Hər şeyin düzü var xatirələrdə... - Azər TURAN yazır - Azər TURAN

Zəlimxan YAQUB - 70

Azər TURAN

 

Baxıram, arxadan bir atlı gəlir,

Yolların tozu var xatirələrdə...

Keçmiş insanlara yalan danışmır,

Hər şeyin düzü var xatirələrdə...

Zəlimxan Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda ya onun evində, ya bizim evdə, Borçalıda - Kəpənəkçidə onun ata yurdunda, Neftçalada, Salyanda - mənim ata yurdumda, Şəkidə, Gəncədə, Baskalda, Qusarda, Tiflisdə, İstanbulda, Afyon Karahisarda... Ya Məmməd Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın son nəfəsinə qədər əməl etdim. Son görüşümüz isə vəfatından bir neçə gün əvvəl, yanvarın 4-də oldu. Əhvalı yaxşıydı. Anası Güllü xanımla, ömür-gün yoldaşı Sahibə xanımla birgə Zəlimxan müəllimlə xeyli söhbət etdik. Nikbin idi. Hətta qəzetə müsahibə vermək istədiyini dedi. Sabah görüşmək ümidiylə ayrıldıq. Səhər isə telefonuna zəng çatmadı... Evlərinə gəldim.

Çarpayıda uzanmışdı. Əyilib əlindən öpdüm. Baxırdı. Mənim mən olduğumu bildimi? Bilmirəm.

Qızı Günay başının üstündə dayanmışdı: "Ata, tanıdınmı?" - deyə soruşdu. Cavab vermədi... Və bu bizim son görüşümüz oldu... Əhvalı son şeirindəki ovqatını da ötüb keçmişdi:

"Şükür de, şükür de" deyirlər mənə,

Çatılan qaşıma nə şükür deyim.

Yorğun ürəyimə, solğun gözümə,

Ağrıyan başıma nə şükür deyim.

 

Ağrı başlama var, ağrı kəsmə var,

Canda son mənzilə bir tələsmə var.

Başda titrəmə var, əldə əsmə var,

Ağrılı yaşıma nə şükür deyim.

 

Könül gah sevincdə, gah da qəmdədir,

Gah kefli, gah kefsiz bir aləmdədir.

Aş bişib hazırdı, plov dəmdədir,

İştahsız aşıma nə şükür deyim.

 

Buluddu ağlayan, dumandı çökən,

Vaxtsız ağrılardı qəddimi sökən.

Üzümü yandıran, gözümü tökən,

Acı göz yaşıma nə şükür deyim.

 

Buluddan nəm yağır, göydən yaş yağır,

Yağanlar gah yeyin, gah yavaş yağır.

Göydən dolu yağır, göydən daş yağır,

Başımın daşına nə şükür deyim.

Zəlimxan Yaqubla bağlı xatirələrim qalaq-qalaqdır. Anılarımın coğrafiyası o qədər genişdir ki, nəinki bir kitaba, heç bir ömrə də sığmaz.

Bu böyük müasirimlə ən unudulmaz anları Gürcüstanda və Türkiyədə yaşamışam. Doğulduğu Kəpənəkçi kəndində açıq havada Zəlimxan Yaqubun şərəfinə verilən və yüzlərlə adamın iştirak etdiyi elat ziyafətində onun qədəminə necə və neçə qurbanlar kəsildiyini, sazların necə səs-səsə verib ötdüyünü görmüşəm. Tiflisdə Tumanişvili adına Teatrda altmışillik yubileyində ürək sözlərimi demişəm. Gürcüstanın "Şərəf" ordenini aldığı gün Gürcüstan prezidentinin adından onun şərəfinə verilmiş ziyafətdə bir yerdə iştirak etmişik. Onunla və Rüstəm Kamalla birgə Şeyx Sənanın məzarını ziyarət edəndən sonra Sənan dağına qalxmış və sonra Şeytanbazar məhəlləsində bir çayxanada əyləşib Cavidi yad etmişik.

Bir yerdə Türkiyədə Afyon-Karahisarda - Sandıqlı ilçəsində - Çay köyündə Yunis Əmrəni, Çiğiltəpədə "Ayinəsi işdir kişinin, lafa baxılmaz / Şəxsin görünür rütbeyi-əqli əsərindən" deyən Ziya Paşanın əfsanəvi oğlu Albay Rəşadı ziyarət etmişik.

Bir yerdə Sandıqlının İstasyon caddəsində sevgi yürüyüşünə qatılmışıq. Sevgi yürüyüşündə mehtər marşının sədaları altında başlarının üstünə Zəlimxan Yaqubun adı yazılmış plakatlarla gələn Elazığlı məktəblilərə yaxınlaşıb şəkil çəkdirmişik.

2010-cu ilin mayında Afyon-Karahisarda "Anadolu - Yunusdur" günləri çərçivəsində bir görüş (əslində, bir gün) Zəlimxan Yaquba həsr olunmuşdu. 4-5 saat durmadan-dayanmadan şeirlər oxuyan Zəlimxan 500 nəfərlik salonu əfsunlamışdı. Salonda ayaq üstə qalanlar da vardı. Zəlimxan Yaqubun şeiri və hafizəsi salonu vəcdə gətirib dalğalandırırdı... Rəhmətlik Məmməd Aslan demişkən, "möhtəşəm Zəlimxan Yaqub" gecədən keçmiş özü bu şeir gecəsini tamamlamasaydı, inanıram, səhərə qədər bir nəfər belə olsun o salonu tərk etməzdi... Oralarda çox məşhur olan Ramin Qarayevin Zəlimxan sevdalı sazı da gecəyə əlavə rəng qatmışdı... Tədbirə xanımlarıyla birgə gəlmiş vali, kaymakam, bələdiyyə başqanı minnətdarlıq nitqi üçün bir-bir səhnəyə çıxdılar. Zəlimxan Yaqubun timsalında Azərbaycana sevgilərini izhar etdilər...

Və qəfil arxadan, adamların arasından səs:

- Zelimhan... Zelimhan...

Bu, Bahəddin Qaraqoç idi. Türkiyə şeirinin "ağ qartalı" Bahəddin Qaraqoç.

- Dur, Zelimhan. Sana diyeceklerim var.

Zəlimxan səhnədə, iştirakçılar salonda ayaq saxladı. Qaraqoç: - Seni çok aradım, Zelimhan. Seni çok izledim. Sen Dedem Korkudun, Yunusun, Karacaoğlanın damarlarında akan cevherin ta kendisisin. Sen bizim yaşayan en büyük şairimizsin, Zelimhan - deyib ona təzim etdi və bu şeiri oxudu:

Ufuklarda at koştur,

Kür nehrini sen coştur.

Türkü türkle buluştur

Zelimhan Yakup kardeş

Sana her zaman selam!..

 

Basınca izin kalsın,

Susunca sazın kalsın.

Göktə avazın kalsın

Zelimhan Yakup kardeş

Sana her zaman selam!..

Ertəsi gün rəhmətliklər - Bahəddin Qaraqoç, Ankara radiosunun keçmiş diktoru, Türk Ocaqlarının, Türk Dil Qurumunun üzvü Rizvan Çongur və Zəlimxan Yaqubla birgə Çay kəndində - Yunis Əmrə məhəlləsindəki qəbiristanda Yunusin məzarını ziyarət etdik. Məzarlığın qarşısındakı yaşıl seyrəngahda uşaqlı-qocalı, qadınlı-kişili bütün köy Zəlimxan Yaqubun tamaşasına durmuşdu. Yunus Əmrə məhəlləsinin bütün sakinləri, qızlı-gəlinli, gəncli-qocalı, uşaqlı-böyüklü hamısı buradaydı. Qadınlar ayrı səmtdə, kişilər isə əsas meydanda toplaşmışdı. Zəlimxan danışırdı. Buna danışmaq deməzdilər. Qanad taxıb uçur və bütün Yunus Əmrə ziyarətçilərini də səmalara qaldırırdı. Bu, başqa bir dünyanın söhbətiydi. İndiyə qədər danışılanlara bənzəmirdi. Sanki Zəlimxan Yaqub Yunusun gerçək vətəni olan Azərbaycandan gəlib burda Yunusun kimliyini Yunusun yurddaşlarına anladır və onları heyrətləndirirdi... Özü də Yunuslaşmışdı...

Nə isə... Deməklə qurtaran deyil...

Birini də deyib xatirələrimi bitirmək istəyirəm. Afyonda Zəlimxan Yaqubla bir kitab dükanındayıq. Kitabçı qızlardan biri bizə yaxınlaşır. "Siz Zəlimxan Yaqubsunuzmu? Lütfən ikinci qata qalxın" - deyir. İkinci qatda bizi dükanın sahibi gözləyirmiş. Monitorla baxıb. Zəlimxanı tanıyıb. "Borçalının bir tərəfi Axıska" - deyib Zəlimxanı bağrına basır. Əslən Axıska türklərindənmiş. "Sürgün" poemasından xəbərdardı...

Yeri gəlmişkən, "Sürgün" poeması Zəlimxanın özünün ən çox bəyəndiyi əsəriydi. Beş il bundan qabaq, elə bu günlərdə, Xalq yazıçısı Anar da "Ədəbiyyat qəzeti"ində Zəlimxanın 65 illiyinə yazdığı və yorğun şairin nəfəsinə nəfəs qatan "Yorulmayasan, Zəlimxan!" adlı məqaləsində "bu əsərin açdığı mövzulara ədəbiyyatımızda toxunan olmayıb...Qazaxıstana, Qırğızıstana sürgün edilmiş Azəri və Axıska türklərinin faciəsi haqqında bizim ədəbiyyatda ilk əsər Zəlimxanın poemasıdır" - deyə bildirirdi.

Bəzən ədəbiyyatımızın sərhədlərimizdən o tərəfdə təbliğ olunmamasından gileylənirik. Bir anlığa Zəlimxanın timsalında bir Azərbaycan şairini düşünün. Kimsə Təbrizdə yolunu kəsib şeirini oxuyur.... Tiflisdə bir gürcü zabiti onu görüb qarşısında farağat dayanır... Karahisarda bir kitabçı onu bağrına basıb poemasından misralar deyir... Türkiyənin böyük bir şairi hamının gözləri qarşısında ona təzim edir...

Bir az əvvəl, bizi Xəlil Rzanın tanış etdiyini yazmışdım. Səksəninci illərdə Ulutürk hardaydısa, Zəlimxan da mütləq onun yanında olardı. Səksəninci ildə Aktyor Evində görkəmlilərdən birinin yaradıcılıq gecəsi keçirilirdi. Tədbiri İsmayıl Şıxlı aparırdı. Rəyasət heyətinin arxasındakı pərdə qəfil dalğalanmağa başladı. Hiss olunurdu ki, kimsə pərdəni dalğalandırmaqla keçirilən tədbirə müdaxilə edir. Rəhmətlik İsmayıl Şıxlı salona müraciət etdi: Xəlil Rza söz istəyir - dedi. Alqış qopdu və əlinə narıncı çanta götürmüş Xəlil səhnədə göründü. İlk sözünü xatırlayıram. Üzünü zala tutub soruşdu:

- Zəlimxan burdadı? Niyə belə yaradıcılıq gecəsini Zəlimxan üçün keçirmirsiniz. Nə üçün onun əsərləri dərsliklərə salınmır. Eşq olsun Xalq şairi Zəlimxan Yaquba.

Əgər rəhmətlik İsmayıl Şıxlının təmkini olmasaydı, Xəlil bəyin çıxışı, az qala, tədbirin məramını dəyişəcəkdi.

O vaxt, Zəlimxanın 30 yaşı vardı və Xəlil onu Xalq şairi olaraq təqdim edirdi.

O zaman, təbii ki, Xalq şairi adı, hətta Xəlil Rzanın özü üçün də əlçatmaz idi. Ədəbiyyat tədbirlərində söz almaq üçün, necə deyərlər, pərdə silkələməyə məcbur edilən Xəlil bəyin Xalq şairi olması, hələ üstəlik, onun otuz yaşlı Zəlimxana verdiyi fəxri adın rəsmən gerçəkləşməsi üçün Azərbaycan müstəqil olmalıymış.

Zəlimxan bəy dediyim kimi, sonuncu görüşümüzdə dinib-danışmırdı. Bitib-tükənmişdi. Elə ordaca Günay xanım dedi ki, atam sentyabrda Almaniyaya müayinəyə gedəcəkdi. "Azərin qızının toyunda iştirak etməliyəm" - deyib getmədi.

Ağrılı canı ilə toya gəlmişdi. Xeyir-dua vermişdi və həmin toyda çəkilmiş şəklimiz mənim həm atamla, həm də Zəlimxan Yaqubla çəkilmiş son şəklim oldu.

Bunu isə sonralar oğlu Bəhlul söylədi: "Nə qədər etdiksə, nə qədər yalvardıqsa, sentyabrda Almaniyaya getmədi. "Mütləq toyda iştirak etməliyəm" - deyib durdu. Və bu toy Zəlimxan Yaqubun həyatında iştirak etdiyi sonuncu toy məclisi oldu".

Haqqında "Əzəl-axır dünya türkün dünyası" adlı kitab yazmışdım. Kitab əvvəl 2007-ci ildə Bakıda, sonra da 2009-da Türkiyə türkcəsində İstanbulda Nizaməddin Onkun ön sözü ilə nəşr edildi. Bakı nəşri burda filarmoniyada, İstanbul nəşri orda - Bayburtda təqdim edildi.

İlk nəşrinin redaktoru olduğum "Peyğəmbər" poemasının "Peyğəmbər"i niyə yazdım?" adlı hissəsində özünün də qeyd etdiyi kimi, bu poemanı yazmağa onu sövq edən "Əzəl-axır dünya türkün dünyası" kitabımdakı "Hz. Məhəmməd dastanını Tanrı özü sənə ilham edəcək. Buna inanıram, Zəlimxan!" sözləri olmuşdu. Zəlimxan Yaqub bildirirdi ki, "Azər Turanın arzusu ilə mənim illərlə ürəyimdə gəzdirdiyim, ancaq heç kəsə açmadığım istək yüzdə-yüz üst-üstə düşürdü. Bu yerdə... İbrahim Haqqı həzrətlərinin... şeirini xatırlamalı oluram: Mövlam, görəlim neylər / Neylərsə gözəl eylər".

Bütün kitablarımın təqdimatında iştirak və çıxış etmişdi. "Cavidnamə" kitabım barədə məqaləsini 2010-cu ilin 17 dekabrında İstanbulda yazmışdı. Sağlığında nəşr olunmuş son kitabında "Dünya çiçək, insan oğlu arıdı" kitabında mənə ithaf etdiyi "Turan Borçalıdadır" adlı uzun və gözəl bir şeiri də vardı.  

2015-ci ildə Zəlimxan Yaqub demək olar, "Ədəbiyyat qəzeti"nin bəlkə də hər sayında ya şeirləri ilə, ya haqqında yazılan yazılarla, ya xəbərlərlə göründü. Bunu mənə irad tutanlar da vardı. Amma irad tutanlar, bilsələr də, etinaya almırdılar ki, şair xəstədi və "Ədəbiyyat qəzeti" bu davranışı ilə onun ömrünə ömür qatmaqdadır. Qəribə hallar yaşayırdıq. Zəlimxan "Təbiətə məktub" yazırdı. Müəllifin səhifəboyu ayaq üstə şəklini verib yazını çap edirdik. Zəlimxanın şəklini fərqləndirib təqdim etdiyimizə görə qınanırdıq. Növbəti sayımızda isə rəhmətlik akademik Tofiq Hacıyevin "Səhifəni açan kimi, diqqətim Zəlimxanın şəklinə sancılıb qaldı. Çox mütəfəkkir görünürdü. Hörmətli bir şəkildi. Azər Turanın ifadəsi ilə desəm, bu portretdən kədərli bir ləzzət aldım" - sözləri ilə başlayan, "Bu gün Zəlimxan heca şeirimizi yenidən ucaltdı, heca şeirimizin yolunu rahatladı. Heca şeirinə intellekt ədəbiyyatı kimi bayatının fəlsəfi dərinliyini qaytardı... Bu gün güneyli-qüzeyli aşıqlarımızın sazında Aşıq Ələsgərdən, Aşıq Alıdan, Molla Cumadan çox Zəlimxanın qoşmaları oxunur" sözləri ilə davam edən, "Tanrı Zəlimxan istedadda, Zəlimxan iradədə yenə bir şair yaradacaqmı, nə vaxt?" sözləri ilə bitən "Zəlimxan Yaqubun "Təbiətə məktub"una bir cavab" yazısını dərc edirdik. Məni qınayanlar, təbii ki, Tofiq Hacıyevi qınamağa cəsarət etmirdilər, etməzdilər. Beləcə gündən-günə, həftədən-həftəyə Zəlimxan... Hətta bir gün Zəlimxandan xəbərsiz Borçalıya gedib eyvanından Yel dağının göründüyü ata yurdu barədə iki səhifəlik yazı hazırladıq. Və bütün bunlar əziz Zəlimxanı hədsiz məmnun edirdi. "Ədəbiyyat qəzeti" Zəlimxan Yaqubun son tribunası oldu. Qəribədir, ömrünün son aylarında Zəlimxan Yaqubun yaradıcılığında, sanki yeni bir mərhələ başlamışdı. Yazdığı və "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi son şeirləri irfanla dopdolu və birmənalı şəkildə misilsiz idi. Vaxtilə Vaqif Səmədoğlu onu "öz səsində üzən şair" adlandırmışdı. Zəlimxan Yaqub öz səsiylə üzə bilmədiyi çağlarda yazdığı şeirlərlə Vaqif Səmədoğlunun həmin fikirlərini "korrektə" etdi. Səsində taqət qalmasa da, şeirinə mistik bir hüzur, bir qürub avazı çökdü. Və bu, sanki yeni bir Zəlimxan idi.

"Ədəbiyyat qəzeti"ndə özü ilə bağlı oxuduğu son yazı Elnarə Akimovanın "Ün"ün həqiqəti və poeziyası" məqaləsi oldu.

Dünyasını dəyişdiyi həftə isə qəzetin birinci səhifəsində Zəlimxan Yaqubun səhifəboyu şəklini, yas yerindən fotoreportaj, barəsində Nizaməddin Şəmsizadənin və Rüstəm Kamalın yazılarını dərc etdik. Və bitdi...

Dediyim kimi, xatirə coğrafiyam o qədər genişdir ki... O, öz şəxsində Azərbaycanın yeni bir şair obrazını yaratmışdı. Həbsə düşmüş ədəbiyyat adamını azad etdirəcək qədər nüfuz sahibi idi. Qətlə yetirilmiş adamın yas yerinə gedib qan bağladığının şahidiyəm... Onun səsini bu ölkədə hamı - Zəlimxan Yaqubu ədəbiyyatımızın canlı klassiki adlandıran ölkə başçısından tutmuş, sıravi vətəndaşa qədər hamı eşidirdi...

Üç gündən sonra ürəyi çiçək üzü kimi zərif Zəlimxanın yetmiş yaşı tamam olur. Növbəti səhifəmizdə təqdim etdiyim bənzərsiz fikirlərini o, 2006-cı ilin 20 iyulunda Bakıxanov qəsəbəsindəki qızılgüllü həyətində gecədən keçmişə qədər uzanan söhbətimiz zamanı söyləmişdi...

16 yanvar 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!