Heydər Əliyev barədə bahar düşüncələri - Elxan Zal Qaraxanlı yazır

Hava aydın və barışlıdır, günəşin ilıq nəfəsi aram-aram təbiəti qış yuxusundan oyatmağa başlayıb. Ağacların çılpaq vücudu pucurlanmaq meylindədir. Biz baharın barışlı havasında məğrur dayanaraq, öz yaşıl otları ilə könül oxşayan bir təpənin  önündəyik. Bura əski türk üslubunda bir məzardır. Bura kurqandır, bura Tanrıdağın təcəllasıdır. Qədim türklər xaqanların üstündə kurqan yapardılar, çünki Yer həyatı bitəndə  xaqanların ruhu Tanrıdağa, "Ulular uçmağı"na gedir. Tanrıdağı simvolizə edən kurqan isə onun cisminin əbədi məskəni olur....

İndi mən, öz yaşıl otları ilə könül oxşayan bir təpənin  önündə dayanıb ulu bir şəxsiyyətə ehtiramımı bildirirəm. Ətrafımızda gənclər var. Bura Heydər Məzarıdır, o, uyuduğu kurqanın göylüyündən sevdiyi Azərbaycanına baxır. Hava sakit və barışlıdır. Biz kurqan göylüyünün üzərində daşlaşıb dayanmış böyük Heydərlə könül görüşünə gəlmişik. O, könüllər xaqanıydı, o, insanlara hökm edirdi, mən sözə hökm edirəm. O, əbədi el qurdu, mən əbədi söz səltənəti qurmağa çalışıram.  O, Azərbaycan adlı bir abidə qurdu, mən də ona könüllərdə abidə qurmaq istəyirəm. İnsan cəmiyyəti həmişə hökmdarla şairin arasında olub. Hökmdarlar insan cəmiyyətinə yön verir, şairlər insan duyğularına. O, şairləri sevirdi, indi O, burda da şairlərin arasındadır, sevdiklərinin arasında. Hələ Sovet dönəmində O, şairləri, yazıçıları, fikir adamlarını heykəlləşdirirdi... Nəsimi, Xətai, Vaqif, Sabir, Səməd Vurğun...

Dünyanın yarısına hökm edən bir imperiya onun iradəsi ilə hesablaşırdı və biz də buna görə onunla fəxr edirdik - böyük bir imperiyanın hesablaşdığı Azərbaycan oğluyla. Onda Azərbaycanı dünyada az adam tanıyırdı. O bunu bilirdi və elini tanıtmaq üçün əlindən gələni edirdi. O bilirdi ki, bütün dünyanın qarşısında zağ-zağ əsdiyi bir məmləkəti ancaq sözlə fəth etmək olar və imperiyanın ürəyində, Moskvada Azərbaycan sözünün, Azərbaycan sənətinin təntənəsini nümayiş etdirirdi. Dünya Azərbaycanı Nəsimiylə, Səməd Vurğunla, Üzeyir Hacıbəyovla, Qara Qarayevlə, Müslüm Maqomayevlə tanımağa başlayırdı. O öz respublikasını yavaş-yavaş müstəqil həyata hazırlayırdı. Çünki cəmi iki il müstəqillik havasından tamsınan bu ölkə tanınmaq üçün öncə özünü tanımalıydı, öz tarixini tanımalıydı. O, şairlərin timsalında tarixi heykəlləşdirirdi. Onun gördüyü işlər həmişə diqqət mərkəzindəydi....

...Mən onun bir müsahibəsini xatırlayıram. Moskvada, Heydər Əliyevin "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsi çıxmışdı, həmin vaxt bütün Sovetlər birliyi o müsahibəni müzakirə edirdi. Biz, gənc azərbaycanlı tələbələr isə bundan qürur hissi keçirirdik. O dövrdə çoxlarının tanımadığı kiçik Azərbaycanın oğlu tarixin ən böyük imperiyasına örnək idi. Ondan öyrənməyə çalışırdılar, onu təqlid edirdilər, ona həsəd aparırdılar. Axı o, on yeddi imperiya qurmuş fatehlər nəslindən idi. Onun rəhbərlik etdiyi ölkə imperiyanın bir hissəsi olsa da, imperiya özü onun babalarının qurduğu səltənətin davamı idi. Mən onda bir şeir də yazmışdım:

Cəmiyyəti tənzimləyən başçıdır,

Başı böyük olan millət baş durur,

BMT-də yerimiz var, boş durur,

Haqq carçısı belə deyib, bunu bil.

Allahın inayəti sayəsində həmin arzularımız çin oldu. Böyük başçımız da oldu, BMT-də yerimiz də. O, böyük bir imperiyanın başında dura bilərdi, o, dünyanın yarısına hökm edə bilərdi, o, Stalinin yaratdığı möhtəşəm dövləti çöküşdən xilas edə bilərdi. Amma öz Azərbaycanının xilaskarı oldu. Çünki Allah onun tale kitabını belə yazmışdı. O, Stalin kimi dırnaqarası "xalqlar atası" yox, öz xalqının həqiqi atası oldu. Dünya səhnəsində öz yerini axtaran xalqının, millətləşmək istəyən xalqının, dövlətləşmək istəyən xalqının. Səma kitabında onun missiyası belə müəyyən edilmişdi. O, Azərbaycana gəldi və onun Azərbaycanı dünya səhnəsində günəş kimi parladı. Heç kimin tanımadığı, düşmənlər tərəfindən didilib dağıdılan bir məmləkət çiçəklənən, dünyada hamının tanıdığı bir ölkə oldu.  Yurdun param-parça olduğu bir məqamda Tanrı xilaskar göndərdi.

Xilasçı gözlərdi yurd,

göydən süzülən mavi baxışlarında Qurd,

bir ər qopdu Orxunda daş yazılardan.

Yaddaşlarda gəmi çatan

duyğular tərpəndi tuğ-tuğ,

gil lövhələr uyqusunda tərpəndi uruq.

Kül altından qalxdı Troya,

və yenilməz Mantreyya görkəmində bir zat,

baxımsız və azad görmək üçün məmləkəti,

yəqin və qəti

ortaya qoydu tən -

Öncə Vətən!

Çək, çək Vətən oğlu şəlləndiyin yükü,

qəzəbinin çaxmağıyla

yandırdığın yak tükü

öylə bir talismandır ki,

ispan öküzündən çevik,

Xeopsun ehramından sərt...

Sənə ölmək əmr olunub.

Get düşmənini gəbərt.

Güllələr düz xətt cızır havada,

qübbələr üstündə ellips.

Bilmək olmur ölənlərin

hansı yaxşıdır, hansı pis.

Damarlarında axan əsil qanda mövcuddur

möhtac olduğun qüdrət!

Əvət,

 uduzduğun hər uduzma son deyil.

Sən yenməyə yaranmısan,

yen və törənə əyil.

Amma düşmənə əyilmə,

türk oğlu boyun əyməz.

Adsız məzarları uyudan kişilər hələ varsa,

el matəm libası geyməz.

Çəlik duyğular əridən körük ürəklərdə

cücərdi günəşli günlərin dəni.

Suç sanayan mələklərin xronometrinə

yazdıq dünəni.

Dünya sahmansız deyil,

səmadan boylanır bir bək.

Qəfil gələn bir dahinin sırtında durur gələcək.

Savaşın dumanlı beyinlərdə

paslandığı bir gün,

yaradıcı atomların nüvəsindən bütün,

işlək qılınclardan parlaq,

mübarək ayələr kimi yuvarlaq,

əsgər və zəki,

xilasımız boz qurd təki,

gəldi cismi köydən, ruhu göydən,

peyğəmbərin künyəsində bir zat,

baxımsız və azad görmək üçün məmləkəti.

Yetimiydi. Atalı oldu Azərbaycan milləti!

İndi mən onun uyuduğu kurqanın önündə dayanaraq qədim xaqanlarımızın xalqa verdiyi örnəkləri xatırlayıram. Qırx atlı ilə yüz minlik Çin ordusunun qarşısına çıxan qəhrəman Kürşadı, keçmiş əzəməti göz önünə gətirirəm. Başımın üstündə xatirə burulğanları dolaşır. Mənim yadıma Heydər Əliyevin Gəncəyə, qiyamçıların arasına tək yollandığı zaman düşür. Orada hər şey ola bilərdi, hətta onu öldürmək istəyirdilər, amma o, təkbaşına, ağlının və iradəsinin gücü ilə  silahlı qiyamçıları məğlub edə bildi.

O, həmişə qalib yaşadı. Qarşılaşdığı bütün qarşıdurmalardan qalib çıxdı. Onu dəfələrlə məhv etmək istədilər. Bacarmadılar. Çünki canı verən və alan Allahdır. Cənabi Allah onun taleyinə hökmdarlıq yazmışdı və onun qarşısında Azərbaycan adlı bir məmləkəti ayaq üstünə qoymaq missiyası dururdu.

Tarixdə bütün millətlərin taleyində ata qurucular olub. Rusların Pyotru var, amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi, Atatürkü var. Qurucu atalar dövlətin istinad nöqtəsidir, üzərində durduğu dayaqdır. Bu dayaq olmasa dövlət dağılar. Azərbaycanda qurucu ata olmaq missiyası Heydər Əliyevin taleyinə düşdü. Çünki Şah İsmayıldan bəri Heydər Əliyevə qədər heç kim Azərbaycan ərazisində dayanıqlı dövlət qura bilməmişdi. 1918-ci ildə qurulan Cümhuriyyət cəmi iki il yaşaya bildi. O dövrün başçıları Azərbaycanı dünya səhnəsində yoxdan var etsələr də, onu zamanın burulğanından çıxarmağı bacarmadılar. Amma o bacardı. Çətin bir zamanda, regionda böyük marağı olan dövlətlərin iradəsinin ziddinə olaraq o, Azərbaycan adlı bir cümhuriyyəti ayaq üstündə saxlaya bildi. Bir tərəfdən, erməni işğalı, digər tərəfdən, şimaldakı və cənubdakı separatçı hərəkat, dayanıqsız hakimiyyət, Surət Hüseynov qiyamı Azərbaycan dövlətçiliyinin mövcudluğunu sual altına qoymuşdu. Amma onun dövlət dühası bütün bunlara son qoya bildi. O, ermənilərlə təcili atəşkəs bağlamaqla öz böyük sələfi şeyx Heydər oğlu İsmayılın  tarixini təkrar etdi. Bir zaman Gülüstan qalasında ilişib qalmış qızılbaş ordusunun "sonadək savaş" çağırışlarına Şahi-mərdan belə bir sualla müraciət etmişdi: "Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan?". Dedilər: "Azərbaycan". Dedi: "Azərbaycan bizim olandan sonra Gülüstan zamanın məsələsidir".

O, Azərbaycan dövlətçiliyini yaşatdı, Azərbaycan yaşayırsa itirilən torpaqlar da bir gün qayıdar. Azərbaycan olmasa hər şey itəcəkdi. Azərbaycan varsa, həmişə itirilən torpaqları qaytarmaq əzmi də olacaq.

İndi mən burda, onun heykəli önündə dayanıb düşünürəm ki, bu məzarda  böyük bir ər yatır, xilaskar Heydər yatır. Onun cismi burda, sevdiyi məmləkətində uyusa da, ruhu ordadır, Tanrıdağda, "Ulular uçmağı"nda, qırx pirin arasındadır.

Orada Heydər var, Şah İsmayıl var,

Peyğəmbərin merac zamanı

                        gördüyü qırx pir ordadır.

Mən onun dəfnini xatırlayıram. Həmin gün Azərbaycan məmləkəti matəmə qərq olmuşdu. Yüz minlərlə insan göz yaşları içində yurdun xilaskarını son mənzilə yola salırdı. Ümidsizlik hisslərinə bürünmüş insan seli Fəxri xiyabana doğru axırdı. Hər kəs öz içində onun bir hissəsini aparırdı. Çünki bu məmləkətin böyük bir dönəmi onunla bağlı idi. O, uzun illər bu xalqın ümid yeri olub. İllər uzunu insanlar ona pərəstiş ediblər. Pərəstiş Allaha aid kateqoriya olsa da, şəxsiyyətə də müsbət mənada pərəstiş qaçılmazdır. Şəxsiyyəti verən Allahdır. Əgər şəxsiyyət varsa, pərəstiş də olacaq. İnsanlar şəxsiyyətləri sevirlər, çünki cəmiyyətə həmişə kılavuz lazımdır. Bu gün biz şəxsiyyətsiz liderlərin yönəltdiyi Avropanın, örnək hesab etdiyimiz Avropanın hansı hala düşdüyünü əyani surətdə görürük.

... O bu məmləkəti sevirdi, o, sözü sevirdi. Böyük sələfi İsmayıl Səfəvi kimi şair və yazıçıları öz himayəsinə almışdı. O, yaxşı bilirdi ki, uzun illər dövlətçiliyi olmayan Azərbaycan xalqı öz varlığı ilə şair və yazıçılara borcludur. O, Azərbaycana rəhbər gələndən sonra sənət adamları xüsusi bir qayğı ilə əhatə olundular. O bilirdi ki, istənilən insanı məmur etmək olar, amma min məmurdan bir şair yaratmaq olmaz. Heydər Əliyev dönəmində Azərbaycan Sovetlər Birliyində yeganə respublikaydı ki, burada heç bir söz adamı dissident kimi həbs olunmadı. "Yaxşı padşahın nağılı"nı yazmış Anar həbs olunmaq əvəzinə Heydər Əliyev tərəfindən irəli çəkildi. Bakıda şair və yazıçıların heykəllərinin əksəriyyəti Heydər Əliyevin hakimiyyəti illərində qoyuldu. O, hətta Azərbaycan dövlətçiliyinin simvolu hesab edilən İsmayıl şaha heykəl qoymaqdan da çəkinmədi, üstəlik, Bakı rayonlarından birini onun adıyla adlandırdı. Həmin zamanda bu elə də asan məsələ deyildi. Amma  Heydər Əliyev bəsirətdən gələn bir duyğuyla ölkəsini müstəqilliyə hazırlayırdı, O, müstəqilliyin təməlini yaradırdı. Onun rəhbərliyinin ilk illərində demək olar ki, rusdilli şəhər olan Bakı çox keçmədi Azərbaycan türkcəsində danışmağa başladı. 1977-ci ildə, SSRİ-də yeni Konstitusiya qəbul ediləndə türk pespublikaları arasında yalnız Azərbaycanda yerli xalqın dili dövlət dili oldu. O bilirdi ki, dil yox olsa millət də yox olacaq və şairlər bu dilin qoruyucularıdır. O, sözün dəyərini bilirdi....

İndi mən, Onun cisminin uyuduğu kurqanın önündə dayanıb Onun barəsində Söz demək haqqında düşünürəm.  Mənim sözüm, mənim ehtiramımdır. Ulularımız isə insanlar üçün örnəkdir, dövlət üçün dirəniş nöqtəsidir. Bizim tariximiz böyük şəxsiyyətlərlə zəngindir. Heydər Əliyev də onlardan biridi. Bütün böyük şəxsiyyətlər kimi onu istəyənlər də var, istəməyənlər də. Onun qurduğu ulusu didib-dağıtmağa yerikləyən çox böyük güclər var. Onun tarixi rolunu danmaq istəyənlər də az deyil. Amma kimsə onun böyük şəxsiyyət olduğunu inkar edə bilmir. Çünki o, Azərbaycan torpağının doğurduğu ululardandır. Bir əhvalatı xatırlayıram. Ötən əsrin 90-cı illərində Azərbaycandan bir qrup adam Ankarada rəhmətlik Alparslan Türkeşlə görüşür. Onlar başbuğa tezliklə Heydər Əliyevi devirəcəklərini bildirirlər. Türkeş onlara deyir. "Balalarım, siz onu Atilla ilə, Çingizxanla müqayisə edin. O, nəhəng bir imperiyanın ən yuxarı mərtəbələrində dayanmış böyük türk oğludur. Ona bu prizmadan yanaşın, onun gücünü doğru bilin, bəlkə onda nə isə edə bildiniz".

... Hava aydın və barışlıdır, günəşin ilıq nəfəsi aram-aram təbiəti qış yuxusundan oyatmağa başlayıb. Ağacların çılpaq vücudu pucurlanmaq meylindədir. Biz baharın barışlı havasında məğrur dayanaraq öz yaşıl otları ilə könül oxşayan bir təpənin  önündəyik. Bura əski türk üslubunda bir məzardır. Bura kurqandır, bura Tanrıdağın təcəllasıdır. Qədim türklər xaqanların üstündə kurqan yapardılar, çünki Yer həyatı bitəndə xaqanların ruhu Tanrıdağa, Ulular uçmağına gedir. Tanrıdağı simvolizə edən kurqan isə onun cisminin əbədi məskəni olur. Bu kurqanda bir ər yatır, xilaskar Heydər yatır. O, burdan sevimli Azərbaycanına baxır. Ətrafda gənclər dayanıb, ətrafda dayanan gənclərədir mənim xitabım, gələcəyin tarixini onlar yazacaq.

Dədə Heydər türbəsinə el gəlir,

Yatan birdi, yatan birdi, yatan bir.

Od ölkəsi göy altında dururkən,

Bu tən birdi, bu tən birdi, bu tən bir.

 

Saf könüldə közərən söz ilahdı,

Tanrı özü bizə verdi bu taxtı,

Pozulmayan törəmiz var-ocaqdı,

Çatan birdi, çatan birdi, çatan bir.

 

Xaqan getdi, türk budunu sayrudur,

Ayrılığın namazına ayrı dur,

Uyquda da demə Təbriz ayrıdır,

Vətən birdir, Vətən birdir, Vətən bir.

 

Ər kişiyə qucaq açdı Tanrıdağ,

Haqq evinə bircə yol var - ərsayaq.

Bir kəz qalxıb daha enməz bu bayraq,

Tutan birdi, tutan birdi, tutan bir.

 

Şükür olsun, bu millət var, Vətən var,

Torpaq altda saya gəlməz yatan var,

Nə qədər ki, bayrağını tutan var,

Atan birdi, atan birdi, atan bir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!