"Hobbim - çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqdır" - Cavanşir Feyziyevlə söhbət

Səlim Babullaoğlunun yeni layihəsi əsasında

 

Müsahibim Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı olmuş, son seçkilərdə yenə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən lider namizəd olaraq seçilən (inanırıq ki, Konstitusiya Məhkəməsi bunu təsdiqləyəcək) Cavanşir Feyziyevlə ötən ilin yayında, Belqradda tanış olmuşduq. Səfirimiz Eldar Həsənovun dəvəti ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubiley tədbirlərinə qatılmışdıq.

 "Nəsimi" filminə baxışdan sonra film təqdim olunan teatrın foyesində serb dilində Nəsiminin qəzəlləri kitabının təqdmatı keçirilirdi. Əsas çıxışlardan birini Cavanşir Feyziyev edirdi. Doğrusu, həmin çıxış və Cavanşir müəllimin davranışı diqqətimi çəkdi, tez-tez rastlanmayan yüksək peşəkar səviyyə və bacarıq sezdim.

Azərbaycanın bir qrup aliminə, ictimai xadim və ədibinə, o cümlədən, Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfələrə görə Cavanşir müəllimə də Serbiya Kral Akademiyasının "İvo Andriç" medalı təqdim olunurdu.

Geri qayıdanda uçuşlararası gözləmə zamanı yeni və nəhəng İstanbul hava limanında itmiş eynəyimi bərabər axtardığımız Bəxtiyarla çox şeylərdən, o cümlədən millət vəkillərimizdən və Cavanşir Feyziyevdən də danışdıq. Uzun müddət parlament müxbiri kimi fəaliyyət göstərdiyindən Cavanşir müəllimi də kifayət qədər yaxşı tanıyan jurnalist-yazar Bəxtiyar Səlimov daha çox şey danışdı, mənim ilk və xoş təəssüratımdan başqa bölüşəcək bir şeyim yox idi. İlk təəssüratımda yanılmadım, parlament buraxılsa da, Cavanşir Feyziyev yenidən millət vəkili seçildi.

Səfərdən sonrakı 8-9 ay ərzində biz Cavanşir Feyziyevlə bir neçə dəfə yazışdıq və Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə bağlı fikir mübadiləsi apardıq. Onun dəstəyi ilə İstanbulda dərc edilən "Təmrin" dərgisinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sayını hazırladıq. Bir necə belə nəşr isə, inşAllah, tezliklə işıq üzü görəcək. Məhz ilk bərabər işimizin təqdimatı günü ona "Ədəbiyyat qəzeti" üçün söhbət etməyi təklif etdim.

Səlim Babullaoğlu: Cavanşir müəllim, müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Azər Turanla belə bir söhbət rubrikası barədə çoxdan düşünmüşdük. Sizi "Ədəbiyyat qəzeti"ndə bu rubrikanın ilk qonağı kimi görmək çox xoşdur.

Cavanşir Feyziyev: Çox sağolun, mənə də "Ədəbiyyat qəzeti" üçün söhbət etmək çox xoşdur. "Ədəbiyyat qəzeti" bizim fasiləsiz çap olunan ən qocaman qəzetimizdir.

Səlim Babullaoğlu: Elədir. İcazə verin həm öz adımdan, həm də qəzetin kollektivi adından sizi Milli Məclisə seçkilərdə lider olmağınız münasibətilə ürəkdən təbrik edim. Hesab eləyirəm ki, növbəti 5 il üçün Şəkinin, şəkililərin bəxti gətirəcək.

Cavanşir Feyziyev: Minnətdaram. Çalışacağıq ki, əlimizdən gələni, mümkün olanı edək və seçicilərimiz seçimlərindən peşman olmasınlar.

Səlim Babullaoğlu: Uşaq vaxtı filmlər və kitablardan aldığım təəssüratlar əsasında, iki peşəyəmi deyim, işə, vəzifəyəmi deyim xüsusi maraqla yanaşırdım. Biri vəkillik idi, biri deputatlıq, yaxud millət vəkili olmaq. Sizə görə millət vəkili olmaq nə deməkdir?

Cavanşir Feyziyev: Millətin vəkili olmaq, millətin daxilində mövcud olan potensialı, arzu və istəklərindəki idealları öz fəaliyyətində və əməlində əks etdirmək bacarığıdır. Biz hüquq sahəsindəki vəkillərdən danışanda prosesdəki hər iki tərəfin öz vəkilinə arxalandığını görürük. Elə millət vəkili olmaq da təxminən bunu özündə ehtiva edir. Seçicilər də özlərinə vəkil seçir və növbəti 5 ildə öz arzu və istəklərinin reallaşması perspektivində öz vəkilinə arxalanırlar, ona ümid edirlər. Sən onların ümidini doğrultmalısan. Əgər bir insanın, bir millətin, bir toplumun vəkili olmaq istəyirsənsə, nə qədər böyük və ali bir məsuliyyətin altına girdiyini yaxşı anlamalısan.

Səlim Babullaoğlu: Bir qayda olaraq məsuliyyət xüsusi hallarda daha qabarıq hiss etdirir özünü. Bir neçə dəfə millət vəkili olmusuz. Millət vəkili kimi çıxılmaz vəziyyətlə tez-tezmi rastlaşmısız?

Cavanşir Feyziyev: Mən 3-cü dəfə millət vəkili seçildim, əvvəl də, indi də o məsuliyyəti bütün ağırlığı ilə dərk edərək seçkilərə getmişəm və düşünürəm seçicilərimin də əksəriyyəti bilir ki, millət vəkili olduğum əvvəlki illərdə mən o məsuliyyəti layiqincə daşımışam. Qaldı sualınızın ikinci hissəsinə, mənim aləmimdə çıxılmaz vəziyyət yoxdur və heç zaman olmur. Mən əminəm ki, çıxılmaz hesab olunan istənilən vəziyyətdən də həmişə çıxış yolu var. Millət vəkilinin məsuliyyəti də məhz burada özünü göstərir. Yəni çıxılmaz vəziyyətlərdən çıxış yolunu tapmaq elə məhz milləti təmsil etməyə və ya idarə etməyə iddialı olan adamların, o cümlədən millət vəkillərinin məsuliyyətidir. Bu onların vəzifə borcudur.

Səlim Babullaoğlu: Bioqrafiyanızda orta məktəbi Şəkidə, Böyük Dəhnədə oxuduğunuz yazılıb, sonra riyaziyyat təmayüllü məktəbdə oxumusuz.

Cavanşir Feyziyev: Bəli.

Səlim Babullaoğlu: Riyaziyyatla aranız necədir və bugünkü həyatınızda, ictimai fəaliyyətdə, parlament fəaliyyətinizdə riyaziyyat karınıza gəlirmi?

Cavanşir Feyziyev: Riyaziyyat mənim üçün həmişə çox maraqlı olub. Məktəb yaşlarımda riyaziyyatdan ən çətin məsələləri həll etməyi sevərdim. Daha sonralar bir daha əmin oldum ki, təhsilimi riyaziyyat təmayüllü məktəbdə davam etdirməyim o zaman ən düzgün seçim idi. Riyaziyyat insanın analitik düşüncə qabiliyyətini cilalayır. Mən, ümumiyyətlə, təbiətən mürəkkəb işləri, mürəkkəb məsələləri həll etməyi xoşlayıram. Uşaq yaşlarımdan elə vərdiş etmişəm ki, qarşıma biri asan və biri mürəkkəb olmaqla iki sual çıxsa, mən mütləq mürəkkəb sualın cavabını tapmağa cəhd edərəm. Qarşıma çıxan işlərin ən ağırından yapışmağa üstünlük verirəm.

Səlim Babullaoğlu: Bu nə ilə bağlıdır: seçim stimulunuzu artırır, yoxsa belə olan təqdirdə özünüzü daha dolğun hiss edirsiz?

Cavanşir Feyziyev: Ola bilər ki, məktəbdə riyaziyyatı çox sevdiyimdən, çətin məsələləri həll etməyi xoşladığımdan həyatımın sonrakı mərhələlərində də həmişə çalışmışam ətrafımda çətin görünən məsələlərlə məşğul olum. Hər dəfə çətin bir məsələnin həllinə nail olanda başqa heç bir şeydən ala bilməyəcəyim bir zövqü alıram. Sanki növbəti bir çətinliyin üzərinə getmək üçün stimul artır, motivasiya artır. Bu isə az öncə dediyimiz çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa çox ciddi kömək edir. Həyatda hərənin bir hobbisi olur, mənim də birinci hobbim həlli çətin olan məsələlərlə məşğul olmaqdır... (gülümsünür). Məhz çətinlik sənin kim olduğunu sənin özünə ən yaxşı şəkildə başa salır. Çətinlik - ən yaxşı müəllimdir.

Səlim Babullaoğlu: Dillər Universitetini "fərqlənmə" diplomu ilə bitirmisiniz. "Tərcüməçi-müəllim" diplomu almısınız, hətta bir müddət orada işləmisiniz də. Sizə görə müəllim kimdir? Suala həm öz müəllimlərinizi xatırlayaraq, həm də öz müəllimlik təcrübənizi nəzərə alaraq cavab verməyinizi istərdim.

Cavanşir Feyziyev: Əvvəla ordan başlayım ki, mən müəllim ailəsində böyümüşəm, o üzdən müəllimlik peşəsi mənim aləmimdə ən ali peşədir. Bu mənə bütün zəhmətlərilə, əziyyətlərilə çox tanış və doğma bir peşədir. Çox yaxşı xatırlayıram, aşağı siniflərdə oxuyurduq, anam bizi yatağa uzandırıb gedirdi. Bəzən olurdu ki, gecənin bir vədəsində ayılırdım və görürdüm ki, otağın küncündə, yalnız masanın üzərini işıqlandıran lampanın işığında anam şagirdlərinin dəftərlərini yoxlayır. Ədəbiyyat müəlliməsi idi və çox vaxt uşaqlara yazdırdığı imla, inşa və ya ifadə yazılarını gecələr yoxlayırdı. Yorğan altından boylanıb baxdıqca öz-özümə fikirləşirdim ki, biz yatdıq, amma anam yatmır. Səhər açılanda yenə görəcəyik ki, o, hələ də ayaq üstədir və məndə belə bir təsəvvür yaranmışdı ki, müəllimlər heç vaxt yatmır, həmişə işləyirlər. Əslində elədir. Müəllimlik - fədakarlıqdır, ilk növbədə. Atam da, anam da müəllim olduqlarından məndə ola bilər ki, irsi olaraq bu peşəyə sözün əsl mənasında bir məhəbbət vardı. Məktəbdə oxuduğum illərdə də müəllimlərimi çox sevmişəm. Müəllimlərim də məni həmişə fərqləndiriblər, hələ aşağı siniflərdə oxuyarkən onlar mənimlə daha ciddi söhbətlər edir, mənimlə böyük adam kimi davranırdılar.

Səlim Babullaoğlu: Bu, yəqin, xarakterinizlə bağlı olub, yox?

Cavanşir Feyziyev: Ola bilər... Xatırlayıram, hər hansı bir mövzunu öyrənəndə, kitabda yazılanlarla kifayətlənmirdim. Həmin mövzu ilə bağlı nəsə əlavə bir şeylər də oxumağa cəhd edirdim və bəzən müəllimlərimlə də bölüşürdüm oxuduqlarımı. Yadımdadır, 13-14 yaşım olardı, kitabxanada kitab rəflərinin arası ilə gəzirdik. Kitabxanaçı mənə deyirdi ki, heç bilmirəm sənə hansı kitabı verim, burdakı kitabların hamısını oxumusan. Bir Leninin seçilmiş əsərləri qalıb, bir də Stalinin. Onlar da sənin üçün hələ tezdir. Sonuncu rəfə çatanda narazı şəkildə deyinirdi: "Burdakılar isə sənin üçün deyil". Sonralar başa düşdüm ki, sovet dövründə məktəblilər üçün tabu hesab olunan müəyyən əsərlər var - sevgi-məhəbbət hekayələri və sair. Kitabxanaçı "Dekameron"u nəzərdə tuturdu.

Səlim Babullaoğlu: Covanni Bokkaçço.

Cavanşir Feyziyev: Bəli. Kitabxanaçının sözləri bu gün mənə gülməli gəlsə də, onun səsi, tonu, bu günə kimi qulağımdadır, deyim tərzi və üz mimikasını çox aydın xatırlayıram. Kitab oxumağı çox sevirdim və bunu mənə heç kim məcbur etmirdi. Dillərə maraq da elə o vaxtdan yaranmışdı. Çox kiçik yaşlarımdan valideynlərim mənə düzgün istiqamət vermişdilər. Məsləhət görmüşdülər ki, Azərbaycan və rus dillərini eyni vaxtda bərabər səviyyədə öyrənim. Ona görə də eyni dərsi mən əvvəlcə öz dərsliyimdən, sonra isə rus dili bölməsi üçün olan dərsliklərdən oxuyub öyrənirdim. Atam deyirdi ki, neçə dil bilsən o qədər adamsan. Məktəbi qurtarandan sonra, əvvəl fikrimdə jurnalistikaya daxil olmaq vardı, amma o fakültəyə qəbul olunmaq üçün 2 illik fəhlə stajı tələb olunurdu. Odur ki, əvvəlcə əsgərliyə getdim. Qayıdandan sonra fikrimi dəyişdim. 80-ci illərin əvvəlləri idi və artıq həyatımızda baş verə biləcək dəyişiklikləri hiss edirdim. Mənə elə gəlirdi ki, nə jurnalist, nə də hüquqşünas olmaq gələcək üçün xarici dilləri bilmək qədər maraqlı və səmərəli olmayacaq. Ona görə o vaxtkı Xarici Dillər İnstitutuna sənəd verdim və qəbul olundum. Əlbəttə, daha sonralar bu seçimimdən çox razı qaldım. Xarici dil bilmək adamı nə qədər zənginləşdirə bilər, mən bunu sonradan öz təcrübəmdə daha yaxşı anladım.

Səlim Babullaoğlu: İnstitut illərindən danışaq.

Cavanşir Feyziyev: Müəllimlərimizin bir neçəsi Fransadan gəlirdi və onlar Sovet ərazisində alternativ xidmət keçmək istəyən fransızlar idi. Onlarla ünsiyyətdə olduqca özümüz üçün çox şeylər kəşf edirdik. Fransa ədəbiyyatını, məsələn, Mopassanı həm Azərbaycan dilində, eyni zamanda orijinaldan da fransızca oxuyurduq. Və tamam başqa dünyalar kəşf edirdik.

Səlim Babullaoğlu: Söhbətimiz çox maraqlı məqama gəldi. Bir az o məqamlardan danışaq.

Cavanşir Feyziyev: Buyurun...

Səlim Babullaoğlu: Mopassandan danışdınız, təəssüf ki, fransız dilini bilmirəm, amma məsələn, mən Mopassanın hekayələrini rusca və ana dilimizdə oxumuşam, tutalım "Gonbulça" hekayəsini, "Pışka" adlanır rusca. Məşhur hekayədir. Necə bilirsiniz, fransızca Mopassan və deyək ki, rusca Mopassan və yaxud Azərbaycan dilində Mopassan... fərqlər... sizə görə... nə qədər böyükdür.

Cavanşir Feyziyev: Mopassanın hər hansı bir romanını, hekayəsini Azərbaycan dilində oxuyanda, əlbəttə, xoş gəlir adama, çünki müəllif usta yazıçıdır və dil də doğmadır. Rusca oxuyanda da təxminən eyni şeyləri hiss edirsən. Amma fransızca oxuyanda, xüsusən də ilk dəfə, tamam başqa hisslər yaşayırsan.

Belə təsəvvür edin ki, evdə bir filmə baxırsız. Yəni filmdə baş verən hadisələri, sanki kənardan seyr edirsiniz. Bu, Mopassanı və ya hər hansı bir xarici ədəbiyyatı Azərbaycan dilində oxumağa bənzəyir. Amma o əsəri orijinaldan oxuyanda özünüzü, sanki həmin filmin içində hiss edirsiz. Həm də seyrçi kimi yox, orada baş verən hadisələrin iştirakçısı kimi hiss edirsiniz. Çünki yazıçının hadisələri, əşyaları hiss etdiyi, adlandırdığı, təsvir etdiyi dil qatına girmiş olursunuz. Fərq bu qədər böyük olur - eyni hadisənin seyrçisi və ya canlı iştirakçısı olmaq qədər böyük bir fərq.

Səlim Babullaoğlu: Maraqlıdır, çox maraqlı müqayisədir. Qayıdaq müəllimlərə.

Cavanşir Feyziyev: Mənim üçün həm real həyatda, həm də təxəyyülümdə müəllim və ata-ana obrazları arasında bir bərabərlik işarəsi var. Bilirsiz də, bəzən uşaqlar valideynin dediyini eləməyə bilər, amma bir qayda olaraq, müəllimin dediklərinə əməl edirlər. Mənim üçün belə seçim yox idi. Mən anamı-atamı müəllim gördüyüm kimi, bütün müəllimləri də ata-ana gözündə görürdüm. Ümumən, hər birimiz müəyyən mənada, həm də müəllimlərimizin yaratdıqları insanlarıq.

Səlim Babullaoğlu: Müəllim kimi fəaliyyətiniz boyu tələbələrlə münasibətinizdən danışın, zəhmət olmasa. Nəyisə fərqli etməyi düşünürdünüzmü?

Cavanşir Feyziyev: Əlbəttə. İlk sözüm bu olurdu ki, uşaqlar, gəlin biz öncə bir-birimizi tanıyaq, mən filankəsəm, bu dərsi, bu fənni sizə tədris edəcəm, amma bəzi tələblərim var: birincisi, mən istəmirəm siz mənə cavab verəndə ayağa qalxasınız, gəlin oturmuş vəziyyətdə söhbət etməyi öyrənək. Yeri gəlmişkən, Sovet dövründə belə bir metodika yox idi və bunu deyəndə uşaqlar çaşır, bəzən, hətta qrupun ən əlaçı tələbəsi yaxşı bildiyi cavabı belə oturaraq söyləməyə çətinlik çəkirdi....

Səlim Babullaoğlu: Vərdişlər mane olurdu.

Cavanşir Feyziyev: Tələbələri buna alışdırmaq üçün bir-neçə həftə lazım olurdu. 2-3 həftədən sonra hamı bu vərdişə yiyələnirdi, sonradan biz dərslərimizi çox rahatlıqla və səmərəli şəkildə keçirdik. Mənim bir müəllimim vardı - Rauf Qasımov. O, indi İsraildə yaşayır. Rauf müəllim fransız dilinin tərcüməsi üzrə ixtisas müəllimimiz idi və özü də Moskvada Moris Torez adına Dillər Universitetində oxumuşdu. Çox intellektual və çox sadə bir insan idi. Bu metodu ondan öyrənmişdim, institutda bizdən başqa, digər qrupların bu metoddan xəbərləri yox idi və Sovet dövründə bu, heç kimin ağlına da gəlməzdi. Çünki sovet təhsilində hesab edirdilər ki, tələbə də, şagird də hərbiçi kimi ayağa qalxmalıdır, ayaq üstə cavab verməlidir və sonra oturmalıdır. Bu, sovet ideologiyasının, insanların hamısını eyni şəkildə yönləndirmək, yəni zombiləşdirmək arzusundan irəli gəlirdi.

Səlim Babullaoğlu: Totalitarizmin keyfiyyətiydi bu, bəli.

Cavanşir Feyziyev: Mən isə öz müəllimimin praktikasında başqa şey gördüm, onu öz tələbələrimə ötürdüm. Digər bir məsələ: tələbələrimə demişdim ki, istəsəniz hamınıza 5 qiymət yaza bilərəm, heç bir çətinlik çəkmədən, amma əsas məsələ odur ki, siz burada 5 il vaxt itirirsiniz. Bu 5 ili ya itirəcəksiz, ya da qazanacaqsız - bu ikisindən birini seçmək lazımdır. Əgər siz oxumayacaqsınızsa, heç nə öyrənməyəcəksinizsə, daha yaxşı deyilmi bəri başdan vaxt itirməyəsiniz.

Səlim Babullaoğlu: Effekt verirdi?

Cavanşir Feyziyev: Əlbəttə. İndi bəzi tələbələrimlə rastlaşanda mənə deyirlər ki, ".. siz bizə dərs deməsəydiniz biz tamamilə başqa cür formalaşacaqdıq".

Səlim Babullaoğlu: Elmi fəaliyyətinizdən danışaq.

Cavanşir Feyziyev: Buyurun...

Səlim Babullaoğlu: Ən məşhur, "Türk dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" əsərinizdən danışaq. Kitab Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Siz, yəqin, bizdən daha tez eşitdiniz, həm də həssaslıqla izlədiniz, İngiltərə Avropa Birliyini tərk elədi. Belə bir dövrdə türk dövlətlərinin birliyi, sizcə, nə qədər realdır? Bu bir sualdır. İkinci sual budur ki, mən bəzən Rusiyada da, xüsusən Putin Rusiyasında və xüsusən, Duginin moderatorluğunda ümumiyyətlə avrasiyaçılıq ideyaları barədə nəzəriyyəyə tez-tez rast gəlirəm. Bu kontekstdə, o avrasiyaçılıq ilə türk dövlətləri birliyinin Avrasiya modeli arasında fərqlər və eyniyyətlər nə qədərdir?

Cavanşir Feyziyev: Çox böyük fərqlər var, amma qayıdaq əvvəlki sualınıza. Demək, "türk" anlayışı ilə mənim ilk tanışlığımın tarixi uşaqlıq yaşlarıma təsadüf eləyir. Səhv etmirəmsə 5-ci sinifdə idim, ya da 6-cı sinifdə. "SSRİ tarixi" adlı bir dərslik kitabı vardı...

Səlim Babullaoğlu: Bəli, vardı, xatırlayıram.

Cavanşir Feyziyev: Bir axşamüstü anam nəsə bir iş görürdü və baxdı ki, sakitcə oturmuşam, heç nə ilə məşğul deyiləm. Soruşdu ki, sabaha hansı dərsləriniz var? Saydım. "Tarixdən nə keçmisiz?", - deyə soruşdu. "İmperialist və sosialist dövlətləri" - dedim, təxminən mövzunun adı belə idi. Sosialist və imperialist dövlətlərini saymağımı istədi. İmperialist dövlətlərin sırasında dərslikdə yazılanlara müvafiq olaraq Amerika, İngiltərə, Fransa, Almaniya və Türkiyəni sadaladım. Türkiyəni deyəndə gördüm ki, anam dayandı, əlindəki işi saxladı. "Türkiyə?" - deyə soruşdu. Təsdiqlədim. Soruşdu ki, bu, dərslikdə yazılıb? Dedim ki, bəli. Dedi, get, gətir o kitabı. Mən də gətirib həmin səhifəni açdım. Anam gözucu oxudu və burada da söhbət bitdi. Daha başqa sual vermədi. Təxminən bir-iki saat sonra axşam yeməyi yeyirdik və uşaqlar bir-bir masanın arxasından qalxdı. Anam, atam və mən qaldıq. Anam atama dedi ki, bilirsən, sənin oğlun Türkiyəni imperialist dövlət hesab edir. Atam mənə elə baxdı ki... onu heç vaxt belə baxan görməmişdim. Bir az təəccüblə, bir az da, sanki acıqlı kimi. Dedim, kitabda belə yazılıb. O da kitaba baxdı və dedi ki, hə, belə yazılıb, amma bu düz deyil. O zamanlar mənim üçün, elə hamı üçün bir kitab kultu vardı. Kitab səhv yaza bilməzdi. Atamdan bu sözləri eşidəndə, sanki daxilimdə bir üsyan qalxdı: yəni necə ola bilər, kitab səhv yazır... Atam soruşdu ki, səncə, türklər hansı dildə danışır? Dedim, əlbəttə, ingiliscə. Anam və atam bir-birinə baxdılar. Mən sonradan anladım ki, onlar həm izah vermək istəyir, həm də bunu necə edəcəklərini bilmirdilər.

Səlim Babullaoğlu: Ki, siz bu haqda kənarda danışmayasınız...

Cavanşir Feyziyev: Bəli... həm də yəqin ki, kitaba olan inamımı sarsıtmaq istəmirdilər. Atam dedi ki, oğul, elə şeylər var, kitab onu düz yazmaya bilər. Dedi, bax, türklər elə sən necə danışırsansa, elə danışırlar. Doğrusu, mən onda bir az daha da həyəcanlandım, axı necə ola bilərdi ki, imperialist bir xalq mənim dilimdə danışırdı!? Belə çıxırdı ki, hansısa bir şəkildə mənim imperialistlərə aidiyyatım vardı.

Səlim Babullaoğlu: Olduqca maraqlı detaldı.

Cavanşir Feyziyev: Dedim, ola bilməz, sən Türkiyədə olmusan? Çində, Mancuriyada olduğunu bilirdim.

Səlim Babullaoğlu: Müharibədə olmuşdu, yəqin?

Cavanşir Feyziyev: Bəli, atam 41-ci ildə könüllü olaraq müharibəyə gedib, yalnız 49-cu ildə tərxis olunmuşdu. Avropa istiqamətindən sonra, onları yapon cəbhəsinə göndərmişdilər. O zaman Mancuriyada SSRİ-nin "məhdud hərbi kontingenti" deyilən ordusu vardı. Dedi, yox, Türkiyədə olmamışam, amma sən düzünü bilməlisən. Sən türksən. Amma bunu müəllimlərinlə müzakirə eləmə, mübahisə də eləmə. Kitabda yazılanı kitabdan soruşana da de, amma özün türk olduğunu unutma. Bu söhbət elə belə də bitdi. Daha sonralar, tədricən hər şeyi anlamağa çalışırdım. Nazim Hikməti oxudum... Ziddiyyətli şəxsiyyət olduğunu anladım... Hərçənd bir şübhəli məqam da qaldı ki, bəlkə elə türklər də bizim kimi sosialistdirlər, amma nəyə görəsə onları imperialist adlandırırlar. O zaman bizim məktəbdə bir müəllim vardı, ona "türk Niyazi" deyirdilər, fərqli ləhcə ilə danışırdı, sonralar bildim ki, Axıska türklərindən imiş. Deportasiya olunmuşdular. Sonra, görünür, hansısa şəkildə gəlib çıxmışdı bizim kəndə. O adamın varlığı mənim üçün ən böyük təsdiqləyici arqument oldu. Bu hadisədən çox sonralar mən bu mövzunu araşdırmaq istədim və özüm üçün çox böyük yeniliklər kəşf elədim. Tarixdən, nəinki bizim tarixdən, dünya ölkələrinin və xalqlarının tarixindən çox şeylər öyrəndim. Məhz bu mövzunun arxasınca gedə-gedə sonda anladım ki, insanlıq yaranandan, bütün insan cəmiyyətləri formalaşmağa başlayan zamandan insanda xüsusi bir arzu-istək, "dünyanı idarə etmək" istəyi olub.. Və biz əsrlər boyunca tarixə diqqətlə baxa-baxa gələndə görürük ki, tarixdə yalnız bircə dəfə belə bir hal olub, bir etnos dünyanı idarə edib və o da türklər olub.

Səlim Babullaoğlu: Siz hansı dönəmi deyirsiniz? Attila dönəminimi deyirsiz?

Cavanşir Feyziyev: Hunlardan başlamış, Attiladan başlamış Göy Türklərə qədər zaman-zaman türklər o zaman üçün məlum olan dünyanı, yəni indiki dünyanın böyük bir hissəsini idarə eləyiblər. Bu böyük bir tarixdir, bizim fəxr etməli olduğumuz bir tarixdir. Bu tək bizim fikrimiz deyil, mən Findi soyadlı bir türkşünas amerikan alimi ilə məktublaşıram. O, türk tarixi ilə bağlı çox böyük araşdırmalar aparıb, onun da fikri belədir ki, dünyanı bir dəfə və yalnız türklər idarə ediblər. Bu, hər cəhətdən - həm siyasi nöqteyi-nəzərdən, həm tarixi nöqteyi-nəzərdən, həm də özümüzün milli kimliyimizi dərk etmək baxımından çox qiymətli tarixdir.

Səlim Babullaoğlu: Elə isə qayıdaq sualımıza, bu birlik nə qədər mümkündür?

Cavanşir Feyziyev: Siz soruşdunuz, Böyük Britaniyanın "Avropa İttifaqı"ndan çıxması səhvdirmi, düzdürmü? Mən ingilislərin bu birliyi tərk etməsini qanunauyğun hesab edirəm. Çünki ingilislər bir mədəniyyətin nümayəndələridir, avropalılar isə tamam başqa bir mədəniyyətin. Roman mədəniyyəti ilə anqlo-sakson mədəniyyəti fərqli etnik köklərə malikdir. Bu dediyimin təsdiqini Sovet İttifaqının misalında da görə bilərik. Sovet İttifaqında iddia edirdilər ki, sosializm, kommunizm ideologiyası fərqli milli kimliyə malik, fərqli irqə, cinsə və dinə sahib olan insanları öz çətiri altında uzun müddət, hətta əbədi saxlaya bilər, hətta bu birlik bütün millətləri əhatə eləyə bilər, bir bayraq altında birləşdirə bilər. Həyat göstərdi ki, bu mümkün deyil.

Səlim Babullaoğlu: Yəni hesab edirsiz ki, hökmən etnik zəmin olmalıdır...

Cavanşir Feyziyev: Hər bir mədəniyyətin öz sivilizasiya kodu var, sadə insanları müşahidə edərkən də biz bunu görə bilərik. Eyni etnik kökə mənsub olan 2 nəfər bir-birilə qarşılaşanda, onlar istər danışıqda, istər jestikulyasiya zamanı, çox cüzi mimika ilə, hətta göz hərəkətləri ilə bir-birini çox yaxşı başa düşürlər. Bunun üçün onlara 3 saniyə lazım gəlirsə, başqaları üçün eyni fikirləri anlatmağa bəzən 3 dəqiqə də bəs etmir.

Səlim Babullaoğlu: Belə başa düşdüm ki, Türk dövlətlərinin birliyini mümkün hesab edirsiz.

Cavanşir Feyziyev: Bəli, bu nəinki mümkündür, həm də labüddür. Digər tərəfdən, bunu zəruriləşdirən məqam da var ki, o da qloballaşmadır.

Səlim Babullaoğlu: Yəni?

Cavanşir Feyziyev: Yer kürəsi qloballaşır. Əvvəllər bu daha çox işğallar vasitəsilə olurdusa, indi bu texnologiyalar, iqtisadi əlaqələr vasitəsilə, həm də sürətlə baş verir. Ona görə də dövlətlər gah birləşir, gah da ayrılırlar: Məsələn, İngiltərənin Avropa Birliyindən çıxması, məncə, qanunauyğundur. Ancaq mən həmişə Türkiyənin Avropa Birliyinə getməsinin əleyhinə olmuşam. Ta o vaxta qədər ki, biz bir böyük etnos kimi əvvəlcə öz aramızda birləşə bilək. Çünki qloballaşma paralel olaraq özüylə assimilyasiyanı da aktivləşdirir.

Səlim Babullaoğlu: Bəs Rusiyada vaxtaşırı səslənən avrasiyaçılıq barədə fikriniz nədir?

Cavanşir Feyziyev: Aleksandr Duginin irəli sürdüyü ideyanı qloballaşma prizmasından baxanda perspektiv və ya pozitiv ideya kimi qəbul eləmək olar. Yalnız ideya kimi. Amma onun yetkin bir ideologiyaya çevrilməsi üçün hələlik münbit şərait yoxdur. Çünki Duginin Avrasiya Birliyi ideyası da eynilə Sovet dövründə olduğu kimi, güclü dövlətlərin digər xalqları öz iradəsinə tabe etməsini özündə ehtiva edir. Bu, ciddi bir səhvdir.

Səlim Babullaoğlu: Yenə də istismar...

Cavanşir Feyziyev: Bu şəkildə birliklər özünü doğrultmaz və həmişəyaşar ola bilməz. Bu ideya nəinki köhnə sovet respublikalarını, hətta Türkiyəni, İran və Hindistanı da bura cəlb etməyi nəzərdə tutur, üstəlik, rusların dominantlığı altında. Hətta Çini belə... bu yaşarı ideya deyil, çünki hansısa bir birliyə kimisə cəlb etmək üçün ideya və ya ideologiya kifayət deyil. Bunun üçün həm də resurslar olmalıdır. Həm siyasi-iqtisadi, həm də mədəni-mənəvi bazis olmalıdır ki, bu əsaslarda xalqlar birgə yaşayışa meyilli olsunlar. Bu isə sivilizasiya eyniliyinin zəruriyyətini ortaya çıxarır.

Səlim Babullaoğlu: Sizcə, türk dövlətləri belə resurslara malikdirmi?

Cavanşir Feyziyev: Hərçənd Avropa alimləri bu kəlməni işlətməyi sevmirlər, amma əcdadlarımız möhtəşəm türk sivilizasiyasını yaradıblar. Digər xalqların alimləri - Çin, ərəb, roman, yunan sivilizasiyası haqqında danışırlarsa, biz niyə uzun əsrlər boyunca mövcud olmuş və dominant olmuş sivilizasiyamızı görməzliyə vuraq? Bizim də öz sivilizasiya mənsubiyyətmiz var. İlk növbədə biz türklər o sivilizasiya çərçivəsi daxilində birləşməyi bacarmalıyıq. Bizim qloballaşma proqramımız bundan ibarət olmalıdır. Biz öncə türklər olaraq qloballaşmalıyıq və bunun üçünsə elə indi, tarixin bu dönəmində bu birliyin tarixi, mədəni, siyasi, iqtisadi qurumunu yaratmalıyıq. Əminəm ki, başqa bir formatda qloballaşmaya qoşulmaq sivilizasiyon özgürlüyün itirilməsinə gətirib çıxaracaq. Məsələn, özbək, qırğız, türkmən və qazaxlar Çinlə inteqrasiyaya meyillənsələr, yaxud Türkiyə Avropa İttifaqına, Azərbaycan da Avrasiya Birliyinə inteqrasiyaya meyillənsə, yaxın 100 il ərzində bütün türklər türk milli-mədəni kimliyini itirəcək.

Səlim Babullaoğlu: 2009-cu ilin oktyabr ayında "Etno-siyasi münaqişələrin mənəvi aspektləri" mövzusunda dissertasiya müdafiə etmisiniz. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi adını almısınız. Ümumiyyətlə, siyasi münaqişələrin mənəvi aspekti ola bilərmi? Buna bir az izah verərdiniz.

Cavanşir Feyziyev: Etnosiyasi münaqişə öz-özlüyündə təbii şəkildə ortaya çıxan ziddiyyətlərin nəticəsi deyil.

Səlim Babullaoğlu: Yəni süni surətdə baş verir hər şey?

Cavanşir Feyziyev: İstənilən etno-siyasi münaqişə hansısa siyasi ideyanın və ya ideologiyanın işə salınması ilə başlayır. Münaqişələrin tipinə nəzər salsaq görərik ki, hamısında bir məntiq var. Amma etno-siyasi münaqişənin məntiqini biz münaqişə tərəflərinə baxarkən görə bilmirik. Yəni iki xalqın nümayəndəsi ayrı-ayrılıqda danışanda onların hər ikisi bu münaqişənin əleyhinə çıxış edirlər. Amma bir-birilə qarşılaşanda bu münaqişə baş verir və davam edir. Burda bir paradoks var. Bundan çıxış edərək səbəb axtarsaq görərik ki, bütün bu münaqişələr siyasi xarakter daşıyır və həmişə münaqişə ərazisinə kənardan idxal edilir. Mən bu baxımdan ərəb-yəhudi münaqişəsini, Avropada katolikləri ilə protestantları arasındakı münaqişələri öyrənmişəm. Əslində, bəzi hallarda münaqişə tərəflərinə baxanda onların etnik yaxınlığını da görmək olur. Bəs onları bir-birini cismən məhv etməyə vadar edən nədir?

Səlim Babullaoğlu: Elə yəhudilər və ərəblər kimi. İkisi də semitdilər.

Cavanşir Feyziyev: Bəli, onların kökündə də bir birlik var. Bunları antaqonist vəziyyətə gətirən nədir? Təbii, yalnız siyasi ambisiyalar və siyasi məqsədlər. Bu baxımdan münaqişənin mənəvi aspektlərini araşdırıram ki, buna necə bəraət qazandırıla bilər. Məncə, beynəlxalq siyasətə elə bir yanaşma olmalıdır ki, siyasətçilər və yaxud dövlətlər öz siyasətlərini müəyyənləşdirərkən, o siyasətin həyata keçirilməsində özləri üçün mənəvi baryerlər müəyyən etsinlər. Və bu baryerləri keçməsinlər. Çünki bu baryerlərin keçilməsi digərlərinin faciəsinə çevrilir. Milliyyətindən asılı olmayaraq hamı bir dəfə yaşayır. İnsan ömrü ortalama 70 ildir. Bəs Fələstin münaqişəsi artıq 70 ildir davam edirsə, deməli, on minlərlə insanın ömrü həlli tapılmayan bir prosesdə məhv olur. Hamı bunu bilirsə və qarşısı alınmırsa, deməli, bu siyasəti yönəldən üçüncü maraqlı qüvvə var. O qüvvəyə qarşı çıxılmalıdır. Bu, mənəvi məsələdir. Amma kim və necə buna qarşı çıxmalıdır. Mən çalışmışam bu əsərdə "siyasətdə mənəviyyatdan danışıla bilməz" düşüncəsinə əks arqumentlər tapım. Bəlkə də bir zaman gələcək və biz hamılıqla anlayacağıq ki, siyasət də mənəvi yük daşıyan bir məfhumdur, bu qədər dağıdıcı olan yox.

Səlim Babullaoğlu: Yəni makiavellist baxışı rədd edən...

Cavanşir Feyziyev: Bəli. Makiavellist baxışın meydana çıxmasından xeyli zaman keçib, siyasətdə yeni paradiqmalar yaradılmalıdır.

Səlim Babullaoğlu: Cavanşir müəllim, qayıdaq bizim görüşümüzün bəlkə də əsas məqsədinə, əsas məğzinə. Bayaq dediniz ki, hal-hazırda bir roman tərcümə edirsiz. Hansı romanı, kimin əsərini?

Cavanşir Feyziyev: Hal-hazırda Jan Kristof Rufenin "Böyük Kör" romanını tərcümə edirəm, bu, Fransanın Orta əsrlər tarixinə aid bir romandır. Maraqlı romandır. Bir neçə əsr bundan əvvəl baş vermiş hadisələri bir fransız romanında oxumaq həm də onunla maraqlıdır ki, insanlığın yer üzündəki ümumi əlamətlərini müəyyənləşdirə bilirsən və anlayırsan ki, millətindən asılı olmayaraq insanlar hər yerdə eynidir. Fransız cəmiyyətində də, Azərbaycan cəmiyyətində də. Bir neçə həftə qabaq Fransada nəqliyyatçılar tətil edirdilər, bir-iki həftə ərzində metro işləmədi, şəhərdaxili nəqliyyat vasitələri işləmədi, insanlar çətinliyə düşdülər. Çoxmilyonlu şəhər üçün nəqliyyat vacib bir məsələdir və insanlar başladılar işə piyada gedib-gəlməyə. Parisdə, XXI əsrdə insanlar işə piyada gedirlər. Bəzi şəhərarası avtobuslar tətilə qoşulmadılar və işlədilər. Fransa telekanallarında göstərirdilər ki, insanlar avtobusa necə basılırlar, bir-birini itələyərək necə avtobusa birinci girməyə cəhd edirlər. 90-cı illərin əvvəllərindəki Bakı yadıma düşdü. Sonra da Hindistan vağzallarındakı vəziyyət. Baxın, biz deyirik ki, fransızlar çox qədim, yetkin və zəngin bir mədəniyyətin daşıyıcılarıdır. Amma şəraitə görə düşdükləri vəziyyət onların davranışlarını necə dəyişdirir.

Səlim Babullaoğlu: Teatr və kinoda, daha doğrusu, dramaturgiyada təklif olunmuş situasiya anlayışı var. İnsanların həqiqi kimliyi onda bilinir. Bir şeyi də dəqiqləşdirim. Rufenin romanını özünüzmü seçdiniz?

Cavanşir Feyziyev: Bəli. Hər dəfə Fransaya gedəndə, son bir ildə çıxmış və mükafatlandırılmış kitabları axtarıram, alıram. Ondan əvvəlki il mən Patrik Modianonun kitabını almışdım və onu tərcümə etmişdim. O yazıçının çox keşməkeşli həyatı olub, inanılmaz çətinliklərdən keçib, tək, yetim böyüyüb və sonda şedevrlər yaradıb, məhz bu romandan sonra Nobel mükafatı alıb.

Səlim Babullaoğlu: Hansı romandır?

Cavanşir Feyziyev: "Məhəllədə azmamaq üçün". Həmin romanı tez bir zamanda Azərbaycan dilinə çevirdim. İstədim ki, azərbaycanlı oxucular da onu oxuya bilsin.

Səlim Babullaoğlu: Modianonun belə bir fikri var: "Bəzən tale inadkarlıq edib bir neçə dəfə eyni adamla danışmaq imkanı yaradır sənə, yararlanmasan özünə pis olacaq...". Sizcə, bu, nə qədər doğru müşahidədir?

Cavanşir Feyziyev: Əlbəttə, həyat sürprizlərlə doludur. Həyatını dəyişəcək ən xoş təsadüflər və ya ömür boyu lənətlə xatırlayacağın arzuolunmaz qarşılaşmalar. Bir-birinə zidd olsalar da hər ikisi həyatdır, hər ikisindən öyrənməli və ibrət götürməli mənalar var.

Səlim Babullaoğlu: Müdriklərdən biri deyir ki, Allah hadisələrin dili ilə insanlarla danışır, amma hər insan hadisələrin dilini oxuya bilmir. Həyatın işarələrini oxuya bilirsinizmi?

Cavanşir Feyziyev: Tamamilə doğru fikirdir, razıyam. Əslində, bütün suallara cavablar ətrafımızdadır, gözümüzün qarşısındadır, amma onu dərk etmək, xalq, toplum miqyasında da görə bilmək həmişə mümkün olmur. Bu, eyni zamanda, bizim fərdi və ictimai şüurumuzdan asılıdır. Hesab edirəm ki, çox hallarda həyatın işarələrini başa düşürəm və hadisələrin dilini anlayıram. Düzdür, mənim indi belə söyləməyim təvazökarlıqdan uzaq kimi görünə bilər. Amma mən həyatda işarələrin əksəriyyətini düzgün anladığımın təsdiqini çox tapmışam. Bəzən olur ki, mən bir şey haqqında düşünürəm, arzulayıram və o şey mənim iradəmdən asılı olmayaraq baş verir. Uşaq vaxtı mən buna təəccüblənirdim, düşünürdüm ki, elə bil, kimsə mənim ürəyimi oxuyur. Amma böyüdükcə başa düşürəm, baş verənlər yalnız o demək deyil ki, kimsə mənim ürəyimi oxuyur və mənə sürpriz edir. Həyatın öz qanunauyğunluğu var, biz söhbətimizin əvvəlində riyaziyyatdan danışdıq. Riyaziyyat, əslində, qanunauyğunluqlar elmidir. Bax, bu qanunauyğunluqları insan nə qədər düz dərk edirsə, həyat işarələrini də o qədər tez başa düşür.

Səlim Babullaoğlu: Bəs onda həyat işarələrini düz və tez başa düşmək üçün nə etməliyik, bu bacarıq hardan gəlir?

Cavanşir Feyziyev: Bu, insanın körpəlik yaşlarından formalaşır, təhsillə bağlıdır. Sovet təhsil sistemində uşaqlar 7 yaşından məktəbə qəbul olunurdular və tələblərdən biri bu idi ki, bağçada uşaqlara oynamaq öyrədilsin, oxumaq və yazmaq öyrədilməsin. Halbuki, Avropada uşaqların məktəbə gələnə qədər əlifbanı öyrənməsi, yazması və oxuması stimullaşdırılırdı. Fizioloqlar hesab edirlər ki, insanın bir varlıq olaraq ən çox öyrənə bildiyi dövr 7 yaşına qədərki dövrdür. Böyük Britaniyada məsələn, 5-6 yaşlı uşaqlar, yaza da, oxuya da bilirlər, müstəqil mühakimələr yürüdür, internetdən istifadə edirlər. 5-6 yaşında uşaqlar İngiltərədə sənə qalaktikadan danışa bilirlər, planetlərdən danışa bilərlər. Hətta, Yupiterin torpaqdan deyil, qazdan ibarət olduğunu söyləyərlər. Amma bütün bunları sovet məktəbi bizə 17 yaşımızda öyrədirdi.

Səlim Babullaoğlu: Sizcə, niyə?

Cavanşir Feyziyev: Məncə, bu bir siyasət idi. Sovet-rus ideoloqlarının və metodistlərinin hazırladığı təhsil mexanizmi ona əsaslanırdı ki, az bilən cəmiyyət daha asan idarə olunar. Təhsilin prioritet sahə olmadığı Şərq ölkələrinin bugünkü durumuna baxmaq kifayətdir. "Ərəb baharı" kimi faciəvi bir ideyanı yaxşı təhsil almış, savadlı cəmiyyətə sırımaq olardımı? - Əlbəttə, yox.

Səlim Babullaoğlu: Ötən ilin ortaları belə bir informasiya oxudum. Londonda fəaliyyət göstərən kitab araşdırmaları mərkəzlərindən biri açıqlama vermişdi ki, 18 və 19-cu illərdə İngiltərədə kağız mətbuata, yəni internet mətbuatdan kağız mətbuata, kağız kitaba qayıdış sezilib. Siz daha çox kağızda oxuyursunuz, yoxsa monitorda? Və bunun fərqi varmı? Bir də, sizcə, kağız kitabın aradan çıxma qorxusu necə?

Cavanşir Feyziyev: Bu informasiyanı xatırlayıram. Mən, adətən, işimlə bağlı olan materialları, mənə ömürlük lazım olmayan, birdəfəlik istifadə üçün lazım olan materialları elektron variantda oxuyuram. Amma o bilikləri ki, mən özümdə saxlamaq istəyirəm, özümdə yaşatmaq istəyirəm, onları daha çox kitabdan oxuyuram. İnsanlar var ki, artıq bədii kitabları da elektron variantda oxumağa vərdiş ediblər. Amma mən kitabları, xüsusən bədii kitabları kağızdan oxumağı sevirəm. Bu prosesin özü də adama bir zövq verir. Başqa cür ürəyimə yatmır. Mən işimlə bağlı olaraq uzun uçuşlar həyata keçirirəm, amma mütaliə vərdişim olmasaydı bu uçuşlara necə səbr edəcəyimi təsəvvür etmirəm. Bəzən 5-6 saat, hətta 12 saat uçmaq lazım gəlir. Kitab olmasa bu mənə çox çətin olardı.

Səlim Babullaoğlu: Daha əvvəl toxundunuz, jurnalist olmaq, jurnalistika təhsili almaq arzunuz olub. Bioqrafiyanızda bir məqam var ki, "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnalın həm təsisçisi, həm baş redaktoru olmusuz, yəqin, bu, həmin arzu ilə bağlıdır. İndi, deyəsən, jurnalın nəşrində pauza yaranıb, yox?

Cavanşir Feyziyev: Bir az ləngimə var, bəli...

Səlim Babullaoğlu: Jurnal nəşr etmək ideyası necə yaranıb? Köhnə jurnalistika həvəsi idi bu?

Cavanşir Feyziyev: Yox-yox, onun da çox maraqlı tarixçəsi var. Uşaqlarımın 10-12 yaşı vardı, bir gün onlarla gəzməyə çıxdım, Nizami küçəsində idik, "Torqovıy" dediyimiz ərazidə. Fikirləşirdim onlar elə yaşa gəlib çatıblar ki, dərsliklərdən əlavə kitablar oxumalıdılar. Onları mütaliəyə meyilləndirmək barədə düşünürdüm. O zamanadək də müəyyən kitabları oxutdurmuşdum, amma oxuyacaqları mətnləri özlərinin seçmələrini istəyirdim. Qəzet köşklərinin birinə yaxınlaşdıq. Bir xeyli jurnallara baxdıq, hərçənd ki, mənim kitabxanamda 3000-ə qədər kitab var, uşaqların kitab sarıdan çətinlikləri yoxdur.

Səlim Babullaoğlu: Zəngin kitabxanadır. Yeri gəlmişkən, son suala da qabaqcadan cavab verdiniz. Buyurun, davam edin.

Cavanşir Feyziyev: Hə, kitabdan boldular, amma istəyirdim ki, maraqlı jurnal da olsun onların mütaliə rasionunda, eyni zamanda özlərinin seçim vərdişləri formalaşsın. Jurnallara yaxınlaşıb bir-bir vərəqləməyə başladım, daha çox xarici jurnallar vardı və onların da hamısı spesifik mövzularla bağlı idi. Məsələn, avtomobillərə aid təxminən on cür fərqli jurnal vardı. Amma hamı avtomobilə maraq göstərə bilməz ki...

Səlim Babullaoğlu: Əlbəttə...

Cavanşir Feyziyev: Qalanları da moda, mətbəx və ya iqtisadiyyat mövzulu jurnallar idi. Fikirləşdim ki, asan oxuna bilən, elmi-kütləvi məziyyətli, öyrədici bir jurnal yoxdu ki, uşaqlara verim oxusunlar. Heç nə tapa bilmədim, çox məyus oldum. Gəldim evə, xeyli fikirləşdim. Mündəricatında maraqlı mövzular olan, amma qısa və eyni zamanda ən vacib biliyi verən yazılarla zəngin bir jurnal nəşr etdirmək haqda qərar verdim. Oxucuları yormayan, oxuyarkən çox qiymətli informasiya verən bir jurnalın ideyası belə yarandı. Sonra onu bir az da turizm mövzusuna istiqamətləndirdim. Onda ölkəmiz turizm üçün yenicə açılmışdı. Hətta, daxili turizm yox dərəcəsində idi. Beləcə, "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnal yarandı. Öz yaradıcı kollektivi, eksklüziv fotoları ilə...

Səlim Babullaoğlu: Onda belə çıxır ki, yaxın zamanlarda təzədən davam eləyəcəksiz...

Cavanşir Feyziyev: Bəli...

Səlim Babullaoğlu: Kitabxananızı xatırlatdınız. Müstəqil şəkildə, ilk oxuduğunuz kitab yadınızdadır?

Cavanşir Feyziyev: Bəli, yadımdadır. O kitabı bu gün də axtarıram..

Səlim Babullaoğlu: Hansı kitab idi?

Cavanşir Feyziyev: Onda çox güman ki, 1-ci sinfi qurtarırdım. O yaşlarda idim. Atam mənə bir kitab gətirdi. Böyük deyildi, 30-40 səhifə arasında bir kitab idi. Üz qabığı çox maraqlı idi, indiyə kimi gözümün qabağındadır, "Nələri etmək olmaz" adlanırdı.

Səlim Babullaoğlu: Azərbaycan dilində idi?

Cavanşir Feyziyev: Bəli. Adətən, biz kitabdan "nələri etmək olar" gözləyirik. Amma bu kitabın adı tərsinə idi, qadağalardan danışırdı.

Səlim Babullaoğlu: "Olmazlar" azdı axı. Amma "olmalılar" çoxdu.

Cavanşir Feyziyev: Orta məktəbdə təhsil aldığım müddətdə, xüsusən də ilk siniflərdə, bu kitabı bəlkə də bir 50 dəfə təkrar-təkrar oxumuşdum. İndi də bəzən seçim qarşısında qalanda, müxtəlif situasiyalarla rastlaşanda bu kitabda oxuduqlarımı fikirləşirəm.

Səlim Babullaoğlu: Həmin kitabdakı "olmazlar"dan birini xatırlaya bilərsiz?!

Cavanşir Feyziyev: Əlbəttə, məsələn, belə bir şey vardı: Yaşca özündən böyüklərlə rastlaşanda, böyük sənə əlini uzatmamış, salamlaşmaq üçün ona əl uzatmaq olmaz, bu düzgün deyil. İndi hərdən fikirləşirəm ki, belə bir kitabın olması çox faydalı olardı, valideynlər belə bir kitabı hələ erkən yaşlarında öz uşaqlarına oxusaydı çox faydalı olardı. Avropada bu sahədə tədqiqatlar və ədəbiyyatlar çoxdur. Məsələn, orada müəllimlər uşaqları tərifləyərək yönləndirirlər, tərifləyərək səhvlərini başa salırlar.

Səlim Babullaoğlu: Yəni təqdir eləyə-eləyə.

Cavanşir Feyziyev: Bəli, ona görə onlarda uşaq məktəbdən yorulmur, ürəkli və həvəsli böyüyür. Məsələn, orada uşağın "məktəbə getmək istəmirəm" deməsini eşidə bilməzsiz. Əksinə, mənə öz uşağım deyib ki, səlahiyyətim olsaydı, məktəb tətillərini ləğv eləyərdim. Soruşmuşam "niyə?", deyib ki, evdə oturmaq darıxdırıcıdır, məktəb maraqlıdır. Saat 4-dən 9-a qədər məktəbdə oturan uşaq tətili darıxdırıcı hesab edir, məktəbə can atır. Deməli ki, avropalılar doğru tədris üsulunu tapıblar və uşaqları asanlıqla tədrisə cəlb edə bilirlər.

Səlim Babullaoğlu: Elədir... Təəssüf ki, müqayisələr bizim xeyrimizə deyil... O kitabı axtarırsınız demək?

Cavanşir Feyziyev: 1977-ci il idi. Evdə təzə kitablar üçün yer çatmırdı, ona görə kitablarımın çox hissəsini kitabxanaya hədiyyə etdim. Yadımdadır, kitabxanaya bağışladığım kitbların sayı 444 idi. Görünür, bütün başqa kitablarla bərabər o kitabı da vermişdim kitabxanaya. Bir neçə il bundan qabaq bu kitab yadıma düşdü, fikirləşdim harada ola bilər, axı bu məndə yoxdur. Şəkidə olanda getdim həmin kitabxanaya. Kitabxanaçı Şükufə xanım rəhmətə gedib, indi başqası işləyir. Dedim mən o vaxt bura kitablar vermişəm, onların arasında belə bir kitab da vardı. 30-cu illərin latın qrafikası ilə yazılmış başqa kitablar da vardı ki, atam mənə hədiyyə etmişdi. Xahiş etdim ki, o 6 kitabı axtarsınlar və tapsalar mənə qaytarsınlar. Söz verdim ki, tapsalar kitabxanaya əlavə olaraq 400 kitab hədiyyə edəcəm. İnanıram ki, tapacam. Əgər mən o kitabı tapsam, onu bir daha gözdən keçirərəm, bəlkə bir az işləyər, əlavələr edər, təkrar çap edərəm... çox lazımlı kitabdır. Mən o kitab vasitəsilə həmişə müstəqil olaraq özüm-özümü istiqamətləndirirdim. Anam həmişə deyirdi ki, insan hər günün sonunda öz-özünə hesabat verməlidir, nə etdi, necə etdi, düz və ya səhv etdi, deyə bütün gününü bir daha nəzərdən keçirməlidir. Mən bu kitabdakı "olar"lar və "olmaz"lara əsasən günün axırında özümə hesabat verməyə hələ erkən yaşlarımdan vərdiş etmişdim.

Səlim Babullaoğlu: Tomas Sternz Eliotun misrasıdır, siz ola bilsin orijinaldan oxumusuz, yazır ki, hanı həyatda itirdiyimiz həyat? Hanı informasiyada itirdiyimiz bilik? Hanı bilikdə itirdiyimiz müdriklik? Sizcə, biz informasiyada çoxmu bilik itiririk? Həqiqi qiyməti olan şeyləri çoxmu gözardı edirik?

Cavanşir Feyziyev: İndi çox tez-tez istifadə edilən ifadə var: "Biz informasiya cəmiyyətində yaşayırıq". Amma insana hansı informasiya lazımdır? Bu informasiya nə dərəcədə faydalıdır, nə dərəcədə səhih və lazımlıdır? Bu sualların doğru-dürüst cavabını bilmirik. Ona görə bəli, biz bəzən informasiyanın ardınca qaçdıqca, yanlış təsəvvürlər əldə edirik, həqiqətdən, faydalı olandan uzaqlaşırıq. Belə də ola bilir. Ona görə anlamalıyıq ki, informasiya çəmiyyətində yaşamağın üstünlükləri ilə yanaşı, fəsadları da çoxdur. Amma istənilən halda, müdriklik - informasiyanın, informasiya axtarışında qazandığın əsl biliyin və təcrübənin sintezindən əmələ gələn bir şeydir.

Səlim Babullaoğlu: Müsahibə üçün təşəkkür edirəm.

Sonda Cavanşir müəllim söz verdi ki, mərkəzin nəşrlərindən birini Şəkidəki məktəblərin birinə hədiyyə edəcək...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!