Böyük Hüseyn Cavidin işıqlı xatirəsinə
Bir həftədən sonra premyeradır. Nilufər çox həyəcan keçirirdi. Sanki səhnəyə birinci dəfədir çıxırdı. Artıq üç ildir ki, teatrda işləyir, bir neçə uğurlu çıxışı olub. Urfanın bu, teatrda birinci işi idi - Hüseyn Cavidin şeirləri əsasında monotamaşa yaratmışdı. Rolda Nilufər idi. Axırıncı şeiri deyəndə, zal ayağa qalxdı, ictimai baxışa gələnlər tamaşanı təriflədilər, böyük Cavidin xatirəsinin əbədiyaşar olduğunu dedilər, Nilufərin fitri istedad sahibi olmasından danışdılar, Nilufərə qucaq-qucaq gül verildi. Rejissorun işi layiqincə dəyərləndirildi.
Axşam evə dönəndə Urfan şampan açdı, soyuducudan meyvə və şokolad çıxartdı.
- Təbrik edirəm, əla alındı.
Urfan onu öpdü, bağrına basdı, elə bil səma yerə endi, aləm göy qurşağına döndü. Sənsiz yaşaya bilmərəm, mənim alagöz mələyim - pıçıldadı Urfan.
- Mən də.
Heç biri yata bilmədi. Nilufər durub şampan dolu qədəhlərə şokolad qırıb atdı.
- Sənətin şərəfinə, - dedi Urfan. Otaq güllərin ətrinə qərq olmuşdu. "Allahım, məni etdiyin yaxşılıqlara layiq elə" - beynindən keçirtdi Nilufər.
"Allahım, mənə kömək ol - bu gün səhər qadın məsləhətxanasından eşitdiyim xəbəri Urfana deyə bilim".
Urfan evləndikləri ilk gündən ona demişdi - mən heç vaxt istəməyəcəm bizim uşağımız olsun.
Nilufər gözlərini bir anlıq yumub - bizim övladımız olacaq.., - gözlərini açdı. Urfanın siması bir anda dəyişdi.
- Mən sənə evlənəndən bəri demişəm, deyirəm - bizə uşaq lazım deyil. Biz sənət yaratmalıyıq - bu dünyada izimiz qalsın. Səyahətə çıxaq, dünyanı gəzək - ən möhtəşəm rəsm qalereyalarını görək, dünya şöhrətli musiqiçiləri dinləyək. Uşaq bizi yaşamağa qoymayacaq (ürəyi gizildədi). Onun qayğıları, gecə ağlamaları imkan verməyəcək ki, biz öz işimizlə məşğul olaq. Fikirləş, bu yazıq uşağı hansı dünyaya gətirirsən? - Müharibə, rəzalət, qradlar, bombalar atılan dünyayamı? Yazıq deyilmi? Urfan danışdıqca bənizi ağarırdı, onun bütün görkəmi əzab ifadə edirdi.
Hələ ki gec deyil sən özün qərar verməlisən. Mən öz fikrimi dedim, - boğuq səslə dedi Urfan.
- Mən heç vaxt uşağımı məhv etməyəcəm, - Nilufər pal-paltarını, kosmetik, gigiyenik əşyalarını zənbilə yığıb, qapıdan çıxdı. Urfan onu saxlamadı. Nilufər teatrın qocaman aktyoru olan atasının evinə getdi. Gəncənin mərkəzində yerləşən ikimərtəbəli kərpiç "Aktyor evində" yerləşən mənzilləri Nilufər üçün ən əziz, ən doğma idi.
Heç sorma halımı, yaralıyam mən
Şən olmaz bir daha viranə könlüm.
Varlığımı sıxan bir yığın heçlikdən
Sanki bir şey sorar divanə könlüm.
Atası onu qucaqladı. Nilufərin ayazımış üzündən duydu ki, nəsə çox ciddi hadisə baş verib. Kişinin gözləri yaşardı.
Bu an Nilufər atasına çox acıdı. Haqqı varmı onu bu ahıl çağında kədərləndirsin?
Nilufər atasını tək bircə dəfə ağlayan görmüşdü. 16 il qabaq, Yeni il axşamı idi. Anasını 10 gün idi ki, dəfn eləmişdilər. Altı yaşlı Nilufər otaqları gəzirdi - anasını axtarırdı. Anasının gecə köynəyini üzünə tutub otaqdan-otağa keçirdi, sanki anasının ətrini bu paltardan alırdı, paltar doğrudan da hələ anasının ətrini saxlamışdı. Atası Nilufəri qucağına aldı.
- Anan buralarda deyil, bala, anan artıq göylərdədir.
- Göylərdə də teatr var?
Anası teatra gedəndə həmişə Nilufəri də özüylə aparırdı. Səhnəyə çıxanda, qrim otağında qoyurdu uşağı. O da səs eləmirdi.
- O burda olsa, mənə yolka qurardın?
- Mən sənə mütləq yolka quracam, quzu balam.
- Bə anam gəlməyəcək?
- O, çox uzaqdadır. Biz nə vaxtsa onun yanına gedəcəyik.
- Mən indi istəyirəm, lap çox istəyirəm, onun yanına getməyi.
Atası susdu. Axşam olmasına baxmayaraq, onu geyindirib özüylə hələ bağlanmamış bazara - şam ağacı almağa apardı.
Evə qayıdandan sonra ağacı gümüşü kağıza bükülmüş portağal, narınc, alma ilə bəzədi. Keçən il arvadının səliqəylə qutuya qoyub zirzəmiyə apardığı oyuncaqlara əl vura bilməzdi. Elə bilirdi ki, bu oyuncaqlar onun əllərini yandırar.
Sonra əl telefonunda musiqi qurdu - Bramsın "Macar rəqsi"ni Nilufərin əllərindən tutub rəqs etməyə başladı.
"Ürəyin parça-parça olsa da, balanın xətrinə oyna".
Nilufər başını qaldırıb onun üzünə baxanda, əsdi - atası ağlaya-ağlaya onunla rəqs edirdi.
- Dədə, niyə ağlayırsan?
- Heç, gözüm ağacın budağına dəydi.
Bu məqam qapı döyüldü. Qonşunun oğlu Urfan əlində pirojnalar düzülmüş boşqabla içəri girdi, Nilufər çox sevindi.
- Xoş gəldin, bala.
- Yeni iliniz mübarək, Ələskər əmi. Necəsən Nika?
- Çox gözəl yolkan var, Nika.
Urfanın 13-14 yaşı olardı. Gəncə üzrə şahmat çempionu idi. Nilufərə şahmat oynamağı öyrədirdi. Urfanın da ata-anası aktyor idilər. Gəncədəki "Aktyor evi" adlandırılan kərpic binanın 2-ci mərtəbəsində yaşayırdılar. Nilufərin atasıyla dost idilər.
- Sabah şahmat oynayarıq? - soruşdu Nilufər.
- Sabah biz Bakıya gedirik. Atam Azdramada işləyəcək.
Nilufərin balaca ürəyi yerindən çıxacaqdı elə bil. Onda Nilufər bilmirdi ki, Urfan bir də neçə illərdən sonra Gəncəyə qayıdacaq. Qayıdandan 1-2 ay sonra 15-20 adamla teatrın yaxınlığındakı kafedə Nilufərlə evlənməyini qeyd edəcək. Urfan onun ömür-gün yoldaşı olacaq.
Yeni il axşamı Urfanın valideynləri də onlara düşdü. Bir az söhbət edib vidalaşdılar.
Səhər gedən maşının səsini eşidən Nilufəri göz yaşları boğurdu.
- Anam da uzağa getdi, Urfan da getdi - ağlaya-ağlaya dedi Nilufər.
Mən istəmirəm Urfan da göylərə getsin. Nə qədər göyə baxıram anamı görə bilmirəm. Urfanı da görməyəcəm. Göylər pisdir. Onda bilmirdiki illər keçəcək, o, İncəsənət Universitetini bitirib, atasıyla birgə teatrda işləyəcək və məhz burada Urfanla görüşəcək.
O, Urfanı neçə illərdən sonra teatrda gördü. Deyirdilər ki, Bakıdan gələn rejissor Gəncə teatrında Cavidin əsərini qoyacaq.
Onda rejissoru təqdim etdikdən sonra Nilufərin işdə qalıb-qalmaması məsələsi kollektivin müzakirəsinə çıxarılmışdı.
İclasdan öncə teatrın direktoru Nilufəri atasıyla birgə kabinetinə çağırıb demişdi.
- Bu söhbət aramızda qalsın. İclasa gələnlər elə bilirlər mən səni işdən çıxardacam. İnanmıram hansındasa qeyrət ola, mənə qarşı çıxa, iclasda səni tərifləyə. Mən səni heç vaxt işdən çıxarmayacam. Əvvəla, özün istedadlı, ağıllı qızsan, ikinci, sən xatirini çox istədiyim kişinin qızısan. Sadəcə, istəyirəm özün yaxından tanıyasan həmkarlarını. Həm də bu iclasdan sonra bəlkə məsuliyyət hissin artar. Nə qədər təklif olunan rollardan imtina etmək olar? Nə qədər teatra təqdim olunan pyeslərə pis demək olar? Axırda sən rolsuz qalacaqsan. Elə bilirsən xoşuma gəlir onuncu dərəcəli müəlliflərin pyeslərini qəbul eləmək? Plan doldurmalıyıq, teatra tamaşaçı cəlb etməliyik. O müəlliflər bizə müəyyən mənada kömək edirlər.
Teatrın bütün aparıcı aktyorları, rejissorları iclasa toplaşmışdılar. Təzə rejissor da onların içində idi. Nilufər onu tanımadı.
"Allahım, məni sındırma, istəmirəm bu adamlar məni pisləsin".
Direktorun kabinetindən çıxandan sonra atasına yalvardı:
- Dədə, qurban olum, sən iclasa gəlmə. Onsuz da məni işdən çıxarmayacaqlar. Yalvarıram, gəlmə iclasa.
- Mən teatrın həyətində olacam. Evə bir yerdə qayıdarıq.
- Oldu, Nilufər uşaqlıqdakı kimi onun boynuna sarıldı, öpdü. Bu bir şoudur, dədə - deyib iclasa getdi.
Direktor iclası açıq elan elədi. Yeni rejissoru təqdim etdi. Rejissor cavan və yaraşıqlı görünürdü, ancaq saçları ağappaq idi.
Hardasa görmüşəm onu, - beynindən keçirdi Nilufər.
Direktor keçdi Nilufərin teatrda qalıb-qalmaması məsələsinə.
İlk sözü dünən evlərində çay içib, atasıyla nərd oynayan rejissor aldı.
- Hesab edirəm ki, Nilufər xanım teatr kollektivinə pis nümunə göstərir - rollardan imtina etməklə. Nədir, biz müəllifləri teatrdan küsdürməliyik? Olmaz belə.
Sonra 60 yaşında yenicə Əməkdar artist adı alan Sonya xanım coşdu:
- Hələ axırıncı tamaşada o cür insan, Azərbaycanın fəxri olan o adam Nilufərə gül dəstəsi bağışladı. Nə olar, - hər gülü yüzlük dollara bükmüşdü. Niyə o böyüklükdə dəstəni yerə tulladı? Özü istəmirdi, paylayaydı ehtiyacı olanlara.
Nilufəri həqarət hissi bürüdü. O, doğrudan da o gül dəstəsini əlinə alanda, elə bildi ki, əlləri kiminsə istifadə olunmuş dəsmalına dəydi. Biixtiyar gülləri yerə saldı.
Həmin məqamda Sonya xanım:
- O cür varlı adam dərdindən ölür, sən də onun güllərini yerə tullayırsan...
- Varlı kişinin məşuqəsi olmaqdansa, kasıb kişinin halal arvadı olmaq daha şərəflidir.
- Axırda acından öləcəksən - deyib Sonya xanım ondan uzaqlaşdı.
Sonya xanımdan sonra daha 2-3 nəfər çıxış etdi, Nilufərin yekəxanalığından, nizam-intizama riayət etmədiyindən danışdı.
Onun qulaqları, sanki tutulmuşdu. Nilufərə elə gəldi ki, bütün bu Yer adlı planetdə o, qoca atasıyla tam tənhadırlar. Dünyada heç kəsə güvənə bilməzlər.
Onda Nilufər ağladı. Barmaqlarını didirdi ki, ağlamasın, ancaq gözlərindən biixtiyar yaş axırdı.
"Nə yaman rəzil günə düşdüm". Bu adamlar dünənə kimi üzümə gülüb məni tərifləyirdilər. İndi nə oldu bunlara?
İssiz bir yuvanın qoynunda daim
Qərib bir quş kimi ağlar mənliyim
Pək küskünəm, bilməm nələr söyləyim
Qaldı hər sevgiyə biganə könlüm.
Urfan gözlərini Nilufərdən çəkmirdi. Onu dərhal tanıdı. O, əllərini masa altında gizlədən bu qıza baxanda ürəyi titrədi. Sanki buz bağlamış qəlbi isinməyə başladı.
Nika... Nilufər. Hər səhər həyətə düşüb göylərdə anasını axtaran alagözlü balaca qızcığaz. Əlacı olsaydı, Urfan onu elə bu an bağrına basar, onu hamıdan, hər kəsdən, hətta dünyanın şərindən hifz edərdi.
Nilufər qulaqlarına dolmuş küy içində Urfanın səsini eşitdi.
- Hər şey aydındır. Mən Hüseyn Cavidin şeirləri əsasında monotamaşa hazırlayacam və rolu Nilufər xanıma verirəm.
Qurbağa gölünə, sanki daş atdılar. Direktor Nilufərə baxdı. Sanki baxışlarıyla soruşurdu - Gördün bunların sifətini?
Sonra təzə rejissor Nilufərə yaxınlaşdı - Nika... Nilufər... Sən məni tanımadın? Urfanam...
- Ay Allah, ay Allah, gözlərimə inana bilmirəm... Urfan...
Urfan onu çiynindən qucaqladı.
- Ailə qurmamısan ki?
- Hələ alan olmayıb.
İkisi də güldü.
Urfan onun didilmiş barmaqlarını gördü. Bir barmağı qanamışdı elə bil.
Pilləkənləri birgə düşdülər. Arxadan direktorun səsini eşitdi.
- İkinizə də uğurlar arzulayıram.
Nilufər də, Urfan da həyətdə skamyada əyləşib siqaret çəkən Ələskər kişiyə yaxınlaşdılar. Urfan ona əl uzadıb görüşdü.
- Maşallah, Alen Delona oxşayırsan.
- Yox, Ələskər əmi, özümə oxşayıram.
- Valideynlərin necədir?
- Yaxşıdırlar, sağ olun.
- Çox şükür, çox şükür.
***
Nilufər gedəndən sonra Urfan özünə bir qədəh araq süzdü. İçdi. İstəyirdi ki, başı dumanlansın, heç nəyi, heç kimi düşünməsin. Ancaq, nədənsə, məhz içəndə ömrünün ən acı günü yadına düşürdü. Həmin gün yaşadığı ömür piltə-piltə burnundan gəldi. Həmin gün ömründə birinci dəfə o, Allah yoxdur - dedi. Həmin gün o, iki balasını və həyat yoldaşını itirdi.
Onda Urfan İstanbulda "İblis"i qoyurdu. Arvadının uşaqlar və qardaşı ilə Ağdamın Quzanlı kəndinə, nənələri Xanım müəllimənin 80 illik yubileyinə getməsini telefonda eşitdi.
- Nənəm dedi ki, uşaqları da gətirim. Çox darıxıb bizsiz. Qardaşımın maşınında gedəcəyik, - demişdi həyat yoldaşı.
Axşam isə dünyanın ən acı xəbərini eşitdi - ermənilər qrad atıblar maşına, hamı həlak oldu.
- U... uşaqlar?
- Onlar da - dedi qohumu.
Onun 4 yaşlı oğlu, 3 yaşlı qızı kösövə dönmüşdülər. Arvadını qolundakı gümüş bilərzikdən tanıdı.
Həmin gecə Urfanın saçı büsbütün ağardı. Həyat dayandı.
- Ata, mən böyüyəndə əsgər olacam, - deyirdi oğlu.
- Ata, mən böyüyəndə çoxlu gəlincik alacam, - dili təzə açılan qızı demişdi.
Urfan keçən il Polşada olanda Osvensimə, keçmiş ölüm düşərgəsinə getdi. Burada yandırılmış uşaqların ayaqqabılarını, paltarlarını görmüşdü. Balaca bant bağlanmış kiçik qız hörüklərini görmüşdü. Huşunu itirmək dərəcəsinə çatmışdı, onu dərhal kameradan havaya çıxardılar, validol verdilər. O, qaytardı. Bir daha ekskursiyanı davam etmək iqtidarında deyildi. Keçib avtobusda əyləşdi, səyahət yoldaşlarını gözləməyə başladı. Avtobusda çoxdan qonşu olduqları balaca qızcığazı xatırladı. O qız hər gün başını qaldırıb uzun müddət səmaya baxırdı. Urfan ondan soruşmuşdu:
- Sən göylərdə nə axtarırsan, Nika?
- Anamı. Dədəm deyir ki, anam göylərdədir.
- Atan düz deyir, Nika. Ancaq anan göyün 7-ci qatındadır. Sən onu görə bilməzsən. Anan özü sənin yuxularına gələcək, səni sevindirəcək.
- Anam xəstə idi axı. Sonya xala deyir, anam xərçəng idi. Ona yuxularıma gəlmək çətin olmayacaq?
- Yox. Ancaq sən vaxtında yat, dədəni incitmə, yaxşı?
O vaxt Urfan bilmirdi ki, özü dünyanın ən dəhşətli dərdi ilə üzləşəcək - balalarını elə Quzanlıda torpağa tapşıracaq. Yoldaşına qibtə edirdi - o, uşaqlarının yanındadır.
Urfanı ölməyə qoymayan artıq qocalmış valideynləri oldu.
Allah yoxdur deyən Urfan indi Allahdan dözüm istəyirdi.
Eklessiast düz deyirdi ki, hər bir insan ömrü boyu ya mənən, ya cismən çarmıxa çəkilir. Urfan da dara çəkildi.
Artıq yaşamağın mənası itmişdi. Düşünürdü ki, Xocalıda diri-diri yandırılan uşaqlar, Qarabağda kösövə dönən onun uşaqları Leninqrad blokadasında, Osvensimdə, Xirosimada, Liviyada, İraqda, Əfqanıstanda, Fələstində bombalar altında ölən körpələrin ölüm estafetini daşıyırdılar.
Nilufərin "uşağımız olacaq" sözləri onu şoka saldı. Dərhal kösövə dönən balaları gəldi gözlərinin qənşərinə.
- Yox, o istəmirdi onun yeni balası olsun. Olub itirməkdənsə, biryolluq olmasın.
Yenə badəsini araqla doldurdu. Bu ölüm qoxusu verən dünyayamı göz açacaq körpə?
Ancaq... ancaq haqqı varmı Nilufəri analıq hissindən məhrum etməyə?
Yenə araq içdi. Səndələyə-səndələyə divana sarı getdi, paltarını soyunmadan divana çökdü.
Sevinc bilməz bir məxluqam
Ahu-zardır sirdaşım.
Premyeraya bir həftə qaldı. Urfan ictimai baxış vaxtı qürur keçirdi. - Tam qaranlıq səhnədə projektorun işığı ancaq Cavidin portretinin üzərinə düşürdü.
Zal da, səhnə də qaranlıq içində idi. Ancaq Cavidin üzünə düşən işıq ölən ulduzların işığıtək Nilufərin üzünə düşürdü. Sənətin - Cavidin işığı əbədi idi.
Nə vaxtacan çiynimizdə
gəzəcəklər yağılar?
Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam
Zülmə qarşı üsyankaram,
əzilsəm də susmaram.
Zal ayağa qalxdı. Alqışlar səngimək bilmirdi. Nə gözəl gecə idi...
Axşam evdə Nilufərin "uşağımız olacaq" sözləri içini ələk-vələk elədi. Dərhal qəlbində xaos yarandı. Artıq adət etdiyi həyat tərzi bir qatar kimi relsdən çıxdı.
O, yuxuya getdi. Oyananda başı ağrıyırdı. İşə getmədi. Heç kimi görmək, eşitmək istəmədi. Mobil telefonunu söndürdü.
Düşündü ki, yəqin, qəlbinə iblis hakim kəsilib. Acı-acı güldü. Əgər iblis olmasaydı təkamül olmazdı. İnsanlar elə ibtidai icma quruluşunda qalardı, apaydın çayların kənarı ilə gəzib, ağaclardan xurma dərib yeyərdilər. Allah iblisi yer üzünə - yaratdığı insanların içinə göndərdi ki, insanlar mübarizə etməyi bacarsınlar - xeyirin təntənəsi naminə, insanlıq naminə. İblis olmasaydı heç bir elmi kəşflər olmazdı.
- Nə Qalileo Qaliley, nə Nəsimi, nə Vətən, nə Vətən uğrunda mücadilə olmazdı.
Bu fikirlərlə o, kösövə dönmüş balalarını, konservatoriyanı yenicə bitirmiş həyat yoldaşını gözlərinin qarşısına gətirdi. Həyatı iki dövrə bölündü - əvvəl və onlardan sonra.
Sonra ömrünə Nilufər daxil oldu. Həyatında sanki şimşək çaxdı, leysan yağışı onun qəlbinin ağrısını ovutdu. Elə bil həyatını göy qurşağı işıqlandırdı.
Nilufərin səsini eşitdikcə, ürəyi daha tez-tez vurmağa başlayırdı. Ağlasığmaz metamorfoz baş verirdi. Allah onun əlindən hər şeyi aldı. Bu bir sınaq idimi? Sonra əvəzində Nilufəri verdi?
Nilufər "uşağımız olacaq" deməsiylə Urfanın qəlbində bir iğtişaş yaratdı. Urfan özünə yer tapa bilmirdi. "Spazmalqondan" sonra başının ağrısı səngimişdi. Otaqda çiçəklərin rayihəsi araq iyinə qarışmışdı.
Premyeraya hələ bir həftə vardı.
İndiki halında Urfan nə premyeranı, nə teatrı, nə də Nilufəri düşünmək istəmirdi.
...Günlər keçdi. Nilufər başqa tamaşalarda iştirak etmədiyi üçün teatra getmirdi. Sadəcə, Nilufər işdən qayıdan atasının üzünə baxmaqdan qorxurdu. Atası susurdu, demək Urfan teatra gəlmir.
Premyera günü Nilufər keçən dəfə olduğu kimi uzun qara paltarını geyindi. Səhnəyə çıxmazdan əvvəl pərdə arxasından zala baxdı... sonra lojaya.
Zalda adamlar yavaş-yavaş yerlərinə keçirdilər. Loja boş idi.
Uzaqdan atasının səsini eşitdi. O, kimləsə danışırdı.
Yenə lojaya baxdı - bəlkə Urfan lojada əyləşər? Ancaq loja hələlik boş idi.
Nilufərin ürəyinə, sanki buz doldurdular - qəlbi üşüyürdü.
- Şaşqın bir yolçuyam, yolum qaranlıq.
Yanğın oldu şəfəq sandığım işıq
Of yetər, vurulmaz bir daha artıq
Hər süzgün yıldıza pərvanə könlüm.
Nilufərin ruhu inləyirdi. Qərib bir quş kimi ağlar mənliyim.
Artıq birinci zəng vuruldu. Səhnəyə çıxmasına dəqiqələr qalırdı. İndi ikinci zəng çalınacaq, sonra da üçüncü...
Bəlkə Urfan pərdənin açılmasına gələcək?
Nilufər fikirləşdi ki, əgər Urfan bu axşam gəlsə, onda Nilufərin ömrü göy qurşağına bələnəcək və o, özünü dünyanın ən xoşbəxt qadını sanacaq. Ancaq... əgər Urfan gəlməsə, Nilufərin həyatının əlvanlığı itəcək. O da nənələr demiş, saçının bir ucunu qara, bir ucunu ağ hörüb balasını böyüdəcək.
09.01.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!