Linkə daxil olun: http://edebiyyatqazeti.az/news/incesenet/4960-men-olmagimin-tarixcesi
Mən Moskvaya nə bilik dalınca, nə Azərbaycan "qəfəsindən" (onu qəfəs saymırdım, axı) qurtulmaqdan ötrü getmişdim. Mən Moskvaya təklikdə yaşamaq sayəsində qızlar və kef dünyasında ilginc həyat sürmək arzusu ilə getmişdim. Bunun nəzəri əsaslandırılması da ola bilər: gənclər ya əsgərlikdə, ya yad yerdə yaşayanda püxtələşir. Bölgələrdə yaşayan gənclər üçün bu, Bakı həyatı idi, Bakıdakılar üçün Rusiya həyatı idi.
Azərbaycanla ilgili "qəfəs" sözünün qələmimdən çıxması bir olayla bağlıdır. Moskvada bir azəri qızla (görünür, ruslaşmış qızla) yataqda olmuş rus oğlan həmin qızın sözünə söykənib mənə söyləmişdi ki, sizin qızlar ölkənizdə özlərini qəfəsdə zəncirə bağlanmış sayırlar. Sözsüz, mən onu başa salmışdım ki, ruslaşmış azəri qızların bəzi məsələlərdə vətənləri ilə bağlı düşüncələrini saya salma. Ancaq bundan sonra Azərbaycanda qızların dar əxlaq qəfəsində özlərini duymaması üçün əxlaqi liberallaşma ilə bağlı düşüncələrimin doğruluğuna bir daha inanmışdım. Bizdə qızların heç olmasa İtaliya, İspaniya kimi katolik ölkələrində olan azadlığı olmalıdır. Azərbaycan mülki toplumda yaşayan heç kimə qəfəs olmamalıdır. Bu, mənim indiki düşüncəmdir, başlanğıcı isə həmin olaydan gəlir.
Hər bir adam haqqında çevrəsindəki dost-tanışı nəsə xarakteristikalar verir. Moskvadan qayıdıb Bakıda işləyəndə mənim haqqımda dostum Əli Abbasov Vaqif İbrahimoğluna bu xarakteristikanı vermişdi: Niyazi sibaritdir.
Əski yunanlar bu sözlə ləzzət və keflə yaşamağı sevən adamları bildirirdilər. Bu anlamda Moskvaya mən sibarit həyatla yaşamaq üçün getmişdim. Sözsüz, getməyimin başqa nədəni tələbəlikdən sonra aspiranturanın növbəti aşama (mərhələ) olması idi, ancaq deyə bilmərəm ki, mən aspiranturanın elə çox ölüsü idim.
İndi düşünürəm ki, yad şəhərə, özü də, azman şəhərə gedən, cibində qəpik-quruş olan, Moskva Dövlət Universitetində imtahana yaxşı cavab verməyə heç bir gümanı olmayan gənc dəhşətli həyəcan keçirməliydi. Mən isə elə bil yarıyuxuda idim, kefi, əyləncəni düşünürdüm, gerçəkliyin yaratdığı əngəllərin isə fikrini çəkib qanımı qaraltmırdım. Günlərimə bircə diş ağrısı zəhər qatırdı. Bir ordum şişmişdi, əzab çəkirdim. Həkimə getməyi sevməyən mən axırda getdim. Dişimi çıxarandan sonra mat qaldım: ağrıdan belə asan qurtulmaq olardısa, niyə indiyənəcən bunu etməmişdim?! Bu əqli nəticənin pis tərəfi o oldu ki, sonralar neçə sağaldılası dişlərimi də çıxartdırdm və indiki yaşımda tam mırıq qaldım.
60-cı illərdə Moskvada Qafqaz kişilərinin brutallıq, seksuallıq, əliaçıqlıq imici hələ gücünü saxlayırdı. Bunda Stalinin nüfuzu, gürcü filmlərinin etgisi vardı. Moskvaya gələn qafqazlı kişilərinin ağıllısı, bici, axmağı - çoxu bu rolu oynayırdı ki, uğur qazansın. Düzdür, bizim olduğumuz 70-ci illərdə durum bir az dəyişmişdi. Moskva qızlarında Latın Amerikasından, Ərəb ölkələrindən gələn oğlanlara maraq daha çox idi, çünki onlar cins şalvar, saqqız bağışlaya bilərdilər. Onlarla "Malboro" siqareti çəkmək olardı. Hərçənd, bu merkantil göstəricilərdən başqa, rus qızlarının gözündə yabançı ərəb, latinos oğlanlarının qafqazlılardan heç bir imic üstünlüyü yox idi. Elit ailələrdən çıxanların prioritetində qafqazlı oğlan olmasa da, yerdə qalan rus qızlarının gözündə onlar əsl kişi, əsl kavaler, əliaçıq, seksual gənclər kimi qalmaqda idilər. Mən də bəziləri kimi bu imicdən istifadə etməyə başladım və nəticəsi lap şitəndirdi. Bakıda çəkingən olan mən Moskvada qafqazlı ədası ilə idarələrə, kabinetlərə girib ərklə nəsə istəyə bilərdim (yadınıza salın "Mimino" filmində qızla görüşmək üçün mehmanxananın foyesinə düşən Valikonun qalant yerişini, duruşunu, onun bütün görünüşü içinin əda ilə dolduğunu göstərirdi). Beləcə, uşaq-muşaq olan mən dükanların arxa otağına girib (Bakıda buna ürəkmi edərdim?!) müdirlərdən altda olan ayaqqabını istəyə bilərdim. Onlar da bunu yeyirdilər. Küçədə "yeridir-yeri deyil"ə məhəl qoymadan qızla, qadınla söhbət salıb telefonunu ala bilərdim. Hər küçəyə çıxanda 5-6 yaraşıqlı qızdan telefon nömrəsini götürürdüm. Bunlardan yalnız bir-ikisi düz çıxmazdı. Bu yerdə Borxesin bir ideyasını yenə səsləndirim: hər sözdən bütün dünyaya səyahət var, ona görə hər sözdən sonsuzluğa çıxmaq olar. 10-15 il sonra "Fəlsəfə tarixində fəlsəfə" kitabımı yazanda Borxesin bu dedisindən Şellinqdə anlayışların sonsuzluğu ideyasını açmaq üçün istifadə etdim. Bu alman filosofuna görə, lüğətdə bapbalaca yer tutan "ağac", "su" kimi anlayışlar ona görə sonsuzdurlar ki, onlardan hər anlayışa, hər yerə çıxmaq olar. 1973-cü ildə isə Borxesi bilməsəm də qızları "bişirmək" üçün hər istənilən sözdən onlar üçün ilginc olan nəsnələrə, olaylara səyahət yapa bilirdim. Deyirlər ki, qızlar qulaqları ilə sevirlər. Beləsini görməmişəm. Ancaq başqasına ilginc olmaq istəyirsənsə, onu söhbətə tutmağı bacarmalısan. Qadınlarla bunu edəndə elə etməlisən ki, zəhlətökən görünməyəsən - bir az yumor, bir az "intellektual fırıldaq" (sonralar yazılarımda icad etdiyim termin). Görünür, bunları pis bacarmırdım, yoxsa nədən Moskvada məndən qat-qat effektli olan, üzlülüyü də az olmayan azərbaycanlı oğlanların çoxunun qızlarla ilgili uğurları elə də böyük deyildi?! Bizim yaşda olanların çoxu utancaq deyildilər, sadəcə, ünsiyyətcil olmaq istəkləri olduğu halda bu istəklərini gerçək etmək üçün özlərini hazırlamağı bilmirdilər.
Mən boşboğaz deyildim, ancaq, görünür, söhbət üçün konu tapan, dərəcəsində zarafatcıl, dərəcəsində qılıqlı olan oğlan idim. Ona görə də Moskvada "Bakı" Restoranının yanında aspirantlar və stajorlar üçün "DAS" (Aspirant və Stajorlar Evi) deyilən yataqxanadakı otaq qonşularımla dostlaşa bilmişdim. İmtahanlardan qabaq burada qonşum Misirdən imtahan verməyə gəlmiş Mahir idi (ingilissayağı "Məhir" deyirdim). Söyləyirdi ki, anası (ya nənəsi) türkdür, ancaq bəlkə də mənə xoş gəlmək üçün belə deyirdi. Bir yerdə o biri ərəblərin qibtə etdiyi əyləncəli günlər keçirirdik. Sözsüz, qızları mən tanış edirdim. Konkret yadımda qalan odur ki, Mahiri bir gözəl özbək qızı ilə tanış etmişdim. Qız Moskva Universitetinə bir aylıq təcrübəyə gəlmişdi. Mənimlə görüşən isə Stepanakertdən təcrübəyə gəlmiş erməni qızı idi, - qarayanız, psixi gərginliyi olan bir qız. O biri qızlar isə yadımda deyil.
Mahirin blok-blok "Kent" siqaretləri vardı, - Sovet adamını şaşırdan gözəllikdə, viskisi vardı. Belə məsələlərdə həyasız olmasam da o viskidən, siqaretlərdən bolluca istifadə edirdim, viskidən daha çox dişimin ağrısını kəsmək üçün. Yəqin, Mahir Misirdən gətirdiyi ehtiyatın necə əriməsindən dilxor olurdu, ancaq bunu mənə duydurmurdu ki, nəticə çıxarım (görünür, sərfəli qonşusunu itirmək istəmirdi). Bilmirəm niyə ağlıma gəlməmişdi ki, bəlkə bu, oğlana xoş deyil? Məndə, axı, başqasının malından istifadə etmək həyasızlığı yox idi. Bəlkə, Sovet adamının görməmişliyi gözümü tutmuşdu? Çox keçmədi bu görməmişlik dumanından ayıldım. 2000-ci ildən sonra isə Sovet insanının universal özəlliyi kimi görməmişliyi göstərən məqalə yazdım. Dilimizin bu gözəl sözünün, "görməmiş"liyin heç bir dildə oxşartısını tapmadım, ancaq, deyəsən, ermənilər, ya gürcülər onu bizdən götürüb "qormamiş" kimi işlədirlər. Beləcə, mən adi danışıq sözü olan "görməmiş"i mentalitet nəzəriyyəsi ilə bağlı elmi terminə çevirdim, indi isə bu terminin necə bizim Mediada gəzməsinə ləzzətlə tamaşa edirəm.
***
Mən giriş imtahanını verib Bakıya qayıdanda bir olayı Kamal sonralar min dəfə məni dolamaq üçün danışırdı. Deyirdi ki, Baksovetdən aşağı düşəndə Niyazi ilə rastlaşdım. Moskvadakı imtahanımızdan söhbətləşəndə qayıtdım ki, bilirsən də, mən kəsilmişəm. Niyazi isə heç olmasa yalandan heyifsilənməsini bildirməyib imtahanı necə verməsindən dil tökdü.
Məncə, düz deyirdi. Ancaq kimdə belə vecsizlik olmur?! 90-cı illərdə Karneginin Azərbaycanda populyarlaşmış kitabında deyilirdi: sən qılıqlı olmaq istəyirsənsə, söhbət edəndə həmsöhbətinin dərd-səri ilə maraqlandığını göstər, özündənsə az danış. Çünki hamı özünü danışmağı sevir, uzun-uzadı başqasının dərdinə qulaq asmağa hövsələsi çatmır. Karneginin bu bicliyini bilmədiyimizdən biz hamımız həmsöhbətimizin dərdinə hövsələ ilə qulaq asmadan özümüzdən danışmağa tələsirik.
İmtahanın nəticələri elan olunandan sonra yüksək ballara görə bizi aspiranturaya çağırdılar. Kamalı bilmirəm, ancaq mənə ona görə yuxarı bal yazmışdılar ki, bir yerə bircə namizəd idim. Məqsədli aspiranturanın üstünlüyü bu idi. İmtahan zamanı onu anlamadığımdan bir-qırnıq həyəcan keçirirdim. Bilsəydim ki, onsuz da qəbul olunacam, daha rahat olardım, partiya tarixindən darıxdırıcı materialları öyrənməyə vaxt sərf etməzdim. İndi yadıma düşür ki, ingilis dilindən imtahanda rus iştirakçılarının çoxundan irəli idim, çünki Mahirlə qırıldamaq təcrübəsini qazanmışdım və "yes"in yerinə amerikansayağı "ya, ya" deməklə müəllimənin saqqızını oğurlamışdım.
Moskva rusları bizim orada oxuduğumuz çağlarda aqressiv millətçi deyildilər, çox nadir hallarda qafqazlıya nifrətlə baxan rus və ya universitet müəlliminə rast gələrdin. Qızlar üçün bizlər Sovet adamı kimi maraqlı olmasaq da, Rusiyanın adamlarından daha çəkimli idik. Bu durum mənim millətçiliyimi gücləndirirdi. Özümü ruslar arasında əskik yox, enerjisinə, qızlarla asan tanış olub görüşdüyümə görə seçilmişlərdən duyurdum və bu da millətçiliyimi artırırdı.
Deməli, qəribədir, ruslar bizə pis baxsaydılar, bundan etiraz kimi millətçiliyimiz artardı (Amerikada zənci şovinizmi yarandığı kimi). Bizə rəğbət və sayğı ilə baxmaları öz gözümüzdə özümüzü böyüdürdü və bu da millətçiliyimizə təsir edirdi. Qəribəlik iki variantın ikisinin də millətçiliyə gətirməsi idi.
O çağlar (bəlkə indi də) azərilərdə rus qızları ilə bağlı yanlış inanış vardı ki, içird, əldə et. Sonra uşaqlara dedim: hansı içən rus qızı görmüsünüz? Mənə göstərin. Bu, rus qızları ilə bağlı bizimkilərdə olan yanlış mif idi, ona görə də qızlara qafqazlılar içki təklif edəndə qorxurdular ki, içirdib seksə məcbur edəcəklər. Bu qorxu, əslində, təkcə rus qızlarında yox, başqa yabançı qızlarda da vardı. Mənim yeniliyim o oldu ki, qızları otağıma çay, kofe içməyə çağırırdım, onlar da ürkmədən gəlirdilər.
Düzdür, otağa gətirib söhbətə tutandan sonra necə qucaqlamaq problemi vardı. Kimlərsə buna step/slou dansında qucaqlaşmaqla çatırdı. Ancaq hər halda situasiya gülməli idi, otaqda iki nəfər var və rəqs meydançasındaymış kimi dans edir. Mən isə qızı qaldırıb ovucunda falına baxanda yavaş-yavaş qucağıma salırdım. Bir dəfə gülmək üçün bunu dostlarım Zeynalla Əlinin qabağında etmişdim.
Bəs falın sözlərini necə düzüb-qoşurdum? Bunu qaraçılardan götürmüşdüm. Bir dəfə universitetə gələndə qaraçı qadın pul alıb falıma baxmışdı və sözlərinin doğruluğu məni şaşırtmışdı. Beləcə, qaytaracam deyə-deyə məndən cibimdəki axırıncı pulu alıb aradan çıxmışdı. Sonra onun sözlərini düşünüb tapdım ki, fal adı ilə insanlar üçün universal nəsnələri söyləyirlər və bu, qaraçı falabaxma sənətinin böyük psixoloji tapıntısıdır. Örnəyin, hamı xasiyyətini dəyişdirmək istəyir. Qaraçılar bunu da sənə deyirlər və sən onun fal bəsirətinə mat qalırsan. Bundan sonra mən başladım qızlar üçün universal nəsnələri tapıb deməyə (burnundan narazısan, ürəyin istəyən oğlan urcahına çıxmır və s.). Bunu o çağda mənim analitik ağlıma tanıq (şəhadət) saymaq olarmı? Özünüz deyin.
Moskvada oxuyanda əyyaş rus kişilərini çox az görürdüm. Bircə bəzən içki mağazasına girəndə oradakı növbədən və sərxoşlardan bilirdim ki, Bakıya baxanda burada onlar çoxdurlar. Bakıda içkilər qastronomun içində idi, Moskvada isə ayrıca mağazalarda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!