Görkəmli şair, dramaturq, tərcüməçi Adil Babayev (1925-1977) XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatına gəlmiş yeni nəfəsli qələm sahiblərinin ən istedadlı nümayəndələrindən biridir. Təsadüfi deyil ki, hələ 1945-ci ildə "Kommunist" qəzetində Səməd Vurğun ona "Şair! Nə incədir rübabın sənin, Uçurdu qəlbimi çaldığın bu saz!" - misraları ilə başlayan "Mənim arzum" adlı bir şeir ithaf etmişdi.
Həyat eşqi, gələcəyə ümid, İnsana inam, Vətənə sevgi hissi Adil Babayevin çoxşaxəli yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir. Yaşadığı mürəkkəb ziddiyyətlərlə dolu dövrdə haqsızlıq qılıncı dəfələrlə gənc şairin qəlbini qanatsa da, ümidini əsla qıra bilməyib. Sağlam əqidəsi möhkəm iradəsi Adilin içindəki nikbinlik çırağını əsən küləklərdən, kəsən şaxtalardan, aramsız yağmurlardan qoruyub. Adil Babayevin misralarında sızıltı yoxdur, həyat eşqi var. Onun sonetlərində şəxsi giley-güzar deyil, haqq-ədalət naminə sənətkar yanğısı, vətəndaş harayı, ədalət savaşına çağırış var. Bu səbəbdən Adil Babayevin poeziya dünyasına səyahət oxucular üçün hər zaman maraqlıdır. Şairin ilk şeiri 1939-cu ildə "Sovet Gürcüstanı" qəzetində, son poeziya çələngi isə vəfat etdiyi gün - 1997-ci il avqust ayının 20-də, uzun illər şöbə müdiri, məsul katib, baş redaktor müavini vəzifələrində çalışdığı "Ədəbiyyat və incəsənət" qəzetində oxuculara təqdim olunub. Bu illər ərzində otuza yaxın kitabın, Babək, Əcəmi, Sabir, Ərəblinski kimi parlaq tarixi simalar haqqında tarixi poemaların, müxətlif teatların səhnəsində oynanılan dram əsərlərinin, yüzlərlə elmi-publisistik məqalənin müəllifi kimi tanınıb və hörmət qazanıb Adil müəllim. Dünyasını dəyişən son dərəcə təvazökar qələm sahibinin şair ömrü indi də ləyaqətlə davam edir. Onun "Ümid sərvləri" ("Azərnəşr", 1977), "Mənim abidəm" ("Gənclik ", 1979), "Təzədən doğulur şair ölən gün" ("Gənclik", 1981), "Pyeslər" ("Yazıçı", 1984), "Ata sorağında" ("Gənclik", 1985), "Anamın bayramı" ("Gənclik", 1987), "Fəsillər dəyişəndə" ("Yazıçı", 1991), "Yaşamağı bacarmıram" ("Mütərcim", 2010), Seçilmiş şeirlər (Təbriz, 2018) kitabları nəşr olunub. Musiqili Komediya Teatrında "Qız görüşə tələsir", Sumqayıt Dram Teatrında "Ən xoşbəxt adam" tamaşaları hazırlanıb. Sözlərinə yazılan populyar mahnılardan ibarət "Ayrılıq olmasaydı" musiqi albomu Türkiyədə istehsal edilib. Dövri mətbuatda şeirləri, yaradıcılığı haqqında məqalələr, xatirələr dərc olunub, müxtəlif teleradio verilişləri hazırlanıb, efirdə sözlərinə bəstələnən nəğmələr səslənib. Adil Babayevin həyat və yaradıcılığına həsr olunmuş çoxsaylı elmi məqalələr, o cümlədən 4 monoqrafiya yazılıb. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Ata olsam belə, ata istərəm" adlı tammetrajlı sənədli film çəkilib. Onun şəxsi arxivində hələ də çap olunmamış əlyazmaları var. Xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və Gəncədə iki küçəyə, Naxçıvanda kitabxanaya Adil Babayevin adı verilib. Təvazökar şairin həyatda ən böyük arzusu isə onun öz misralarında belə ifadə olunub:
...Ömrüm Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş.
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı kaş
Mən dünyada olmayanda...
Adil Babayevin yaradıcılığı qələm dostlarının da heç vaxt diqqətindən kənar qalmayıb. Mirzə İbrahimov, Məmməd Rahim, Mehdi Hüseyn, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Cəlal Məmmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə və başqaları onun haqqında mətbuat səhifələrində çox maraqlı fikirlərini paylaşıb. Adil Babayev qələm dostları tərəfindən xeyli sayda şeir ithaf edilən şairdir Onlardan bir neçəsini oxuculara təqdim edirik.
Səməd Vurğun
Mənim arzum
Daddımsa dünyanın hər nemətini
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
B.Adil
Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.
***
O səcdə qıldığın çinar kölgəsi
Mənim də şeirimin qibləgahıdır.
Qurbanı olduğum Odlar ölkəsi
Hüsnün də, eşqin də ilk sabahıdır.
***
Sən ana torpağı qarış-qarış gəz,
Hər daşın altında bir gövhər axtar.
Eşqinə, qəlbinə yad ola bilməz,
Vətən sevgisilə yanan sənətkar.
***
Şair! Yuvasından tərlanı səslə,
Qartal qanadınla fəzaları aş!
Bu ilk məhəbbətlə, bu ilk həvəslə
Mən keçən yolları sən də keç, qardaş!
***
Vaxtdır! Bu eşq ilə bir dastan başla,
Min ürək dil açsın hər varağında.
Babalar yurdunu sən də alqışla
Bizim Vaqif kimi Kür qırağında.
***
Hər otun, çiçəyin öz adını yaz,
Hər insan ömrünün bir kitabı var.
Mənasız gözəllik xatirdə qalmaz
Sənə sarban olsun böyük arzular.
***
Danışdır torpağı hər sirrini aç,
Oxuyub doymasın nəsillər onu.
Kamalın hüsnündən Günəşə nur saç -
Onun nə ilki var, nə də ki, sonu.
***
Şeir rübabını sən ürəklə çal,
Ürəksiz deyilən sözlər saxtadır.
Sənə oğlum deyir bu gün istiqbal -
Elə zənn etmə ki, o uzaqdadır!
***
Gələcək eşqilə yanan bir ürək,
Ağlın fəzasında balü-pər açar...
İstiqbal idrakla şəfəqlənəcək,
Hər tilsimli yolu bir hünər açar.
***
Uç, uç! Sən xəyalın asimanında,
Hər daşa, torpağa qanad ver, qanad!
Etila hüsnü var insan qanında -
Bizə yüksəl deyir anamız həyat!
Osman Sarıvəlli
Ad və təbiət
Şair dostum Adil Babayevə
Ana övladına doğduğu gündən
Yaxşı ad axtarır, yaxşı ad, ancaq!
Qabaqda illər var, ana nə bilsin,
Körpənin taleyi necə olacaq?!
***
Sən şeirə, sənətə fikir ver, canım,
Baxma təmtəraqlı quru boş ada.
"Ədalətli şahdır!" - deyən olmamış,
Zülmkarın adı "Adil "olsa da.
***
Görünür, xeyirxah olub təbiət -
Qıymayıb sözlərin şeiriyyətinə.
Gör necə xoşbəxtsən, Adil doğrudan,
Adın müvafiqdir təbiətinə.
Nəbi Xəzri
Vida
Niyə gün qaraldı,
Ay kölgələndi,
Ümidlər sovuşdu sonsuz həsrətə?..
İlkin görüşümüz
Sanki dünəndi
Sən bu gün tələsdin əbədiyyətə?!
Yuxusuz gecəni
Açdım kədərlə,
Elə bil bir qolum, qanadım sındı.
Sandım ki, bu ağır,
Qəmli xəbərlə
Nəslimin ilk vida zəngi çalındı.
Yandı misraların
Gur şöləsilə
Nur saçdı hər yeni kitabın sənin
Nəsillər söylədi Vurğun diliylə:
"Şair, nə incədir rübabın sənin".
Ey ata üzünə həsrət qalan dost,
Yaxşı ki, illərin analı keçdi.
Bircə təmənnası
Şeir olan dost,
Ömrün də
Şeirintək
Mənalı keçdi.
Keçdimi?
Əbədi qaldı dünyada
Ucaltdın sənətin nəcib səsini.
Sənə vəzifələr vəd olunsa da,
Sən seçdin
İnsanlıq vəzifəsini!
Durur yadigarın doğma Vətəndə
Cüt övlad -
Qartalın cüt qanadıdır.
Özün fəxri adlar
Daşımasan da,
Adın şeirimizin fəxri adıdır!
Dayansın dostların
Qoy cərgə-cərgə,
Sənin bu sonuncu ziyarətində.
Bizə miras qalan
Şeirinlə birgə
Qalır məhəbbətin, sədaqətin də...
Nəriman Həsənzadə
Səndən sonra
Biz sənin evində səndən xəbərsiz,
Sənin ad günündə - sənlə və sənsiz.
Oturub danışdıq, güldük də hələ,
Gəldin öz evinə xatirələrlə.
***
Təriflər dedik biz sənin adına,
Səni səndən sonra kəşf elədik biz.
Pərəstiş elədik istedadına,
Sənə deyiləni sənsiz dedik biz.
***
Vaxt tapıb doyunca heç görüşmədik,
Ötdü yanımızdan xəbərsiz illər.
Sənin ilhamını başa düşmədik,
Üstündə başdaşı qalxana qədər.
***
Yaşayır hər ömrün məna şərəfi,
Görünür boş qalan şanlı yeri də.
Adı, mükafatı, sözü, tərifi
Gördük təşkil edib ölənləri də.
***
İmzan yazılmışdı qapının üstə,
Adını nəvənə qoymuşdu oğlun.
Dönmüşdün qəribə, balaca büstə,
Evdə həm var idin, həm də ki, yoxdun.
***
Nə deyim, belədir dünya qədimdən,
Səbri də böyükdür torpağın, daşın.
Ürəkdən gülməyə ehtiyat edən
Bircə qadın idi - həyat yoldaşın...
***
Oğulla, nəvəylə, qızla, gəlinlə,
O, yenə tək idi ortada sənsiz.
Ərsiz qadın kimi dünyada hələ
Nə yetim görmüşəm, nə də kimsəsiz.
Həmid Abbas
Sən dünyada olmayanda...
"Mən dünyada olmayanda" şeirinin müəllifi şair Adil Babayevin əziz xatirəsinə
Az deyil nəğmələrin,
Bu nəğmənsə
yaman toxunur bizə.
Elə bir ürəyin
Canlı bir kitaba dönüb
Təkrar-təkrar oxunur bizə.
Toxunur dedim, yox dostum,
İçim-içim göynədir bizi.
Axı illər axır çay kimi -
Seyrəldir bizi.
Seyrəldikcə sıralar,
Təzədən dövr eyləyir,
Sızıldayır yaralar.
***
...Sahildə bir körpə gördüm,
Sənin nəvəndir, dedilər.
Bir mahnı qanadlandı
Pərdə-pərdə,
Sənin nəğməndir, dedilər.
Kitabını əllərdə gəzən gördüm,
Neçə şair dostunu
Sənə şeir yazan gördüm.
Öz ömrün qısa,
Şair ömrün uzun.
Sən gözəl nəğməkarısan
Bizim gözəl yurdumuzun.
***
Nəğməm dodağımda,
Səsin qulağımda,
Sözün varağımda,
Ürək səhər-axşam
Sənin sorağında -
Sən dünyada olmasan da.
***
Sevindin də, qəm də yedin,
Nə dedinsə,
şirin dedin,
Unudulmaz sözün, adın,
Alovludur yenə odun,
Sən dünyada olmasan da.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!