Tofiq Mütəllibovun 90 illiyinə
Neçə illərdir ki, dünyanın əksər efirində, bir sıra uşaq filmlərində, radioda, konsert salonlarında belə bir tanış mahnını eşidirik:
Cib-cib, cücələrim,
Cib-cib-cib-cib cücələrim.
Gözləyirəm tez gəliniz,
Göy çəməndə dincəliniz.
Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim,
Mənim göyçək cücələrim.
Arzum budur boy atasız,
Ananıza tez çatasız.
Bəzən heç fərqinə də varmırıq ki, bu mahnının sözlərini kim yazıb, bəstəçisi kimdi? Az qala qitələr, ölkələr aşan bu mahnının bəstəçisi Qənbər Hüseynli, sözlərinin müəllifi isə Tofiq Mütəllibovdur. Hər ikisi dünyasını dəyişsə də, mahnı yaşayır və deyim ki, əsrlər boyu yaşayacaq. Dünyaya neçə körpə nəsli gələcək, bu mahnı bütün uşaq mahnılarının tacı olacaq.
Tofiq Mütəllibov Azərbaycanın tanınan uşaq şairlərindən biri idi. Uşaq şeirlərindən və pyeslərindən ibarət neçə kitabı nəşr olunmuşdu. Sağlığında onu tez-tez məktəblərdə, uşaq bağçalarında balacaların əhatəsində görmək olurdu. O görüşlərdə Tofiq müəllim uşaqlara həsr etdiyi şeirlərini oxuyurdu, təbii ki, sözlərini yazdığı "Cücələrim" mahnısını da onların ifasında dinləyirdi. Şair üçün bundan da böyük bir fəxarət duyğusu olardımı?
Abbas Səhhətdən, Mirzə Ələkbər Sabirdən üzü bəri ədəbiyyatımızda neçə uşaq şairi yetişib: Mikayıl Rzaquluzadə, Mirmehdi Seyidzadə, Xanımana Əlibəyli, Teymur Elçin, Məstan Günər, Əzizə Əhmədova, Zahid Xəlil, Məmməd Namaz, Rafiq Yusifoğlu. Digər şairlərimiz də ara-sıra uşaq şeirləri, hekayələri qələmə alıblar. Uşaqlar üçün ədəbiyyat yaratmaq böyüklər üçün yazmaqdan daha çətindir. Gərək uşaqların psixologiyasına, onların dünyasına yaxşı bələd olasan. Bir az da özün uşaq olasan, ürəyi təmiz, saf, duru. Çünki uşaq dünyası bir naməlum adanın sirlərini öyrənmək qədər maraqlıdır. Tofiq Mütəllibov da uşaq dünyasının içindəydi. O, yüzlərlə uşaq şeiri yazıb, ən çox da məktəb yaşına çatmamış körpə balalar və kiçikyaşlı məktəblilər üçün. Demək olar ki, onların hələ qol-qanad açmamış arzularına, xəyallarına işıq tutub, bu körpələr aləminin qəribə, cəlbedici olaylarından söz açıb, sanki özü də o aləmin bir üzvünə çevrilib. Uşaqlarla sadə dildə danışıb, Vətəni, təbiəti, ata-ananı, babanı, nənəni onlara sevdirib. Əslində, uşaq şeirlərində T.Mütəllibov adi həqiqətləri qələmə alırdı, özü də uşaqların anlayacağı dildə. Məsələn, anası uşaq üçün balıq bişirib, süfrəyə gətirib. Amma uşaq o balığı yemir. Düşünür ki, bu balığı dəniz bəsləyib, o gərək süfrədə yox, dənizdə olaydı. "Kəklik balalarının Gözü yollarda qalıb. Anaları gəlməyir, Görəsən, harda qalıb?" - hansı zalım ovçusa ana kəkliyi vurub. Görəsən, "Qəlbi olan adam da Gözəlliyə qıyarmı? Onu vuran ovçunun Görən balası varmı?". Yaxud: o, uşaqlara təbiətdəki ayrı-ayrı cisimlərin (bulağın, çayın, daşın, qayanın) arzularından söz açır, bulaq coşqun çaya, çay dənizə, daş qayaya, qaya isə dağa çevrilmək istəyir. Təbii ki, bu informasiya uşaqlarda bir maraq oyadacaq. Ümumiyyətlə, T.Mütəllibov təbiətlə uşaqlar arasında ünsiyyət qurmağı bacarırdı. Baxın:
Almaz baxır ağaca:
- Nə qədər boş yuva var!
Şirin nəğmələri də
Aparıb qəşəng quşlar.
Birdən qaşı çatılır,
Gözü dolur Almazın.
Deyir: tez gəlsin bahar,
Yuvalar boş qalmasın.
Tofiq Mütəllibovu təkcə uşaq şairi kimi təqdim etmək istəmirəm. Onun keçən il çapdan çıxan ikicildliyinin birinci cildində lirik şeirləri toplanıb. Bu şeirlərdə T.Mütəllibov "incə rübablı şair" kimi diqqəti cəlb edir. İkicildliyə ön söz yazan professor Qəzənfər Paşayev və ədəbiyyatşünas, elmlər namizədi Qurban Bayramov onu belə adlandırmışlar. Onlar T.Mütəllibovun şeirlərindəki xalq ruhunu, vətənpərvərliyi, bütün insanları xoşbəxt görmək arzusunu, təbiət və torpaq sevgisini, gözəlliyi, məhəbbəti incəliklə vəsf etməsini yüksək qiymətləndirmişlər.
Uşaq şeirlərində olduğu kimi, lirik şeirlərində də T.Mütəllibovun dili aydın, səlis və təbii idi. Amma həm də obrazlı idi. Bir misal gətirək:
Xumargözlü bir gözəl
Seyr eləyir maralı.
Başı qarlı dağlara
Qanadlanır xəyalı.
Maral da bu gözələ
Baxır, baxır dərindən.
Bir heyranlıq oxunur
Qapqara gözlərindən.
Nə deyim bu lövhəyə
Nə ad verim bu hala?
Mənə elə gəlir ki,
Maral baxır marala.
T.Mütəllibov vətənpərvər şair idi. Azərbaycan, onun tarixi keçmişini, böyük sənətkarlarını, rəngarəng təbiətini çox şeirlərində vəsf edib. Amma mən bir şeiri barədə ayrıca söz açmaq istəyirəm: "Sev öz bağçanın da çiçəklərini" şeiri haqqında. Bu şeirdə o, Qərb mədəniyyətinə aludə olan, amma öz milli mədəniyyətini yada salmayan, ədəbiyyatını sevməyən müsahibinə deyir ki:
Tez-tez Pikassodan söhbət açırsan,
Bəhruz Kəngərli də qoy düşsün yada.
Söz düşsə, Bayronun üstə qaçırsan,
Unutma, Nizami var bu dünyada.
Dilin Balzak deyir, Borodin deyir,
Qlinka sinəndə döyünən ürək.
Yadından çıxarsa Vurğun, Üzeyir,
Sənə haram olar bu duz, bu çörək.
Demirəm ki, sevmə, sevmək gərəkdir
Dünyanın bu ölməz nəhənglərini.
Füzuli, Nəsimi yada düşsün bir,
Sev öz bağçanın da çiçəklərini.
Onun təbiətlə bağlılığı, sevgisi də lirikasının əsas xətlərindən biri idi. Deyirdi ki: "Çiçəkləri asta dərin, Yarpaq bizdən inciməsin". Deyirdi ki:
Qayaların döşündən
Töküldü şəlalələr.
Günəşi gətirdilər
İnci damlalarında
Qızardılar lalələr -
Gözəllikdir, gözəllik!
Vüqarlı palıdların
Əyilməyir qaməti.
Bağlanmışdır torpağa
Başı göydə olsa da
Yerdən alır qüvvəti -
Gözəllikdir, gözəllik!
O, həm də sevgi şairiydi. Özü də yaşanılan hisslərini, duyğularını qələmə alırdı. Bu şeirlərdə bədbinlik ona yad idi. Hicrandan, ayrılıqdan da yazırdı, vüsal şirinliyindən də. Təfərrüata varmaq istəməzdim. Dörd misralıq bir şeirinə müraciət edirəm:
Deyirlər ki, yaylıq bir ayrılıqdır,
Mənə yaylıq verdin, ayrılmadıq biz.
Köhnə etiqada qələbə çaldı
Könüllər oxşayan məhəbbətimiz.
Tofiq Mütəllibov bütün ömrünü mətbuata həsr etmişdi. "Pioner" jurnalında məsul katib, Radio-Televiziya Komitəsində baş redaktor işləmişdi. 1971-ci ildən ta ömrünün son gününə qədər (1992) "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Onun Dövlət Kukla Teatrında "Meşə nağılı" və "Danışan qayalar", Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulmuşdu. Əsərləri bir çox dünya dillərində çap olunub yayılmışdı. Bir tərcüməçi kimi də fəaliyyət göstərirdi. Əməkdar incəsənət xadimi, 300-dən çox mahnının müəllifi idi. "Dənizdə Ay çiməndə", "Eyvandan baxan qız", "İllər", "Yanımda sən olaydın", "Ay mənim özbək bacım", "Ay mənim əzizlərim", "Sənin xətrinə", "Sənin eşqin, mənim eşqim", "Bura məskənidir gözəlliklərin"... bu mahnılar indi də oxunur.
Tofiq Mütəllibovun anadan olmasının 90 illiyi Yazıçılar Birliyimizin "Natəvan" klubunda təntənə ilə qeyd olundu. Bütün çıxışlarda o, gözəl bir insan və şair kimi yada salındı. Cəmi 63 il yaşasa da, Tofiq Mütəllibov ədəbiyyatda əbədi yaşayanlardan biri kimi anılacaq. Çünki:
Əl çatmayan zirvə aşar,
Ürəklərlə doğmalaşar.
İllər keçər, ölməz, yaşar
Bizi bizdən alan sözlər.
Qüdrətini verməz bada,
Nəslimizi salar yada.
Biz gedərik, bu dünyada
Qoy var olsun qalan sözlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!