Bizim, yəni türk qövmünün, türk soyunun, türk dilinin, türk ədəbiyyatının haradan başladığı barədə dünyada yekdil fikir yoxdur. Çünki indi bunu biz yox, böyük bildiyimiz millətlər müəyyən edir. İki əsrdən artıq bir zamandır ki, yeni dünyanın yeni tarixi Londonun, Parisin akademiyalarında yazılır və oradan tənzim olunur. Sonradan bu sıraya Sankt- Peterburqu da qoşdular, çünki alman elmi düşüncəsi oradan izhar olunmağa başlamışdı. Avropanın XVIII əsrdən başlayan total iqtisadi və hərbi üstünlüyü mədəniyyət monopoliyasına da meydan açdı. Dünyada hegemonluq qazanmış Avropa dünya xalqları üçün yeni tarix formalaşdırdı ki, onları idarə eləmək asan olsun. Adətən, türklər bu tarixdə daha çox öz vəhşilikləri və savaş ruhları ilə tanınırdılar. Tarix kitabları onların qılıncların parıltısı ilə qazandıqları qələbələri, qurduqları dövlətləri təsvir edirdi. Avropa mənbələrində bu dövlətlər vəhşi köçərilərin, sivilizasiyadan xəbərsiz insan kütlələrinin qurduğu dövlətlər kimi təqdim edilirdi. Amma bir gün bu baxış bucağı dəyişdi…
1893-cü il noyabrın 25-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi "tenqri" sözündən başladı və məlum oldu ki, bu qəribə yazılar özünü türk adlandıran bir xalqın dilindədir. Beləcə, Göytürk xaqanlarının öz xələflələrinə miras qoyduğu Daş bitiklərin oxunuş tarixinə qədəm qoyuldu. Hər şey İsveç ordusunun kapitanı F.İ.T.fon Stralenberqin 1709-cu ildə Poltava yaxınlığındakı döyüşdə ruslara əsir düşməsindən və I Pyotr tərəfindən Sibirə - Tobol şəhərinə sürgün edilməsindən başlamışdı. O, azad edilib İsveçə qayıdandan sonra, 1730-cu ildə Stokholm şəhərində "Das Nord und Ostliche Theil von Europa und Asia" ("Avropa və Asiyanm şimal və şərq hissələri") adlı bir kitab nəşr etdirir. O, kitabında german runlarına bənzər, daş kitabələr üzərində yazıların şəkillərini verir və bu hadisə Avropa elmi ictimaiyyətini çox maraqlandırır. Amma bu yazıları nə german dillərində nə fin dilində oxumaq mümkün olmur.
Sonradan Orxon-Yenisey əlifbası adlandırılacaq bu yazıların açılması üzərində Danimarka alimi professor Vilhelm Tomsen (1842-1927) və alman mənşəli rus alimi akademik Vasili Vasilyeviç Radlov (1837-1918) daha çox işləyirdilər. 1893-cü il noyabr ayının 25-də V.Tomsen Orxon-Yenisey yazısı abidələrinin oxunmasına açar tapdı. Onun ilk oxuduğu kəlmələr Tenqri və türk sözləri oldu. Sanki Türk tanrısı özü bu böyük alimə türk xalqları tarixinə misilsiz töhfə vermək üçün yol göstərdi. Oxunan ikicə kəlmə mətnlərin qədim türk dilində olduğuna işarə etdi, qalanı isə alimin dilbilmə texnikasından asılıydı.
Həmin ilin dekabr ayının 15-də Danimarka Kral Elmlər Akademiyasının iclasında V.Tomsen run yazılarının (Orxon-Yenisey yazılarının) açılması barədə məlumat verdi. Hələ bu hadisədən əvvəl V.Tomsen 1893-cü il noyabr ayının 29-da V.V.Radlova yazdığı məktubda Orxon-Yenisey yazılarına açar tapdığını xəbər vermişdi. V.Tomsen əvvəlcə, Kul tigin abidəsindəki dörd sözü - tenqri, türk, kül, tigin sözlərini Çin heroqlif mətnindəki uyğun sözlərlə qarşılaşdırıb t, r, r, i, ü, k, 1 səslərini bildirən işarələri açır və həmin sözləri oxuyur. Abidənin türk dilində olduğunu müəyyənləşdirdikdən sonra digər mətnləri də aydınlaşdırır. Beləliklə, 1893-ün 25 noyabrında köklərini türklərdən sayan bütün xalqların tarixində yeni dönəm başlayır.
Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı. Bu hadisə, onlarca imperiya yaratmış və yüzlərlə meydan savaşında qalib gəlmiş türk etnosunun tarixində əlamətdar bir hadisə oldu.
Daş bitiklər bütün türk xalqlarının daşlara həkk edilmiş ilk tarixi sənədləri, türkdilli ədəbiyyatların ilk poetik nümunələridir. Ən azından 1300-1500 il yaşı olduğu ehtimal edilən bu abidələr türk xalqlarının fəxr mənbəyi, ulu babalarımızın bizə yadigar qoyduğu ən böyük bir miras oldu. Bu elə bir mirasdır ki, onun qiymətini heç nə ilə müəyyənləşdirmək olmaz. Bu abidələr Göy Türklər imperiyası kimi möhtəşəm bir dövlət qurmuş babalarımızın daşlar üzərində yazılmış şanlı tarixidir, xaqanların, bağaturların öz xalqı qarşında hesabatıdır, türk elinin dövlət və xalq qarşısında duran vəzifələr haqqında bəyannaməsidir, türk elinin, törüsünün (qanununun), yüksək şəkildə inkişaf etmiş türk mədəniyyətinin və türk hərb sənətinin daşlara həkk olunmuş illüsrasiyasıdır, türk ictimai-fəlsəfı fıkrinin və türk bədii ədəbiyyatının ilk səhifəsidir, nəhayət, türk natiqlik sənətinin, xalqa müraciət üsulunun ən yaxşı, təqdirəlayiq nümunəsidir. Və hələlik əlimizdə olan ilk yazılı ədəbi nümunələrdir, çünki "Gültəkin", "Bilgə kağan" və "Tonyukuk" kitabələrini poetik nümunələr hesab edən tədqiqatçılar da az deyil. (məs.İ.V.Stebleva).
Bu yazılar oxunana qədər Avropa akademik elmi türkləri mədəniyyətdən uzaq (bar-bar) köçərilər adlandırırdı. Mədəniyyətsiz köçərilər... və birdən-birə əlifba. İlkin tədqiqatçılar onların VIII əsrdən öncə yaradıldığını söyləyirdilər. Əlbəttə, V.Tomsen başda olmaqla, bütün Avropa alimlərini bircə şey maraqlandırırdı - görəsən, bu "vəhşilər" yaratdıqları əlifbanı kimdən çirpışdırıb. Orxon-Yenisey abidələrindəki mətnləri yazan və onların yazıldığı əlifbanı yaradan göy Türklərin yaşadığı arealda yalnız çinlilərin və soqdiyalıların əlifbaları vardı. Çinlilər yazıda heroqliflərdən istifadə edibdi. Elə ilkin ehtimal da yazıları deşifrələmiş V.Tomsendən gəldi. O, türk runlarının arami əlifbasının əsasında yaradıldığı barədə fərziyə irəli sürdü. Çünki Assuriya dövrü arami əlifbasındakı "het", "lamed" "phe", "rseh", "tav" və "şin" hərfləri ilə türk runalarındakı eyni səslərin yazılışı demək olar ki, identik idi. Amma böyük alimi, ondan sonrakılar kimi, bir şey qorxudurdu - məsafə (Orhun sahilləri və Ön Asiya) və zaman (yeni eranın V-VIII əsri və e.ə VII əsr). Finikiya əlifbası əsasında, e.ə IX-VIII əsrlərdə formalaşan arami əlifbası dünyada mövcud olan əlifbalar içində ən qədimlərindən biridir. Ön Asiyanın qədim xalqları - yəhudilər, assuriyalılar, babillilər bu əlifbadan istifadə edib. Uzun illər dünyanın böyük bir hissəsində dominantlıq etmiş Əhəməni və Parfiya imperiyaları da bu əlifbadan istifadə ediblər. Sonrakı İran əlifbaları da, o cümlədən Avesta əlifbası arami əlifbasından törəyib. Ərəb əlifbası da həmçinin. Buna görə ilkin olaraq, türk runlarının arami əlifbasından törədiyini söyləyən V.Tomsen sonradan onun Parfiya əlifbası əsasında yarandığını iddia etdi. Amma çoxəsrlik zaman məsafəsi, bu fərziyəni də şübhə altına alırdı. Buna görə böyük poleoqraf yeni fərziyə irəli sürdü-türk runaları, zaman və məsafə baxımından yaxın olan soqdi əlifbasından yaranıb. Baxmayaraq ki, soqdi əlifbasının bircə işarəsinin belə türk hərflərinə bənzəyişi yoxdur.
Bəs bu mətnləri yaradan kimlərdir? Prins Yolluk Təkin tərəfindən hökmdar Bilgə kağan və baş vəzir Tonyukuk adına yazılan və daşlara həkk edilən bu mətnlərdən məlum olur ki, onlar ilk dəfə türk adıyla tarix səhnəsinə çıxan və Göy Türk xaqanlığı (imperatorluğu) quran böyük və əzəmətli bir etnosun yaratdığı abidələrdir. Şərqdə Sakit okean, Qərbdə Qara dəniz, cənubda Hindistan, Şimalda Sibir meşələri ilə əhatələnən bu imperatorluq bəşəriyyət tarixində çox dərin izlər qoysa da, XX əsrə qədər onun barəsində elə də dərin bilgilər yox idi. Bu dövlət də, onu quran şanlı insanlar da daha çox əfsanələrdə yaşayırdılar. İlk böyük əfsanəni Əbülqasim Firdovsi yaratdı. Onun yazdığı möhtəşəm "Şahnamə" əsəri Göy Türk xaqanları ilə Sasani şahları arasında müharibələrdən bəhs edir. Göy Türklər barədə başqa bir əfsanəni Elxani hökmdarı Qazan xanın saray tarixçisi Rəşidəddin qələmə alıb. Onun "Cami ət tavarix" əsərində Göy Türk xaqanlığının tarixi Oğuz xanın tarixi şəklində təsvir olunub. İndinin özündə də Göy Türk xaqanlığının sivilizasiya tarixində oynadığı rolu ortaya qoya biləcək sanballı əsərlər elə də çox deyil. Belə əsərlər içərisində öz elmi dərinliyi ilə daha çox seçilən rus -sovet tarixçisi Lev Qumilyovun "Qədim türklər" əsəridir. Baxışlarında müəyyən ziddiyyətlər olsa da, məhz Lev Qumilyov ilk olaraq Türk xaqanatının sivilizasiya tarixində oynadığı rolu müəyyən etməyə cəhd etmiş, onun üzərinə salınmış sirr pərdəsini aralamağa çalışmışdır. Biz Avropa, Yaxın Şərq, Çin, Hindistan ərazilərində baş verən hadisələr barədə kifayət barədə material əldə edə bilərik, bu barədə saysız-hesabsız yazılar yazılıb, amma Avrasiyanın nəhəng ərazilərində baş verən hadisələr barədə çox az məlumatlıyıq. Bu geniş ərazilərdə yaşayan, Balkanlardan tutmuş Şərqi Türküstana, Yakutiyaya qədər səpələnmiş və indi türk xalqları adlanan qövmlər üçün ayrıca tarix kitabları yazılır. Onları mümkün qədər ortaq tarixdən məhrum etmək istəyirlər. Tarixi yaddaş itən yerdə isə assimilyasiya başlayr. Bu xalqların tarix səhnəsindən silinib yox olmamasının, əksəriyyətinin XXI əsrdə dövlətçiliklərini qoruyub saxlamalarının tək bircə səbəbi var - daimyaşar türk törəsi. "Yer yarılmasa, Göy çökməsə türk törəsi pozulmaz". Qayalara həkk olunmuş bu yazı 1500 il insanların genetik yaddaşında yaşadı. Gör nə qədər dövlətlər, xalqlar, qövmlər tarix səhnəsindən silindi getdi. Çoxunun heç adı da qalmayıb. Amma Aşina boyundan olan (əslində, Arşina, Çin dillərində "r" hərfi olmadığından onlar bunu "Aşina" şəklində ifadə etmişlər), Sakit okeandan Qara dənizə qədər ərazilərdə səltənət quran sir türk xalqının adı da yaşayır, dili də. Hələ adlarını daşıyan bir dövlət də var - Türkiyə. Orta Asiya isə sovetlər gələnə qədər həmişə Türküstan adlanıb. Onların yaratdığı, Uzaq Şərq və Aralıq dənizi hövzəsini birləşdirən, "İpək yolu" kommunikasiya koridoru bu gün də gündəmdədir. Sadədə indi ipəyi neft kəmərləri və dəmir yolları əvəz edib.
Sözün düzü, bu yazıda mənim məqsədim, runik əlifbanın tədqiqat tarixini incələmək deyil. Mən daha çox onun əhəmiyyətini qeyd etmək istəyirəm. Çünki bu əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucaqı dəyişdi. Birdən məlum oldu ki, Avropanın Paris, London, Berlin və s. kimi sivilizasiya mərkəzləri hesab olunan şəhərləri hələ mövcud olmayanda, onların sivilizasiyadan uzaq adlandırdıqları türklərin babalarının intelektual imkanları heç yanda analoqu olmayan əlifba ortaya qoyub. Bu əlifbanın yaranmasını şərtləndirən mədəni və mənəvi mühit olub. Birdən-birə heç bir xalq qəfildən əlifba icad edib qayalar üstündə gözəl, təkmil və poetik bir dildə mətnlər yaza bilməz. Belə bir əlifbanın və onunla ifadə olunan dilin formalaşıb ərsəyə gəlməsi üçün yüz illər lazımdır. Bu əlifbanın nə üçün unudulması isə tamam ayrı bir mövzudur. Bəziləri bu əlifbanın unudulmasını İslam amili ilə bağlayırlar. Amma İslamı qəbul etməyən və göytürklərin olduğu arealda yaşayan tuvalılar və altaylılarda da bu əlifbaya təsadüf olunmur. Məsələ heç də islamda deyil. İslam dininin tanrıçılığa yaxınlığını görən və onun böyük ideoloji gücünü hiss edən türk boylarının əksəriyyəti bu dini qəbul etdi və böyük İslam mədəniyyətinə öz töhfələrini verdilər. Hətta İslam xilafətini kökündən laxladan tanrıçı Çingizxan orduları da yekunda İslamı qəbul etdilər. Əsrlər boyu, ərəb əlifbası və İslam, böyük ərazilərə səpələnmiş türk xalqlarının mənəvi yaxınlaşmasında aparıcı amil oldu. Amma gün gəldi və maraqlı bir olay baş verdi. Böyük Tanrı özü qədim əlifbalarını türklərin yadına saldı. Qəhrəman danların soyundan olan görkəmli türkoloq Vilhelm Tomsenin oxuya bildiyi ilk kəlmə "tenqri" sözü oldu və bu kəlmə qalan mətnlərdə açar yolunu oynadı. Çünki bütün kilidlərin açarı Tanrı özüdür. Bu açar, türklər üçün, gələcəyin və keçmişin qapılarının açılmasında mühüm rol oynadı. Mətnlərin oxunuşundan cəmi on bir il sonra, 1914-cü ildə Mahmud Kaşqarinin türk dilinə qoyduğu abidə, "Divani lüğət-it-türk" əsəri ortaya çıxdı, ondan cəmi dörd il sonra Qafqaz türkləri Azərbaycan Cümhuriyyəti yaratdılar və bundan da beş il sonra Anadoluda Türkiyə Cümhuriyyəti yarandı. Sonra da müstəqil və yarımmüstəqil başqa türk Cümhuriyyətləri...
Bilmirəm təsadüfdən oldu, ya Tanrının inayəti ilə baş verdi, amma Daş bitiklər (kitabələr) və M.Kaşqari "Divan"ı türklərin qədərini dəyişdi, çünki onlar bütün türklərin ortaq abidələridir, onları birləşdirən bağdır. Bu gün türk xalqları, türk dövlətləri arasında ayrıntılar da az deyil, amma bu iki abidə, xüsusən də Daş kitabələr bütün türklərin cazibə mərkəzidir. Deyirlər, türkçülüyün ideoloqları bu ideyanı germanizm və slavizmdən götürüb, amma XXI əsrdə bu ideyalar (slavizm və germanizm) tükəndi artıq. Türkçülük isə inkişafdadır, çünki onların daşlara həkk olunmuş cazibə mərkəzi var. İnanıram ki, çox yaxın gələcəkdə yer üzünün bütün türkləri 25 noyabrı öz əlifba bayramları kimi qeyd edəcəklər. Həmin gün "Tanrıtək tanrıda bolmuş türk Bilgə kağan bu ötkə otırtım" (Tək tanrının səmasından gəlmiş türk Bilgə xaqan bu taxta oturdum) ifadəsi on milyonlarla qaynar ürəyin ümumsevgi atəşinə çevriləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!