Nargis "Metakədər"i: Azad və estet... - Azər TURAN yazır - Azər TURAN

Nargisin «Metakədər» kitabının ön sözü

Azər TURAN

 

Nargisin mətnləri poeziyanın ahəng qanunları ilə ram edilmiş nəsr nümunələridir. Yaxud əksinə. Bu üslub bizdə Orhon Yeniseylə, Avropada Şarl Bodlerlə başlayır - poetik və nəsranə sistem...

Parisdə Notr-Dam kilsəsinin yandığı günlərdə Nargis "Çəhrayıya boyanır Notr-Damın kölgəsi"ni yazdı. Və bu yazı həmin həftə "Ədəbiyyat qəzeti"nin birinci səhifəsində dərc olundu. Fərqli yazı idi və inanıram ki, Nargisin essesi Notr-Damdakı yanğınla bağlı dünyada yazılmış ən yaxşı mətnlərdən biridir. Və təbii ki, belə yazılar şüur axını ilə gəlir... Janrını müəyyənləşdirmək çətin olur. Hətta yazarın özü belə, bunun poeziya, yoxsa proza nümunəsi olduğunu ayırd edə bilmir.

"Metakədər" Cavid ruhunun son dönəmdə Azərbaycanın yazı həyatına yenidən qayıdışıdır. Və Nargis bunu virtuozcasına edir. Nargis XXI yüzilin "İblis"ini yazır: "Sən doluxsunmursan unudulan kukla görəndə. /Gilənar yeyərkən boğazında qalmır keçmişin... /Sənin ovuclarında Hermesin qoxusu, / Mənim ruhumda mürəkkəb ləkələri... / Sən Elon Muskvari baxarkən dünyaya / mən təkrar-təkrar Cavid oxuyuram / Sənin gözlərinə endikcə ağır pərdələr / ruhunu bürüdükcə qlobal sis / 101 il sonra yenidən qəhqəhələrlə gülür İblis!".

Bu zərif xanım 101 yaşlı ədəbiyyat kitabı kimidir. Qlobal sis, qəhqəhələrlə gülən İblis, hətta antik və modern miflər - Hermes və Elon Musk Nargisin qələminə gözlənil-mədən sıçraya bilir.

Nargisi şəxsən tanıyıram, özünü gizlətmir, hətta avanqard üslubda çəkdirdiyi fotoşəkillərində də belədir. Bir az narsisliyi var.

Yazdıqlarının ruhunda "Sərvəti-fünun" ruzgarları əsir. Tevfiq Fikrət və Hüseyn Cavid də burdadır. Burda kim yoxdur ki?.. Hətta Şopen də burdadır. Amma necə? "İtmək hissinin dərkinə həsrət beynimi itirmək istəyirəm Marian çökəkliyində. Mən Bermud üçbucağına sığınmaq istəyirəm... "Titanik"dən qalan o valları tapıb Şopendən məni dinləməsini rica etmək keçir könlümdən".

Nargisin virtuoz bir qələmlə yazdıqları elə Şopenin prelüdləri kimidir.

Nargis üslubunun səciyyəsini "Metakədər"də özü dəqiq ifadə edib: "Xırda mətnlərə sığdırıb boğmaq varkən səni, niyə böyük janrlara sürüyüm ki?..". Nargisin xırda mətnlərində boğulan nədirsə, hər halda, soz deyil. Söz bu yazılarda kifayət qədər azaddır. Sözün ruhu da, rəngləri də, musiqisi də azaddır. Azad və estet. İnanmayan "Çəhrayıya boyanır Notr-Damın kölgəsi", "17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?..", "101 il sonra yenidən qəhqəhələrlə gülür İblis!" yazılarını və "Metakədər"i oxusun.

"Metakədər"də bir araya gələn bu yazılar üç ildir ki, "Ədəbiyyat qəzeti"ndə dərc olunur. Daha doğrusu, Nargis bu yazıları "Ədəbiyyat qəzeti" üçün yazıb və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə mükafatı"na da bu yazılara görə layiq görülüb...

Çağdaş ədəbiyyatımızın "Metakədər"inə sayğılarla

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!