Üsküdar gözləri dolmuş təpələrdən baxaraq... - Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla söhbət - Azər TURAN

Azər TURAN

 

Dekabrın 31-də Feyzavər Alpsarın 100 yaşı tamam olacaq.

Feyzavər xanımla müxtəlif vaxtlarda çox görüşlərimiz olub.

İstanbulda Şişli səmtindəki evində ona bir neçə dəfə baş çəkmişəm.

Bir yerdə İstanbul Universitetində Əli bəy Hüseynzadəyə həsr olunmuş konfransda iştirak etmişik.

Bir yerdə Qaracaəhməddə Əli bəy Hüseynzadənin məzarını ziyarət etmişik.

Bir yerdə İstanbuldan Ankaraya səfər etmiş, müxtəlif universitet və Araşdırma Mərkəzlərində Əli bəy Hüseynzadəyə həsr olunmuş tədbirlərə qatılmışıq.

Sonuncu söhbətimiz isə telefonla oldu.

Ötən il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım "Dostluq" ordeni ilə təltif edildi. Bu xəbərin sevincini bölüşmək üçün ona zəng vurdum. Xəbərsiz idi. Təvazökarlıqla "mən nə etdim ki? - dedi - Sağ olsun sayın Aliyev, bunu Türk Kültürünün büyük mütefekkiri atam için sevinçle karşılayıram".

İndi yüz yaşı tamam olur. Bu münasibətlə Feyzavər xanımla bir kitablıq söhbətlərimizdən bir parçanı təqdim edirəm.

Azər TURAN

İstanbul. Şişli.

Halaskar Gazi caddəsi

Mənzilinin qapısını xidmətçi xanım açdı... Görüşünə tələsdiyim evin sahibəsini bir neçə dəqiqə gözləməli oldum. Gəldi. Sanki Əli bəydir... Xırda yerişli, cəld, qıvraq bir Feyzavər abla. Qucaqlayıb bağrıma basdım. Beləcə bir müddət sakitcə, donmuşca, kirimişcə qaldıq.

İri və işıqlı pəncərəsi Halaskar Gazi caddəsinə açılan orta salonda əyləşdik.

- Çaymı, kahvemi?

- Çay, - dedim.

Xidmətçisini səslədi:

- Əminə, çay..

- Sizə Salyan nabatı gətirmişəm.

"Nabat" onun üçün məchuldur.

- Pardon, - deyir, - anlamadım.

- Nabat babanızın doğulduğu Salyanda çox məşhur bir tatlıdır.

- Öyləmi? - deyib, bir parça nabat alır. Bir nabatı bir fincan çayla içir, - dediyiniz kimi varmış, çox tatlıdır...

- Əli bəyin gözləri nə rəngdəydi?

- Mavi yaşıl arası bir rəngdə. 

- Babanız əsasən hansı xörəklərə üstünlük verirdi?

- Yeyəcəklərdən daha çox badımcandan hazırlanmış xörəklərə üstünlük verirdi.

- Bakıdan ayrılarkən onun şərəfinə verilən ziyafətdə plovu el adətincə - əllə yeyib.

- Babamın pilavı əllə yediyini heç görmədim. Pilavı pirinçin (düyünün) son danəsinə qədər yeyərdi. Əl əməyinə ayrıca önəm verərdi. Biz pilav yeyərkən onu becərib-biçən insanların çamurlu (palçıqlı) torpaqlardakı əməyini xatırladardı. "Pirinç toplamaq əmək işidir, tabaqda buraxmayın", - deyərdi.

- Ədhiyyə xanımla nə zaman evlənmişdilər?

- 9 haziran (iyun) 1912-ci ildə. Annəm babamdan 24 yaş kiçik idi.

- Necə tanış olublar?

- Necə tanış olduqlarını, bir-birini necə bəyəndiklərini bilmirəm. Bu barədə bir bilgim yoxdur. Çünki evimizdə heç zaman bu barədə danışılmazdı...

- Ananız Ədhiyyə xanımın dədə-babası kimlər olub?

- Annəm əslən çərkəz idi. Süvari zabiti Şəmsəddin bəylə Xədicə xanımın qızı idi. Xədicə Özbək İstanbuldan, Boğaziçindən - Bəylərbəyidəndi... Deyirlər, dədəm Şəmsəddin bəy Səlim abiyə bənzəyirmiş...

- Şəmsəddin bəyin fotosu varmı? Qalırmı?

- Əvət, qalmalıdır, - deyib Feyzavər xanım ayağa qalxdı. Yan otağa keçdi. Qayıdanda əlində Şəmsəddin bəyin fotosu vardı.

- Siz Əli bəyin üç övladından biri və yaşayan tək övladısınız. Əli bəyin övladlarının doğum tarixlərini danışın.

- Səlim abimlə Saida Nuri-Osmaniyyədəki evdə anadan olublar. 1914-cü il nisanın (aprelin) 6-da, bazar ertəsi, axşam saat 8-də Saida bəyim, 1915-ci il haziran (iyun) ayının 9-da, çərşənbə günü səhər saat 11-də Səlim abim dünyaya gəlib. Səlim doğulandan sonra babamgil Osmaniyyədəki evdən köçüblər. Nuri-Osmaniyyə ilə paralel caddədə yaşayanda - 1919-cu ilin aralıq ayının 31-də mən doğulmuşam...

- Əli bəyin övladları kiminlə ailə qurdu?

- Səlim Turan 1917-ci təvəllüdlü Şahika xanımla, Saida Mustafa Santurla ailə qurub. Saida abla Fransada burs qazandı. Lion Universitetini matematik üzrə oxudu. Ali təhsil alıb qayıtdı. Atatürk qız lisəsində matematik öyrətməni oldu. 2002-ci ildə İstanbulda dünyasını dəyişdi.

- Onundamı məzarı Qaracaəhməddədir?

- Yox, Qaracaəhməddə deyil, İstanbulda Zincirlikuyu məzarlığında bulunmaqdadır...

- Bəs siz kiminlə ailə qurdunuz?

- Mən İstanbul doğumlu Məhməd Əli Alpsarla evləndim. Əmniyyət görəvlisi idi. Atası İsmayıl Kamal Alpsar Sivas valisiydi. İsmayıl Kamal bəyin eşi nənəm Xədicə xanımın süd qardaşıydı.

İsmayıl Alpsarın eşi Feyzavər xanımın nənəsi Xədicə xanımın necə süd qardaşı ola bilərdi? Təəccübləndim. Axı Əli bəyin anası Xədicə xanım Salyanda dünyasını dəyişmişdi.

- Bilirəm, nəyə təəccüblənirsiniz. Mən də bunun fərqindəyəm. Məsələ ondadır ki, Ədhiyyə xanımın da anasının adı Xədicəydi.

Səlim abim isə 1947-ci ildən eşi Şahika xanımla Parisdə yaşayırdı. 1994-cü ilin oktyabrında dünyasını dəyişdi... Səlimdən sonra Şahika da İstanbula - Heybəliadaya köçdü. Şahika Səlimin bütün əsərlərini İstanbul Universitesinə bağışladı. Şahika Arutay Səlimlə evlənmədən əvvəl mənimlə eyni Akademidə oxuyan arkadaşımdır. Kəndisi seramik sənətçisidir. Ailəsi haqqında bir məlumatım, bilgim yox.

- Feyzavər xanım,"böyük bir dövrün həyat qaynağı" olaraq dəyərləndirilən babanız həm də "pərdənin ardındakı adam"dır...

- Çox mütəvaziydi.

- Mütəvazilərin heç də hamısı pərdə arxasında qalmır.

- Onun qədər mütəvazi olan başqa biri yoxdur. Siz o dərəcədə göstərişsiz bir adam təsəvvür etməzsiniz.

- Bütün arkadaşları babanızın sakit və mütəvazi halından, yumşaq təbiətindən danışır. Siz də onu belə xatırlayırsınız?

- Əvət... Çox sakin bir insan kimi xatırlayıram. Heç kəsin könlünü qırmazdı... Hətta onun evinə girən xırsızlarla da nəcib davranardı...

- Evinizə oğru da gəlmişdi?

- O zaman mənim yeddi yaşım olardı. Evimizə xırsız girmişdi. Babamın sənədlərini, bir sıra qiymətli əşyalarını, Rusiya çarının dədəmə hədiyyəsi olan minalı bir saat vardı - onu aparmışdılar. Ertəsi gün babam qəzetələrdə belə bir elan verdi: "Möhtərəm xırsız bəyəfəndilər... Lütfən, evraklarımı geri qaytarın. Qalan şeylər sizin olsun". Ancaq, xırsızlar, təbii ki, heç nəyi qaytarmadılar.

- Əli bəyin dostlarından kimləri xatırlayırsınız?

- Dostları çox idi.

- Hamid xatirinizdədirmi? Onunla bağlı anılarınız varmı?

- Əbdülhəq Hamidin Süleymaniyyədəki evimizə bir-iki gəldiyini indi xəyal-məyal xatırlayıram. Hamid başına iri silindir geyərdi. Saida abla, Səlim abi və mən çocuqduq, öz aramızda onun silindir şapkasına gülərdik.

- Abdullah Cövdət xatirinizdə necə qalıb?

- O, babamın çox yaxın arkadaşıydı.

- Hətta babanızı rəsuli-həqq adlandıran da o olub...

- Onun babama yazdığı çoxlu məktubları var.

- Bilirəm. Bəs babanızın Abdullah Cövdətə yazdığı məktublar, necə, qalırmı?

- Qalır... Cövdətin qızı Gül xanımda qalır...

- İstanbulda salyanlı əqrəbalarınızdan kimsə yaşayır?

- Sonralar İsmayıl amcamın eşi Minaxanımın qardaşı Əziz gəldi buralara. Onun gəlişinə babam çox əsəbiləşdi. Əziz bəy Bakıda professor idi. Babam ona deyirdi ki, gərək gəlməyəydin. Orda qalan qohumların taleyi babamı rahatsız edirdi. Əziz onlara arxa-dayaq ola bilərdi. Əziz bəy burada Aksu soyadını götürdü. Milliyyətcə çeçen olan Səlma ilə evləndi. Üç övladı var: İbrahim Mehdi Aksu, Fatma Bikə, Ayxan. Fatma Bikə hazırda İngiltərədə yaşayır...

...Feyzavər xanım mənə düyün dəvətiyyəsinə - toy dəvətnaməsinə yazılmış bir məktub göstərdi. Əhməd Ağaoğlunun xanımı Sitarə tərəfindən Əli bəy Hüseynzadənin xanımı Əthiyəyə ünvanlanıb: "Ethiye abla! Epeyi var ki Sizden haber yok. Ali beyi merak ediyoruz. Tezər bu ayın otuzunda evleniyor. Dügüne hepinizi bekliyoruz. Büyük hanım, çocuklar nasıldırlar? İmtahanlar nasıl keçti? Allaha ısmarladık. Selamlar. Süreyya. Ankara, 6.7. 1931".

- Xatırlayırsınızmı? Tezərin toyuna getdinizmi?

- Ailəlikcə getdik...

Yalnız bu qədər. Toyla bağlı başqa təfsilatlar Feyzavər xanımın yadına gəlmir...

- Bəs onlar sizin toylarınıza qatıldımı?

- Eşimlə evlənirkən düğün yapılmadı. Hiç bir kardeşim düğün yapmadı. Yalnız nikah mərasimi oldu.

- Əhməd Ağaoğlu babanıza yazdığı bir məktubda Tezər və Sürəyyanın təhsillərini davam etdirmələri üçün İstanbula gələcəklərini, Əli bəyin evində qalacaqlarını bildirir. Gəldilərmi, Sizdə qaldılarmı?

- Əvət, Tezər və Sürəyya iki sənə bizdə qaldılar...

Atatürk muzeyi

...Feyzavər xanımla yaşadığı binanın həyətinə düşürük. Xilaskar Qazi caddəsində yanaşı addımlayırıq. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla İstanbulda yanaşı addımlamağın feyzini Azərbaycanda, yəqin ki, təkcə mən bilirəm. Hərdən qoluna girirdim. Hərdən o mənim qoluma girirdi. Belə anların birində şəkil də çəkdirdik...

Evinin lap yaxınlığında üçmərtəbəli bir binanın qarşısında ayaq saxladı:

- Bura Atatürk muzeyidir. Ziyarət etmək istərmisiniz? - dedi.

- Çox istərdim. Feyzavər xanım, bunu Azərbaycanda çoxları maraq edir, Əli bəylə Atatürkün şəxsi münasibətləri vardımı? Mənim bildiyim təkcə bir faktdır: Atatürkü Bursa səfərində Əli bəy Hüseynzadə də müşayiət etmiş... Atatürklə bağlı nəyisə xatırlayırsınızmı?

- Əvət, xatırlayıram. Atatürkün İstanbula gəldiyi günü də çox iyi xatırlayıram. Bütün İstanbul onu qarşılamaq üçün küçələrə çıxmışdı. Qarşılanma mərasiminə Əli bəy də dəvətliydi. Həmin törənə bizi də apardı. O gün babam Dolmabağça sarayında Atatürkün şərəfinə verilən ziyafətdə iştirak etmişdi... Bir dəfə Atatürk babama millət vəkilliyi təklif etmişdi. O isə Atatürkə nə qədər böyük sayğısı olsa da, bu təklifdən imtina etdi.

- Niyə?

- Çünki bilirsiniz, babam təkpartiyalı sistemi qəbul etmirdi. O zaman Türkiyədə Cümhuriyyət Xalq Partiyasından başqa digər partiya yox idi... Hər halda, Türkiyədə tək partiya olmasını heç qəbul etmirdi. Bunun bir çox səbəbləri vardı... Onun üçün demokratiya bütün dəyərlərdən ucadaydı...

- Əli bəy Atatürkün ölümü ilə əlaqədar çoxlu şeir yazıb. Xatırlayırsınızmı, babanız Atatürkün ölüm xəbərini necə qarşıladı?

- Babamın iki dəfə sarsıldığını, yasa girdiyini görmüşəm. Atatürk və Əhməd Ağaoğlu vəfat edəndə... Atatürkün xəstəliyi uzun sürdü. Özü də ağır xəstəliyi. Dolmabağça sarayının çatısında bir bayraq dalğalanırdı. Hər gün biz böyük həyəcan və xiffətlə o bayrağa baxırdıq. Bayrağın enməsini istəmirdik. Heç istəmirdik. Çünki bu enişlə Atatürkün artıq həyatda olmadığı bilinəcəkdi.

Yaxın dostu və eniştəmin qardaşı Akil Muxtar Özdən Atatürkün özəl həkimləri sırasındaydı. Daha çox o, hər gün babama Atatürkün səhhəti ilə bağlı məlumatlar gətirirdi.

Bir səhər Akademidə dərsdəydim. Bir də gördük ki, bayraq enir. Hamımız sarsıldıq. Bayrağın enişi bütün Türkiyəni matəmə düşürdü. Hamıdan əvvəl babamı düşündüm. Düşündüm, görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. Səlim abi məni tərk edib Dolmabağçaya getdi. Mən isə evə qaçdım. Gördüm, babam qapıda durub bəkləyir... Babam məni görən kimi ürkək səslə: "Atatürkdən nə xəbər?" - deyə soruşdu. Dedim ki, bayraq endi. Atatürkü itirdik. Yasa batdı, sarsıldı. Evimizə matəm havası çökdü. Ertəsi gün Atatürklə vida mərasiminə bir yerdə getdik...

Atatürk muzeyindən çıxıb Feyzavər xanımla birgə Qaracaəhməd məzarlığına Əli bəyin ziyarətinə yollandıq. Şişli ilə Boğaz körpüsünün arasındakı yoldan keçirdik... Yolüstü mənə yaşıl rənglənmiş bir binanı göstərdi:

- Abdullah Cövdətin qızı Gül xanım bu apartmanda yaşayır.

Boğaz körpüsü ilə İstanbulun Avropa yaxasından Asiya səmtinə keçirik... Hələ körpünün üstündəykən:

- Oralar Üsküdar tərəfdir, - deyə Feyzavər xanım qarşı yaxanı göstərir.

...Mən isə Yəhya Kamalın misralarını xatırlayıram: "Üsküdar gözləri dolmuş təpələrdən baxaraq, Görmüş İstanbula yüz min mələyin uçduğunu...".

Nəhayət, Əli bəy Hüseynzadənin sarmaşıqlı və mütəvazi məzarı.

"Tibb fakültəsi cildiyyə müdərrisi Ali Turan. 1864-1940. Hüseynzadə Əli oğlu rəssam Səlim Turan 1915-1994".

- Əli bəyin öldüyü gün Siz yanındaydınız?

- Babamla bacanağı Kamal Muxtar bərabər bir evdə yaşamağa qərar vermişdilər. Üsküdardakı evdə yaşayırdıq. Eniştəmgil də bizimlə birgə həmin evdə olurdular. Ev Salacaqla Harem arasındaydı.

Əli bəy haqqın rəhmətinə qovuşduğu günün axşamı ingilis tərəfdarı olan bacanağı Kamal Muxtarla Hindistandakı azadlıq hərəkatı barədə mübahisə edib, bir hürriyyət tərəfdarı olaraq, Hindistanın azadlıq hərəkatına ingilislərin müdaxiləsini pisləyib. Və bu, Əli bəyin həyatındakı son mübahisəsi olub. Feyzavər xanım o kədərli günü dünən olubmuş kimi qəhərlənərək xatırlayır:

- Mən babamın otağında yatırdım. Gecədən keçmişəcən babamla mifolojidən danışdıq. Əli bəyin adət etdiyi yazı şakəri vardı. Səhərə qədər çalışırdı. Yazı masasından ayrılmırdı. Səhərlər isə Peterburqdakı təhsil illərindən qalma başqa bir alışqanlığı vardı; mütləq başını buz kimi soyuq su ilə yumalıydı. Sonra da bağçaya düşüb güllərə qulluq edirdi. Bir dəfə qəlb krizi keçirmişdi... Dünyasını dəyişəndə bazar günü idi. Mən yataqdan qalxanda o yatmışdı. Mən əl-üzümü yumaq üçün çıxdım. Bu zaman Səlim abi otağa girmiş. Babam oyanmış. Söhbət etmişlər. Sonra mən təkrar odaya girəndə babam özündə deyildi. Səlim də otaqdaydı. Babam çarpayıya uzandı. Mən həkim dalısıyca qaçdım. Ancaq gec idi. Öləndə yanındaydım... Evdə hizmətçi bir xanım vardı. Ona demişdi ki, Feyzavərdən nigaranam...

- Cənazə törəninə çoxmu adam qatıldı?

- Babam, həftə sonu vəfat etdi. Hər yerdə tətildi. Tətilə rast gəldiyi üçün universitetin xəbəri olmadı. Adam az idi deməzdim. Normal bir cənazə kalabalığıydı...

Əli bəyin ayaqucundakı məzar isə gəlib-gedənlərə özünü belə nişan verir: "Dr. Hüseynzade Ali Turanın eşi Ethiye Turan. 1890-1944".

...İstanbula Salyandan Əli bəyin doğulduğu Bərəüstü Məhəlləsindən torpaq aparmışdım.

- Feyzavər xanım, Əli bəyin məzarına səpmək üçün Salyandan torpaq gətirmişəm.

Feyzavər xanım torpağı görüb kövrəldi, gözləri yaşardı və məncə, həm də çox fərəhləndi... Uzun və təəccüb dolu sükutdan sonra:

- İyi etmişsiniz. Salyan mənim çocuqluğumun xəyalıdır. Babam oralar barədə çox danışardı mənə. Orada bir çay olmalıdır.

- Kür çayı...

- Əvət. Babam söyləyirdi ki, çocuq yaşlarında olarkən bir dəfə həmin çay donubmuş.

- Hə, Salyanda Kür bir neçə dəfə donub.

- Nəsib olmadı oraları görmək, - dedi və bir ovuc torpaq aldı. Atasının məzarına səpərkən:

- İştə bu da olacaqmış, baba, - deyib köksünü ötürdü.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!