Xeyrəddin QOCA - 70 - Siyah içindəymiş sədəf sən demə... - Sərvaz Hüseynoğlu yazır

Unuda bilmədiyim dərs

Düz 10 il əvvəlin söhbətidi...

Öz aləmimdə mən o yazı üzərində şövqlə işləmişdim. Necə deyərlər, ürəyimi qoymuşdum. İstəyirdim Xeyrəddin müəllimin 60 illik yubileyi münasibətilə qələmə aldığım məqalə onun könlüncə olsun. Bu səbəbdən də yazı boyunca ən görkəmli sənətkarların fikirlərindən seçmələr, müqayisələr gətirmişdim.

Xeyrəddin müəllim iş otağımda özünəməxsus şuxluqla o məqalənin əlyazmasını gözdən keçirdi. Və qələmi götürüb deyə-gülə gətirdiyim bütün sitat və müqayisələrin üstündən xətt çəkməyə başladı. O seçmələrin ki, hesab edirdim yubilyar məhz bu tərif, təqdir dolu məqamların məstliyini yaşayacaq. Ancaq elə ilk sitatlar qara qələmlə "qanına qəltan" ediləndə yanıldığımı anladım.

Təklikdə qalanda mən o yazını götürüb yenidən oxudum. Bu, yepyeni bir məqaləydi; sadə və səmimi...

Rahatlandım. Onun özünəməxsus səmimiyyətlə, deyə-gülə etdiyi düzəliş, əslində, məndən ötrü maraqlı bir dərs oldu, qınamadan, qəlbə dəymədən, heç nə demədən verilən dərs! O dərsi unutduğum olmadı heç! Yazmaqla bərabər, poza bilməyin dərsini aldım. Sadə, səmimi və təbii yazmağın yolunu tapdım.

Yazıçı öncəgörməsi, yaxud 2020-ci il

Xeyrəddin Qocanın 1998-ci ildə çap etdirdiyi "Hərə öz payını götürsün" adlı kitabı onun Yeni il arzuları ilə açılırdı.

"Marallar" qalereyasının müəllifi hələ 22 il əvvəl ilin ulduz falını belə incələyirdi: "Bu il hərə öz yerini biləcək... Yəni siyasətçi siyasətlə məşğul olacaq, qəzetçi yazısını yazıb qəzetini buraxacaq. Hamı öz halal maaşı ilə dolanacaq. Kasıbçılığın daşı atılacaq... Nazirlər həmişəki kimi hazıra nazir olmayacaqlar!".

Yazıçının qəlb ağrısına dönən çeşidli problemlərin qətiyyətlə dəf edilməsi prosesi 2020-ci ilin payına düşdü. Ölkəmizin başçısı bu sahədə islahatların dönmədən aparılacağını qətiyyətlə bəyan etdi. Böyük xalq dəstəyi qazanan qərarlar verdi. Hər kəs əmin oldu ki, doğrudan da "bu il hərə öz yerini biləcək", hər kəs öz işi ilə məşğul olacaq, bütün sıxıntılar, problemlər geridə qalacaq. Vətənini, xalqını, dövlətini ürəkdən sevən Xeyrəddin müəllimin bu xoşməramlı arzularının gerçəkləşməyə başladığı 2020-ci il həyatımıza qədəm basdı. Və yazıçı ömrünün 70-ni də özüylə bərabər gətirdi.

"Hərə öz payını götürsün" - deyə...

Bütün publisistik, bədii yazılarını hərə öz payını götürsün istəyilə qələmə alan Xeyrəddin Qoca qısa mətndə bir kitablıq məna ifadə etməyin ustasıdı. Məsələn, belə:

- "Nə vaxt biz dünya mədəniyyətinə çatacağıq?

- Heç vaxt!

- Niyə?

- Çünki dünya mədəniyyəti bir yerdə dayanıb gözləmir".

Şərhə ehtiyac yoxdu. Yazıçı bu qısa mükalimə daxilində əsl vətəndaş-ziyalı münasibəti ilə mənsub olduğu millətdən, yaşadığı cəmiyyətdən gözlənilən, umulan yeniləşmək, sivil dünyayla ayaqlaşa bilmək istəyini bütün dolğunluğu ilə ifadə edə bilmişdir. Təkcə yumor dolu bu dörd xətlik qısa mükalimə əsl sənətkar ustalığını ortaya qoya bilmək faktıdı. Qısa yazmağın və böyük mətləblər ifadə etməyin örnəyi belədi.

Göz yaşı içində gülüş

Dünya şöhrətli müğənni Rəşid Behbudovun ən qəmli, ən nisgilli ifalarının iç dünyasında qəribə bir əda, xoş ovqat, məzə var... Dinlədikcə tərkidünyalıqdan daha çox, həyata bağlanır, isinir, nikbinləşirsən. Xeyrəddin müəllimin yazdıqları da belədi. Ən ağrılı, çox zaman vətəndaş utancı gətirən problemlərdən o, təbəssüm, incə yumor dolu ştrixlərlə söz açır; yağa su daman kimi... Və onun bütün mətnlərində özünəməxsus danışığının, deyib-gülməsinin, həyata baxışının, cəmiyyətə münasibətinin dolğun surəti var. Siyah içindəymiş sədəf sən demə... Hər cür qaranlıqda bir parıltı var. Bu deyilənləri heç kəs onun kimi anlada bilməz! Gərəkdi ki, Mirzə Cəlildən, Haqverdiyevdən, Sabirdən gələsən. Məktəbin ola...

"Biz bizə bənzərik..."

Uzun-uzadı götür-qoylar, "edim-etməyim"lər məngənəsində sıxıldığımız olur. İç dünyamızı çürüdürük. Dilimizə gələsi söz boğazımıza dirənib qalır. Keçməli olduğumuz ərazinin enini uzununa vura-vura qalır, nəfəsimizin çatıb-çatmayacağını hesablayırıq...

O isə heç nə olmamış kimi gəlir, o sözü deyir, o çayı keçir, o ərazini qət edir, bütün götür-qoylara son verir. Ona görə ki, etdiklərinin qarşılığında umacağı olmur. Gözükölgəli deyil, ürəyinin istədiyini edir.

Bizim belə olmağımız çatmır. Biz bizə bənzəyib qalırıq çox vaxt!

Amma onun üçün bu, adi həyat tərzidi. Təsadüfi deyil ki, zamanında çoxları liderlik xəstəliyinə tutulanda, "meydan qəhrəmanı"na dönəndə, gündəmə gəlmək xatirinə yollar, vasitələr axtaranda o, Vətənin, xalqın xilasını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişində görürdü. Səhv etmirdi. Üstəlik də o zaman Kreml bayquşlarının yaramaz vasitəçiliyilə ümummilli liderə böhtan yağdıranlara qarşı tutarlı cavablar verir, təhdidlərə məhəl qoymadan haqq sözünü deyir, məqalələr yazırdı. Çox ağır bir dövr idi. Heydər Əliyevin müdafiəsinə qalxan adamlara düşmən kəsilir, işdən çıxarır, hədə-qorxu gəlirdilər. Xalqın xilas yolunun ulu öndərin hakimiyyətə gətirilməsində görən yazıçı bu barədə fikirlərini "Dan ulduzu" qəzetində dərc etdirəndə H.Əliyev Moskvada yaşayırdı, pensiyaçı idi. "Həmin məqalələr o vaxt yazılırdı ki, mərkəzi və respublika mətbuatı xalqın böyük oğlu haqqında cinayətkarcasına böhtan və iftiralarla dolu yazılar verirdi, necə olursa-olsun, onu xalqın gözündən salmağa çalışırdılar". Həmin məqalələr o vaxt yazılırdı ki, Heydər Əliyevin siyasi rəqibləri hakimiyyət başındaydılar. Onu xalqın gözündən salmağa çalışan ermənilər və Moskvadakı ermənipərəst qüvvələr eyni məqsəd güdürdülər.

Məhz belə bir vaxtda X.Qoca "Dan ulduzu" qəzetini Əliyevsevənlərin doğma mətbu orqanına çevirdi. Heç nədən qorxmayaraq bəyan etdi ki, xaosdan xilas yolu ulu öndərin hakimiyyətə gətirilməsidi.

Az keçməyəcəkdi, Heydər Əliyev Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda durduğu SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına ünvanladığı məktub-bəyanatda yazacaqdı: "...Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar".

Həqiqətən beləydi. Təsadüfi deyil ki, redaktoru olduğu "Dan ulduzu" qəzetində Moskvada yaşayan Heydər Əliyev haqqında Azərbaycanda ilk dəfə silsilə məqalə dərc etdirən X.Qocanı çağırıb açıq-aşkar demişdilər: "Sənə xəbərdarlıq etmişdik ki, qəzetdə Heydər Əliyev haqqında məqalələr yazma. İndi səni işdən çıxarırıq. Yaxşı yol!".

Sonra çalışdığı "Mədəniyyət" qəzetindən də bu səbəblə uzaqlaşdırılmışdı. "Sərhəd" qəzetində isə cəmi 11 gün işləyə bilmişdi. "Mozalan" qəzetindən getməsinin səbəbi isə çalışdığı mətbu orqanda Heydər Əliyev haqqında qərəzli məqalənin dərc edilməsi olmuşdu. Yazıçı-publisist bu haqsızlığa qarşı "Arxadan zərbə" adlı tənqidi yazı ilə "Səs" qəzetində çıxış etmişdi.

Və nəhayət, Azərbaycanda Milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə ulu öndərin jurnalistlərlə görüşündə dedikləri: "Vaxt var idi ki, mən Moskvada yaşayanda əleyhimə təbliğat gedirdi. Mən o qəzetlərlə nəinki əməkdaşlıq etmişdim, onlar məni yaxşı tanıyırdılar, onların redaktorları uzun müddət mənimlə dostluq əlaqələrində olmuşdular. Onda sistem belə idi. Mənim əleyhimə məqalələr yazmağa başladılar. Buna zəng edirdim ki, mənim məqaləmi, müsahibəmi qəbul elə, qəbul etmirdi. Ondan xahiş edirəm, bundan xahiş edirəm, qəbul eləmir. Mən sonra Azərbaycana gəldim, 1990-cı ildə deputat seçildim. Buraya, sessiyaya Naxçıvandan gəldim. Sessiyada çıxış elədim. Bir qəzetə müraciət etdim ki, bunu dərc elə, eləmədi. İkincisinə müraciət etdim, bunu dərc elə, eləmədi. Üçüncüsünə müraciət etdim, bunu dərc elə, eləmədi. Sonra burada Xeyrəddin Qocanın "Dan ulduzu" qəzeti var idi, Korlar Cəmiyyətinin qəzeti idi, o götürdü, bunu dərc elədi..." ("Respublika" qəzeti, 25 iyul 2000-ci il).

"Satirik olmaq cəsur olmaqdır"

Akademik Nizami Cəfərov X.Qocadan bir yazıçı, ictimai xadim, Azərbaycan cəmiyyətinin inkişafına kifayət qədər böyük zəhmət, mənəvi enerji sərf etmiş, xarakterinə xas olan narahat bir yaradıcılıq həyatı yaşayan şəxsiyyət kimi bəhs edir. Pofessor Pənah Xəlilov haqlıdır ki, "mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin "Marallar"ı yadıma düşür. "Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır...".

Xalq yazıçısı Anarın fikirləridi: "Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur".

Ona görə ki, dövlətini, xalqını sevir, dövlətçiliyə sadiqdi və onu tərənnüm edir. "Onun bədii yaradıcılığı da, publisistik fəaliyyəti də həmişə xalqımızın istək və arzularını ifadə etmişdir" (Xalq yazıçısı Elçin)".

"Ümumiyyətlə, o, müstəqillik dövrü Azərbaycan publisistikasının tanınmış nümayəndəsi, satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən" (akademik İsa Həbibbəyli) xoşbəxt sənətkarlardandı. Bir insan kimi "O, Azərbaycanın gələcəyini gözəl görmək istəyən adamdır, o, Azərbaycanın taleyini düşünən adamdır, Azərbaycanı bütöv görmək istəyən adamdır" (Xalq şairi Sabir Rüstəmxanlı).

Bütün bu deyilənlərin əsasında o durur ki, həyatın sosial-mənəvi problemlərinə özünəməxsus münasibəti ilə seçilən yazıçı həmişə öz mövqeyini, sidq-ürəkdən duyduğu narahatlığı açıq-aydın şəkildə ortaya qoyur və öhdəsinə düşən hər bir işi - istedadını, vaxtını, enerjisini qətiyyən əsirgəmədən görür. Bu səbəbdən də onun yaradıcılığı ilk növbədə mənsub olduğu xalqın yaşantıları ilə həmahəng, üzvi surətdə bağlıdı.

Höte ölümsüz yaradıcılığı boyunca idrakın əzəmətli qəsrindən baxaraq hər şeyə istehza edirdi. Volter isə yeniləşmə arzusunun burulğanı içində insanlıq üçün çaba göstərirdi. Buna görə də ədəbiyyat araşdırmaçıları üstünlüyü Volterə verirlər. Səbəb Volterin bir sənətkar olaraq insan, cəmiyyət amilinə daha çox etinalı olmasıdı. Bu baxımdan Xeyrəddin müəllimin yaradıcılığı ona görə aktual və gərəklidi ki, orada cəmiyyətin və insanlığın kamilləşməsi, təzələnməsi naminə ardıcıl, heç bir əvəz gözləmədən edilən mücadilə var. İstehza, aşağılama, qınama cəhdi yoxdu. Hər mətləbi incə yumor, gülüş izləyir. Bu incə yumor, gülüş islah etmək, anlatmaq amacı güddüyündən qəzəbləndirmir, xoş, ilıq bir təbəssümlə izlənir. Hüzur gətirir.

Kitabları içində ən çox "Lolita"nı sevən Vladimir Nabokov "Lolita"dan əxlaq dərsi hasil edə bilənlərə eşq olsun" yazırdı.

Eyni sözləri X.Qocanın "Bu da belə həyatdır", "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar..." və s. kitabları haqqında söyləmək olar. Oxuduqca millətini, cəmiyyəti sevməyin əxlaq dərsini almış olursan. Ancaq bu dərs nəsihətçilikdən uzaq bir dərsdi. Daha çox yumor, ironiya, Ezop dilinə hesablanıb. Anladır, oyadır və tərbiyə edir.

Yalnız yazmaya biləndə yazır...

Sənətsevərlərin doğru qənaətidir ki, onun əsərlərində zamanın ahəngi döyünür. Çağdaş ictimai və ədəbi fikir həyatımızda özünəməxsus yeri var. Mövzuları həyati proseslərin axarından gəlir. Onun həyat və fəaliyyəti yolu maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir. "Dünyagörüşü müəllim ailəsi, məktəb, mətbuat, ədəbiyyat və teatr mühitində mərhələ-mərhələ inkişaf edərək müəyyən baxış bucağının yaranması (eyni zamanda formalaşması) ilə nəticələnmişdir... O, hazırkı mərhələdə satirik nəsrin və vətəndaşlıq publisistikasının fədakar yaradıcısıdır" (İ.Həbibbəyli).

Heç vaxt gülüş xatirinə yazmır. Onun tənqidi də, satirası da insanlara olan hədsiz sevgisindən irəli gəlir. Özünün dediyi kimi, kövrək, hissiyyatlı adamdı. Yalnız yazmaya biləndə yazır. Özünün təqdim etdiyi avtoportretdən seçmələrdi: "Mənə görə ailə hər şeydən üstündür. Bütün həyatımı ailəmə həsr etmişəm... Sadə insanam, şəxsiyyətimi hər şeydən üstün tuturam... İndiki zəmanədə şərəfi qorumaq çox çətindir".

Həmkarları onun barəsində birmənalı olaraq "yerini bilən adam" - deyə söz açırlar: "Elə bu keyfiyyəti də ömür yolunun hərəkət proyektoriyasını cızıb. Atacağı addımların koordinatlarını əvvəlcədən müəyyənləşdirib... həmişə öz yolu ilə gedir".

Və bu yol hər kəs tərəfindən arzulanan yoldu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!