Yazıçı-dramaturq Hüseynbala Mirələmovun dahi mütəfəkkirin şərəfinə məhəbbətlə və ürək ağrısı ilə həsr etdiyi "Son səfər" povesti həm bədii siqlətinə görə möhtəşəm şairin Şamaxıya qısa dönüşünün (təkrarən) tarixi, lakonik-bədii inikasıdır, həm də Nəsimiyə yabançı damğası vurmaq istəyənlərə əsaslı, tutarlı cavabıdır.
Əlbəttə, Hüseynbala Mirələmov Orta əsrlərin parlaq Günəşi Nəsiminin həyatından bədii əsər yazmaq istəyərkən ilk baxışdan özünü çətin bir dilemma qarşısında qoyur: hürufi şairin doğma vətəninə - Şamaxıya son qayıdışının ən qısa çağının hadisələrinin fonunda obrazını yaratmaq. Bu, ağır, çətin bir məsələydi. Necə deyərlər, vaxt məhdud, bir neçə ay (və ya ilə yaxın), mövzu vacib, əhəmiyyətli, məsuliyyətli. Ancaq etiraf edək ki, bu kiçikhəcmli povestdə Hüseynbala müəllim ustalıqla uzaq keçmişdə baş verənləri yaddaqalan epizodlarla, detallarla nəql edir, hadisələri bütün dolğun reallıqları ilə qısa zamanın əyninə biçib geyindirir, məhdud vaxtın qəlibinə sığışdırmağı bacarır.
Povest bədii cəhətdən kamildir, elmidir, hər səhifəsində geniş məlumat - bilgi var. Hər sətrində, epizodunda sufizmin, hürufiliyin, mövləviliyin fəlsəfəsinə varan Hüseynbala Mirələmov bu təriqət, irfan, mərifət cərəyanlarının doğru-dürüst mahiyyətini, yerini-ünvanını öyrənir və oxucusuna nişan verir. Mənbə gedib qidasını götürür, yenə Mənsur Həllacın, Şəms Təbrizinin, Cəlaləddin Ruminin, Yunus Əmrənin, Nəiminin, Nəvainin və sonda sözsüz, Şirvanlı İmadəddinin söz sənətindən. Müəllif dönə-dönə detallarla ifadə edir ki, Nəsimi Allahın lütfü ilə vergi aldığı, mükafatlandırdığı böyük istedaddır. Hər cür nadanlıq, paxıllıq, xəbislik, namərdlik bu saf Tanrı bəndəsindən uzaqdır. Əslində, bəllidir, hürifilər dinsiz olmayıblar, bu mərtəbəyə çatmaq Orta əsrlərdə ən ali qata, yəni dərəcəyə yüksəlmək demək idi. Nəsimi hürufiliyin zirvəsinə yetdi, eləcə də "Ölümün Nəsimi zirvəsinə" (Əli Kərim) yetmək hesabına...
...Nəsiminin Şamaxıya qısa dönüşü zamanı qan qardaşı Şahxəndanla görüşü, yeniyetmə xəttat oğlanın təlaşı, qohum-əqrəbanın qara-qorxusu, xofu qətiyyən şairi sarsıdıb çaşdırmır. Sanki o, hər bir olacağa qabaqcadan hazırdır. Əsərin ən təsirli fəsillərindən biri avam kütlənin yeniyetmə uşaqları öyrədib, aldadıb Şahxəndanın evini gecə yarısı daşa basması səhnəsidir. Demək olar, günaşırı bu "daşabasma" hadisəsi təkrarlanır. Gecə-gündüz "Quran"ın surələrini nəfis xətlə köçürən, Allahın kitabını cildləyib savab qazanan Şahxəndan Yaradana yalvarıb-yaxarıb dua edir ki, heç olmasa, böyük qardaşı səfərdən qayıdan gecə nəsə pis hadisə baş verməsin, uşaqlar damın kirəmitini daşla döyəcləməsinlər. Uzaq yol qət edən Seyid Əli barı rahat dincəlsin, yorğunluğunu alsın.
Lakin farslar demişkən, "çi fayda!". Həmin gecə də daş yağışı yağmaqda davam edir. Povestdə oxuyuruq: "Gecənin bir aləmində taqqıltı səsi eşidildi. Şahxəndan tez gözlərini açdı: "Yenə başladılar"... Sonra bir dəfə də taqqıltı səsi eşidildi... Sonra bir dəfə də... Sonra bir dəfə də...
Şahxəndan ah çəkib başını buladı. Qonşu uşaqları hər gecə olduğu kimi, yenə evlərini daşa basırdılar.
Evlərinin daşa basılması təzə hadisə deyildi. Artıq neçə müddət idi ki, məhəllə uşaqları nəinki gecələr, hətta gündüzlər də onu rahat buraxmır, "kafir, kafirin qardaşı" deyib sataşır, təklikdə yaxalayanda, hətta döymək istəyirdilər".
Bu tükürpədici, ürəkağrıdıcı bədii lövhə ilə yazıçı xurafatda inləyən məmləkətin o zamankı mövcud vəziyyətinin rəsmini çəkir. Ancaq bu hələ harasıdır? Nəsimiyə qarşı birləşən naqis ünsürlər təkcə qardaşı Şahxəndanın evini qaralayıb daşlamaqla vəzifələrini bitmiş hesab etmirlər. Onlar "dinsiz" saydıqları mütəfəkkirə qarşı Şirvanı, bütün ətraf bölgələri, Təbrizi, Gəncəni, Ərdəbili, Bakını, Zəncanı, Qarabağı, Dərbəndi ayağa qaldırırlar. Nəsimini aradan götürmək üçün Şamaxıda yaşayan cızmaqaraçı şairlərdən ibarət təxribatçı qrupun bütün Azərbaycana yaydıqları namə, din pərdəsinə bürünüb, sanki Şamaxıya cihada yığışan dəstələr qorxu və hürkünün, təhlükənin nə qədər ciddi olduğunu göstərir.
***
Yazıçı haqlı surətdə baş qəhrəmanını "şairlər şairi" adlandırır və təsdiq edir ki, tarixi yaradan, bəşəriyyəti lokomotiv kimi dalınca dartan həmişə ayrı-ayrı şəxsiyyətlərdir, fərdlərdir, istedadlardır, üləmalardır. Sürü, nadan kütlə böyüklükdən məhrumdur, o, idarə olunmaq üçündür ki, həddin aşmasın. Hər bədbəxtliyin bir xoşbəxt tərəfi də var və Şirvanşahlar sülaləsinin başında duran İbrahim şaha Nəsiminin dühalığı, şairliyi, nəcibliyi məlumdur. Seyid Əlinin qəzəllərindən əzbər bilən, sarayın muğam məclislərində şövqlə oxutduran, daim şairlə ünsiyyətdə olmağı arzulayan İbrahim ağıl-kamal, zövq sahibidir, ədalət tərəfdarıdır. İbrahim şahın Nəsimiylə ürək söhbətləri, dialoqları səmimidir, canlıdır, ritorikadan, pafosdan uzaqdır. Hüseynbala Mirələmov ciddi yaradıcılıq axtarışlarına, zəhmətə qatlaşaraq həm zəmanə hakiminin, həm də şairin obrazlarını əsərində cıza bilmişdir. Kitabın 83-cü səhifəsində oxuyuruq:
"Seyid Əli və Şahxəndan ayaqqabılarını çıxarıb içəri keçdilər. Məclis ahəstə idi. Lap yuxarıda ləl-cəvahiratla bəzədilmiş şiş papağı şamların işığında bərq vuran ortaboylu, enlibədənli bir adam əyilib yanındakı mavi paltarlı bir şəxsin dediklərinə qulaq asırdı. O, qapının yanında dayanmış Seyid Əli İmadəddin Nəsimini görüb, əli ilə yanındakına susmağı işarə etdi və dedi:
- Seyid Əli, bura buyur!
Bütün məclisdəkilər bayaqdan bəri heç kimin əhəmiyyət vermədiyi Seyid Əli ilə Şahxəndana baxdılar".
Bu da həssas, utancaq, oturuşunu-duruşunu, yerini bilən Şahxəndanın təvazökarcasına qardaşını irəli verib (Seyid Əli Nəsimini), özünün arxaya çəkilməsi epizodu. Povest müəllifi "şairlər şairi"nin qardaşını əsilzadə kimi göstərir, onun şah önündə davranışını, mədəniyyətini dəyərləndirir. Hissiyyatlı, ağıllı-kamallı Şirvan şahı bu incə məsələyə o saat reaksiya verir:
"- Qardaşını da özünlə başa gətir! Belə gözəl xətti olan gənc gərək yuxarı başda əyləşsin!".
Maraqlıdır ki, Nəsimidən aralanmaq istəyən, aşağı tərəfdə nisbətən kiçik təbəqənin, məmurların arasında qalmaq istəyən Şahxəndanı böyük qardaşından ayırmağa şahın əli gəlmir. Şahxəndan nə qədər həyəcanını boğsa da, tər içində özünü itirsə də, ayaqları bir-birinə dolaşsa da, Nəsimi ilə birgə İbrahim şahın düz qənşərində əyləşdirilir. Ölkə başbiləninin şairlə dialoqu odlu dillə təsvir olunur və padşahın Nəsimiyə olan ehtiramı, böyük rəğbəti, sevgisi hər kəlməsində sezilir. Şirvan hakiminin "İlin on bir ayının heç olmasa bir ayını da Şirvanda ol" sözləri, sonra yarıtəşvişlə, qayğıkeşliklə "əvvəla, de görüm, neçə gündür gəlmisən, niyə bizi unutmusan, bir baş çəkmirsən?" sualı elə ən dəruni məhəbbətin ifadəsi deyilmi?
Müəllif lirik ricətləri, sanki əsərboyu səpələyir, Nəsiminin, Hüsniyyənin simalarında aşiq-məşuq obrazları yaradır. Başı qalmaqallara qarışan Seyid Əli vaxtilə Şamaxıda sevib-seçdiyi Hüsniyyəni itirir, gecə-gündüz eşq sevdasında qovrulan gözəl-göyçək qız yeniyetməykən zorla bir kənd mollasına ərə verilir. Nifrət bəslədiyi bu saxtakar əmmaməli zövcəsini qısqanır, ona əzab-əziyyət verməklə həyatına qəsd edir. Lakin dövrün qorxulu, təlatümlü havası, adının "itkin" Nəsimiylə hallanması dilini qısa edir, Hüsniyyəni susdurur. Bu taleyi kəm gecə-gündüz qovrulur-qıvrılır, Allaha yalvarır, taleyini qarğıyır ki, zülmdən qurtulsun. Dəfələrlə özünü yandırmaq, asmaq, bivəfa həyatdan köçməklə hayıf almaq fikrinə düşür. Nəhayət, ucalardan uca Allah təbii şəkildə məsələyə qol qoyur, əncam çəkir. Hüsniyyə evdə təsadüfən olmayanda (bu təsadüfdürmü, yoxsa zərurət?) əri mollanın vaxtilə yalandan qisas məqsədilə ölümlərinə fətva verdiyi iki nəfərin adamları onu amansızcasına öldürür, evinə od vururlar. "Zülm yerdə qalmır", zülmkarın bütün xanimanı göz qırpımında külə dönür. Dul qalmış Hüsniyyə Şamaxıya - köhnə məhəlləsinə qayıdır...
Nəsimi gah açıq, gah gizlin Hüsniyyənin taleyilə maraqlanır. Hər dəfə Şahxəndan qardaşını yayındırır. Axırda o, ciddi təkidini və "dadaşının" sevgi etiraflarını görüb baş verən qəzavü-qədəri üstüörtülü danışır. Nəhayət, Şahxəndanı təcili Hüsniyyəgilin məhəlləsinə yollayan, "hə" cavabını alan şair gözləmir. Bir axşam qaranlığında Səlminaz adlı yaşlı qadının vasitəçiliyi ilə görüşürlər. Və müsəlman qayda-qanunu ilə Qazi Əbdülvahab onların kəbinini kəsir, ailə qururlar. Mərasim cəmi iki saat çəkir. On beş gündən sonra İbrahim şahın Şirvanda olmadığına (ziyarətə gedibmiş) yəqinlik hasil edən qaragüruh Nəsiminin əleyhinə fəaliyyətini sürətləndirir. Şahxəndanı şairin tərəfdarları çıxılmaz vəziyyətdən bəyan edirlər.
Beləliklə, Nəsiminin Şamaxıda Hüsniyyəyə qovuşması, Şirvanda xoşbəxtlik axtarması vur-tut on dörd gün çəkir. Artıq bəd xəbər çatan günün səhərisi onlar dəvələrin belində, göz yaşları içində Şamaxını tərk etmək məcburiyyətində qalırlar. Nəsiminin həyat yoldaşına pıçıldadığı sözlər ürək parçalayır:
"- Mən onsuz da bir yerdə qala bilmirəm. Bura səni, Şahxəndanı görmək üçün gəlmişdim. İnan ki, Şirvandan elə-belə - Allah ümidinə çıxıb getmirik. Anadolunun hər yerində, Şamda, Hələbdə, lap Misirdə çoxlu dostlarım var, qapıları həmişə üzümüzə açıqdır! Sultanlar gəlişimizə şad olacaqlar. Elə bilmə ki, mən səni dilə tuturam. Əsla! İndi gəl yerimizi sal, yataq. Sübh tezdən yola düşməliyik".
Qara-şər qüvvələrin, böhtançı mollaların əlindən zinhara gəlib Şirvanı tərk eləsə də, Nəsiminin ruhu bu qeyri-bərabər mücadilədən qalib çıxır. Əbədi qalib! Şairlər şairinin Şamaxıya gəlişi də son gəliş idi, gedişi də son gediş. Bir daha diqqətə çatdıraq ki, Hüseynbala Mirələmov povestinə "Son səfər" adını qoymaqla nə qədər uzaqgörənlik edib! Bu da yazıçı-dramaturqun təəssüfedici vida kəlmələridir: "Bu səfər - son səfər idi...". "Son səfər"i yerə-göyə sığmayan, Əzraillə çiling-ağac oynayan, tabe və ram olmağı əqidəsinə yaraşdırmayan İmadəddin Nəsiminin son nəfəsi də adlandırmaq mümkün idi. Çünki şairin sonrakı bəlli taleyində bu fakt təsdiqini tapacaq, o, şəhidlik zirvəsinə yüksələcək, ruhu əngin fəzaya qalxacaqdı!
Nəsimini dabanından soydular -
Dünən belə idi,
Bu gün belədir,
Sabah belə olacaq!
Bu üsyankar misralar vaxtilə Suriyada (Hələbdə) olarkən Nəsiminin məzarını ziyarət etmiş Rəsul Rzaya məxsusdur. Kiçik şeir necə də povest müəllifinin məramı, məqsədi ilə səsləşir. Həqiqətdir. Hər zaman haqq danışanın dərisini boğazından çəkib çıxarıblar. Dünən də, bu gün də, sabah da.
Rəsul Rza Hələbdə Nəsimini ziyarət edərkən həm yerli ərəblər, həm də kürdlər bu məzarın məhz mənşəcə türk Nəsimiyə məxsusluğunu dönə-dönə söyləmişlər. Hətta Nəsimilər soyunun davamçıları indi də Dəməşqdə (Şam), Hələbdə yaşayırlar və onlar ulu babalarını bu günəcən unutmamışlar. Povest müəllifinin bir xidməti də ondadır ki, büllur Azərbaycan türkcəsində qəzəllər, qəsidələr, rübailər, qitələr yazan Nəsimini əsər üçün xarakterik məqamların hamısında türk oğlu türk adlandırır, xalq arasında həmişə şirin Şirvan şivəsində (ləhcəsində) danışdığını nəzərə çarpdırır.
"Son səfər" yalnız yazıçı-publisist Hüseynbala Mirələmovun deyil, ümumilikdə çağdaş ədəbiyyatımızın, nəsrimizin uğurudur. Bu povest İsa Hüseynovun "Məhşər" romanından, Qabilin "Nəsimi" poemasından sonra bu mövzuda yazılan ən tutarlı, sanballı bədii salnamədir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!