Zəki Vəlidi Toğan mifi - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

 

Leninlə söhbətində ona Ulyanovların türk-tatar nəsəbini xatırladıb.

Stalinlə bir yerdə çolpa qızartmasıyla gürcü şərabı içib.

Atatürkün sevimlisi olsa da, 1932-ci ildə aralarında fikir ayrılığı yaşanıb.

Uzun illər Sovetlər Birliyində Hitlerin "müsəlman məsələləri üzrə xüsusi müşaviri" kimi şərlənib.

Hindistanda Baş nazir Cəvahirləl Nehru, Pakistanda prezident Mirzə İskəndər Əli Türküstanın tarixini onun əsərlərindən oxuyub öyrəniblər.

1930-cu illərdə Vyanada Ziqmund Freydlə qonşu olub.

Başqırd milli hərəkatının lideri, həm də Başqurd milli ordusunu qurub. Ordunun baş komandanı olub.

1922-ci ildə Ənvər Paşa ilə birlikdə bolşeviklərə qarşı vuruşub.

Basmaçı hərəkatının rəhbərlərindən biri kimi tanınıb.

Heratda Nəvainin məzarını tapıb...

Ümumi türk tarixçiliyinin bünövrəsini qoyub.

Türk dastanlarını "elmi şəkildə sinifləndirən ilk türk professoru"dur (N.Atsız).

İran-Turan müharibələrinin elmi mənzərəsini aydınladıb.

Mifik Əfrasiyabın gerçək Alp Ər Tonqa olduğunu elmi dəlillərlə isbatlayıb. Kaşkarlıdan da irəli gedib. Alp Ər Tonqanın - Əfrasiyabın, az qala, nəsil şəcərəsini tərtib edib.

İlk dəfə fars dastançılığı ilə yunan tarixçiliyinin və mifolojisinin müqayisəsini yapıb.

Assuri kitabələrini, Çin məxəzlərini araşdırıb.

Ortaq türk tarixinin varlığını nəzəri baxımdan təsbit edib.

Ərəb xəlifəsi Müqtədirin Xəzər ölkəsindəki elçisi İbn Fədlanın türkoloji üçün böyük önəm daşıyan "Səyahətnamə"sinin əlyazmasını 1923-cü ildə Məşhəd kitabxanasında üzə çıxarıb, 1939-cu ildə əsərin Leypsiqdə alman dilinə tərcüməsini nəşr etdirib.

Kaşkarlı Divanını araşdırıb və əsərin yazılma tarixini dəqiqləşdirib.

Şeybani Xanın şeirlərini, Zəməhşəhrini, Əbu Reyhan Birunini, Rəşidəddini.... türkolojiyə dəxli olan hamını, hər kəsi, hər şeyi, hər yeri tədqiq edib.

"Quran"ın X yüzilə aid ən qədim türkcə təfsirini Bartolddan əvvəl şərh edib.

"Qutadqu Bilig"in ən qədim nüsxəsini, "Oğuznamə"ni... meydana çıxarıb...

Bütün böyük türklər və türkçülər kimi, o da Əmir Teymurun təəssübünü çəkib. Teymurun soyunu aşağılamağa çalışan, onu saxta tarixlər yazdırmaqda suçlayan, "Teymurun öz haqlarını qüvvətləndirmək üçün tərtib edildiyi anlaşılan vəzirlər əfsanəsi"ndən bəhs edən Bartoldun da, ondan əvvəl bu uğursuz iddianı ortaya atan erməni əsilli İsveç alimi d'Ohssonun (Tosunyanın) da fikirlərini yerlə bir edib.

Qədim təzkirələrə istinad edərək "Teymur Çingizin mənsub olduğu Börçegin sülaləsinin xanlıq etməyən bir şöbəsinə mənsub olmuşdur", - deməklə yetinməyib, Əmir Teymurla Çingiz xanın nəsəbinin eyni kökdən gəldiyini Əmir Teymurun qəbir daşına yazılmış soyağacı ilə təsdiqləyib.

Çingiz xanın Göktürklərə bağlı Şato - Çümük əşirətindən olduğunu yazaraq Çingizin türk mənşəyi ilə bağlı mübahisələrə (Əli bəy Hüseynzadədən sonra) yenidən, bu dəfə əbədilik yekun vurub.

Osmanlının qurucusu kayılarla və Uzaq Şərqdən qalxıb bir çox qövmləri önlərində sürükləyən və bir qismini Şərqi Avropaya, digər bir qismini də Ön Asiyaya getməyə məcbur edən moğolların savaşçı kay, yaxud kayı uruğunun əqrəbalıq əlaqələrini bütün mümkün qaynaqlara söykənərək və son dərəcə güclü opponentlərinin ciddi etirazlarını nəzərə almadan əsaslandırıb.

Qəznəli Mahmudun atası Sebüktəkinin kayılardan Kökem Yabqunun qardaşı Serenkin oğlu olduğunu irəli sürüb.

Türk varlığının üfüqlərini genişləndirib.

"Hindu-Germen qövmləri arasına tarixdən öncəki dövrlərdə daxil olmuş etrusk qövmünün mifolojisində və dilində... türklərlə təması göstərən nöqtələrin bulunduğu"nu da ümumi türk tarixi konsepsiyasına daxil edib.

Turan düşüncəsinin genetik təsnifatını şəkilləndirən Ziya Gökalpın sosiolojidə, ümumi türk ədəbiyyatının hüdudlarını müəyyənləşdirən Fuad Köprülünün filolojidə təsbit etdiyini tarixşünaslıqda Zəki Vəlidi Toğan edib. Bəlkə bir az daha geniş miqyasda, onların sosiolojidə, ədəbiyyat sahəsində meydana qoyduqları ideyaların elmi əsaslarını hazırlayıb.

İlk əlamətləri Milad öncəsi XII-VII yüzillərə uzanan Şu dastanlarında görünən Çu dövlətinin (Chou) türk mənşəli olması barədə ilk təkzib olunmaz elmi qənaət, yenə Milad öncəsi VII-III yüzilliklərdə Sakaların, iskitlərin türk kökənli olması barədə Toğana qədərki ehtimallardan daha kəskin iddia, Xəzər xaqanlığının mənşəyi, xəzərlərin varlığı və aqibəti daha çox Zəki Vəlidi Toğanın elmi fəziləti sayəsində türkoloji fakta çevrilib.

Zəki Vəlidi Toğan türk tarixçiliyini modernləşdirib.

Zəki Vəlidinin təşviqi ilə türk tarixinin maddəsinə ruh verən Abdulkadir İnan ona Şaman cəzbəsi, psixolojisi və inancı aşılayıb. Bahəddin Ögəlin mifolojiyə, sinoloji qaynaqlara baş vuraraq türk tarixinin Turan çərçivəsində bütünlüyünü şəkilləndirməsi də, İbrahim Kafesoğlunun türk varlığının islam mahiyyətiylə bağdaşlaşmasını, elmdə türk-islam sintezini icad etməsi də, Osman Turanın türk cahan hakimiyyəti - Turan imperatorluğu anlamını ideyadan nəzəriyyəyə gətirməsi də, Faruq Sümərin iki minillik nəsil varlığımızın bioqrafiyasını - "Oğuzlar"ı yazması da Zəki Vəlidi məktəbinin bəhrəsidir. Bu mənada Zəki Vəlidi türk tarixçiliyinin patriarxıdır. Belə olmasaydı, Türkiyənin Xarici İşlər Nazirliyinin israrı ilə 1951-ci ildə İstanbulda keçirilməsi qərara alınan və dünyanın 524 görkəmli aliminin iştirak etdiyi XXII Beynəlxalq Şərqşünaslar Konqresinə rəhbərlik etmək ona həvalə edilməzdi.

Bir Azərbaycan türkü olaraq hər zaman düşünmüşəm: nə üçün Zəki Vəlidinin "Azərbaycan" məqaləsinin, "Azərbaycanın tarixi coğrafiyası" adlı məruzələrinin (Azərbaycan barədə yazdıqlarının) bənzəri bizim öz alimlərimiz tərəfindən qələmə alınmayıb, yaxud alınmır? Axı kim etiraf etməz ki, Zəki Vəlidinin Azərbaycan barədə yazdıqları bir yana, "Ümumi Türk Tarixinə Giriş", "Tarixdə üsul", yaxud onun ortaya çıxardığı İbn Fədlan "Səyahətnamə"si, ilk dəfə farscadan türkcəyə çevirdiyi Fəzlullah Rəşidəddinin "Oğuzların və türklərin tarixi" olmadan, nəzərə alınmadan Azərbaycan tarixi yazıla bilməz. Yazılsa, naqis olar.

Fuad Köprülü Zəki Vəlidi Toğanın hələ vaxtilə İstanbul kitabxanalarında moğol hakimiyyəti dönəmində Azərbaycanda danışılan və yazılan türkcədə 4-5 səhifəlik Azəri-Türk mətnini tapıb tədqiq etməsindən bəhs edirdi. O qaynağı Köprülünün özü də oxumuşdu. Zəki Vəlidinin ölümündən sonra həmin sənədin aşkara çıxmaması, bu son dərəcə qeyri-adi məsələnin Azərbaycan dilçilərini, tarixçilərini, ədəbiyyatşünaslarını rahatsız etməməsi adamda heyrət qarışıq təəccüb və təəssüf doğurur.

Zəki Vəlidi Toğanın Azərbaycan-türk tarixi üçün bəlkə də həyati əhəmiyyət kəsb edən axtarışları, tapıntıları, elmi qənaətləri yetərincədir. Onun "Ümumi Türk Tarixinə Giriş" əsəri bütün türk dünyasının olduğu kimi, Azərbaycanın da ən konseptual ana tarix kitabıdır. Uzun illərdən bəri stolüstü kitabım olan bu əsərin məndə oyandırdığı intiba həmişə ondan ibarət olub ki, əslində, tarix kitablarında iki Azərbaycan vardır və bu Azərbaycanların ən doğması, ən bütövü, etnik yapısı daha etibarlı olan, Zəki Vəlidinin araşdırdığı Azərbaycandır. Bu ümumtürk tarixinin Azərbaycanında - Kaşqardan Qafqaza, Volqaboyundan Krıma, Xəzərdən Altaylara qədər hamı bir evin, bir ocağın əqrəbasıdır.

Zəki Vəlidi Toğana qədər Azərbaycan tarixçiliyində ibn-Hişamın "Kitab-əl Tican" əsərindəki əməvi xəlifəsi ilə Ubeyd b. Sariyanın arasında keçən söhbətə istinad olunmuşdumu? Yox, məncə. Xəlifənin: "Azərbaycan nədir?" - sualına Ubeyd b. Sariya: "Bu, əskidən türklərə aid bir məmləkət idi", - cavabını verir. Zəki Vəlidi əlavə edir ki, "...əfsanəvi dövrlərdə, Himyar krallarının Azərbaycanda və Mosul tərəflərdə Xəzərlər və Türklərlə müharibələrdə bulunduqları görülür. Bu rəvayətlərdə İskəndərin və himyarilərin Orta Asiyada türklər, soğd və tibetlilər ilə olan münasibətlərinə aid təfərrüat həp Azərbaycanda vuku bulmuş hadisələr kimi anlaşılır".

XVIII yüzilin ilk yarısında Başqurd türklərinin başı üzərində eynən Göytürklərdə olduğu kimi, Qurd başlı bayraq (O.Ş.Gökyay) dalğalanırdı. Zəki Vəlidi də bir Başqurd türküdür. Sasanilərin təbirincə, "Qurd Ordusunun yaşadığı məmləkətdə" 1890-cı ilin 10 dekabrında Əhmədşahla Ümmülhəyat xanımın ocağında dünyaya gəlib. Mədrəsədə təhsil alıb, könlünü elmi tədqiqatlara verib, mənsub olduğu millətin tarixini yazıb. Türkolojinin nəhəngləriylə - xaç suyuna salınıb vəftiz edilmiş şaman kökənli pravoslav, Altaylı Sağay türkü Katanovla dostluq edib. Təkcə dostluq etməyib, Katanovun məşhur şəxsi kitabxanasını Yusif Akçuranın vasitəsilə İstanbula çatdırıb.

Dalaşıb-barışdığı Qabdulla Tukayla dostluq edib. Çolpanla ruh qardaşı olub.

Əvvəldə xatırlatdığım kimi, Leninlə söhbətində ona Ulyanov soyadlı bir tatar yazarının kitabından bəhs edib və Vladimir İliçə Ulyanovların türk-tatar nəsəbini xatırladıb:

"Mən ona Ulyanov ismində birisinin keçən XIX yüzil ortalarında Kazan vilayəti rus olmayan qövmlərin və çuvaşların etnoqrafiyasına aid nəşr etdiyi bir əsəri göstərdim. Bu əsərdən bu müəllifin tatarca, çuvaşca bildiyi anlaşılırdı. Mən Lenindən, "Bu müəllif Ulyanov, yoxsa sizin əqrəbanızmı? Yoxsa sizin əslinizdə tatarlıq və ya çuvaşlıqmı var?" - deyə sordum. Lenin də özünün mənşəyi məsələsi ilə heç məşğul olmadığını və kitabın müəllifini araşdıracağını, çünki öz nəslindən bir zatın belə bir elmi əsər nəşr etmiş olduğunu heç eşitmədiyini söylədi. Çox səmimi və dadlı keçən söhbətlərimizdə Lenin mənim nə kimi elmi mövzularla, bilxassə etnoqrafiya ilə məşğul olduğumu öyrənmiş oldu".

Zəki Vəlidi Leninin səmimiyyətinə inanıb. Hətta Leninin istəyi ilə onun Kominternin II Konqresi üçün "Millətçilik və müstəmləkəçilik məsələlərinə aid" on iki maddəlik tezislərinin bir neçə bəndini təshih edib.

Stalinlə bir yerdə çolpa qızartmasıyla gürcü şərabı içsə də, ona heç vaxt inanmayıb.

Həbslərdə yatıb...

Zəki Vəlidi Başqurd muxtariyyətini təmin etmək üçün milli ordu qurub. Ordunun baş komandanı olub. Kolçakın zavalına uğrayıb, türklərə etimad etməyən Stalinin yalançı vədlərinin qabağında girinc-giriftar qalıb. Başqırdıstanın muxtariyyətini qorumaq şərtilə Başqırd ordusunu kommunistlərin ixtiyarına verib. Bolşeviklərin onu aldatdığını, başqırdlara torpaq muxtariyyətinin verilməyəcəyini anlayınca Qazaxlarla Başqırdıstanın federasiyasını qurmaq istəyən Toğan qazaxlardan da ümidi kəsilincə məmləkətinin siyasi muxtariyyətini yaşatmaq üçün Başqırdıstan Kommunist Partiyasının yaradılmasını önəmli bilib. 1920-ci ilin 19 mayında Başqırdıstan Cümhuriyyəti bolşeviklər tərəfindən ləğv ediləndə Lenini tərk edib. Üsyan bayrağı qaldıraraq Moskvaya arxa çevirib.

...Az sonra Ənvər Paşanın yanına - Türküstana üz tutub. Türküstanın çöllərinə çəkilib. Həyatının bu dönəmində hər şeyə rəğmən, Zəki Vəlidi hələ də bolşeviklərə inanmaq istəyirdi. Özünün yazdığına görə, "Bolşeviklər Qızıl Ordu əsası üzərinə milli bir Türküstan Sovet Cümhuriyyətinin qurulmasına razı olarlarsa, Zəki Vəlidi bolşeviklərlə birləşə bilər"di. Bu mənada Zəki Vəlidini Turan Sosialist Cümhuriyyətini qurmaq istəyən başqa bir başqurda - çiləli bir ömür yaşamış Sultan Qaliyevə bənzədirəm. Amma qarşıda bolşeviklərin bölücü iddiası - Türküstanın parçalanması planları vardı. Əhməd Yəsəvilər, Teymurlar, Nəvailər, Məhtimqulular yetirən Orta Asiya ayrı-ayrı sovet respublikalarına bölünəcək və Türküstandakı türk birliyinin özülü dağıdılacaqdı.

Qazaxlardan Kazana qədər bütün Türküstanın dil böhranına uğradılması, "Planlı dil çalışması"nda dediyi kimi, Kaşqardan Başqırdıstanacan vahid türk dili bünövrəsinin ortaq mədəniyyət bağlarımızın qırılmasına gətirib çıxardı. Zəki Vəlidiyə görə, siyasi tənəzzül, məfkurəvi böhran ən əvvəl dilə vurulan zərbədən başlanır...

Zəki Vəlidi elmi əsərləri səviyyəsində çox mühüm və gərəkli olan memuarında - "Xatirələr" kitabında bu barədə ətraflı yazıb: kominternin iclasından dərhal sonra müsəlman ölkələrində çalışacaq qeyri-türk kommunistlərə türk məmləkətlərində nə qədər ki, imla sabit deyil, türk ləhcələri arasında fərqliliyi qabartmaq və məzhəb ixtilaflarının daim qızışdırılması barədə məxfi təlimatlar ötürülür. Çünki bu yolla həm müsəlman aydınlarını parçalamaq, həm də onları tezliklə zərərsizləşdirmək mümkün olacaqdı.

İlminskinin bolşevik varislərinin parçalayıb dağıtdığı dəyərləri Toğan öz işıqlı zəkası ilə "Ümumi Türk Tarixinə Giriş" əsərində bir yerə toplamağı bacardı.

***

Zəki Vəlidi bitib-tükənmir. Bu qədər uzaq məsafələr, bu qədər qarışıq situasiyaların qoynunda bir də görürsən 1920-ci ildəsən, Bakıdasan. Zəki Vəlidinin də, Ənvər Paşanın da, hətta milli şair Çolpanın da səsi Bakıdan - Şərq Xalqlarının Qurultayından gəlir. Əslində, qurultayın Bakıda keçirilməsinin ideya müəllifi Toğandır. "Bakıda 1-5 sentyabrda toplanan Bakı Şərq Millətləri Konqresi... Camal və Xəlil Paşaların hüzurunda tərəfimdən ortaya atılmışsa da, bu iş Stalinin Milli İşlər Komissarlığı və Müsəlman Kommunistləri Mərkəzi tərəfindən düzənləndi. İşin başına və konqres başqanlığına Zinovyev ilə Radek gətirildi".

...Zəki Vəlidi ikinci dəfədir ki, Bakıdadır. Hər iki gəlişində Bakıda Türk Kommunist Partiyası Mərkəzində Mustafa Sübhi ilə görüşən Zəki Vəlidi Toğan sovet gizli polisi tərəfindən hər yerdə - Bakı, Astarxan, Dərbənddə... təqib ediləcəyini, bunun üçün 300 gizli polisin səfərbər olunduğunu da yaxşı bilir və qurultayın keçirildiyi salona gəlmir. Pərdənin arxasındadır... Başqırd nümayəndələri tərəfindən irəli sürülən qərarnamələri o hazırlayır...

Qurultaydan sonra "məni liman və stansiyalarda gizli polislər gözləməkdə olduqlarından Bakıdan Sumqayıt stansiyasına qədər faytonla hərəkət etdim və oradan bir qatarla... Petrovskiyə getdim" (Z.V.Toğan).

...Bakıya ilk gəlişində isə böyük alim marağına təslim olub, Bakının qədim tarixi abidələrini, saraylarını, cami və mədrəsələrini ziyarət etməyi özünə borc bilmişdi.

Bolşeviklərin milli siyasətinin quru, föhş bir oyun olduğunu anlayan Zəki Vəlidiyə Leninin yaxın dostlarından biri Georgi Petrovski söyləyib ki, "Lenin velikorus mənfəətlərini Böyük Pyotrdan daha geniş ölçüdə müdafiə edir".

Bunu bilən Başqırdıstan lideri Zəki Vəlidi Toğan Türküstana - Buxaraya üz tutur. Türkün qədim beşiyində yenidən bir Turan qurmaq - türk əsalətini yenidən dünyaya hakim qılmaq eşqiylə Ənvər Paşa ilə birgə bolşevizmə qarşı savaş açırlar.

Ənvərin ölümündən sonra, Atatürkün istəyi ilə Zəki Vəlidi Türküstan Milli Birliyini yaratdı. Çünki Böyük Türküstan Federasiyasını qurmaq istəyirdi. 1922-ci ilin sentyabrında 31 yaşlı Toğan Daşkənddə özbək və qazaxların qurultayını keçirtdi. Türküstan Milli Birliyinin proqramını bəyan etdi: Türküstan bağımsız olacaqdır. Türküstanın müqəddəratını türküstanlılar öz əllərinə alacaq, bağımsız Türküstanın idarə şəkli demokratik Cümhuriyyət olacaq.... Din işlərində tam hürriyyət təmin ediləcək, dövlət işləri ilə din işləri qarışdırılmayacaqdır.

Lenin isə təbii ki, bunu istəmirdi. Bu səbəbdən də Türküstan Milli Birliyi dağıdıldı. Özbəklər və qazaxlar, türkmənlərlə özbəklər arasına təfriqə salındı, ixtilaflar qızışdırıldı...

Türküstan Milli Birliyinin gələcəyini görməyən Zəki Vəlidi Toğan Əbdülqadir İnanla birgə yeddi həftə İranda, beş ay Əfqanıstanda qaldıqdan sonra Türkiyəyə hicrət etdi...

(Zəki Vəlidinin və Əbdülqadir İnanın yazdığı kitabların məfkurəvi dərinliyi hər nə qədər bir-birinə simsardısa, həyatdakı dostluq, doğmalıq münasibətlərinin də dərəcəsi eyni səviyyədə və eyni dərinlikdədir. Əbdülqadir İnansız bir Zəki Vəlidi Toğan, yaxud Zəki Vəlidi Toğansız bir Əbdülqadir İnan düşünülə bilməz. İstər Rus-Türküstan savaşında, istər əmsalsız araşdırmalarında, istər qürbət həyatlarında, istərsə də elmi düşüncələrinin qanad gərdiyi asiman və göytürklük mahiyyətinə görə bu iki romantik Başqurd türkü hər zaman çiyin-çiyinədir)

...21 yaşında "Türk və Tatar tarixi" əsəriylə Rusiyanın elmi çevrələrində ün qazanmışdı.

Sonra Kazan Universitetinin Arxeoloji və Tarix Cəmiyyətinə üzv seçilmişdi.

Buxarada, Fərqanədə - Namenqanda tədqiqatlar aparmışdı.

***

..."Qutadqu Bilig"in dünyada ən qədim nüsxəsini üzə çıxaran Zəki Vəlidi 1927-ci ildən 1932-ci ilə qədər İstanbul Universitetində Ümumi Türk Tarixi kafedrasına rəhbərlik edir. Hələ elmi dərəcəsi belə yoxdur. Bir azdan dünya elminə və türk fikir həyatına "Ümumi Türk Tarixinə Giriş" kitabını miras buraxacaq. Bu, mühümdür. Zəki Vəlidinin Dəli Domrul şövqü ilə yaratdığı bu əsər hələ də əmsalı olmayan bir elm abidəsidir. Dünya tarixi belə kitablara nadir hallarda təsadüf edir. Və bu kitab bir alimin yazı masasının arxasında, bir kitabxana zalında deyil, divarları, çarpayısı tarakanlarla qaynaşan bir həbsxana küncündə təshih olunub. Həm türk tarixçiliyinin ana kitabını nəşrə hazırlayıb, həm də səhərə qədər bitli-birəli çarpayısından 450 biti saxlandığı təcridxananın divarlarına yapışdırıb. İsmət İnönü hökuməti Stalinin rəğbətini qazanmaq, onu "Türkiyədə bir nasisizm, irqçilik yoxdur" həqiqətinə inandırmaq üçün dünya türklüyünün elmdəki iftixarını, ümumi türk tarixi üzrə dünyada ilk və tək professoru həbs etdirir. Nə var ki, turançıymış. Nə var ki, dünyanın yarısını iflic edən Stalinin səltənətini dağıtmaq təhlükəsi varmış.

Özü də Zəki Vəlidi hakim qarşısında tək deyil, tələbələri, yetişdirdiyi insanlarla bir yerdədir: elə məhkəmədəcə Zəki Vəlidini "türk tarixinin dünyada yeganə avtoriteti" adlandıran Nihal Atsızla, "Kitabi-Dədə Qorqud"un dünyada ən böyük bilgini Orhan Şaiq Gökyayla bir sırasındadır...

Amma Zəki Vəlidi heç zaman irqçi olmamışdı. Hətta bu günəcən bəzi binəsiblərin nəzərində Hitlerin "müsəlman məsələləri üzrə xüsusi müşaviri" kimi şərlənən Zəki Vəlidi "Avropadakı irqçiliyin, hindo-germenlerini bir müasir mütləqiyyətə, Düçe (Mussolini) və Fürer (Hitler) sisteminə əsas qılmaq fikriylə irəli sürülmüş olduğunu, bunun türk millətinin ruhuna uyğun gəlmədiyini" Adolf Hitlerdən də, siyasi karyerasının böyük bir dövrünü Zəki Vəlidiylə mübarizəyə həsr edən, o dövrün qəzetlərini və yığıncaq salonlarını "Validovşina" ittihamları ilə yüklədən və neçə-neçə opponentini də elə bu adla məhv etmiş Stalindən də daha yaxşı və dürüst anlayırdı. Hələ 1931-ci ildə yazdığı bir məqaləsində "Bu gün mədəniyyət alanında demokratiya, kommunizm və faşizm cərəyanları mücadilə halındadır. Kommunizm təhlükəsinə qarşı mücadilədə demokratiyanın zəifliklərini bəhanə edərək meydana atılan faşizmin alacağı yol, qaranlıq və şübhəlidir. Cahanşümul bir şəkil almaq üçün daha çox demokratiya sisteminə düşmən kəsilən və onu əzmək üçün müstəqbəl biaman düşməni kommunizmlə ittifaqa belə hazır olduğunu göstərən faşizm məktəbi müdhiş ehtiras və müfrid (ifrat) şovinizmdən mülhəm olmaqdadır (ilhamlanmaqdadır). Fəqət faşizm milliyyət fikrinin baş müdafii olaraq ortaya atılmış olmasına rəğmən milli deyil, bir internasional şovinizmdir". Toğan əlavə edirdi ki, "türk tarixinin altun dövrlərini yaşadan millli qəhrəmanlar, o cümlədən Çingiz də Göktürk və Xəzər xaqanları kimi qəbilələr arasındakı ixtilafı yatışdırmaq, onlara özünü usta bir hakim sifətiylə tanıtmaq yolunda yüksələn və imperatorluqlar quran bir şəxsiyyətdir və bunların Hindo-german və qədim İran və Sami qövmlərin despotlarıyla heç bir əlaqəsi yoxdur". Və bütün bunları Zəki Vəlidi Toğan İstanbulda yalnız öz camiasına oxutmaq üçün yazmırdı. Hitlerin ideoloqlarından birinə - Alman Elmlər Akademiyasının prezidentinə ünvanladığı məktubda da eyni məsələlərə toxunurdu. Belə bir Zəki Vəlidi Toğan Hitlerin "müsəlman məsələləri üzrə siyasi müşaviri" ola bilərdimi? Hətta Hitler bunu istəsəydi belə, Zəki Vəlidi buna razı olardımı?

Zəki Vəlidi Toğana görə, "siyasi türk vəhdəti Göktürklər və Çingiz zamanında meydana çıxmışdı". Əfsus ki, Əmir Teymur bunu gerçəkləşdirə, dərinləşdirə bilmədi.

Zəki Vəlidi türk birliyinin zəruriliyini anlayırdı və bunu açıq şəkildə bəyan edirdi. Çünki hələ 1940-cı illərin əvvəllərində görürdü ki, almanlar Almaniyanın gələcəkdəki hüdudlarının etnik hüdudlarla kifayətlənəcəyini vəd etsələr də, Asiyanın siyasi və iqtisadi nüfuzunu da gözardı etmirlər. "Ruslar Balkanlarda və Şərqi Avropada bir Slav birliyi vücuda gətirmək" niyyətindəydilər. Anqlo-saksonlar isə Ön Asiyada və Akdəniz sahəsində bir Ərəb birliyi yaratmaqdaydılar. Bunu yalnız Zəki Vəlidi Toğan kimi parlaq siyasi dühaya malik bir insan dərk edə bilərdi. Həm də bu səbəbdən Stalini dünya tarixşünaslığının partriarxı Zəki Vəlidi Toğanın Türkiyədə hakimiyyətə gələ bilməyəcəyinə inandırmaq üçün Toğanı 10 illik həbs cəzasına məhkum etdilər. Doğrudur, Zəki Vəlidi Toğan dörd il səkkiz aydan sonra bəraət aldı. Amma Türkiyə tarixində İstanbul, Bonn, Gottingen, Britaniyanın Mançestr, Amerikanın Colombia universitetlərinin professoru, 1925-ci ildən Macarıstan Turan Cəmiyyətinin fəxri üzvü Zəki Vəlidi Toğanın bir məhbus həyatı yaşaması, özü də belə bir unikal siyasi mövqeyinə görə məhkum olunması onu məhkum edənlərin siyasi simasından heç zaman silinməyəcək bir ləkədir. Necə ki, Adilə Ayda "Böylə idilər yaşarkən..." kitabında bunun "İnönünün həyatında əbədiyyən silinməyəcək bir ləkə kimi qalacağını" yazmışdı..

Çünki yenə də Nihal Atsız demişkən, elmdəki etibarı Zəki Vəlidi mislində bütün dünyada qəbul olunmuş, etiraf edilmiş, Amerika, İngiltərə, Almaniya, Hindistan, Pakistan, Yaponiya universitetlərindən ardıcıl dəvətlər alan başqa bir türk tarix professoru yox idi.

***

Toğan Vyana Universitetinin yetirməsi olsa da, əslində, o, Bartold məktəbinin böyük nümayəndəsidir. Rusiya türkologiya tarixinin qızıl səhifələri isə çoxlarının da etiraf etdiyi kimi, Bartoldla başlayıb, Minorski ilə davam edir və Zəki Vəlidi Toğanla tamamlanır.

***

Zəki Vəlidi bitib-tükənmir. Yuxarıda dediyim kimi, Pakistan prezidenti Mirzə İskəndər Əli, Hindistanın rəhbəri Cəvahirləl Nehru Türküstanın tarixini Zəki Vəlidinin əsərlərindən oxuyub öyrəniblər.

***

Zəki Vəlidinin missiyası təkcə itik düşmüş əlyazmaları tapıb elmə məlum etməklə tamamlanmırdı. Toğan Şahi-Qəribanların da pənahgahına çevrilmişdi. Əlişir Nəvainin məzarını Heratda o aşkara çıxarmışdı: "Tək bu nöqtəyə işarət etmək kafi gəlir ki, XV əsr son yarısının kültür həyatının başında gələn və bu şəhərin (Herat - A.T.) imarında çox böyük rol oynamış olan böyük türk şairi Əlişir Nəvainin məzarının yerini bilən kimsə yoxdu. Yalnız bu Əlişir kəndisinin "Vəqfiyə" ismindəki əsərində bu gün də yerləri bəlli olan mədrəsə və cameləri ilə imarətxanəsinin bir-birlərindən kaç zira (arşın) məsafədə bulunduqları açıqca qeyd olunmuş və digər qaynaqlarda Əlişirin bu binalar arasında yapılan türbədə gömüldüyü də anladılmış olduğundan bunun yerini təsbit etmək bənim üçün qolay oldu. Metrə ilə hər tərəfi ölçüb bulduğum nöqtədə bir məzar daşı vardı. Fəqət buradakı bağlara nəzarət edən zatın anlatdığına görə, bu daş sonradan başqa yerdən gətirilmiş və burası heratlılar tərəfindən "Şahi-Qəriban" təsmiyə olunmaqda imiş. Əskidən burada şam yandırmaq adəti də var imiş, sonra daşlarını götürmüşlər. Bu şəkildə Əlişir Nəvainin heratlılar nəzərində "Qəriblərin Padşahı" olaraq tanındığını öyrənmiş və məzarı təsbit etmiş oldum".

Toğan 1923-cü ildə Əlişir Nəvainin məzarını tapdı. Qəriblər Padşahının ziyarətgahını ehya qıldı. Təkcə məzarına sayğı göstərmədi, tarixçi Zəki Vəlidi Toğan Əlişir Nəvai yaradıcılığının tədqiqində də metodoloji yanaşmanın yeni istiqamətini nişan verdi və nə özündən əvvəl, nə də sonra Əlişir Nəvai barədə yazılanların heç biri ilə qiyas edilməyəcək mötəbər bir əsər qələmə aldı.

***

1923-cü ildə Türküstandan ayrılandan sonra Zəki Vəlidinin qürbət yolları İrana, Əfqanıstana, Parisə, Almaniyaya qədər uzandı. Toğan 1925-ci ildə Fuad Köprülünün, Yusif Akçuranın, Rza Nurun istəyi ilə Türkiyəyə gəldi. Atatürk onu Türkiyə vətəndaşlığına qəbul etdi. Atatürkün sevimlilərindən birinə çevrildi. Və 1932-ci ildə Birinci Türk Tarix Konqresində Mustafa Kamal Paşa ilə fikir ixtilafında oldu. Konqresdə türk tarixinin öyrənilməsi üçün təklif olunan dördcildlik "Tarix" kitabı Toğan tərəfindən qınandı. Qarşılığında Zəki Vəlidi Toğanın tarixə yanaşma prinsiplərini Rusiya türklərinin sırasından yetişmiş digər böyük alim, həm də barəsində söhbət gedən dərsliyin müəlliflərindən biri Sədri Maksudi Arsal tənqid etdi. Atatürk də, Arsal da bilirdi ki, Toğan elmdə güvənmədiyi, təməlində tarixin maddi, yazılı, arxeoloji dəlili olmayan heç nəyi zəkasının hüdudlarına yaxın buraxmır. Elmi təsdiqini tapmayan hər hansı fikri nəinki Sədri Məqsudi Arsal, hətta Atatürkün özü belə söyləmiş olsa, Toğan bunu qəbul etməyəcəkdi. Çünki Zəki Vəlidi bir dövrün deyil, bütün dövrlərin, təkcə Türkiyənin deyil, bütün türk aləminin tarixçisiydi.

Sözü keçmədi və 1932-ci ildə Türkiyəni tərk etdi...

***

Fuad Köprülü qeyd edir ki, Zəki Vəlidinin araşdırmalarıyla artıq türk millətinin elm sahəsində təqlid və təslimiyyətdən qurtulub kamillik və araşdırma yoluna girməsi mümkün olmuşdur: "Ərəblərin VII əsrin ilk yarısında Qərbi Asiyadakı uğurlarının səbəbi Şərqi İrandakı türk təzyiqinin nəticəsində mümkün olmuşdur" fikrini irəli sürməklə "Zəki bəy cahan tarixinin mühüm bir nöqtəsini aydınladıb".

Toğana görə, panturanizm türk, moğol və fin-uqor qövmlərinin ittifaqı, pantürkizm isə yalnız türklərin siyasi birliyi kimi anlaşılmalıydı. Macar panturanizmi, yaxud Vamberinin irəli sürdüyü pantürkizm yalnız Ural-Altay qövmlərini qapsaya bilərdi.

Zəki Vəlidi böyük tarix bilgini kimi turançı, siyasi baxışlarına görə isə türkçüdür. Macarlar isə Fin-Uqor dilində danışmalarına, bir çox Avropa xalqlarıyla əlaqədə, ilişkidə olmaqlarına rəğmən ruhlarında Turan kültürünün əsintilərini daşıdıqlarına görə, turanlığın türk-moğol qoluna Fin-Uqor qolundan daha yaxın olmalıydılar. Anadolu, Qafqaz və Türküstan türkləriylə macarların bir Turan zehniyyəti içində qaynayıb qarışmasının zəruriliyinə toxunan Zəki Vəlidi Toğan 1931-ci ilin 20 dekabrında Macarıstanın "Levente" dərgisində yazırdı ki: "bu məsələ ilə ciddi anlamda ən öncə ilgilənənlər arasında, 1915-1917-ci illər arasında Rusiya türk xalqlarından komitə təşkil edən (Turan Heyəti - A.T.) və bir-iki dəfə Budapeştə gələn azərbaycanlı alim Hüseynzadə Əli bəy xatırlana bilər. Kont İştvan Tisza, Miklos Sirenere və başqalarıyla bu məsələ üzərində görüşüb danışıqlar aparmış və "A Külügy-Hadügyü" adlı dərgidə Rusiya Türk xalqlarının siyasi təsirləri üzərinə məqalə yazmışdır".

...1970-ci ildə dünyasını dəyişən səksən yaşlı Zəki Vəlidini Hüseynzadə ilə birləşdirən körpü İstanbulda Qaracaəhməd məzarlığındadır. Əli bəyin də, Zəki Vəlidinin də ruhunun aşiyan tapdığı Turan Kövsəri Qaracaəhməddədir. Bir-birinin qonşuluğunda uyuyurlar...

***

Əlbəttə, elmin inkişafı hadisələrin, tarixi faktların yenidən dəyərləndirilməsini tələb edir. Ancaq Zəki Vəlidi Toğanın "Ümumi türk tarixinə giriş" kitabı türk tarixşünaslığının müqəddəs kitabı mislindədir. Şəxsən mənə görə elədir. Və bu kitab elə bir elmi vüsətlə qələmə alınıb ki, oradakı hər hansı tarixi hörgünün, ilmələrin yerini dəyişməyə, ona yenidən qələm çalmağa, onu təshih etməyə heç kəsin nə cürəti, nə də elmi təfəkkürü yetməz. Zəki Vəlidi Toğan Türküstanın və Turan aləminin tarix səhifələrini əzbər bildiyi kimi, buradakı əşirətlərin, boyların, nəsil şəcərələrinin yeddi arxadan dönənlərini də tanıyırdı. Zəki Vəlidi, sanki türk tarixşünaslığının "səmavi kitab"ını yazıya köçürmüşdür. "Ümumi türk tarixinə giriş" 3000 illik bir keçmişdən üzü bəriyə qədər tarixi dönəmləri ehtiva edir.

Zəki Vəlidinin "Tarixdə üsul" əsəri təkcə tarixi yazmağı deyil, tarixə necə münasibət bəsləməyi də öyrədir. Eyni zamanda, elmdə Qərb-Şərq məsələlərinin öyrənilməsinə istiqamət verir. Fuad Köprülünün sözləri ilə desəm, Türkiyə tarixşünaslığını təqlidçilikdən xilas edir.

"Tarixdə üsul" kitabında Zəki Vəlidi xatırladırdı ki, Renan, Draper, Kromer, Doziy, daha sonrakı mərhələdə Massis, Pol Valeri, Kayserlinq, Qustav le Bon, Osvald Şpenqler, Arnold Toynbee və başqa bu kimi Qərb mütəfəkkirlərinin, Şərq-Qərb "mövzusu üzərinə yazanlarının çoxu Avropa mədəniyyətinin əxlaqi cəhətinin təkamülündə müəssir amil sifətiylə xristianlığa çox yer" veriblər. Hələ üstəgəl, Qərb əski Yunandan qaynaqlanan əqidə və mənfəətlər çarpışmasını özü üçün fikir həyatının qaynağı halına gətirmişdir. Amma həm də "bir yanda vəhşət içində yaşama, o biri yanda dünyadan vaz keçmiş mistisizm, bir tərəfdə vəhşi insan, digər tərəfdə övliya".

Zəki Vəlidi intellektin təcrübəyə tətbiqinə mənəvi-məfkurəvi yönlərdə əməl edirdi. Avropa mədəniyyətinin inkişafında əsas amil kimi xristianlıq götürülürdüsə, Zəki Vəlidi də İstanbulda İslam Araşdırmaları İnstitutunu yaradıb ona rəhbərlik edirdi.

***

Zəki Vəlidini tədqiq etmək, "Zəki Vəlidi Toğan kimdir?" - sualını cavablandırmaq, məncə, ayrı-ayrılıqda nə Türkiyə, nə də Rusiya alimlərinin öhdəsinə düşür. Baxmayaraq ki, bu gün Peterburq Universitetinin də, İstanbul Universitetinin də yaxınlığında Zəki Vəlidinin abidəsi ucalır. Zəki Vəlidinin yaradıcılığı artıq dünya türkologiyasının öyrənilməsi vacib olan əsas mövzularından biridir. Çünki Toğan dünyanın alimidir. Bartolddan sonra tək qalan və ardıyca yeni bir Bartold, yaxud ayrı bir Zəki Vəlidi doğulmayan tək alim.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!