Xilasedici mədəniyyət faktı - Oruc - Hacı Şahin HƏSƏNLİ

 

Bəlkə də elə din yoxdur ki, orada oruc, yəni könüllü şəkildə fizioloji ehtiyaclardan imtina ideyası olmasın. Hətta bu ayinin nə qədər qədim olması haqda da bir söz demək mümkün deyil. İnsan var olduğu qədər oruc da var...

Oruc həm bir ayin, həm bir ideya kimi hər zaman anti-insani mədəniyyət qarşısında bir sipərdir. Ta qədim zamanlardan bu günə kimi insan özü haqda iki aşırı mövqedə durur: maddi və mənəvi. Günümüzdə də dünyaca məşhur insanların gah materializmə və maddiyyatpərəstliyə, gah da inziva və tərki-dünyalığa meyilləndiyini görürük. Bu da bir qədər anlaşılandır. Radikal addım hər zaman radikal əksüləməl doğurur. Dünyamız maddiyyata qərq olduqda, insan mənəviyyata tərəf qaçmaq istəyir. Əksinə, mənəviyyat maddiyyatı kölgədə qoyduqda - insan bütün varlığı ilə mənfəətpərəstlik dənizinə dalır. Hər iki halda insan özü ola bilmir, öz əksinə getmiş olur. Lakin oruc bu çalxalanmanı ram edir, bir reallıqdan digərinə qaçmağa imkan vermir. Oruc insana onun həm maddi, həm mənəvi varlıq olduğunu yaşadır. Yəni, reallığı olduğu kimi göstərir. Bəlkə elə bu səbəbdən Pifaqor tədrisə başlamamışdan öncə şagirdlərinə qırx gün oruc tutmağı tapşırardı. Oruc məna ilə maddə arasında əlaqəni üzə çıxarır. Hər iki cəhətin keyfiyyətcə bir-biri ilə bağlı olması oruc tutana bəlli olur. Heç demə, mənəviyyatın unudulduğu bir dünyada maddi rifaha çatmaq da mümkün deyil. Necə ki, maddiyyatı önəmsəmədən mənəvi gücə də yiyələnmək olmur. Bu baxımdan oruc bir dünyagörüşüdür.

Orucun ortaya qoyduğu digər bir həqiqət də var: zaman hər şeyə hakim deyil. Hər şeyin, hətta etiqad və hisslərin belə, dəbə qurban gətirildiyi bir dünyada dəyişilməz prinsiplərin, köhnəlməyən qaydaların olmasını bilmək həyati əhəmiyyət kəsb edir. İnsan inkişaf edən, dinamik bir varlıqdır. O, bir yerdə dayana bilmir, daim öyrənməyə, yeni təcrübələrə can atır. Amma onu gözləyən müəmma qarşısında hər zaman cəsarətsizlik göstərir. Ona cürət verən dayaq nöqtəsinin olmasıdır. Yəni insan əmin olmaq istəyir ki, hansı zirvəyə qalxsa da, hansı dərinliyə varsa da, insan olaraq qalacaq. Bütün ideologiyaların ən çatışmayan cəhəti məhz budur: insana şövq və ümid verir, amma əminlik və güvən yox. "Həyatı necə düzgün yaşamaq gərəkdir?" sualına cavab axtaran Fuko fəlsəfəyə "öz qeydinə qalmaq" anlayışını gətirir. Öz qeydinə qalmaq, yəni, öz daxilindəki əbədi və dəyişilməz həqiqətin qayğısını çəkmək, təfəkkürü daha yüksək müstəviyə qaldırmaq, maddiyyata bağlanmamaq və xüsusi məşqlər etməkdir, postmodernist filosofa görə. Oruc insana bu hissləri yaşadır. Oruc tutan şəxs əsrlər öncə yaşamış əcdadları və əsrlər sonra yaşayacaq nəticələri ilə, fərqli coğrafiyada yaşayan və fərqli sosial statusda olan insanlarla dəyişilməz bir həqiqəti bölüşdüyünü hiss edir. Zaman və məkanın fövqündə duran eyni hisslər, eyni ehtiyaclar, eyni amallar bütün fərqlilik və fasilələri aradan aparmağa qadirdilər. Zamanmərkəzli (liberalizm) və məkanmərkəzli (mühafizəkarlıq) ideologiyalar arasında parçalanan dünyada oruc alternativ bir yoldur.

Orucun rahatlıq yaratmaq gücü də var. İstehlakçı mədəniyyət texnoloji və iqtisadi inkişaf görüntüsü yaratsa da, reallıqda insana rahatlıq bəxş edə bilmədi. Əksinə, həm maddi, həm mənəvi baxımdan ciddi fəsadlara səbəb oldu: maniyalar və asılılıqlar çoxaldı, təbiətin çirklənməsi və təbii resursların tükənməsi olmazın sürət yığdı, sosial fərqlər kəskinləşdi, insan öz kimliyini unutdu. Təsadüfi deyil ki, Bodriyar müasirliyi "zibilqabı sivilizasiyası" və ya "supermarket erası" deyə adlandırırdı. İnsan olan bir varlıq həyatını istehsal-istehlak müstəvisində dəyərləndirə bilməz. Əks təqdirdə, gərək yaradıcı azadlığını əldən versin, başqa sözlə, cəmiyyət gərək intihar etsin. Ona görə də artıq "daunşiftinq", "aram həyat" və "sadə həyat" fəlsəfəsi öz minimalizmi ilə günü-gündən daha çox gəncin marağını cəzb edir. Təbiidir ki, xoşbəxtlik yalnız sonsuz istehlakla deyil, həm də imtina ilə əldə olunur. Yalnız ikrah hissi yaranmasın deyə deyil, həm də zərfiyyəti çoxaltmaq üçün imtina etməliyik. Hər şeyin fizioloji ehtiyaclar bucağından dəyərləndirildiyi bir dünyada oruc - xilasedici mədəniyyətdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!