Fani dünyanın astanasında... - Kənan Hacı yazır

Ustad yazıçı Aqşin Babayevin ruhuna ehtiramla...

 

O, həm öz ölkəsində, həm də qardaş Türkiyədə çox sevilirdi. Bu sevgidə həm əsərlərinin, həm də özünün bir insan, şəxsiyyət olaraq payı vardı. Aqşin Babayev deyəndə mənim yadıma Nazim Hikmət düşür, Azərbaycan radiosunun şöhrətli çağlarını xatırlayıram. O, Nazim Hikmətlə yaxın dost olmuşdu, onun həyatı və yaradıcılığını araşdırıb samballı kitablar yazmışdı. Ömrünün on beş ilini radionun inkişafına sərf etmişdi. İctimai xadim idi, saysız-hesabsız roman, povest və hekayələrin, pyeslərin, şeirlərin, elmi-publisistik məqalələrin müəllifi idi, professor idi, tələbələri vardı. Çoxşaxəli yaradıcılığa malik qələm adamı idi. Bir sözlə, əsl ziyalı idi.

Bu gərgin, narahat günlərdən birində səssizcə dünyamızı tərk etdi... Mən ağsaqqal dostlarımdan birini itirdim. Bu xəbər məni İstiqlaliyyət küçəsiylə üzüaşağı düşəndə, Qoşa Qala qapılarının yanında haqladı. Bir işlə əlaqədar Füzuli adına Əlyazmalar İnstitutunda alim dostumla görüşməliydim. Sanki məni yerə çırpdılar, Sabir bağındakı skamyalardan birinə çökdüm. Xatirələr gözüm önündə canlandı. Telefonda fezbuku açan kimi əsas səhifədə Aqşin müəllimin statusunu gördüm:

"Bu gün saat 10:43-də Allahımın hüzuruna qovuşdum. Artıq ağrı hiss etmirəm. Əlvida".

Saata baxdım. 11:43-ü göstərirdi. Bir saat. Bir saat idi ki, o, bu fani dünyanın qapısından uzun, əbədi səfərə çıxmışdı.

Aqşin müəllimlə ilk tanışlığımızı xatırlayıram. 1995-ci ildə "Başımıza gələnlər" kitabı yenicə çıxmışdı. O zaman mən "İki sahil" qəzetinin parlament müxbiri idim. O isə Ali Sovetin mətbuat xidmətinin rəhbəri idi. Həftə ərzində bir neçə dəfə ünsiyyətimiz olurdu. Bu haqda "Yaddaş kartı" kitabımda geniş yazmışam. Beləcə, dostluğumuz yarandı. Aramızda nə az-nə çox, qırx yaş (!) fərq olsa da o, mənimlə öz yaşıdı kimi davranırdı. Mən bu münasibətdən sıxılırdım, bir az da təəccüblənirdim. Bu, onun ziyalı mədəniyyətindən irəli gəlirdi. Sonrakı illər ərzində də Aqşin müəllim aramızdakı yaş fərqini qətiyyən hiss etdirmədi. Mən onun "O biri dünyanın astanasında" romanı haqqında "Ədəbiyyat qəzeti"ndə yazı yazdım. Çox xoşuna gəlmişdi. Zəng edib minnətdarlığını bildirdi. Söhbət əsnasında dedim ki, Aqşin müəllim, mən 90-cı illərin əvvəllərində sizin "Dünyanın axırı" romanınızı oxumuşdum. Çox gözəl əsərdir. Onu niyə təkrar çap etdirmirsiniz? Gənclərin də bu əsərlə tanışlığı yaxşı olardı. Dedi nə yaxşı sən o əsəri xatırladın. Demək, o əsər hələ də unudulmayıb. Az sonra Aqşin müəllim zəng etdi ki, "Dünyanın axırı"nı təkrar nəşrə hazırlayıram, xahiş edirəm, o kitaba sən ön söz yazasan, çünki bu əsərin təkrar çapının ilk təşəbbüskarı sənsən.

Sözün açığı, Aqşin müəllim kimi usta qələm sahibinin öz kitabına mənim ön söz yazmağımı istəməsinə sevindim. Bu məsuliyyəti üzərimə götürməzdən əvvəl romanı on yeddi ildən sonra təkrar oxudum və "Müstəqillik dövrü ədəbiyyatımızın ilk nübarı" adlı yazı yazdım. Kitab çıxdı və Aqşin müəllim bir nüsxəsini avtoqrafla mənə yolladı.

Aqşin müəllim mənim iki kitabımın təqdimatında iştirak edib. Sonuncu dəfə ötən il "Yeraltı külək" kitabımın təqdimatına gəlmişdi. Geniş çıxış elədi, onun çıxışı maraqlı məqamlarla yadda qaldı. Bu yazıda nüanslara varmaq istəmirəm. Aqşin müəllimlə bağlı çoxlu xatirələrimiz var, mən indi o xatirələri beynimdə nizama salmaqda çətinlik çəkirəm. Çünki bu itgini şüurum, ağlım qəbul edə bilmir. Həmin təqdimatın videoyazısı arxivimdə qalır. Nə vaxtsa onun haqqında geniş bir yazı yazacam.

Çox qəribədir, tale mənə doğmalarımın dəfnində iştirak etmək fürsəti verməyib. Anamın, böyük müəllimim Rəhimağa müəllimin dəfnində iştirak edə bilməmişəm. Aqşin müəllimi də yola sala bilmədim.

Bizdən asılı olmayan səbəblərə görə də əzab çəkməli oluruq...

İndi bizə qalan Aqşin müəllimin işıqlı xatirəsidir, əsərləridir. Belə kişilərin ömür yolu gənclik üçün örnək olmalıdır. Aqşin müəllim 84 illik bir ömür yaşadı. Amma əsl kişilər nə qədər çox yaşasa da yenə də düşünürük ki, az yaşadı. Özü demiş: "Kişilər az yaşadı".

Ruhun şad olsun, böyük kişi!

Saata baxdım. 12:43.

İki saat keçdi. İki qərinə, iki əsr də keçəcək, amma daha sizin ölümdən qorxunuz yoxdur, Aqşin müəllim. Tarix və zaman sizi əbədi olaraq yaşadacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!