Aleksey İolyeviç Vitakov (1966) - şair, nasir, musiqiçidir; Komi MSSR-də anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur. Əsərləri "Moskva","Drujba narodov", "Naş sovremennik", "Smena" jurnallarında çap olunub. "Ötən illərin kölgəsində " (1994), "Çağırış" (1997), "Ayın mili" (1999), "Köklərin səsi" (2000), "Dünyanın oxu" (2002), "Dünyanın o biri tərəfi" (2009), "Səslər" (2011) kimi şeir kitablarının, habelə "Evə qayıtma!" (2008), "Hər şeyi Merkurinin boynuna at" (2009), "Basqın" (2014), "Müdrikin əsası" (2015), "Qırmızı divarın lənəti" (2015) kimi romanların və onlarca audioalbomun müəllifidir. 1998-ci ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. "Cənab Külək" art-kafe teleproqramının müəllifi və aparıcısıdır (SQU TV).
Mən Şimal günəşinin altında doğulmuşam
Şimal günəşi altda doğulmuşam,
Nə bilim altmış neçənci ildə.
Pəncərənin qabağına qoyulmuşam,
Bəla kəndimizdən yan keçsin deyə.
Sarğılı ayağına uzanmışdım atamın,
Nə küçədə, nə də ki, evdəydim.
Köhnə pərdələrdən daxal ətri almışdım,
Niyəsini çox sonralar öyrəndim.
Yadımdadır, çərçivənin çatları,
Mən ordan zülmətə göz gəzdirirdim.
Daxmamızda suxarı ətri vardı,
Niyəsini çox sonralar öyrəndim.
Uzanardım və şişmiş damaqlarımı
Barmağımın sümüyünə sürtərdim, bacardıqca.
Deyəsən, həqiqətən, qüdrətli görünürdüm,
Bəla yaxın düşmürdü bizim elə-obaya.
Boyan günlərindən Şərqə üz tutub,
Buludlar gedirdi yasəmən göyüylə.
Mənsə yerdən buludlara qoşulurdum,
Bəla yaxın düşmürdü biz tərəflərə.
Köhnə pərdələrdən daxal iyi gəlirdi,
Qara tavan başımız üstə sallanırdı.
Mənsə atamın sarğısında üzürdüm,
Boyan günlərindən düz Şərqə sarı.
Yorğun yerin, dənizlərin üstündə,
Qaçırdı, qaçırdı dərd-bəla.
Daxmadan suxarı iyi gəlirdi,
Ah necə kəskin, necə da davamlı!
***
Məni göyə qaldıran atamdan,
Yay asfaltının qoxusu gəlir.
Əlvan işıqtək parlayır,
Gümüşü gicgahları.
İstəyirəm buludlara toxunum,
Buludlara, yuxudakıtək.
Elə bil ki, o səmavi sükutun,
Dincliyini tanıyır bu ürək.
Papaq uçdu buludların dalınca,
Əllər papağa çatmadı.
İndi atam uzanıb əlində şamla,
Başı buludlardadı.
Mən uçuram yuxularda o gündən,
Tanış eyvanların oymaları üstdən.
Sanki məni yuxarıya qaldırır kimsə,
Amma ki, qaldırmır atamdan hündürə.
Qarşımdakı mayaklarda o gündən,
Yaydan-yaya yollar gedir bax belə.
Ancaq gicgahlarda olan gümüşdən,
Parlaq işıq görməmişəm mən hələ.
***
Rıbinsk şəhəri - sanki arı pətəyiydi,
Orda dostum adamsız perron idi.
Orda gitara akkorduyla üstələyirdi,
Cavanlığın o xırıltılı qarğa səslərini.
Kələ-kötür xiyabanları gəzəcəm,
Bulıjnıy prospektinə dəyəcəm.
Külək pırpız küçə ititək,
Darıxıb şalvarıma sürtünəcək.
Süni dənizdə fırtınalar qopacaq,
Qəfildən suların astar üzündən
Boğazı zəngli bir kilsə çıxacaq,
Qulaqlar batacaq onun zəngindən.
Qağayılar şəhəri - sonuncu mistikim,
Haralarda sülənsəm də, fırlansam da,
Qırıq-qırıq xəttini tanıyacağam sənin,
Məktublardakıtək payız yarpaqlarında.
Mən səni qürbətin pəncəsində oxuyurdum,
O zəngin səsini yuxuda da eşidirdim.
Qaranlıq uçurumdan gələn səsini duyurdum,
Sulara qərq olmuş boğazı zəngli kilsənin.
Yeniyetmə həyəcanıyla yazırdın mənə,
Mən sənin o məchul küyünü sevirəm.
Amma ki, səhnədə söz veriləndə,
Sən haqda danışıb, dinə bilmirəm.
Körpülərin, sahillərin, limanların şəhəri,
Sükuta çevrilib burda hasarlar.
Qoy sənin zəngin görünməz zəng kimi,
Astadan yellənsin, qaçsın dalğalar.
***
Briz güclənir. Donquldanır dalğalar.
Ay yerdən qalxır göyə.
Gecələri oxuyurlar qayalar,
Çalışırlar gəmiləri özlərinə çəkməyə.
Yerindən qoparaq, tıqqıldamadan
Qaranlığa yuvarlanır minerallar dübbədüz.
Baxırıq göyərtənin eyvanından
Ulduz xəritəsində üzürük biz.
Bəzən olur ki, külək dəliyə dönür,
Ulduz tozu üyüdür səmanın dəyirmanı.
Onda planetimiz transa düşür,
Süzür rəqs edən dərvişsayağı.
Dünyanı işıqlandırır limon dilimi:
Əzəmətli mənzərədir.
Bizim hara getdiyimizi indi
Yalnız Ay və ağ şərab bilir.
Bütün ilklərin başlanğıcı təbiət...
Su şahə qalxır öz yoluyla axaraq.
Bədənlərin ardınca iki badə
Düşür gecətək suyu sıçradaraq.
Tərcümələr Qismət Rüstəmovundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!