Kamal Abdullanın “Sirlərin sərgüzəşti” əsərində süjet iki paralel xətt üzərində inkişaf edir. Əsəri oxuyarkən bu gün və keçmişin fonunda gələcək dumanlı görünür. Konkret olaraq əsərin sonunu təxmin etmək mümkün olmur. Bu isə müəllifin uğuru hesab oluna bilər. Roman postmodernizmin xüsusiyyətlərini özündə əks etdirib. Roman postmodern nəsr texnikasına xas olan iç-içə süjetlər, mövzular, metatəhkiyə, qurğu (fantastika) zənginliyi ilə fərqlənir.
Əsərin girişi ilə gedişatı oxucunu tanıyıb bilmədiyi, eyni zamanda həm də çox yaxşı tandığı zamana çəkir. Fəsillər texnikasıyla bölünən romanın hissələri oxucunu məcbur edir ki, mistik təkrarlanmaları reallığın bədii sirkulyasiyasından fərqləndirib ayırsın. Bu isə insanı birbaşa düşünməyə sövq edir. Mətnlərarası əlaqə və fantastika rəngarəngliyi, intelektuallıq, informativlik nümunəvi oxucunun qavrayış rakursunu müəyyənləşdirir.
Bilindiyi kimi, “mətnlərarası əlaqə və üstqurğu texnikalarının tez-tez istifadə edildiyi, müasir romanların əksinə, mübtədaya deyil, ifadənin özünə fokuslanan, tarixi gerçəklərlə fantastikanı iç-içə verərək tarixdən faydalanan postmodern roman qeyri-adi xarici fantastikasıyla diqqətləri üzərinə çəkməyi bacarır. Postmodern romanda izahedici, məkan və zaman strukturları müasir romana görə maraqlı fərqliliklər göstərər. Postmodern romanın yazarı; cəm nəqletmə texnikasıyla oxucunu çaşdırarkən, “hiper məkan” quruluşunun dəyişkənliyi və bir yerdə verilmiş fərqli zaman dilimlərinin quruluşuyla oxucunu vərdiş etmədiyi bir aləmin içində tək buraxar”.
“Zaman və məkanın kəsişdiyi belə bir guşədə könül xoşluğu ilə ömür sürən Həsən müəllim həyatından xeyli razı idi. Burada hər şey onun ürəyincə idi. Arzusunda olduğu təkliyə və qəlbində yaşatdığı tənhalığa o, nəhayət ki, məhz bu kəsişmə nöqtəsində qovuşa bilmişdi. Bir məsələdən isə onun özünün də xəbəri yox idi. O bilmirdi ki, bu kəsişmə nöqtəsində onun adı Hacı Mir Həsən ağa Səyyahdır. Adı uzun olduğundan və real həyatdakı Həsən müəllim ifadəsi o qədim guşədə ətrafdakılar üçün anlaşılmaz səsləndiyindən hamı onu Səyyah çağırırdı. Sadəcə Səyyah. Müəllifi olduğu və bütün Şərqdə ona böyük ehtiram qazandırmış risalələrində isə o, adətən, tam adını işlədirdi Hacı Mir Həsən ağa Səyyah”..
Romanda intellektuallıqla sadə məişət həyatı tetatet dayanır. Qəribə bir paralelliklə biri digərini zədələmədən inkişaf edir. Çoxalır, böyüdükcə böyüyür. Və nəhayət, vəhdət təşkil edir.
İki fərqli zaman eyni məkanda reallaşır. Postmodern labirintdə obraz, zaman və mövzu problemi bir-birini izləyir, qovur, itirir və nəhayət, tamamlayır.
Üstqurğu, “altmışlardan sonra postmodern tərifiylə bir çətir altında toplanmağa çalışılan ədəbiyyatın ana fantastika meylidir. Ədəbiyyatı oyun olaraq görən bir anlayışın məhsuludur; mübtəda-obyekt, daxili dünya-real həyat, qurğu (uydurma)-gerçəklik ziddliklərinin bir-birinə qarışdığı, ya da eyni anda yaşandığı pluralist və eynivaxtlı (simultaneous) bir həqiqət anlayışını əks etdirir” .
Əsərdə (uydurma)-gerçəklik anlayışı vəhdət təşkil edir. Bir-birinə qarışır. Nadirən ayrılıb özünü göstərir. Oxucunu mətnə çəkir və oxucumərkəzli davam edir. Beləliklə, postmodernizmin prinsipləri ustalıqla mətnə tətbiq olunur.
Qeyd edək ki, “zaman, xüsusilə fantastik quruluşlu ədəbi mətnlərdə saat, ay, il, gün kimi təqvim zamanının parçaları olaraq konkret və mücərrəd qəbulun bir parçası ola bilər. Mövsümlər də fantastik quruluşun obyektivliyini göstərən bir həqiqətin parçası ola biləcəyi kimi, alt mətndə verilmək istənilən romantik atmosferin tamamlayıcı ünsürü ola bilər. Bu səbəblə mövsümlər, bəzən fantastikanın zaman detallarını göstərən, yaxud həqiqi atmosferi tamamlayan, kosmik mənada zamanın keçmişini, romandakı həyatın dəyişməsini bildirən bir
göstərici ola bilər. Bəzən də romanın romantik atmosferini, xarakterlərin psixoloji hallarını tamamlayan bir dekorasiya olaraq görünə bilər”.
Mehman Qaraxanoğlu yazır: “Kamal Abdullada fəsillərin ardıcıllığı ustacasına pozulur. “Payız”ın davamı “Yay”, “Qış”ın davamı “Payız” ola bilir. Və ya əksinə. Özü də bu “davam”lar bir dəfə yox, sonsuzluğa qədər davam edə bilər. Bu, müəllifdə roman təfəkkürünün hüdudsuz və sonsuz olmasını göstərən amillərdəndir”.
Fikrimizcə, bioqrafik məlumatların ustalıqla səpildiyi postmodern roman daxili (ruhsal, mənəvi) dünya və real həyatın ustalıqla vəhdətindən toxunub.
“Həsən müəllimin kabineti böyük və işıqlı otaqdan ibarət idi. Dörd tərəfdən kitab, jurnal-dəftərlə dolu şüşəli və şüşəsiz kitab şkafları, divarlardan asılmış kitab dolabları var idi. Bir divara (bu divara Həsən müəllimin yazı masası dirənmişdi) Orta əsrlərə aid Avropa və Asiya ölkələrinin xəritəsi vurulmuşdu”.
Həsən müəllimin kabinetinin təsvirində adama elə gəlir ki, Orta əsrlərə aid Avropa və Asiya ölkələrinin xəritəsi modern dünya ilə Orta əsrləri eyni anda özündə ehtiva edir.
Təsvirlərin dolğunluğu bu hissi yaradır ki, sanki əsərdəki kabinet yazıçının çox tanıdığı və hər gün nəfəs aldığı mühitdir. Romanı oxuyan hər kəs əsərdə Kamal Abdullanı axtarır.
Bioqrafik məlumatlarla seçilən roman haqqında akademik İsa Həbibbəyli yazır: “Kamal Abdulla “Sirlərin sərgüzəşti” romanında Hacı Mir Həsən ağa Səyyahın onun özü olduğunu bildirməklə bu vaxta qədərki əsərlərində, xüsusən “Sehrbazlar dərəsi” romanında təsvir etdiyi Səyyahın üzündən “bədii obraz” niqabını götürmüşdür. Fikrimcə, Kamal Abdullanın tədqiqatçıları onun yaradıcılığını tədqiq edərkən məsələnin bu cəhətinə diqqət yetirməklə məsələlərə yenidən qiymət verməli olacaqlar”.
Yazıçı bir müsahibəsində vurğulayır: “Bütün yazılar da əslində, müxtəlif personajlar, prototiplərdir. Basat da mənəm, Təpəgöz də… Dədə Qorqud da mənəm, Şir Şəmsəddin də… Bəzən məni tənqid edirdilər ki, Kamal Abdullanın çoban obrazı alim kimi danışır. “Unutmağa kimsə yox” romanında Bəhram kişi uzaq qalaktikalardan, paralel dünyalardan söhbət açır. Bəli, belədir. Çünki o da mənəm”.
Ədəbiyyatşünaslığa son illərdə daxil olan, yeni termin kimi səsləndirilən postmodern romanın əsas meyarlarından biri də keçmişə edilən istinadlar, göndərişlər, işarələrdir.
Mənbələrdən aydındır ki, mətnlərarasılıq və ya intertekstuallıq anlayışını Mixail Baxtin elmə gətirib. Mətnlərarası əlaqələr, ən ümumi tərifiylə bir mətnin özündən əvvəl yazılmış mətnlərlə olan əlaqəsi qanununa söykənir. Mətnlərarasılıq postmodernizmin mətni təhliletmə üsullarından biri kimi son dərəcə vacibdir.
Bu kontekstdə əsərdə ənənə və postmodern kosmoplitanlıq parelel inkişaf trayektoriyası cızır. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin sirri oxucunu ənənənin dərin qatlarını dərk etməyə çağırır. Postmodern romanda xalqın mənimsədiyi folklor nümunələrinə yer verilir, yaxud dekonstruksiya olunaraq mətnə yerləşdirilir.
“Mətnlərarasılıq anlayışına görə, hər mətn mənaların mozaikası olaraq qurulur və hər mətn digər mətnin transformasiyasıdır.
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanında “Kitabi-Dədə Qorqud” motivləri əsasında yazılan hissələrdə dastana postmodern baxış bucağı sərgilənir.
Akademik İsa Həbibbəyli qeyd edir: “Sirlərin sərgüzəşti” romanındakı “Kitabi-Dədə Qorqud” motivləri “Gizli Dədə Qorqud” və ya “Kitabi-Dədə Qorqud”un poetikasına giriş” monoqrafiyalarında haqqında bəhs olunan elmi ideyaların yaradıcı şəkildə inkişaf etdirilmiş roman variantıdır. Beyrəklə Banuçiçəyin “savaşında” dastanda olduğu kimi, Basatın deyil, Banuçiçək xanımın qalib gəlməsi ideyası, yaxud dastandan fərqli olaraq Təpəgözün “yunan adalarından gəlmə” və müəyyən insani keyfiyyətlərə malik varlıq olması mətləbləri Kamal Abdullanı uzun illər ərzində məşğul edən məsələlər sırasındadır. “Sirlərin sərgüzəşti” romanında həmin məsələlərdən söz açmaqla o, öz versiyasının müəyyən həyati əsaslara malik olduğunu göstərmiş, irəli sürdüyü mətləbi və ya ideyanı daha da kütləviləşdirməyə çalışmışdır”.
“Təpəgözlər oğuz diyarına uzaq-uzaq ellərdən gəlmə idilər. Şəcərəsi uzaq yunan adalarına gedib çıxırdı”.
Gerçəkdən də, bu kimi motivlər ədəbiyyatşünasların diqqətində olmuşdur.
Antik mənbələrdə Şərqin Qərbə mədəni təsiri ilə bağlı kifayət qədər məlumatlar mövcuddur: “Qədim yunan mifologiyasında bəzi yunan tayfalarının və məşhur nəsillərinin mənşəyi qədim Şərqlə bağlanılır. Yunan ədəbiyyatında bir sıra epik motivlər də Şərqlə bağlıdır. Bu baxımdan “Odisseya”da Siklop-Polifem haqqında hekayət maraq doğurur. Təkgözlü (Təpəgöz) nəhəng varlıqlar haqqında rəvayətlər dünya xalqlarının, xüsusilə qədim türklərin şifahi ədəbiyyatında olan süjetlərdir”.
Bu cür süjetlərə bağlı mülahizələrə biz filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayevin “Azərbaycan folklorunun regional xüsusiyyətlər”i (Naxçıvan folkloru materialları əsasında) adlı dissertasiyasında da rast gəlirik: “Qırğızlar “təkgözlü divi” Malgün, yəni Məlun, qaqauzlar isə Denegoz adlandırırlar. Yunan, hind və digər mənbələrdə onunla bağlı maraqlı məlumatlar var. Azərbaycan folklorunda Təpəgözə münasibət daha maraqlıdır”.
“Kökləri ilkin mifoloji dünyagörüşünə gedib çıxan "Kitabi-Dədə Qorqud"-u ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanstan bir çox analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir”.
Doğrudan da, dastan, mif və ənənədən, folklordan gələn mətnlər Kamal Abdullanın qələmində transformasiyaya uğrayır. Ortaya çıxan mətnlər bizi var olan, orijinal mətnə təkrar baxmağa, müraciət etməyə sövq edir. Bir növ var olan tendensiyalarla hesablaşmaz. Öz nəzəri-estetik, bədii, məntiqi prinsiplərini yaradar.
Necə ki, Rosenauya görə, postmodernizm istər siyasi, istər dini, istər ictimai xüsusiyyətli olsun, bütün qlobal, hər şeyi əhatəedici dünya görüşlərinə meydan oxuyar.
Marksizmi, Xristianlığı, Faşizmi, Stalinizmi, liberal demokratiyanı, dünyəvi humanizmi, feminizmi, İslamı və müasir elmi eyniləşdirər və bunların bütün suallarını əvvəldən təxmin edib təyin olunmuş cavablar verən söz mərkəzçi, aşırı və totalitar izahlar olduqlarını söyləyərək hamısını əlinin tərsiylə itələyər və həyatı tamamilə şərh və istiqamətləndirmə iddiasındakı azadlıq, bərabərlik, ədalət, təkamül, rasionalizm kimi Aydınlanan və ya Aydınlanma əvvəli idealların hamısının metaizah olduğu və bütününün etibarlılığını itirdiyini irəli sürər. Bu mənada Lyotard, “gəlin bütünlüyə qarşı bir döyüş başladaq, gəlin təqdim edilə bilməyənə şahidlik edək, fərqlilikləri təsirli edək (Lyotard, 1997:159) deməkdədir.
Tarixdən, ənənədən yararlanan postmodern roman var olan gerçəkliyə həqiqət qatmaz yeni bir qurğu, fantastik dünya yaradar, baxış bucağı formalaşdırar, medalın görünməyən üzünü gün işığına tutar və oxucunun beynini qarışdırar. İki yolayrıcında buraxar. Və yazar arxasını dönüb gülərək oxucudan uzaqlaşar. Oxucu postmodern labirintdə mətnlə təkbətək qalar.
Kamal Abdulla yaradıcılığı bu kontekstdə uğurlu eksperiment və nailiyyətdir.
Qeyd edək ki, doğrudan da, “hər mətn, əslində, özbaşına mövcud deyil, əksinə, başqa kodlar və mətnlərin içindədir”.
Daha sadə şəkildə ifadə etsək, intertekstuallıq, mətn, mətni oxumaq müstəqil və hər şeyin mətnin öz içində olduğuna inanan bir sistem deyil, başqa mətnlər və başqa oxunuşlar da var deməkdir. Və əslində, hər bir mətn digər mətnlərlə əlaqəsində mövcuddur.
Bu baxımdan müəllif vahid xətdə multisüjet qurub. Bu süjet bölündükcə-bölünür. Durmadan davam edir. Və sanki bu süjetin əvvəli, sonu yoxdur. Bu süjet labirintin özüdür. Bu labirint dairəvidir. Çıxmaz sokaqdır.
Hətta fəsillərin döngüsü belə dairəvidir.
Umberto Eko kimi intellektual mətnlər yaradan və tarixi, folkloru, dili yaxşı bilən Kamal Abdulla irsi heyrətamiz bir elmi eksperimentləri və elmi-bədii intellektuallığı özündə ehtiva edir.
Bilindiyi kimi, “intellektual anlayışı ilk olaraq XIX əsrin sonlarında Fransada Emil Zolyanın Dreyfus hadisəsi sonrası yazdığı “Günahlandırıram” məqaləsi ilə siyasi ədəbiyyata daxil oldu. O dövrdə Zolya yəhudi mənşəli fransız zabit Alfred Dreyfusun casusluqla günahlandırılmasına ilk üsyan edən yazar olmuşdu.
Ardından bir çox yazar və elm adamı da Dreyfusu dəstəkləyən məlumat imzaladı. Sağçı mətbuat isə bu məlumatı “intellektuallar məlumatı” adlandıraraq tənqid etdi”.. Başlanğıcda mənfi çalarda təqdim olunan bu qavram sonralar hörmət duyulan çərçivəyə əsaslandırıldı. Və daha sonra postmodernizmdə intellektuallığın forması dəyişdi. Və postmodern intellektuallar ortaya çıxdı. Modernizmin intellektuallığı ilə postmodernizmdə intellektuallıq fərqlidir. Aydınlanma və modernizm əleyhdarı postmodern intellektual hücumlar XX əsrin ortalarından etibarən yüksəlişə keçmiş və intellektuallığa yeni ölçü qazandırmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, postmodernizmin ən əhəmiyyətli nümunələrini dünya ədəbiyyatına bəxş edən Ekonun yaratdığı mətnlər intertekstuallıq baxımından maraqlıdır.
“İntertekstuallıq (intertextuality) tərif və məna çətinliyini ən çox hiss etdirən terminlərdən biri olaraq diqqət çəkir. Bütöv bir quruluşa salınması məqsədilə bir ədəbi mətnə həm ədəbiyyat sahəsindən, həm də başqa sahələrdən mətn parçalarının daxil edilməsi şəklində ümumi mənada izah edilən intertekstuallıq, çərçivəsi, sərhədi tam mənası ilə ortaya qoyulmamış bir metod olaraq qarşımıza çıxır.
“Anlayış, ilk olaraq 1965-ci ildə fransız yazıçı Culiya Kristeva tərəfindən ortaya atılmışdır”. Julia Kristeva (1972).
Fransız yazı elmi və izahının qabaqcıl nümayəndələrindən Gerard Genette, Palimpsests (Palimpsestuslar) adlı əsərində “mətnlərarasılıq” mövzusunu “ötəmətnsəllik” (transtex-tuality) başlığı altında araşdırır və bu tədqiqatın mərkəzinə “irəlimətnsəllik”(hypertextuality) anlayışını yerləşdirir.
Beləliklə, intertekstuallıq postmodern əsərlərin əsas komponenti kimi ortaya çıxır.
Postmodern mətnlərin bir çoxunda görülən axtarış məfhumu, hadisələrin bir axtarış xətti ətrafında baş verməsi, oxucunun da bunun bir parçası halına gətirilməyə çalışılması populyardır. Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərində də biz eyni motivlərin parçasına çevrilirik. “Yarımçıq əlyazma” romanında da Bayandır xanın qurduğu istintaq fonunda hadisələr cərəyan edir. Bu istintaqda da sorğu keçirilir. Günahkar axtarılır. Hər iki əsərdə istintaqı quran, əslində, məsələni anlayır, məğzini lap yaxşı bilir, ancaq bu axtarışda məqsəd dərinliklərə getməkdir, bəzən bu sübut axtarışına çıxmaq onun beynini qarışdırır. Hər iki əsərdə gerçək günahkar mükəmməl şəkildə oxucudan gizlədilir. Oxucu da yazara qoşulub günahkarı axtarır. Hər iki əsərdə yazar yenidən mətnləşdirdiyi tarixin əsl mahiyyətinin tədqiqatçısıdır. Eko da Kamal Abdulla da mətnin əslini yaxşı bilir.
Hər iki əsərdə dönə-dönə oxucuya əsərin hansısa əlyazmasından olduğu xatırladılır.
Xüsusilə, keçmiş mövzuya yenidən diqqət çəkmə, metafiction, ikili kodlama, pastiş, labirint effekti, açıq mətn (oxucunun israrla mətnə daxil edilməsi kimi -N.İ.) məsələlər K.Abdullanın yaradıcılığında geniş yer tutur.
“Sirlərin sərgüzəşti”ndə pastişdən və parodiyadan istifadə olunub. Bəzən əsəri oxuyarkən elə zənn edirsən ki “Sehrbazlar dərəsi”ndəsən. Məsələn: “Görükməz təpənin qarşı tərəfindən (yolun o biri tərəfindən) bir dərə açılırdı. Dərə vadi kimi uzanırdı. Dərənin sehri var idi. Dərədə yaşayanlar var idi. Bunlar sehrbaz idilər. Onlar dərə boyu ora-bura səpələnmiş mağaralarda (hücrələrdə) yaşayırdılar. Dərənin adı ətrafa elə belə də yayılmışdı. Sehrbazlar dərəsi”.
Postmodernist izahatda iki növ yanaşma vardır:
Birincisi, “seçmə/elitist” meyildir ki, seçmə oxucu üçün yazılan mətnləri əhatə edər.
İkincisi, “sıravi” oxucuya xitab edən “populist” meyildir. İntellektual mətnlər müəllifi kimi Kamal Abdulla üslubunu qavramaq, mətnin dərinliyinə nüfuz etmək üçün mütaliəli olmaq vacib şərtdir.
Sərraf Balaxan qeyd edir ki, Kamal Abdullanın zaman baxımından əvvəlki romanlarında olduğu kimi, bu romanda da hər kəs öz sirrinin qurbanı olur:
- Odunçunu açdığı sirr çəkib öz içində əridir, odunçunun arvadının sirrinin faş olması onun ruhunun insan cismində yaşamına son verir.
- Ürəyində yaşatdığı, kimsəyə etiraf etmədiyi, hər gün əzablar içində qıvrıldığı qəriblik əzabı, vətən intizarı və bir də atası Poseydonun ona bəxş etdiyi tək gözünün ətdən olması sirrini qulluqçuların bilməsi Təpəgözü qurbana çevirir və s.
“Bir çox bədii əsərlərdə diqqət nə olur-olsun, gəlib hansısa sirrin üzərinə yönəlir, bu sirr - düyün, sanki qəhrəmanın, personajın mübhəm bir cəhətini, onun üçün ən dəyərli olan bir nəsnəni gizlədib saxlayır. Bu sirr bəzən personaj üzərinə yox, hansısa əşya - detal üzərinə də yüklənir, dövr və narrativin tipindən asılı olaraq müəllif bunun açımına ya diqqət yetirir, ya da bunu oxucunun ixtiyarına tapşırır, ikinci halda həmin sirr bütün əsər məkanında karusel kimi fırlanır (yaxud belə bir effekt yaradır), bədii mətnin bir sıra detal və motivlərinə toxunur, bəzi nəsnələrin altında yaraların qaysaq bağlaması bilinir, yəni üzə çıxır. Birinci halda isə bədii mətnin funksionallığı sayəsində adıkeçən sirr narrativin özəyinə çevrilir”.
Çoxluqçuluq anlayışı, bir ədəbi mətnin digərindən müstəqil olmadığı fikri, özündən əvvəlki dövrlərin estetik dəyərlərini lağ edərək (parodi) yıxma arzusu, romanı üstqurğu bir oyun olaraq görmək yanaşması, postmodernist yazarı montaj və kollaj üsullarına sövq edən səbəblər olaraq sıralana bilər.
İntellektual postmodern romanların əksəriyyətində gözləmədiyimiz əlyazma, risalə, sirli mətn mövzusu burada da var:
“Hacı Mir Həsən ağa Səyyah yenicə yazmağa başladığı risalənin başlanğıcını bu cür yazdı və qələmi qarşısındakı mizin üstündə qələmdana qoydu. Bir xeyli bu yazdığını kənardan seyr eləməklə məşğul oldu. Bir az sağa başını əyib baxdı, bir az sola əyib baxdı”.
Yaxud: “Uca olan Allah mənim könlümə ilham verdi və mən bu risaləni yazmağa həvəsləndim. İndiyənə qədər sirlərin sərgüzəşti deyərkən bir şəxsə məxsus sirrin nə cür başlandığını, nə cür var olduğunu düşünüblər. Çünki sirr də adam kimi doğulur, yaşayır və yox olur. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da onun cismilə əlaqəsini ölümdən sonra birdəfəlik kəsməlidir. Halbuki, sirrin ruhu ölümdən sonra da öz yaşamağına davam edir. Bəs əgər belə isə sirrin ruhunun sərgüzəşti sirrin ölümündən sonra nə cür baş verir?!”.
Qeyd edim ki, “Uca olan Allah mənim könlümə ilham verdi” ifadəsi dahi təsəvvüf ustadlarına xas olan bir ifadə kimi dini mətnlərdə də yer alır.
Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (““Quran”ın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərində belə bir hissə mövcuddur:
“Allah-taalaya and içirəm ki, bu fəqir və vacib olmayan qardaşınız, bu əsəri qələmə alarkən bir sıra xülasə və sənədlərə müraciət edərək yazan, Yaradan və yaradılanlardan bəhs edərkən səhvə yol verən saxta sofilərdən deyildir. Əsərdə nə varsa, hamısı Allah-taalanın bəxş edib ortaya çıxardığı dəyərli izahlarıdır. Bu əsər “Quran”ın kəlmələrini izah edir”.
“Sirlərin sərgüzəşti”ndə mif və reallıq çulğalaşır, hansının mif, hansının gerçək olduğunu müəyyən edə bilmirsən, hətta bir məqamda oxucu özü də yaddaşını itirmiş kimi olur. Bu yaddaşın itməsi həm də yaddaşın qayıtmasıdır, çünki yazıçının dediyi kimi, “düzənsizliyin özündə də bir düzən var”.
Filologiya elmləri doktoru Salidə Şərifova yazır: “Mifologema – postmodernistlərin əsərlərində postmodernizmin poetik əsası kimi bir sıra səciyyəvi əlamətlərə istinad edən əsas detal kimi götürülsə də, yalnız detal mifoloji təfəkkürün transformasiyasını stimullaşdıran mif-simulyakr əmələ gətirən istiqamət elementlərinin məcmusu kimi reallığın itməsinə işarə edən postmodern estetik sisteminin bir halqasıdır. Mifoloji təfəkkürün transformasiyasını stimullaşdıran mif-simulyakr köhnə mifləri solğunlaşdırır. Köhnə miflərin yerini isə müasir versiyalar tutur”. “Kitab dolablarının arasında isə bir tutuquşu müqəvvası, sanki bilərəkdən gizlədilmişdi. Hər adam onu görə bilməzdi. Müqəvva o qədər öz orijinalına bənzəyirdi ki, bəziləri (kabinetə yeni girənlər) əvvəl-əvvəl onun həqiqətən canlı olduğuna inanırdılar. Hətta belə bir şayiə gəzirdi ki, (yenə də kabinetə təzə girənlər arasında) Həsən müəllim öz qəribə xəstəliyindən əvvəl (bəlkə də, xəstələnəndən sonra) bu ala-bəzək müqəvva ilə canlı quşla danışan kimi danışırmış. Guya Həsən müəllim soruşurmuş, Tutuquşu da ona cavab verirmiş”.
Maya mifologiyasında tutuquşu, Mussolinin tutuquşu, Floubertin tutuquşu, “Tutinamə”dəki tutuquşu kimi məsələlərə diqqət etsək görərik ki, yalnızca Şərqdə deyil, Qərbdə də, yalnız adamların həyatında, yaradıcılığında dərdləşdikləri, sonradan mifləşmiş tutuquşu obrazı mövcuddur.
“Payız yağışının ruh təmizləyən səsi altında Hacı Mir Həsən ağa Səyyahı yavaş-yavaş huş apardı və o, mürgü vurmağa başladı. Nə zaman yuxuya getdiyindən xəbəri olmadı.Yuxusunda ala-bəzək bir tutuquşu gördü”.
Vinnicottun qiymətləndirməsi “insan nə üçün oynayar” sualının cavabıdır. Oyun başqası ola bilmə imkanını, başqa bir şüura bürünmə imkanını təmin etdiyi üçün oynanır və əhəmiyyətlidir. Forrester də oyunun dünyəvilikdən, ziddiliklərdən sıyrılmanın avtonom bir sahədə zamanı təxirə salmanın yolu olması səbəbiylə oyunu insanın dünya qarışıqlığı qarşısında nəfəslənə bildiyi bir dayanacaq olaraq görər.
Kamal Abdulla “Sirlərin sərgüzəşti” romanında bir çox belə dayanacaqlar yaradır. Və əsərdə yaradılan obrazlar fərqli sirlərə bürünür. Real həyat, Orta əsrlər folklor, fantastika, magiya bir-biri ilə vəhdət təşkil edir.
Postmodernlər artıq özlərindən əvvəlki mənada gerçəyi itirib gerçəyi oyun, ya da oyunu gerçək qəbul etdiklərindən oyunlaşdırarlar.
Romanı oxuyarkən illüziyalar, ilğımlar qovuşağında gerçək itir. Məkan və zaman qarışır.
Folklor ilə magik realizm arasında da möhkəm bir bağ vardır. Məsələn, “Srikanth, magik realizm sahəsində qələmə aldığı məqaləsində xalq ədəbiyyatı ünsürləri və əfsanələri istifadə etmənin, magik realizmin əhəmiyyətli xüsusiyyətlərindən biri olduğunu vurğular”.
Magik realizmdə hadisələr adi hal kimi təsvir olunur. Səbəbsiz hadisələr sıralanır. Heç bir səbəb yoxkən qeyri-adi hadisələr baş verir: Əsərdə Həsən müəllimin otağında peyda olan hərflər buna misal ola bilər: “O, kağız qalağının üstündən bir vərəq kağız götürdü, diqqətlə nəzərdən keçirməyə başladı. Onun gözləri qarşısında ərəb hərflərilə yazılmış yazılar üzə çıxıb görünməyə başladı”.
Nəticə olaraq qeyd edək ki, roman postmodernizmin əsas xüsusiyyətlərini özündə ehtiva edir. Ənənə və postmodernizm paralellikləri ilə şaxələnən mətn postmodern Azərbaycan romanının inkişafı və püxtələşməsi aspektindən son dərəcə əhəmiyyətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!