Uşaq qəlbi uğrunda mübarizə, yaxud uşaq qəlbinə daxil olan kuklalar

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrından reportaj

 

Teatrın qarderobundan eşidilən uşaqların səsi məni öz sehrinə aldı. Ayaqlarım yerdən üzülmüş kimi özümü uşaqların sırasında, onların yaşıdı kimi hiss etdim. Abdulla Şaiq: "Doğdu Günəş qırmızı, can gülüm can can,topladı oğlan qızı can gülüm can can" şeirini yazarkən yəqin ki, məhz onun adını daşıyacaq və illər sonra bu teatra toplaşan uşaqları nəzərdə tutmuşdur. Zalda ayaq üstə dayanıb sevinclə alqışlayan və sakitcə oturub laqeydcəsinə baxan uşaqlar da vardı. Karantin dövrünə düşməsinə baxmayaraq, mən bu həyəcanı görür və duyurdum. Çünki hər birimizin içindən keçən bir uşaqlıq vardır ki, o uşaqlıq bütün uşaqların hisslərinə qoşula bilir.

Bu il 1 İyun uşaqlar günü bütün ölkələrdə, eləcə də Azərbaycanda hələ dünyada yaşanmamış bir pandemia dövrünə düşdü. Bu elə bir dövr oldu ki, bu zaman hamı evə qapanaraq birlikdə yaşamaq məcburiyyətində qaldı. Bütün valideynlər vaxtlarını ailəsinə, uşaqlarına ayırdı. Övladının zövqünə, dünya görüşünə və istəklərinə məhz bu dövrdə bələd olaraq, maraq göstərən az olmadı. Karantin adı altında dövlət tərəfindən valideynlərə verilmiş məzuniyyət böyüklərlə uşaqlar arasında maraqlı ünsiyyət formalarını yaratdı. Uşaqlardan öz daxili bacarıqlarına yönələrək, yaradıcılıq xüsusiyyətlərini inkişaf etdirənlər də az olmadı.

Uşaqlıqda kirayə yaşadığımız evə yaxın çox gözəl mənzərəli həyətdə bir yaşıdım yaşayırdı. Hər axşam sevimli gəlinciyi ilə qapıda otururdu. Bir dəfə onu təəccüb icində təlaşlı gördüm. Sevimli kuklası ilə sualına cavab axtarırdı. Yaxınlaşıb nə baş verdiyini soruşduqda: "Mən ağlayanda, kuklam məni görmür, çünki gözlərini yumur", -deyə hönkürtü ilə ağlayırdı. O ağladıqca mənim fikrim kuklanın gözlərinə cəmləndi: kukla iri parlaq gözləri və uzun kirpikləri ilə bizə baxırdı. Düzü bu haqda cox fikirləşdim. Cox sonralar anladım ki, uşaqlar ağlayarkən gözlərini bərk yumur, heç kimi görmədikləri üçün elə düşünürlər ki, onları da görmürlər... Onu da qeyd edim ki, kuklaların insanlardan fərqli olaraq bir siması vardır. Güləyən kuklanın üzündə daima təbəssüm, kinli kuklanın isə üzündə qəzəb olacaq. Bəlkə də elə ona görə onlarla işləmək çətindir. Burada cansız bədənləri idarə edən aktyorlar uşaqları öz hisslərinə tabe etməli idilər. Rejissor kuklalara quruluş verməli, onların tərtibini rəssamlarla uzun mübahisələrdən sonra səhnəyə gətirərək.

Beləliklə artıq teatrda idim. Karantin dövrünün gecə bitməsinə baxmayaraq, artıq bir iyundan teatr öz məşqlərinə başlamışdı. Teatr kollektiv bir əmək olduğu uçün bütün heyət burada iş başında idi. Premyerada Səməd Behrənginin "Balaca qara balıq" tamaşası oynanılırdı. Ən maraqlı nüans aktyorların söhbəti idi. Belə ki, onlar səhnədə məşq zamanı əvvəldən uşaqların sevinclərini və iradlarını öz aralarında bölüşməsi idi. Bu maraqlı müzakirə onu sübut edir ki, onlar uşaqların zövqünü və dünya görüşünü hamıdan tez duyaraq, həssaslıqla yanaşırlar.

Kuklaların yerləşdiyi emalatxana isə ayrı bir sehirli aləm idi. Onlar geyimləri ədaları ilə öz rollarını gözləyirdi.

Teatrın direktoru Rəşad Əhmədzadə bəzi məqamlara aydınlıq gətirdi.

Rəşad müəllim uşaqları öz başına toplayan kuklalar hansı prosesləri keçir?

Teatrda ilk növbədə maraqlı əsərlər seçilərək, rəssamlara təhvil olunur. Mən deyərdim ki, kukla teatrının digər teatrlardan fərqi yalnız səhnə dekorasiyası deyil, personajlara da quruluş vermək lazımdır. Rəssamlarla personajların uyğunluğu və tamaşacılar arasında əlaqəni qurmağa çalışırıq.

Aktyorları səhnə yetişdirir. Bura həmçinin akademiya sayıla bilər. Çünki heç bir universitetdə kukla teatrı fakültəsi yoxdur. Bu baxımdan teatr hansı işləri görür?

Bilirsinizmi, Kukla Teatrının aktyoru bütün teatrlarda oynaya bilər. Amma digər teatrlardan bizə müraciət edənlər müəyyən zaman müddətində təcrübə keçməlidir. Universitetlərdə Kukla teatrına dair ixtisasların olmaması səbəbindən aktyorlar məhz burada yetişirlər. Buna isə xeyli vaxt lazım olur.

Uşaqlar dünyanın ən səmimi varlığıdır. Sizə çətin olmur ki, onları idarə etmək?

Biz çəkdiyimiz xərcə görə tamaşacını itirə bilmərik. Bizim işimiz həm valideynlə, həm də uşaqların zövqü ilə əlaqədardı. Cünki uşağın xoşu gəlməyəndə tamaşanı tərk edə bilir, ya ağlayır. Dərhal münasibətini bildirir. Səmimiliyi də elə yerindəcə münasibət bildirməsindədir. Məsələ burasındadır ki, valideyn də xoşu gəlməyəndə uşağını götürüb gedir.

Tamaşalarda klassik, yoxsa müasir əsərlərə üstünlük verirsiz?

Repertuarımızda 30 yaxın tamaşamız var. Bizdə həm müasur, həm də klassik əsərlər oynanılır.

Karantin dövründə necə, uşaqlarla əlaqəniz oldumu?

Bəli, bizim "yutub" kanalında tamaşalarımız gedir. Uşaqlar üçün "Mədəniyyət" kanalında tamaşalarımız çəkilib uşaqlara təqdim olunub. Bizi birləşdirən Mədəniyyət layihəmiz vardı, "Mədəniyyət" kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq tamaşaların videoları təqdim olunurdu. Amma əsas məsələ uşaqlarla canlı görüşməkdi.

Bəli, əsas məsələ uşaqlarla canlı ünsiyyətdir. Uşaqlar canlı olaraq, hər şeyi görməli və götürməlidir. Çalışaq, uşaqları sevindirək, hərəmiz öz sənətimizlə... Kukla teatrının belə bir imkanı olduğu üçün çox şanslıdır. Onlar uşaq qəlbini qazanmaq uğrunda mübarizə aparanlardır. Və qalibdirlər!

Hazırladı: Fidan Nizaməddinqızı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!