Xalq rəssamı Eldar Mikayılzadə: Mən bu hadisəyə bəla kimi yox, imtahan kimi baxıram

 

-  Həyatı rəssam kimi yaşayan, rəssam kimi duyan bir insanın Dünyanın bu günkü bəlasına münasibəti hansı rəngdədir?

-  Mən bu hadisəyə bəla kimi yox, imtahan kimi baxıram. Və yaxud böyük bir dərs kimi. İnsanlar, ailələr bir-birindən aralanmışdı, görün necə birləşdilər. Dövlətlə xalq, valideynlərlə övladlar birləşdi. Dünənə kimi ailəmizlə vaxt keçirə bilmirik deyə şikayət edən adamlar var idi. Allahın şəfaətini duyduq. Bu günlərdə atmosfer təmizləndi. Bəlkə də bəla adlandırılan zərurət bunun üçün göndərilmişdi. Bəlkə, ola bilər ki, atmosferdə bizə ziyanlı olan  maddələrin aradan qaldırılmasına görə idi. Fəzalətlərini saymaqla bitməz. Hər şərdə bir xeyir var deyirlər. Gəlin, buna da xeyir kimi baxaq. Mən şəxsən rəssam kimi evimdə, emalatxanamda rahatam. Əvvəl məcburi çıxardırdılar bayıra, heç getmək istəmədiyim yerlərə də məcbur gedirdim. Müxtəlif tədbirlərə  dəvətlər olurdu, getməyəndə saymamazlıq kimi hesab edirdilər. Məcbur iştirak edirdim. İndi dəvətlər də yoxdur, indi özümü emalatxanamda daha da yaxşı hiss edirəm. Vaxtımı səmərəli dəyərləndirirəm. Bir də bir söz var, dost çətin gündə tanınar. Dövlətimiz də bu çətin günlərdə xalqa sahib çıxdı, onu tək qoymadı. Dövlətlə xalq arasında münasibətlər möhkəmləndi. Peyğəmbərdən nümunə bir məşhur hekayədə olduğu kimi. Hər kəs yolda bir it cəsədinin necə çürüdüyünü, pis qoxu verdiyini  bildirdiyi halda, peyğəmbər onun sədəf kimi ağ dişlərinin olduğunu deyir. Hər şey baxış bucağından asılıdır.

-  Bütün dünya “evdə qal” deyir. Bəzi insanlar bunu azadlığımızın məhdudlaşdırılması kimi, bəziləri sağlamlığımıza olan qayğı kimi dəyərləndirir. İnsanlara bu sözü necə demək lazımdır ki, bezməsinlər?

-  İnsanlar dərk etməlidirlər ki, evdə qalmaqla tək özünü və ya doğmalarını yox, hamını mühafizə edirlər. Dünyada  Allahdan başqa sonsuzluq yoxdur, hər şeyin sonu var. Bu virusun da sonu var. Biri var bu insanlara 3- 4 il əziyyət verə, biri də var 1-2 ay. Bütün günü televiziya verilişləri hazırlanır, sosial çarxlar çəkilir. Daha başqa necə başa salmaq olar, anlamıram.

-  Düşünürsünüzmü bu hadisə insanların təfəkküründə, davranışlarında dəyişiklərə səbəb olacaq? Postpandemiya dövrünü necə görürsünüz?

-  Çox şey dəyişəcək, indidən fərq görülür. Nə qədər malı, dövləti, nüfuzu ilə qürurlanan təkəbbürlü adamlar vardı, hamı kimi evdə oturublar. İstədiyim vaxt İçveçrədə, Fransada gedib yaşaya bilərəm deyənlər... Bu bəla təkcə bizim ölkənin başına gəlsəydi çoxunun heç tükü tərpənməzdi. Banklardan pullarını, ailələrini götürüb gedərdi. O adamlar da  heç hara gedə bilmədilər. Allah göstərdi ki, gedə bilməzsən. Sən də insansan, sən də hamı kimisən, sən də məcbursan. Belə şeylər insanın dünya görüşünü də, düşüncə tərzini də müəyyən mənada dəyişəcək. Adamlar vardı dişi ağrıyanda xaricə diş həkiminə gedirdi, bizim həkimləri bəyənmirdilər. İndi gördülər ki, Avropanın qabaqcıl ölkələrinin səhiyyəsi bu xəstəliyin qarşısında diz çökdü. Və o dövlətlər ki, dünyaya ağalıq edirdi, indi yuxarıdan aşağı baxdığı dövlətlərdən yardım qəbul edir. Bunlar kiçik məsələlər deyil, bu böyük dərsdir.

-   Rəsmlərinizdə və ya xalçaçılıq sənətinizdə adətən Azərbaycan tarixini rənglərə və ya naxışlara çevirərək gələcəyə daşıyırsınız. Bəs gələcək yaradıcılığınızda bu “taclı ölüm”öz əksini tapacaqmı?

-   Elə mövzular var ki, onlar plakat mövzulardı, gündəlik işlənir. Elə mövzular var ki, fəlsəfi mövzulardır. Bu mövzunun özü plakat mövzu, amma bundan çıxarılan nəticə və bu nəticədən yaranan əsərlər artıq fəlsəfi mövzu olacaq. Sənət adamlarının yaradıcılığına da yansıyacaq.

-  Xalçanı Azərbaycan xalqının dili adlandırırsınız. Yəqin ki, bu çətin günlərdə öz dilimizdə dünyaya mesajınız olacaq.

-   Əlbəttə olacaq. Bu mesaj ancaq gözəllik və Azərbaycan xalqının mənəvi dünyasının dərinliyində öz əksini tapacaq.

-  Siz həm də milli valyutamız olan manatın ilk eskizlərinin müəllifi olmusunuz. Əgər belə demək mümkünsə, siz pula yalnız maddiyyat  kimi yox, həm də mənəviyyat duyğusu ilə yanaşırsız. Mövcud hadisələrlə bağlı dünyada neftin qiymətinin düşməsi ilə manatımız da sıxıntılı günlər yaşaya bilər. Yəqin ki, hər dəfə manatın məzənnəsi ilə xəbərlər sizdə hansısa təəssüratlar yaradır.

-  Mənim həmişə eyniləşdirdiyim bir məqam var. Düşünürəm ki, hər hansı bir şəxsin başına gələn hadisə ilə dünyanın başına gələn hadisə eynidir. Məntiq eynidir.  Məsələn, kimsə çox şikayət edir ki, həyatımda filan işim düz gətirmədi. Gah elə olur, gah belə olur. Həmişə kardiologiyada müayinə üsulu olan kardioqrammanı misal gətirirəm. Ürəyin döyüntülərinin rəsmi düz olanda o deməkdir ki, insan yaşamır.  Əgər insan sağdırsa onun yuxarı qalxan, ordan düşən vaxtı da olmalıdır. Yaşayan insan yuxarını da, aşağını da görməlidir. Konfutsinin bir maraqlı müqayisəsi var - qartalla toyuq haqqında. Deyir qartal toyuqdan fərqli olaraq istəyəndə zirvəyə qalxa bilir, istəyəndə enir. Çünki, o qartaldır. Həm gücü, həm özünə inamı var. Həm inamı, həm gücü olan bir millət də nə düşəndə ruh düşkünlüyü yaşamaz, nə də qalxanda təkəbbür nümayiş etdirməz. Valyutanın qalxmağı, enməyi elə də böyük məsələ deyil. Bir millət özünü kənd təsərrüfatı və sənayesi ilə saxlaya bilmək iqtidarındadırsa, onun pulunun dünya bazarının təsiri ilə enib qalxmağının mənası yoxdu. Əsas odur millət zəhmətkeş olsun, birlikdə olsun, mehriban olsun. Bu keyfiyyətləri olan millətə heç bir manipulyasiya təsir etməz. Bir də ruh yüksəkliyi vacib məsələdir. Nizaminin “Sirlər xəzinəsi” əsərində bir hekayə var. Padşah sarayda baş həkimi seçmək üçün iki həkimə deyir ki, gedin zəhər hazırlayın gətirin, sahah bir-birinizə verin. Kimin zəhəri güclü olsa rəqib öləcək və həmin adam  baş həkim olacaq. İkisi də gedir evə. Biri bütün elmini, biliyini qoyub işləyir, bütün gecəni zəhər hazırlayır. Səhərə yaxın  o biri həkimi izləməyə gedir, deyir güdüm, görüm nə hazırlayır, ona qarşı mən daha güclü hazırlayım. Gedir, görür ki, evdən musiqi səsi gəlir, dostlarla yığışıb yeyib-içib, şənlənirlər. Qorxuya düşür ki, gör bu öz hazırladığı zəhərdən nə qədər arxayındır ki, belə rahatdır. Qayıdır çox narahat halda səhəri gözləyir. Qorxu ilə düzəltdiyi zəhəri götürüb, onun zəhəri mənimkindən daha güclüdür düşüncəsi ilə gəlir saraya. O birinin yadından çıxıbmış, səhər yadına düşür ki, zəhər hazırlamalı idi. Saraya gələndə şahın baxçasından bir gül dərir. Zəhər hazırlayan həkim buna zəhəri verəndə, bu da gülü verir ki, mənim zəhərim də bu güldədir. Və o zəhəri içir ölmür, amma gülü qorxa-qorxa iyləyən həkim qorxudan ölür. Yəni ruh yüksəkliyi bu qədər önəmlidir. Yetər ki, ruhdan düşməyin.

Söhbətləşdi : Nuranə Nur

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!