Cəlal Qasımov - filologiya elmləri doktoru, professor
Önündə hansı rəqəmlərin (min altı yüz, min yeddi yüz..., min doqquz yüz və sair) gəlməsindən asılı olmayaraq “37-ci il” dedikdə ilk öncə yada düşən repressiya olur. 37-ci il repressiyanı özündə simvollaşdırıb, milli ziyalıya, milli təfəkkürə, milli mənəvi sərvətlərə yönələn qəsd kimi yadda qalıb. İdarə və iş üsulu repressiya olan sovet totalitarizmi əvvəl milli mənəvi dəyərləri, sonra isə milli təfəkkürün daşıyıcılarını, yəni milli ziyalını məhv edib. Belə ziyalılardan biri də türk-Azərbaycan dilçiliyinin bir elm sahəsi kimi formalaşmasında müstəsna xidmətləri olan Xalid Səid Xocayev idi. Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd dairəsinin Kaşkorqan kəndində anadan olmuşdur. İlk təhsilini Kaşkorqan kəndindəki molla məktəbində alan gənc Xalid bir qədər sonra Daşkəndə gedərək təhsilini mədrəsədə davam etdirir. Mədrəsə təhsilini yarımçıq qoyan Xalid Səid Xocayev İstanbula getmək və təhsilini orada davam etdirmək istəyirdi. Lakin ailənin maddi durumu buna imkan vermirdi.
Xalid Səidin 26 aprel 1934-cü ildə yazdığı tərcümeyi-halında bu xüsusda oxuyuruq: “Mən 1888-ci ildə Daşkənd şəhərindən 25 km aralıda yerləşən Koşkurqan kəndində anadan olmuşam. Kənd məktəbini bitirdikdən sonra məni Daşkənd şəhərindəki mədrəsəyə yolladılar, çünki o vaxt rus məktəbini "kafirlərin məktəbi" hesab edirdilər. Mədrəsədə beş-altı il oxudum, 1905-ci ildə inqilab baş verdi, bu inqilabdan doğan və bütün Şərqi əhatə edən hərəkat mənə də təsir göstərdi və məndə belə bir fikir yarandı ki, həyatımı yenidən qurum; ancaq ətraf mühit hələ də konservativ olduğundan rus təhsil müəssisəsində təhsilimi davam etdirmək mümkün deyildi. Mən də başqa bir çıxış yolu axtarırdım. Ətrafımdakı molla və hacılardan Konstantinopol haqqında o qədər şirin, əfsanəvi söhbətlər eşitmişdim ki, bu şəhəri görmək arzusunda idim. Ancaq mənim maddi imkanlarım yox idi arzuma yetim. Atam isə mənə lap az kömək göstərirdi, mənə qarşı çox xəsis, qıyımsız idi. Çıxış yolu təsadüfən tapıldı. Yaxınlıqdakı kəndlərin birində kənd üçün təyin olunmuş vergilərin ümumi hesabına uyğun olaraq onlar arasında bölünəcək torpaqların sahəsini ölçmək lazım idi. Mədrəsədə oxuyarkən ərəb kitablarından torpağı ölçmək texnikası ilə tanış idim və öz qulluğumu təklif edib, beş-altı aya kifayət qədər pul qazandım. Pul əldə edəndən sonra daha bir maneəni aşmalı idim. O zaman general-qubernatorun əli ilə türküstanlılara xarici pasport verilməsi qadağan olunmuşdu. Onda bir tanışımın məsləhəti ilə mən təqribən dörd-beş manata bir Çin pasportu aldım ki, onda nə tarix, nə də yiyəsinin adı aydın yazılmışdı və bu pasportdan hökumət qarşısında istifadə etmək olardı. Bu pasportla mən Konstantinopola gəldim. Konstantinopolda fikrim var idi səyahətimi Misirə və Suriyaya davam etdirim. Lakin təsadüfən qəzetdə Konstantinopol Universiteti nəzdində ikiillik hazırlıq kursları açılması haqqında elan oxudum. Fikrimi dəyişdim və qərara gəldim ki, qalım Konstantinopolda kurslara hazırlaşım. Bu kurslara sınaq kursu üzrə 430 nəfər qəbul edirdilər. Sınaq müsabiqəsinə buraxılan 1750 nəfərin içərisində mən də vardım. Universitetə qəbul olub altı-yeddi il Konstantinopolda qaldım, təhsilimi başa vurdum (Xalid Səid Xocayev. “Müxtəsər tərcümeyi-hal” Əli Şamil. Xalid Səid. “Filologiya araşdırmaları”, 2003, sayı 19)
Beləliklə, 1914-cü ildə Türkiyəyə gedən və tibb fakültəsinə daxil olan gənc Xalid 1918-ci ildə İstanbul Universitetinin tarix-filologiya fakültəsini bitirir. Daha doğrusu, ədəbiyyata olan marağı ona üstün gəldiyindən, tibb fakültəsini tarix-filologiya fakültəsi ilə əvəzləməli olur. Onu da qeyd etməliyik ki, İstanbul Universitetinin tələbəsi olan Xalid Səid Xocayev İstanbul mətbuatında, eləcə də Krımda İsmayıl bəy Qaspiralının nəşr etdiyi “Tərcüman” qəzetində məqalələrlə çıxış edir. Şübhəsiz ki, onun İstanbul və Krım mətbuatındakı çıxışları hələ o qədər də formalaşmayan gənc tələbənin baxışları idi.
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi ordu ilə Azərbaycana gələn Xalid Səid Xocayev Gəncə şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, pedaqoji fəaliyyətini 1920-1921-ci illərdə Daşkənddə davam etdirir. X.S.Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərində göstərirdi ki, 1921-ci ildə Daşkənddə ali darülmüəllimində müdir idim (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s. 11).
Bəzi mənbələrin verdiyi məlumata görə Türküstanın havası Xalid Səid Xocayevə düşmədiyindən o, 1922-ci ildə Bakıya qayıdır və bir müddət Özbəkistanın daimi nümayəndəliyi yataqxanasının müdiri, sonra isə orta və ali təhsil ocaqlarında müəllim vəzifəsində işləyir.
Yeni Əlifba Komitəsinin fəallarından biri kimi X.S.Xocayev 1924-cü ildə S.Ağamalıoğlunun rəhbərliyi ilə yaradılmış nümayəndə heyətinin tərkibində Daşkənd, Krım, Simferopol, Orenburq, Ufa, Kazan və başqa şəhərlərdə yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə keçirilən görüşlərdə yaxından iştirak edir.
X.S.Xocayev 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında fəal iştirakçılardan olur. O, Birinci Türkoloji Qurultayın nümayəndələri ilə görüşlər keçirir yeni əlifbanın qəbul edilməsi istiqamətində aktiv təbliğatçılardan birinə çevrilir.
Müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan, gənc nəslin maariflənməsində və formalaşmasında mühüm rol oynayan Xalid Səid Xocayev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında öz elmi fəaliyyətini də davam etdirir. 1934-cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının direktoru, 1924-cü ildən yeni əlifbanın qəbul edilməsi istiqamətində birgə fəaliyyət göstərdiyi və yaxından tanıdığı Vəli Xulufluya müraciətlə yazırdı: “Mən, əsasən, Özbəkistanın Daşkənd şəhərindən olub orta və ali təhsilimi İstanbulda ikmal etmişdim. 1918-ci ildən indiyədək Azərbaycanda orta və ali məktəblərdə türk dili və ədəbiyyatı tədrisi ilə məşğul olmaqdayam; hal-hazırda dəxi ictimai-iqtisadi institutun hüquq fakültəsində, türk dili və ali pedaqoji institutunda ərəbcə və farsca tədrislə məşğulam. Azərbaycan Elmi Tədqiqat İnstitutunda dəxi - ilk təsis edildiyi gündən bağlanan zamana qədər - məşğul olmuşdum; hal-hazırda Akademiyada müqavilə ilə lüğət işlərində çalışıram; ancaq bu elmi idarə ilə daha yaxın və daha sıx surətdə əlaqədar olaraq, elmi sahədə məşğul olmaq arzusundayam. Ona görə və 16 illik xidmətimə bir mükafat olmaq üzrə məni də əsas qulluqçular sırasına daxil etmənizi rica edirəm. Üçü mətbu, dördü qeyri-mətbu olmaq üzrə yeddi əsərə malik olduğumu da ayrıca ərz edirəm. Xocayev Xalid, Bakı, 26 mart 1934”.
Vəli Xuluflu Xalid Səidin bu ərizəsinin üzərinə aprelin 14-də belə bir dərkənar yazır: “Heyət rəyasətə xahiş edirəm, birinci dərəcəli elmi işçi təyin edəsiniz. Əməkhaqqının aylıq üç yüz manat olması daha münasibdir. Vəli Xuluflu”.
Vəli Xuluflunun dərkənarından sonra Xalid Səid Xocayev sentyabrın 1-dən etibarən İnstitutun tarix sektoruna birinci dərəcəli elmi işçi kimi qəbul edilir.
Bir ildən sonra, yəni 1935-ci ildə görkəmli türkoloq alim B.Çobanzadə Xalid Səidin elmi fəaliyyətini yüksək qiymətləndirərək ona heç bir dissertasiya işi yazmadan və müdafiə etmədən elmi dərəcə verilməsi təşəbbüsü ilə çıxış edirdi: “Xalid Səid Xocayev yüksək səviyyəli linqvist şərqşünaslardandır. O, türk, ərəb, fars, rus... dillərini də mükəmməl bilir.
Xocayev 10 il ərzində tələbə və aspirantura kurslarında türk dilinin üslub və qrammatikası, qədim abidələrin oxunması və başqa sahələri uğurla tədris edir. Bütün bunları nəzərə alıb Xalid Səid Xocayevə dissertasiya müdafiə etmədən elmi dərəcə verilməsinin vaxtı çatmışdır. Professor Bəkir Çobanzadə, 1935-ci il” (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.39. AMEA RHA, fond 39, siyahı 313, s.16).
Böyük alim B.Çobanzadə bilmirdi ki, iki ildən sonra onun X.Səidə verdiyi bu elmi qiymət özünə qarşı yönələcək və onların hər ikisini pantürkist-millətçi təşkilatın üzvü olmaqda ittiham edəcəklər.
X.S.Xocayevin elmi fəaliyyəti onu "əksinqilabi pantürkist-millətçi təşkilatın üzvü kimi” 1920-ci illərin sonu və 30-cu illərin əvvəllərindən etibarən sovet təhlükəsizlik orqanlarının diqqət mərkəzinə salır. Dövri mətbuatda nəşr olunan sifarişli yazılar və Azərbaycanın “pantürkist” ziyalıları ilə birgə ittihamlar onu qəzet səhifəsindən məhbəsə gətirib çıxarır.
X.S.Xocayev türkdilli xalqlar arasında ortaq əlifba ilə yanaşı, “bütün türklərin bir-birlərini anlamaları üçün ortaq ədəbi bir dil olmalıdır” ideyasını irəli sürür və ortaq türk ədəbi dilinin yaradılmasının qaçılmaz olduğunu bildirirdi. Türkdilli xalqların gen qohumluğunu, ortaq mədəniyyətə və etnoqrafiyaya malik olduqlarını elmi dəlillərlə sübut etmək, ortaq türk əlifbasını, eləcə də ortaq türk ədəbi dilini qurultay səviyyəsində müzakirə predmetinə çevirmək, əslində, Turançılıq düşüncəsinin reallaşması ideyasına xidmət edirdi. Turançılığa aparan yol isə bolşevik məhbəsindən keçirdi. Elə də oldu, Azərbaycanın bir çox görkəmli simaları – H.Cavid (DTX-nin arxivi. H.Cavidin istintaq işi. № PR 18845), Ə.Cavad (DTX-nin arxivi. Ə.Cavadın istintaq işi. № PR 22316), M.Müşfiq (DTX-nin arxivi. M.Müşfiqin istintaq işi. № PR 22290), Hacı Kərim Sanılı (DTX-nin arxivi. Hacı Kərim Sanılının istintaq işi. № PR 20888) kimi Xalid Səid Xocayevdə 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə həbs edildi.
O gecə bolşevik müstəntiqlərinin apardıqları axtarış zamanı Xalid Səidin evindən ona məxsus olan pasport, Az. FAN-ın əməkdaşı olduğunu təsdiq edən 59 saylı vəsiqə, Türkiyədə nəşr olunmuş 5 dərgi, 1933-cü ildə yenə də Türkiyədə nəşr edilən “Cümhuriyyət” qəzeti, 2 ədəd fotoşəkil, “Əlifba” kitabı, 27 ədəd müxtəlif adda kitab və xeyli sayda əlyazma götürülərək müsadirə edilmişdir.
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutu rəhbərinin əmrinə əsasən Xalid Səid Xocayevin adı iyunun 4-də institutun elmi əməkdaşlarının siyahısından çıxarılır. Maraqlıdır ki, yuxarıda adlarını sadaladığımız böyük şəxslərin hamısı 1937-ci il iyunun 5-də ilk istintaq dindirməsinə cəlb edilir. Bu mütəfəkkir şəxsiyyətlərin hamısı birinci dindirmədə əksinqilabi millətçi təşkilatın üzvü, xalq düşməni və vətən xaini olmaları ilə bağlı ittihamları rədd edir. Məsələn, X.S.Xocayev ilk dindirməsi zamanı müstəntiqin suallarını belə cavablandırırdı.
Sual: Siz yataqxananın müdiri vəzifəsindən tələbələr arasında əksinqilabi, millətçi təbliğat apardığınıza görə qovulmusunuz?
Cavab: Mənə belə ittiham verilməmişdir.
Sual: Siz əbəs yerə verilən suala cavab verməkdən çəkinirsiniz. İstintaqa məlumdur ki, siz əksinqilabi pantürkist təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?
Cavab: Qəti rədd edirəm (DTX-nın arxivi. Xalid Səid Xocayevin istintaq qovluğu. PR - № 26762).
Lakin 1937-ci il iyunun 21-də aparılan ikinci dindirmə zamanı X.S.Xocayev birinci dindirməsinin əksinə ifadə verərək deyirdi: “Bəli, mən etiraf edirəm ki, 1916-ci ildən həbs olunanadək pantürkist mövqedə dayanmışdım”.
Sual: Əksinqilabi pantürkist təşkilata nə vaxt daxil olmusunuz?
Cavab: 1925-ci ildə məşhur pantürkist Ə.S.Qubaydulinin Bakıya gəlişindən sonra.
Sual: Pantürkist təşkilatında sizin praktik əksinqilabi fəaliyyətiniz nədən ibarət idi?
Cavab: Mən tələbə-gənclər arasında pantürkist təbliğat apararaq Sovet hakimiyyətinə qarşı pantürkist kadrlar hazırlayırdım.
Müstəntiqlərin X.S.Xocayevdən zopa və dəyənək gücünə əldə etdikləri bu “etiraflar” istintaqa “daha ciddi mətləbləri üzə çıxarmağa və cinayətkar ünsürləri ittiham etməyə” imkan verirdi. Daha doğrusu, vahid ssenariyə uyğun olaraq “etiraflardan” sonra fiziki-psixoloji işgəncə yolu ilə müttəhimin növbəti “cinayətlərini” üzə çıxarmaq lazım idi. İstintaqın bu mərhələsi müttəhim ifadəsindən daha çox müttəhim özünüşərləməsinə bənzəyir. Eyni metod Xalid Səidə də tətbiq edilir. Müttəhim 1937-ci il iyul ayının 7-si və 9-da verdiyi ifadəsində müstəntiqə aşağıdakıları deməyə, yəni özünü və özgələrini ittiham etməyə məhkum edilmişdi: “1926-1928-ci illərdə Bakıda təhsil alan özbək tələbələri arasında əksinqilabi iş aparmışam”, “Bəli, etiraf edirəm ki, 1935-ci ildə APİ-nin tələbəsi, milliyyətcə özbək olan Səlimsakovu əksinqilabi millətçi istiqamətə yönəltmişəm”, “Mən pantürkist təbliğatını öz əsərlərimdə əks etdirmişəm, xüsusilə Mahmud Qaşqarinin “Türk sözləri lüğəti” kitabının tərcüməsində”, “Etiraf etməyə məcburam ki, Vəli Xuluflu, Qulam Bağırov, Artur Zifeld, Cabbar Məmmədzadə, Hənəfi Zeynallı və aspiraturadan Çobanzadə (o zaman B.Çobanzadə aspirant deyil, professor idi – C.Q.), Hüseynzadə və Dəmirçizadə ilə əksinqilabi əlaqədə olmuşam”, “Bu şəxslərlə mən pantürkist söhbətlər edirdim və onlar da əksinqilabi pantürkist mövqedən danışırdılar. Bundan başqa, Vəli Xuluflu və Zifeld Mahmud Qaşqarinin pantürkist kitabını tərcümə etdiyim üçün məni müdafiə edirdilər”.
Əvvəla, bir müəllimin öz həmyerlisi (həm də qürbətdə tapışdığı həmyerlisi) ilə yaxınlıq etməsi və həmin tələbəyə dəstək olmasının adı millətçilik yox, vətənpərvərlik və insanpərvərlikdir. Əgər Xalid Səid Xocayev milliyyətcə özbək olan Səlimsakova türk xalqlarının dilini, mədəniyyətini, tarixi köklərini öyrədir və bu qərib tələbəyə diqqət və qayğı ilə yanaşırdısa, bu, millətçilik deyil, kökə, yaddaşa, şəcərəyə bağlılıq idi. İmperiyanın maraqlarından çıxış edən bolşeviklər beynəlmiləlçilik adı altında türkləri kökdən, şəcərədən uzaq salır, türk kökənli olduqlarını unutdurmağa çalışırdılar. “Bütün ölkələrin proletarları, birləşin!” çağırışı ilə dünyaya səs salan bolşevik beynəlmiləlçiliyi mahiyyət etibarilə riyakarlıqdan başqa bir şey deyildi. Bu təlim sovet idarə üsulunu dəstəkləyən hər kəsi mütərəqqi, beynəlmiləlçi elan edirdisə, bu təlimə qarşı çıxanları millətçi, mürtəce adlandıraraq məhv edirdi.
İkincisi, Xalid Səid Xocayevi məcbur edirdilər desin ki, Mahmud Qaşqarinin “Divani-lüğət-it türk” əsəri millətçi əsərdir və o, bundan yararlanaraq əksinqilabi, pantürkist-millətçi fəaliyyətini davam etdirmişdir. Xalid Səid Xocayev bu əsəri tərcümə etməklə türklərə məxsus olan belə bir möhtəşəm ədəbi abidə ilə türkdilli xalqların hamısını tanış etmək kimi nəcib və qədirşünaslıq işini məqsədə çevirmişdi. X.Səid “Divani-lüğət-it türk” əsərini tərcümə etməklə türk xalqlarının tarixin qədim çağlarından boy alan əzəmətli bir abidə yaratdıqlarını dünyaya bəyan etmək istəyirdi.
Və nəhayət, Vəli Xuluflu, Artur Zifeld və başqalarının bu nəcib və xeyirxah əməli dəstəkləməsi millətçiliyin deyil, hər şeydən öncə ziyalı vətəndaş mövqeyinin ifadəsi idi. Fikrimizcə, nə o illərdə, nə də bu gün elə bir vətəndaş, elə bir ziyalı, elə bir alim tapmaq olmaz ki, o, belə bir möhtəşəm ədəbi abidənin tərcüməsinə etiraz etsin.
Xalid Səid Xocayevin dilindən eşitdiyimiz “etiraf etməyə məcburam”, “etiraf etməliyəm ki”, “məcburam deyim ki”, “bəli, etiraf edirəm ki” kimi söz və ifadələr müttəhimin hansı şəraitdə dindirildiyini və ifadə verdiyini aydın şəkildə göstərir. Elə müstəntiqin dediyi “siz düz danışmırsınız”, “bəsdirin, bizə müqavimət göstərməyin”, “siz yenə də yalan danışırsınız”, “siz düzgün ifadə vermirsiniz”, “istintaqı aldatmağa davam edirsiniz” kimi ifadələr də sözdən daha çox qamçı, qırmac, dəyənək və işgəncə təsiri bağışlayır. Bütün bunlar istintaqın nə dərəcədə obyektiv olduğunun əməli göstəricisidir.
Azərbaycan ziyalılarının bir çoxu kimi, Xalid Səid Xocayevi də Türkiyəyə casusluq etməkdə ittiham edirdilər. Tanınmış tədqiqatçı alim Azər Turan “Xalid Səid Xocayev. Şəhid türkşünas” kitabında yazır: “Qılman İlkinin bir xatirəsindən oxumuşam ki, üslubiyyatdan dərs desə də, Füzulini Xalid Səid kimi bilən ikinci bir adam yox imiş. Hətta Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə, о, bizi Xocayevin yanına göndərirdi. O, Füzulinin bəzən ən sadə görünən misralarında elə dərin mənalar açırdı ki, ağzımız açıla qalırdı. Buna görə də sevirdik onu. Tez-tez ona müraciət edərdik. Sonra ondan uzaqlaşmalı olduq. Çünki deyirdilər ki, o, İstanbulda təhsil alıb, xəta çıxa bilər. Doğrudan da belə oldu...” (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.42).
O illərdə yalnız İstanbulda təhsil almaq, oxumaq yox, hətta İstanbulda olmaq və onun adını rəğbətlə çəkmək də kimisə ittiham, eləcə də mühakimə etmək üçün kifayət qədər yetərli idi. Qəribə məntiqdi - SSRİ-nin mövcudluğu dövründə Türkiyədə olmaq və türk həyatından yazmaq millətçilik, Kubada olmaq və orada yaşayanların həyatından yazmaq beynəlmiləlçilik kimi dəyərləndirilirdi. Deməli, ölkələrin deyil, izmlərin (sosializmlə kapitalizmin) mübarizəsi gedirdi.
Dindirmə protokollarına müraciət edək:
Sual: Türkiyə kəşfiyyatındakı işiniz haqqında danışın.
Cavab: Mən Türkiyə kəşfiyyatında işləməmişəm.
Sual: Siz düz demirsiniz! Bu sualla əlaqədar sizin etirafınızı tələb edirik!
Cavab: Etiraf etməyə məcburam ki, 1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın rəhbərlik etdiyi türk ordusu ilə Azərbaycana göndərilmişdim (DTX-nın arxivi. Xalid Səid Xocayevin istintaq işi. PR - № 26762).
Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunda Azərbaycana gəlmək millətçilikdirmi? Məsələnin mahiyyəti də bundadır. Yəni bunlar əsas verir deyək ki, əslində, bolşeviklərin qurduğu bu total istintaq mühakimələri türkün və türkçülüyün mühakiməsi idi. Azərbaycan SSR CM-nin 63-1, 68, 73 və 70-ci maddələri ilə təqsirli bilinən Xalid Səid Xocayevi də elə bunda – türk və türkçü olmaqda, antisovet pantürkist, təxribatçı-terrorçu təşkilatla əlaqədə, xarici dövlətə casusluqda, Sovet hakimiyyətini devirməkdə, vahid türk-tatar burjua dövləti yaratmaqda suçladılar və onu 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasının hökmü ilə ən ağır cəzaya - güllələnməyə məhkum etdilər. İstintaq qovluğundakı güllələnmənin icrası ilə bağlı arayışdan aydın olur ki, Xalid Səid Xocayevin barəsində çıxarılmış güllələnmə hökmü 13 oktyabr 1937-ci ildə (təxminən bir gündən sonra) yerinə yetirilmişdir.
NKVD-nin yazılmamış belə bir qanunu vardı: “Günahlarını” etiraf edib birinci kateqoriya (güllələnmə) ilə məhkum edilmiş şəxslərin həyat yoldaşları bir qayda olaraq 8 il müddətinə azadlıqdan məhrum edilirdisə, fiziki-pisixoloji işgəncələrə duruş gətirərək ikinci kateqoriya (8 il və ondan yuxarı) ilə ittiham olunanların ailə üzvlərini həbs edib mühakimə etmirdilər. Məsələn, R.Axundov, S.Hüseyn, Ə.Cavad, M.Müşfiq, V.Xuluflu, B.Çobanzadə, Ə.R.Şamçızadə, T.Şahbazi və başqaları güllələndiyindən onların həyat yoldaşları da həbs edilmiş, Qazaxıstana, Sibirə və başqa yerlərə göndərilmişdir. Lakin H.Cavid, S.Mümtaz və digərləri ikinci kateqoriya ilə mühakimə olunduqlarına görə onların həyat yoldaşlarını həbs etməmişdilər.
X.S.Xocayev güllələndiyindən onun həyat yoldaşı Sara Rza qızı Xocayeva da 13 oktyabr 1937-ci ildə (əri X.Səid güllələndiyi gün) həbs edilmişdir. O illərdə müstəntiqlər xalq düşmənlərinin həyat yoldaşlarına ənənəvi olaraq bir, ya da iki sual verirdilər:
NKVD müstəntiqi: Siz həyat yoldaşınızla nə vaxtdan bir yerdəsiniz?
Müttəhim: Evləndiyimiz gündən o, həbs olunana kimi.
Sual: Sizin ərinizin əksinqilabi-millətçi fəaliyyətindən xəbəriniz varmı?
Cavab: Xeyr.
Bununla da istintaq başa çatır və müttəhim xalq düşməninin həyat yoldaşı kimi azadlıqdan məhrum edilirdi. Həmin ssenariyə uyğun olaraq Sara Rza qızı Xocayeva da həbs edildi və 1941-ci ilə kimi həbsxana düşərgələrində olmazın müsibətlərlə üz-üzə, göz-gözə qaldı. Sara xanım azadlığa buraxıldıqdan sonra həyat yoldaşının harada olması ilə əlaqədar müxtəlif yerlərə müraciət etdi, lakin onun səsinə səs verən tapılmadı. İ.V.Stalinin ölümündən sonra Sara xanım müxtəlif instansiyalara yenidən ərizə ilə müraciət edir. Bir neçə müraciətdən sonra - 1955-ci il aprelin 16-da S.R.Xocayeva həyat yoldaşının işinə yenidən baxılmasını hüquq-mühafizə orqanlarının rəhbərlərindən və siyasi xadimlərdən təkidlə xahiş edir. 1955-ci ildə yazılmış şikayət ərizəsinə nəhayət ki, 1957-ci ildə rəsmi reaksiya verilir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərardadına görə, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1937-ci il oktyabrın 12-də çıxartdığı hökm ləğv olunur və X.S.Xocayevin əməllərində cinayət tərkibi olmadığına görə iş xətm edilir.
Xalid Səid Xocayevin istintaq qovluğuna, eləcə də bio və biblioqrafiyasına əsaslanaraq, təkrardan qorxmadan cəsarətlə deyə bilərik ki, Xalid Səid Xocayevin ittihamı türklüyün və türkçülüyün mühakiməsi idi.
Heç kəsə sirr deyildir ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın əsas təşkilatçılarından biri də Xalid Səid idi. Maraqlıdır ki, qurultaya gələnlərin bir çoxu onun evində qonaq olub. Bunu Qəmər Salamzadə belə xatırlayırdı: “Xalid əfəndi Türkiyədən gələn qonaqları evinə dəvət etmişdi. Təsadüf elə gətirmişdi ki, mən də həmin qonaqlıqda oldum. Qonaqların arasında Əli bəy Hüseynzadə, Fuad Köprülüzadə, Rzaqulu Nəcəfzadə, Hüseyn Cavid, Xalid əfəndinin qonşusu, Türkiyədə təhsil almış bakılı doktor Orxanbəyli var idi...”.
X.S.Xocayev müsafirlər arasında təbliğat aparır latın əlifbasının türk xalqlarının taleyində xüsusi rol oynayacağını, onların bu yolla dünyaya inteqrasiya edəcəklərini bildirirdi.
Yeri gəlmişkən qeyd etməliyik ki, X.S.Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929) əsəri kitabın üz qabığında da qeyd edildiyi kimi, yeni türk əlifbası ilə yazılan ilk kitab idi. Araşdırmalar göstərir ki, Xalid Səidin əlyazma əsərləri onun mətbuu əsər və kitablarından qat-qat çox olmuşdur. Təəssüf ki, həmin əlyazma və kitabların böyük əksəriyyəti Xalq Daxili İşlər Komissarlığı (XDİK) və onun milli-mənəvi dəyərlərimizə qənim kəsilmiş əməkdaşları tərəfindən məhv edilmişdir. Xalid Səid Xocayevin elmi yaradıcılığından bəhs edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov qeyd edirdi ki, məlumatlara görə, Xalid Səid Xocayevin “Üslubiyyat nəzəriyyəsi”, “Sintaksis”, “Türk dillərinin tarixi qrammatikası” adlı kitabları da olubdur. Ancaq bu əsərlərin hər biri yoxa çıxıbdır. Onun 14 çap vərəqi həcmində “Sintaksis” adlı əsərinin redaktoru Bəkir Çobanzadə olmuşdur. Bu əsər redaktə olunub mətbəəyə verildikdən sonra çap edilməmiş, daha doğrusu, itirilmişdir. Xalid Səidin 1936-cı ilin ortalarında çapa hazır olan 14 çap vərəqi həcmində olan “Üslubiyyat nəzəriyyəsi”, 12 çap vərəqi həcmində olan “Türk dillərinin tarixi qrammatikası” adlı əsərləri də yoxa çıxıbdır. Xalid Səidin yoxa çıxmış, it-bata düşmüş əsərləri barədə Azər Turanın verdiyi müsahibələrin birində deyilir: ““Divan”dan başqa, 11 böyük elmi əsəri (Xalid Səid Xocayevin elmi əsəri nəzərdə tutulur – B.X.) müsadirə olunub: “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türküstan tarixinin qısa icmalı”, “Müfəssəl sintaksis” və s”.
A.Turan “Xalid Səid Xocayev. Şəhid türkşünas” kitabında göstərir ki, türkcəylə yanaşı, ərəb, fars, rus, ingilis və alman dillərinin də mükəmməl bilicisi kimi tanınan Xalid Səidin yaradıcılıq bioqrafiyasının, bizcə, tam olmayan siyahısında “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”, “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, “Müxtəsər üslubiyyat”, “Müfəssəl sintaksis”, “Üslubiyyat nəzəriyyəsi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türk ədəbiyyatının nəzəriyyəsi”, “Türküstan tarixinin qısa icmalı”, “İran dillərinin qrammatikası”, “Mahmud Kaşqarlı “Divan”ı mətninin izahlı, elmi tərcüməsi”, “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk məktəbi üçün rus dili” kimi bir qismi məlum mətbu, bir qismi isə yağmalanıb zəbt olunmuş dəyərli kitablar, əsərlər (və itkin əlyazmalar) var...”
A. Turan Xalid Səidin şəxsi qeydlərinə (“Elmi əsərlərimin siyahısı və onların müxtəsər xarakteristikası” 19 noyabr 1934-cü il tarixli əlyazma), əldə olan kitablarına və əlavə bilgilərə istinad edərək həmin əsərlərin yığcam təsvirini belə səciyyələndirir:
“1. “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”. 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəşriyyatında çap olunub. 108 səhifədir. Xalid Səidin bildirdiyinə görə, kitab Birinci Türkoloji Qurultayın təklifi ilə yazılıb. Ancaq əlimizdəki nəşrdə bunun belə olduğunu bildirən hər hansı bir qeyd yoxdur. Əksinə, müəllif əsərini “Bakıda toplanacaq olan türkşünaslar qurultayının qarşısında” duran bir sıra mühüm məsələləri aydınlaşdırmaq üçün yazdığını ifadə etmişdi. “Türkologiyada Mirzə Kazım bəyin əsərindən sonra ən dəyərli müqayisəli qrammatika” (Əsgər Quliyev) adlandırılan bu kitabı Əli Sultanlı “qohum dillərin müqayisəli qrammatikası sahəsində çox qiymətli” (Adil Babayev) qaynaq hesab edirdi.
2. “Yeni əlifba yollarında əski xatirə və duyğularım”. Əziz Ubeydulinin ön sözüylə 1929-cu ildə Krım Xalq Maarif Komissarlığının Simferopoldakı mətbəəsində “birləşmiş yeni türk əlifbası ilə Azərbaycan ləhcəsində” nəşr olunmuş ilk kitabdır.
8 çap vərəqi həcmində – 145 səhifədən ibarətdir.
3. “Müxtəsər üslubiyyat”. Kitab Azərbaycan Pedaqoji İnstitutunda dillər kafedrasının müdiri, bəlkə də elə bu kitabın həmmüəllifi olduğu üçün 1937-ci ildə qətlə yetirilmiş Abdulla Tağızadə ilə birlikdə yazılıb. Bakıda iki dəfə – 1933-1934-cü illərdə Çobanzadənin redaktorluğu ilə “Azərnəşr”in tədris-pedaqoji şöbəsi tərəfindən nəşr olunub. 91 səhifədir. Xalid Səidin bildirdiyinə görə, A.Tağızadə kitabın əlifba tarixi bölümünün yazılmasında iştirak edib. “Orta məktəb müəllimləri və ali məktəb tələbələrinin uzun müddət yeganə dərs vəsaiti” (Əli Sultanlı) olan “Müxtəsər üslubiyyat” “dilçilik tariximizdə bu barədə yazılmış ilk kitab” (Əlövsət Abdullayev) və “...Azərbaycan dilinin üslubiyyatına həsr olunmuş ilk əsər olaraq filologiyamızın o zamankı inkişafı nöqteyi-nəzərindən irəliyə doğru bir addım” (Əbdüləzəl Dəmirçizadə) sayılmaqdadır.
4. “Türk məktəbi üçün rus dili”. 1934-cü ildə Bakıda nəşr olunmuşdur. Xalid Səidin məlumatı: “Orijinal əsərdir. Azərbaycan Xalq Maarif Komissarlığının tapşırığına əsasən Pedaqoji İnstitutun dosenti Yablonko ilə birgə tərtib olunub”.
5. “Müfəssəl sintaksis”. Xalq Maarif Komissarlığının təklifi ilə hazırladığı 14 çap vərəqi həcmində olan “Müfəssəl sintaksis” haqqında müəllif bildirirdi ki, kitabda yeni metod və sintaksisin müasir quruluşu da tətbiq edilir. Xalid Səidin xatırlatmasına görə, o vaxta qədər türk dilində belə bir əsər olmayıb. Professor Bəkir Çobanzadə tərəfindən redaktə işi tamamlanan kimi X.Səid kitabın mətbəəyə təqdim ediləcəyini bildirirdi. Bəkir Çobanzadə isə Xalid Səidin “Türk dilinin sintaksisinə dair” əsərini xüsusilə qeyd edərək yazırdı: “Bu əsərdə S.Xocayev Şərq və rus dilçiliyinin sintaksis nəzəriyyəsi sahəsindəki fikirlərinin hamısından istifadə etmiş, türk dilinin sintaktik quruluşuna dair zəngin materiallar toplamışdır”.
6. “Üslubiyyat nəzəriyyəsi”. 14 çap vərəqi həcmində olan “Üslubiyyat nəzəriyyəsi” Ali Pedaqojı İnstitutunun təklifi ilə tərtib olunmuşdu. Həmin institutda üslubiyyat kursu Xalid Səidin bu əsəri əsasında aparılırdı. Müəllif üslubiyyatın nəzəri və praktiki məsələlərinə həsr olunmuş kitabın nəşrə hazır olduğunu xatırladırdı.
7. “Türk dilinin tarixi qrammatikası”. Müəllif kitab barədə belə məlumat verir: “12 çap vərəqi həcmində əlyazma şəklindədir. Çapa hazırlanır. Bu kitab XI əsr ümumtürk dilinin tarixi qrammatikasıdır. Mahmud Kaşqarlının tarixi əsəri əsasında hazırlanıb. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının tapşırığına əsasən yazılıb”.
8. “Cığatay ədəbiyyatı haqqında mühazirələr”. Xalid Səidin bildirdiyinə görə, əlyazma 5-6 çap vərəqi həcmindədir. Azərbaycan Dövlət Universitetində Orta Asiya ədəbiyyatı mövzusunda oxuduğu mühazirələrin əsasında hazırlanıbmış. Sufizmin ümumşərq ədəbiyyatına, o cümlədən, cığatay ədəbiyyatına təsiri məsələlərini işıqlandıran əsər “Giriş”, “Ərəb ədəbiyyatının icmalı” və “Ərəb ədəbiyyatının cığatay ədəbiyyatına təsiri” bölümlərindən ibarət olub.
9. “Türk ədəbiyyatı nəzəriyyəsi”. “Əlyazma 18-19 çap vərəqi həcmindədir. 1928-29-cu illərdə yazılıb”. Bu mövzuda nəşr olunmuş kitablar olmadığından otuzuncu illərə qədər Azərbaycan Pedaqoji İnstitutunun tələbələri əsas vəsait olaraq Xalid Səidin həmin əsərindən istifadə ediblər.
10. “Türküstan tarixinin qısa icmalı”. Müəllifin Azərbaycan Dövlət Universitetində cığatay ədəbiyyatına dair mühazirələri əsasında hazırladığı əlyazma 6-7 çap vərəqi həcmindəymiş.
11. “İran dillərinin qrammatikası” 7 çap vərəqi həcmində olub. Xalid Səid bildirirdi ki, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspirantları və Ali Pedaqoji İnstitutun tələbələri İran dilləri kursunu bu kitaba əsasən keçiblər. Azərbaycan Sovet Ensiklopediyasında Xalid Səidin rəhbərlik etdiyi kurslarda da bu kitabdan istifadə olunurmuş.
12. “Mahmud Kaşqarlı “Divan”ı mətninin izahlı, elmi tərcüməsi”. 80 çap vərəqi həcmindədir.
13. “Orxon kitabələrinin izahlı tədqiqi”. Xalid Səid Orxon mətnlərini şəxsən özü tərcümə etmişdi və tədqiqat işində hələlik bir sıra əlavələrin zəruri olduğunu xatırlatmışdı.
Əlbəttə, bütün bunlar linqvistika sahəsində X.Səidin gördüyü böyük elmi işlərin yalnız bir qismi barədə təsəvvür yaradır. Ancaq, hətta bu müstəvidə də Xalid Səid kitablarının və təəssüf ki, yalnız qısa icmalları qalan itkin əsərlərinin mündəricəsinə görə dövrünün bənzərsiz alimləri ilə bir sırada dayanır. Təmsil olunduğu elmi çevrədə onu müasiri olduğu hər hansı bir alimlə də müqayisə etmək çox çətindir. Bəkir Çobanzadədən sonra X.Səid 30-cu illərin elmi mühitində nadir təsadüf olunan böyük alimlərimizdən biriydi”. (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.8-12).
Yuxarıdakı qeydlərdən bir daha aydın görünür ki, sovet totalitar rejiminin bolşevik qurşunu latın əlifbasının Azərbaycan, eləcə də digər türk respublikalarında yayılmasında əvəzsiz xidmətləri olan Xalid Səid Xocayevin də təmsil olunduğu türkoloji düşüncəmizi, türkçülük baxışlarımızı, bütövlükdə isə türkləşmək təfəkkürümüzü hədəfə almışdı. Sevindirici haldır ki, siyasi repressiyalar zamanı X.S.Xocayevə qarşı yönəlmiş təqib və təzyiqlər onu fiziki olaraq məhv etsə də, türkoloq alimin elmi-bədii yaradıcılığını axıradək məhv edə bilməmişdir. Belə ki, onun yuxarıda xatırlanan “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (1926), “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929), Abdulla Tağızadə ilə həmmüəllif olduğu “Müxtəsər üslubiyyat” (1933) adlı kitabları günümüzə qədər gəlib çıxmış, bu gün də aktuallığını və elmi dəyərini itirməmişdir.
Alimin əlimizdə olan ilk irihəcmli mətbu əsəri “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” kitabıdır. XX əsrin əvvəllərində işıq üzü görən bu əsər zamanında türkdilli xalqların qrammatikasında mövcud olan elmi boşluğu aradan qaldıran sanballı bir araşdırmadır. Bu kitab yalnız Osmanlı, özbək, qazax dillərinin deyil, sonrakı illərdə digər türkdilli xalqların dilçilik elminin yaranmasında və formalaşmasında öz töhfəsini verməklə mühüm elmi mənbələrdən birinə çevrildi. Beş qisimdən və 110 səhifədən ibarət olan bu kitabda müəllif yazırdı: “Bakıda toplaşacaq olan türkşünaslar qurultayının qarşısında bir kaç mühüm vəzifələr var. Bunlardan biri türk uruğları arasında ədəbi bir dil yaratmaq məsələsidir. Bu məsələ xeylidən xeyli zehnimizi işğal ediyor. Bu məsələni əsas etibarilə hər kəs arzu ediyor. Çünki bir dil ətrafında toplananlar nə qədər çox olursa, o dildə olan ədəbiyyat, mətbuat o qədər geniş, o qədər əsaslı olur. Bu bir həqiqətdir. Bu xüsusda düşüncəyə və münaqişəyə yer yoxdur. Binaye-əliye 70-80 milyon xalq tərəfindən oxunacaq olan bir ədəbi türk dilinin yaradılmasına qarşı duran kimsə bulunamaz. Bunu hər kəs ürəkdən istər, ancaq burada zehnimizə bir sual gəlir:
Əcaba türk oruğları arasında böylə bir dil yaratmaq mümkünmüdür? Mümkün olduğu təqdirdə bu dil təbii bir dilmi olacaq və yaxud yapma bir şeymi olur? Sualımızı bir az daha aydınlaşdıralım:
Türk dillərinin müxtəlif şivələri arasında öylə bir dil düzəlinə bilirmiyiz ki, onu bütün türk oruğları anlasınlar və yaxud düzəltiləcək ədəbi dil bütün türk oruğlarına yabancı olaraq hər biri tərəfindən ayrıca öyrənməyə lüzumlu olacaq” (Xocayev X.S. “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”, Bakı, 1926, s. 3).
Əsərdən məlum olur ki, Xalid Səidin əsas istəklərindən biri türk dillərinin şivələri arasında vahid bir dilin bütün türk dünyasında anlaşılmasıdır. Yəni istər Qərbdə, istərsə də Şərqdə yayılan türkcə əsərlər hər bir türk tərəfindən eyni şəkildə başa düşülsün. Türk türkün dayağı olmalıdır. Bunun üçün isə ortaq bir dilin qəbul edilməsi çox vacib amildir.
Beş hissədən ibarət olan kitab ilk olaraq, “Osmanlı, özbək və qazax dilləri arasında sərfcə münasibət” adlı giriş hissəsi ilə başlayır. Daha sonra göstərilən üç ləhcə arasındakı münasibətdə isim, sifət, əvəzlik, feil və ədat arasında olan müştərək nöqtələr haqda məlumat verilir. Kitabda əsasən özbək və qazax ləhcələrinin müqayisəsi təsvir olunmuşdur. Müəllif osmanlı və Azərbaycan şivələrinin eyni olduğunu söyləyərək, o səbəbdən Azərbaycan ləhcəsi ilə müqayisəyə çox yer vermədiyini qeyd edir. O, üç ləhcənin müqayisəsini aparmış olsa da, digər ləhcələr, məsələn, uyğur, türkmən və s. ləhcələrə gələcək tədqiqatlarında toxunacağını qeyd edir. İsim adlı birinci hissədə bir-birindən uzaq yaşayan müxtəlif türk oruğlarında qeyri-müştərək məxsusi isimlərin çoxalması müqayisəli şəkildə vurğulanır. Osmanlılarda, əsasən, türkcə olan bir çox isimlər unudularaq yerinə ərəb və ya farsca sözlər daxil edilmişdir. Bu hal özbəklər və azərbaycanlılarda da vardır. Alınma isimlərin eyni nisbətdə və bəzən bir kəlmə alınmadığından dildə ayrılıq meydana gətirmişdir. Ləhcələrin bir-birinə olan yaxınlığını mühafizə edən türkcə müştərək və ümumi kəlmələrin dilə gətirilməsini təklif edən müəllif bununla dilin əcnəbi sözlərdən təmizləyəcəyini vurğulayır.
Müştərək isimlərə belə nümunələr göstərir:
anadolu özbəkcə qazaxca
saç çaç şaş
at at at
boyun boyun moyun
Daha sonra müəllif ismin halları, tək və cəm, izafət, müxtəlif şəkilçilər – çak, çek, ikə, la, lə, da, də və s. ilə düzələn isimlərdən danışır və bunların hər birini müqayisəli şəkildə nümunələrlə izah edir:
osmanlıca özbəkcə qazaxca
qaralaməq qaralaməq qaralamaq
otlamək otlamək otlamaq
İkinci bölmə sifət bəhsinə həsr olunmuşdur. Sifətin hissələri izah olunur, əsli, qiyasi və səmai başlıqları ilə bölünür. Sifətin mənalarındakı dərəcələri, yəni adi, müqayisə və üstünlük dərəcələrini ətraflı müqayisə ilə göstərir:
osmanlıca özbəkcə qazaxca
ən yaxşı adam ən yaxşı adam ən cağşı adam
Elə sözlər vardır ki, hər üç ləhcədə eyni və ya əksinə, fərqli tələffüz olunur. Məsələn, müəllif təkid sifətləri bəhsində göstərir:
osmanlıca özbəkcə qazaxca
qapqara qarqara ğadğara
Şəxs əvəzliyinin cəmdə ifadə forması müqayisə olaraq bu şəkildə verilir:
osmanlıca özbəkcə qazaxca
biz biz biz
bizim biznən bizdən
bizə bizgə bizğə
bizi bizini bizini
bizdə bizdə bizdə
bizdən bizdən bizdən
bizimlə biziylən bizsamən
bizim üçün biz üçün biz uşun
Sual əvəzliyinə nəzər yetirək:
osmanlıca özbəkcə qazaxca
kim? kim? kim?
nə? nə? nəymə? ni?
hənki? qaysi? qaysi?
Dördüncü bölmə feillər bəhsidir. O biri bölmələrdə qeyd olunduğu kimi, hər üç ləhcədə yetərincə alınma sözlər yer almışdır ki, bu da, əsasən, türkcə olan bir çox sözlərin unudularaq yaddan çıxmasına səbəb olmuşdur. Bu hal Azərbaycan və özbək dillərində daha çox nəzərə çarpır. Feillər bəhsində də öncəki bölmələrdə olduğu kimi, müqayisələr mövcuddur:
osmanlıca özbəkcə qazaxca
gülmək gülmək gülyək
Kitabda dilçilik baxımından bir sıra xırdalıqlara toxunulur və feillərin “ağır” (səğil) və “yüngül” (xəfif) olaraq qruplaşdırılmasından danışılır və bu şəkildə izah olunur: “Axırında mək (bək, pək) olan məsdərlərə yüngül məsdər (məsələn, getmək), baq, moq, maq olan məsdərlərə ağır məsdər deyilir (məsələn, asmaq)”.
Digər açıqlama təxfifi “yüngülləşdirilən” məsdərlər haqqındadır. “Məsdər-e təxfifi”ni əmələ gətirmək üçün məsdərlərin axırındakı ədatların yerinə “mə” (ma) şəkilçilərinin gətirilməsi vurğulanır. Bu quruluş əsasən osmanlıcaya aiddir.
Bundan əlavə, elə məsdərlər var ki, onlar hər üç ləhçədə yer alır:
osmanlıca özbəkcə qazaxca
oxuma oxu oxu
yazı yazu yazu”
Hasel-e məsdər, esm-e məsdər, yardımçı məsdər başlıqları altında da feil haqqında ətraflı məlumat verilir. Məsələn, məsdər-i motəədded (yəni müxtəlif, çoxlu, saysız) bəhsində müəyyən qaydaya əsasən məsdərlərin bəzi ədatlar sahəsində çoxalması qeyd olunur. Təbii ki, burada da müəllif öz araşdırmasına ciddi yanaşmış, həm hər üç ləhcədə olan müştərək məsdərləri, həm də yalnız bir və ya ikisinə aid olan məsdərləri seçib göstərmişdir.
osmanlıca özbəkcə qazaxca
aparmaq, apartmaq apartməğ ağartməğ
Azmaq-azdırmaq feili isə hər üç ləhcədə azdırmaq kimi işlənmişdir.
Müəllif məlum və məchul məsdərlərdən danışarkən də ətraflı elmi şərh verir və yenə də hər üç ləhcədən nümunələr gətirir. Feillər bəhsində maraq doğuran bölmələrdən biri də tək (bəsit) qoşma, mürəkkəb məsdərlər bölümüdür. Bəsit məsdər tək bir kəlmədən ibarət olan məsdərdir (getmək, gəlmək və s.). Mürəkkəb məsdər isə hər hansı bir məsdərin müştəğlərindən biri ilə yaranan məsdərlərdir. Eynilə feillərin də bu şəkildə iki yerə ayrıldığı söylənilir.
İltizami (yəni feilin şəkillərini ifadə edən forma) siğəsi (siğə, yəni qrammatikada zamanlara görə dəyişən feilin müxtəlif formalarından biri) adlı başlığa nəzər yetirdikdə, müəyyən sözlərin, məsələn, osmanlılarda yazayım, azərbaycanlılarda yazayın, qazaxlarda cazayın kimi ifadə olunmasına rast gəlinir. Yazalar, yazasınız, yaza, yazsan ifadəsinin isə yalnız osmanlı variantı göstərilmişdir.
Feilin keçmiş zamanı bütün şəkilləri (mazi-ye nəğli, mazi-ye bəid və s.) ətraflı işlənmiş və yetərincə misallarla ifadə olunmuşdur.
Kitabda hərflərə uyğun olaraq da bölgü aparılmışdır, yəni hərfin səsli və ya səssiz (sait və samit) olmasından asılı olaraq göstərilmişdir.
Beşinci hissə ədat haqqındadır. Ədatın tərifini müəllif belə söyləyir: “Kəndi başına, yalnız bulunduqda, bir məna ifadə etməyibdə, başqa kəlmə ilə birlikdə bulunduğu surətdə bir məna ifadə edən ləfzlərə “ədat” deyilir”.
Ümumiyyətlə, kitabda ədatlara çox yer ayrılmamışdır. Müəllif ədat barəsində ayrıca bir tədqiqat əsəri yazacağını vurğulayır.
Son olaraq onu söyləyə bilərik ki, Xalid Səidin “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” adlı əsəri gələcəkdə də türkdilli xalqların müqayisəli dilçilik sahəsində tədqiqat aparan alimlərimiz üçün hər zaman dəyərli mənbə olaraq qalacaqdır.
Xalid Səid əsərini sonda belə ümumiləşdirir: “Ümumiyyətlə, türklərdə feilin siğələri çoxdur, biz burada əsas şəkil və nöqtələri göstərməyə eqtefa etdik, təfərrüata girişmədik. Bu kitabçayı yazmaqdan əsas məqsədimiz, bu ləhcələrə vaqif olmayanlara bunların arasındakı sərfcə olan münasibəti qısa bir surətdə göstərmək idi. Zənnimizə görə, buna tamamən olmasa belə, qismən müvəffəq olduq. Bu kitabçayı bir az diqqətlə oxuyanlar üçün bu ləhcələrin sərfcə bir-birinə pək yaxın olduqlarına dair qənaət hasil olacağından əminiz”.
Əsərlə tanışlıqdan belə bir fikir hasil olur, yaxşı ki, bizim ziyalılar türkdilli xalqların dilini və mədəniyyətini dərindən mənimsəmiş, bolşeviklərin yasaq və qadağalarına, türkdilli xalqları biri-birindən uzaq salmaq cəhdlərinə baxmayaraq, özlərində cəsarət tapıb onu geniş oxucu kütlələrinə mənimsətməyə çalışmışlar.
***
Xalid Səid Xocayevin ikinci mətbu kitabı 1929-cu ildə Bakıda nəşr etdirdiyi “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəridir. Professor Əziz Qubaydullin “yeni əlifbanın mübarizlərindən” adlandırdığı Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək yazırdı: “Xalid Səid yoldaşın oxucularımıza təqdim edilməkdə olan əsəri bir çox cəhətdən əhəmiyyətlidir. Bu “Səyahətnamə” bir cəhətdən yeni əlifba yolundakı böyük mədəni və inqilabi hərəkətin ilk dövrünü göstərdiyindən türk-tatar xalqı tarixinin mühüm bir səhifəsidir. İkinci tərəfdən, bu əsər ədəbiyyatımızda bu dövrdəki türk-tatar ziyalılarının halət ruhiyyələrini göstərən birinci “xatirə-memuar”dır”. Azərbaycan ədəbiyyatında janr etibarilə “səyahətnamələr”in azlığından şikayətlənən Əziz Qubaydullin göstərirdi ki, Azərbaycan türk ədəbiyyatında “səyahətnamələr” yoxdur demək mümkündür. Bunun üçün bu əsəri mətbuat meydanına çıxararaq Azərbaycan türk ədəbiyyatının hər iki növünə başlanğıc material veririz (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.3).
Həqiqətən də Ə.Xaqanidən M.F.Axundzadəyə, M.F.Axundzadədən İ.Qurtqaşınlıya, İ.Qurtqaşınlıdan Z.Marağaiyə, Z.Marağaidən Ə.Haqverdiyevə qədərki ədəbi yolda səyahətnamə janrında əsərlər yazılmışdır. Xalid Səid Xocayevə qədərki səyahətnamələr əsasən bədii səyahətnamələr hesab olunursa, “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri yalnız bədii deyil, eyni zamanda elmi, tarixi və publisist bir əsərdir. Xalid Səid Xocayevin bu əsəri sovet dövründə Azərbaycanda yazılmış ilk elmi-tarixi səyahətnamədir. Bu əsər X.Səidin yazıçı, vətəndaş mövqeyini və alim kimliyini ortaya qoyur.
Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri Birinci Türkoloji Qurultaya aparan yol, qurultay və qurultaydan sonra görülən işlər, eləcə də dilçilik (xüsusilə də əlifba) tarixi barədə günümüzə kifayət qədər ciddi informasiya daşıyan qiymətli və etibarlı bir mənbədir.
Tərəddüd etmədən demək olar ki, indiyədək Birinci Türkoloji Qurultayın keçirilməsi, Azərbaycan ziyalılarının yeni əlifba uğrundakı fədakarlığı barədə “Yeni əlifba yollarında əski xatirə və duyğularım” qədər geniş və müfəssəl bilgi verən ikinci bir əsər yazılmamışdır.
Yeri gəlmişkən qeyd etməliyik ki, “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri ədəbiyyat tariximizdə elmi təsdiqini tapmamış bəzi fikirlərin təshih edilməsinə də yardım edir. Belə ki, indiyədək ədəbiyyat tariximizdə belə bir fikir formalaşmışdı ki, guya Həsən Səbri Ayvazov qurultayda olarkən B.Çobanzadənin çıxışından təsirlənərək yeni əlifba tərəfdarına çevrilmişdir. Bu məsələlərə aydınlıq gətirən Xalid Səid Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı kitabında göstərir ki, əlifba məsələsi Krımda müzakirə edilərkən (bu müzakirə B.Çobanzadənin Bakıya gəlməsindən əvvəl idi – C.Q.) S.Ağamalıoğlunun çıxışından sonra Həsən Səbri Ayvazov ayağa qalxdı həyəcansız, təlaşsız, gülə-gülə sözə başladı: “Yoldaşlar, mən söz alırkən ehtimal ki, sizə qarşı yeni etirazlar edəcəyimi təxmin etdiniz, ehtimal ki, yeni əlifbanı çürütmək üçün söz aldığımı zənn etdiniz, ehtimal ki, ərəb əlifbasını bütün qüvvətimlə müdafiə edəcəyimi düşündünüz; halbuki, məqsədim heç də öylə deyildir. Mən bu dəqiqələrə qədər əski əlifbanı mühafizə etmək tərəfdarı idim. Bu onun nöqsanlarını bilmədiyimdən dolayı deyil, onun nöqsanlarını mən də hər kəs qədər bilirdim, yenə mühafizə tərəfdarı idim. Səbəbini yuxarıda ərz etmişdim. İndi gərək möhtərəm Ağamalıoğlunun sözlərindən və gərəksə başqa yoldaşların sözlərindən mənə qənaət hasil oldu. Mənim qorxularım bərtərəf oldu. Bundan sonra, artıq qəti surətdə yeni əlifba tərəfdarı olduğumu elan edirəm. İştə onun üçün söz aldım. Səməd Ağa sözündə, məsləkində sabit bir adam olduğundan, verdiyi sözləri də yerinə gətirəcəyindən əminəm” (Xalid Səid Xocayev. “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, Bakı, 1929, s.30).
Göründüyü kimi, X.S.Xocayevin haqqında bəhs açdığımız bu əsəri Birinci Türkoloji Qurultay, eləcə də ədəbiyyat tariximizlə bağlı faktların dəqiqləşdirilməsi istiqamətində də olduqca əhəmiyyətli və etibarlı elmi-tarixi mənbədir.
Məlumdur ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni türk əlifbası Azərbaycan əlifbası kimi qəbul edildi. Yeni Türk Əlifbasına keçmək başqa türk-tatar xalqlarının da qarşısında duran ümdə vəzifəyə çevrildi. Xalid Səid Xocayev bu xüsusda yazırdı: “Zatən osmanlılar, qazaxlar, özbəklər arasında da bu məsələ yox deyildi; ancaq onlar bu məsələni ortaya atmağa cəsarət etməyirlərdi. Yeni əlifba vasitəsilə əldə edilən müvəffəqiyyət komitəyə (Yeni Türk Əlifba Komitəsi nəzərdə tutulur – C.Q.) daha artıq cəsarət verdi. O, müvəffəqiyyətlərin yekununu göstərməyə və qonşu türk cümhuriyyətlərinin fikrini almağa qərar verdi. Bunun üçün bir konfrans çağırmaq lazım idi. Komitə bundan əvvəl onlar ilə xüsusi surətdə görüşməyi daha müvafiq gördü. 1924-cü ilin sentyabr ayında bir heyət səfəriyyə təşkil edildi. Bunlar Şuralar ittifaqında olan bütün türk cümhuriyyətlərinin mərkəzlərinə gedəcək, səlahiyyatdar adamlar ilə görüşəcəklərdi”.
Xalid Səid Xocayevin dediyi kimi, “qonşu türk cümhuriyyətlərinin fikrini almaq” və təbliğat işini gücləndirmək məqsədi ilə Səməd Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Vəli Xuluflu və Xalid Səid Xocayevdən ibarət xüsusi nümayəndə heyəti yaradıldı. Həmin nümayəndə heyəti 1924-cü il sentyabr ayının 7-dən oktyabr ayının 10-dək Dağıstan, Daşkənd, Krım, Simferopol, Orenburq, Ufa, Kazan və başqa şəhərlərdə yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə görüşlər keçirərək onun türk-tatar xalqlarının ədəbi-mədəni həyatında mühüm hadisə olacağını faktlı, predmetli şəkildə əsaslandırmağa çalışdılar. Nümayəndə heyəti Dağıstana getməkdən vaz keçdi. Bu məsələyə aydınlıq gətirən X.S.Xocayev yazırdı: “Yeni əlifba ilə əlaqədar olan qonşu cümhuriyyətin mərkəzində bulunurduq. Burada qalmadıq, qalmağa da lüzum yox idi. Çünki Dağıstan çoxdan öz fikrini bildirmişdi. Burada yeni əlifba xüsusunda müzakirə ediləcək heç bir şey yox idi. Dağıstan Azərbaycan ilə həmrəy idi. Buna görə boş vaxt keçirmək istəmədik” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.12).
Bu səfər zamanı Azərbaycandan gələn nümayəndə heyəti Krım Universitetinin professoru, tanınmış dilçi alim Bəkir Çobanzadə ilə tanış olur. Səməd Ağamalıoğlu Krımda nümayəndə heyətinə bələdçilik edən B.Çobanzadəni daha yaxından tanıyır. Onun təşkilatçılıq qabiliyyətini, yüksək erudusiyasını və intellektual səviyyəsini nəzərə alan Səməd Ağamalıoğlu professoru Bakıya dəvət edir. Səməd Ağamalıoğlunun dəvətini məmnunluqla qəbul edən B.Çobanzadə 1924-cü ildə Bakıya gəlir.
Səməd Ağamalıoğlunun əsas amalı yalnız Azərbaycan deyil, bütövlükdə türkdilli xalqları yeni əlifba ilə təmin etmək və onları sivil xalqların sıralarına gətirmək idi. Bu S.Ağamalıoğluna həm də ümumtürk, ümumislam dünyasının vahid əlifbasını yaratmaqla onların ortaq mədəniyyətə, ortaq kültürə və ortaq dilə malik olduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün lazım idi.
Bu böyük amallara çatmaq üçün S.Ağamalıoğlu “bütün qüvvətilə türkoloji qurultayı çağırmağa çalışırdı. Nəhayət, o, ümumittifaq mərkəzi idarələrinin nəzər-diqqətini bu məsələ üzərinə cəlb etdi, qurultayın çağırılması xüsusunda qərar qəbul etdirdi” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.87).
Xalid Səid Xocayev göstərirdi ki, qurultay çağırmaq, vahid əlifba sistemi yaratmaq heç də asan məsələ deyildi. Əvvəla, bir çox türk xalqları mənəvi-ideoloji cəhətdən buna hazır deyildi. Onlar hesab edirdi ki, yeni əlifbaya keçməklə biz dini dəyərlərimizdən, hətta “Qurani-Kərim”dən uzaq düşəcəyik. Bəzi yerlərdə xurafat kifayət qədər güclü olduğundan ziyalıların çoxu bu prosesə qoşulmaq istəmir və ya təqib və təzyiqlərdən qorxurdu. Bəzi ziyalılar yeni əlifbaya keçməyin perspektivlərini görmür, əski əlifbanı dəyişdirməyi məqsədəuyğun hesab etmirdilər. Səməd Ağamalıoğlu mövcud çətinlikləri aradan qaldırmağın yolunu türkoloji qurultayın çağırılmasında görürdü. Onun fikrincə, türkoloji qurultaya gedən yol türk dövlətləri arasında aparılan təbliğatdan, onların mənəvi-ideoloji birliyindən keçir. Təbliğat işi nə qədər yüksək səviyyədə aparılarsa, məqsədə də bir o qədər asan çatmaq olar.
Daşkənddə fikir mübadiləsi aparmaq mümkün olmasa da, keçirilən toplantılardan, müzakirələrdən belə nəticəyə gəlmək olardı ki, “özbək və türkmən mütəxəssisləri yeni əlifba tərəfində idi. Qazaxlar isə yeni əlifbanı qəti surətdə qəbul etməyəcəklərini bildirmişlərdi, lakin məsələnin ümumi türkoloji qurultayında həll edilməsinin əleyhinə deyildilər. Belə bir qurultay çağırıldığı təqdirdə iştirak edəcəklərinə dair söz verdilər. Qurultayda ərəb əlifbasının qələbə çalacağına əmin kimi idilər”.
Nümayəndə heyətinin Daşkənd, Orenburq və Kazandan narazı qayıtmasına baxmayaraq, bu səfər onlar üçün kifayət qədər əhəmiyyətli olmuşdur. Belə ki, bu səfər bir tərəfdən türk xalqlarının yeni əlifbaya münasibətlərini, digər tərəfdən isə türkoloji qurultayın keçirilməsi zərurətinin qaçılmaz olduğunu ortaya qoyur. Birinci Türkoloji Qurultayın türkdilli xalqların taleyində oynadığı rolu yüksək qiymətləndirən Xalid Səid Xocayev yazırdı: “Bu qurultay Şərq aləmindəki mədəni inqilabın ən mühümü olan əlifba inqilabının rəsmi surətdə təməl və əsasını qoymuş olduğu kimi, əsrlərcə ərəb əlifbasının muşkulatı altında əzilən xalqlar ilə əlifbadan məhrum olan bir çox ibtidai halda yaşayan xalqlar üçün elmi, fənni əsaslar üzərinə qurulan bir əlifba verdi” (yenə orada. s.147).
Təbliğat işinə önəm verən S.Ağamalıoğlu nümayəndə heyəti ilə yanaşı, ayrı-ayrı türkdilli xalqların mütərəqqi fikirli, yerli-ziyalı nümayəndələrini də bu işə cəlb edirdi. B.Çobanzadə, Xalid Səid Xocayev və başqaları belə ziyalılardan idi. Doğrudur, Xalid Səid onunla birlikdə təbliğat aparırdı. Lakin S.Ağamalıoğlu Xalid Səidin nüfuzunu, ziyalı mövqeyini, türkçülüyünü, milliyyətini nəzərə alaraq özbəklərlə, qazaxlarla, hətta Türkiyə türkləri ilə dil tapmağın onun üçün daha asan olacağını görürdü. Maraqlıdır ki, təbliğat işi yalnız 1924-cü ildə həyata keçirilən rəsmi səfərlə yekunlaşmır, qurultay ərəfəsində, hətta qurultaya gəlmiş nümayəndələr arasında da aparılırdı. Xalid Səid Xocayev bu xüsusda yazırdı: “Səməd ağa məni yanına çağırdı. Xalid, - dedi sən özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq, aydın söyləsinlər. Biz də ona görə iş görək. Bir də Köprülüzadə Fuad yoldaşla da görüş, gör onların fikirləri nədir?” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s. 88).
Xalid Səid Xocayev əski Avropa otelində yaxşı tanıdığı Bekcan Rəhmanovla və Qazi Alimcan Yunusovla görüşür. Özbəkistan nümayəndə heyəti ərəb əlifbasının dəyişdirilməməsində israrlı olduqlarını bir daha qeyd edirlər. Lakin Xalid Səidin elmi-məntiqi söhbəti, inandırıcı dəlilləri Özbəkistan nümayəndə heyətini öz fikirlərindən daşındırır və onlar da yeni əlifbanı dəstəkləməyə başlayırlar. Xalid Səid Özbəkistan nümayəndə heyətinin üzvü Bekcan Rəhmanovla qurultayqabağı günlərdəki söhbətlərindən birini belə xatırlayırdı: “Arxamdan – Ortaq! Ortaq, Xalid, ortaq! – səsini eşitdim. Bu Bəkcan idi. Gülərək mənə yaxınlaşdı, Qazini gördünüzmü? – sualını verdi.
- Xeyr. Bir şeymi var? – dedim.
- Bəli, bir şey var.
- Xeyirli olur?
- Xeyirdir: bu sabah öz aramızda iclas yapdıq, əski qərarımızı dəyişdirdik, artıq yeni əlifbanı müdafiə etmək, onun lehinə səs verməyə qərar verdik. Doğrudan da, xeyirli bir xəbər idi” (yenə orada. s.93).
Yeni Avropa otelində Fuad Köprülüzadə və Əlibəy Hüseynzadə ilə görüşən Xalid Səidin xatirə və duyğularını şərhsiz və müdaxiləsiz verməyi daha məqsədəuyğun bildik. Xalid Səid yazırdı: - “...Sabah oldu. Mənim üzərimə qoyulan vəzifəni əda etməli idim. Bunun üçün “Yeni Avropa” otelinə getməli idim, çünki türk ədəbiyyatının iki böyük alimi... burada yerləşdirilmişdi. Fuad bəylə birinci dəfə tanış olmayırdım... Fuad bəy zəif və nazik vücudu ilə masa arxasında oturmuş, dodaqları arasında sıxışdırılan papirosundan həlzunlu dumanlar buraxaraq, əlindəki jurnal ilə məşğul idi. Məni görər-görməz “ay əfəndim, buyurunuz, buyurunuz, rica edirəm, buyurunuz”, - deyə ayağa qalxdı. Bir neçə addım irəliləyərək bərk-bərk əllərimi sıxdı... Hənuz əllərimi buraxmamış, masanın о biri tərəfındə, pəncərə önündə kitab mütaliəsi ilə məşğul olan gözü çeşməkli, ağsaqqallı, bəyaz saçlı, ixtiyarca bir adamın yanına qədər gətirdi:
Əli bəy, - dedi, sizə əski dostlarımızdan Xalid Səidi təqdim ilə şərəfyab olmaq istəyirəm, - dedi.
Mən də:
Aman əfəndim, məhcub ediyorsunuz, - deyə müqabilə etdim. Əli bəy əlindəki kitabı buraxaraq, ixtiyarlara məxsus bir tövr ilə yavaş-yavaş ayağa qalxdı, sevimli çöhrəsinə xüsusi bir əda verən təbəssümlə mənə əllərini uzadaraq: - «Müşərrəf oldum», - dedi. Əli bəy... mənim üzərimə dərin bir təsir buraxmış, Azərbaycan ədəbi həyatında mühüm işlər görmüş məşhur Hüseynzadə Əli bəy idi. Əlini iki əlimlə tutmuş, bir dürlü buraxmaq istəmirdim.
Əli bəy oxumaqda olduğu kitabın arasına çeşməklərini qoydu, stulunu masa yanına çəkdi. Otaqda üç adamdan başqa kimsə yoxdu, necə gəldiklərindən, yolda əziyyət çəkib-çəkmədiklərindən bəhs edən ufaq bir müqəddimə müsahibəsindən sonra mövzunu yeni əlifbaya çevirməyə tələsdim, çünki gəlib-gedənlər çoxalırsa, bu barədə müsahibə etmək, bəlkə, mümkün olmayacaqdı.
- Fuad bəy, - dedim, - təbii, yeni əlifba məsələsindən dolayı təşrif etdiniz. Bu xüsusda Türkiyə əfkari-ümumiyyəsilə, siyasi dairələrinin fikirləri, sizcə, məlum olduğundan şübhə yoxdur.
Fuad bəy yanındakı qurşun qələmi əlinə alaraq, masa üzərindəki bloknotuna bir taqım işarələr qoyduqdan sonra:
Əfəndim, Türkiyənin bugünkü vəziyyəti həpimizə məlumdur; məğlubiyyətlə nəticələnən ağır və uzun müharibələrdən çıxdıq, iqtisadi vəziyyətimiz bizi məmnun edə biləcək bir halda deyil, bilxassə, böyük bir inqilab həyatı yaşayırız, zehnimiz hənuz daha mühüm məsələlər ilə məşğuldur. Bununla bərabər, elmi müəssisələrimiz, Azərbaycan tərəfındən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyillər. Bu yaxınlarda Maarif Nəzarəti tərəfındən xüsusi bir komision təşkil edildi. Bu komision imla və hürufatı tətbiq ilə məşğul olur, hənuz qəti bir fikir və qərara gəlmədilər. Zənn edərəm, bu tətbiqat yenə bir kaç ay davam edəcəkdir.
Şu halda - dedim, - qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və ya əleyhinə bir fıkir verəmiyəcəksiniz?
Təbii, deyilmi? Ancaq şurasın ərz edəlim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də - maaləsəf -hənuz hazırlığımız olmadığı kibi, hökumət tərəfındən də bu xüsusda əlimizdə bir təlimat yoxdur.
Çox gözəl, bu xüsusdakı öz fikrinizi öyrənə bilərmiyəm?
Əfəndim, əsas etibarilə mənim fikrim yeni əlifbanın lehindədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm. Bizim halımız başqa, Şərqdə yaşayan ayrı türk xalqlarının vəziyyəti bambaşqadır. Türkiyə ədəbiyyatı - təbii, Avropa ilə müqayisə etməyirəm, о qədər fəqir deyildir, yeni əlifbaya keçdiyimiz təqdirdə bir çox kitablarımızı yeni əlifbaya keçirməyə məcbur qalacağız, bunun üçün iqtisadi vəziyyətimiz müsaid olmadığını yuxarıda ərz etmişdim. Əlifba məsələsi bizdə çox əskidir, bunun üçün müxtəlif zamanlarda müxtəlif komissiyalar təşkil edildi, hətta cahan hərbi zamanında Ənvər paşa tərəfındən də əsgəri işlərdə bir yeni əlifba təcrübəsi yapıldı, ancaq həyata keçiriləmədi. Mən də bu nöqteyi-nəzərdən öz fıkrimdən də ehtiyatla davranmağa məcburam.
Fuad bəy, müsaidə edərsəniz, yenə bir şey də soruşmaq istəyirdim.
Xəfif bir təbəssümlə:
Rica edirəm, yenə bir şey deyil, daha bir çox suallar verə bilərsiniz, vaxtımız da müsaiddir.
Dediyiniz kibi, biz Şərq türkləri yeni əlifbaya daha kolay surətdə keçə biləriz, keçməyə də şiddətli surətdə lüzum görüyoruz... Şayəd Şərq türkləri yeni əlifbaya keçərlərsə, Anadolu türkləri yenə əski əlifba üzərində qala bilərmi?
Fuad bəy bir az düşündü.
Əli bəy:
Zənn edərəm, bu iş mümkün olmayacaq.
Fuad bəy təsdiq etdi:
Əvət, о halda bütün çətinliklərə, iqtisadi ağırlıqlara qatlanaraq yeni əlifbaya keçməyə məcbur olacağız (bu, təbii, mənim öz fıkrimdir. Hökumət dairələrinin bu xüsusda nə düşündüklərinə aid bir şey deyəməm). Çünki əsrimizdəki mətbuat mədəniyyəti geniş sahələr, çox miqdarda oxucular istəyir. Bundan dolayı Şərq türkləri ilə mədəni münasibətimizi saxlamaya məcburuz, vaqiən hürufatın ayrı olması dilcə olan münasibəti kəsməz, ancaq çocuqlarımıza, gənclərimizə, ayrı-ayrı hərfləri öyrətməyə məcbur qalacağız, bu da bir çox vaxtımızı boş yerə sərf etməyə səbəb olacaq... Bugünkü texnika da yeni əlifbaya keçməyi tələb edir. Ərz etdiyim kibi, buna bizim iqtisadi şəraitimiz hənuz müsaid deyildir. Bu xüsusda çalışmaqda olan komision lazım görürsə, bizim də keçməmiz ehtimaldan uzaq deyildir, ancaq hənuz rəsmi, qəti bir şey deyəməm...» (yenə orada. s.91-92).
Alimlərin bu səmimi dialoqundan aydın olur ki, Türkiyənin elmi dairələri Azərbaycanın qəbul etdiyi yeni əlifbaya biganə deyildir. Mövcud reallığı və Türkiyənin iqtisadi vəziyyətini nəzərə alan alim gələcəkdə bu işin qaçılmaz olduğunu da diqqət mərkəzinə çəkirdi.
Türkiyə nümayəndələrinin fikirlərinə münasibət bildirən Səməd Ağamalıoğlu qeyd edir ki, Anadolu türklərinin yeni əlifbaya keçməsinə arxayınam. Ona görə ki, Mustafa Kamal böyük inqilabi işlər aparır. Həmin inqilabi işlərdən biri də əlifba inqilabıdır.
Xalid Səid göstərirdi ki, məruzələrdən sonra münaqişələr şiddətləndi. Hər iki əlifbanın məziyyətlərilə nöqsanlarının ən incə, ən gizli nöqtələrinə qədər təhlil və tənqid edilirdi, münaqişə bütün şiddətilə, bütün hərarətilə bir neçə gün davam etdi; nəhayət, Dağıstan mürəxxəsi Qorxmazov yoldaşın rəyasəti altında təşkil edilən komision tərəfindən tənzim edilən qərar böyük bir əksəriyyətlə qəbul olundu. Bu qərara görə, latın əsası üzərində qurulan yeni türk əlifbasının ərəb əlifbasından hər cəhətdən üstün olduğu qəbul edildi (yenə orada. s.94-95). X.S.Xocayev eyni zamanda bildirirdi ki, “Türkoloji qurultay sayəsində Anadolu türkləri bitərəf, qazaxlar ilə kazanlılar tamamilə qarşı oldu; qalan türk-tatar ölkələrinin isə qəti olaraq yeni əlifbanı qəbul etmiş olduqlarına hökm edilə bilərdi” (yenə orada. s.96).
Yeni əlifbanın qəbulu və yeni əlifbaya keçid türkdilli xalqların taleyində tarixi bir hadisə oldu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!