması, ictimai həyatın iflic olması və iqtisadiyyatın dağılması şəraitində krimonogen durumun yüksək həddə çatması, özbaşına silahlı qrup və bandaların meydana gəlməsi, ən yüksək çinli məmurların qətlləri, cinayətkar qüvvələrin hakimiyyətə sirayət etməsi və s. olaylar, əslində, siyasi və detektiv ədəbi janrlar üçün kifayət qədər münbit material verir və ədəbiyyatımızda bu sıradan yaranmış əsərlər (Elmira Axundova və İsa Nəcəfovun "Naşirin ölümü" (2000), İsa Nəcəfovun "Gecə yarısında qətl" (2000), Çingiz Abdullayevin "Qanın üç rəngi" (2001) və s.) içərisində "Şüşə saray" romanının məxsusi yeri var.

Bununla belə, unutmamalı ki, adı çəkilən əsərlər sırf tarixi materiallara söykənir; bədii təxəyyül burda özünü əsasən yazıçı ustalığı və sənətkarlıq tərəflərində göstərir. Elmira Axundovanın vurğuladığı kimi: "Amma nəsr əsəri üçün, elə tarixi nəsr üçün də, təfərrüatlarda və sözlərdə dəqiqlik vacib deyil. Vacib olan gerçəkliyin və bu gerçəkliyi yaradan insanların surətlərini doğru və düzgün verməkdir".

O da önəmlidir ki, həmin romanlarda bu və ya digər həcmdə Heydər Əliyevin obrazı əksini tapmışdır. Yazıçılar tarixən bəlli olan həqiqətləri - dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqının daxili ziddiyyətlər və xarici təzyiqlər nəticəsində az qala onu itirməsinə qənşər ulu öndərin siyasət meydanına qayıdıb, nəhəng bir atlant kimi xilaskarlıq missiyasını çiyinlərinə götürməsi, Müstəqil Azərbaycanın taleyini həll etməsi hadisələrini bədii nəsrin həqiqətinə çevirə bilmiş, müstəqilliyin heç də asan qazanılmadığı, bu yolda ən çox Heydər Əliyev dühasına, Heydər - Xalq sevgisinə  borclu olduğumuz ideyasını aşılaya bilmişlər.

Elmira Axundovanın "Şüşə saray" əsəri məlum, o cümlədən özünün Heydər Əliyev haqqında altı cildliyindən də bəlli tarixi gerçəklərdən mövzu alır: Heydər Əliyevin Vətənə qayıdışı, "Naxçıvan epopeyası" və Müstəqil Azərbaycanı xilas etməsi. Lakin bugün təkrar-təkrar xatırlanan, geniş araşdırılan Heydər Əliyevin xilaskarlıq missiyasının görünməyən, birdən-birə dərk olunmayan elə  nəhəng, insani, bəşəri dəyərləri vardır ki, o nöqtələrə yalnız ədəbiyyat nüfuz edə bilər. Axı tarix təkcə dövlətlərin, xalqların taleyindən keçmir, həm də insanların, insanın, ayrıca fərdlərin həyatında əks-səda verir. Əgər tarix kitablarında baş verən olayların ümumi qanunauyğunluqları, fakt mənzərəsi, tarixi-mədəni və ictimai-siyasi faktorlar, xalqın və tarixi şəxsiyyətin təkanverici rolu öyrənilirsə, ədəbiyyat həm də bunun arxasında görünməyən tərəflərə, tarixin xalqın və insanların həyatında törətdiklərinə, bilavasitə İnsan taleyində keşməkeşlərinə boylanıb-baxır.

"Şüşə saray" romanı 1990-cı illərin əvvəllərində Azərbaycan həyatında cərəyan edən ictimai-siyasi proseslərə, hakimiyyət qovğalarına və bu zəmində baş qaldıran cinayətkar mühitə lap yaxın məsafədən nüfuz etməklə, Heydər Əliyevin tarixi missiyasının, Xilaskar obrazının misilsiz rolunu, əvəzsizliyini bir daha göstərə bilmişdir. Qeyd olunduğu kimi, bu baxımdan siyasi detektiv janrının seçilməsi də özünü tam doğruldur. Müəllif yazır: "XX əsrin 90-cı illərinin - "Şüşə saray"da təsvir edilən hadisələrin baş verdiyi dövrün - məhz bu qədər yaxın olması kitabın qeyri-adi formasını da müəyyənləşdirdi. Təhkiyə iki qatdan ibarətdir: kitabın detektiv süjetli, roman-təhqiqat çərçivəsinə salınmış ciddi sənədlilik və personajların düçüncə və dialoqlarının sərbəstliyi..." (Elmira Axundova, Şüşə saray. Bakı, "Yurd, 2007, s. 3; Romandan bütün sitatlar səhifə göstərilməklə bu nəşrdəndir - T.Ə.)

Romanın ciddi kompozisiya planı vardır; getdikcə gərginləşən dramatik konflikt və süjeti də, qarşıya qoyulmuş ideya-məzmunu da içinə alır. Bir yandan ölkədəki kriminogen durumu səciyyələndirən səs-küylü qətllər: 1992-ci ilin sakit aprel axşamı - Respublika Təbiəti Mühafizə Komitəsinin sədri Arif Mansurovun köməkçisi Əbdüləzəl Azaqovun qətli; 1992-ci il oktyabrın 5-də Şuşa sakini, qaçqın Tariyel Qulam oğlu Əliyev VAZ-2109 maşınında Sumqayıtda bazara gedir və bir də evə qayıtmır, meyidi təsadüfən "digər üç tanınmamış cəsədlə birgə yalnız 1996-cı ilin yanvar-fevral aylarında" tapılır; "Tariyel Əliyevə məxsus VAZ-2109 avtomaşınından isə 1993-cü ilin aprelində Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, kontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsi zamanı istifadə olunmuşdu"; 1993-cü il yanvarın 2-də Azərbaycan DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərovun qətli... - cinayət faktlarını fəsil-fəsil istintaq materialları təqdim edir. Bəzən düz, bəzən də yanlış istiqamətdə - qəsdən izi azdırmaq üçün uzun-uzun davam edən istintaq prosesləri; yazıçı bu proseslərə təfərrüatlarınacan, istintaqın ardınca təkrar-təkrar həssasdır, çünki burda məhv olan insan taleləri var; qəsdən suçlanan sadə vətəndaş, müharibə iştirakçısı Cavanşir Əliyevin yerə-göyə sığmayan məşəqqətli taleyi kimi... Bu - 1990-cı illərin əvvəllərinin Bakı həyatıdır...

Digər tərəfdən roman oxucunu blokada şəraitində yaşayan, erməni hücum və təzyiqləri ilə üz-üzə qalan Naxçıvana aparır. Ağsaqqal və lider Heydər Əliyevin rəhbərliyi ilə xalq dinc quruculuğa məşğuldur. "XX əsrin 20-ci illərində dahi Atatürkün böyük uzaqgörənliklə İran şahından külli miqdarda pula satın aldığı" Azərbaycanla Türkiyə arasında 11 km-lik torpaq zolağı Naxçıvanı blokadadan çıxarır. "Atatürkün varisləri - Süleyman Dəmirəl və Heydər Əliyevin xalq arasında Ümid körpüsü adını almış körpünün tikilməsi təşəbbüsü" 300 minlik Naxçıvan əhalisini aclıqdan xilas edir. "Lakin Türkiyə mühasirədə olan Naxçıvanı təkcə humanitar fəlakətdən qurtarmadı... 1992-ci ilin yazında ermənilər muxtar respublikanın sərhədyanı rayonlarında döyüş əməliyyatlarına başlayanda Türkiyə liderləri birmənalı şəkildə bəyan etdilər ki, Türkiyə Naxçıvan muxtariyyətinin qarantıdır və 1921-ci il Qars müqaviləsinin müddəalarına birtərəfli qaydada yenidən baxılmasına yol verməyəcəkdir" (s. 35) İran da qonşusuna biganə qalmadı: "İran İslam Respublikasının prezidenti Rəfsəncaninin Heydər Əliyevin Tehrana danışıqlara gələ bilməsi üçün öz şəxsi təyyarəsini Naxçıvana göndərməsi buna əyani sübutdur..." (s. 36) Bir sözlə, böyük çətinlikləri dəf edərək, dinc həyata qayıdan Naxçıvan ictimai-siyasi islahatlarla tədricən Azərbaycanı müstəqilliyə doğru aparmaqdadır.

Amma eyni ölkədə sanki bir-birindən ayrı görünən bu həyatlar arasında təkcə təzadlar yox, toqquşmalar da var... Roman ilk belə qarşılaşmanı 1991-ci ilin 3 sentyabrında qeydə alır. Xalq demokratik qaydada, yekdilliklə Heydər Əliyevi Naxçıvan Ali Sovetinə sədr seçir. Ölkəni Fövqəladə Vəziyyətdə, komendant sistemi ilə idarə etməyə üstünlük verən Ayaz Mütəllibov isə eyni idarəçiliyi Naxçıvanda da tətbiq etmək üçün 35 nəfər DİN əməkdaşından ibarət dəstəni ora göndərir. Ali Məclis sədrinin bəyanatı: "-Sizə bir gün vaxt verirəm ki, Naxçıvanı tərk edəsiniz, - deyə Əliyev onların qabağına hərbçisayağı konkret şərt qoydu, - əgər bir gündən sonra burda qalmış olsanız, ciddi ölçü götürəcəyəm..." (s. 35). Daha sonra, 1992-ci ilin oktyabrında yeni hakimiyyət - Azərbaycan Xalq Cəbhəsi də Naxçıvanda çevriliş etmək istəyir...

Görəsən, hakimiyyət hərislərində belə vətəndaş qarşıdurmasına həvəs haradandır? - roman düşündürməyə çalışır: "Qaya kimi vüqarlı Naxçıvanın qüdrətli lideri elə bil hamının üstünə öz kölgəsini sala bilirdi, onun bədxahları narahat olur, özlərini qətiyyətsiz aparır, yerlərində olmadıqlarını sanki bir daha hiss edirdilər. Bu, belə də olmalı idi. Siyasəti boşboğazlıqla, intriqalarla məşğul olmaq kimi anlamaq səviyyəsindən yuxarı qalxa bilməyən elçibəyçilər Heydər Əliyevin qarşısına təxribat və dedi-qodudan başqa heç nə ilə çıxa bilmirdilər..." (s. 36)

Roman təkcə metaforalar ilə müqayisə aparmır, əməli olaraq prozaik hadisələrin gedişatında da liderləri fərqləndirməyə, kimin kim olduğunu əyani göstərməyə köklənir. Fəsillərin birinin adında Xalq cəbhəsinin lideri, "meydan hərəkatı"nın yetirdiyi Əbülfəz Elçibəyin: "İndi hər şey qanuni olacaq..." sözlərini qabartmaqla, müəllif bir qədər sonra romanda baş verənlərin bu xoşməramlı vədlə nə qədər uyuşmadığını, tərs-mütənasüb olduğunu göstərməyə çalışır. Əbülfəz Elçibəyin hakimiyyətində güc strukturlarını təmsil edən Daxili işlər naziri İskəndər Həmidovun, Müdafiə naziri Rəhim Qazıyevin, Xüsusi təyinatlı polis dəstələrinin başçısı Rövşən Cavadov və onun prokuror qardaşı Mahir Cavadovun özbaşınalıqları, silahlı təxribat və "razborkaları", istintaq materiallarının təqdim etdiyi cinayət işlərində əllərinin olması, Qarabağ müharibəsində milli qəhrəman adını almış Surət Hüseynovun qiyamı və dövlət çevrilişinə cəhdi... - romanda "qanun" adına qanunsuzluqlar törədən bir hakimiyyətin faktik göstəricisi kimi təsbit edilir...

Heydər Əliyev isə heç vəchlə boş vədlər vermir; hər yerdə qanunun aliliyinə söykənir, qanuni iş görür və xalqın etimadını qazanır. Hətta Surət Hüseynovun Gəncə qiyamı zamanı xalqa vəd verməyə tələsmir, Gəncəyə səfər edir, hadisələrin həlli yollarını axtarır, yalnız qayıtdıqdan sonra Milli Məclisin sədri vəzifəsini qəbul edib, məhz qanunlar vasitəsilə vətəndaş sülhünə nail olur. Heydər Əliyevin qanunçuluğa münasibəti barədə, Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında qeydə aldığı, maraqlı bir xalq lətifəsi yaranmışdır: "Səhər vaxtı Prezident Heydər Əliyev qanunda oğruların ("Vor v zakone") Bakıda gizli yığıncağının ("sxodka") keçiriləcəyi xəbərini alıb Daxili işlər naziri Ramil Usubova zəng edir və ondan soruşur: "- Ramil Usubov, "Vor v zakone" nə deməkdir?" Məsələdən xəbərdar olan Daxili işlər naziri dərhal cavab verir: "- Sizi anladım, Heydər Əliyeviç!". Axşam nazir Prezidentə məruzə edir: "- Cənab Prezident, Bakıdakı bütün qanunda oğrular həbs edildi". Heydər Əliyev deyir: "- Qoy hamı bilsin, Heydər Əliyev hakimiyyətində qanun var, qanunda oğru yox!" (Əjdər Ol, Canlı lətifələr, əhvalatlar, deyimlər. Bakı, Qanun nəşriyyatı, 2015. s. 28). Romanda da təsbit olunur: məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə qanunsuz hər cür silahlı qruplaşmalar aradan qalxır, qanunun hökm sürdüyü əmin-amanlıq mühiti yaranır.

Romanda iki liderin - xalqın lideri Heydər Əliyevin və demokratik hərəkatın yetirdiyi AXC lideri Əbülfəz Elçibəyin münasibətləri məxsusi diqqət altındadır. Müəllif hər iki obrazın gerçək əməlləri, fəaliyyət müstəvisini cızmaqla yanaşı, daxili portretinə də nüfuz etməyə, Azərbaycanın sürükləndiyi ən faciəvi dövrdə hakimiyyət yükünün altına girmiş iki fərqli liderin psixoloji dünyasını içdən izləməyə cəhd edir. Yazıçı üçün də, oxucu üçün də maraqlıdır: idealist milliyyətçi şüarlarla iqtidara gələn və bu arzularla da yaşamaqda davam edən, milli hərəkat dalğasında çox sürətlə siyasi fəaliyyətinin olimpinə çatan, lakin bir illik prezidentliyi dövründə eyni templə də xalqın inamını itirən, ətrafında baş verən reallıqları dərk etsə də, barışmaq istəməyən, öz komandası ilə rəftarında belə qətiyyət göstərə bilməyən Əbülfəz Elçibəy, görəsən, "düşünmədən çiyinlərinə götürdüyü hədsiz hakimiyyət"in məsuliyyətini nə dərəcədə anlayır? Bu nöqtəni ona Naxçıvanda çevriliş cəhdi zamanı Heydər Əliyev də sərt şəkildə xatırladır: "Əvvəl Elçibəy danışıqdan yayınmaq istədi. Amma Heydər Əliyev onu dəstəyi götürməyə məcbur etdi: "-Adamlarını burdan yığışdır!" - o, Elçibəydən tələb etdi. "-Mənim heç nədən xəbərim yoxdur", - o, özünə haqq qazandırmağa, məsuliyyətdən yayınmağa çalışırdı. "-Necə yəni xəbərin yoxdur? Əgər nə baş verdiyini bilmirsənsə, bəs onda nə prezidentsən?" (s. 50)

Heydər Əliyev isə əksinə, sanki heç siyasi olimpə qalxıb-enməmişdir: "Kiminlə danışmasından asılı olmayaraq - xalqla, öz müavinləri ilə, Ali Məclisin deputatları ilə - o elə əminliklə danışırdı ki, hamı məəttəl qalırdı. Bu, əvvəlki Heydər Əliyev idi. Elə bir şey yox idi ki, bu insan onun qarşısında aciz qalsın. Əgər Naxçıvan üçün hansısa məsələləri həll etmək lazım olurdusa, o qətiyyətlə İrana, Türkiyəyə zəng edirdi..." (s. 85)

Naxçıvanda çevriliş etmək istəyən qüvvələrə qarşı son dərəcə qəzəblidir: "Onun açıq mavi gözləri parıltı ilə işıqlandı. Gədələr... Bunların arasında bir nəfər də olsun dövlət səviyyəsində düşünə biləcək adam yoxdur. Qumluqda eşələnən uşaq kimi Azərbaycanın taleyi ilə oynayırlar. O indi də aydınca hiss edirdi ki, Bakıda onun başını batırmaq üçün hər cür təxribata getməyə hazırdırlar. Xalqın fəlakəti onları narahat etmir! 80-ci illərin axırlarında Moskvada işləyərkən də belə tipləri çox görmüşdü..." (s.43)  

Romanda Heydər Əliyevin düşmənlə üz-üzə, "Sədərəkdə daim ermənilərlə toqquşmalar" zamanı qorxusuz-hürküsüz davranışına şahidlər misal gətirir. "Görüşlər adətən erməni ərazisində, danışıqlar üçün qoyulmuş vaqonlarda keçir"; görüşlərin birində söhbətləşərək bir kilometrə yaxın piyada gedən Əliyevi müşaiyət edənlərin "gərginlikdən ürəyi partlamağa" qalır: "Axı burada nə desən baş verə bilərdi. Hər tində erməni snayperi gizlənmişdi". Bunu ona nöqsan tutanda Heydər Əliyev deyir: "- Onların mənə əl qaldırmağa cürətləri çatmaz". Bu insan heç nədən qorxmurdu. O, sözün tam mənasında qorxu nə olduğunu bilmirdi" (s. 86)    

1993-cü ilin əvvəlində erməni işğalları Qarabağ ətrafındakı respublika ərazilərinə keçərkən, Əbülfəz Elçibəy Heydər Əliyevi məşvərət üçün Bakıya dəvət etməli olur. Heydər Əliyev getməyə qərar verir, bu məqam ulu öndərin daxili dünyasının genişliyini bir daha göstərir. Köməkçisi Vasif Talıbova  deyir: "-Elə şeylər var ki, onlar şəxsi inciklikdən və ambisiyalardan daha yüksəkdir. Özü də sən çox yaxşı bilirsən, mən kinli deyiləm. Mən, əgər kursumuzu köklü şəkildə təshih etməsək, qarşıda Azərbaycanın əsl fəlakətə uğrayacağını qabaqcadan görürəm. Əgər məsləhətimə əməl etsələr, bu gün hələ gec deyil. Əks halda sabah onlara heç nə kömək etməyəcək. Onlar cəhənnəmə, bəs ölkəyə bu nəyə başa gələcək..." (s. 90)

1993-cü ilin fevral görüşündə Heydər Əliyev özünə qarşı edilən yamanlıqları yaddan çıxarıb, Vətən, xalq, Azərbaycanın sabahı naminə Elçibəy hakimiyyətinə kömək etmək istəyir. Hakimiyyətin bütün səhvlərini, daxili çəkişmələri, səriştəsiz addımları, vəzifə oyunlarını, xarici siyasətin yanlışlığını, ölkənin beynəlxalq aləmdən təcrid edilməsini birbaşa müsahibinin üzünə deyir. "Gücsüzlük hissi Elçibəyi boğurdu. Onu bir küncə sıxışdırmışdılar. Bir tərəfdən silahdaşlarının intriqaları, uçurum, iflas. Digər tərəfdən - bu dəmir iradəli qoca. Yenə də uçurum. Onun, yəni Elçibəy üçün tarixi bir yoxluq. O, mübarizəsini davam etdirə bilərmi? Çalışmaq lazımdır. Bu Əliyev də, axı, Allah deyil. Onun bacardığı və bildiyi şey nədir ki, Əbülfəz bunu öyrənə bilməsin? Razılığa gəlməyə çalışmaq, vaxt udmaq, sazişə girmək lazımdır..." (s. 100)

Romanda hakimiyyəti (əslində, hakimiyyətə) uduzmuş Əbülfəz Elçibəyin daxili sarsıntıları yanında, hakimiyyət haqqında düşünməyən, yalnız xalq və Vətənin xilası naminə fədakarlıq göstərən, yollar axtaran Heydər Əliyevin durumu gümrah görünür. Elçibəy 1992-ci ilin oktyabrına görə Heydər Əliyevdən üzr istəsə də, bu ona gərək deyil; onların görüşünün məzmunu kimsəyə bəlli olmasa da, görüşdən dərhal sonra Heydər Əliyev Moskvaya yollanır, aparıcı dövlətlərin səfirləri ilə söhbətlər edir... Və sonra, romanda oxuyuruq: "Naxçıvana qayıtdı və Azərbaycan xalqına "Əbülfəz Elçibəyin ətrafında sıx birləşməli!" çağırışı ilə müraciət etdi..." (s. 215)

Sabir Rüstəmxanlının "Xətai yurdu" romanında diqqətəlayiq bir məqam var; 1989-cu ilin iyununda AXC-nin təsis yığıncağından sonra, təhkiyəçi-qəhrəmanın yadına gəlir: "Konfransda təşkilata sədr seçilən Əbülfəz bəyə nə qədər hörmətim olsa da, idarəçilik qabiliyyəti barədə təsəvvürüm yox idi. Hakimiyyətə gəlməkdən söz düşəndə "Məndən respublikaya başçılıq edən olmaz" - deyirdi. Bir dəfə də divarda Heydər Əliyevin şəklini göstərib "hakimiyyətə o gəlməlidir" sözləri ilə məqsədini açmışdı. Amma bu, ilk dövrlərdi. Hələ hər şeyə yalnız bir fikir adamı, tarixçi, millətini bütöv, azad görmək istəyən ziyalı kimi baxan, amma bunu daha çox ideya mübarizəsi kimi təsəvvür edən vaxtlarıydı..." (Sabir Rüstəmxanlı, Xətai yurdu. Bakı, "Qanun" nəşriyyatı, 2003,  s. 431) "Şüşə saray" romanından isə görünür ki, "ideya mübarizəsi"ndən uzaq gedə bilməyən Əbülfəz Elçibəyin altşüurunda yer almış və özünün heç cür yüksələ bilmədiyi hakimiyyət zərurəti onu son halda Vətənin xilası naminə Heydər Əliyevi Bakıya dəvət etməyə vadar edir...

İki liderin son görüşü 1993-cü ilin iyununa təsadüf edir; bu - ulu öndərin xalqın israrlı təkidi ilə Bakıya gəlib, hakimiyyəti ələ alması, vətəndaş müharibəsinə yuvarlanmış ölkəni uçurumun ağzından qoparıb xilas etdiyi məqamdır. Həm də bircə damla qan tökmədən. Hələ Naxçıvan hadisələri zamanı bir şahidin müşahidələri bir daha təsdiqlənir: "Əliyev məşhur "Hakimiyyət silahdan doğur" deyiminin tam əksinə hərəkət  edirdi. Onun hakimiyyəti qeyri-maddi, lakin daha əhəmiyyətli amillərə - şəxsi nüfuza, ənənəvi humanist dəyərlərə və millətin ideallarına söykənirdi..." (s. 39). İyunun 9-da prezidentin təyyarəsi ilə Bakıya gələn Heydər Əliyev iyunun 13-də Gəncəyə yola düşür, qiyamçılarla görüşür, vəziyyətlə tanış olub Bakıya qayıdır. 15 iyun 1993-cü il tarixində Milli Məclisin fövqəladə iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilir və ulu öndərin Xilaskarlıq missiyası belə başlayır. Həmin gün "Qurtuluş günü" adıyla ümummilli bayram kimi tarixə düşmüşdür.

Romanda siyasi hakimiyyətlərin savaşını əks etdirən süjetin kulminasiya anı məhz Heydər Əliyevin sədr seçildiyi parlament iclasıdır. "İyunun 15-də Milli Məclisin iclası oldu. Uzun sürən mübahisələrdən sonra, orada baş verənlərin hamısının canlı yayımla bütün Azərbaycana verilməsi qərara alındı..." (s. 241). Bu həm də xalqla açıq dialoq demək idi; həmin gün başladığı dialoqu Heydər Əliyev sonra da, bütün 1990-cı illər boyu davam etdirəcəkdir...

Bir halda ki, bütün ölkəyə açıq olan həqiqətlərdən söhbət gedir, roman oxucunu həmin acı həqiqətlərin məğzinə və Heydər Əliyevin siyasi dühasının təntənəsinə həssas olmağa yönəldir. Heydər Əliyevi Bakıya, çıxılmaz duruma yardım etmək üçün  Əbülfəz Elçibəy özü dəvət etmişdir; daxili işlər naziri, baş nazir, parlament sədri istefa vermiş və hamı gözünü ümidlə Naxçıvan Ali Məclisinin başçısına dikmişdir... Amma bu zaman parlamentdə kimlərsə ucuz komediya oynamağa başlayır, əllərindən gedən hakimiyyətdən necəsə yapışmaq üçün Heydər Əliyevin sədr seçilməsinə əngəllər törətmək istəyirlər... Heydər Əliyev kükrəyir: "Məsələnin burada müzakirəsi vaxtı səslənən hər cür sözlər, söhbətin başqa məcraya yönəldilməsinə edilən cəhdlər məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura öz istəyimlə gəlməmişəm. Məni dəvət ediblər. İsa Qəmbər, Pənah Hüseynov və prezident Əbülfəz Elçibəy dəfələrlə mənə zəng edib gəlməyimi, burada müəyyən bir vəzifə tutmağımı və onlarla birgə bu məsələnin həllində iştirak etməyimi xahiş ediblər. Bir neçə gün ərzində mənimlə danışıqlar aparılıb. Mən bu vəzifələrdən imtina edirdim. Bu gün də imtina edirəm..." (s. 251)

Müəllif hər cür yüksək vəzifələrdə olmuş və bu vəzifələrdən ucada duran qəhrəmanının daxilən azad, sərbəst əhval-ruhiyyəsinə, olduğu məkandan çox-çox uzaqlarda gəzən düşüncələrinə önəm verir. Heydər Əliyevə suallar yağdırır, nələrsə soruşur, vəziyyətdən çıxış barədə təminat tələb edirlər, amma bu vaxt "o özü isə zəngin və mürəkkəb həyatının səhifələrini vərəqləyirdi. Heç kəs, heç vaxt, heç nəyi ona hazır gətirməmişdi. Hər şeyə özü nail olmuşdu və çox şey əldə etmişdi. Doğrudanmı indi hər şeyi təzədən başlamaq lazım gələcək? Çiyinlərini necə də ağır bir yükün altına verməli idi! Elə bil viranəyə dönmüş bir yerə qayıdırdı! Əvvəlcədən həqiqəti onların üzünə çırparaq "necə aləmi qatmısız, özünüz də vəziyyətdən çıxın" demək hələ gec deyildi. Əgər bacarsanız... Və öz sərt dağlarına, sevimli Naxçıvanına qayıtsın... Lakin bu anda Gəncədə gördükləri, onu ümidlə yola salan cavan əsgərlərin baxışları gözlərinin qabağına gəldi..." (s. 250)

Elçin 1992-ci ildə qələmə aldığı "Dünya axirət əkini" essesində siyasi xələflərinin xəyanətini anıb, Heydər Əliyevin pərişanlıq halını Kral Lirlə müqayisə etmişdi; "ki, o zamanlar Heydər Əliyevin Bakıya qayıdışı və ona hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət rahat buraxmadı: Kral Lir..." (Elçin, Dünya axirət əkini // Elçin, Seçilmiş əsərləri. 10 cilddə. 6-cl cild. Bakı, Çinar-Çap, 2005, s. 237). Doğrudan da 1990-cı illərin əvvəllərində Azərbaycan həyatında Şekspir ehtiraslarına layiq dramatik hadisələr cərəyan edir. Bir az əvvəl bəlkə də Kral Lirlə müqayisələr yerinə düşürdü, amma bu dəm, romanda Heydər Əliyevin parlament  ittihamları sanki Hamlet monoloquna daha yaxın görünür: Olummu, ölümmü?!  "Məni hiddətləndirən odur ki, Azərbaycan belə acınacaqlı vəziyyətdədir, bəzi adamlar isə artıq on gündür, əllərini ağdan-qaraya vurmayıblar. Haralardasa Azərbaycandan qıraqda gəzirlər, kabinetlərində cürbəcür işlərlə məşğul olurlar, bu gün isə kinayə ilə deyirlər ki, kimsə yüksək kreslo tutmaq istəyir. Mənə heç bir kreslo lazım deyil, mənə heç bir vəzifə lazım deyil..." (s. 252)  

Heydər Əliyev istefa verdikdən sonra üç hakimiyyət mənsubları ilə: Moskva ilə, Ayaz Mütəllibov hökuməti ilə, Xalq Cəbhəsi ilə üz-üzə gəlmiş, Vətəni, xalqı, milləti naminə kömək əlini təklif etmiş, əfsus ki, hər dəfə rədd cavabı almışdır... "1991-ci ilin fevralında, bu zalda çıxış edərkən, mən bu tribunadan söylədim: respublikaya ona görə gəlmişəm ki, bu ağır gündə xalqımla bir yerdə olum və ona köməyimi edim. O vaxt məni qəbul etmədilər. Mən sonralar da dəfələrlə bəyan etmişəm ki, heç bir vəzifəyə iddialı deyiləm. Mən bunu bu gün də təkrar edirəm. Mən bu dəqiqə burdan çıxıb gedə bilərəm..." (s. 252)

Romanda Əbülfəz Elçibəy Heydər Əliyev barədə düşünəndə Allahı xatırlamış, "Bu Əliyev də axı Allah deyil!" - fikirləşmişdi. Heydər Əliyev özü daha da aza qanedir: "Mən heç kəsə heç bir təminat vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm..." (Bu sözlər romanda məxsusi qabardılmışdır- T.Ə.). Heydər Əliyev özünü sadəcə siyasətçi, xalqının bir parçası hesab edir: "Əgər siz bir vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovet sədrinin müavini kimi mənə etimad göstərsəniz, onda, Ali Sovetin sədri kimi, bunu istəmədiyimə baxmayaraq, ağır vəziyyətdən çıxış yolu tapmaq üçün fəaliyyət göstərməyə hazıram. Mən bu işə ancaq ona görə gedirəm ki, xalqı ağır vəziyyətdən çıxartmaq üçün müəyyən fəaliyyət göstərim, mənim başqa məqsədim yoxdur. Burda çıxış edən bəzi insanlar bura ancaq hansısa bir məqsəd naminə gəliblər. Buna görə də mən heç kəsə təminat vermirəm. Lakin hesab edirəm ki, Azərbaycan xalqı kifayət qədər müdrik xalqdır, bizim millətin böyük potensialı var. Əl-ələ verib bu vəziyyətdən çıxmaq olar" (s. 252)  

Romanın başlıca ideyalarından biri də məhz budur: xalq və hakimiyyətin vəhdəti! Akademik İsa Həbibbəyli "Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası" əsərində yazır: "Ölkələrin və xalqların tarixində və taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "ölüm, ya olum" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşısında idi... Sual açıq və aydın idi: "Ölüm, ya olum!" Heç şübhəsiz, hər hansı xalq həmin sual qarşısında qalarsa, nə qədər çətin olsa da, mütləq "qalım" qərarını verərdi. Azərbaycan xalqı da varlığını, ölkənin bütövlüyünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi" (İsa Həbibbəyli, Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, "Əcəmi", 2013, s. 5). Belə ki, 1990-cı illərin əvvəllərində dəfələrlə gündəmə gələn ölüm-olum monoloqu ən nəhayət xalqın xeyrinə həll olunur.

Hakimiyyətin sifətini xalq təyin edir, əksinə yox. Mövlud Süleymanlı yazır: "Xalq məfhumu öz mənası - anlayışıyla təbiətə çox bənzəyir. Belə ki, əgər təbiətə laqeyd olsaq, qayğısına qalmasaq, qorumasaq, əksinə, söküb dağıtsaq, intiqamını heç kəsdən yox, bizim özümüzdən alacaq, nəticədə ağrısını özümüz çəkməli olacağıq! Xalq da belədir, onu anlamadınsa, o da səni anlamayacaq, sevmədinsə, o da səni sevməyəcək. Bir anlıq tarixə nəzər salaq. Son 40 il müddətində Azərbaycan xalqıyla Heydər Əliyevin səmimi dostluğunun, birliyinin, ata-oğul istəyinin şahidi olacağıq..." (Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü. // Tənqid.net jurnalı, № 10, s. 24)

Elmira Axundova "Şüşə saray" romanında Vətənə dönərkən ümumxalq sevgisindən dirçələn qəhrəmanını əfsanəvi Anteylə müqayisə etmişdir: "Xalqın ona münasibətindən ruhlanan Əliyev elə bil bir neçə onilliyin yükünü çiynindən atdı; o yorğunluq bilmədən insanlarla ünsiyyətdə olur, muxtar respublikanın kəndlərini bir-bir gəzirdi. Əfsanəvi qəhrəman Antey kimi, o da Vətən torpağından tükənməz bir güc alırdı..." (s. 33). Romanda övlad-xalq münasibəti xüsusən ən çətin məqamlarda, xalqın, sözün hər mənasında qəhrəman oğulun arxasında durduğu, onu və onunla birgə özünü xilas etdiyi çıxılmaz situasiyalarda qabarıq təzahür edir. 1992-ci il oktyabrında çevrilişə cəhd zamanı Heydər Əliyev xalqa müraciət edir; romanda hadisənin canlı şahidi Sirus Təbrizli xatırlayır: "Televiziya ilə çıxış edən "cəbhəçilər"i görən kimi, Əliyev Vasif Talıbova tapşırdı: "- Camaatı yığ". Bu üsuldan o, sonralar, 1994-cü ilin oktyabrında da istifadə etdi. İki maşın şəhərə çıxdı: "- Camaat, meydana yığışın! Heydər Əliyevi devirmək istəyirlər! Sirus Təbrizli hamınızı mitinqə çağırır! Ali Məclisin qabağına yığışın! Heydər Əliyev sizi köməyə çağırır!" Camaat da meydana axışmağa başladı. Mən çıxış edirdim, insanlar isə elə hey gəlirdilər. İndi Heydər Əliyevi öldürmək üçün "cəbhəçi"lərə bütün xalqı güllələmək lazım gələcəkdi. Bizim başqa müdafiəmiz yox idi..." (s. 54)

1992-ci ilin oktyabrında olduğu kimi, 1994-cü ilin oktyabrında da çevriliş cəhdinin qarşısını xalq alır. Bu dəfə Bakıda, xalq öz Prezidentinin keşiyində durur. Mövlud Süleymanlı yazır: "1994-cü il oktyabr ayının 4-ü gecəsini xatırlayaq. Azərbaycan dövləti və dövlətçiliyinin ölüm-dirim məsələsi həll olunurdu. İllər boyu fürsət axtaran düşmən əllərini içimizə uzada bilmiş, aramızdakı satqınlarla işini qurmuşdu. Qarşıda onlara mane ola biləcək bir qüvvə qalmamışdı, hamı, demək olar ki, Heydər Əliyevi meydanda tək qoyub, qaçıb dağılmışdı. O, dahiyanə fəhmiylə vəziyyəti çox düzgün və vaxtında qiymətləndirib, gücünün harda olduğunu doğru anlayıb, xalqa üz tutdu. Gecə yarıydı. Minilliklər boyu xatırlanacaq şərəfli bir tarix! "- Əziz həmvətənlərim! Bacılar, qardaşlar! Oğullarım, qızlarım! Vətənimizin üstünü qara buludlar alıb! Dövlətimiz-dövlətçiliyimiz təhlükə altındadır..." O gecə əli çatan, ünü yetən hər kəs onun səsinə səs verdi. Ayağı yer tutan yola çıxdı, avtobuslarla, maşınlarla, metro ilə, piyada, ayaqyalın, başıaçıq Prezident Aparatının qarşısına axışdılar... Bir-birini ruhuyla anlamış, tarixin bütün dönəmlərində bir-birinə səmimi, sadiq və həyan olmuş iki qüvvə: Xalq və Heydər qüvvəsi birləşmişdi, bütün təhlükələri, xəyanəti tapdayıb bayrağını yenidən ucaltmağa, dövlətini-dövlətçiliyini qorumağa gəlmişdi..." (Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü. // Tənqid.net jurnalı, № 10, s. 27)

Tarix bizə günümüzü dəyərləndirmək üçün gərəkdir; elə ədəbiyyat da. Bunu unutmağa haqqımız yoxdur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!