“Varislər”in qonağı Azərbaycan teatr və kino tarixində özünəməxsus ifası, əvəzolunmaz səsi ilə yaşayan Əməkdar artist Hamlet Xanızadənin varisi, Akademik Milli Dram Teatrının meneceri Aygün Xanızadədir. P.S. Xatırlatmaq istəyirik ki, müsahibə məlum karantin günlərdən bir müddət əvvəl baş tutub.
1941-ci il Bakının Şağan qəsəbəsində, həkim ailəsində dünyaya gəlmişdi. Atası oğlunun aktyor olmasına qarşı idi, lakin heç kəs onun içindəki sönməz həvəsin qarsışını ala bilmədi. Uşaqlıq illəri müharibədən sonrakı Bakıda keçmiş, qadağalar, çətinliklər, ehtiyac bir çoxları kimi, onun da həyatında müəyyən izlər buraxmışdı.
İncəsənət İnstitutunun aktyorluq fakültəsinin tələbəsi olduğu vaxtdan istedadı, sənətə olan marağı ilə diqqət çəkdi. Tədris Teatrının səhnəsində yaratdığı rollar həm müəllimlərin, həm də tələbə dostlarının sevgisi ilə qarşılandı.
Tezliklə milli və dünya dramaturgiyası nümunələrindən ifa etdiyi rollar geniş şəkildə teatr ictimaiyyətinin diqqətini çəkdi və o, 1961-ci ildə gənc aktyor kimi Azərbaycan Dövlət Akademik Teatrına dəvət aldı.
Səhnədə və ekranda həyat verdiyi onlarca obraz bu gün də tamaşaçıların yaddaşında sevgi ilə xatırlanır. Həssas qəlbli insan, istedadlı aktyor, bacarıqlı pedaqoq olan Hamlet Xanızadənin varisi Aygün Xanızadə ilə Bakıdakı çay evlərinin birində görüşüb söhbət etdik.
HƏKİM OLMAQ İSTƏMƏDİ
Bildiyimiz kimi, Hamlet Xanızadə Şağan kəndində anadan olmuşdu və Bakı camaatı müəyyən mənada öz mühafizəkarlığı ilə seçilir. Üstəlik, 50-ci illərdə bu mühafizəkarlıq daha da qabarıq idi. Nə əcəb ailədə onun aktyor olmasına razılıq vermişdilər?
Yox, əksinə, ailədə onun aktyor olmasına qarşı idilər. Babam da, nənəm də həkim olub. Heç biri onun aktyor olmasını istəməyib. İstəyiblər atam da onların yolunu davam etdirsin - həkim olsun. Atam da əvvəlcə sənədlərini tibb institutuna verib, amma imtahanlardan kəsilib və evdə heç kəsə heç nə demədən sənədlərini İncəsənət İnstitutuna verib və müsabiqədən keçib.
Onun adı da Bakı ailələri üçün yenilik idi. Bakıda daha çox ənənəvi kişi adlarına üstünlük verilir - Məmmədağa, Davud və s. bu kimi adlar üstünlük təşkil edir, amma Hamlet Şekspir qəhrəmanının adıdır...
Atam söhbət edəndə deyirdi ki, babam həkim olsa da, ədəbiyyata, incəsənətə böyük maraq göstərib. Mütaliəli adam olub. Təsəvvür edin, bibimin də adı Şekspir qəhrəmanından götürülüb – Ofelya. Ailədə üç uşaq olublar. Amma əmimin adı, dediyiniz kimi, tipik bakılı adıdır – Fazil.
Müəllimim olduğu, bir yerdə filmə çəkildiyimiz üçün yaxşı xatırlayıram. Dərs deyirdi, filmlərə çəkilirdi, dublyaja gedirdi, televiziyadan dəvətlər alırdı, teatrın aktyoru idi və s. Bütün bunlar yaxşı qonorar demək idi həm də. Ailənin imkanları yaxşı olmalıydı, yəqin.
Yox, deməzdim ailənin imkanları yaxşı idi. Doğrudur, çox işləyirdi, amma imkanlar müəyyən çərçivə daxilində idi. Ailəmizin qayğıları çox idi, atamın ovaxtkı qazancı bəs etmirdi və ana babam imkan düşdükcə ailəmizə əl tuturdu. Anam Moskva Yüngül Sənaye İnstitutunu bitirdikdən sonra qısa müddət işlədi, sonra ailə ilə məşğul olmağa başladı.
O, TEATRDAN KÜSMÜŞDÜ
Hamlet Xanızadə Akademik Teatrın üzdə olan dörd-beş aktyorundan biri idi, amma sonra uzaqlaşdı teatrdan. Bunun səbəbi nə idi? Nə olmuşdu teatrda ona qarşı, kim dəymişdi xətrinə? Zənnimcə, siz o səbəbi bilirsiniz.
Doğrudur, teatrda onu incitmişdilər, amma kim incitmişdi, niyə incitmişdi hələ indiyə qədər bilmirik. Hal-hazırda bir vaxtlar atamın çalışdığı teatrda işləyirəm. Bilirəm, atam teatrdan incik getmişdi, amma kimdən və nədən dəqiq heç nə deyə bilmərəm. Anam bir dəfə bunun səbəbini soruşmuşdu ondan, qısa cavab vermişdi: “Maaş azdır”. Məncə, daha ciddi səbəb vardı. Ümumiyyətlə, çox danışan adam deyildi...
Hamlet Xanızadənin filmoqrafiyasına nəzər saldım, çox zəngin bir siyahı var: çəkildiyi, səsləndirdiyi obrazlar, dublyaj və s. Təbii ki, müasir tamaşaçı onu yalnız rol aldığı filmlərdən və retro teletamaşalardan tanıyır, amma teatrda onun onlarca möhtəşəm ifası olub və tale elə gətirib ki, onlardan bəzilərinə mən də baxmışam. Onun yaratdığı obrazlar arasında xüsusilə sevdiklərim var, bəs siz necə, ailədə onun hansı obrazını səbirsizliklə gözləyirsiniz?
“İmtahan” filmi var, ali məktəb müəllimini canlandırır. Qiyas obrazını.
O, ƏDALƏTLİ ADAM İDİ
Hə, Anarın “Şəhərin yay günləri” pyesi əsasında çəkilən filmi deyirsiniz.
Yəqin, odur. Fuad Poladov, Səfurə İbrahimova çəkilib həmin filmdə. Mən həmin filmi hər dəfə maraqla izləyirəm. Sanki həmin obrazda atam öz xarakterini yaradıb. Atam da həmin filmdəki Qiyas kimi təmiz, vicdanlı, ədalətsizliklə barışmayan, haqqı nahaqqa qurban verməyən adam idi.
Yaratdığı müsbət obrazlar var ki, onlara bir sənətkar kimi möhür vurub, amma elə bil daha çox xarakterik mənfi qəhrəmanları ilə yadda qalıb Hamlet Xanızadə. Məsələn, “Yeddi oğul istərəm”də Gizir: tək əllə at çapır, silahdan istifadə edir və s. “Babək”də Xəlifə Möhtəsim. Hamlet Xanızadə Xəlifə Möhtəsim obrazı ilə insan nifrətinin ən pik çalarlarını çatdıra bilib...
Məncə də Möhtəsim obrazı onun yaratdığı mənfi rolların zirvəsi sayıla bilər. Bu obrazda atamı tanımaq olmur. Mimikası, gözlərinin ifadəsi, jestikulyasiya tam fərqlidir. Tutaq ki, Gizir rolunda Gəray bəyin sağ əli kimi yalnız onun tapşırıqlarını yerinə yetirir və lazım gələndə öz bəyinə məsləhət verirsə, Möhtəsimdə o, islam xəlifəsi kimi mütləq güc sahibidir və həm də 20 il xilafətə üsyan edən Babəkin əlindən cana doymuş bir insandır. Atam bu obrazı dərinliyinə qədər ifadə edə bilib. Məncə, o, güc sahibi xəlifə Möhtəsim ilə insan Möhtəsimin paralellərini doğru verib.
NİFRƏTİN PİK HƏDDİNİ VERƏ BİLƏN AKTYOR
Tam doğru deyirsiniz. Dünya kinosunda əfsanə olan aktyorlar var və mən hər dəfə Hamlet Xanızadənin Möhtəsiminə baxarkən onun ifasını həmin o əfsanə aktyorların fərqli ifaları ilə müqayisə edirəm və qürur duyuram. Dediyiniz kimi, bir insan yalnız nifrətin pik həddində öz düşməninə qarşı Mötəsim qədər qəddar ola bilər və Hamlet Xanızadə Möhtəsimin timsalında Babəkin edam fərmanını son dərəcə yüksək sənətkarlıqla canlandırıb.
O film çəkiləndə biz uşaq idik, sonradan eşitdik ki, bayaq haqqında danışdığınız epizod bir dubla çəkilib. İlk baxışdan adamın inanmağı gəlmir, çətin səhnədir, amma sonra öz-özümə fikirləşirəm, bunu ikinci dəfə vermək, o cür yüksək səviyyədə təqdim etmək qeyri-mümkün bir şeydir. Əgər o epizod iki və daha artıq dubla çəkilsəydi, atam birinci dubldakı ifa tərzini, sadəcə, oynamağa məcbur olacaqdı və bu, obrazın səmimiyyətini kölgələyəcəkdi. Məncə, atam da, rejissor da doğru qərar verib. “Arxadan vurulan zərbə” filmindəki İmaj obrazı da müəyyən mənada mənfi roldur, amma İmaja yazığım gəlir. Bir də “Dəli yığıncağı” tamaşasında yaratdığı Molla Abbasa baxanda yazığım gəlmişdi atama. Balacaydıq o vaxt, premyeraya baxmağa getmişdik, bir yer var, orada atamı itələyirdilər və o, yıxılırdı. Bilirdim tamaşadır, amma atama acıdım və ağladım. Bütün zal çevrilib baxdı və tez məni zaldan çıxartdılar.
Tale elə gətirib ki, mən Hamlet Xanızadə ilə “Cansıxıcı əhvalat” filmində birlikdə rol almışam, filmdəki üç qardaşdan birini də mən oynamışam. O vaxt, demək olar, hər gün dərsdən sonra ya Hamlet müəllim, ya da ortancıl qardaşımızı oynayan Rafiq Əliyev “Aktyor evi”nin qarşısından məni öz maşınları ilə götürüb Pirşağıya çəkilişə aparırdılar. Yolda sənətdən, ədəbiyyatdan, dünyadan danışırdıq. Mən Bakı kəndlərində onun nə qədər hörmətlə qarşılandığını, camaatın onu necə çox istədiyini görürdüm. Yaşının az olmasına baxmayaraq onu ağsaqqal kimi qəbul edirdilər, süfrə açırdılar onun üçün. Bütün bunlar kənarda belə idi, bəs qohum-əqrəba arasında necə idi vəziyyət?
O, DÜNYADAN GEDƏN KİMİ HAMI KƏNARA ÇƏKİLDİ
Hamı onun xətrini istəyirdi, hörmətini saxlayırdı. Məclisə girən kimi hamı ayağa durub salamlayırdı onu, yuxarı başa çəkirdilər, amma çox qəribədir, atam rəhmətə gedən kimi hamısı çəkildi kənara.
Mənə də qəribə gəldi, çünki bir müddət əvvəl Səməndər Rzayevin qızı Rübabə xanımla söhbət etmişdim, o da eyni fikirləri söyləmişdi. Daha çox ana qohumlarının qayğısı ilə əhatə olunduğunu demişdi. Nədən irəli gəlir sonrakı bu soyuqluq?
Bilmirəm səbəb nədir. Təsəvvür edirsinizmi, bibim atama çox bağlı idi, amma atamın qırxını verib qurtardıq və təklif olundu ki, yaxın qohumlar evə qalxsınlar, amma bibim gəlmədi və dedi ki, qardaşımdan sonra mən o evə ayaq basa bilmərəm. O gündən bu günə qədər ata qohumlarımdan, demək olar, heç kəs bizi arayıb axtarmayıb. Düzdür, xeyirdə-şərdə üz-üzə gəlirik. Bibim, əmim olan məclislərə gedirik, bizə xəbər göndərirlər ki, gedib görüşək onlarla, onda da biz getmirik.
Məncə, onların yaşını, statusunu nəzərə alıb getmək, görüşmək olar.
Bilmirəm, bəzən ayaqlarım getmək istəyir, ürəyim mane olur, bəzən də əksinə. Bilirsiniz necədir, çətin günlərimizdə, tək qaldığımız vaxtlarda yanımızda olmalıydılar, biz o vaxt daha çox ehtiyac duyurduq onlara, söhbət maddiyyatdan getmir, mənəvi ehtiyacdan gedir. Məncə, indi çox gecdir.
QANLI 20 YANVAR ŞƏHİDLƏRİNDƏN BİRİ
1990-cı ildə Hamlet Xanızadə dünyasını dəyişəndə 12 yaşınız olub, səhv etmirəmsə. Bildiyim qədərilə ananız da işləmirdi o vaxta qədər. Kim gəlib- gedirdi, kim dayaq dururdu sizə. Ətrafda kimin varlığını daha çox hiss edirdiniz?
Ana babam, ana nənəm, ana qohumlarımız. Ata babamı görməmişdim mən, erkən dünyadan getmişdi, sonra da ata nənəm dünyasını dəyişdi. Bibim və əmim qalmışdı, onlar da bizi axtarmırdılar.
Əmi, yəni Bəxtiyar Xanızadənin atası?
Yox, Bəxtiyar Xanızadə atamın əmisi nəvəsidir. Bir az uzaq sayılır. Münasibətimiz yaxşıdır, işlə əlaqədar olaraq bəzən tez-tez görüşürük və çox səmimi. Amma atamın yubileyi keçirilirdi, zəng vurub dəvət elədim, gəlmədi. Sonra başqa bir tədbir oldu, yenə dəvət elədim, yenə gəlmədi. Deyirlər, guya tədbirlərə getmir.
Hə, müəllimim olub mənim, bacarıqlı pedaqoq və maraqlı layihələr müəllifi kimi xatırlayıram Bəxtiyar Xanızadəni, həm də bir qədər qapalı xarakterli adam kimi qalıb yaddaşımda. Amma nə olur-olsun, Bəxtiyar Xanızadənin adı çəkilən kimi Hamlet Xanızadə yada düşür, ya da əksinə, Hamlet Xanızadə deyiləndə Bəxtiyar Xanızadə xatırlanır. Hər ikisi sevilən adamdır mənim üçün, amma, təbii, Hamlet Xanızadə xüsusilə doğma adamdır və tək mənim üçün yox, əksər tamaşaçı üçün doğmadır. Təsadüfi deyil ki, o, dünyasını dəyişəndən sonra 1991-ci ildə Əməkdar rəssam mərhum Mübariz Gəncəliyə Hamlet müəllimin portretini sifariş verdim və düz 20 il həmin portret mənim iş otağımdan asıldı. 2011-ci ildə Hamlet müəllimin 70 yaşı keçiriləndə məmnuniyyətlə həmin portreti Dövlət Film Fonduna bağışladım.
Hə, yaxşı xatırlayıram, həmin tədbirdə iştirak etmişdim. Film fondu təşkil etmişdi, fondun direktoru, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin təşəbbüsü ilə baş tutmuşdi o yubiley. O portreti də xatırlayıram.
Birlikdə filmə çəkildiyimiz vaxt 1988-ci il idi və artıq hadisələr başlamışdı. Hiss edirdim, Hamlet müəllim necə əzab çəkir, ermənilərin nankorluğunu, SSRİ rəhbərliyinin mövqeyini həzm edə bilmirdi. Sonra da 1990-cı ilin məlum 20 Yanvar hadisələri baş verdi və bu, onu sarsıtdı. Ümumiyyətlə, emossional adam idi və həmin ərəfədə “Qətl günü” filmində eyni zamanda üç paralel obraz canlandırırdı. Çox ağır çəkilişlər və çox ağır iş rejimi vardı. Nə danışırdı evdə? Hadisələr ona necə təsir etmişdi?
“QƏTL GÜNÜ” İLƏ SONLANAN ÖMÜR
Evdə matəm idi. Rəhmətlik aktyor Bürcəli Əsgərov ilə qonşu idik, çox yaxın münasibətlərimiz vardı. Atam Bürcəli əmi ilə bizdə nərd oynayırdı, birdən 20 Yanvar hadisələri başladı, atışma səsləri eşidildi. Tez oyunu saxlayıb eyvana çıxdılar. Yaxşı xatırlayıram, bir nəfər yolu keçə-keçə: “Camaatı qırırlar!” – deyib, çığırırdı. Atamla Bürcəli əmi sözləşib küçəyə çıxdılar, amma həmin adamı da sürətlə gələn maşınlardan biri vurdu. Çünki artıq çaxnaşma düşmüşdü, hamı qaçır, canını qurtarmaq istəyirdi. Atam bunu görəndə dəhşətə gəlmişdi. Nəsə, getdilər və bir də səhərə yaxın qayıtdılar evə. Atam çox sarsılmışdı, özündə deyildi. Sonra şəhərdə gördüklərini pıçıltı ilə anama danışırdı.
1990-cı ilin 3 fevralı... Həmin vaxt 20 Yanvar hadisələrindən iki həftə ötmüşdü. Bu iki həftəni evdə necə keçirirdi Hamlet müəllim? Dünyasını dəyişdiyi gün, yəni fevralın 3-ü adi günlərdən biri idimi onun üçün?
Bilirsiniz necədir, əslində, o iki həftəni təkcə atam yox, hamımız sarsıntı və matəm içində keçirmişdik. Nəinki hamımız, elə bütün xalqımız, hər kəs. Bakı, şəhərlər, rayonlar hələ də yas içində idi. Atam ürəyinə salırdı hər şeyi. O gün səhər evdən çıxıb kinostudiyaya, oradan da şəhidləri ziyarət etməyə getmişdi. Səhv etmirəmsə, rəhmətlik Nəsir Sadıqzadə və Hafiz Fətullayevlə bir yerdə. Başqa adamlar da olub yanlarında, amma xatırlayıram, evə Hafiz Fətullayev gətirmişdi onu. Artıq beyninə qan sızmışdı. Bürcəli əminin oğlu kardiolq idi, tez onu çağırdıq gəldi, müayinə elədi və dedi ki, təcili xəstəxanaya aparmaq lazımdır. Apardıq “Semaşko” xəstəxanasına, tez reanimasiyaya yerləşdirdilər və səhər dünyasını dəyişdi, çünki artıq çox gec idi.
Bu, çox gözlənilməz bir itki olub. Cəmi 49 yaşı var və evdən normal çıxır, amma qayıdanda özündə olmur. Nəsə bir vəsiyyəti, tapşırığı var idimi?
Yox, heç nə. Bəzən danışıram, deyirlər, guya mənə elə gəlib, uşaq olmuşam... Amma dəqiq bilirəm, yaxınlaşıb danışdım onunla, əlindən tutdum, o da əlimi sıxdı. Ani oldu, amma hiss elədim əlimi sıxır. Zənnimcə, o məni eşidirdi.
O NƏSİLDƏN DEMƏK OLAR, HEÇ KƏS QALMAYIB
Kiminlə dostluq edirdi? Kim gəlib-gedirdi sizə? Məsələn, Rübabə xanım dedi ki, Səməndər Rzayev dünyasını dəyişəndən sonra ailəni arayıb-axtaran sənət dostlarından biri də Hamlet Xanızadə olub. Bəs, Hamlet Xanızadənin ailəsini kim axtarırdı?
Fuad Poladov... Ömrünün son gününə qədər bizi unutmadı. Gəlib-getdi, arayıb-axtardı, hər bayramda maraqlandı, imkanı olmayanda zəng vurub kefimizi soruşdu. Qızının toyunda hamımız iştirak elədik. Başqa kim qalıb ki, o nəsildən?! Gələn il, qismət olsa, atamın 80 illik yubileyi olacaq. Bəzən fikirləşirəm, kim gəlib nə danışaçaq, nə xatirə söyləyəcək? Çoxu dünyasını dəyişib. Amma Yaşar Nuri, Telman Adıgözəlov, Səməndər əmi evimizə gəlib-gedən adamlar idi. Allah hamısına rəhmət eləsin.
Belə baxanda sifət cizgilərindən sərt adama oxşayırdı, amma mən onunla bir yerdə az da olsa işlədim, yol yoldaşı olduq və nə qədər səmimi, ədalətli, işıqlı, dürüst adam olduğunu gördüm. Ailədə necə idi? Sizinlə necə davranırdı?
Dərslərimizlə maraqlanırdı. Demək olar, hər gün gündəliyimizə baxırdı, dərslərimizi soruşurdu. Həkim olmağımızı istəyirdi. İncəsənət adamı olmağımızı heç vaxt istəməzdi, yəqin, amma elə alındı ki, biz də onun yolu ilə getdik, ikimiz də incəsənət universitetini bitirdik. Mən menecerlik, bacım Xumar isə mədəni maarif fakültəsini. İngilis dilini yaxşı bilirdi, kömək edirdi bizə, tərcümə edirdi, başa salırdı. Dərslərimizi hazırlayandan sonra zarafatlaşırdı, oynayırdı, məzəli əhvatlar danışırdı. Bizimlə nəfəs alırdı. Səhərlər idmanla məşğul olurdu, bizi də məcbur edirdi idman edək.
Ömrünün son illərində teatrdan da, incəsənət institutundan da getmişdi, kinostudiyada aktyor kimi fəaliyyət göstərirdi, bir də televiziyada və radioda işləri vardı. Həm də çox çəkilirdi, dublyaj edirdi. Vəziyyət necə idi evdə? Necə dolanırdınız?
İşləməyinə çox işləyirdi, bəli. Xatırlayıram, evimizdə telefon olmadığından qonşuya tez-tez zəng vurub çağırırdılar onu. Qeyd dəftəçəsi vardı, orada gündəlik iş rejimini yazırdı, nə vaxt kinostudiyada, nə vaxt radioda olacaq, sonra kiminlə görüşəcək və s. Dolanmağa gəlincə, yağ-bal içində üzmürdük, dolanırdıq birtəhər, amma bilirdik ki, atamız var və heç vaxt korluq çəkməyimizə imkan verməz. O qeyd dəftərçəsini xatırlayıram.
Ümumiyyətlə, təzyiqdən, ya da başqa bir xəstəlikdən əziyyət çəkmişdimi? Yoxsa onun ölümünə birbaşa səbəb elə 20 Yanvar hadisəsi oldu?
Yox, heç nədən şikayəti yox idi. Həm 20 Yanvar, həm də “Qətl günü” filminin çəkilişlərindən bir qədər əvvəl avtomobil qəzasına düşmüşdülər: Fuad Poladov, Nəsir Sadıqzadə atamın maşınında. Haradansa rayondan qayıdanda qaranlıqda atam yola tökülən çınqıl qalağını görməyib qəza törətmişdi və xəsarət almışdı. Çənəsi iki tərəfdən sınmışdı, çox ağır əməliyyat keçirtdi. Həkimlər bir müddət ona işləməyi, danışmağı qadağan etmişdilər, amma iki aydan sonra başladı yenə işləməyə. Sonra da “Qətl günü”ndən təklif aldı və çox ağır iş rejimində işləməyə davam etdi. Hətta filmdə də görünür sifətndəki tikiş yeri. Bəzən gecə keçənə qədər rejissor Gülbəniz Əzimdə ilə oturub işləyirdilər. Ya Gülbəniz xanım bizə gəlirdi, ya da atam onlarda olurdu. Ailədə hamımız hiss edirdik, ilk dəfə idi çəkilişlərdən çox yorğun qayıdırdı. Filmin ağırlığı, sonra da 20 Yanvar hadisəsi, görünür, səhhəti tab gətirmədi.
YOQA VƏ LÜMİZMATİKA
Atanızın ailədə dediyi hansı söz yaddaşınızda hələ də qalıb? Son olaraq onu necə xatırlayırsınız? Bir də hansı özəllikləri vardı?
O vaxt yoqa haqqında çox geniş məlumat yox idi, dəfələrlə onun medaitasiya etdiyini görmüşəm. Yoqa ilə məşğul olurdu, öyrənirdi. Güclü mütaliə edirdi, lümizmatika ilə (müxtəlif dövrlərə və dövlətlərə aid kağız və metal pulların kolleksiyası) maraqlanırdı. Onun kolleksiyasını Şağanda qədim əşyalar muzeyinə vermişəm.
Həmişə anama deyirdi ki, “qızlardan muğayat olarsan!”. Məni adımla çağırırdı, Xumara isə Ponçik deyirdi həmişə. Yəqin, böyük olduğum üçün mənimlə bir qədər məsafə saxlayırdı, amma işdən gələn kimi Xumarla daha çox vaxt keçirirdi.
Qısqanmırdınız onun bu ayrı-seçkiliyini?
Yox, ayrı-seçkilik deməzdim. Xatırlamıram, bəlkə də, ani hisslər olub. Bilirsiniz uşaq idik, hələ dünyanı dərk etmirdik, kimin ağlına gələrdi ki, səhər öz ayaqları ilə evdən çıxacaq, bir qədər sonra dostlarının qucağında qayıdacaq evə. Məncə, əgər belə olacağını bilsəydik, ayaqlarına düşüb evdən çıxmağına mane olardıq...
Təsəvvür edin ki, işdən yorğun-arğın evə qayıdırsınız və qapını açıb içəri keçəndə onun tanış səsini eşidirsiniz. İlk baxışdan bunun hansısa bir filmdən olduğunu, hətta atanızın aktyor olduğunu belə, unudursunuz və tez otağa cumursunuz... Olubmu belə anlar?
ÖLÜMÜNDƏN SONRA DA RUHU AİLƏSİNİN YANINDADIR
Əlbəttə, çox olub. Mən atamın yoxluğu ilə hələ də barışa bilmirəm. Təkcə mən yox, bacım da barışa bilmir. Elə filmlər var ki, onların çəkilişlərini xatırlayıram, həmin filmlərə baxarkən daha çox xatirəyə qapılıram, məsələn, bilirəm ki, filan filmə çəkiləndə üç gün rayonda qalıb, gecə ilə evə qayıtmışdı və gələndə bizə rayondan filan şeyi alıb gətirmişdi. Nəsə uşaq yaddaşı... Bir də qəribə bir mistik məqam var: ailədə nəsə bir xeyir iş, ya da ümumiyyətlə, nəsə olacaqsa, mütləq yuxumuza girir və hər şey bizə ayan olur. Əgər atamızı yuxuda görmüşüksə, bilirik ki, yaxın günlərdə mütləq nəsə yaxşı xəbər eşidəcəyik. Hiss edirəm ki, nəzərləri yenə də ailəsinin, doğmalarının üstündədir...
Söhbətləşdi : Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!