Abayın 175 illiyinə
Yazıma başlıq kimi qoyduğum beyt böyük qazax şairi Abayın (1845-1904) "Payız" şeirindəndir. Bütün başqa gözəl şeirləri bir yana, tək elə bu beyt Abay rübabının nə qədər incə, təşbehlərinin nə qədər orijinal olduğunu göstərməkçün yetərlidir.
Yenə payız gəlir dumanlanaraq
Yenə də soyuyub su, hava, torpaq.
Titrəyə-titrəyə dırnaqlarıyla
Şumu eşələyən qatıra bir bax.
Çöllər dalğalanır otlaqlarıyla,
Güllər çırpınmayır yarpaqlarıyla.
Ağaclar quruyub qocalar kimi
Göylərə yalvarır budaqlarıyla.
Bəstəkarlardan Vivaldinin, Çaykovskinin ilin dörd fəslinə həsr olunmuş musiqi əsərləri olduğu kimi, Abayın da Yaz. Yay. Payız. Qış şeirləri var. Axı Abayın özü də həm şair, həm bəstəkar idi.
Bir çox xalqların necə-neçə dahi sənətkarları var. Amma hər xalqın bir sənətkarı olur ki, o xalqın ədəbiyyatından söz düşəndə ilk olaraq onun adı çəkilir. Rusiya - Puşkin, İngiltərə - Şekspir, Almaniya - Höte, İspaniya - Servantes, İtaliya - Dante, Yunanıstan - Homer, İran - Firdovsi...
Qazax ədəbiyyatı deyəndə ilk yada düşən ad Abay Kunanbaydır.
Kunanbay atasının adıdır. Atası böyük bir tayfanın başçısı, ağsaqqalı, rəhbəridir. Eyni zamanda Abayın ən böyük antipodu, əqidəsi, düşüncəsi, rəftarı etibarıyla oğluyla daban-dabana zidd olan bir feodaldır.
Abay yaradıcılığı qazax poeziyasının zirvəsidirsə, Muxtar Auezovun "Abay" və "Abayın yolu" romanları qazax nəsrinin şah əsərləridir. Böyük şairin həyatından, mühitindən, dövründən, dostlarından və düşmənlərindən bəhs edən bu romanlarda əsas müsbət qəhrəman Abay, əsas mənfi personaj Kunanbaydır. Bu, roman müəllifinin uydurması deyil, konkret sənədlərə, faktlara, şəhadətlərə əsaslanan qənaətidir. Atasıyla qarşıdurma Abayın çocuqluğundan başlayır. Kunanbayın dörd zövcəsi və onlardan olan çoxsaylı övladları bir-birilə yola getmir, bir-birinə düşmən kəsilirlər. Belə bir şəraitdə təbiətcə çox mülayim, şəfqətli və oğlunu dəlicəsinə sevən anası Ülcan övladına atası tərəfindən verilmiş İbrahim adını Abay adıyla əvəz edərkən, sanki uşağın gələcək taleyini duyubmuş. Abay - müdrik deməkdir. Qazax xalq ədəbiyyatının örnəklərini - şeirləri, nağılları, əfsanələri də Abay ilk olaraq anasından və nənəsi Zərədən eşidir. Abayın tədqiqatçılarının fikrincə, böyük şair üç qaynaq əsasında formalaşmışdır. Birinci qaynaq - qazax xalq ədəbiyyatı, folklor örnəkləri... İkinci qaynaq molla məktəbində mənimsədiyi ərəb və fars dilləri vasitəsilə tanış olduğu və orijinalda oxuduğu fars, Azərbaycan, özbək şairləri - Firdovsi, Nizami, Hafiz, Sədi, Nəvai, Füzuli... Üçüncü qaynaq atasından gizli təhsil aldığı rus məktəbində öyrəndiyi rus dili vasitəsilə mənimsədiyi rus və dünya klassikləri - Puşkin, Lermontov, Krılovun şeirləri, Belinski, Çernışevskinin məqalələri, Hötenin, Bayronun əsərləri, Dümanın "Üç muşketyor", Lesajın "Topal şeytan" romanları mütaliə etdikləridir. Rus dilindən tərcümələri də var - Lermontovdan, Krılovdan. Puşkinin "Yevgeni Onegin" poemasından bir parçanı qazax dilinə çevirməkdən başqa, Tatyananın məktubuna mahnı da bəstələyib. Abay yazılı qazax ədəbiyyatının böyük klassiki olmaqla bərabər, qazax musiqisinin parlaq simalarından biri hesab olunur.
Nəğmələr odur ki, doğsun üfüqdən
Gündüz günəş kimi, gecə Ay kimi.
Abayla yanaşı, qazax xalqının döyük mütəfəkkirləri və alimləri Çokan Velixanov, İbray Altınsarın arxaik feodal qanunlarıyla və ənənələriylə, yaxud sxolostik dini ehkamlarla yaşayan bozqırlara (çöllərə) mütərəqqi dünya düşüncəsini yeritməyə çalışırdılar.
Muxtar Auezov Abaya həsr olunmuş məqaləsində yazır: "Qazaxıstan bozqırlarını saran cahilliyin qaranlığında o, parlayan şeir məşələsini daşıyırdı və öz xalqına günəşlər doğacaq yeni üfüqləri göstərirdi".
Yeri gəlmişkən onu da qeyd edim ki, M.Auezovun "Abay" romanı o vaxt SSRİ-nin ən nüfuzlu ədəbi mükafatına - Lenin mükafatına layiq görülmüş, Nazim Hikmət, Lüi Araqon, Anna Zeqers kimi məşhur yazıçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Abay yaradıcılığında məhəbbət lirikası müəyyən yer tutsa da ("Birdən-birə məst olub dumanlanır gözləri, Saçları qara çaytək sinəsinə axanda") əsərlərinin əsas mövzusu sosial problemlərdir.
Özü haqqında:
Sanmayın pərvazlanıb uçmaqda nakam oldum
Qazaxlar arasında birinci adam oldum
Nitqimlə, düz sözümlə,
Uzaq görən gözümlə
- yazan Abayın bu sözləri deməyə tam haqqı vardı.
Öz dövrünün ixtiyar sahiblərini, rüşvətxor rus məmurlarını, varlanıb harınlamış acgöz feodalları damğalayan Abay: "Ey mənim qazaxlarım, məzlum, zavallı xalqım" müraciətilə başlayan şeirində yazırdı:
Tamahı çox itidir, başqasından alır pay
Heç doyan görmüsənmi varlıların gözünü?
Təqib eləmək üçün namuslu adamları
Quduz bir it saxlayır qapısında hərəsi.
Abayın ən çox nifrət etdiyi cəhət - riyakarlıqdır.
Özgə yerdən, özgə eldən
Seçdiyin dost, sevdiyin dost.
Ürəyini tapşırdığın
Sirlərini dediyin dost.
Bir gün səni dar ayaqda atıb qaçar
Keçənləri unudaraq
Sənin bakir sirlərini
Faş eləyər, yada açar
Sonra, sonra səni görüb
Məhəbbətdən,
Sədaqətdən vuracaq dəm.
Eyni mövzuda başqa şeirindən misralar:
İşlər bir az düzələntək
Hər tərəfə əsən külək
Öz səmtini tez dəyişər
Sənə yaxın bir dost olar
Gah yalmanar, gah irişər,
Külək bir az bərk əsəndə
O, üz tutar həmin səmtə
külək kəsib, çöksə sükut
Dönüb olar bir əjdaha
İndi belə qəhrəmanlar
yetişdirir bu zəmanə.
Ev-eşikdə cəngavərdir
basıb kəsər, coşub-daşar
Çətin anda
qorxusundan
ağzındakı sözü çaşar.
Bu misraları oxuyanda bizim böyük Sabirimiz yada düşür:
İnanma çox da qövlünə
mənəm-mənəm deyənlərin
Gərəkli gündə onların qıçındakı fərarı gör.
Yaxud Abayın:
Nə olaydı,
Nə olaydı,
Bircə təmiz,
sadiq adam tapılaydı.
Məhkəmədə udur ancaq
Baylar ilə yaxın olan
Rüşvət verən, rüşvət alan
- misralarını oxuyanda Füzuli yada düşür?
"Dərd çox, həmdərd yox", ya da "salam verdim, rüşvət deyil deyə, almadılar".
Abay yazır:
Adam var ki, ağıllı sözlərə qulaq asmaz,
Adam var ki,
doğruluq haqqında kəlmə yazmaz
Adam var ki, dəridən çıxır bu yer üzündə
Təki tamahkarlığı işıqlansın gözündə.
Aşıq Abbası xatırlamadınızmı?
Abayın elə şeirləri də var ki, Qasım bəy Zakiri yada salır. Əlbəttə, Nizamiyə, Füzuliyə yaxşı bələd olan Abay Aşıq Abbası, Zakiri, hətta müasiri Sabiri tanımaya da bilərdi. Amma qardaş xalqların - Azərbaycan türkləriylə qazaxların dərdləri, bəlaları da dilləri və taleləri kimi yaxın idi. Odur ki, bu xalqların şairləri də eyni oda yanırdılar.
Bəs nicat nədəydi:
"Əlimdən gəlmir" demə
Oxu, yiyələn elmə.
Başqa şeirində də bu barədə yazır:
Ay insanlar, insançün ömr eləyin cahanda
Cahanda ən bilikli insanlara inanın!
Heyranıyam cahanda genişqəlbli insanın,
Günəşin, həqiqətin, ədalətin, vicdanın.
Əsl insanın barışmadığı nədir?
Qorxaqlar həqiqəti
Qutuda ilan bilir.
Eşitdiyi hər sözü,
Doğrunu yalan bilir.
Ən böyük sənətkarların da adi insanlar kimi ümidsizləşdiyi, bədbinləşdiyi anlar olur. Aşağıdakı misralar məhz belə ovqatın bəhrələridir:
Məni başa düşən yox, çox da ki, hey yazıram.
Nə çarə, bu dünyadan köçməyə də hazıram.
İctimai həyatda ömrü boyu nadanlıqla, cəhalətlə, anlaşılmazlıqla, Rusiyanın müstəmləkəçi siyasətiylə qarşı-qarşıya gələn Abayın şəxsi taleyi də faciəvidir. Peterburqda təhsil almış oğlu Əbdurrəhman 27 yaşında vərəmdən vəfat edir. Bir neçə ildən sonra o biri oğlu da vərəm xəstəliyinə tutularaq dünyasını dəyişir. Bu oğlunun ölümündən 40 gün sonra Abay da dünyayla vidalaşır.
Ömrünün hansı məqamında yazıldığını bilməsəm də, bu nostalji misralar itkilərin kədəriylə səslənir:
Xatirimdə yaşar mənim
Keçən günlər, keçən illər
O vaxt necə əlbir idi,
Dilbir idi bizim ellər
İndi isə qeyrətli az, nadan çoxdur
Bir dost kimi, oğul kimi
Xalq dərdinə qalan yoxdur.
Böyük şair xalqının və öz taleyinin bütün ağrı-acılarını yaşamış, amma ümidini itirməmiş, mübarizədən geri çəkilməmiş, sonacan İlahidən gələn missiyasını ləyaqətlə yerinə yetirmişdir. Qardaş xalqın böyük şairi Abay haqqında bu kiçik qeydlərimi onun şeiriylə başladığım kimi, başqa bir şeirindən misralarla tamamlamaq istəyirəm:
Necə ki döyüşdə sən
Bir yol yenilməmisən
Əlindəki bayrağı
Vurub salmayıb yağı
Lalə rəngli mayaktək
Yanır sinəndə ürək
Yanvar 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!