Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür

Bu, yeni dünyanın Yeni Azərbaycanıdır…

 

Prezident İlham Əliyevin milli dövlətçilik tariximizdəki yeri, zamanın çox maraqlı, amma elə bir o qədər də çətin və mürəkkəb dövrünə təsadüf edir. Bu dövrü tarixə baxış bucağından asılı olaraq müxtəlif açar kəlmələrlə assosiasiya edə bilərsən.

Çünki bütün güclü liderlərin öz xalqına rəhbərliyi dövrünü xarakterizə edən ən azı konkret bir ad mütləq var.

Mənsə uzun zamanlar idi ki, bir yazı-pozu adamı kimi bu dövrün ayrı-ayrı tarixi salnamalərinə işıq sala-sala, təəssüratlarımı kağız qələmlə bölüşə-bölüşə həm də bu dönəmin ümumi mənzərəsinə çevrilə biləcək ən uğurlu ifadənin axtarışında idim...  

Bir neçə gün əvvəl televiziyada izlədiyim maraqlı bir reportaj, deyəsən, düşüncə karvanımın sarvanına çevrilərək illərdən bəri axtardığımın izinə düşməkdə kömək göstərdi.

Kadrlar Prezidentin Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin – «Laçın»ın istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirakını əks etdirirdi. Dövlət rəhbərimizə verilən məlumatlardan belə anladım ki, ölkəmizdə tam sıfırdan həm tankerin, həm də, gəmi-bərənin tikilməsi tarixdə bir ilkdir.

Bəli, məhz tarixdə bir ilk...

Bu, kəlmələri cənab İlham Əliyevin iştirak etdiyi çox açılış mərasimlərində, bir dövlət qurucusu kimi nəcib imzasının parladığı çox işlərdə eşidib duymuşuq, Azərbaycan Prezidentinin tariximizdəki bir çox ilklərə müəllifliyinə şahid olmuşuq.

Müstəqillik tariximizdəki möhtəşəm ilklərin çoxu məhz İlham Əliyevin adı ilə bağlıdır.

Milli dövlətçilik tariximizdəki İlham Əliyev mərhələsi möhtəşəm ilklər dövrüdür.

Düşünürəm ki, gələcək tədqiqatçılar da bu dönəmi məhz belə bir ifadənin işığında öyrənib tədqiq edəcəklər. İlham Əliyev şəxsiyyətinə bu ilkləri yaratmış, onlara müəlliflik etmiş, bu ilklərlə birgə tarixin Yeni Azərbaycanını formalaşdırmış Lider kimi yanaşacaqlar.

Xalqla əl-ələ, çiyin-çiyinə bu missiyanı həyata keçirmək qismətini Tanrı və tale Ona, həm də Mehriban xanıma əta edib...

***

Bəhs etdiyim o reportajın kadrları bir-birini izlədikcə xəyal bir anlıq məni əsrlərin gərdişinə alıb aparırdı… Görünür yazıçı kimi keçmişə dair mövzularla mütəmadi maraqlanmağın, bu mövzuda bədii əsərlər qələmə almağın bir özəlliyi də elə bundadır ki, rastlaşdığın hər mühüm hadisəyə bir də salnamələrin işığında nəzər salmağa çalışırsan.

O kadrlara baxdıqca yüz illər əvvəl böyük donanmalar qurmuş, limanlar, tərsanələr yaratmış, gəmilər inşa etmiş dövlət rəhbərlərini xatırlayırdım. Düşünürdüm ki, hər zaman dövlətin qüdrət rəmzi sayılan gəmilər, donanmalar, tərsanələr bu günkü texnoloji inkişaf dövründə də öz simvolik məzmununu itirməyib.

Yola çıxan hər gəmi gələcəyə doğru bir ümiddir… Gəmiləri qarşılayan hər liman yan almaq üçün güvənli, sabit, fayda dolu bir yerdir… Dünyaya açılmış ölkənin giriş-çıxış qapısı, hər addımında hərəkət görünən, iqtisadi inkişaf qaynayan qələbəlik məkanıdır...

 Azərbaycan Prezidentinin iştirak etdiyi o mərasim də sıradan rəsmi tədbiri yox, əslində Vətənin qüdrət rəmzini nümayiş etdirirdi. Elə Xəzərin zümrüd suları ilə qovuşub uzaq  səfərlərə yol başlayan gəmi-bərənin adı da rəmzi idi. Bir anlıq mənə elə gəldi ki, o gəmi-bərə – «Azərbaycan» dövlət rəhbərimizin əmin və güclü əllərinin məharətlə idarə etdiyi sükanın diqtə etdiyi istiqamətlə xoşbəxt gələcəyinə doğru yola çıxmış Vətəndir…

Bu gəmini – «Azərbaycan»ı və Azərbaycanı yolundan sapdırmaq, səmtini dəyişmək, sürətini azaltmaq daha heç vaxt, heç bir bədxahımıza müyəssər olmayacaq.

Heç bir qüvvə Azərbaycan adlı bu möhtəşəm gəmini öz hədəflərindən, üz tutduğu inkişaf üfüqlərindən yayındıra bilməyəcək. 

Çünki gəminin sükanı etibarlı əllərdədir!

Önündə daim işıq saçıb ona düzgün yolu nişan verən, gələcəyə səsləyən parlaq mayak var…

O mayakı belə aydınladan tarixilik və müasirlikdən düşən işıqdır…

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik düşüncəsinin ruhudur…

Keçmişə aid dəyərlərlə, çağdaş inkişafın uzlaşmasıdır…

Azərbaycan Prezidentinin bir strateq kimi ənənələrlə müasirlik arasında vəhdət yarada bilməsidir…

Şamaxı...

Məşhur Şah Xəndan türbəsi...

Cənab İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Şamaxıya  səfər zamanı bu türbənin ətrafında aparılan abadlıq işləri ilə tanış olur.

Bu türbənin də, burada uyuyan Şah Xəndanın da yaradıcılıq dünyamda xüsusi yeri var. Şah Xəndan, anadan olmasının 650 illiyi Vətənində bütöv bir ilə çevrilmiş böyük mütəfəkkirimiz İmadəddin Nəsiminin doğmaca qardaşıdır. Kəlamının qüdrəti ilə bütün Şərq dünyasında səs salan qardaşı qədər o da öz dövrünün güclü şairlərindən sayılırdı.

...Dərviş idi, tərki-dünya idi, Məcnun kimi həmişə çiyinlərinə tökülən uzun, dağınıq saçları vardı və bu saçlara işarə ilə “Julidəmu” da deyərdilər adına...

Bu obraz nədənsə gəncliyimdən mənə çox doğmalaşmışdı. Tale qismət elədi, onun düşüncələrimdəki surətini bir gün bacardığım qədər bədii yaradıcılığıma da gətirə bildim. İmadəddin Nəsimiyə həsr olunmuş “Son səfər” povestimdə Nəsiminin mənəvi dünyasının özünəməxsusluqlarını təqdim etməkdən ötrü Şah Xəndan obrazının təsir gücündən faydalanmağa çalışdım. Nəsiminin həyata, dünyaya, insanlığa baxışlarını iki qardaşın mükalimələri işığında canlandırmağa  yaradıcı cəhdlərim oldu.

Və bəlkə heç özüm də fərqinə varmadan, amma ədəbi tənqidçilərin qənaətincə, “Son səfər” əsəri Nəsimi ilə yanaşı, həm də qardaşı Şah Xəndanın povestinə çevrildi…

“Azərbaycan ədəbiyyatında Şah Xəndanın geniş planda mükəmməl bədii obrazını ilk dəfə Hüseynbala Mirələmov "Son səfər" povestində yaratmışdır” - Zəmanəmizin müqtədir ədəbiyyatşünaslarından akademik İsa Həbibbəylinin bu fikri, təvazökarlıqdan hər nə qədər uzaq olsa da, indiyə qədər bədii yaradıcılığım haqqında yüksək dəyərləndirmələrdən biri kimi məni, yəqin ki, hətta əlimin yazı-pozudan soyuduğu ən həvəssiz, yorğun vaxtlarımda da, ahənrüba sayaq daim yazı masasına doğru çəkəcək… 

Prezidentin və Mehriban xanımın Şah Xəndan türbəsinə ziyarətindən xəbər tutanda sevincimdən gözlərim güldü, fərəhimdən kövrəldim...

Heydər Əliyev Fondu “Nəsimi ili” çərçivəsində artıq bu türbə ətrafında da geniş abadlaşdırma işlərinə başlayıb. Yaxın vaxtlarda Şah Xəndan türbəsinin konservasiyasına da başlanacaq.

***

Bu, xalqın tarixi keçmişinə, min illərlə formalaşmış fikir xəzinəsinə verilən dəyərdir. Dəyərləri yaşadanlar, sözə, mədəniyyətə həyat verənlər təkcə yaradıcı kəslər deyil ki… Onun qiymətini dərk edənlərdir, bu mənəviyyat incilərinə sahib çıxanlardır, onları göz bəbəyi kimi qoruyanlardır…

Ən çox da ali mənsəb sahibləridir. Çünki əksər hallarda ümumən cəmiyyətin bir çox məsələlərə münasibəti, rəyi onların yanaşmalarından asılı olur.

İlham Əliyev xalqımızın mənəvi dünyasına həssas münasibəti, diqqəti, qayğısı ilə insanlarımızda bu münasibəti yenidən formalaşdıran, dəyərlərimizə əbədi həyat bəxş edən, bu davranışlarında da Ulu Öndərin yoluna sadiq qalan Liderdir…

Qədimdən qədim tariximizin çox böyük dövlət adamlarını, fatehlərini, sərkərdələrini hərdən ərklə qınadığımız vaxtlar olur ki, kişilər o boyda imperiyalar, ucsuz-bucaqsız böyük dövlətlər yaradıblar, amma yaratdıqlarının tarixini səliqə-səhmanla qələmə aldırmaq, kitablara çevirtdirmək, kitabxanalar yaratmaq, elə bil heç ağıllarına gəlməyib. Ona görə də məcburiyyətdən tariximizin qədim qatlarını bir çox yadellilərin məhz özlərinə sərf edən şəkildə yazıya aldıqları xaricidilli mənbələr əsasında açmağa, oxuyub öyrənməyə çalışırıq.

Xalq olaraq çox böyük xəzinəyə sahibik, amma ona lazımi qədər sahib çıxa bilməmişik, bunu etiraf edək… 

İlham Əliyevinsə bir dövlət adamı kimi böyüklüyü ondadır ki, Heydər Əliyevin mükəmməl dövlətçilik irsinə sadiqlik hissi ilə o, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şah, Cümhuriyyət qurucuları kimi qüdrətli sələflərinin də tarixilik məsələlərinə münasibətdə yol verdikləri yanlışları düzəltməyə çalışır.  

Yaratdığı nümunələrlə göstərir ki, bir xalqın öz tarixi sərvətlərini həyata qaytarması, əslində, heç vaxt gec deyil. Yetər ki, istək olsun, diqqət olsun, insanları bu dəyərlərə doğru aparan yol-iriz kol-kosdan təmizlənib sahmana salınsın.

Onların əsrlərin təsiri ilə aşınan, batıb gedən, torpağın köksündən silinmək təhlükəsi ilə üz-üzə qalan nişanələrini qoruyub möhkəmləndirən tapılsın. Xalqın milli ruhunu yaºadan tarixi irs keçmiºin zülmətindən gün işığına çıxarılsın. Kiçik bir sorağın bələdçiliyi ilə böyük bir söz xəzinəsini gedib tapmağa qadir tədqiqatçılar qarşısında vəzifə qoyulsun, onlara yüksək səviyyədə dəstək verilsin.

Onda xalq öz böyüklüyünü dərk edəcək, özü ilə qürur duyacaq, əsrlər boyu yaratdığı nailiyyətlərin sırasını çağdaş dönəmdə yeniləri ilə əvəz etməkdən ötrü cani-dildən çalışacaq və bunu bacaracaq. Bir də heç vaxt, heç kimin ona, tarixinə, milli mənəviyyatına yuxarıdan aşağı baxmasına izn verməyəcək.

İlham Əliyev bu qürurun, bu düşüncənin müəllifi olan, öz xalqına yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə çevrilən Liderdir…

Bunu izlədikcə, duyduqca Prezidentimizin öz davranışları, bizi xalq olaraq ayaqda saxlayan məsələlərə münasibəti ilə hələ ötən əsrin 60-cı illərinin sonlarından milli şüurumuzun nuruna çevrilmiş Ulu Öndər Heydər Əliyevi nə qədər çox xatırlatdığını, ona bənzədiyini hiss edirəm.

Azərbaycan Prezidentinin bütün ölkə boyu ucaltdığı mədəniyyət ocaqları, onun tövsiyəsi ilə alimlərimizin tarixin ayrı-ayrı maraqlı anları ilə bağlı qələmə aldıqları kitablar, çəkilən sənədli filmlər, təmir-bərpa edilən, abadlaşdırılan, arxeoloji qazıntılarla üzə çıxarılıb yenidən gündəlik həyatımza qaytarılan qədim mədəni irsimiz bunun nişanəsidir…

İlham Əliyev bu məsələlərə ona görə xüsusi diqqətlə yanaşır ki, bütün böyük dövlət adamları kimi o da təkcə bir anı deyil, bütöv tarixi duya bilir, xalqın keçmişi, bu günü qədər gələcəyini də düşüncələrində şəkilləndirməyi bacarır, həyata keçirdiyi siyasətin strateji hədəflərini sabahda, birigündə deyil, onilliklər, qərinələr, əsrlər sonrada müəyyənləşdirə bilir…   

***

İlham Əliyevin təşəbbüsü ilə bütöv bir ili “Nəsimi ili” kimi yaşadıq. Nəsimi kəlamının qüdrəti ilə düşüncələrimiz çıraqban oldu.

Nəsiminin fikir dünyası Yer üzünün hüdudlarından çox kənardadır, o bu hüdudları aşır, təkcə bir fərdin, bir xalqın deyil, ümumilikdə insanın, bəşəriyyətin problemlərini önə çəkir, bu problemlərin həlli üçün yol göstərir. Ona görə də şair Nəsimi təkcə Azərbaycan xalqına aid deyil, onun kəlamı, ümumən bəşərindir, külli-aləmə məxsusdur.

İlham Əliyevin həyata keçirdiyi siyasətin məzmunu, mündəricəsi də bəşəridir, təkcə bir xalqın, toplumun deyil, ümumən bəşəriyyətin problemlərinin həllinə hədəflənib. Zəmanəsinin parlaq liderlərindən biri kimi Azərbaycan Prezidenti dünya miqyaslı siyasət adamıdır. Ona görə də xalqımızın yetirdiyi Nəsimi kimi mütəfəkkirlərin bəşəri ideyaları onun hər zaman diqqətini çəkir.  

İlham Əliyev bir insan, mütəfəkkir şəxsiyyət olaraq Nəsiminin sümüyünə, iliyinə qədər milli, bizimki, Azərbaycanın olduğunu da nəzərə alır və həm də bunu təbliğ edir.

Xalqımızın başını bu cür şəxsiyyətləri ilə ucaldır, Azərbaycan mədəniyyətinin zənginliyini, qədimlərdən malik olduqlarımızı, ən əsası isə müstəqil Azərbaycan dövlətinin əsaslandığı prinsipləri belə şəxsiyyətlərimizin işığında göstərir. Millət bu cür şəxsiyyətlərdən güc alır, onların boyuna baxıb böyüyür, onların adını tutub qururlanır, onların nurunda aydınlığa çıxıb tərbiyələnir, özünə çəki-düzən verir.

Bəşər mədəniyyətinə Nəsimi kimi düha bəxş etmiş bir xalqa necə hörmət bəsləməmək olar ki?! Bu mümkün deyil.

İlham Əliyevin belə şəxsiyyərlərimizi daim gündəmdə saxlaması Azərbaycan xalqına öz böyüklüyünü hər an dərk etdirir. Amma təkcə Azərbaycan xalqınamı?!

Bununla dövlət rəhbərimiz Azərbaycan xalqını da dünyaya, demək olar ki, yenidən tanıdır. Çoxları Azərbaycanı qədim mədəniyyət beşiyi kimi özü üçün yenidən kəşf edir. Bu gün dövlət səviyyəsində, eləcə də Heydər Əliyev Fondu xətti ilə aparılan məqsədyönlü, ardıcıl işlər xalqımızı öz tarixi keçmişi ilə, zəngin ənənələri ilə, mədəniyyət inciləri ilə, hər kəsə örnək olası həyat tərzi ilə layiq olduğu ucalıqlara yüksəldir.

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə həyata keçirdiyi layihələr milli ənənələrimizi dirçəldir, onlara əbədi həyat bəxş edir, hər birini dövlətçilik  ideologiyamızın mühüm tərkib hissəsinə çevirir.

İlham Əliyev və Mehriban xanımın fədakar və əzmkar fəaliyyəti bütün dünya üçün mədəniyyətlərarası dialoqun, multikulturalizmin, din və dövlət münasibətlərinin, tolerantlığın Azərbaycan adlı parlaq örnəyini formalaşdırır.

Azərbaycan Prezidenti bu yöndə apardığı işlərlə təkcə Azərbaycana aid olanlara deyil, ümumən qoca Şərqin hikmət dünyasına sahib çıxır. Şərqi, İslam dünyasını indiyə qədər, bəlkə də, heç kimin fərqində olmadığı, yaxud çox az görünmüş tərəflərindən təqdim edir. Və bununla sübuta yetirir ki, ünlü rus tənqidçisi Belinskinin təbirincə, desək, bəşər mədəniyyəti, həqiqətən Şərqdə doğulub, amma əfsuslar ki, Şərq onu beşikdən yerə qoya, ayaq tutub, yeriməyi öyrədə, böyüdə bilməyib.

Əsrlər əvvəl Şərqin yol verdiyi bu yubanmanı, bacarıqsızlığı aradan qaldırmaq isə Şərq və Qərb sivilizasiyasının təmas nöqtəsində, iki mədəniyyətin, iki dünyagörüşünün aralığında, bu iki dünyanın ən yaxşı cəhətlərini əxz edərək, mənfi cəhətlərini mümkün qədər kənara qoyaraq öz zəngin keçmişinin möhkəm təməlləri üzərində bu gününü və gələcəyini quran Azərbaycana,onun qüdrətli Liderinə düşər.

Azərbaycan Prezidenti bütün bunlarla Şərq dünyası qədər Qərbin bu günü və gələcəyi üçün də faydalı işlər görür. Çünki hazırda texnologiyaların aramsız inkişafı, misilsiz elmi kəşflərin möcüzələri mühitində yönünü, demək olar ki, itirən, sabahını təsəvvür etməkdə müşkülləri olan, mənəvi dünyadan daha çox maddi aləmə xitab edən Qərbin də tez-tez qarşıya çıxan saysız-hesabsız etik suallara cavab tapmaqdan ötrü mənəvi istinad yerlərinə çox böyük ehtiyacı var. Bu mənəvi istinadlar olmasa, indiki inkişaf sürəti insanı bir gün insanlıqdan çıxarıb, ruhsuz, düşüncəsiz, hissiz məxluqlara, adi robotlara çevirər. Müasir Qərb üçün də, Şərq üçün də bu cür mənəvi istinad ünvanları isə Nəsimi kimi düşüncə ümmanlarıdır, onların fikir aləmidir…

Azərbaycan Lideri Şərqə də, Qərbə də bu aləmə doğru qapı açır…

Böyük liderlər, kamil dövlət xadimləri o kəslərdir ki, rəhbərlik etdikləri toplumu yenidən formalaşdırsınlar. Dünya tarixini vərəqlədikcə öz xalqını yenidən yaratmış, onun ən böyük tarixi uğurlarına vəsilə olmuş liderlərin bu cəhəti onların ən oxşar xüsusiyyəti kimi diqqəti həmişə cəlb edir.

Kim deyir ki, xalq cəmi bircə dəfə yaranır, onu yenidən formalaşdırmaq mümkün deyil?!.

Yaxud kim iddia edər ki, dünyada ancaq müsbət və ya ancaq mənfi cəhətləri ilə tanınmış xalqlar var, bunu dəyişmək mümkünsüzdür?!.

İki bağ təsəvvür edək: birinin çox qayğıkeş, zəhmətsevər bağbanı var, hər gün ağacların suyunu verir, dibini belləyir, qurumuş budaqlarını arıdır, meyvəsini vaxtında toplayır, gördüyü işə ürəyinin sevgisini qoyur, ağacların, güllərin nizamından, səliqəsindən zövq alır, bu bağ həmişə gülüstan olacaq. Digər bağsa baxımsızdır, başlanğıcda nə qədər nizamlı görünsə də, qısa zamandan sonra kol-kos basacaq, ağaclar quruyub gedəcək, hər şey məhv olacaq.

Xalqlar da o bağlar kimidir, xalqların da onları hər gün yenidən yaradan, səliqə-səhmanına, nizamına diqqət göstərən, ehtiyacları qayğısına qalan bağbana ehtiyacı var. Bu olmasa, xalq  nə qədər böyük potensiala malik olur-olsun, mənəvi dəyərlərə nə qədər önəm verir-versin, zamanla aşınıb gedəcək, yolunu, yöntəmini itirəcək, nizamlı millətdən mənasız, qorxulu, qaragüruh kütləyə çevriləcək.

Bu gün cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın apardıqları işlər, Vətən evinin abadlığı naminə atdıqları addımlar, göstərdikləri nəcib təşəbbüslər, yaratdıqları səliqə-səhman əslində, konkret maddi məkanlardan da çox düşüncələrdə, insanlarımızın mənəvi dünyasında aparılan abadlıqdır.

Bunu etməsən, əsrlər əvvəl cəhalətə meydan oxuyan mütəfəkkirlər yetirmiş xalqın bu cür şəxsiyyətlərindən uzaq düşməsini, onları bilmərrə unudub savadsızlığa, kitabsızlığa, xürafata mübtəla olmasını kənardan laqeyd nəzərlərlə izləsən, özünü də, Vətənini də, gələcəyini də tez bir zamanda itirərsən.

Bu gün İlham Əliyev Azərbaycan dövlətini qüdətləndirməklə yanaşı həm də xalqı yenidən formalaşdırmaq missiyasını yerinə yetirir. Bir tərəfdə tarixi, bir tərəfdə müasirliyi, bir tərəfdə insanların sosial rifahını, maddi ehtiyaclarının təmin olunması zərurətini, o biri tərəfdə isə həm də mənəvi dünyasının daim zənginləşdirilməsini diqqətdə saxlamaqla Vətəni gələcəyə hazırlayır…

İlham Əliyev milli köklər üzərində, Şərqin fikir xəzinəsindən süzülən mənəvi ruh işığında, Qərbə xas çevik texniki həllər mühitində Azərbaycan xalqını addım-addım gələcəyə yönləndirir…

***

İlham Əliyev Dədə Qorqud müdrikliyindən, Şah İsmayıl  Xətainin dövlət quruculuğu əzminə, Nadir şahın islahatçılıq qətiyyətinə, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi maarifçilərimizin bəsirətinə, Heydər Əliyevin siyasət ustadlığına qədər bir çox tarixi dəyərlərimizi öz şəxsiyyətində bir araya gətirən və bu dəyərlər işığında özü də bir dövlətçilik dəyərimiz kimi ucalan şəxsiyyətdir.

Onun Vətənin sabahı olan Azərbaycan gəncliyinə xitablarına diqqət edək, apardığı köklü islahatların mahiyyətinə nəzər salaq. Dövlət rəhbərimiz gəncliyə bütün müraciətlərində təhsilə xüsusi diqqət yetirməyi, dövrün innovasiyalarını mənimsəməyi, texnologiyalara vaqif olmağı tövsiyə edir. Çünki təminatlı gələcəyin, özünə də, xalqına da, dövlətinə də üstünlük qazanmağın, fayda verməyin yeganə yolu ancaq budur. Elə bir zamana gəlib çatmışıq ki, reallıqlar daha nəinki bir əsr, heç beş-on il əvvəlki də deyil. Yeniliklərə, müasir trendlərə daim həssas bir cəmiyyət olaraq çox sürətli və aramsız hərəkət axınının baş verdiyi və bu axının getdikcə də gücləndiyi geniş bir inkişaf yoluna çıxmışıq.

Azərbaycan Prezidenti bu yolda irəliyə doğru hərəkətimizin xaotik deyil, nizamlı olmasına çalışır, gəncliyi də bunun üçün bilik və bacarıqlarla güclənməyə çağırır, eyni zamanda tariximizi öyrənməyə, milli kimliyi unutmamağa, vətənpərvərlik hissini qorumağa səsləyir. Bütün bunlar sürətli inkişaf axınında büdrəməmək üçün hər zaman söykənə biləcəyimiz, bizi güvənli şəkildə qoruyan möhkəm dayaqlardır.

Vaxtın sürətinə müvazi şəkildə İlham Əliyev Azərbaycanı demək olar ki, hər gün yeniləyir, qurur, yaradır, ölkə, cəmiyyət həyatına zamanın çağırışlarına uyğun yeniliklər gətirir, effektivliyə şərait yaradan meylləri daha da inkişaf etdirir, sürəti ləngidən məqamları aradan qaldırır, problemləri imkanlara çevirir.

Verdiyi strateji qərarları doğru-dürüst və vaxtında yerinə yetirməyə qabil icraçlar komandası, çevik, səmərəli idarəetmə sistemi formalaşdırır, bunun üçün ciddi kadr  islahatları, struktur dəyişiklikləri aparır, eyni zamanda zamanın ruhuna uyğun yeni yanaşmalar, fərqli metodlar, meyarlar formalaşdırır.

Ona görə də dünənki Azərbaycanın bu günkündən nə qədər fərqləndiyini və hər açılan sabahlara da yeni inkişaf fərqləri ilə daxil olduğunu hər bir insanımız duyur və bu yenilənmə prosesində bütün Azərbaycan vətəndaşları iştirak edir. Cənab İlham Əliyev həyata keçirdiyi inkişaf siyasətinə hər bir insanımızı cəlb edir, bu nəcib işdə əməyinin olmasına can atan hər kəsə şərait yaradır, meydan verir.

Bu, yeni dünyanın Yeni Azərbaycanıdır…

Bu Azərbaycanı Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin əvvəllərində gələcəyin əngin üfüqlərində görürdü…  

Onun Vətən sevgisi ilə dolu köksündə göyərən, elə bu munis arzu ilə də qurduğu partiyanın adına çevrilən Yeni Azərbaycanı bu gün cənab İlham Əliyev, Mehriban xanım Əliyeva xalqla birlikdə, el birliyi ilə qurub yaradır...

Onların formalaşdırdıqları Yeni Azərbaycanda dövlətçilik əsasları möhkəm tarixi köklərə, əsrlərlə formalaşmış ənənələrə əsaslandığı qədər eyni zamanda müasirliyə yönəlir, çağdaş inkişaf proseslərinə qucaq açır.

Bu, dövlət bayrağımızın üzərindəki üç rəngin, soy-kökümüzün, müasir inkişaf əzmimizin, müqəddəs inancımızın real həyat mənzərlərində əks olunduğu ideyalarda, xəyallarda deyil, gerçəklərdə vəhdət  tapdığı Azərbaycandır…

Bu, “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın ... " deyən Əli bəy Hüseynzadə kimi ideoloqlarımızın öz xəyallarında şəkilləndirdikləri Vətəndir…

İndiyə qədər yaşayıb-yaratmış, xalq olaraq inkişafımıza, milli dövlətçilik irsimizin formalaşmasına töhfələr vermiş dühalarımızın görmək istədikləri Azərbaycan!..

Əslində, cənab İlham Əliyevin tarixdə yaratdığı ən mükəmməl ilk də elə budur!..

Yeni həyatın, bu günün və gələcəyin mübarək, Vətən!

Səni yenidən qurub-yaradan hər kəs qayım-qədim olsun!..

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!