Üçüncü göz, yaxud ulduzlar dənizə tökülür... - Cavanşir YUSİFLİ yazır

Rəsul Rza - 110

...Hərdən mənə elə gəlir ki,

ulduzlar göyün yaxasında

sədəf düymələridir.

Bu düymələri açsan

Başqa bir aləm görəcəksən.

Orda nə toz var,

nə duman.

Nə ölüm, nə qan.

Orda yaşayır

zamanın süzgəcindən keçmiş

insan...

Döşənirəm torpağa üzü üstə.

Bağışla məni, böyük ana,

bağışla!

Könlünə dəydim

bu yanlışımla.

Hər bir yenilikçi (islahatçı, böyük istedad sahibi və sair) vaxt gəlir adiləşir, yəni o zamankı tərif, tənqid, etinasızlıq fişəngləri sönür, bir gün zaman şairi arxivə təhvil verir, mətnlər qalır və o mətnlər şairi arxivdən tapıb dirildir, solmağa, üstünü toz basmağa qoymur. Bu qovğa illərlə davam edir. İllərlə... Amma qovğanın əvvəlinə qayıtsaq, səbəbini də tapa bilərik. Hər hansı müasir şairi oxuyanda, şübhəsiz ki, enerji/informasiya mübadiləsi qarşılıqlı olur. Amma daha çox sən o mətndən enerji alır, təsirlənirsən. Zaman keçdikcə bu qayda pozulur. Şair klassikə döndükcə (kitab informasiya/enerji yayan mövqeyə keçdikcə) oxucu ilə onun "divanı" arasındakı münasibətin tipi də dəyişir. Kitab sənin enerjini özünə qatır. Təzələnir. Yeni ideyalardan "xəbər tutur", baş verən hər şeyi öz "ana dilində" izah edir, ədəbiyyatın, ədəbi düşüncənin hər şeyi dürüst göstərə bilən bucağına dönür. Bunu başqa şəkildə də izah etmək olar. Bədii mətnlər yazıldığı dövrdə, yəni kitab (divan...) tərtib edildiyi zaman şair bu mətnlərin köməyi ilə dünyada nə varsa canına çəkir, dünyanı tutmaq, dünyayla tən olmaq istəyir. Müəllif bu əsərin son nöqtəsini qoyandan sonra yaxın dostları, müasirləri və gələcək nəsillər mətni dönə-dönə oxuyur, hərə öz zövqünə, anlayışına, Təbiəti, Tarixi və ümumən dünyanın gedişatını anlamaq səviyyəsinə uyğun informasiyalar alır, qoyulan son nöqtə aradan götürülür, mətn genişlənir, yeni-yeni oxucuların və deməli, qatı açılan yeni-yeni informasiyaların gücünə ətə-qana dolur, bütün dünyanı tutur. Son nəticədə dünya bir ovuc içinə yerləşir. Aradan nə qədər zaman keçsə də, dünyaya tən olmaqla bir ovuc içinə yerləşmək, sanki bir anda baş vermiş kimi görünür.

Rəsul Rza bizim ədəbiyyatın tarixində və taleyində xüsusi hadisədir. XIX əsrdə Axundzadə ədəbi inkişafın istiqamətini elə dəyişdirib, ona elə bir yön verib ki, bundan sonra dünyaya gələn bütün yazarlar həmin missiyanı sadəcə icra etməklə məşğul olublar. Həm də bu missiyanın sınırlarını genişləndirməklə. Bu mənada XX əsrin əvvəllərindən başlayan yeni (müasir, modern-!) ədəbiyyat qovğası müəyyən kəsişmələr və ədəbi savaşlarla müşayiət olunmuş, ortaya son dərəcə maraqlı, orijinal, ədəbi düşüncəni yeniləyən mətnlər çıxmışdır. Rəsul Rzanın böyüklüyü şablon düşüncənin diktə etdiyi kimi Səməd Vurğuna (guya ənənəyə) qarşı durmağında yox, zamanın, "Axundov işinin" verdiyi tapşırığı sona qədər uğurla yerinə yetirməsindədir. Şablon düşüncə, adətən, üzdə olanı, üzdən görünəni əsas götürür və mahiyyəti arxada (mötərizə arasında) buraxdığından işin əsl mənasını göstərmək gücünə malik olmur və bəzən bu mənasız dava illərlə sürür. Səməd Vurğun da, Rəsul Rza da böyük şəxsiyyətlərdir, onların mətnlərindən çıxarışlarla qurulan ittihamların heç bir mənası yoxdur. Çünki ortada zamanın sarı siminə toxunan mətnlər var, gerçəkliyi ötüb keçən, bu gün də düşüncəmizdə, ədəbiyyata, zaman və dünyaya münasibətimizdə iştirak edən nümunələr var. Əvvəlcə dil yenilənməli, kompüterdə olduğu kimi söndürülüb təzədən yüklənməli idi ki, zamanın gətirdiyi təbəddülatları dürüst şəkildə göstərə bilsin. Daha sonra (50-ci illərin sonu, 60-cı illər ərzində) bu yeni düşüncə və əsrin təbəddülatları orijinal poetik forma və biçimdə meydana çıxmalıydı. Əsrin əvvəllərindən, bəlkə də Mirzə Cəlil dövründən yığıla-yığıla gələn enerji məhz bu dönəmdə ifadəsini tapmalıydı. 

Rəsul Rza sadəcə sərbəst şeir yazmırdı, şeirdə yuxarıda qabartdığımız fərqli dünyaduyum və dünyagörüşünü ifadə edirdi. Bir dövr üçün bəlkə də, normal görünən patetika, pafos, didaktika şeirdə düşüncənin yerini daraltmış, nəfəslik üçün yer belə saxlamamışdı. Ənənədə, ədəbiyyat tarixində yer alan çox gözəl nümunələrin gələcəyə ötürülməsi, gələcəkdə sinə dolusu nəfəs ala bilməsi üçün pafosdan, didaktikadan arınmış, adi danışıq tərzinə yaxın nümunələr yaranmalıydı.  Poetik düşüncənin inkişafında bu bir qanundur: milli şeirin ritm, intonasiya sxemini qənirsiz şəkildə ifadə edən mətnlər gələcək naminə gücü sonrakı eyni kodlu mətnlərdən çox, deyək ki, başqa tipli mətnlərdən, məsələn, sərbəst şeirdən alır. Yəni nəfəslə yazılan, deyilən bir qoşmadakı qafiyənin, bütövlükdə isə şeir strukturunun fəlsəfəsi məhz həmin dildə yaradılan, fərqli intonasiya üstündə köklənmiş sərbəst şeirdə açıla bilir. Sanki nələrinsə üstündən qatı pərdə götürülür, duman çəkilir və bir-birinə zidd nəsnələrin yaratdığı ovqat ədəbi düşüncədə baş vermiş təbəddülatın dərinliyini göstərir... 

İş otağım

on iki metr yarım.

Altısında mən,

yazı masam,

həsrətim, ümidim.

Sabir,

Heminquey,

Tavandan süzülən damcıların izi...

...Pəncərələr sıxdı məni

uzunsov dörd bucaqda göstərib

küçənin evlərlə sərhədlənmiş yarğanlarını...

Dediyimiz kimi, o, mükəmməl şəkildə əxz etdiklərindən çox fərqli şeylər yazmağa çalışırdı və buna əksər halda nail ola bilirdi. Yazdığı mətnlərdə bu gün (elə zamanında da-!) adi görünən çox şeylər var, ancaq onun sənəti keyfiyyət və xasiyyətcə fərqlənirdi, misralarda və misralararası boşluqlarda impressionist düşüncə tərzini görməmək mümkün deyildi. "Tac Mahal"a həsr etdiyi şeirə baxın. Başqa bir şeirində günəşin qırıq-qırıq çaylaq daşları üzərində əksindən bəhs edir. Günəş necə parçalanıb, çiliklənib bu daş parçaları üzərində paylanır, sonra necə bütövləşir, kiçik bir mətndə hisslərin axını hansı incə nüanslarla ifadə edilib... "Əl vurma, rənglənib...". Bu da var. Ancaq əvvəlcə: "Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır...". Bu mətnlərdə ənənəvi şeirin bitdiyi, nöqtənin qoyulduğu yerdən təzə mətləb başlayır. Rəsul Rza bizim şeirdə təzə mətləbləri icad edən şairdir. Ərazinin bu şəkildə böyüməsi, genişlənməsi dünya poeziyasına inteqrasiya məqsədi daşıyır. Rəsul Rza poeziyası haqqında "missiya" ifadəsini biz daha çox bu mənada işlədirik.  "Rənglər" silsiləsi haqqında "mücərrəd, abstrakt" sözlərini işlədirdilər, düz deyirdilər. Yeni bir şeyə avtomatik, düşünülməmiş cavab qismində. Yəni bu şeirləri yazmaqdan məqsəd konkret rəngi təsəvvürdə canlandırmaq deyildi, rənglərin doğurduğu hissləri yoxlamaq, şeir boyunca davam etdirmək, insan hisslərinin subyektiv sferasından vaz keçib "dəruni məni", dərinlərdəki mənanı kəşf etmək... gerçəkliyi vurub-çıxmaq, ona ötmək qəsdini daşıyırdı. Bədii mətnlərdə üzdə olan hisslər artıq tapdaq edilmiş, "avtomatik rejimə" keçmişdi, bütün bunlardan vaz keçmək naminə ilk olaraq rənglərdən başlamaq əbəs deyildi.

Bülbülə atılan böhtanlar.

Ucuz səadət.

Qayğısız kənd

və onun təsvirini vermiş həpənd.

Arpa suyunun məzəsi.

Bayağı dostun təzəsi.

Cüt çarpayı örtüyü.

Yaralanmış qızıl qazın

havaya sovrulmuş tükü.

Ömər Xəyyam

və onun şərab kuzəsi;

nadanlar təsəvvüründə.

Gündüzlə gecənin ayrıcına tökülmüş

şərab.

Riyakar çeşməyi...

Yəni, "Rənglər" silsiləsindəki hər bir fraqment, mətn belə deyək, bir-birinə keçmiş müstəviləri xatırladır, o keçid yerində doğulan hislər növbəti "çat"dan ayrılan duyğularla təmasdaykən poetik yaşantı zəncirvari assosiasiyalar yaradır və eyni zamanda bir neçə hədəf nişana alınır. Rənglər haqqında ayrıca tablonu xatırladan şeirlərin hər biri əslində hind üslubundakı kimi "mərtəbələrdən" inşa edilmişdi. Birindən digərinə keçdikcə iqlim dəyişir, adi bir işarə həm uğultusu gələn dənizin dalğasını, həm gözlərimizin tutmadığı talada bitən gülün ləçəklərindəki xalı, şehi... hər şeyi anidən görükdürüb misli-bərabəri olamyan assosiativ ovqat yaradırdı. Amma bu da hələ son deyildi, belə deyək, bu təsadüfdə həm hadisənin rəng çalarları vizuallaşır, həm də misralararası dolaşan ironiya xətti müasir gerçəkliyin dərin qatlarına nüfuz edə bilir. Yəni, dövr və zamanların bu şəkildə bir-birinə qarışması bizim poeziyada yeni hadisə idi, şübhəsiz ki, poetiuk fikrin ifadəsi baxımından. Bütün bunlar şeirdə forma anlayışına yeni baxış sərgilədi.

Rəsul Rza poeziyası çoxqatlı və çoxşaxəlidir. Onlara adicə ifadə baxımından nəzər yetirdikdə qarşıda çox maraqlı, əsrarəngiz bir mənzərə yaranar. Bu şeir bəzən çox mürəkkəbdir, qəlibi, forması etibarilə, bəzən ironiya ilə elə süslənib ki, sual dalınca sual doğur, bəzən də, sadəcə axınla, təkanla, nəfəs yazılır. Zamanın əvvəliylə sonunu birləşdirən, onları bir ovuc içinə alan şeirlər...

Xəzan düşər,

xəzəllərdə

gül itər.

Hicran odu

ürəkləri

kül edər...

Hər bir milli ədəbiyyatda adını çəkdiyiniz dövrlər, eyni zamanda həm ayrılma, həm də keçidi bildirir, yəni ədəbiyyat, bədii düşüncədə kök salmış prinsiplər sadəcə ötürülmür, həm də yeni düşüncə qatının dünyaya gəlməsini, daha doğrusu, dünyaya meydan oxumasının başlanğıcını da bildirir. O ki qaldı sosrealizm epoxasına, bu dövr vahidi, onun daxilində gedən proseslər poetik düşüncənin məcrasını pozsa da, onu sındıra, aradan çıxara və necə deyim, öz rənginə sala bilmədi. Əks təqdirdə, bu gün biz Rəsul Rzanın üstündə əsdiyi Əli Kərimdən danışa bilməzdik. Yəni ədəbiyyat, bədii düşüncə istədin-istəmədin ilk növbədə qarşı durmaq anlamını bildirir. O başqa məsələ ki, bizdə filoloji təcrübədə bu an prinsipdən yan keçilir, daha çox həmin prinsipə uyğun gəlməyən əsərlər şedevr adlandırılır. Qəribə səslənsə də, deyim, sosrealizm təkcə bir eşalon makulatura yaratmadı, eyni zamanda bədii düşüncənin müqavimətini artırdı, çünki onun xassəsi elədir ki, sındırıldıqca güclənir, baxın bizim klassik dövr ədəbiyyatımıza. Həmin müqavimət necə böyük bir bədii sistem yaradıb. Böyük ədəbiyyatın yaranma mexanizmlərindən biri də budur, səni son hərfinə, sözünə qədər vurub aradan çıxarmaq istərlər, sənsə ruhunun ən dərin qatına çəkilib nəhəng bir sistemlə ortaya çıxa bilərsən. Bizim sosrealizm epoxasında da bu hal müəyyən dərəcədə baş verdi, özü də fərqli aspektlərdə. Bu epoxanın şairlərini, yazıçı və dramaturqlarını tənqid eləmək üçün onların Lenin və digər atributlara həsr edilən mətnləri hədəf alınır. Və bu mətnlər də yüksək pafos və çox yüksək poetik gərginlikdə yazılıb. Amma ümumi şəkildə götürdükdə o mətnlər bütöv bir tarixdir, daha sonralar, yəni 60-cı illərdə meydana gələn nümunələrin izahı da onlarsız mümkün deyildir. Yəni deyək ki, "Lenin" poemasını yazan adam həmin illərdə bir sıra konseptual, son dərəcə mükəmməl və gələcəyin bədii istiqamətlərini bəlləyən əsərlər yazdı. Təzyiq, sındırmaq inadı və gərginlik içində məhz milli poetik düşüncənin bütün rəng spektrini göstərən mətnlər. S.Vurğunun "Azərbaycan" şeiri. Əks təqdirdə, daha sonralar Anarın, Elçin və Səmədoğullarının nəsr əsərlərinin poetik gücünü əsaslandırmaq olmaz.

Dediyim kimi, çox ağır bir dövrdə ədəbiyyata gələn cavan ədiblər (Müşfiq, R.Rza, S.Vurğun, S.Rüstəm, M.Rahim, Əbülhəsən, S.Rəhimov, İ.Şıxlı və sair) məhz həmin dövrün dəhşətli ağırlıq və gərginliyini sinirdikdən sonra böyük əsərlərini yaratdılar.

Rəsul Rza proqram səciyyəli, yuxarıda dediyimiz kimi, gələcəyin axtarışlarını bəlləyən mətnlər yaratdı. Onun bədii düşüncəsi genişliyi, rəngarəngliyi və şübhəsiz ki, tutumu etibarıyla ədəbiyyatımızda təsəvvürəgəlməz dərəcədə dərin idi. Yəni R.Rza heç də göründüyü kimi deyil, onun poetik islahatlarının masştabını təsəvvür edə bilmək üçün mətnlərini tam şəkildə, ardıcıllıqla oxumaq lazımdır. "Hansı formada yazıb?", "Nə yazıb" kimi suallardan vaz keçib "bu şeirlərdə Rəsul Rza kimdir?" mətləbi üstündə düşünmək lazımdır. "Mənə toxunma" şeir var, onlarca bu tipli mətnlərdə Rəsul Rzanın şair kimliyi müəkkəmməl ifadəsini tapıb (Sərt baxışla// bir körpənin dodağından // gülüşünü silsələr// bir möhtaca//bir qəribə// bir acizə gülsələr// bütün dünya xoşbəxt olsa// bahar olsa// bir səhər// yer üzündə bircə insan acsa// mənə toxunma...). Bir də, "Unutmayın" şeiri... Mən güllü bir may səhəri doğulmuşam... 1941-ci ildə yazılmış bu şeirdə şairin kimliyini, xarakterini bəlləyən bir misra, bir deyim var, həmin şeirdən qopub bütün yaradıcılığını bir nöqtəyə cəmləyir və ömrü boyu susan, sükutun dərslərini dinləyən insan obrazı boyaboy görünür:

Mən öləndə ağlamayın!

Mən öləndə gülməyin.

Yox, nəyə gərəkdir!

Mən sağlığımda çox gülmüşəm,

çox ağlamışam.

Ancaq o həzin axşam,

məni yalqız qoyub

əbədi sükut evində,

qayıdanda geri,

açın, taybatay açın

otağımda pəncərələri!

Çıraq yanmasın,

səssiz  çıxın otaqdan,

elə çıxın ki, sükut oyanmasın.

O səssiz, o qaranlıq otaqda

dincəlsin yalqızlıq, sükut.

Dincəlsin ruhum da...

Rəsul Rzanın "Rəngləri" bir sıra digər mətnləriylə bərabər bizim poeziyaya açılan yeni pəncərə idi. Tənqid edildikcə onun təsir dairəsi artdı, gücləndi, sosrealizm epoxasında dünyanın poetik mənzərəsinə inteqrasiyanı təmin etdi.

Bəzən mübahisələr gedir, bizdə modernizm olub, ya yox? Məncə, məsələnin bu şəkildə qoyuluşu düzgün deyil, bu kimi sual vermə tərzi, şübhəsiz ki, mətnləri dəfə-dəfə oxumamaqdan irəli gəlir. S.Vurğunun nə qədər misrası var, zərb-məsələ çevrilib, yəni "nitq janrının", bizim  gerçəkliklə ünsiyyətimizdə aparıcı fiqur kimi iştirak edir. Rəsul Rzanın elə misra və deyimləri var ki, düşüncəmizə qida verir, müəyyən situasiyalarda aydınlaşdırıcı rol oynayır, məsələn, ...nadan yüz yol oxusun, yenə bir şey anlamaz... Yəni bu imzalar, xüsusən R.Rza modern düşüncə qatını damla-damla icad edən fiqurlardır. Bunlardan sonra uzandıqca uzanan magistral yol görünür.

Rəsul Rzanın belə bir şeiri var:

Mən heç nəyə,

heç kimə

həsəd aparmadım;

bir gün, bir an belə;

bahardan başqa.

Bir də nəğməli, nəğməsiz quşlardan başqa...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!