Qızıl Alma... - Ziya Gökalp

İxtisarla

 

Bir varmış, bir yoxmuş Tanrıdan başqa

Kimsələr yox imiş yaxın zamanda.

Bakıda milyoner bir qız var imiş,

Türklüyü çox sevər, yurda yar imiş.

Adı Ay xanımmış, xanlar soyundan,

Anası qırğızın Konrad boyundan.

Uzun boylu, əsmər, yüksək alınlı,

Şərəfli bir kökün gözəl budağı.

Atası, anası öldü qəflətən,

Özü də Parisdə təhsildə ikən.

Dözdü ağır dərdə, şövqü sönmədi,

Tutduğu müqəddəs yoldan dönmədi.

İstərdi Turanda məktəblər açmaq,

Həqiqət nurunu ruhlara saçmaq.

Bununçun gərəkdi bilmək ən yeni

Tərbiyə tərzini, tədris elmini.

Bu yolda arzusu qədər yüksəldi,

Nəhayət, Parisdən Bakıya gəldi.

Biri oğlanlara, biri qızlara

İki məktəb tikmək üçün memara

Göstəriş verməklə işə başladı,

“İstiqlal beşiyi” məktəbin adı.

Bir yandan inşaat davam edərkən,

Ay xanım dərs aldı bilik əhlindən.

Qərbə təbliğ etmək üçün İslamı,

Savad aldı, azalmadan ilhamı.

Ona bəs deyildi öyrəndikləri,

Şərqdə çox qalmışdı bilmədikləri.

Deyirdi : «Xalq bağçadır, bizsə  bağban»,

Ağaclar gəncləşməz peyvənd olmaqnan.

İlk öncə ağacı budamaq gərək,

Peyvəndə sonradan bulamaq gərək.

Bununçün hər sabah evdə qalırdı,

Sadəddin molladan bilgi alırdı.

Bir axşam Ay xanım ata minərək,

İstədi ətrafda bir az gəzinmək.

Yanında taciri Bahadur ağa,

Şəhərdən çıxanda döndülər sağa.

Obada cənnətdən bir əsər vardı,

Bahardı, hər yerdə çiçəklər vardı...

 

...Bu anda Bahadur dedi ki, «Baxın

Bu gəncə, gözləri necə də dalğın!

Baxır hiss edilməz bir nəzər kimi».

Ay xanım görəndə titrədi qəlbi:

Özünə yönəlmiş iki sabit göz,

Şüşədən də şəffaf, yox əlavə söz.

Sarışın saçları uzun və dağınıq,

Mütləq ya şair, ya rəssam, ya aşıq.

Fikirli halıyla sənətkar  bir ruh,

Gözlərində qəflət, qəlbi narahat.

Ay xanım tutulmuş kimi nəfəsi

Dedi ki, «necə də solğun çöhrəsi!»

Qəlbində bir dərin hicran duymuşdu,

Ümumi qanuna o da uymuşdu.

Ertəsi gün dərsi dərdli dinlərkən,

Çıxmırdı həmin gənc bir an zehnindən.

Bu hala həm heyrət, həm hirs duyurdu,

Ruhunda bir gizli hiss uyuyurdu.

İstərdi yaşamaq milləti üçün,

Kini vardı sevda illəti üçün.

Avara bir eşqə könül bağlayan,

Necə verə bilər yurda yeni can?

Bu anda içəri girdi xidmətçi

Dedi ki, «qapıda duran bir gənci

Razı salmaq mümkün deyil. Mollaya

Suallar verməkçün gəlmişdir bura.

Yuxu görüb, yozum istəyir sizdən»,

Dərdinə bir çözüm istəyir sizdən.

Ay xanım tanıdı dərhal gələni,

Əllə tutub döyünən ürəyini,

Halını hamıdan gizlətmək üçün,

Dedi: «Mən gedim də buraya gəlsin».

Gənc gəldi oturdu Mollaya qarşı,

Dedi ki, «Eşitdim... Hər kimin başı

Dərdə düşsə, sizsiz çarə göstərən,

Bax, bu ümidlə də sizə gəldim mən.

İstanbulda doğuldum, Turqut - adım, -

Rəssamam, təbiət böyük ustadım.

Piyada gəzməyə aşiqəm... Mənim

Hər saat başında naməlum yerim.

Bir gözəllik görər, təsvir edərəm,

Böyük sənətkarı təhlil edərəm.

Dünən gəzinəndə önümdəki yol

Ayrıldı iki: biri sağ, biri sol.

Soldakı haraya gedir ki, deyə

Sual verdim ağ saqqallı kəndliyə.

Dedi: «Bu yol gedir Qızıl almaya…»

Lakin mən yozmadım ciddi mənaya...

Gəzinib az sonra bir şəhər seçdim,

Yaxınlaşdım. Birdən özümdən getdim.

Xəyalmı, yuxumu dəqiqmi bilməm,

Həm varlıq, həm yoxluq bir qərib aləm.

Nə görsəm yaxşıdı? Atlı bir pəri

Göydən endi, cənnət etməkçün yeri.

«Sən kimsən? Bu aləm haradı?» dedim,

«Bu Qızıl almadır, pərisi mənəm» -

Deyərək yox oldu fəqət xəyalı,

Hələ ruhumdadı, elə bu halı.

Sizə söyləməklə bir çarə tapmaq

Qızıl almaya yol, işarə tapmaq,

Buna görə gəldim... üz tutdum kimə

Cavab verib dedi: “Get o həkimə”.

Axtardığın cavabları o bilər,

Özü indi bax bu evdə dincələr.

Məcbur etdim, fəqət, istərəm üzr, -

Çünki bu dərd məndə qoymadı şüur.

Lütf edib dərdimə verin şəfanı,

İzah edin mənə Qızıl almanı.

Bu şəhər haradı, yolu haradan?

İndiyəcən varmı oraya gedən?

Pərisi mələkmi, yoxsa bəşərmi?

Məni hüzuruna qəbul edərmi?

Molla dedi: «Oğlum, türk fatehləri

İstərdi ki, işğal edə  hər yeri.

İşğal üçün tək bir hədəf tanırdı,

Oranı da İrəm bağı sanırdı.

Bu sirli ölkəyə, bir doğma yurda

Sahib olmaq üçün bu çətin yolda

Yüzlərcə türk qanı coşdu, qaynadı,

Hində, Çinə, Misirə, Ruma yayıldı.

Bütün paytaxtlara, ən sonda Çinə

Getdi. Fəqət... Əsla bu məchul yerə

Yaxınlaşmadı... Həmin sirli ölkə.

Deyildi xaricə məlum bir ölkə

Qızıl alma yoxmu? Şübhəsiz, vardır,

Fəqət, onun səmti başqa diyardır,

Yeri arzu dolu, səması xəyal,

Bir gün gerçək, amma indilik xəyal...

Türk mədəniyyəti uğurla dolu,

Yaşadıqca bu yurd qalacaq ulu.

Çox yerləri də fəth edə bilmişik

O yerlərdə mənən fəth edilmişik..

Çox ölkə almışıq böyük qüvvətlə,

Uymuşuq ordakı mədəniyyətə.

Bəzən hindli, bəzən çinli olmuşuq,

Ərəb, əcəm, firəng dilli olmuşuq.

Nə bir türk hüququ , türk fəlsəfəsi,

Nə türkcə inləyən bir şair səsi.

Şair, hakim gəlmiş bizdən yüzlərlə -

Kimi farsca yazmış, kimi ərəbcə.

Fransızca, rusca, çincə yazmışıq,

Türkcədə bəs neçə heca yazmışıq?

Bax, məsələn yazıb möhtərəm, uca,

Fərabi ərəbcə, Karamzin rusca.

Sina, Cəlaləddin, Zamahşarilər

Əməyi ərəbə, farsa verdilər.

Buxaralı Şövqət, Gəncəli Hüsrəv

Firdovsiyə, yaxud Sədiyə bənzər.

Bu gün belə, bir çox ədiblərimiz

Firəngcə yazmağı düşünür ədəb.

Türkcə yazanları tənqid edərlər,

Avropa təqlidi şeylər edərlər.

Öz həqiqi ruhumuz, əsl dilimiz

Bağırır onlara: «Bizə gəliniz!

Bizdədir fikirdə hiss, hissdə həyat,

Vicdanlara ilham, şairə qanad...»

Zəkamızı sanki borca vermişik,

Hər dildə kitablar sıralayaraq.

Türkün həm qılıncı, həm də qələmi

Yüksəltmiş Ərəbi, Çini, Əcəmi.

Hər anı bir tarix, bir yurd yaratmış,

Özünü başqası üçün aldatmış.

Öz işini daim yarım buraxmış,

Yurdunu buraxıb, Orxana getmiş.

Unutmuş öncəki əlifbasını,

Elm və fəndəki cızma-qarasını.

Yenidən bir yazı, bir qanun düzmüş,

Hər zaman zehnini boş yerə üzmüş.

Neçə dəfə qanun, qayda oxumuş,

Dönmüş geri təkrar, bina qorumuş.

Yox tariximiz, var tarixlərimiz,

Bir bürcə girməmiş zəfərlərimiz.

Hər biri parlayıb bir başqa göydə,

Bir ruhda qovuşub yüzlərcə gövdə.

Nə tarixi məlum, nə ili aşkar,

Amma Qızıl alma  bundan yadigar.

Millətə lazımsa gizli ehtiyac,

Milli vicdan tapar tək ona əlac.

Türk baxmamış yerə yaxud səmaya,

Demiş: «Gedəcəyəm Qızıl almaya...»

Məqsədi getməkdir birliyə doğru,

Milli düşüncə, diriliyə doğru.

Bilir bir gün milli ürfan doğacaq,

Yeni Orxan, yeni Turan doğacaq.

İctimai bir yurd, möhtəşəm tarix,

Olacaq türklükdən hər zaman şahid.

Fəqət, kim bilir ki,kim yol açacaq?

Türklük səmasında işıq saçacaq.

Kim bilir nə zaman onun pərisi,

Olacaq bu yeni yurdun Bilgəsi.

Anidən bir şövq ki, gəldi Mollaya,

İlahi bir səs yayıldı otağa :

Pirdən sual etdim: «Sevgilim hanı?»

Dedi mənə: «Əvvəl özünü tanı!»

Tutmuşam əlindən mən ixtiyarsız...

Aparıb məni saf, gizli dünyaya.

...Ümman coşqun axar buz sal içində,

Bir işıqböcəyi xəyal içində.

İşıldar kimiydi bu hal içində,

İnandıq ikimiz eyni röyaya...

 

Salımızın - top mərmisi cövhəri,

Partladı, dağıldı. Hər bir zərrəsi.

Soran zaman birdən bu möcüz sirri

Dedi: «Xəyal artıq keçdi həyata».

 

Zərrələr də bir-bir partlar onlardan,

Yeni mərmilər ayrılar durmadan.

Biz bunlardan biri üstündə, heyran,

Girməkdəydik həmin yeni fəzaya.

 

Dənizlərdən göllər, göllərdən çaylar,

Doğulduqca salımızı çox haylar.

Qaynaqdan bizimçün ayrılan paylar,

Aparırdı bizi başqa mənaya...

 

Salımız şar kimi, havanı yardıq...

Cəsarət taparaq daim yüksəldik.

Nəhayət, Adəmin gözünə gəldik,

Ordan da həsrətlə baxdıq Həvvaya.

 

Durmadıq biz, kimsə Sinada qaldı,

Kimi «Çatdım» - dedi, səmada qaldı.

Kimi ərşə çıxdı ələmdə qaldı,

Döndülər baxdılar axan dəryaya…

 

Salımız fişəngmiş, bizi uçurtdu,

Hər düşən qığılcım bir cahan qurdu.

Kimisi Londonda, Parisdə durdu,

Kimisi bağlandı yaşıl xurmaya...

 

Züleyxa Yusifdə tapdı özünü,

Fərhad Şirininə dikdi gözünü.

Şərh edə bilməzkən sevda sözünü

Məcnun qovuşmuşam sandı Leylaya!..

 

...Salımız könülmüş, uçduq xülyada,

Dincəlmədik heç bir şirin röyada.

Son arzumuz budur, fani dünyada

«Türkük... Getməliyik Qızıl almaya»...

 

...Ay xanım eşitdi bütün sözləri,

Bu fikri zehnində sürdü irəli.

«Qızıl alma yoxmuş, fəqət lazımmış,

Turan həyatına bu bir ənammış».

Hər xəyal həqiqət ola bilmişkən

Var etməmək niyə bunu indidən?

Madam ki, türklüyün dərdinə dərman

Bu imiş, nə üçün etməmək həmən?

Madam ki, nə Hinddə nə Çində imiş,

Türklərin ruhunun içində imiş;

Deyilmiş Ərəbdə, Əcəmdə, Rumda,

Unudulmuş kökü Qaraqorumda.

İngilis, fransız, rusda deyilmiş.

Hara düşsə, orda məna qazanmış.

Tapaq biz də onu vicdanımızda,

Bir günəş yaradaq Turanımızda».

Düşündü... düşündü... Bir qərara aldı,

Bir gün türkçüləri bütün çağırdı.

Dedi: «Türk ürfanı sərbəst bir torpaq,

Arzular olduğu yerdə parlamaq.

Nə Bakı, nə Kazan, nə də İstanbul

Bu yeni həyatı etməz ki, qəbul.

Onlarda hürriyyət siyasi deyil,

Sadəcə sözü var, mənası deyil.

 

Burada türkcədən razı övladın,

Orada zəncirdən çıxanmır qadın.

İsveçdə bir türk kəndi, yeni şəhər

Yaradaq... Açılsın yeni bir səhər, -

Bir birlik sevdası hopsun Turana,

Çaylar dönər yenə bir gün ümmana.

Təkrarsız yaratmaq, başdan sevgiylə

Həyat doğar, saçar türklüyə şölə.

Bütün türklüyə o eyni şöləni

Saçsın ki, ürəklər birləşsin, bəli.

Həkim, şair, ədib, sənətkar, tacir,

Eyni beşikdən də yetişib bir-bir.

Kimisi Kaşğara, kimi Altaya,

Kimisi Kazana, kimi Konyaya

Hər biri gedərək bir oymağına.

Aparsın od, işıq türk ocağına

Təhsil ocaqları, elmin hikməti,

Yayılıb, yüksəltsin böyük milləti.

Qızıl alma olsun şəhərin adı,

Babalarımız da onu axtardı.

Pekinə, Dehliyə bununçün getdik,

Vyana yurduna bununçün getdik.

Artıq tanımalı məfkurəmizi,

Yaradaq qanunu, öz törəmizi.

Türkçülərdir ki, bu fikri qoruyan,

Bütün ölkələrə etdilər elan...

Ay xanım bu işə öz sərvətini

Bağışladı, kimi hakimiyyəti,

Kimi ürfanını, kimi ruhunu -

Birləşib qurdular Turan yurdunu.

Lozannanın yanında türk diyarı,

Şənləndi, hər fənnin bir mədrəsəsi.

Əkin, ticarət və sənət evləri,

Tikilib yarandı cənnət ölkəsi.

Qız, oğlan uşaqlar gəlib doldular,

Yeni Adəm,  yeni Həvva oldular.

Balaca türklərə açıq qapısı,

Yeni bir həyatın oldu beşiyi.

Ay xanım tikdirdi təhsil mərkəzi,

Bir müdür əlinə verib işləri

Bakıdan bu yeni şəhrə getmişdi,

Müdirlik yükünü qəbul etmişdi...

...Turquta gəlincə o yazıq rəssam,

Hər gecə bir kənddə edərək axşam...

Az-çox getdi... Dağlar, dərələr aşdı,

Ölkə-ölkə, şəhər-şəhər dolaşdı.

«Qızıl alma haradadır?» soruşar,

Heç kəs anlamazdı, ancaq susardı...

Kaşğarda bir səhər gördü bir elan,

Təpədən dırnağa titrədi o an.

Çünki Qızıl alma sözləri iri

Hərflərlə yazılmış, yanında biri

Deyir: «Kim yollasa övladlarını, -

İndidən yazsınlar ki, adlarını

Yaxında bir karvan çıxacaq yola,

Elan etdik ki, xəbəriniz ola!»

Turqut həyəcanla, diqqətlə baxdı,

Gözlərindən sevinc yaşları axdı.

Lozanna ərtafında imiş məkanı,

Ora tökülmüşdür cənnət torpağı.

Mütləq oradadır gözəl mələyi,

Müqəddəs Turanın yeni Tomrisi.

İllərcə uyuyan ümidi güldü,

Adamlarla birgə yollara düşdü...

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Ülviyyə KƏRƏMQIZI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!