Həmidə Cavanşir... - Günel EYVAZLI yazır - Günel EYVAZLI

Azərbaycan qadını silsiləsindən beşinci yazı

Günel EYVAZLI

 

1907-ci il fevral ayının 21-də Bakıda həm aclıq, həm də ermənilərlə azərbaycanlılar arasında sülh yaratmaq məsələlərini müzakirə etmək üçün xüsusi konfrans çağırılır. Teleqram vaxtında çatmadığı üçün Həmidə xanım tədbirə bir neçə gün gecikir. O, Bakıda olarkən xəbər tutur ki, demə, ruhanilər və Qarabağ bəylərinin bir hissəsi onun konfransda iştirakına qəti etiraz ediblər. Etirazın səbəbi isə bir qadının belə bir tədbirdə iştirakının şəriət qaydalarına, adət və ənənələrə zidd olduğu olub...

Həmidə Cavanşir Şuşa qəzasının Kəhrizli kəndində anadan olmuşdu. Uşaqlıq illərində heç bir rəsmi məktəbdə təhsil görməmiş, Azərbaycan və rus dillərində oxuyub-yazmağı ailəsində öyrənmişdi. Sonralar şəxsi mütaliə yolu ilə savad və bilgilərini artıraraq zəmanəsinin öncül ziyalı qadınlarından birinə çevrilmişdir.

O, gözəl, təfəkkürlü, savadlı, cəsarətli qadın idi...     

Bu cəsarətini, şücaətini, ağlını bir çox Qarabağ bəyləri qəbul etmək istəmirdi. Çünki Həmidə xanıma sözünü deyə bilmək qüdrətində olan ağıllı, bacarıqlı insan kimi yox, məhz qadın kimi baxılırdı. Qadın isə bu dırnaqarası təfəkkürlülərə görə daima susqun və mütilik ampluasında olmalıydı.

Həmidə Cavanşir əsilzadə idi. Belə bir xanımla kim ailə qurmaq istəməzdi ki? Çox bəylər bu ailə ilə qohum olmaq arzusunda idi. 16 yaşı olarkən İbrahim bəy Davatdarovla izdivaca girir, xoşbəxtlik ümidilə ailəsilə birgə Qarsa yollanır. Ailə səadəti uzun çəkmir. Ömür-gün yoldaşı gün vurmasından həyatını itirir, o isə 29 yaşında iki övladı ilə dul qalır və atasının yanına qayıtmağı qərara alır.

Həyatını atasının işlərinə, kənd camaatına, övladlarının böyüməsinə sərf edən Həmidə xanım evlilik haqqında düşünmürdü. Bəlkə də elə bu səbəbdən Mirzə Cəlilin evlilik təklifinə iki ildən sonra "hə" cavabı verir.

O, Cəlil Məmmədquluzadə ilə rastlaşanda heç güman etməmişdi ki, nə zamansa onun həyat yoldaşı olacaq. Çünki həmin görüşdə Cəlil bir il öncə ikinci həyat yoldaşını itirdiyi üçün dərin depressiv ovqatda, Həmidə isə bir müddət öncə atası Əhmədbəy Cavanşiri itirdiyi üçün üzgün vəziyyətdə idi. O, mərhum atasının  vəsiyyətinə görə onun Puşkin, Lermontov, Jukovski, Andersendən etdiyi tərcümələri kitab halında çap etdirmək məqsədilə C.Məmmədquluzadənin başçılıq etdiyi "Qeyrət" mətbəəsinə gəlmişdi. İlk görüşlərində Cəlil ona solğun və kədərli görünmüşdü. Arvadının ölümündən sonra ard-arda yaxın dostunu, valideynini itirməsi Mirzəni mənən sarsıtmışdı. Onun özü də evlilik haqqında düşünmürdü.

Həmidə Cavanşir təhsil, dil məsələlərində olduqca həssas idi. "Mirzə Cəlil haqqında xatirələrim" kitabında yazır: "O zaman bir məsələ məni çox həyəcanlandırırdı. İnstitutda müxtəlif millətlərdən olan qızlar tədris edilən fənlərdən başqa, öz ana dillərini də öyrənirdilər. Lakin müsəlman qızları istisnalıq təşkil edirdilər. Çünki onların ana dili müəllimi yox idi. Bu haqda mən qabaqlar da institut direktoruna demiş, ondan "müəllim və ona vermək üçün pulumuz yoxdur" cavabını almışdım. Axırda bildirdim ki, müəllimin maaşını özüm verməyə hazıram". Qeyd edim ki, adıçəkilən təhsil ocağı Tiflis Qızlar İnstitutu idi. Həmidə Cavanşirin qızı Mina orada təhsil alırdı.

1906-cı ilin dekabrında Həmidə xanım Tiflisdə yaşayan rəfiqəsi Sofiya xanımdan məktub alır. Məktubda Mirzə Cəlilin onunla evlənmək istəyi haqqında yazılır, fikri sorulur. O, məktuba "Atamın mülkünü başsız qoyub ərə gedə bilmərəm" cavabını yazıb göndərir. Amma baş verən müxtəlif hadisələr Həmidə xanıma Mirzə Cəlili daima xatırlatmaqda davam edir... Evlilik təklifindən bir il sonra başı növbəti qayğıya qarışsa da, tale Mirzə Cəlili yenidən onun yadına salır. 1907-ci il mart ayının ortalarında çəyirtkə axını nəticəsində əkin sahələri, bostanların kütləvi məhvi zamanı rayon əhalisi aclığa məruz qalır. Bu aclıq insanlar arasında yatalaq xəstəliyinin geniş vüsət almasına gətirib çıxarır. Kütləvi ölüm hadisələrinin qarşısını almaq, xəstəliklə mübarizə aparmaq üçün Gürcüstanın məşhur həkimi Tupuridze Həmidə xanımın yaşadığı bölgəyə gəlir və günlərin birində onun evinin qonağı olur. Söhbət əsnasında məşhur həkim "Molla Nəsrəddin" jurnalı haqqında ağızdolusu danışaraq Mirzə Cəlil barədə xoş sözlər söyləyir. "Belə satirik təfəkkür sahibi olan dahi insanlar min ildə bir doğulur" fikrini dilə gətirir.

Bir müddət sonra qızı Minanın buraxılış təntənəsi münasibətilə Tiflisə yola düşən Həmidə xanım rəfiqəsi Sofiya xanımgildə olarkən yenidən rəfiqəsinin Cəlillə evlənməsindən, onların xaraktercə uyğun insan olmaları haqqında ağızdolusu sözlər eşidir. Bu izdivacın olmasına meyilli olan Mirzə Cəlil də Həmidə Cavanşirin Sofiya xanımgildə olmasından istifadə edib, dəfələrlə evin qonağı olur, amma utandığından evlilik haqqında danışmağa çəkinir. Yalnız həmin ərəfədə yazıçının "Molla Nəsrəddin" jurnalında gedən gurultulu felyetonu Həmidəni belə bir bəylə evlənməyə təhrik edir. Cəlilin mütərəqqi ideyalarla zəngin mətnləri, dərin zəkası, məhz zəkası və təfəkkürü Həmidə xanımı məftun edir. Bəli, Mirzə Cəlil adi rəiyyət nümayəndəsi olmasına baxmayaraq, Həmidə xanıma layiq bir namizəd idi. Bu izdivaca Həmidə xanımın əsilzadə qohum-əqrəbası narazılığını bildirsə də, o, kiminlə ailə qurmaq istədiyinin fərqində idi.

"Sizin arzunuz məni qətiyyən təəccübləndirmir. Siz gec-tez birini sevib ərə getməli idiniz. Deməliyəm ki, namizədiniz mənim xoşuma gəlir. Mirzə Cəlil böyük istedadı olan bir şəxsiyyətdir. Onun parlaq gələcəyi vardır. Lakin onun şəhərdə öz faydalı işini buraxıb kəndə, sizin yanınıza köçməsi, eyni zamanda kənddə avam camaat arasındakı faydalı işlərinizi buraxıb sizin şəhərə köçməyiniz çox təəssüflü bir hal ola bilər. Sizin hər biriniz təklikdə faydalı ictimai xadimsiniz, həmişə bir yerdə yaşasanız, bir-birinizə mane olarsınız. Ziyalı qadınlar, adatən, öz ərlərinə qarşı tələbkar olur, hər işdə onlardan haqq-hesab tələb edirlər. Bu isə onları sıxıb bədbəxt edir. Ehtiyatlı olun, onu qorumaq və çox şeydə güzəştə getmək lazımdır". Kərimbəy Mehmandarovun (Həmidə xanımın ailə həkimi) bu dəyərli nəsihəti onu bütün həyatı boyu, ən çətin durumlarda belə ayaqda saxlayan sehrli sözlərə çevrilir. Hər iki insan birgə həyat dönəmində bir-birinə dəstək olur və onlar qarşılıqlı anlayış şəraitində öz bacarıq və potensiallarını genişləndirirlər. Həmidə xanım elə Mirzə Cəlilin məsləhəti ilə qadın xeyriyyə cəmiyyəti təşkil edərək savadlı qadınları öz ətrafında cəm edir.

Hər iki şəxsin həyat yolundan bəhs edən xatirələr kitabını, məktublaşmalarını oxuduqca bu insanların bütün ömürlərini yollarda, cəmiyyət təəssübkeşliyində keçirməsinin şahidi olursan. Həkim lazım olursa, həkimə çevrilirlər, müəllim lazım olursa, müəllim olurlar, mirzə, ziyalı, məsləhətçi, xeyriyyəçi və s. missiyaları həyata keçirirlər.

Kənddə çiçək xəstəliyi yayılarkən, kütləvi insan tələfatı Həmidəni heç düşünmədən Tiflisə gətirir. Burada peyvənd vurmağı öyrənən Həmidə xanım külli miqdarda peyvənd alaraq geriyə qayıdır və xəstəliyə yoluxmuşlara peyvənd vuraraq onları ölümün pəncəsindən xilas edir. Bir müddət sonra Mirzə Cəlilə, qızı Minaya, qayını Mirzə Ələkbərə peyvənd vurmağı öyrədərək onları da bu işə təhkim edir. Ailəlikcə gücləri çatan başqa xəstəliklərin də müalicəsinə qoşulurlar.

Özünü ailə adamı adlandırmayan, səbirsiz, kəmhövsələ bir insan kimi səciyyələndirən Mirzə Cəlil, onu ailə kişisinə çevirdiyi üçün Həmidə xanıma daima təşəkkür edirdi. Əslində, bu ailə qarşılıqlı hörmət, sayqı və təfəkkür sayəsində mövcud idi. Kimsə kimsənin sınır xəttini keçmirdi, ətrafa qarşı ümumi bir baxış mövcud idi. Maarif, savad, elm, mütaliə, cəmiyyətə faydalı olmaq onların başlıca hədəfi idi. Cəlil öz övladlarına yox, elə yaxınında, tanışlığında olan bütün uşaqlara qarşı eyni nəvazişlə, qayğıyla yanaşırdı. Hətta Təbrizdən Bakıya qayıdanda belə, yorğunluğuna rəğmən təhsil vermək üçün bacısının övladlarını da öz himayəsinə götürməyi unutmur. Onlarla birgə Bakıya gəlir. Təhsili, maarifi, savadı insan düşüncəsinin təkamülü üçün başlıca, əsas pillə sayır.

Əslində, bu talelər ilə tanış olunca necə qüdrətli insanların ədəbiyyat və tarix səhifəmizdən gəlib keçməsinin şahidi oluram. Biz bu cür nəhənglərin qarşısında çox cılız, kiçik görünürük. Bəlkə də heç görünmürük... Onlar maarif, mətbuat kavalerləri idilər. Möhtəşəm idilər.

Həmidə xanım 82 il yaşayır. Mirzə Cəlildən çox sonra dünyasını dəyişir. Çünki missiyası hələ tamamlanmamışdı. Sağlığında qardaşının, qızının intihar acısını yaşayır. Ömrünün yarıdan çoxunu bədən ağrıları, sızıltılarla keçirir. Bəlkə də zərif xanımın həddindən ziyadə işlə yüklənməsi, bədxahlar ilə mübarizəsi onu haldan-hala salırdı. Uzunmüddətli müalicələrdən sonra sağalan kimi yenidən eyni həvəslə, şövqlə işinin başına keçirdi. Elə Mirzə Cəlilin səhhəti də eyni beyin yüklənməsindən, həddindən ziyadə mənəvi basqılardan həyəcan və əsəbdən, sarsıntılardan laxlayırdı.

Azərbaycan qadını bugünkü azadlığına, cəmiyyətdəki roluna, mövqeyinə görə bu cür mütərəqqi təfəkkür sahiblərinə borcludur. Ya da borcludur deməyək, bu cəsarətli xanımlar və maarifçi əfəndilər sayəsində qadınlarımız ev, ailə, yoldaş, övlad missiyasından əlavə, həm də cəmiyyət üçün yararlı insan olmaq bacarığını özlərində kəşf etdilər.

Onlar acılı-şirinli həyat yolunu birgə addımladılar. Bir-birinə dəstək olaraq, anlayışla, hörmətlə yaşadılar. Faydalı oldular, "yoruldum", "yetər" demədilər. Azərbaycan ədəbiyyatı səhnəsində özlərinə layiq yer tutdular.

Həmidə xanım son nəfəsinədək, usanmadan Mirzə Cəlildən qalan əsərləri, yazıları tərcümə edir, onları nəşr etdirir, həyat yollarının bəlli olaylarını ədəbiləşdirmək üçün gündəliklərinin əsasında xatirələrini qələmə alır. Yazarkən bir daha bu ömrü yenidən yaşayır. Zatən onlar yaşayırlar...

"Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən. Həyatın məqsədi məhz, budur...". C.Məmmədquluzadə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!