Əhməd Cəfəroğlu - 120
Ə.Cəfəroğlunun 120 illik yubileyi səssizliklə başa çatır. Mənim də iştirak etdiyim vətəni Gəncədə keçirilən bir konfrans və AMEA Şərqşünaslıq İnstitutunun elmi sessiyasını nəzərə almasaq, bu böyük alimin adı yaradıcılığına layiq şəkildə anılmadı. Hər halda görkəmli dilçi, türkoloq, ədəbiyyatşünas, tarixçi, redaktor, folklorşünas alimin yaradıcılığı və fəaliyyətinə adekvat olmadı. Bunu da Azərbaycan elmi camiəsinin passivinə yazsaq, yəqin ki, heç kim bizi qeyri-obyektivlikdə günahlandırmaz. Elmi konfransında etdiyim məruzə əsasında yazdığım bu məqalə də mövcud boşluğu doldurmaq məqsədi daşıyır. Ə.Cəfəroğlunun son dərəcə zəngin və məhsuldar yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələləri mühüm yer tutur. Ədəbiyyatla bağlı araşdırmaları iki istiqamətdədir: nəzəri və ədəbiyyat tarixçiliyi. Hər iki istiqamətdə tədqiqatçının araşdırmaları mühacirət ədəbiyyatşünaslığını zənginləşdirir və yeni imkanlar açır. 20-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində yaşayıb yaratmış ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı və ədəbiyyat tariximizdəki mövqeyi haqqında bu gün də əhəmiyyətini itirməyən araşdırmaları vardır. Onun bu araşdırmaları ədəbiyyat tariximizin yazılmasında önəmli rol oynayır. "Azəri Türk", "Türkiyyat məcmuəsi", "Türk yurdu", "Azərbaycan Yurd bilgisi" və s. məcmuələrdə həm Azərbaycan folkloru, həm də ədəbiyyatı haqqında silsilə araşdırmaları onun sistemli şəkildə ədəbiyyatın problemləri ilə məşğul olduğunu göstərir.
Bu araşdırmalardan "XVII əsr Azəri şairi Məlik bəy Avcı" silsilə məqalələrində şairin həyatı, yaradıcılığı ədəbiyyat tariximizdə ilk dəfə olaraq araşdırılırdı. M.Avcının altmışdan çox qəzəli məhz Ə.Cəfəroğlu sayəsində Berlin kitabxanasından aşkara çıxarılaraq transliterasiya olunmuş və nəşr edilmişdir. Araşdırmada M.Avcının dövrü, mühiti, yaradıcılıq xüsusiyyətləri təhlil edilirdi. Şeirlərinin dili etibarilə şairi Füzuli və Xətai ilə müqayisə edərək özünəməxsus yer tutduğunu və Azəri-türk şivəsinin incəliklərini yaşatdığı qənaətinə gəlirdi. Təəssüf ki, bu şair hələ də Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməmişdir. Sovet dövründə yazılan ədəbiyyat tarixlərində bunu başa düşmək olardı, çünki o zaman siyasi mühacir olan Ə.Cəfəroğluna istinad etmək mümkün deyildi. Ancaq müstəqillik dövründən bəri bu şairin ədəbiyyat tarixinə və elmi dövriyyəyə daxil edilməməsini heç cür başa düşmək olmur.
"XIX əsr Azəri şairi Siraci" araşdırması Seyid Həmzə Nigarinin oğlu Siracinin yaradıcılığına həsr edilib. Əvvəlcə məqalə şəklində "Azərbaycan Yurd Bilgisi"ndə çap etdikdən sonra gənc və vaxtsız vəfat etmiş şairin 12 qəzəli, bir tərkibbəndi, iki müxəmməsi, bir farsca qəzəlini kitab şəklində çap etdirmişdir. Maraqlı cəhət orasındadır ki, Ə.Cəfəroğlu bu kitabını görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin "əziz ruhuna" ithaf etmişdir. Bu isə tədqiqatçının F.Köçərli yaradıcılığına verdiyi qiymətlə yanaşı, ədəbiyyatşünaslığın onun yaradıcılığında prioritet istiqamətlərdən biri olduğunu göstərir. Tədqiqatçı kompleks şəkildə Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərinə, problemlərinə və şəxsiyyətlərinə nəzər salaraq yeni elmi nəticələrə gəlir. Bu qənaətlərin bir çoxu ədəbiyyat tarixçiliyində bu gün də əhəmiyyətini qoruyub saxlayır. ƏCəfəroğlunun onlarla araşdırmalarında ayrı-ayrı Azərbaycan klassiklərinin yaradıcılığına müraciət edilərək tarixçilk nöqteyi-nəzərindən təhlilə cəlb edilir. Bu araşdırmalar içərisində Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi problemi başlıca yer tutur. Ona görə ki, Ə.Cəfəroğlu bu məsələləri araşdırarkən dövrləşdirmə problemi Azərbaycanın özündə də hələ nəzəri həllini tapmamışdı. Ədəbiyyatın dövrlərlə öyrənilməsi və öyrədilməsi və bu istiqamətdə araşdırmalar ilk olaraq Avropada təşəkkül tapmışdır. Alman alimi Riçard Meyer, M.Friçe, Fridrix Kummer, rus alimləri V.L.Qordlevski, V.N.Perets ədəbiyyatı dövrlərə ayırmanın əhəmiyyətini xüsusi vurğulamış və dərketmədə dövrləşdirmənin rolunu müəyyən etməyə çalışmışlar. M.F.Köprülüzadə də özünün "Türk ədəbiyyatı tarixi" və "Yeni Osmanlı ədəbiyyatı" adlı əsərlərində Avropa üsullu bölgülərdən istifadə etmişdir. Ə.Cəfəroğlunun da məqalələrində yeni tipli bölgülərə rast gəlirik.
Ə.Cəfəroğlu dövrləşdirmə sözünü işlətməsə də, Azərbaycan ədəbiyyatının tədqiqində özünün bölgülərini təqdim etmişdir. Bu bölgülərin təhlili tədqiqatçının ədəbiyyatımızın tarixi inkişaf yolu ilə bağlı aydın bir dövrləşdirmə prinsipinə malik olduğundan xəbər verir. "Azərbaycan türklərinin ədəbiyyatı", "Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış", "Qaraxanilər dövrü türk ədəbiyyatı", "Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri" (5 məqalə) və s. məqalələrində dövrləşdirmə konsepsiyası elmi prinsiplərlə bəlirlənir. Bu konsepsiyada Azərbaycan ədəbiyyatının necə adlanması da əsas yer tutur. Belə ki, müəllif xalqın milli ədəbiyyat tarixini "Azərbaycan türk ədəbiyyatı", "Azəri ədəbiyyatı" olaraq təqdim edir. Nəzərə alsaq ki, bu zaman sovet Azərbaycanında milli bədii düşüncəmiz "Azərbaycan ədəbiyyatı" adı altında təqdim olunurdu, onda fərqli baxışı aydın görmək mümkündür. Tədqiqatçı bu ad altında Qafqaz, Azərbaycan (Şimali və Cənubi), İran, İraq və Şərqi Anadolu bölgələrində yaşayan türklərin bədii, ədəbi düşüncəsini nəzərdə tutur və onu ümumtürk ədəbiyyatının bir qolu hesab edirdi. Elə bir mühüm qolu ki: "Azərbaycan ədəbiyyatı türkmən və cağatay (müştərək Orta Asiya) ədəbiyyatları ilə Türkiyə türklərinin ədəbiyyatlarını bir-birinə bağlayan körpü vəzifəsini daşımışdır".
Tədqiqatçı XV əsrə qədərki Azərbaycan ədəbiyyatını ümumi başlıq altında araşdırır. Ədəbiyyatın başlanğıcını isə türk xalqının tarix səhnəsinə gəlməsi, yəni VII yüzildə bu ərazilərə sakların və hunların gəlməsi ilə başlayır. VII yüzildən sonrakı ədəbiyyatı isə ərəbdilli Azərbaycan ədəbiyyatı və farsdilli Azərbaycan ədəbiyyatı kimi müəyyənləşdirir. Bu da təbiidir, çünki tədqiqatçının əlinin altında bu dövrə aid ədəbi nümunələr ərəb və farsdilli nümunələr olmuşdur. Tədqiqatçının bu cür başlanğıc götürməsində, fikrimcə, Azərbaycanda aparılan tədqiqatların da təsiri az olmayıb. Görünür, Ə.Cəfəroğlu Azərbaycanda bu sahədə aparılan tədqiqatlarla tanış idi. Çünki məqaləsində Azərbaycan alimi Malik Mahmudovun "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər. VII-XII əsrlər" araşdırmasına istinad edir. Farsdilli Azərbaycan ədəbiyyatının xüsusiyyətlərini qeyd edən tədqiqatçı Q.Təbrizi, X.Təbrizi, X.Şirvani, M.Gəncəvi, N.Gəncəvi kimi ədəbi şəxsiyyətlərin ədəbiyyat tariximizdəki yerini və mövqeyini müəyyənləşdirir. Bölgüsündə anadilli ədəbiyyatı Həsənoğlunun məlum qəzəli ilə başlayır və bu dövrü "Azəri ədəbiyyatının qısamüddətli formalaşma" dövrü kimi səciyyələndirir. Anadilli ədəbiyyat olaraq tədqiqatçının Azərbaycanda yazılan araşdırmalardan fərqli mövqe sərgiləyir. Birincisi, dövrün görkəmli şairlərindən biri kimi, ilk dəfə olaraq Qazi Bürhanəddini "Azəri türkcəsinin özəlliklərini yaşadan" şairlərdən biri kimi qələmə verir. İkincisi, 1928-ci ildə türk alimi Tələt Onay tərəfindən elm aləminə tanıdılmış "Dastani Əhməd Hərami" əsərini "Azərbaycan-Anadolu müştərək ədəbi nümunəsi" hesab edir. Hər iki fakt uzun illər Azərbaycanda yazılan ədəbiyyat tarixlərinə salınmamış, yalnız 80-ci illərdən sonra milli ədəbi nümunə kimi həqiqi qiymətini almışdır.
Anadilli Azərbaycan poeziyası ilə bağlı tədqiqatçı Nəsimi yaradıcılığı üzərində geniş dayanır. Şairin yaradıcılığına verilən qiymətdə aşağıdakı fikirləri diqqət çəkir: "Nəsimi təəssübkeş təriqətçi olmaqla yanaşı, həm də mistik düşüncə sahibi bir şair idi. Azəri türkcəsinə gerçək ədəbi şəkil verən və onu Azəri şeirinin təməlinə çevirən Nəsimi olmuşdur". O, Nəsimini həm də özünün tuyugları ilə Qazi Bürhanəddindən sonra bu janrın ən mükəmməl örnəklərini yaradan bir şair olaraq təqdim edir.
Ə.Cəfəroğlunun Azərbaycan ədəbiyyatının XV əsrindən sonrakı inkişafını aşağıdakı bölgü ilə müəyyənləşdirir:
1) XV-XVI əsrlər ədəbiyyatı
2) XVII-XVIII əsrlər ədəbiyyatı
a) Aşıq ədəbiyyatı
b) Klassik ədəbiyyat
3) XVIII əsr ədəbiyyatı
4) Müasir Azərbaycan ədəbiyyatına keçid dövrü
XV-XVI əsrləri Azərbaycan mədəniyyəti sahəsində böyük inkişaf dövrü hesab edən Ə.Cəfəroğlu dövrün ədəbi prosesini dəqiqliklə müəyyən edir. Bu dövrdə əsasən lirik şeirlər üstünlük təşkil etsə də, Xətainin Sultan Yaquba həsr etdiyi "Yusif və Züleyxa" və Təbrizli Şakirin eyniadlı məsnəvilərini, eləcə də şair Zamirinin və Füzulinin "Leyli və Məcnun" məsnəvilərini fərqləndirir. Tədqiqatçı M.Füzuli yaradıcılığına yüksək qiymət verərək "Azəri və Anadolu türk ədəbiyyatının ən böyük şairi" kimi səciyyələndirir. M.Füzulinin türk ədəbiyyatına təsir coğrafiyasını isə belə müəyyənləşdirir: "Balkanlardan Şərqi Türküstana qədər bütün türk dünyasında özündən sonra gələn ədəbi nəsilləri təsiri altında saxlamaq baxımından o, yalnız Nəvai ilə müqayisə oluna biləcək müstəsna ədəbi şəxsiyyətlərdəndir... Azəri ədəbiyyatı üzərindəki təsiri o qədər böyük və güclü olmuşdur ki, yalnız XX əsrin başlanğıcında Sabir bu təsiri qıraraq Azəri şeirinin üfüqlərini açmış, yolunu dəyişdirə bilmişdir".
Azərbaycan ədəbiyyatının özünün ən yüksək inkişaf mərhələsini yaşamasını "Səfəvi xanədanının himayəsi ilə" bağlayır. Burada bir çox şairlərin yaradıcılığına diqqət yetirilməklə yanaşı, dövrün ədəbi prosesinin xarakteri də açılır. Xüsusilə, Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövründə Azərbaycan türkcəsinin sarayda və həyatda geniş işlənməsinin şairlərin bədii yaradıcılığına da təsiri məsələlərinə toxunulur. Bu dövrlə bağlı Ə.Cəfəroğlunun ədəbiyyat tarixi düşüncəsində iki amil başlıca rol oynayır. Bunlardan biri Hamidinin yaradıcılığını Azərbaycan ədəbiyyatı tarixinə daxil etməsidir. Məlumdur ki, türk alimi İsmayıl Hikmət də Hamidini Azərbaycan şairi hesab edərək özünün "Azərbaycan ədəbiyyatı tarixi" kitabında geniş yer vermişdir. Lakin ondan sonra da Azərbaycanda yazılan ədəbiyyat tarixlərinə bu şairin adı daxil edilməmişdir. Ə.Cəfəroğlu da Hamidi yaradıcılığını mühacirət ədəbiyyatına aid edir və ədəbiyyat tariximizdəki yerini doğru bəlirləyir.
Ə.Cəfəroğlunun dövrlə bağlı araşdırmasının ikinci əhəmiyyəti Azərbaycandan Osmanlıya köç edən mühacir şairləri milli ədəbiyyatşünaslığımızda ilk dəfə ortaya çıxarmasıdır. Bu dövrdə Azərbaycandan Osmanlıya gedən Süruri, Şahi, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Arifi, Qasimi, Hafizi, Xəzani, Həsiri, Bidari, Haşimi və b. onlarca şairi mühacirət ədəbiyyatının nümayəndəsi olaraq təqdim edir. Burada önəmli olan tədqiqatçının Azərbaycandan gedən şairlərin yaradıcılığının hansı kontekstdə öyrənilməsinin doğru təsbitidir. Təəssüf ki, Ə.Cəfəroğlunun bu təsbitindən əlli il sonra da mühacirət ədəbiyyatının tarixi yanlış olaraq XX yüzilə gətirilir. Ə.Cəfəroğlu o zaman mühacirət edən qırxa yaxın şairdən Hamidi və Haşiminin yaradıcılığını yüksək qiymətləndirir.
XVII-XVIII əsrlər ədəbiyyatını iki istiqamətdə - aşıq və klassik Azərbaycan ədəbiyyatı istiqamətlərində araşdıran Ə.Cəfəroğlu hər iki istiqamətin inkişaf tendensiyasını müəyyənləşdirir. Bu dövrdə yaranan aşıq şeiri və dastanların bu ənənənin ən parlaq dövrü kimi səciyyələndirir. Bəzi dastanların sırf Azərbaycan ədəbi məhsulu, bəzilərinin isə türklərin yayıldığı coğrafiyaya mənsub olduğu fikrinə gəlir.
Ə.Cəfəroğlu XVIII yüzil Azərbaycan ədəbiyyatını ayrıca başlıq altında araşdırır və dövrü müasir Azərbaycan ədəbiyyatının "müjdə"sini verən ədəbiyyat olaraq xarakterizə edir. Əgər XIX yüzil ədəbiyyatının realist ədəbiyyatı olduğunu nəzərə almış olsaq, onda Ə.Cəfəroğlunun bu təsbitini erkən realizm dövrü kimi də səciyyələndirmək olar. Tədqiqatçının bu dövrdə yazıb yaratmış şairlər üçün "...xalq arasında yetişən sənətkarlar da Şah İsmayıl Xətaidən başlayan türk şeir cərəyanına qoşulmuşdular" qənaəti kifayət qədər əsaslı görünür.
Azərbaycan ədəbiyyatı tarixçiliyində "XIX əsr Azərbaycan ədəbiyyatı" kimi verilən bu dövr Ə.Cəfəroğlunun dövrləşdirmə konsepsiyasında "Müasir Azərbaycan ədəbiyyatına keçid dövrü" olaraq götürülür. Bu cür bölgü zamanı üçün doğru səslənir. Belə ki, sonrakı ədəbiyyatşünaslıqda da bu dövr "Yeni dövr Azərbaycan ədəbiyyatı" kimi verilir. Həmin dövrü məhz ədəbiyyatın mahiyyətinin dəyişməsi kimi səciyyələndirməsi də sonrakı ədəbiyyatşünaslıq tərəfindən təsdiq olunur. Ə.Cəfəroğlu belə bir fikrində tamamilə haqlı görünür ki, "Müasir Azərbaycan ədəbiyyatı İran Azərbaycanından daha çox Qarabağ, Tiflis, Bakı və Gəncə mərkəz olmaqla Şimali Qafqazda böyük inkişaf imkanları və şəraiti qazanmışdı". Bu doğru təsbiti Azərbaycan ədəbiyyatının yeni məkana transfer olunması baxımından xeyli maraq doğurur. M.P.Vaqif və M.V.Vidadini yeni ədəbi məktəbin nümayəndələri kimi verir və bu ədəbi məktəbin əski divan şeirinə bağlı qalmaqla yanaşı, xalq üslubunda qoşma və gəraylılar yazmalarını yüksək qiymətləndirir.
Ə.Cəfəroğlunun Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini dəyərləndirməsi digər məqalələrində də davam edir. "Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış" məqaləsində ədəbiyyatın XIX yüzilin ortalarına qədər şəkil etibarilə əski klassik şeir ənənələrinə sadiqliyi, ancaq A.Bakıxanov və M.F.Axundzadə ilə fərqli bir inkişaf mərhələsinə qədəm qoyduğu qənaətinə gəlir. Xüsusilə M.F.Axundzadənin dram və nəsr əsərləri yazması ilə "türk ədəbi fikrində inqilabi dəyişiklik etmişdi" qənaəti öz təsdiqini tapır. Ə.Cəfəroğlu XIX yüzilin ortalarından başlayan və XX yüzilin əvvəllərinə gedib çıxan mədəni bədii düşüncəyə modern ədəbiyyat gözü ilə baxır və A.Bakıxanov, M.Ş.Vazeh, Nəbati, Q.Zakir, N.Vəzirli, C.Məmmədquluzadə, H.Zərdabi, Ə.Haqverdili, S.S.Axundzadə, S.M.Qənizadə, M.Ə.Sabir, Ə.Müznib, S.Mənsur, C.Cabbarlı, M.S.Ordubadi və b. ədiblərin ədəbiyyatımızdakı yerini, mövqeyini müəyyənləşdirməyə çalışır.
Ə.Cəfəroğlu Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində milli mətbuata da geniş yer vermiş və H.Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzetinin ictimai fikir tariximizdəki yerini bəlirləyir. "Əkinçi"dən sonra fasilələrlə bir-birini əvəz edən qəzetlərin adını çəkməyərək "Azərbaycanda həqiqi qəzetçilik fəaliyyəti Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadə tərəfindən 1905-ci ildə təsis olunan "Həyat" və "İrşad"la başlamış, 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan "Açıq söz"lə özünün müasir inkişaf mərhələsinə yüksəlmişdir" nəticəsinə gəlir. "Açıq söz" qəzetindəki milli ideyaları şeirdə yaşadanlar Ə.Cavad və Əli Yusif kimi şairlərin olduğuna diqqət çəkir.
Ə.Cəfəroğlu Sovet dövrü Azərbaycan ədəbiyyatına da nəzər yetirmiş C.Cabbarlınıın açdığı cığırla Mirzə İbrahimli, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Sabit Rəhman, Süleyman Rəhimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və b. Azərbaycan ədəbiyyatının canlanmasına səy göstərdiyini yazır. Azərbaycan dramaturgiyasının inkişafından bəhs edərkən yazır: "Bu sənətkarlardan Səməd Vurğunun dramatik faciələrində istiqlal və hürriyyət müdafiə edilir. Azərbaycan ədəbiyyatının milli rəngləri onun şeirlərində özünün işıqlı əksini tapmışdır. Səməd Vurğun lirizminin əsasını şairin vətənə bağlılığı və xalqın sevgisi təşkil edir. Əvvəllər sevilən, lakin sonra gözdən düşən Sabit Rəhman da dövrünün həqiqi tiplərini və onların həyat mücadilələrini ustalıqla təsvir etməyi bacaran səmimi bir sənətkardır". Ə.Cəfəroğlu araşdırmasında Cümhuriyyətin süqutundan sonra zəifləyən milli, vətənpərvər şeir cərəyanının nümayəndəsi kimi Gültəkinin adını çəkərək "O, öz şeirlərində Azəri vətənpərvərliyini lirik hisslərlə, qüvvətli dil və mükəmməl şeiriyyətlə əbədiləşdirə bilmişdir" (4, 153) kimi qiymətləndirir.
Ə.Cəfəroğlunun Azərbaycan ədəbiyyatının araşdırılmasında ən böyük xidmətlərindən biri Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsini ilk dəfə dəyərləndirməsidir. Hətta görkəmli alim bu dövrü bir mərhələ kimi götürür. Onun təqdimatında bu mərhələ Azərbaycanın Rusiyaya birləşdirilməsindən başlayır. Rus işğalı nəticəsində yaranan Azərbaycan istiqlal ədəbiyyatı vətəndəki ədəbiyyatşünaslıqda əks olunmamışdı. Ə.Cəfəroğlu bu istiqlal ədəbiyyatını aşağıdakı şəkildə təsnif edir:
1. Cavad xanın mücadiləsi ilə bağlı dastanlar və şeirlər;
2. Şimali Qafqazın müdafiəçisi Şeyx Şamil haqqında şeirlər;
3. Qaçaq dastanları və aşıq ədəbiyyatında rus istilasının əksi;
4. Azərbaycan vətənpərvər şeir məktəbi və milli cərəyan;
5. Son mühacirət dövrünün istiqlal şeirləri.
Ə.Cəfəroğlunun bu bölgüsü Azərbaycan ədəbiyyatında milli istiqlal mübarizəsinin izlərini və formalarını izləməyə tamamilə imkan verir. Məlumdur ki, Azərbaycanda yazılan ədəbiyyat tarixlərində bu bölgünü tətbiq etmək, bu mövzuda yazılan əsərləri təhlilə cəlb etmək mümkün deyildi. Təəssüf ki, Rusiyanın Azərbaycana gəlişi ilə başlayan ədəbiyyatımızdakı bu mərhələ ilə bağlı yazılan əsərlər zamanında toplanmadığından əlimizin altında nümunələr azdır. Buna baxmayaraq, Ə.Cəfəroğlu dastanlardan, eşitdiklərindən, S.Mümtazın "El şairləri" kitablarından topladığı nümunələrlə bu əskikliyi aradan qaldırır. Ədəbiyyat tarixlərimizdə ancaq adı çəkilən Əbdürrəhim ağa Dilbazovun "Gəncə qırğını" şeirinə istinad edir. Ə.Cəfəroğlunun gətirdiyi bu nümunələr Gəncə xanı Cavad xan və oğlunun apardığı mübarizəni milli istiqlal mübarizəsi kimi səciyyələndirməyə əsas verir.
"Azəri xalq ədəbiyyatında istiqlal mücadiləsi izləri" adlı üçüncü məqaləsində xalq ədəbiyyatından bəhs edərək "Azəri xalq ədəbiyyatında rus istilasının ən sərt, inadkar düşmənləri el aşıqları və şairləri olmuşdur" qənaətinə gəlir. Ümumiyyətlə, "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" məqalələri ədəbi tarixi düşüncəmizin qiymətləndirilməsində olduqca əhəmiyyətli mənbədir. Bu dövrləşdirmədən ədəbiyyat tariximizin yazılması üçün istifadə etmək, bu istiqamətin ədəbiyyat tariximizdəki yerinə vətəndaşlıq hüququ qazandırmaq çağdaş ədəbiyyat tarixçilərinin işi olmalıdır.
Əhməd Cəfəroğlunun ədəbiyyat tariximizin dövrləşdirilməsi yönündə araşdırmalarının yalnız bir hissəsinə nəzər yetirdik. Əslində isə onun yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələləri önəmli bir yer tutur. Xüsusilə, ədəbiyyat tariximizin dövrləşdirilməsi problemi yönündə bu araşdırmalar böyük əhəmiyyət daşıyır. Ə.Cəfəroğlunun dövrləşdirməsində Azərbaycanda aparılan tədqiqatlara uyğun gələn yerlərlə yanaşı, tamamilə yeni aspektdən dəyərləndirmələri tədqiqatçının fərqli bir dövrləşdirmə konsepsiyasına malik olduğunu göstərir. Azərbaycan ədəbiyyatının istiqlal mücadiləsinin təsbiti və bu sahədəki qiymətli araşdırmaları isə ədəbiyyatşünaslığımıza yeni bir baxışdır. Çağdaş ədəbiyyatşünaslarımız bu istiqamətdə yeni araşdırmalar aparmalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!