Çingiz Abdullayev: "Bu kitaba görə bizi istənilən vaxt həbs edə bilərdilər"

 

İnformasiya şöbəsi 00:23

Bu hadisə otuz il öncə baş verib. On doqquzundan iyirmi yanvara keçən gecə sovet şəhəri - Azərbaycan Respublikasının paytaxtına sovet ordusunun hissələri daxil oldular. Sonralar Moskvanın rəsmi dairələri bəyanat verdilər ki, ordu Bakıda olan qırğının qarşısını almaq məqsədilə yeridilib. Bu, qərəzli yalan idi. Yanvarın on altısında şəhərdəki iğtişaşlar dayandırılmışdı. Yanvarın on altısından sonra artıq heç bir qarışıqlıq yox idi. Ancaq repressiya çarxı işə salınmışdı. Əslində Bakıda demək olar ki, bütünlüklə iflic olan Sovet hakimiyyətini qoruyurdular. Və amansız üsullarla qoruyurdular. Şəhərə daxil olan ordu birləşmələri şəhərin mərkəzində atəş açırdılar. Yüz yetmiş nəfər həlak oldu, üç yüz yetmiş nəfər yaralandı. Üç yüzdən artıq insan itkin düşdü. Ən ağlasığmazı o idi ki, ölənlərin arasında nəinki azərbaycanlılar, hətta ruslar, yəhudilər, tatarlar, ləzgilər də var idi. Hətta "ancaq silahlı terrorçuları öldürüblər" kimi alçaq fikri qəbul etsək də, ölənlər arasında altı nəfər qadın və doqquz uşağın, müxtəlif millətlərin nümayəndələrinin olması bu fikri alt-üst edir. Fevralın on doqquzunda SSRİ Ali Sovetinin iclası təyin olundu. Fevralın yeddisi səhər Nəşriyyat üzrə Dövlət Komitəsinin sədri Rəşid Mahmudov mənə zəng eləyib yanına çağırdı.

Onun kabinetində nəşriyyatın direktoru Əjdər Xanbabayev və jurnalist İbrahim Şükürov əyləşmişdilər. Rəşid müəllim Ali Sovetin qarşıdakı iclası haqqında məlumat verdi. "Biz mümkün olan hər şeyi eləməliyik ki, Bakıda baş verənləri olduğu kimi çatdıraq!" - o təklif etdi.

Şəhərdə komendant saatı hökm sürürdü, hər yerdə qoşun birləşmələri, DİN və DTX-nin hissələri var idi. Gecələr küçələrə çıxmaq mümkün deyildi. Bu şəraitdə üç günə (!) kitab hazırlamaq lazım idi. Tapşırığın yerinə yetirilməsi demək olar ki, mümkünsüz idi. Ən başlıcası isə - heç kim bilməməli idi.

Biz qarşıda olan üç günü Rəşid müəllimin kabinetində qalmağa razılaşdıq. Mən İbrahimlə birlikdə materialları hazırladım, Xanbabayav isə onları nəşriyyata apardı. Üç gün ərzində kitab hazır oldu. Bizə hamı kömək etdi! Heç kim etiraz etmirdi. Baxmayaraq, hamı başa düşürdü ki, bu təhlükəlidir. İstənilən anda bizi həbs edib, əlyazmaları müsadirə edə bilərdilər.

Fevralın onu dəhşətli şəkillərlə birlikdə kitab hazır idi. Kitabları Moskvaya aparmaqdan ötrü biz bilərəkdən yazdıq ki, onu SSRİ deputatları hazırlayıb, baxmayaraq ki, onlardan heç biri bu nəşrin hazırlanmasını bilmirdi. Mən özüm iki çamadan kitabı aparıb rəhmətlik Tofiq İsmayılova verdim. O, kitabları SSRİ Ali Soveti Rəyasət Heyəti üzvlərinin stollarının üstünə düzdü. Onların üzlərini görmək lazım idi. "Qara yanvar 1990" kitabı hamıda şok yaratdı. Heç kim Bakıda baş verən faciəni bu dərəcədə təxmin etmirdi.

Növbəti ilin sonunda Azərbaycan müstəqil dövlət oldu. Sonralar bu səpkidə çox kitablar nəşr olundu. Ancaq bu kitab birinci idi! Komendant saatı şəraitində müəyyən edilmiş qaydalara baxmayaraq hazırlanan kitab.

Onların adlarını yadda saxlayın! Onlar məndən də çox, təhlükədən qorxmayaraq hərəkət edirdilər. Axı onlar, nəinki vəzifələrindən və üzvlük biletlərindən məhrum ola, hətta həbs oluna da bilərdilər. Rəşid Mahmudov, Əjdər Xanbabayev, İbrahim Şükürov. Onlardan heç biri artıq həyatda deyil. Onlar əsl vətənpərvər idilər. Mən isə onlara kömək edən yaşı otuzdan bir az çox olan gənc idim. Mən bütün həyatım boyu bununla fəxr edəcəyəm. Həm də ən çətin zamanda hamıya öz vətəninə qarşı vətəndaşlıq cəsarəti, mərdlik, qeyrət nümayiş etdirən üç azərbaycanlı ilə.

Hər zaman Lev Tolstoyun "bir az vicdanlı olmaq olmaz, necə ki, bir az hamilə olmaq olmaz" sözlərini xatırlayıram. Bu əhvalat bizim faciəmiz və o cür çətin zamanda kitab tərtib edənlər haqqındadır. Və bütün kömək edənlər haqqında. Bir çoxlarının yadındadır ki, kitabları nəşriyyatdan köynək və gödəkcələrinin altında gizlədib çıxardırdılar, onun nəşrinə necə kömək edirdilər. Ən əsası isə - artıq bizimlə olmayan, həyatdan köçən üç dostum. Mən onları çox doğru olaraq DOST adlandırdım, baxmayaraq ki, onlar yaşca məndən çox böyük idi.

Nazir Rəşid Mahmudov. Onun köməklik göstərdiyi yazıçıları sadalamaq çox çətindir, belə ki, onun zamanında jurnallar iki dildə nəşr olunurdu. O, tərifəlayiq, ləyaqətli övladlar və nəvələr tərbiyə edib. Mən onlarla dostluq edirəm. Ancaq o, "müasir insan" deyildi. Keçmiş yüksək vəzifəli məmurlar kimi "Şadlıq evi" tikdirmədi, restoranlar və başqa "obyektlər" açmadı.

Nəşriyyat direktoru Əjdər Xanbabayev. Müstəsna dərəcədə təmiz, namuslu, vicdanlı, alicənab və yüksək dərəcədə peşəkar insan. Mən onun 1989-cu ildə Moskva beynəlxalq kitab yarmarkasında necə işlədiyini görmüşəm. Bu insan ümummilli lider Heydər Əliyevin Bakıya qayıtması üçün öz həyatını verib, çünki o inanırdı ki, bizi düşdüyümüz vəziyyətdən ancaq o xilas edə bilərdi.

Jurnalist İbrahim Şükürov. İstedadlı jurnalist və bugünkü "qələm qardaşlarına" mənəvi nümunə. Ən çətin zamanda özünü vətənpərvər vətəndaş kimi göstərən insan. Heç kimin heç bir qonorar almadığını demək artıqdır. Bu bizim hamımız üçün təhqiredici olardı! Annotasiyanı mən özüm yazdım. O bu sözlərlə başlayırdı: "Qoy bu kitab fikirləşmədən danışmaq istəyən, milli ədavətin odunu üfürən hər kəs üçün çox ağır və acı bir xatırlatma olsun".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!