Müzakirə saatı: Milli ədəbi-mədəni düşüncə tariximizə baxış - I hissə linkdə - http://edebiyyatqazeti.az/news/muzakire/5232-biz-mehz-o-senedlerin-esasinda-real-tariximizin-menzeresini-yarada-bilerik
Yeni milli təfəkkürün və məfkurə istiqamətinin düşüncədə və əməldə ifadəsi necə keçir? Həm bədii fikrin, həm də tarix və ədəbiyyat elminin bu istiqamətdə həmrəyliyi necədir? Milli yaddaş mənəvi sərvət kimi humanitar tədqiqat və təhlillərimizdə öz əksini necə tapır? Bu suallara cavab tapmaq məqsədilə "Ədəbiyyat qəzeti"nin Müzakirə saatına qoşulurlar: Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, filologiya elmləri doktoru Alxan Bayramoğlu, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu, filologiya elmləri doktoru Elnarə Akimova və "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan.
F.Əhmədova: Prinsip, forma etibarilə bir-birinə bənzəyir. Mahiyyəti eyni idi.
Ş.Şamıoğlu: Afrikanın şimalında da, Qafqazda da, Hindistanda da ilk mətbu orqanlar müstəmləkəçilərin dilində çıxıb. Qafqazda bu layihəni Qriboyedov hazırlamışdı, o, qeyd edirdi ki, mətbuat lazımdı, teatr yaratmaq lazımdı, məktəb açmaq lazımdı. Bu, müstəmləkəçilik siyasətinə xidmət edəcək məsələlər olsa da, millətin ağıllı insanları oradan rasional məsələləri götürdülər, milli mədəni-tərəqqi işinə yönəltdilər. 1845-ci ildə Tiflisdə rus teatrı açılır, canişin Vorontsov Moskva Teatrının direktoru Gilyermova bir məktub yazır. "Atak" məcmuəsinin 10-cu cildində 9-cu səhifədə onun məktubu dərc olunur. Deyir ki, Stavropoldan kifayət qədər pis bir truppa gəlmişdi, amma yerli camaat çox böyük maraq göstərdi. Zənn edirəm ki, əgər siz buraya teatr truppaları gətirsəniz, bu bizim Rusiya siyasətinin burada daha çevik gerçəkləşməsinə kömək edir, çünki teatra hədsiz maraq göstərdilər. Dalınca nə baş verir? Mirzə Fətəli Axundzadə haqqında Əbdürrəhim bəy Haqverdiyev yazır: "Canişin erməniləri, gürcüləri, rusları və azərbaycanlıları çağırdı və dedi ki, komissiya yaradaq, sizin hər biriniz də komediyalar yazsın. Gürcülər də yazır, ermənilər də. Azərbaycandan başqa heç kim yazası olmadığı üçün iş düşdü Axundzadənin boynuna". Beləliklə də M.FAxundzadə məşhur komediyalarını yazmalı olur.
E.Akimova: Cümhuriyyətin yaranmasında ədəbiyyat faktorunu biz o qədər də önə çəkə bilmirik, çünki çoxsaylı nümunələrimiz yoxdur.
F.Əhmədova: Cümhuriyyət məsələsində mətbuat faktoru önəmlidir, aparıcıdır.
E.Akimova: Bəli, təkcə mətbuat. Ə.Ağaoğlu "Üç mədəniyyət" əsərində yazır ki, Fransa inqilabını yetişdirən onun ədəbiyyatı oldu. Bizdə nə var? Bizim poeziyamız nəzirəçilik, komediyamız məzhəkəçiliklə doludur. Avropa tipində bir Şərq əsərimiz yoxdur deyir. Sədidəki didaktikanı tənqid edir.
A.Turan: 1905-ci ildə Rusiya hökumətinə təqdim edilən petisiya var. Həmin tələbnaməni Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Adil Xan Ziyadxan, Əlimərdan bəy Topçubaşov birgə hazırlayıb. Özü də Tağıyevin evində hazırlayıblar. Bəzi tədqiqatçılar yanılır ki, guya "Həyat" qəzetinin nəşri üçün icazə Qafqaz canişinindən alınıb. Elə deyil. Xatırlatdığım petisiya Rusiya Nazirlər Kabinetinə ünvanlanmışdı və Bakıda qəzet nəşri üçün razılıq həmin petisiyanı təqdim edərkən Rusiyanın Baş naziri Vittenin özündən alınmışdı.
F.Əhmədova: Bu qəzetin Azərbaycan dilində və "Azərbaycan" adı ilə çıxması nəzərdə tutulmuşdu, sonradan "Həyat" adı ilə çap olundu. Bu haqda Solmaz xanım Topçubaşovun arxivindən ərizə də tapdı. Sənədi üçü imzalayıb.
A.Turan: "Həyat" qəzetinin Bakıda çıxması Bakının Qafqazda mədəniyyət mərkəzi kimi önə keçməsini şərtləndirdi. Məfkurəyə hazırlıq dövrü Tiflisdə başlamışdı, məfkurə uğrunda mücadilə dövrü Bakıda reallaşdı. Dilarə Seyidzadə xatırlatdığım həmin petisiyanı Azərbaycanın ilk siyası platforması adlandırır. Mütalibənamənin əlyazısı qalır. Əlyazmadakı xətt Əli bəy Hüseynzadəyə aiddir. Deməli, ilk siyasi platformamızı da qələm və düşüncə adamlarımız yaradıb.
A.Bayramoğlu: Onu yaradanları da bu cəmiyyət yaratmışdı.
A.Turan: Şəxsiyyətin rolu, xüsusən, o dövrdə cəmiyyətin rolundan qat-qat üstün idi.
F.Əhmədova: Siz bayaq istiqlal yolumuzu 3 mərhələyə böldünüz, amma onu bu bölgü ilə məhdudlaşdırmaq olmaz. Mirzə Bala Məmmədzadə bunu aparıcı qüvvə üçün təqdim edir. Amma demək olarmı ki, Cümhuriyyət dövründə istiqlal məfkurəsi cəmiyyətin bütün alt qatlarına qədər gedib çıxmışdı? Bu proses hələ indi də gedir. Uğurlu bir məqam da var, molla məktəbləri, mədrəsələrdən danışdıq. Bunun özünün də mütərəqqi cəhətləri var. Bizim əksər Avropa təhsilli ziyalılarımız ilk təhsilini harada almışdılar? Mədrəsələrdə, molla məktəblərində. Nəyə nail olurdular - ərəb dilini bilirdilər, Şərq ədəbiyyatını, mədəniyyəti və tarixini yaxşı bilirdilər, öz mühitini, dünyagörüşünü bilirdilər. Gedib Avropa təhsili alanda da Qərb dəyərləri ilə Şərqi müqayisə edir, hətta sintez edə bilirdilər. Məsələn, Peterburqa gedir, rus düşüncəsi ilə yaxından tanış olur, onların həmyerlilər cəmiyyətini, özünün onlar tərəfindən aşağılandığını görürdü. İstər-istəməz özlüyündə müqavimət hərəkatının ilk rüşeymləri yaranırdı.
A.Bayramoğlu: Şərqin özündə milli oyanış yaranmağa başladı. Onu ifadə edənlər kim idi? Milli Şura. Hamı Milli Şuradakılar kimi düşünürdü? Yalnız 5-3%. Bu cəmiyyətdən Axundzadə çıxır, Bakıxanov, Əli bəy Hüseynzadə, Ə.Ağaoğlu və b. Məfkurəni ifadə edənlər kiçik bir hissə olur.
F.Əhmədova: Alxan müəllim, həmin ziyalıların gücü, qüdrəti nə idi? Onlar proseslərin arxasınca sürünmədilər. Onlar az sayları ilə cəmiyyəti irəliyə apara bildilər.
A.Bayramoğlu: Onları irəli aparan da həmin cəmiyyətin sıxılması oldu.
Ş.Şamıoğlu: Bəli, o şərtlər də vardı.
E.Akimova: Və nəzərə alaq ki, cəmiyyət özü büsbütün qaranlığın içində idi. Cəlil Məmmədquluzadənin təbirincə desək, gözünü dünyaya açandan hər yeri qaranlıq görür.
Ş.Şamıoğlu: "Əkinçi" bağlanır, Kəşkül bağlanır. 20-ci yüzillik başlayır, Azərbaycan xalqının bircə "Şərqi-rus"u var. Mən danışıram 1903-1904-cü illərdən. Cəmi 13-14 ildən sonra bu xalq Cümhuriyyət qurur. Bu necə baş verir? Mirzə Balanın bir əsəri var: "Azərbaycan türk mətbuatı". O deyir: "50 sənədə xalqımız böyük bir yol keçdi". Söhbət gedirdi şəxsiyyətlərdən. Onlar zamanın fövqündə dayanırdılar, cəmiyyətin də öndə gedənləri idilər.
A.Bayramoğlu: Onlar haradan çıxmışdılar. Bu kütlədən çıxmışdılar da.
F.Əhmədova: 1905-ci ildən sonrakı çoxşaxəli fəaliyyət birdən-birə ortaya çıxmadı ki. Sadəcə, 1905-ci ildə yaranmış imkandan məharətlə istifadə elədilər. Məhəmməd Əmin Rəsulzadənin fikri var: Milli şüur 1905-ci ilə qədər milli məktəb və mətbuatdan irəli getmirdi. Sonra artıq imkanlar yarandı və irəli getdilər.
A.Bayramoğlu: 1905-dən də əvvəl başladı. Niyə başladı?
F.Əhmədova: Nə var idi? Teatr vardı. Mətbuat vardı.
A.Bayramoğlu: Xeyr, "Əkinçi" ilə başlayan "elmi-əbyan, yoxsa elmi-ədyan, yəni dini elmlər, yoxsa dünyəvi elmlər" müzakirəsi 1905-ci ildə "Həyat" qəzetinin səhifələrində də "Bizə hansı elmlər lazımdır?" şəklində qarşımıza çıxdı. "Kəşkül"də milli mənlik məsələsi qoyulmuşdu, sonradan davam edirildi. "Qafqaz" qəzetində M.Şahtaxtlı yazırdı: "Qafqaz müsəlmanlarını necə adlandırmalı?". Çünki ucdantutma hamısına tatar deyirdilər. Burada artıq fərqləndirmə başlamışdı. Sonrakı dövrdə isə Azərbaycan dilində qəzet yox idi, rus dilində olanlarda çıxış edirdilər. XIX əsrin sonu- XX əsrin əvvəllərində müxtəlif siyasi dərnəklər yaranırdı.
F.Əhmədova: Bəs hədəf nə idi? Ziyalılar arasında milli özünüdərki formalaşdırmaq, yoxsa toplum üçün bu mesajları verirdilər?
A.Bayramoğlu: Ziyalılarda şüur formalaşmalıdır ki, topluma ötürə bilsinlər.
F.Əhmədova: Amma birdən-birə, 1905-ci ildə məsələn, Topçubaşov birdən-birə Rusiyada "İttifaqi-müslimin" yaratdı. Hədəf cəmiyyətə onu təlqin eləmək idi.
A.Bayramoğlu: Ədəbiyyatda yavaş-yavaş siyasi ab-hava yaranmağa başladı. S.S.Axundovun "Yuxu", "Qonaqlıq", A.Divanbəyoğlunun "Fəhlə" hekayələri bu ab-havanı əks etdirirdi. Artıq 1905-ci ilə qədər fəhlələr də ayağa qalxdılar. Sabir 1906-cı ildə yazırdı "Fəhlə, özünü sən də bir insanmı sanırsan?". Beləliklə, maarifçi düşüncəyə siyasi ab-hava hopmağa başladı və məfkurəyə doğru getdi. O dövrə qədər bolşeviklərin də, daşnakların da, hümmətçilərin və müsavatçıların da, hamısının məqsədi eyni idi. Məqsəd əzilən kütləni istismarçı kütlədən xilas etmək, inkişaf etdirmək idi.
F.Əhmədova: Yox, burada erməni daşnakları istisna edək. 90-cı ildən siyasi platformaları vardı. Əzilən kütlə onlara uyğun gəlmir.
A.Bayramoğlu: Cəlil Məmmədquluzadənin özü də "Bütün ölkələrin proletarları, birləşin" şüarı ilə çıxış edir.
F.Əhmədova: Alxan müəllim, Azərbaycan ziyalısından danışmıram, daşnak partiyasının imkanları var idi, siyasi-sosial düşüncəsi vardı.
A.Turan: İsmayıl bəy Qaspıralının Bakı xatirələri var. Bir çayxanada kiməsə qəzet bağışlamaq istəyir. Adam qəzeti istəmir ki, əgər bu kağız pul deyilsə nəyimə lazımdır? Amma ermənilər elə həmin dövrdən aktivləşməyə başlamışdılar.
F.Əhmədova: Burada xalq və millət anlayışlarını ayırmalıyıq.
A.Bayramoğlu: Əvvəl özünüdərk, sonra milli-mənəvi şüur, sonra siyasi düşüncə yaranırdı. Hakimiyyət məsələsinə gələndə bayaqdan bir olan maarifçilər də, müsavatçılar da ayrıldılar. Müsavat da oradan yarandı. Hüquq bərabərliyi məsələsinə gələndə bolşeviklərin, hümmətçilərin, müsavatçıların yolları ayrıldı.
F.Əhmədova: Respublikaçılıq, cümhuriyyətçilik düşüncəsində liberal-millətçi də, sosial-demokrat da eyni dəyəri paylaşır. Amma leqal olaraq bu xalqın inkişafında respublikanı hədəf götürürdülər, respublika quruluşunu bütün quruluşlardan üstün tuturdular. Burada heç biri tam olaraq ayrılmır. Alxan müəllim, siz klassik siyasi düşüncə ilə yanaşırsınız. XIX yüzilin sonunda Azərbaycan ziyalısı ictimai məzmunlu hədəf uğrunda mübarizə aparırsa belə siyasi çalar var. Hamısı çıxış yolunu məktəb və teatrda görürdülər, çünki bu yollarla leqal fəaliyyət göstərə bilirdilər. Nərimanov da bu yolla gedirdi. Bu yollarla xalqı maarifləndirə bilirdilər. Sonra mətbuat imkanı varsa, imkan daha çoxalardı. Arxivlərdə kifayət qədər ərizələr var, qəzet və jurnal təklifləri ilə bağlı. Hər dəfə rədd cavabı alıblar.
A.Bayramoğlu: 1905-ci ildə artıq siyasi düşüncə də formalaşırdı. "Qonaqlıq" hekayəsində artıq kimdir? Deyir, "cəmiyyəti biz formalaşdırırıq". Artıq maarifçi siyasi şüur da yaranır.
E.Akimova: Mən istərdim bu məqamda bir məsələyə toxunaq. Cümhuriyyət yaranana qədər müəyyən siyasi aşamalardan keçmiş şəxsiyyətlərdən. Məsələn, ötən ilin dekabr ayında Ədəbiyyat İnstitutunda bizim Mühacirət ədəbiyyatı şöbəsinin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar keçirdiyi son dərəcə maraqlı və mübahisəli notlarla yadda qalan konfransında bu məsələ ilə bağlı çoxlu fikir haçalanmaları yarandı. Əsas mübahisə predmeti də o oldu ki, məsələn, Əhməd Ağaoğlu yaradıcılığının ilk illərində paniranist mövqeyə sahib idi və hədəfi heç də Cümhiyyət quruculuğu deyildi.
F.Əhmədova: Ağaoğludan danışsaq deyə bilərik ki, o özünü İran sivilizasiyasının içində görürdü. Amma İran sivilizasiyası hər hansı etnik sivilizasiya da deyil, müəyyən məqamlar var. Ə.Ağaoğlunun İran məzhəbi ilə yazdığı Parisdə elədiyi məruzə idi. 23 yaşlı gəncin mövqeyi onun bütün həyatı boyu olan baxışlarını əks etdirə bilməz. Bu gün İranda yaşayan minlərlə azərbaycanlı var ki, özünü iranlı hesab edir. Özümüzü qafqazlı bilirik. Qafqazlarda yaşayan türk onların etnik düşüncəsinin başlanğıcıdır. Etnik anlamda o özünü türk bilirdi. Cümhuriyyətçiliyə qarşı olub-olmamasına gəlincə. Söhbət onun 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinə münasibətindən gedirdi. Amma Ə.Ağaoğlu kimi bizim əksər ziyalılarımız həmişə quruluş olaraq respublika idarə sistemini daha üstün tutublar, modern dəyərləri təbliğ ediblər. Sadəcə, Azərbaycan Cümhuriyyətinin elan olunmasının şərtləri və şəraiti Qafqaz islam ordusuna ehtiyacı yarandığı şəraitdə həll edildiyindən, düşünən beyinlərin xalqın aqibəti ilə bağlı narahatlıqları olub. Ona görə də düşünürdülər ki, osmanlı ilə birləşərlərsə, xalqın xilası mümkün olar. Lakin 1918-ci ilin iyun ayında Azərbaycana gəlir, proseslərin içində olur. Qayıdandan sonra İstanbulda səfərdə olan Rəsulzadə ilə görüşür, onlarla birlikdə fəaliyyət göstərir, yenidən buraya qayıdır. Paris nümayəndə heyətinin tərkibində Fransaya gedir. Yəni onun Azərbaycan Cümhuriyyətinə qarşı olması tezisi real deyil, həqiqəti əks etdirmir.
A.Bayramoğlu: Ə.Ağaoğlunun müsahibəsi var, orada deyirdi. 1918-ci ildə çıxıb gələndə, gördüklərinə inanmır.
F.Əhmədova: O məsuliyyət digər hökumət nümayəndələrində də vardı. Dünyanın aparıcı dövlətləri Bakı ilə bağlı ölüm-dirim savaşında idi. 1918-ci il qırğınından çıxan bir xalq bu hadisələrin qarşısında necə dayana bilər deyəndə Ağaoğlu çıxış yolunu Osmanlının dəstəyində görürdü.
A.Bayramoğlu: Y.V.Çəmənzəminli "Azərbaycan muxtariyyəti" əsərində yazır ki, 1917-ci ilə qədər biz yalnız muxtar hüquqlar uğrunda mübarizə aparırıq.
F.Əhmədova: Özü də mədəni-muxtar hüquqlar uğrunda.
A.Bayramoğlu: 1917-ci ildə artıq məhəlli muxtariyyət, sonra Azərbaycan muxtariyyəti.
Ş.Şamıoğlu: Ə.Ağaoğlunun hansı sivilizasiyaya aid olma məsələsinə toxunmaq istəyirəm. Parisə gedənə qədər əsl şərqli idi. Kifayət qədər imkanlı və imtiyazlı şərqli. Şərqi çox gözəl bilirdi. Avropada bir çox filosof alimlərdən, Reymandan dərs aldı və 23 yaşlı gənc bir oğlanın şiəliklə bağlı məruzəsi böyük əks-səda doğurdu, bir çox Avropa dillərinə tərcümə olundu. Hətta ona deyirlər ki, bu məruzədən sonra Qafqaza qayıtma, Şərq səni yeyəcək. O dövrdə Cəmaləddin Əfqani ilə görüşür.
A.Turan: Əhməd Ağaoğlunun düşüncəsinin bütünlüklə dəyişməsində Cəmaləddin Əfqaninin rolu müstəsnadır.
Ş.Şamıoğlu: C.Əfqani Şərqdən çıxmışdı, Avropanı gözəl tanıyırdı. O bilirdi ki, artıq dünya dəyişir, xalqlar öz yolunu tapmalıdır. O da deyirdi ki, Şərq xalqları üçün də konstitusiyalı bir quruluş lazımdır. O vaxt Ə.Ağaoğlu elə düşünürdü ki, biz müsəlmanıq, islam dünyasının yeganə çıxış yolu İranın ətəyindən yapışmaqdı. O, Avropada təhsil aldığı illərdə də yazırdı ki, İranla oynamayın, o partlamağa hazır qalmış bombadır. Çox sonralar dərk etdi, türk xalqlarının nicat yolu, çıxış yolu demə İranda yox, Türkiyədəymiş.
A.Turan: Əhməd Ağaoğlu Parisdən Azərbaycana qayıdanda yolüstü İstanbula gedir, burda yenə də Cəmaləddin Əfqani ilə görüşür. Məncə, bizim bildiyimiz, tanıdığımız Ağaoğlu Renanın cazibəsindən Cəmaləddin Əfqaninin təsiri ilə qurtulub.
F.Əhmədova: Sosial-mədəni mühitlərin siyasi-ictimai baxışların formalaşmasında böyük rolu var. M.Ə.Rəsulzadənin İran fəaliyyəti dövrü, N.Nərimanovun Odessa mühiti. Mühitlərin təsiri mütləqdir.
A.Bayramoğlu: Ə.Ağaoğlu niyə deyirdi ki, Azərbaycan ayrıca respublika ola bilməz?
F.Əhmədova: 1918-ci ildə M.Ə.Rəsulzadə ilə Ə.Ağaoğlu eyni vaxtda Azərbaycana qayıdırlar və "Azərbaycan" qəzeti hər ikisindən müsahibə alır ki, Azərbaycanın müqəddəratını necə görürlər? Hər ikisi gələcəyi Zaqafqaziya Konfederasiyası şəklində görürdülər. Bu, təhlükəsizlik baxımından real görünən bir şey idi. Topçubaşov elə ömrünün axırına qədər Zaqafqaziya Konfederasiyası uğrunda mübarizə apardı.
A.Bayramoğlu: Ə.Ağaoğlu da Turançılığı türk xalqlarının birliyi olaraq görürdü.
Ş.Şamıoğlu: Gerçəklik deyilən bir şey var. İndinin özündə də hansısa bir dövlət öz müstəqilliyini elan edə və deyə ki, mən müstəqiləm, bu real olmaz. Hər hansı bir xalqın bunu edə bilməsi üçün daxili amillərlə yanaşı, beynəlxalq amillər də rol oynayır. Təsəvvür edin ki, 1918-ci il may ayının 26-da gürcülər bizdən də 2 gün qabaq öz müstəqilliyini elan etmişdi. Almaniyanın təşviqi ilə. O dövrdə Azərbaycanın müstəqilliyini elan edən şəxslərin özləri belə əmin ola bilmirdilər ki, lazımi şərait yetişib ya yox? Vinsonun 14 maddədən ibarət prinsipləri vardı. Vinson bizim nümayəndə heyətini qəbul etmişdi, Topçubaşov israrla başa salmaq istəyirdi ki, yox biz siyasi-ictimai cəhətdən azad ola bilərik. Bizim torpağımız, bayrağımız, gerbimiz var və s. Onlar özləri də təklif edirdilər ki, yaxşı olardı Qafqaz xalqları Rusiyanın tabeliyində Konfederasiyada birləşsin. 1920-ci ildən sonrakı hadisələrdə əksər ölkələr, xüsusən, Avropa seyrçi mövqe nümayiş etdirdilər. Ə.Ağaoğlu kimi bir çox elm xadimi vardı ki, Cümhuriyyətə ehtiyatla yanaşır, lazımi məqamın yetişib-yetişmədiyini düşünürdülər. Sabah nələr baş verəcəyini təxmin etməyə çalışırdılar. Çox bulanıq, tutqun ab-hava var idi, ziddiyyətlərlə dolu günlər yaşanırdı. Biz indi düşünürük, bəzən tələbələr də deyirlər ki, nə üçün o vaxt silahlı mübarizə aparmadılar? Lap vuruşsaydıq da, 200-300 min adam itirsəydik də o tarixi şərait Azərbaycanın müstəqilliyini qəbul etmirdi. İndi də bütün dünya bilir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Amma şərait onların xeyrinədir. Həmin dövrdə Azərbaycanın müstəqilliyinə bir çoxu kimi Ağaoğlu da ehtiyatla yanaşırdı. Hətta Milli Şuranın əksər üzvləri bu məsələyə şübhəylə baxırdılar. O tərəddüdlər 23 ay ərzində özünü doğrultdu. AXC süqut etdi.
A.Bayramoğlu: Süqut etmədi, işğal olundu.
F.Əhmədova: Nəticə etibarilə eynidir. İşğal nəticəsində süqut etdi. Biz bu il AXC-nin tanınmasının 100 illiyini qeyd edirik. Amma onun tanınma prosesində də məhvə məhkum olunma dayanırdı. Çünki tanıyan ölkələr arxasınca heç bir ordu ilə, güc ilə gənc respublikalara təminat vermirdi. Halbuki, onlar bilirdilər ki, Qafqazdakı ölkələrə ordu göndərilməsə bolşevik təcavüzündən qorunmaları mümkün olmayacaq. Deyirdilər, silah-sursat veririk, amma ordu göndərmirik. Deməli, bu tanınmanın arxası sağlam deyildi.
Ş.Şamıoğlu: Əsas budur ki, millət artıq milli şüurun nə olduğunu anlamışdı, azadlığının dadını bilmişdi. Bayrağımızın rəmzləri həmin dövr ziyalılarının fəaliyyət istiqamətlərini aydın göstərir.
F.Əhmədova: İlk 3 rəng Azərbaycan xalqının milli kimlik ifadəsi ilə yanaşı, bir də fəaliyyət kursunu özündə əks etdirir. Burada dini inanc və Azərbaycan xalqının dominant qüvvəsini, etnik kimliyini təşkil edən türkçülük rəmzidir. Amma qırmızı rəng müasirlik, avropalaşmaq, modernləşmək kimi bütün anlamlarda hər bir dövrün elmi-texniki nailiyyətlərinə toxunan rəmzlərdir. Düşünürəm ki, bundan mükəmməl formul ola bilməz. Düzdür, bizim Azərbaycan Cümhuriyyətinin Milli Şurası elə 1918-ci ildə parlamentində bir qanun qəbul etdi. Orada da yazılıb ki, bu Cümhuriyyət Azərbaycan ərazisində yaşayan bütün xalqların Cümhuriyyətidir. Azərbaycanlı anlayışı vətəndaşlığı ehtiva edir. O dövrdə azərbaycanlı sözü yox, Azərbaycan türkü ifadəsi işlənirdi, dilə də Azərbaycan türkü deyilirdi. Bu barədə Ziya Göyalp, Əli bəy Hüseynzadə, C.Əfqani də yazıb. Mahiyyət etibarilə necə qoyuluşundan asılı olmayaraq bayrağımız müasirləşmək, modernləşmək, mübarizlik ifadə edir.
Ş.Şamıoğlu: Cəmaləddin Əfqani normal, modern cəmiyyət yaratmaq istəyirdi. O başa düşürdü ki, Şərq kontekstindəki insanlar müsəlmanlardı, lakin müasirləşmək üçün Qərb modeli də lazımdı. Bunun konseptual əsasları Əli bəy Hüseynzadə tərəfindən hazırlanmışdı. Əli bəy Hüseynzadə bunu bir məqaləsində deyib üstündən keçmədi, bütün yazıları və məqalələrində bu məsələ sistemli şəkildə işlənirdi.
A.Bayramoğlu: Ziya Göyalp özü də fikrin Əli bəydən gəldiyini qeyd edir.
Ş.Şamıoğlu: Yenə aparacam Axundzadəyə. "Kəmalüddövlə məktubları"nda normal bir cəmiyyətdən danışır və deyir ki, Avropada parlament deyilən bir şey var, ayrı-ayrı qurumlara da nazirlər deyirlər.
A.Turan: Şeyx Cəmaləddin Əfqaninin milliyyətçi görüşü fərqlidir. 1911-ci ildə "Türk yurdu" dərgisində onun iki yazısı - "Səadətin altıguşəli qəsri" və "Vəhdəti-cinsiyyə" məqalələri dərc olunub. "Səadətin altıguşəli qəsri"ndə milli kimlik məsələsi belə qoyulurdu ki, sən özünün yer üzündə bir mələk olaraq yaradıldığına inanmalısan və öz millətini bütün başqa millətlərdən daha üstün bilməlisən. "Vəhdəti-cinsiyyə" məqaləsində isə o, Hindistanda milli ruhun oyanmasına cəhd edirdi. Şeyx din və dil birliyindən danışsa da, hüquqi islahatların vacibliyindən danışsa da, türkləşmək, islamlaşmaq, avropalaşmaq məsələsini prinsip kimi irəli sürmür. Varsa, yazıbsa, irəli sürübsə, bu onun hansı məqaləsindədir? Hansı əsərindədir?
Ş.Şamıoğlu: Cəmiyyətin müasirləşməsi, müasir dövlət quruculuğu məsələsi Axundzadədən başlayır. Axundzadə yaxşı başa düşürdü ki, Azərbaycanın həmin dövrdə beynəlxalq hüququ subyektiv deyil, ona görə də ümumşərq kontekstindən baxırdı. Ancaq bunun davamı bir az daha inkişaf etmiş formada C.Əfqanidə var. Əfqani də ayrıca bir coğrafiyadan, ayrıca bir ərazidən danışmır. O deyirdi: Şərq xalqları üçün, ora ərəblər də daxildir, türklər, farslar da daxildir, - müasir dövlət quracaqsansa, bu dövlət konstitusiyalı, amma "Quran"ın ehkamları əsasında olmalıdır. Hər kəs özündən əvvəlkindən irəli gedir. Əfqani geriyə boylanır Axundzadəni görür, Əli bəy Hüseynzadə boylanır Axundzadəni və Əfqanini görür və b. Bu məsələlər XX əsrin əvvəlində xeyli durulaşır, cilalanır. Həmin məsələ barəsində Ə.Ağaoğlunun düşüncələri də var, Mirzə Cəlilin, İ.Qaspıralının düşüncələri də var, amma məsələ nədədir? Bunların heç biri deyil, bu triada konseptual şəkildə ilk dəfə Əli bəy Hüseynzadə tərəfindən qoyulub. "Füyuzat" da bunun gerçək nümunəsidir, "Füyuzat"da onun yazıları var, başlıqda yazıları var hətta.
A.Turan: Milli ideologiyamız, yəni haqqında söhbət gedən triada bir məqalədə, hətta bir məqalənin bir cümləsində yalnız Əli bəy Hüseynzadədə var. Başqa heç yerdə, heç kəsin yazısında yoxdur.
F.Əhmədova: Bəli, o cür formada məhz Əli bəy Hüseynzadəyə məxsusdur. Yəni bayraqda ifadə olunan rənglər formasında, onun sözlə ifadəsi yalnız Əli bəy Hüseynzadəyə məxsusdur.
A.Turan: Ziya Göyalp bunu Əli bəy Hüseynzadədən 10 il sonra deyib, Məhəmməd Əmin Rəsulzadə isə Ziya Göyalpdan da sonra deyib. Məhəmməd Əmin Rəsulzadə bunun belə olduğunu bir neçə dəfə iqrar edib, "Azərbaycan Kültür Gələnəkləri və Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində də üç ümdənin - əsasın Hüseynzadəyə aid olduğunu təsdiq edib: "Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan bu Cümhuriyyət - mavi, qırmızı, yaşıl - üçrəngli bayrağıyla Azərbaycan kültür gələnəklərinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə "Füyuzat" məcmuəsinin fazil mühəriri "Türk qanlı, islam imanlı və firəng fikirli olalım" - demişdi. Eyni şüar sonra "Açıq söz" qəzetinin başlığı altında bulunmuşdur" - deyə yazıb. Yaxud "Qafqaz müsəlmanları" əsərində Rəsulzadə baxın nə deyir: "Ziya bəyin sonralar "türk millətindənəm, islam ümmətindənəm və Qərb mədəniyyətindənəm" şüarı ilə ifadə etdyi mənanı, Hüseynzadə Əli bəy "türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" formulu ilə bəyan etmişdi".
A.Bayramoğlu: Doğrudur, düstur şəklində bunu ilk dəfə Əli bəy Hüseynzadə deyir, sonra yavaş-yavaş onu cilalayırlar.
Ş.Şamıoğlu: Əksəri Çar Rusiyasından getmiş aydınlar idi ki, türklüyə xidmət edirdilər. Yusif Akçura, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu - osmanlıda elə türkçülüyü buradan gedənlər daha çox qabartmışdır.
F.Əhmədova: Bu məsələyə müraciət etməyi düşünmüşdüm, amma unutdum. Yaxşı ki, yada saldız. "Qardaş köməyi" dərgisi ilə bağlı konfrans keçiriləndə dərgini bütün vərəqlədim. Məlum oldu ki, Osmanlı cəmiyyətində türkçülüyün dərk olunması, milli kimliyin əks olunması, əsasən, Qafqaz türkləri ilə bağlıdır. Dərginin özündə çox yazılar var.
E.Akimova: Mən istərdim müasir dövrə gələk. Çağdaş dönəmdə bu prosesdə, yəni Cümhuriyyət təfəkkürünün qorunmasında, təbliğində ədəbiyyat nə dərəcədə impulsu saxlaya bilib?
F.Əhmədova: Milli azadlıq hərəkatının son dönəmi 88-ci ildən başlayaraq aktiv fazaya daxil oldu. Öndə gedən ziyalıların əsas qismi bizim ədəbiyyat xadimlərimiz idi. Ədəbiyyatın cəmiyyətə, daha çox alt qatlara, onların fikrinə, düşüncəsinə daha çox təsir eləmək imkanı hansısa akademik tədqiqatlardan daha çoxdur. Mətbuat daha çevikdir, cariliyi saxlayırsa da, ədəbiyyat duyğuları, emosionallığı, bədiiliyi saxlayır və onun qoyduğu iz mövqeyini uzun müddət qoruyur. Bu baxımdan çağdaş Azərbaycan ədəbiyyatı ictimai-siyasi ab-hava ilə bağlı ən aktual prosesləri nə dərəcədə cəmiyyətin alt qatlarına apara bilir? Bax bu mübahisəlidir.
E.Akimova: Bəs Cümhuriyyətçilərin nəşri və tədqiqi məsələləri nə yerdədir Firdovsiyyə xanım?
F.Əhmədova: Cümhuriyyətçilərin, Cümhuriyyət quranların əsərləri təkcə o dönəmlə kifayətlənmir, çünki bunu quran insanların irsi XIX yüzildən başlayan bir irsdir. Azərbaycan ziyalılarının ədəbi-siyasi irsinin nəşrinə hər zaman ehtiyac var. Dövlət səviyyəsində yubileylərin keçirilməsi zamanı arxiv sənədləri, ayrı-ayrı materiallar çap edilir. Sovet dönəmində yubileyi qeyd olunan insanın külliyyatı, topluları nəşr olunurdu. Bu gün də proses sistemli şəkildə qurulmalıdır, külliyyatlar çap olunmalıdır. Bizim mühacir irsimiz var, böyük bir mətbuat irsimiz var. Mənə elə gəlir ki, bütün bu işlərdə yaxınlıqda işıq ucu görünəcək. Mən şəxsi arxivlərdə saxlanan sənədlər üçün də narahatam. O sənədlər işlənməli, çap olunmalıdır. Çoxu atılır, bir dəfə işlənilib məhv edilir və s. Sənədlərə ehtiyatla yanaşılmalıdır. Sovet dövründə qayçılanıb hazırlanmış, ideoloji tərəfləri çıxarılmış materialların yenidən çapı həyata keçirilməlidir. Onlarda bizim tariximiz yatır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!