Heykəl diləməm, heykəli-qəbrimdir o əflak - Azər TURAN yazır - Azər TURAN

Məhəmməd HADİ - 140

Azər TURAN

 

...Qəbrimdə açan gülləri seyr et, a şükufəm!

Könlüm dağıdır laleyi-həmralar içində.

...Bir fatiheyi-nazini fırlat da, güzar et,

Ehya elə, ruhum, məni həmtalər içində.

Vardır şu yatan kimsələrin fatihəxani,

Mən kimsəsizəm xaki-siyəhzalər içində.

M.Hadi

Müasirlərinin dediyinə inansaq, 1919-cu ildə - Cümhuriyyət dövründə, yəni qırx yaşında Hadinin fiziki yapısı beləymiş: "Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış, şaxələri sınmış, yarpaqları tökülmüş palıd ağacına oxşayırdı. Hərəkətləri ağır, özü yorğun, üzüntülü bir görkəmi vardı...". Geyimi isə... "Əynində nimdaş çuxa, qara şalvar, ayaqlarında köhnə çəkmə...". Balkanlarda, Karpatın ətəklərində gördüyü müharibə vəhşətlərinin təsiri ilə bir az dəlirmiş, sinirləri pozulmuş, əsəblərinə hakim ola bilməyən belə bir Hadiyə Azərbaycanda kimsə əl qaldırardımı?

Məncə, Hadinin ağrısının, sərgərdanlığının səbəbi başqadır... Nə Abdulla Şaiqin dediyidir, nə də Cəfər Xəndanın yazdıqlarıdır...

***

...Yer məqbər, səma qübbədir, göylərin sinəsindən asılıb məzarlığa matəm şöləsi saçan ulduzlar da əmvatın zəvvarıdır. Qazılmış məzarlıqdan keçərkən Hadi bir kəllənin dodaqsız dişləri üstündə bir bəyaz gülüş görmüş, "Bu matəmgahi-dünyaya gülürdü, sanki ölmüşlər, / Yer üstündə bəşər ağlar, gülür xakə gömülmüşlər" - deyib keçmişdi... Dedikləri öz başına gəldi... Heç xakə gömülmüşlər sırasında da qalmadı.

Azərbaycan romantizmi ədəbiyyatımızda Skelet obrazını çoxdan yaratmışdı. Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"ində Sen Sansın "Dans Makaber" havasına rəqs edən mavimtraq fosforlu skeletlər "Tarixi-Qədim"dən 9 il sonra 1914-cü ildə "Xabgahi-mövta, ilhamati-əmvat" şəklində Hadinin də gözlərinə göründü.

***

Hənəfi Zeynallıya görə, Hadinin "yaradıcılığında əsas bir motiv varsa, o da pessimizmdir". Amma, nədənsə, Hənəfi Zeynallı Hadi pessimizminin səbəbini onun mədrəsə təlimiylə əlaqələndirir. Amma Hadinin pessimizmi, əslində, "mədrəsə pessimizmi" yox, dekadan pessimizmiydi. 1909-cu ildə yazdığı "Beşikdən məzara qədər bəşərin əhvalı" poemasında Hadi Azərbaycan poeziyasında klişeləşmiş paradiqmaları yenilədi, obrazlar sistemini dağıtdı. Ərəb-fars tərkibli izafətlərlə yaratdığı yeni sözlər yeni estetikanın müjdəçiləriydi və bu mənada Məhəmməd Hadini yaratdığı vətənpərvəranə sözlərə görə yalnız türk ədəbi dilinə ilk dəfə Vətən, millət, hürriyyət və istiqlal sözlərini gətirmiş, ilk dəfə Vətən, millət, hürriyyət və istiqlal barədə yazmış, ictimai şüura Vətən, millət, hürriyyət və istiqlal düşüncəsini təlqin etmiş Namik Kamalla müqayisə etmək mümkündür. Hadi poeziyada ana kultuna qarşı üsyan etdi. "Ana sevgisini bu şəkildə "qiymətləndirməyi" həzm eləmək çətin idi və bu "nankor" misraların cavabı gec-tez verilməliydi", - deyən Ramiz Rövşənə görə, bu cavabı da bir özgəsi deyil, Məhəmməd Hadinin özü verəcəkdi. Amma Hadi nə yazdığını, niyə belə etdiyini bilirdi. Bilərəkdən öz düşüncə şəcərəsini Nitsşe, Şopenhauer, Hartman fəlsəfəsinə bağlayırdı. "Beşikdən məzara qədər bəşərin əhvalı"nda Əziz Mirəhmədov Emil Zolyanın, Yaşar Qarayev isə Jan Jak Russonun təsirini müşahidə edir. Bəlkə Mirəhmədov pozitivizm baxımından, Yaşar Qarayev isə maarifçilik cizgilərinə nəzərən bu yanaşmalarında haqlıydılar. Amma yox... Fövqəlidrakın diqtəsiylə yazanlar öncə xatırlatdıqlarımdır - ziştbinlərdir, pessimistlərdir. Nitsşenin ölən tanrısını Hadidə dünyaya gələn körpəsini buxovlayan, qundaqlayan, övladının azadlığını, hürriyyətini məhdudlaşdıran madəri-cahil - cahil ana əvəzlədi. Hadi beşikdən məzara qədər bəşərin əhvalını, eynən Şopenhauerin "bu gün pis, sabah daha da pis olacaq və ən pisi olanadək bu beləcə davam edəcək" şəklində dəyərləndirdi.

Bu misralar isə Şopenhauerə aiddir. Daha doğrusu, Hadi "Firdovsi-ilhamat"da Şopenhauerin fikirlərini bu şəkildə tərcümə etmişdi:

Ancaq cahanda müsbət olan, iztirab imiş,

Ümidlər vəsaili rəncü əzab imiş.

Dünya nədir? Dərdi-qəmə rəhgüzardır.

Bu səhneyi həyat nə pür iztirardır!..

Hadini, az qala, Azərbaycanın Şopenhaueri mislində görənlər haqlıdır.

"Sürü əxlaqının" özülünü ilk dəfə sarsıdan Nitsşedən fərqli olaraq, Hadi Platonla deyil, Adəmlə başlayan dəyərlər sistemini - bu dəfə Şərqdəki "sürü əxlaqını" yarğılamaqdaydı. Çünki Hadiyə görə, insan yaradılışından bəri zülmətin məğlubuydu... Hətta İsanın çarmıxa çəkilməsi, "Məsihə zülm ediş guya ki, bir iman halında" baş vermişdi.

"Fəryadın metafizikası" kitabımda yazdıqlarıma qayıtmaq istəyirəm: "Absurddan boğulan, xaosdan əziyyət çəkərək dağılmaqda olan aləm, bir-birinə (və hətta Tanrısına da) qənim kəsilmiş cəmiyyət Məhəmməd Hadinin "Əlvahi-intibah"ındakı aləmdir... Edvard Munkun fəryad qoparan insanını, bu fəryadın metafizik mənalarını və sirlərini Hadinin "Əlvahi-intibah"ı qədər dəqiq yorumlayacaq başqa bir poetik örnəyin varlığını xəyalıma belə gətirə bilmirəm:

Həyatın səsləri guşumda həp fəryad şəklində,

Bu insanlar ki qardaşdır və lakin yad şəklində.

Bu torpaq qanlı avlaqdır bəşər səyyad şəklində,

Ədavət daima vardır məhəbbət ad şəklində.

Bu dünya əskidəndir səhneyi-bidad şəklində,

Cahan başdan-başa meydani-matəmzad şəklində,

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,

Müsibətlər, bəlalər, qüssələr abad şəklində,

Ürəklər qəm odilə hər zaman bərbad şəklində,

 

Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,

Bu matəmgahı kim görmüş sürurabad şəklində?

Munkun rəsm etdiyi, Hadinin isə yazdığı fəryad heyrətdən boğulmaq həddinə yetinmiş (yetirilmiş) insanın - tərkedilmişin qışqırığıdır...".

Hadi də, sanki Norveç şairi Obstfeller kimi, "Özgə planetmiş düşdüyüm məkan!" deyir.

Hadi fəryadın metafizikasını poeziyanın predmetinə çevirmiş ilk Azərbaycan şairidir. Bu məqama özəlliklə həssas yanaşılmalıdır ki, bir şeirində özünün də eyhamlarla ifadə etdiyi kimi, Hadi dekadan şair idi... "Bu yanda bir dekadan zülməti-xəyalilə/ Nazirəsaz olur əlvahi-qəsvəti-leylə!".

...Abdulla Şaiq yazır ki, "Füyuzat" məcmuəsinin Hadiyə aşılamış olduğu pantürkizm, panislamizm təsirləri Hadidə çox davam etmədi... 1914-cü ildə Türkiyədən qayıtdıqdan sonra o, pantürkizmin tamamilə əleyhinə idi". Amma Şaiqin bu fikri Hadinin sistemli dünyagörüşünə uyğun deyil. Buna ən dəqiq cavabı Yaşar Qarayev verir: "Cavid kimi, Hadinin də vətəni Azərbaycan, milliyyəti türk, zehniyyəti islam və təsəvvüf olub... Təsadüfi deyil ki, öz vətənlərində Hadi və Cavid uzun illər qadağan olunmuş şairlər sırasına məhz "pantürkist" və "panislamist" damğaları ilə düşmüşlər...".

Şaiqin dediyinə rəğmən, Hadi Türkiyədən qayıtdıqdan sonra da görüşlərindəki pantürkist təmayül davam edib. Özü də sona qədər davam edib. O qədər ki, 1918-ci ildə Qafqaz Türk İslam Ordusuna ithafən birini Gəncədə, digərini isə Bakıda yazdığı "Qəhrəman türk əsgərlərinə" və "Türkün nəğməsi" şeirlərini Hadinin türkçülük məfkurəsinin bilavasitə son sözü hesab etmək mümkündür:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan hədər olmaz,

İstərsə cahan çevrili varsın da təməldən.

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək müslih əməldən.

Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Yenə də Yaşar Qarayevin sözlərinə istinad etsək, "Türklüyün tarixi düşmənləri türk xalqları arasında qardaşlığın tarixə düşmüş belə səhifələrini - tarixin özünü məhv edə bilməyəcəklərini görüb, əvəzində tarixi həqiqəti yazanları - ...məhv etmişlər".

Abdulla Şaiqin Hadinin son günləri ilə bağlı bir qənaətinə toxunmaq istəyirəm. "Hadi get-gedə fikrən ayılırdısa, tutulmuş olduğu sərxoşluq onun tamam ayılmasına, göz açıb dünyaya daha aydın münasibət bəsləməsinə imkan vermirdi". Yaxud Cəfər Xəndan hansısa müəmmalı sənədlərə istinadən görəsən, niyə belə yazırdı ki, "Milli Müsavat hökuməti zamanı faciəli günlər keçirən Hadinin acınacaqlı aqibəti bəlli olmuşdur. Bəzi sənədlər Hadinin Gəncədə müsavatçılar tərəfindən təqib edildiyini, xəstə şairin vəhşicəsinə döyüldüyünü, təhqir edildiyini də aydın göstərir". Təbii ki, qaynaq yoxdur... Və təbii ki, heç elə sənədlər də yoxdur... Milli qüvvələr öz milli şairlərini niyə təqib etməli və niyə döydürməliydilər...

Hadinin ömrünün son iki ilindən qalan əmanətlər, istər 1918-ci ildə Bakıda Səməd Mənsurun "Turan" nəşriyyatında çap olunmuş və XX yüzil poeziyamızın ən açıq zehniyyətlə, ən mütəfəkkir bir əda ilə yazılmış ən bəsirətli şeiri - "İnsanlığın tarixi faciələri, yaxud əlvahi-intibah" poeması, istər yenə də 1918-ci ilin 13 iyununda o zaman türk ordusu ilə birgə Gəncədə olan "ədibi-xaluq, fazili-şəhir, dahi", - deyə vəsf etdiyi Əli bəy Hüseynzadəyə bağışladığı "Qəhrəman türk əsgərlərinə" şeiri, istərsə də, Abbas Səhhətin vəfatı dolayısı ilə 1918-ci ilin 18 noyabrında "Azərbaycan" qəzetində dərc etdirdiyi "Abbas Səhhətin üfuli-əbədisi" məqaləsi, yaxud yenə də "Azərbaycan" qəzetinin 1919-cu il 23 aprel sayında çap etdirdiyi:

Qorxutmamalı bizləri yollardaki əngəl,

Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!

Millət tikəcək namına ölsən dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl!

...Amalımıza doğru şitaban olalım, gəl!

Millətlə Vətən rahinə qurban olalım, gəl!

- misralarının da keçdiyi "Əsgərlərimizə, könüllülərimizə" şeiri, yaxud Azərbaycan dövləti-növzadına - yeni doğulmuş Azərbaycan dövlətinə ithafən yazılmış "Məfkureyi aliyəmiz" və s. deyilənlərin gerçək olmadığını təsdiqləməkdədir.

Müasirlərinin dediklərinə inansaq, 1919-cu ildə - Cümhuriyyət dövründə, yəni qırx yaşında Hadinin fiziki yapısı beləymiş: "Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış, şaxələri sınmış, yarpaqları tökülmüş palıd ağacına oxşayırdı. Hərəkətləri ağır, özü yorğun, üzüntülü bir görkəmi vardı...". Geyimi isə... "Əynində nimdaş çuxa, qara şalvar, ayaqlarında köhnə çəkmə...". Balkanlarda, Karpatın ətəklərində gördüyü müharibə vəhşətlərinin təsiri ilə bir az dəlirmiş, sinirləri pozulmuş, əsəblərinə hakim ola bilməyən belə bir Hadiyə Azərbaycanda kimsə əl qaldırardımı?

Məncə, Hadinin ağrısının, sərgərdanlığının səbəbi başqadır... Nə Abdulla Şaiqin dediyidir, nə də Cəfər Xəndanın yazdıqlarıdır.

Karpat dağlarında Vəhşi diviziyada müsəlman alayının mollası... Molla Məhəmməd Hadi 3 illik cəbhə həyatından sonra Bakıda... Ömrünün qürub çağında... Son xəbəri Göyçaydan eşidilir... Daha doğrusu, 1920-ci ilin təxminən 15 mayında Göyçaydan Gəncəyə gəlib. Hadinin gəlişi Gəncə üsyanından 10 gün əvvələ, ölümü isə Gəncə üsyanının yatırıldığı mayın son günlərinə təsadüf edir.

Əli Nəzminin 1944-cü ildə yazdığı "Keçmiş günlər"ində 1920-ci illərin Gəncəsindən belə bir soraq var:

"Ki vardır Bakıdan gəlmiş bir nəfər.

Gətirmiş bir məktub, verilir xəbər:

Ki, "Hadi Göyçaydan dəlirmiş halda

(Çünki yaxşı doktor yoxmuş mahalda)

Üsyandan bir həftə, ya on gün qabaq,

Gəncəyə yollanmış çox ağır naçaq.

Lakin o müddətdən indiyə qədər

Məhəmməd Hadidən yoxdur bir xəbər".

Əli Nəzmi o zaman Məhəmməd Əli Nasirin tapşırığı ilə Gəncədəki beş xəstəxanada Hadini soraqlayır, xəstəxanaların yalnız birindən Hadi ilə bağlı məlumat alır.

"Aldıq biz Hadini onlardan xəbər,

Onlar dedilər ki, üsyandan qabaq,

Hadi oradaca yatırmış naçaq.

Lakin başlananda şəhərdə üsyan

Hamı qaçmış, yoxdur xəstəyə baxan.

... Bir həftə almamış xəstələr yemək

Acından ölən çox olmuşdur, demək.

Etmişdir Hadi də o günlər vəfat

Kimdir ölənlərə edən iltifat"?

"Qəbri məlumdurmu? - deyə sordum mən

Onlar dedilər ki, nə məzar, kəfən?

Bitdikdən az sonra şəhərdə üsyan

Hər yerdən meyitlər toplanan zaman

Bizdə ölənlər də arabalara

Yığılıb atıldı xarabalara.

Seçmək, ayırd etmək, qılmaq ehtiram

Əsla deyil idi mümkün. Vəssalam".

Vəssalam. Bu qədər. Sonra... Sıra gəlir Məhəmməd Hadinin qəbrinin tapılması ilə bağlı 1960-cı illərdən sonrakı təxminlərə...

"Bakı" qəzetinin 4 iyun 1966-cı il tarixli sayında Əziz Mirəhmədovun "Məhəmməd Hadinin xatirəsi" məqaləsi: "Bu yaxınlarda Kirovabad müəllimlərindən Kərim Tağıyev təsadüfən keçmiş qəbirqazan, 90 yaşlı Məhəmməd Şahmar oğlu Rzayevlə görüşüb söhbət etdiyi zaman, ondan Məhəmməd Hadini soruşub. Yaşına görə xeyli qıvraq olan Məhəmməd Rzayev deyib ki, bəli, bu "qərib şairi" mən özüm dəfn etmişəm. Sonra o, Hadinin qəbrini də göstərib".

Əgər Əziz Mirəhmədovun məqaləsindəki qəbirqazanın dedikləri doğrudursa, o zaman Əli Nəzminin yazdıqları yalan olur. Yaxud əksinə...

Bəs Əziz Mirəhmədov niyə bu versiyanı qabartmışdı?

1960-cı illərin əvvəllərində dövrün milli ruhlu ziyalılarından biri Tofiq Bağırov Kirovabad Şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışarkən, Hadinin məzarının tapılması ideyasını irəli sürür və o zaman Hadi xəstəxanada keçinəndə orda, yəni xəstəxanada fəhlə işləyən Musa kişi Hadinin dəfnində iştirak etdiyini söyləyir və elə onun bələdçiliyi ilə 46 ildən sonra Hadinin Səbzikardakı məzarı (və üzərində, təbii ki, üstü yazılı başdaşı olmayan məzarı) tapılır. Hadinin olduğu güman edilən məzar açılır və onu Gəncəçayın sağ sahilinə köçürürlər. Həmin prosesdə iştirak edənlərdən biri və o zaman Kirovabad Partiya Komitəsində məsul vəzifədə çalışmış ədəbiyyatşünas Xeyrulla Əliyevdən soruşuram: "Hadiyə aid olduğu güman edilən məzar açılanda şairin qalıqları ordaydımı?". "Qəbir açılanda, qalıqlar vardı" - deyir.

2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətində yenidən Hadinin məzarının əvvəlki yerinə köçürülməsi barədə qərar qəbul edilir və Gəncəçayın sahilindəki məzar yenidən açılır. Bu dəfə AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev mətbuata belə bir açıqlama verir ki, "Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları tapılmadı".

Bəs Hadi necoldu?

Hadi doğrudanmı, Köprülünün təbiriycə, "parasızlıq və səfalətlə keçən macəralı bir həyatdan sonra əsrarlı bir surətdə yox olub" getdi?

Mehdi Gəncəlinin də bir versiyası var: "Gəncə üsyanından qısa müddət sonra Gəncədə xəstəxanada yatması və ağır durumda olması, bu üsyana qatılmış olması ehtimalını da gündəmə gətirməkdədir. Dostları, dönəmin qarğaşası içində bundan xəbərdar olmaya bilərdilər. Digər tərəfdən, sovet dönəmində, Hadinin bolşevik hökumətinə qarşı baş vermiş bir üsyanda iştirakının bilərək gizlədilmiş olması da qüvvətli bir ehtimaldır".

Sabir Rüstəmxanlı isə "Şair və Şər" romanında Hadinin üsyançılar arasında olduğunu və üsyan zamanı döyüşdə öldürüldüyünü yazır.

Təxminlər çoxdur.

Birini də mən deyə bilərəm - bir neçə gün əvvəl Fəxri Xiyabanda bir yerdə Mirzə Cəlilin məzarını ziyarət edərkən bunu Xalq yazıçısı Anara da demişdim: Bəllidir ki, 1920-ci ildə Gəncə üsyanında iştirak edənlərin böyük bir qismi Xudadat bəy Rəfibəyli başda olmaqla Bakıya gətirilmiş və gəncəli əsirlər Nargin adasında məhkəməsiz-filansız qətlə yetirilmişdilər. Məhəmməd Hadi də Xudadat bəylə bərabər qətlə yetirilənlərin sırasında ola bilməzdimi?

Xeyrulla Əliyevlə söhbətimizdə o, Orxan Vəzirovu xatırladı. Yusif Vəzir Çəmənzəminlinin oğlunu. Deyirmiş ki, "Əli və Nino"da Məhəmməd Hadinin taleyindən intibalar var.

Lakin artıq bunlar versiyadır...

Akademik Rafael Hüseynovun Məhəmməd Hadi ilə bağlı özəl sayımız üçün qələmə aldığı "Onu hamı ilə danışdırmaq arzusu" məqaləsindəki bir fraza məni xeyli düşündürdü. "Hər Hadini düşünərkən, elə bu gün də onun barəsində fikrə dalarkən, həyatdan adi ölümə məhkumlar kimi getməsini, sıradan olan bir insan kimi torpağa tapşırılmasını yox, məhz qeybə çəkilməsini qəbul edir və bu həqiqətə inanıram. Ölməyib, torpağa qatışmayıb, bir ruh kimi, işıq kimi, mələk kimi uçub, sonsuz boşluqlarda buxarlanıb, şeir kimi, şeirinin misraları təki fəzalarda əriyib-itib, qeybə çəkilib...".

Mən də hər zaman belə düşünmüşəm. Özü də təsəlli kimi deyil, gerçək kimi.

***

...Fuad Köprülünün belə bir müşahidəsi var: "Füyuzat" məcmuəsi ilə başlayan və bilxassə yeni Azəri nəzmini yaratmaq xüsusunda böyük müvəffəqiyyət göstərən yeni cərəyan, Avropa ədəbiyyatlarının yüksək sənət əsərlərinə bənzəyən örnəkləri, yeni Osmanlı ədəbiyyatında buldu. Öncə Məhəmməd Hadi, bir az sonra Hüseyn Cavid bu təmayülü müvəffəqiyyətlə təmsil etmişlərdir".

Cavid 1910-cu ildə İstanbulda təhsilini tamamlayıb Azərbaycana dönür. Hadi də 1910-cu ildə İstanbula gedir. Eyni ildə Əli bəy Hüseynzadə də Azərbaycandan İstanbula köçmüşdü. 1910-cu ilə qədər Cavidin İstanbul Universitetində müəllimi Rza Tevfiqdir. Rza Tevfiq Cavidi və təkcə Cavidi deyil, Abdulla Suru da "kəndi xanəsində heç kəsə sezdirmədən mürşid olaraq hazırlayıb vətəninə yola salmışdı". 1912-ci ildə Abdulla Sur da, Hüseyn Cavid də Gəncədəydilər. May ayında Abdulla Sur dünyasını dəyişir. Avqust ayında Cavid Gəncəni tərk edir. Bir neçə aydan sonra Hadi İstanbuldan, daha doğrusu, sürgün edildiyi Salonikdən Gəncəyə gəlir. Gəncədə Əli Nəzminin evində Salman Mümtaza İstanbul xatirələrini anladarkən məlum olur ki, onun da İstanbuldakı mürşidi Rza Tevfiq imiş:

Hadi İstanbuldan edirdi söhbət,

Heç kəsdən görməmiş orada hörmət.

Ancaq Rza Tevfiq filosof, müdam

Etmişdi Hadiyə artıq ehtiram.

"Uyğunsuzluqları" atmış keçmişə

Hadini düzəltmiş yüngül bir işə.

Həm də müdafiə etmişdir daim,

Bunu ondan başqa etməmiş heç kim.

Hadi sitayişlə bəhs edir ondan

- Təkdir İstanbulda, - derdi, - bu insan!

Belə çıxır ki, Hadinin İstanbulda "Tanin" qəzetinə işə düzəlməsinin də səbəbkarı Rza Tevfiq olub. Rusiya türklərinin Rza Tevfiqlə əlaqəsi isə, adətən, Əli bəy Hüseynzadə vasitəsilə gerçəkləşirdi və bunu Rza Tevfiqin özü də bir dostuna ünvanladığı məktubda xatırlatmağa ehtiyac duyurdu. Bu barədə "Cavidnamə" kitabımda ətraflı yazmışam....

Təəssüf ki, Əziz Mirəhmədov "Məhəmməd Hadi" əsərində yuxarıda adıkeçən şeirin yalnız ilk iki misrasını ("Hadi İstanbuldan edirdi söhbət, / Heç kəsdən görməmiş orada hörmət") sitat gətirməklə kifayətlənir, Rza Tevfiqlə bağlı misraları isə görməzdən gəlir, əvəzində Rza Tevfiq haqqında əsassız məlumatlar verir: "Rza Tevfiq jandarm idarəsində işə girib, inqilabçı fəhlələri döydürürdü". Amma istər 1907-10-cu illərdə Cavidi, istərsə də 1910-12-ci illərdə Hadini himayə edərkən Rza Tevfiq Osmanlı Məclisi-Məbusanının üzvü və "İttihad və Tərəqqi"nin aparıcı siyasi simalarından biri idi. Eyni zamanda, Osmanlının ən seçkin şairlərindən sayılırdı. Üstəlik, İstanbul Darülfünununda fəlsəfə professoru idi. Bir professor, incə ruhlu bir şair, Məclisi-Məbusan üzvü jandarm idarəsində işə girib fəhlələri niyə döydürməliydi ki? Könül istərdi ki, Sabir Rüstəmxanlının Hadidən bəhs edən qiymətli "Şair və şər" romanının "İstanbul ümidi" hissəsində Rza Tevfiqin obrazı bütün ziddiyyətləri və əlvanlığı ilə yaradılaydı. Axı Rza Tevfiqsiz Hadinin İstanbul dövrü bütün hallarda tamamlanmamış qalır. Həm də Rza Tevfiq bədii mətn üçün kifayət qədər cazibədar bir obrazdır. Taleyi keşməkeşli bir şairdir, filosof, professor, pəhləvan, siyasətçi, konfransçı və bəktaşidir... "Şair və şər" romanından söz düşmüşkən, tarixi həqiqət baxımından romandakı bir məqamın üzərində dayanmaq istəyirəm. "Şair və şər"də Əli bəy Hüseynzadə Bakıdan İstanbula 1912-ci ilin qış günlərindən birində gəlir. Amma elə deyil. Əli bəy Hüseynzadə İstanbula o dövrün mətbuatında dərc olunmuş xəbərlərə, özünün yazdığı və əlyazması əsasında ilk dəfə "Ədəbiyyat qəzeti"nin 23 noyabr 2007-ci il tarixli sayında dərc etdirdiyim "Müxtəsər bioqrafik məlumat"a görə, 1910-cu ilin dekabrında getmişdi. Türkiyəli Hadişünas Mehdi Gəncəlinin 2011-ci ildə İstanbulda nəşr etdirdiyi "Azerbaycanlı Şair Mehemmed Hadi" kitabında diqqətimi ilginc bir məqam cəlb etdi. Gəncəli yazır ki, "Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə İstanbula, həqiqi Dərsəadətə, aşiq olduqları hürriyyətin paytaxtına gedirlər". Bir yerdə getdiklərini güman etmək olarmı, bilmirəm. Və elə İstanbula çatan kimi, Hüseynzadə 1911-ci ilin əvvəllərində Tələt Paşanın təklifi ilə "İttihad və Tərəqqi"nin (türk politbürosunun) mərkəzi-ümumisinin (Rəyasət Heyətinin) üzvü seçilmişdi... Artıq 1912-ci ilin qışına qədər İstanbulda "Türk Yurdu" və "Türk Ocaqları"nın qurulmasında yaxından iştirak etmiş, Salonikdəki tarixi konfranslarını vermiş, Balkan hərbində "Hilal Əhmər" xətti ilə həkim kimi fəaliyyət göstərmiş, hətta Ədhiyyə xanımla ailə qurmuşdu.

... Hadi isə İstanbuldan qayıtdıqdan sonra "Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru" misrasıyla başlayan "Türklərin yeganə filosofu Rza Tevfiq cənablarına" adlı bir şeir yazmışdı...

***

1918-ci ildə Hadinin 39, Cavidin 36 yaşı vardı. Bakı mətbuatı 1918-ci ilin ayrı-ayrı vaxtlarında Hadinin Gəncədə, Cavidin Naxçıvanda vəfat etdiyini xəbər verib. Qəribədir, niyə "qara xəbərin" acı yelləri yanlış olaraq "Azərbaycanda Avropa ədəbiyyatını uğurla təmsil edən" (F.Köprülü) bu iki şairin qapısını döyüb? Və nəticədə başqa bir paradoks da bu oldu ki, sağlıqlarında ölüm xəbərləri yerli qəzetlərdə dərc olunsa da, 1920-ci ildə Hadinin, 1941-ci ildə Cavidin ölüm xəbərləri heç yerdə, heç bir qəzetdə çap olunmadı və oluna da bilməzdi.

...Hüseyn Cavidlə Məhəmməd Hadinin münasibətləri, şübhəsiz ki, 1906-1907-ci illərdə "Füyuzat" məcmuəsində birgə çıxış etdikləri dövrdə başlamışdı. Əli bəy Hüseynzadə "Füyuzat"ın qapılarını Hadinin və Cavidin üzünə taybatay açmışdı... XX yüzilin əvvəlləriydi. Azərbaycan ədəbiyyatının və ictimai fikrinin neçə minillik bətnindən romantizm adlı bir ədəbi-məfkurəvi cərəyan doğulurdu. "Azərbaycan romantizmi (və hürriyyəti) isə ilk qədəmlərindən qurban tələb edirdi" (Nizami Cəfərov). Yerin - Vətənin ən böyük şairləri olsalar da, Hüseyn Cavid yerə enmir, Məhəmməd Hadi isə yerdə qala bilmirdi.

"Əli bəy o vaxta qədər bir beyt belə yazmamış olan Hadini dilləndirdi". Bunu Abdulla Şaiq deyir. XX yüzilin əvvəllərində baş vermiş romantik fikir zəlzələsinin Şamaxı torpağının təkindən, yerin altından ədəbiyyat Olimpinə tulladığı Məhəmməd Hadini Əli bəy qətrə-qətrə yetişdirdi... Hüseynzadə Şamaxı zəlzələsindən sonra "Məhəmməd əl-Hadi əl-Hac Əbdülsəlimzadə Şirvani həzrətləri"nin dünyagörüşünü növbəti, gələcək zəlzələyə - Azərbaycan poeziyasının Məhəmməd Hadi zəlzələsinə hazırlayırdı.

Hüseynzadə 25 yaşlı cavan dostuna "Zati-ali" deyə xitab edir, Məhəmməd Hadi isə 42 yaşlı insanpərvər ustadını "Dahi" adlandırırdı. Hətta Əli bəy Hüseynzadənin bu günəcən çoxlarımız üçün hələ də bir sirr olaraq qalmış "Füyuzat"dan sonrakı illərdən etibarən başlayan ənənəvi susqunluğuna qarşı ilk mənəvi qiyamı da, - "virdlərin nə üçün eşidilmir, niyə sükuta qərq oldun? Füyuzatabadında yarpaq tökümü, xəzan fəsli başladımı, ey dahi?" - deyə Məhəmməd Hadi qaldırmışdı. Bu barədə "Əli bəy Hüseynzadə" kitabımda ətraflı yazmışam. Mehdi Gəncəlinin Məhəmməd Hadi sayımız üçün təqdim etdiyi yazıdan anlaşılır ki, Hadinin ölüm xəbərini 1923-cü ildə eşidən Hüseynzadə Abdulla Cövdətin "İctihad" dərgisində bu kədərli xəbərlə bağlı "Hısset ve Sehavet" şeirini dərc etdiribmiş.

***

Hadinin 1908-ci ildə nəşr olunmuş ilk kitabı "Firdovsi-ilhamat" adlanır. Kitabda "İzhari-qədrdani" başlıqlı bir şeir var. Şeir "Ədibi-xəluq Əli bəy Hüseynzadəyə" ithaf olunub. Hadi böyük ustadına "böyüksən, ən böyüksən", - deyə xitab edir. Vətən Əli bəydən mədət diləyən bir Kərbəla şəklində simvollaşır.

Hüseyn Cavidin isə 1913-cü ildə nəşr olunmuş "Keçmiş günlər" adlı ilk kitabı "Ədibi-möhtərəm Əli bəy Hüseynzadəyə" həsr olunmuş "Çiçək sevgisi" ilə tamamlanır. Bu, Cavid Əfəndinin göylər aləminə bağlı nostaljisidir. Fransız dekadans poeziyasındakı Albatros kimi...

Mahiyyət etibarilə eyni milli və ədəbi məfkurəni paylaşan bu iki romantik sənətkarın ədəbi irtibatı, qəribədir ki, yaradıcılıqlarında işıqla kölgənin qarşı-qarşıya gətirilməsi ilə başlanır. Əslində, Cavidin estetik kredosunun ifadəsi olan (və bu da maraqlıdır ki, 1920-ci illərin əvvəllərində Türkiyə Böyük Millət Məclisində bəzi millət vəkillərinin əzbər bildiyi) "Pənbə çarşaf"da hər hansı bir çadradan söhbət getməsə də, Hadi "Pənbə çarşaf" şeirinə cavab olaraq, 1914-cü ildə "Şairi-nəzahətpərvər Hüseyn Cavid bəradərimə" ithafı ilə "Əlvahi-nəfasət"i yazır. Onlar qəribə paradoks yaradırdılar. Cavid şeirin örtünməsini, Hadi isə qadının açılmasını təlim edirdi. Cavidə görə gizlilik, hicab, mübhəmlik şeirə ayrı bir parlaqlıq qazandırırdı. "Gülə çox başqa fər verir yapraq!". Hadi isə incə şeirləri söz libası ilə zinətləndirməyin tərəfdarıdır, yəni "Pək incə şeirləri libasi-ləfz ilə parlatmaq, eyləmək ziba..." deyir.

Əlbəttə, bu bir Əli bəy Hüseynzadə məktəbidir. Hüseynzadəyə görə: "Zatən şeir və sənətin lətafəti ... sirli olmasındadır... Şair, ya rəssam heç bir vaxt fikrini açıq deməyəcək, ancaq zehin və qəlbində gizli olan bir fikri aşılamağa çalışacaq... şairin... xəyalında... peyda olan bir hiss, bir fikir ancaq mənəvi bir təsirlə gizli, üstüörtülü bir surətdə oxucunun qəlbinə... ötürülüb orada yenidən qarşılığı olan hissiyyat və əfkarı oyandıracaq...".

Hüseynzadənin yetirmələri kölgəsiz, yəni mübhəm olmayan sənətin sənət olmadığı qənaətindəydilər. Cavidə görə: "Söylə! Dünyada hanki sənətkar, / Kölgəsiz bir rəsimdə sənət arar!?". Hadi isə nurun kölgəsini kəşf edir - Qadın nurdur. Övlad isə o nurun kölgəsidir. "Olurmu kölgəsi nurun? Əvət! Qadındır nur, / Onun da kölgəsi vardır: yerin üzündə zükur!".

Eyni zamanda, Hadi Cavidin pənbə örtüyə bürünmüş şeirini vəsilə edərək, Hənəfi Zeynallının dediyi kimi, ruhundakı "kəskin feministliyi" də aktuallandırırdı. Məhəmməd Hadi çarşaba qarşı çıxan ilk Azərbaycan şairidir: "Çarşaf yaxışmayır o sabahi-müqəddəsə / Yaxışırsa siz anladın / "Çarşaf"! Bunu qovmalıyız həp lüğatdan / Yaşasın ləfzi-inkişaf!".

Bu xüsusda bir özəl məqamı da xatırlatmalıyam. Əfsus ki, biz çadra inqilabını Azərbaycanın sovetləşməsi ilə bağlayırıq. Əslində isə qadın azadlığının - çadra müstəvisində ədəbiyyatlaşan ilk örnəyini Azərbaycan romantizmi verir: Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"inin timsalında ədəbiyyatımızda ilk dəfəydi ki, 1908-ci ildə müsəlman qadınları ayağa qalxıb rübənd və çarşablarını üzərlərindən atırdılar. İlk dəfə onun qələminin və ilhamının qüdrəti ilə "Fəcri mədəniyyət" (mədəniyyətin dan yeri) rəqsini ifa edən müsəlman qadınlar ingilis ledilərinin, sufrajist xanımların, rus matışkalarının tələb etdiyi hüququ deyil, din və təbiətin hüdudu dairəsində ədalət tələb edirdilər. Hadi də Əli bəy Hüseynzadənin yolundaydı... "Mən istəməm o örtüyü... Neçinmi ya? "Örtü" "bunu yaqdı ki, Qərb oldu möhtəşəm...". Və:

Bir ildırım olsam da, əritsəm gecələrdən

Bir parça olan örtünü gül üzlü səhərdən...

Gülüzlü səhər, iştə qadındır bu firiştə,

Yolgöstəri versin, girəlim biz də behiştə.

... Sən kölgəli oldun ki, işıqlar da büründü -

Bir kölgə kimi Şərqdə yerlərdə süründü.

Hadi qərbləşmə təmayülündə daha kəskindir. "Şərqə cəhənnəm", "Qərbəsə cənnət" deyəcək qədər birmənalı görüş sahibidir. Elə buna görə də Hadi özünün kəşf olunmasını gözləyən böyük Azərbaycan fenomenidir. 1913-cü ildə, qəribədir ki, Salonik sürgünündən "yazıq, səfil" görkəmi verib Vətənə "qaytardığımız" zamanlarda Hadi təkamül nəzəriyyəsinə istinadən şeirlər yaradırmış, hətta Mir Cəlalın 1948-ci ildə yazdığına görə Məhəmməd Hadi "Darvin kimi filosofun nəzəriyyəsindən xüsusi və fəlsəfı bir kitab" üzərində çalışırmış. 1914-cü ildə Hadi qərbləşmənin, amma Avropanın pozitivist fəlsəfəsini, təkamül nəzəriyyəsini mənimsəyərək qərbləşmənin tərəfindədir. "Onlar erişib cənnətə, biz Veyldə qaldıq / Sübhi-mədəniyyətdə də vəlleyldə qaldıq". Səbəb isə yenə də madəri-cahildir. Cahil anadır. "Könlümdən asılmışdı dürəxşəndə Qəmərlər / Əfsus ki, onu söndürdü anam misli Qəmərlər"... / Təmin olaydı əgər ağuşi-Qəmərdən, /Tabəndə olurdu ürəyim nuri-hünərdən... / Ey madəri-cahil, bumudur qiyməti-gövhər, / Can parəsini madər edərmi belə kəmtər...". Hadinin dərdləri dünya dərdlərinə qarışıb. Qəmər ay simvolikasınımı, yoxsa sevdiyi, qovuşa bilmədiyi qızımı təmsil edir? - ayırd etmək olmur.

Amma uşaqlıq dostu Əbülqasim Əminzadənin 1923-cü ildə yazdığı xatirələrindən bilinən o ki, bütün ömrü zəlzələlər qoynunda keçib. Atasını çox erkən itirib, anası Hadini atıb, başqa kişiyə ərə gedib, göbəkkəsdi nişanlısı olan sevdiyi əmisi qızını da başqasına ərə veriblər. Hələ üstəlik, əmiqızının (çox güman ki, Qəmərin) nikah mərasimində şahid qismində Hadini dəvət ediblər. Sonra zəlzələdən Şamaxı viran qalıb. Sonra Kürdəmir sərgərdanlığı. Sonra Türkiyəyə hicrət. Sonra Salonikə sürgün, sonra sürgündən qaçış, sonra Birinci Cahan hərbində Avstriya cəbhəsi, Karpatlardakı müharibənin vəhşətləri... Sonra Azərbaycan Cümhuriyyətinin süqutu. Nəhayət, onun sahibsiz və kimsəsiz ölümü. Sonuncu zəlzələnin şəpələri Azərbaycanın yaddaşını yüz ildir ki, titrətməkdədir. Ölümündən qırx il sonra qəbri "tapılır" və tapılandan 40 il sonra yenidən "itirilir". 1978-ci ildə ikicildliyinin birinci cildi nəşr olunur, ikinci cild bu günə qədər nəşr olunmur.

***

Hadi prosesdir. Hadi mifdir. Hadi ilə bağlı suallar bitmir... İlk sualı 1942-ci ildə "Səni kim unudar" məqaləsində Məmməd Cəfər verib: "- Axırı nə oldu?" "- Kim bilir?!". "Öz əcəli iləmi ölmüşdür, öz-özünümü öldürmüşdür, yoxsa onu öldürmüşlər? Aclıqdan, xəstəlikdənmi ölmüşdür?".

Məmməd Cəfər bu sualı Hadinin ölümündən 22 il sonra verib. 77 ildir tarix bu suala cavab vermək iqtidarında deyil.

Heç Hadi özü də çox suallara cavab tapa bilmədi. İlk sualını isə 27 yaşında "Füyuzat"da vermişdi:

Cəhanə gəlmədən məqsəd nədir insanə,

                                         bilməm ki?

Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə,

                                         bilməm ki?

Mən idrak etmədim dünyaya gəlməkdən

                             nədir hikmət,

Yaratmaqdan nədir hikmət bizi sübhanə,

                                         bilməm ki?

Avropada belə bir taleyi, adətən, lənətlənmiş şairlər yaşayır. Amma Hadinin günahı nəydi? Lənətlənməsinə səbəb olacaq nəsə etməmişdi, nəsə yazmamışdı axı...

***

İlqar Fəhmi Hadinin dilinə metafizik rakursdan yanaşır. Bəlkə də haqlıdır. Amma bu, "Hadinin dil(sizliy)i"nə dəlalət etmir. Ona qalsa, Coys da "dilsiz"dir. Amma Coysun təhtəlşüurunda səma yazıçısı ilə millət yazıçısının qarşıdurması və savaşı baş vermir. Hadinin şeirləri bizi ən yaddaşsız vaxtımızda haqladı. Yazdığı dil onun dilsizliyi və bədbəxtliyi idisə, bəs Tevfiq Fikrətin, bəs Cənab Şəhabəddinin, hətta bütün türklərin ilk Vətən şairi Namik Kamalın dili necə olsun? Çağdaş türklər Tevfik Fikrəti də, Cənab Şəhabəddini də anlamaqda zorluq çəkir, həm də onlardan vaz keçə bilmir. Tevfik Fikrət həm "Millət şərqisi"nin, həm "Haluqun amentüsü"nün, həm də "Tarixi-Qədim"in yazarıdır. Bu şeirlərin, ümumiyyətlə, "Rübabi-şikəstə"nin varlığından sərf-nəzər edilərsə, çağdaş türk poeziyası təməlsiz qalar. Yaxud Cənab Şəhabəddinin keçib gedən yasəmən rəngli saatı: "Artık oyan, ey mah / ey mahi-dila-ram, / zira keciyor ah! / saati-semen-fam!" Tənzimatdan yola çıxan bu dil, həm yaddaşlı, həm də obrazlı dil idi. Avropa, xüsusən, fransız modernizminin obrazlar sistemi ilə semantik əlaqə yaratmaq gücündəydi. 

Çox vaxt Hadinin dili onun bədbəxtliyi kimi səciyyələndirilir və bunu, adətən, "Füyuzat" estetikası ilə əlaqələndirirlər. Amma Əli bəy Hüseynzadə ona üslubda mürəkkəbliyi deyil, sadəliyi təlqin edirdi... Deyirdi ki, Hadinin yazdığı dil söz aristokratiyasının dilidir. Və millət Hadini oxumağa hələ ki hazır deyil...

***

İş otağımda üç dahinin şəkli baş-başadır: Hüseyn Cavid, Əli bəy Hüseynzadə və Məhəmməd Hadinin. Öz ruhsal və estetik dünyaları ilə mənim sonsuz enerji və fikir qaynaqlarım. Son vaxtlar isə Hadi içimin tufanına, ağrısına çevrilib... Hara getsəm mənimlədir. Hüseynzadə ilə, Cavidlə bağlı yaşantılarımı çoxdan kitablaşdırsam da (və hər iki kitabda Hadi haqqında ayrıca hissələr olsa da), hiss edirəm ki, yazdıqlarım Hadisiz bütöv ola bilmir. Hadisiz nəinki mənim yazdıqlarım, heç min illik ədəbiyyatımız da tam və bütöv ola bilməz. Bir də ki, axı Hadinin Vətənindən, ruhundan və şeirlərindən başqa, heç nəyi, heç bir nişanəsi qalmayıb...

Və nəhayət, son vaxtlar duyğularıma amansızlıqla hakim kəsilmiş belə bir fikir: HEYKƏLİ NİYƏ OLMASIN?.. XX yüzilin dünya miqyasında ən böyük şairlərindən biridir. Şəstlə dünyaya çıxara biləcəyimiz iki-üç şairimizdən biridir. Ən böyük Vətən şairimizdir. Xalq yazıçısı Elçin demişkən, "Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən" və "mllət" ifadələrini işlədən ikinci şair yoxdur".

O ZAMAN HEYKƏLİ NİYƏ OLMASIN? "Heykəl diləməm, heykəli-qəbrimdir o əflak" desə də, içinin bir nisgili də var idi axı: "Ən son diləyim: məqbərim olsun vətənimdə, / Təndir vətənim, olmalı canım da tənimdə..." NİYƏ OLMASIN?

Niyə bütün külliyyatı, tutaq ki, bir kitabda və tutaq ki, "Əlvahi-intibah" başlığı ilə nəşr olunmasın?.. İstər məzmun əlvanlığı, istər poetik özəlliyi baxımından belə bir "Əlvahi-intibah" "Rübabi-şikəstə" ilə yanaşı, modern türk poeziyasının təməl kitablarının siyahısını zənginləşdirməzdimi?..

... "Vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya" (Elnarə Akimova). "Vətən sevgisi iman olanda ona gücləndirici, əsaslandırıcı sübut gərəkmir. Hadinin vətənçiliyi iman kimi orijinal idi" (Niyazi Mehdi). Bir-birini tamamlayan, biri digərinə emanasiya edən bu fikirlər Hadi poeziyasının əyarını dəqiq müəyyənləşdirir. Amma ötəsi də var. Bu fikirlərin fövqündə bir də "Amalımız, əfkarımız iqbali-vətəndir" deyən Namik Kamal Vətənçiliyi var: "A Vətən, Kəbəmidir hər tərəfin". O qədər ki, hər tərəfi Kəbə olan Vətənə "Bir qızım var sana qurban olsun" - deyə biləcək dərəcədə.

Namik Kamal Vətəni qutsallaşdıran ilk türk şairidir. Ardıyca daha əzəmətli dalğa - Məhəmməd Hadi dalğası gəlir...

Məhəmməd Hadinin Vətən Sevgisi Hz. Məhəmmədin təlim etdiyi Vətən Sevgisidir: "Hübbül-vətən min əl iman". Yəni Vətəni sevmək imandandır.

"Ey Vətən, ey pəriyi-vicdanım, / Səni sevmək deyilmi imanım?".

***

Belə bir Məhəmməd Hadi Vətəndə məzardan məzara köçürülə-köçürülə qeyb olub getdi... Özünə də əyan idi: "Ruhum uçuyor cənnəti-ülyalər içində...". Dediyi kimi də oldu. Ruhu hələ də cənnət vətənin göylərində uçur.

27-29 noyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!