"Varislər"in növbəti qonağı - Xalq şairi, yaddaşlarda sevgi ilə yaşayan unudulmaz Nəbi Xəzrinin oğlu, polis polkovnik-leytenantı Arzu Babayevdir

Arzu BABAYEV: “Ölümündən əvvəl ailə üzvlərini başına toplayıb şeir oxudu”

 

Abşeronun Xırdalan kəndində, imkanlı ailədə göz açmışdı dünyaya. Atası Ələkbər kişi dövrünün ən məşhur tacirlərindən biri idi. Qapısı hər zaman qonaq-qaralı olan Kərbəlayi Ələkbər dünyadan köçəndə onun 9 yaşı vardı və ailə qayğıları yeniyetməlik dövründən Nəbinin çiyinlərinə düşmüşdü. Onun orta məktəb illərində sürücülük ən hörmətli işlərdən biri hesab edilirdi və Bakı kəndlərində oğlanların çoxu böyüyüb sürücü olmaq eşqi ilə yaşayırdı, amma onun dünyası fərqli idi. Bir dəfə ədəbiyyatdan inşa yazarkən "böyüyəndə hansı peşəni seçmək istəyirsən?" sualına sinifdəki oğlanlar arasında bircə o, "şair olmaq istəyirəm" yazmışdı. Yaşıdları onun içində qaynayan poetik ruhdan xəbərsiz idi, amma o, hələ yeddi yaşında ilk şeirlərini yazırdı.

Bəli o, verdiyi sözü tutdu, şair oldu. Dövrünün ən tanınmış ziyalılarından biri, ədəbiyyat cameəsinin ən üzdə olan siması, keçmiş ittifaqda kitabları müxtəlif dillərə tərcümə olunan, adı hər yerdə hörmətlə qarşılanan bir insan oldu o. Ədəbiyyat adamının qazana biləcəyi bütün adları aldı, sağlığında da, ölümündən sonra da sevildi, xatirələrdə yaşadı. Abşeronun Xəzərlə öpüşən küləyinin adını özünə təxəllüs götürdü - Nəbi Xəzri oldu...

Unudulmaz Nəbi Xəzrinin varisi Arzu Babayevlə onun xidməti otağında görüşdük. Mən Nəbi müəllimi görmüşdüm, oğlunu görəndə bir anlıq duruxub qaldım, torpağı sanı yaşasın, sanki Nəbi Xəzrinin özü idi...

Müharibədən ağır xəstə qayıtmışdı

- Nəbi Xəzri köklü xırdalanlı idi. Atası imkanlı tacir olub, amma bir ilin içində üç cavan oğlu xəstələnərək dünyadan köçüb və babam bu dərdə dözə bilməyib, az sonra o da dünyasını dəyişib. Atam, bəlkə də, şair doğulmuşdu. Elə ilk şeiri də həmin dövrdə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdu.  

- Onun gənclik dövrü Böyük Vətən müharibəsi illərinə təsadüf etmişdi və səhv etmirəmsə, Nəbi Xəzri müharibədə iştirak edib.

- Bəli, 1941-ci ildə atamı orduya çağırıblar və İrəvanda arxa cəbhədə, 45-ci fəhlə batalyonunda xidmət edib. İki il xidmət etdikdən sonra ağır xəstəliyə tutulub, hospitalda xeyli müalicə olunsa da dərdinə əlac tapa bilməyiblər və qızdırması aşağı düşməyib. Həkimlər əlini ondan üzüb və 1944-cü ildə ordudan tərxis edilərək evə qayıdıb. Qatardan düşəndə çox halsız olub, evə getməyə gücü qalmadığından bacısıgilin qapısını döyüb. Aclıq dövrü olub, çətinlik olub, əsgərlər qapıları döyüb yemək istəyirlərmiş, bibim qapını açanda əvvəlcə atamı tanımayıb, deyib "bir az əvvəl çörək verdim də sənə, balalarımın boğazından kəsə bilmərəm axı". Birdən atamın gözlərini görüb və tanıyıb. Sonra atamı Mir Mövsüm ağanın ziyarətinə aparıblar, ağa əlini onun başına çəkib, dua edib, yediyi çörəkdən bir parça verib ona, atam qaytarıb və onunla da qızdırması düşüb, tədricən sağalmağa başlayıb.

"Ədəbiyyat və incəsənət" qəzetində korrektorluq edib

- Onun müxtəlif vəzifələrdə işlədiyini bilirik və bu barədə bir qədər sonra söhbət edərik. Eşitdiyimə görə, Nəbi Xəzri bir müddət radioda diktorluq da edib.

- Bəli, hələ Nəbi Babayev olduğu vaxtlarda ilk əmək fəaliyyətinə diktor kimi başlayıb. Müharibədən qayıdandan və sağalandan sonra, 20 yaşı olanda. Bir gün qəzetdə Azərbaycan radiosuna diktor müsabiqəsi elan olunduğunu oxuyub, müsabiqəyə qatılıb və keçib. Azərbaycan radiosunun ilk sədri olmuş Şəmsəddin Abbasov atamın səsini dinlədikdən sonra ona belə poetik səslə rəsmi xəbərləri oxumağı yox, ədəbi-bədii veriliş aparmağı, proqram oxunuşu və qəzetlərdən xülasələri oxumağı məsləhət bilib və atam bir müddət radioda çalışıb. O vaxt Xırdalandan Bakıya nəqliyyat çox çətin olub, o, gecə saat 12-də işini bitirir, səhərə yaxın saat 3-4 arası piyada gəlib evə çatırmış. Bu səbəbdən xahiş edib ki, səhər xəbərlərini də oxuyub sonra getsin, yəni iki növbə işləyib. Elə studiyada, stulların üstündə yatırmış. Deyirdi: "Səhərə qədər taxtabitilər məni yeyirdi. Səhər tezdən əl-üzümü yuyurdum, radionun himni çalınırdı, açılışı edir, xəbərləri, xülasələri oxuyub sonra evə gedirdim". Hətta həmin dövrdə paralel olaraq "Ədəbiyyat və incəsənət" qəzetində korrektorluq da edib.

Bir ali məktəbə qəbul olunsa da, üç ali məktəbdə təhsil aldı

- Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsilini yarıda saxlayıb Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinə keçir, sonra oradan Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna... Bu yerdəyişmələrin səbəbi nə idi?

- Atam iki il radioda işləyəndən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olur və orada bir il oxuuyub, Leninqrad Dövlət Universitetinə keçir. Rusiya mühitində təhsil almaq istəyir. Ola bilsin dövrün tələbinə görə rus dilini daha dərindən öyrənmək üçün, ya da Rusiya ədəbi mühitinə bələd olmaq üçün gedib. Sadəcə, onu 2-ci kursa deyil, yenidən 1-ci kursa qəbul ediblər və bir il geri düşüb. Dediyinə görə, kursda 19 qız, bircə oğlan atam olub. Bir dəfə qızlara sataşan iki erməni ilə möhkəm savaşıb və onlardan birini çox pis döyüb, digəri dostunu orada qoyub qaçıb. Buna görə onu universitetdən xaric ediblər. Dekan erməni imiş, tez rektordan atamın qovulmasını tələb edib. Yataqxanaya gedəndə ondan əşyalarını götürüb məkanı təcili tərk etməyi tələb ediblər. Lakin erməni tərəfdən təhqir olunmuş qızlar bu xəbəri eşidən kimi atamın müdafiəsinə qalxıb, rektora ərizə ilə müraciət ediblər, cavan bir azərbaycanlı oğlanın rus qızlarını qorumaq üçün həyatını təhlükəyə atdığını söyləyiblər və beləcə atam qısa zaman ərzində yenidən universitetə bərpa olunub. 1949-cu ildə, Leninqrad Universitetinin 3-cü kursundan köçürülmə yolu ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna keçib. Leninqradda kurs yoldaşı olan qızlar onu yola salarkən ağlayıb deyirmişlər ki, bundan sonra bizi kim qoruyacaq?! Ali təhsilini orada başa vurub.

Qorki adına Ədəbiyyat İnstitutunda rəhbərlik tərəfindən çox sevilib və onu tələbə sovetinin sədri təyin ediblər. Hətta rektor özü belə, yataqxanada kiməsə yer düzəltmək üçün ona müraciət edirmiş. Moskva mühitində özünə xeyli dost qazanıb. Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, Yeqor İsayev, Robert Rojdestvenski ilə orada tanış olub. Yəqin, elə buna görə sovet dövründə rus dilinə ən çox tərcümə olunan şairlərdən idi, rus dilində 15 kitabı çap olunmuşdu.

Vəzifəli adam, nüfuzlu şair

- Bir qədər əvvəl də dedim, Nəbi Xəzri həmişə yaxşı vəzifələrdə işləyib. AYB-nin katibi, Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini, Mədəniyyət nazirinin müavini və s. Az qala Xarici İşlər Nazirliyinin gördüyü işləri görən Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri...

- Atam ali təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra 1952-1958-ci illər arası AYB-də poeziya üzrə məsləhətçi işləyib. 1958-1965-ci illərdə AYB-nin katibi, 1965-1972-ci illərdə Teleradio Komitəsi sədrinin televiziya işləri üzrə  müavini olub. 1972-1974-ci illərdə Mədəniyyət nazirinin müavini işləyib. 1974-cü ildən isə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olub. Müstəqillik illərində, 1992-ci ildən sonra həmin cəmiyyət "Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzi" adlandırıldı. Atam ömrünün axırına qədər orada işlədi. Sovet dövründə bu cəmiyyətin çox böyük səlahiyyətləri vardı. Xaricdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri keçirirdi. Atam ildə ən azı 4-5 dəfə xarici səfərlərə gedirdi. Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov kimi məşhurlarımızın xaricdə tanınmasında həmin cəmiyyətin böyük rolu vardı.  

Müavini DTK zabiti olan sədr

- Sizdən bir söz soruşum... Yaxşı xatırlayıram, o dövrdə xaricə gedib-gələn sənət adamlarına, elm, mədəniyyət adamlarına "DTK agenti" yarlığı yapışdırılırdı. Çünki deyirdilər, xaricə gedib-gələnlər mütləq DTK-nın nəzarəti altında olurlar. Nəbi Xəzri az qala diplomatik fəaliyyət göstərirdi, onun da DTK ilə əlaqəsi vardımı?

- Sual verdiz, yadıma düşdü. Bilirdik, atamın müavinlərindən biri DTK-nın rəsmi işçisi idi, həm atama, həm də zabit kimi öz təşkilatına tabe idi. Yəni bunu hər kəs bilirdi, gizli bir şey yox idi. Onun öz səlahiyyətləri, müəyyən vəzifələri vardı və həmin işlərə o, nəzarət edirdi. O ki qaldı sənətçilərə, agentlikdən söhbət gedə bilməz.

- Bu məsələyə aydınlıq gətirmək çox yerində oldu. Çünki o dövrdə xariclə əlaqəsi olan hər kəsə "agent" damğası vurulurdu. Buna aydınlıq gətirdiyiniz üçün çox sağ olun...

Nəbi Xəzrinin o dövr üçün yaxşı maşınları olub, işi-gücü, hörməti, imkanları... Yəqin, kömək istəyən insanlar da çox idi. Hamıya kömək edə bilirdimi? Belə köməklərin fonunda evdə söz-söhbət yaranmırdı ki, uşaqların, ailənin boğazından kəsir, nə qədər olar və s. Eşitdiyimə görə, o vaxtlar rayonlardan Bakıya üz tutan gənc qələm adamları onunla görüşmək istəyiblər, çünki Nəbi Xəzri ilə görüşmək yataqxana, ev, iş tapmaq demək idi həm də.

- Onu tanıyan hər kəs bir yana qalsın, hətta tanımayanlara da kömək edirdi. Ailədə buna narazı olmaq məsələsinə gəldikdə isə, mümkün deyildi. Əvvəla biz onun işlərinə və verdiyi qərarlara qarışa biməzdik, çünki verdiyi qərarlar bizim üçün qanun idi. 

- Mənim də taleyimdə Anar kimi, Sabir Rüstəmxanlı, Nizami Cəfərov kimi xeyirxah insanlar olub. Amma indi elə kişilər çox azdır... Bildiyim qədərilə Nəbi Xəzri və digər tanınmışlar bir şeiri, bir hekayəsi ilə ədəbiyyata gələn gəncə dayaq durub, toyunu edib, ev almasına, işə düzəlməsinə kömək ediblər.

- Elədir. Ümumi götürsək, atamın imkanları yaxşı idi. Hər dəfə kitabı çap olunanda xeyli qonorar alırdı və həmin pulla heç yerdə işləməsən iki il çox yaxşı dolanmaq və hətta gedib xarici də gəzmək mümkün idi. Hər il Azərbaycanda və keçmiş İttifaq respublikalarında onun bir neçə kitabı çıxırdı. Bir kitabın pulu ilə maşın almaq olurdu. Xatirimdədir, o vaxt şairlər, yazıçılar korluq çəkmirdilər. Atam dram əsərləri də yazırdı. 9 dramı, 2 televiziya filmi və 1 bədii film ssenarisi var.  

Sovet dövrünün ən nüfuzlu mükafatlarını alan şair

- Nəbi Xəzri sovet dövlətinin ən nüfuzlu mükafatlarını almışdı...

- Sizə deyim də: "Günəşin bacısı" poemasına görə "Ümumittifaq Lenin komsomolu mükafatı"na, "Dəniz zirvədən başlayır" kitabına görə "SSRİ Dövlət Mükafatı"na və "İnam" poemasına görə "Azərbaycan SSR Dövlət Mükafatı"na layiq görülmüşdü. 1984-cü ildə 60 illik yubileyi ilə bağlı Əməkdar incəsənət xadimi və Xalq şairi adları almışdı. "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, müstəqillik dövründə "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdu. Hətta "Lenin mükafatı"na da təqdim olunmuşdu, amma onda ermənilər müəyyən təzyiqlər edərək buna mane olmuşdular. Ulu öndərimiz Heydər Əliyev atama hər zaman kömək edib, diqqətində saxlayıb. Atam da ulu öndərimizi çox istəyirdi. Hətta Heydər Əliyev də atama "Lenin mükafatı" verilməsi üçün çox çalışıb, amma artıq o dövrdə Moskva ermənipərəst qüvvələrin təsiri ilə idarə olunurdu və alınmayıb.

Səməd Vurğun onun mənəvi atası idi

- Eşitdiyimə görə, Nəbi Xəzri Səməd Vurğunu çox istəyirmiş... Bundan əlavə, klassiklər hesab etdiyimiz çox böyük kişiləri görmüşdü o. Köhnə kişiləri necə xatırlayırdı, evdə, ailədə nə danışırdı onlardan? Və Nəbi Xəzrinin dostları kim idi?

- Doğrudur. Səməd Vurğuna mənəvi atası kimi yanaşırdı. Deyirdi ki, Səməd bütün gənc şairlərin mənəvi atasıdır. Gənclərin şeirlərini oxuyurdu, xoşuna gələn müəlliflə bağlı mətbuatda münasibət bildirirdi, yanına çağırıb qayğıları ilə maraqlanırdı. Atamın "Söz" şeirini oxuyandan sonra yanına çağırıb, xeyir-dua verib, 20 yaşında onun Yazıçılar İttifaqına üzv seçilməsinə zəmanət yazıb. Deyirdi ki, S.Vurğunu Moskva mühitində də çox sevirdilər, xüsusilə gənclər həmişə onun başına toplaşırdı.        

O ki qaldı atamın dostlarına, çox idi dostları. Rəsul Həmzətovla çox yaxın idi. Rəsul əmi hər dəfə Bakıya gələndə mütləq evimizdə olurdu. Cabir Novruzla, Şükür Xanlarov vardı, institut müəllimi idi, onunla yaxın dost idi. Qabil onun dostu idi. Atamın ümumittifaq mühitində xeyli dostu vardı.

Sizə bir əhvalat danışım. SSRİ Yazıçılar İttifaqının Pitsundada istirahət mərkəzi vardı. 1986-cı ilin yayında bacılarım ora dincəlməyə getmişdi. Qaydaya görə, 3 yaşdan kiçik uşaqların mərkəzdə qalmasına icazə verilmirdi, buna görə məxsusi olaraq SSRİ Yazıçılar İttifaqından razılıq almaq lazım olurdu. Bacım belə bir problemlə qarşılaşıb və Moskvaya, Yazıçılar İttifaqına xəbər veriblər. Orada rəhbərlikdən tez cavab gəlib: "Bizim Nəbi Xəzriyə hər şey olar". Bacım danışır ki, bu cavabı eşidəndə kövrəldim, atamla bir daha qürur duydum.

Tüfəngi həmişə divardan asılıb qalıb

- Köhnə kişilər ov xoşlayırdı, nərd xoşlayırdı. Ova münasibəti necə idi? Səməd Vurğunu çox sevənlər, adətən, özlərini onun həyat tərzinə kökləyirdilər... Bir də, ailədə münasibətlər necə idi? Sərt adama oxşayırdı elə bil...

- Yox, ovla arası yox idi, doğrudur, tüfəngi vardı, amma heç vaxt ova getməmişdi. Tüfəngi divardan asılıb qalmışdı. Deyirdi mən Allahın yaratdığına güllə ata bilmərəm. Ailəyə çox gözəl münasibəti vardı. Sərt olanda sərt, mülayim olanda mülayim idi. Çalışırdıq sərt üzünü göstərməsin bizə, çünki xasiyyətinə bələd idik. Nəyi sevmirdisə onu eləmirdik, sözündən çıxmırdıq. Ümumiyyətlə, mənim cəmiyyətdə müəyyən mövqe tutmağımda onun verdiyi tərbiyənin böyük rolu olub. Bir sözlə, valideynlərimizdən çox razıyıq.

- Ailədə üç uşaq olmusuz da...

- Bəli, iki bacı, bir qardaş. Amma, əslində, beş uşaq olmuşuq, ikisi körpə ikən dünyadan köçüb. Atamın "İllər və sahillər" kitabında "İki yaşında" adlı çox təsirli bir şeir var və ən daşürək adam belə, onu oxuyarkən kövrəlməyə bilməz. Həmin şeiri iki yaşında dünyadan köçmüş bacıma həsr edib. Sonra Ələkbər adlı məndən böyük bir qardaşım da 4 yaşında vəfat edib.        

- Arzu müəllim, siz də bir vaxtlar Arzu Ələkbər adı ilə hekayələr yazırdınız, amma sonra nəsə davamı gəlmədi. Niyə yaradıcılığa davam etmədiniz? İşiniz mane oldu?

- Doğrudur, 1980-ci illərin əvvəllərində Arzu Ələkbər imzası ilə bir neçə hekayə yazmışdım. Sonra hiss etdim ki, məndə ciddi yaradıcılıq damarı yoxdur. Ədəbiyyatın içində böyümüşəm, yaxşı yazı ilə pis yazını fərqləndirə bilirəm. Başa düşdüm ki, bu məndə yaxşı alınmır, ona görə də davam etmədim və düşünürəm ki, düz eləmişəm. Ola bilsin, Nəbi Xəzrinin oğlu kimi müəyyən qədər tanına bilərdim, amma elə olmasını istəmədim.

- Dediyiniz kimi, onun bütün ittifaqda dostları çox olub. Elə bizdə də. Onun dostlarının övladları ilə münasibəti davam etdirə bilirsinizmi?

- Təəssüf ki, yox. SSRİ dağıldı və dəyərlər itdi. Sərhədlər çəkildi, qapılar bağlandı. Artıq əvvəlki kimi münasibətləri davam etdirmək mümkün olmadı. Arabir Rəsul Həmzətovun qızı ilə əlaqə saxlayıram. Qabilin oğlu Mahirlə dostuq. Bəxtiyar Vahabzadənin oğlanları ilə hər dəfə məmnunluqla görüşürük. Cabir Novruzun oğlanları ilə dostluq edirdik, təəssüf ki, üçü də dünyadan vaxtsız getdi.

Ölümündən əvvəl ailə üzvlərini başına toplayıb şeir oxudu

- Nəbi Xəzri 2007-ci ildə dünyasını dəyişdi. Nə oldu? Ölüm səbəbi nə idi? Ömrünün son günlərini necə xatırlayırsız?

- İnsultdan dünyasını dəyişdi, atam. Əvvəlcə bir tərəfi işləmədi. Nitqini də itirdi. Heç nə danışa bilmirdi, bircə "istəmirəm" deyirdi. Həkim iynə vuranda, istəmirəm deyirdi. Bir müddət evdə müalicə aldı, sonra dövlət onun Mərkəzi Klinik Xəstəxanada müalicə olunmasını təmin etdi. Xəstəxanaya gedən kimi komaya düşdü və 3-4 gündən sonra, 2007-ci ilin 15 yanvarında dünyasını dəyişdi.

Ömrünün son günlərini soruşursuz... Qəribədir, nitqi tutulana qədər bizi başına toplayıb ağlaya-ağlaya şeirlərini oxudu bizə. Elə bil öz yaradıcılığına son dəfə səyahət edirdi. Kiçik insult keçirmişdi o vaxt. Atam 78 yaşına qədər çox sağlam idi, hətta saçlarına dən də çox düşməmişdi, qəfil qocalıq yaxaladı onu. 2002-ci ildə ilk dəfə xəstələndi, müalicə aldı, sağaldı, amma daha əsa ilə gəzirdi. Hətta "Ayaqlarım" adlı şeir də yazmışdı.

"Mən dünyanı addım-addım dolaşmışam,

İndi baxmır sözlərimə ayaqlarım.  

Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam.

Həsrət qalıb izlərimə ayaqlarım...".

- Nəbi Xəzrinin mobil telefon nömrəsini öz telefonunuzun yaddaşından silməmisiz ki, hələ?

- Təəssüf ki, silmişəm. Çünki nömrə başqasının adına idi və sonra həmin adamı tapa bilmədim. Amma atamın işlətdiyi mobil telefonu "Ədəbiyyat muzeyi"nə vermişəm. 

O dünyadan zəng gəlsə...

- Bir də sizə bir sentimental sualım olacaq. Bilirəm, polis zabitisiz, daha çox reallıqlara inanırsız, amma tutaq ki, mistik bir hadisə baş verir və telefonunuza tanımadığınız nömrədən zəng gəlir. Yaşıl düyməni basıb cavab verirsiz və onun doğma səsini eşidirsiz... Nə baş verərdi? Nə deyərdiz ona?

- (Pauza yaranır) Çətin sual oldu. Çox çətin sual oldu. Elə bir vəziyyəti yaşamadan nəsə demək çətindir. Amma bir dəfə atamı yuxuda çox canlı gördüm. Yuxuda sevinirdim ki, atam sağdır. Adam çox vaxt yuxuda yuxu gördüyünü bilir. Amma bu fərqli yuxu idi. Onu qucaqladım, hərarətini, nəfəsini hiss etdim. O isə danışmırdı, üzümə baxıb gülürdü. Sizin suala cavab verməyə isə çətinlik çəkirəm. Yəqin, telefonda səsini eşitsəm, əlbəttə, əvvəlcə çaşıb qalaram, sonra özümü toplayıb, sadəcə, vaxtı uzatmağa, onun mənimlə daha çox danışmasına şərait yaratmağa çalışaram...

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!