#EvdəQal kampaniyası çərçivəsində Orxan Araz öz şeirini oxudu - VİDEO

#EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsi davam edir. Bu gün Almaniyadan olan tanınmış şair və yazıçı, həmyerlimiz Orxan Araz öz şeirini oxudu.

 

Sən gələndə

Bu günlər hər kəs bir ümid işığı, bir xəbər gözləyir. Yenidən baharın dadını hiss etsinlər deyə. Mən də illərdi anamı  gözləyirdim. Almaniyaya gəlsin deyə. Onun üçün bir şeir yazmışdım.

Sən gələndə təzə bir bir gün güləcək üzümüzə,
Bahar əl edəcək, çiçəklər açacaq-
Daha gur, daha dolu!
Arılar fürsət tapacaq.
 

Sən gələndə bir pişik miyoldayacaq qapımızda,
Bir quş ötəcək, sərəcək otağımızı bir sərin dua,
Sükut bitəcək.


Sən gələndə qızım sevincdən ağlayacaq,
Sonra bir səni, bir məni sayıqlayacaq.


Sən gələndə bir yağmur yağacaq, dolu-dizgin.

Sonra günəş çıxacaq,
Göy qurşağı saracaq qəlbimizi,

Gözlərimizdən rəhmət axacaq.

Sən gələndə hacət qalmayacaq artıq sözə,
Xəbərlər gedəcək salam-salam,

Boxçalarla ölkəmizə.

Sən gələndə bir nur doğacaq  yuvamızda,

Ovuclarımda sənin istin bir bərəkət olacaq süfrəmizə.

Salam azərbaycanlı dostlar, qardaşlar. Hamınızı Almaniyanın Köln şəhərindən salamlayıram.  Bu çətin günlərdə sizə səbr və dözüm arzulayıram.
Hər şey kimi bu da ötüb keçəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!