...Şəhər qəzetindən təzəcə keçirilmişdim şəhər partiya komitəsinə. Bir gün birinci katib Tofiq Bağırov birbaşa telefonla zəng edib məni yanına çağırdı. Getdim. Hal-əhvaldan sonra:
- Sizdə Məhəmməd Hadidən nə var? - soruşdu.
- Son vaxtlar Əziz Mirəhmədovun tərtib etdiyi və Abbas Zamanovun geniş müqəddimə yazdığı kiçik formatlı bir şeir kitabı, - dedim.
- O, məndə də var, - dedi.
Tofiq Məsim oğlu Bağırov ixtisasca dəmiryol mühəndisi olsa da, nəinki Azərbaycan ədəbiyyatı və tarixinə aid, gürcü və erməni ədəbiyyatı və tarixinə aid materialları da maraqla izləyirdi. Bəzən kiçik səhər müşavirələrini əməkdaşların nə oxuduqlarına həsr edərdi. Həmin gün bu ətrafda qısaca söhbətdən sonra kabinetdən çıxdım.
Bir neçə gündən sonra T.Bağırovu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri vəzifəsinə irəli çəkdilər. Onun yerinə komsomol və sovet işlərində yaxşı tanınmış şəhər icraiyyə komitəsinin sədri işləyən Ələsgər Əlizadə seçildi.
...Və 1966-cı il iyul günlərinin birində səhər xadimə yır-yığışından sonra qapıları açıq qalmış kabinetlərdən keçib iş otağıma daxil oldum. Qonşu kabinetdə olan müdir Qiyas Hümbətovun səsi gəldi. Çağırdı. Pəncərə qabağında qoyulmuş böyük portreti göstərib gülə-gülə:
- Səhər-səhər ürəyim üzülüb, - dedi - Bakıdan Əziz Mirəhmədov gətirib. Məhəmməd Hadinin portretidir. Qapını açıq görüb, qoyub çıxıb. Buralarda gəzir. Ya da Məhəmməd Hadinin təzə yerinə baxmağa gedib. Sən də hazırlaş, indi gedəcəksiniz. Səbzikar qəbiristanlığına. Məhəmməd Hadini oradan Gəncəçayın sağ sahilində yaradılan təzə Fəxri Xiyabana köçürəcəyik.
Mənimlə üzbəüz kabinetdə əyləşən Respublika "Bilik" Cəmiyyəti şəhər təşkilatının katibi, köhnə ziyalılardan olan Kərim Tağıyevin maşınına (sürücünun adı Yusif idi) əyləşib getdik. Xeyli adam vardı: qəzetlərdən, ali məktəblərdən və s. Qəbirqazan ortaboylu, saç-saqqalı ağarmış Musa kişi, mənimlə qəzetdə iş yoldaşı olmuş Çingiz Axundovun 20-ci il hadisələrində üzünün bir tərəfi eybəcər hala salınmış qardaşı Məcid kişi (Çingizin atası - X.Ə.) tərəfindən ölülər arasından çıxarılmış (indi mollalıq edən) İsrafil Axundov da orada idilər. Qəbir duası oxundu. Musa kişi çömbəlib qəbirin üstünü əliylə otdan-alaqdan təmizləməyə başladı. Sonra sapı qırılmış balaca kürəyi götürüb üzünü qübbəyə tutaraq, qəbri sol tərəfdən yavaş-yavaş sökməyə başladı.
Mən:
- Əmican, niyə başdan yox, böyürdən eşirsiniz? - deyə soruşdum.
O:
- Baş, qabırğa sümükləri kövrəkdi, qırılıb tökülə bilər, - dedi.
Amma qəbrin çox dayazlığı, iki-üç qarış eşildikdən sonra görünən baldır və dizdən aşağı sümüklərin nazikliyi (yeniyetmə oğlanın aşağı orqanları kimiydi) məndə şübhələr oyatdı. Üzümü yana tutub kənara çəkildim.
Özü qolsuz ağ köynəkdə olan Əziz Mirəhmədov:
- Əmican, bu istidə köynəkdə dayanmaq olmur, siz sırıqlı pencəkdə necə işləyirsiniz? - dedi. Musa kişi yarızarafatla:
- Buraya gələnlərlə lap axırda mən vidalaşıram və əyilib, qulağımı lap ağzına tutub:
- Mən ölüm, düzünü de, - soruşuram: nədən ölübsən? - Heç "istidən" deyən yoxdur. Hamısı "soyuqlamışdım", "sətəlcəm olmuşdum" - deyir. - Bax, bu rəhmətlik də elə deyib, - dedi.
...Qəribə olsa da, burada bir həqiqət var: Maddi və mənəvi ehtiyac onu Türkiyəyə üz tutmağa vadar edir. Ən aşağı işlərdə işləməli olur. Amma yenə sıxıntı keçirməli olur. Hiss edir ki, ona "rus casusu" kimi baxırlar. Bir soyuq qış günündə Odessaya gedən gəmilərdən birinə minib Vətənə qayıtmaq istəyir. Bu dəfə isə onu "türk casusu" hesab eləyib göyərtədən dənizə tullayırlar. Xeyli əzab-əziyyətdən sonra bir Allah bəndəsinin köməyilə göyərtəyə dırmaşıb vətənə dönə bilir. Gəncədə yaşamalı olur. Xəstə halda küncdə-bucaqda, o cümlədən Gəncənin mərkəzi körpüsünün bir küncündə dayanıb, təzə şeirlərini satmaqla dolanmalı olur. Elə buna görə də onun meyitinin körpünün altında tapılması da həqiqətə daha çox uyğundur...
27.11.2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!