- Sabir müəllim, siz uzun illərdir ki, həm də tarixi romanlar yazırsınız. Tarixi romanlar sözsüz ki, milli ruhun daşıyıcısıdır və müstəqillik dönəmində bu kimi əsərlərə çox böyük ehtiyac var. İstəyirəm, bu barədə danışaq. Tarixi romanın yazılma prinsipləri necə olmalıdır? Anaxronizm tarixi romanda nə dərəcədə məqbuldur? Yazıçı tarixi roman yazarkən sənədliliklə bədiiliyi necə uzlaşdırmalıdır?
- Mənim fikrimcə, tarixə münasibətdə bir qanunauyğunluq var, bu, öz milli kimliyini dərk etmək duyğusundan irəli gəlir. Xalq öz müstəqilliyi uğrunda savaşanda və buna nail olanda tarix daha cazibədar görünür. Əslində, müstəqillik uğrunda mübarizənin ən güclü silahlarından biri də tarixdir. Millət öz tarixini dərk edəndə daha böyük olur və nəyin, hansı idealların uğrunda mübarizə apardığını anlayır. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan dərnəklər xalqın bütövlüyü uğrunda mübarizənin ilkin işartıları idi. Bu dərnəklər həmin ideyaları xalqa çatdırmaq niyyətilə yaradılırdı. Orda da söhbətlərin çoxu tarix üzərindən aparılırdı. Yadımdadır, "Çənlibel" dərnəyində mənim "Qan yaddaşı" şeirlər kitabımın müzakirəsi keçirilmişdi. 80-ci illər qan yaddaşımızın, tarixi yaddaşın oyanan dövrü idi və bu da millətin özünü tanıması baxımından son dərəcə əhəmiyyətli idi. O vaxa qədər xalqımızın tarixi saxtalaşdırılmışdı, bu da milləti kökündən qoparmaq niyyəti daşıyırdı. Uzun illər bu zərərli siyasət aparılmışdı və millət öz tarixindən məhrum olunmuşdu. Tarix həm də xalqın sabahlara doğru gedən yolunu müəyyənləşdirir. O dövrdə tarixlə bağlı bir çox şeirlər yazılmışdı. Mən "Cavad xan" poemasını yazmışdım. 80-ci illərdə "Ömür kitabı"nı yazmışdım, amma o əsər bədii publisistika nümunəsi idi, tarixi əsər deyildi. Əlimə keçən tarixi ədəbiyyatı, başqa xalqların tarix üzərinə yazılmış əsərlərini mütəmadi olaraq oxuyurdum. M.S.Ordubadinin "Qılınc və qələm", "Dumanlı Təbriz", Mirzə İbrahimovun "Gələcək gün", İsmayıl Şıxlının "Dəli Kür" və bu kimi əsərlər bizim nəslin öz kimliyini dərk etməsində çox mühüm rol oynamışdı. Sovet dövründə tarixi romanları çap etdirmək o qədər də asan deyildi. Sosializmin ilk illərində daha çox bolşevik quruculuğundan romanlar yazılırdı. Çox təəssüflər olsun ki, bizim böyük yazıçılarımızın istedadı o yöndə yazılmış əsərlərə sərf olundu. Bircə Yusif Vəzir Çəmənzəminli istisnadır, o, xalqın milli ruhunu əks etdirən bir neçə roman yazmışdı. "Qızlar bulağı", "Od içində" çox gözəl tarixi romanlardır.
- Amma o ənənə davam etmədi.
- Bəli, çox təəssüflər olsun, o ənənə qırıldı. İstehsalat romanları yazıldı, tarix arxa plana keçdi. Çox-çox sonralar, yəni 60-cı illərdən sonra yenidən tarixə qayıdış başlandı. Şah İsmayıl Xətai haqqında bir neçə tarixi roman yazıldı. Fərman Kərimzadə "Xudafərin körpüsü"nü yazdı, Əlisa Nicat "Qızılbaşlar"ı yazdı, Əzizə Cəfərzadə "Bakı-1501"-i yazdı. Bəli, o fikirlə razıyam ki, tarix nəzarətsiz bir sahə deyil, tarixə sahiblik hissi olmalıdır. Yarıfantastik, yarıtarixi əsərlərdə təxəyyüldən istifadə etmək olar, amma o əsərin ki, mərkəzində şəxsiyyət dayanır, yaxud hansısa real tarixi hadisə dayanır, orda artıq uydurmalara qətiyyən yol vermək olmaz. Tarixi roman, şübhəsiz ki, bədii əsərdir, ancaq onun sənədlilik tərəfi gərək heç vaxt unudulmasın. İndi daha çox hökmdarların və müharibələrin tarixi yazılır, bu da bəlli sənədlər əsasında yazılır. Amma bu sənədlərdən kənarda yüzlərlə, minlərlə süjet var ki, bunların heç bir sənədi yoxdur. Bunu yazıçı öz təxəyyülündə canlandırmalıdır. Bir şərtlə, yazdıqları o zamana, o tarixə uyğun gəlməlidir. Mən yazdığım bütün tarixi romanlarda heç vaxt reallıqdan kənara çıxmamışam. Cavad xanla bağlı roman yazanda çoxlu mənbələrə baxdım, rus tarixçilərinin o dövrlə bağlı yazılarında bizim tariximizə yuxarıdan aşağı baxdıqları hiss olunur. Amma təbii ki, o mənbələrdə həqiqəti görmək olur, mən də o həqiqətlərə istinad etdim. Başqa cür yaza bilməzdim. Sonra "Difai fədailəri" yazıldı. "Difai" təşkilatı ilə bağlı bütün tarixi sənədlərlə tanış oldum, xeyli materialı ilk dəfə mən üzə çıxardım. Sonra Məhəmməd Hadi haqqında roman yazdım. Bir neçə povestim var ki, 20-ci illərdə dağ rayonlarında xalqın sovet işğalına qarşı mübarizəsindən bəhs edir. "Xətai yurdu" meydan hadisələrinin bir salnaməsidir. Daha sonra "Akademikin son əsəri" romanını yazmışam. "Sunami" romanı isə yer-göy problemləriylə bağlı bir əsərdir.
- Sabir müəllim, bu əsərlərin hansındasa anaxronizmdən istifadə etmisinizmi? Məsələn, "Göy Tanrı" romanının dili də tamamilə fərqlidir. Sanki qədim oğuz dilində yazılıb. Oğuz türklərinin tarixiylə bağlıdır. Hansı sənədlərə istinad etmisiniz?
- Mənim yazdığım tarixi romanların heç birində uydurma yoxdur. "Göy Tanrı" romanı lap qədim tarixdən bəhs edir, Oğuznamələr əsasında yazılıb. Oğuzların tarixi çox qədimdir, deyirlər, guya bunlar X-XI əsrlərdə Azərbaycana gəliblər. Halbuki, onların tarixi Miladdan öncə VI əsrlə bağlıdır. Amma bəzi mənbələrdə deyilir ki, Oğuz xan eramızdan iki min il əvvəl yaşayıb. XI əsrdə oğuzlar artıq Avropada, Asiyada cövlan edirdilər. "Dədə Qorqud dastanı"nda da oğuzların çox qədim bir xalq olduğu göstərilir. Bu tarix hələ öyrənilməyib, yarımçıqdır və hind-Avropa mərkəzçi nəzəriyyənin tərəfdarları türkün burdakı izlərini mümkün qədər silməyə çalışırlar. Hansı tərəfə çəkirlər, altından türkün tarixi çıxır. Bu tarix gec-tez öyrəniləcək. Firdovsi "Şahnamə" əsərində özündən min beş yüz il əvvəlin tarixini yazıb. Orda göstərir ki, o zaman bir İran vardı, bir də Turan vardı. Demək, e.ə. VI-V əsrlərdə Turan dövləti olub. Mənim yazdığım Alp Ər Tunqa Oğuz nəslinin davamçısıdır. Deyə bilərlər ki, bu, mifik tarixdir, amma mən buna inanıram. Alp Ər Tunqanın Misir sərhədlərinə qədər gedib çıxması tarixi həqiqətdir. Oğuznamələrdə də bu var və mən buna istinad etmişəm.
- Bu dövrlə bağlı daha hansı sənədlər var? Başqa hansı mənbələrə istinad etmisiniz?
- Hələ "Ömür kitabı"nı yazanda bir çox mənbələri araşdırmışdım. Qədim türk-Çin mənbələrindən tutmuş bütün Avropa mənbələrinə qədər olan materiallar məndə qalırdı. Sahildə uzanmışdım, hardansa bir duyğu gəldi, gəlib oturub ilk cümləsini yazdım, sonra şəhərə çağırdılar, qayıdıb gəldim və iki ay yarıma o romanı yazdım. Yazanda düşünürdüm ki, axı oğuzlar o zaman nə ərəbi, nə farsı tanıyırdılar. Bunların vətəni də, milləti də, mədəniyyəti də vardı, bəs bunlar hansı sözlərdən istifadə edirdilər? Yeri gəlmişkən, mən Dağlıq Altaya getmişdim, onların dilində bircə dənə də ərəb-fars sözü yoxdur. Öz dillərində danışırlar. Mən onların dilindən onlarca söz yazmışdım ki, çox rahatlıqla bizim dildə də işlənə bilər. İndi ən böyük problem türk xalqları arasında ortaq dilin yaranması məsələsidir. Ortaq dil yaranarsa, türkdilli xalqlar daha da bir-birinə yaxınlaşar, bir-birini daha yaxşı anlayar. Türk dili bizim orta məktəblərimizdə tədris olunsa, çox gözəl olar. İnanıram ki, gec-tez bu baş verəcək. Məsələn, biz əvvəllər Oljas Süleymenovla rusca danışırdıq, amma indi rastlaşanda türkcə danışırıq. Bu yolla ortaq türkcə yarana bilər. Gələk romana. Mən "Göy Tanrı"nı yazanda dəftərin bir üzünə o tarixi mənbələrdən oxuduqlarımı, bir üzünə isə romanın özünü yazırdım. Özümə söz vermişdim ki, bu əsərdə bircə kənar söz də işlətməyəcəm, elə də etdim. Əsərdə istifadə olunan sözlərin hamısı türk sözləridir. Əsəri yazıb bitirdim və rəhmətlik dilçi alimimiz Tofiq Hacıyevə verdim ki, oxusun, fikrini bildirsin. Bir-iki ay keçdi, Tofiq müəllimdən xəbər çıxmadı. Sonra təsadüfən rastlaşdıq, o mənə dedi ki, sən bu romanı kimin üçün yazmısan? Dedim, əlbəttə, oxucu üçün. Mənə dedi ki, oxucu bunu anlamayacaq, get bunu dəyiş. Tofiq müəllimlə söhbətdən sonra mən bu əsəri bir qədər sadələşdirdim, ondan sonra çap olundu.
- "Şair və şər" romanını yazmısınız. Niyə məhz Məhəmməd Hadinin həyatından yazdınız?
- Əvvəla, sənə təşəkkür edirəm ki, bu roman haqqında yazı yazdın. Bu roman haqqında çox az yazılıb. Ən yaxşı yazılardan biri də sənin yazın idi. Bu il Məhəmməd Hadinin 140 illiyidir, amma nədənsə, Hadi yenə də diqqətdən kənarda qalıb. O, Azərbaycan romantizminin ən parlaq nümayəndəsidir. Ümumiyyətlə, romantizmin nümayəndələrinin tam dəyəri hələ də verilməyib. Məsələn, Abdulla Şaiq böyük şair və böyük vətənpərvər olub. Hüseyn Cavidi daha çox dramaturq kimi tanıyırıq, amma Cavid çox böyük bir şairdir. Yaxud Cəfər Cabbarlı, Əhməd Cavad, Əmin Abid. Onlar romantik təfəkkürün daşıyıcısı idilər. O dövr tariximizin də çox parlaq bir dövrüdür. Məhəmməd Hadinin məşhur misrası var, "yox millətimin xətti bu imzalar içində". Hər birimizi narahat edən, beynimizi deşən bir misradır. O illərdə bir yara kimi bizi incidirdi Hadinin bu şeiri. Hələ gənclik illərindən onun taleyi məni düşündürürdü. Bir dəfə Rafael Hüseynovla Gəncədə Hadinin məzarını axtarırdıq, deyirdilər, onun məzarı itib. Fikrət Sadıq da bir şeir yazmışdı ki, "elə yanmadı ki, məzarı da qalaydı". Biz orda Abdulla Surun məzarını tapdıq, sonra Məhəmməd Hadinin də qəbri tapıldı. Hadi məni hər şeydən əvvəl bir xarakter olaraq cəlb edirdi. Şamaxı hələ Bakı quberniyasının tərkibində olanda böyük zəlzələ baş verdi, şəhər yerlə-yeksan oldu. Sağ qalanlar Bakıya axışdı. O vaxt Bakı bir liman şəhəri idi, şamaxılılar Bakıya yayda dəniz gəzintisinə gəlirdilər. Mən bir dəfə Gülüstan qalasına getmişdim, şamaxılı bir dostum zarafatla dedi ki, sən ora qalxa bilməzsən. Getdik, mən qalxdım yuxarı, o hələ aşağıda qalmışdı. Qalanın qalıqları hələ də qalır, qızıl axtaranlar zaman-zaman gəlib orda qazıntılar aparıblar. Düşündüm ki, buranı bərpa etmək və mədəniyyət mərkəzinə çevirmək olar. Oralarda Hadinin ruhu dolaşır. Bir gün oturdum və yazmağa başladım. Elə zəlzələdən başladım. Çünki zəlzələ Hadinin taleyindən ana xətt kimi keçir. Zəlzələdən sonra o, Bakıya gəlir, Əli bəy Hüseynzadə ilə birlikdə çalışır, sonra Həştərxana gedir. Orda da qəribə tale ilə üzləşir.
- Romanda Hadinin eşq hekayəsini də vermisiniz. Hadi doğrudanmı belə bir eşq hekayəsi yaşayıb?
- Onun şeirlərinin əksəriyyətində Qəmər adı keçir. Bu mənə ipucu verdi və təxəyyüldən istifadə edərək bunu yazdım. Qazaxıstan, Həştərxan və digər ərazilərdə belə ailələr çoxdur, o vaxt sürgün olunublar, orda qalıb ömürlərini yaşayıblar, qayıda bilməyiblər. Onlarla bağlı çoxlu əhvalatlar eşitmişdim. Hadinin şeirlərində də Qəmər adlı bir qızın adı tez-tez çəkilir, onların ailəsi də bu taleyi yaşayıblar. Hadi də kişi idi və onun da könlünü hansısa bir gözəl oğurlaya bilərdi. Təbii ki, həm Həştərxanda, həm İstanbulda müəyyən tanışlıqları olmuşdu. Halbuki, Hadi öz əmisi qızına aşiq idi, amma təəssüf ki, onlar heç vaxt qovuşmadılar. Romanda bunlar geniş əksini tapıb.
- "Şair və şər" romanında Əli bəy Hüseynzadə, Tofiq Fikrət, Səməd Mənsur və digər böyük fikir və düşüncə adamlarının obrazları var.
- Bəli. Bu insanlar bir-biriylə çox yaxın olublar, sıx əməkdaşlıq ediblər. Çünki eyni məfkurənin daşıyıcıları idilər, bir amala xidmət edirdilər. Əli bəy Hüseynzadənin ətrafında Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Ziya Göyalp kimi fikir adamları vardı. Əli bəy onların mənəvi atası idi. Məhəmməd Hadini Bakıya Əli bəy Hüseynzadə dəvət etmişdi. Onlar "Füyuzat" dərgisini buraxırdılar. Sonra bilirsiniz, Osmanlı sultanının təzyiqi nəticəsində "Füyuzat" bağlandı. Hadi də romantik təbiətli bir adam idi, sözün əsl mənasında şair idi. "Füyuzat"ın demək olar ki, bütün saylarında Hadinin şeirləri var. Türkiyədən gəlmiş başqa bir şair də Hadi ilə birlikdə "Füyuzat"da çalışıb, amma Hadinin ondan xoşu gəlmirdi. Çünki həmin şair bölgələrdən gələn məktublara həqarətlə baxırdı. Hadi bunu qəbul edə bilmirdi. Bakıdan gedəndən sonra Balkan savaşlarında iştirak edib, sonra onu Selanikə sürgün ediblər. Sonra İstanbula gedərkən onu gəmidən atmaq istəyirlər, onu tanıyan bir keşiş həyatını xilas edir. "Füyuzat"da çıxan şeirləri onu bütün türk dünyasında məşhur eləmişdi. Bunların hamısını romanda yazmışam. Hadinin keçdiyi bütün yerlərdən mən keçmişəm və ona görə də romanı yazanda aydın təsəvvürüm vardı. Əslində, çox maraqlı taledir. Hadi bir tərəfdən Osmanlı ordusunun tərkibində balkanlara, slavyanlara qarşı vuruşub, sonra da çar ordusunun tərəfində almanlara qarşı vuruşub. Bütün bunlar hamısı bir insanın taleyinə necə sığışa bilər? Ömrünün son günləri Gəncədə keçib və mən Hadinin gələn rus ordusuna qarşı savaşda döyüşüb həlak olduğunu yazmışam və güman edirəm ki, elə belə də olub. Bu gün bizim oxucularımız Hadini dilinin qəlizliyinə görə yaxşı anlaya bilmir. Mənim bu romanı yazanda niyyətim o idi ki, Hadinin şeirlərini öz dilindən sadələşdirilmiş bir şəkildə oxucuya çatdırım. Hadinin şeirlərindəki romantik pafos romandakı əhval-ruhiyyəyə çox ciddi təsir göstərdi. Hadi ömrü boyu zəlzələdən xilas ola bilmədi. Bu zəlzələ bütün ömrü boyu onu qarabaqara izlədi.
- Sabir müəllim, bu romanlar silsiləsi davam edəcəkmi?
- Alp Ər Tunqadan başlamış üzü bəri tariximizdə iz qoymuş böyük şəxsiyyətlər haqqında romanlar yazılmalıdır. Bu, ağır və məsuliyyətli bir işdir, sənədlərə müraciət etməlisən, illərlə araşdırmalar aparmalısan və sair. Mən bir roman başlamışdım, amma təsadüfən əlimə Hötenin "Şərq-Qərb divanı" keçdi. Düşündüm ki, niyə bu əsər indiyəcən bizim dilimizə çevrilməyib. Sonra məlum oldu ki, bir müəllim onu alman dilindən bizim dilə çevirib. Amma bilmirəm tam çevirib, ya yox. Amma hesab elədim ki, mən özüm də çevirim. Roman yarımçıq qaldı, oturub "Şərq-Qərb divanı"nı 3 aya tərcümə elədim və bu yaxınlarda kitab kimi çap olundu. İndi yenidən romana qayıtmışam. Adı "Dağların qisası"dır. Düşünürəm ki, müasir dövrümüzlə bağlı da nələrsə yazılmalıdır. Yeri gəlmişkən, bu yaxınlarda hekayələr və romanlardan ibarət "Astar" adlı kitabım çıxdı. O kitaba müasir dövrümüzlə bağlı əsərlər daxil edilib. "Dağların qisası" da indiki dövrün problemlərilə bağlıdır. Əvvəlcədən heç nə demək istəmirəm. Bitməmiş əsər haqqında danışmaq Koroğlunun 39-cu gündə tövlənin üstünü açması kimi bir şeydir. Açırsan, atın qanadı yanır. Sağlıq olsun!
- Sabir müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm!
- Mən də təşəkkür edirəm! Çox sağ olun.
Söhbətləşdi: Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!