31 Mart... - Üzeyir bəy Hacıbəyli

 

Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi-kəbiri, mütləqiyyətin zəncir əsarətinə giriftar olmuş olan millətləri azad etdi. Əsrlərcə zəncirbənd qalmış olan zavallı millətlər uyuşmuş bədənlərinə bir hərəkət verib qol-qanadını açmaq istəgirdi ki, mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevizm istibdadı caygir olub bədbəxt millətləri təkrar əsarət zənzirinə vurmaq əməlinə girişdi.

Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərə "qrajdan" müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və boylə yaşamağa haqqı olanlarla dəxi milli cəngə girişən rus bolşevizmi, "Azad millətlər" şüarını həqarətlə tapdalayıb bu millətlər füqarayi-kasibəsinin və demokratiyasının canını və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.

O idi ki, bolşevizmi araya bir "qrajdanski" və bir də milli olmaq üzrə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı. Milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqeədən hasil olan təəssürat, təbii, boylə bir əqidə törənməsinə səbəb oldu ki, rus inqilabı, yalnız bir rusluğa müxtəs olub çarizm istibdadını qaldırmaqla degil, ümum millətləri, bəlkə rus xalqını bu istibdad təhtindən qurtarıb, digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız bir fəqər bu oldu ki, bu əsrlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu səfər isə rus bolşevizmi oldu. Hər halda əsirlik aradan götürülmədi. Qurd əlindən qurtarılmış quzu, qurtaranın yemi olmaq məcburiyyətində qaldı...

Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri rus istibdadının yıxıldığını görüb təkrar müstəqil yaşamaq ümid fərəhbəxş ilə şad olub, istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub həmandəm əks tədarükat görməyə iqdam edib: "Biz sizə istiqlal əvəzinə xarabazarlar verərik, torpağınızda daşı-daşüstə qoymarıq" - deyə barmaq işarəsi ilə hədələdilər.

İstiqlalımıza qarşı itxaz edilmiş olan sui - qəsdlərdə özlərini "inqilabçılıq" nöqteyi- nəzərindən haqlı göstərmək niyyətilə adımızı "kontrrevolyusoner" qoyub hücuma hazırlandılar, hazırlanıb da başımıza mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq paytaxtımızı xarabazara döndərdilər.

Çarizm zənciri-əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə etməgə və istiqlal düşmənlərinə qalib gəlməgə qüdrəti yox idi. Bu zəiflik degil, yalnız maddi və cismani qüvvətimizi, bəlkə bütün mənəvi və ruhani qüvvələrimizi də şamil olub bədənimizin bütün qüvveyi - ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu və bu ətalət o dərəcə idi ki, özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb, düşmənin hücum və təərrüzləri qarşısında üryan bir bədənlə əli - qolu bağlı yıxılıb, "ölüm-dirim" məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə və ya rəhmsizliginə bağlı idi.

Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməgə heç bir vəsilən olmuya.

Bakı müsəlmanları mart günlərində bu halda idilər!

Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca degil, bir Bakıda, Şamaxıda, bəlkə ümum Azərbaycanda daş-daş üstə qalmazdı...

Keçən keçdi, olan oldu. Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaqlar. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edilsə, müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin və həm də millətimizin çalışması lazımdır. Bugün istiqlal ilə yaşayıb da bu neməti - üzəmadən istifadə ediriksə də özümüzü xaricən əmn- əmanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

 "Azərbaycan" qəzeti № 147, 31 mart 1919


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!