İlqar FƏHMİ
2019-cu ilin ölkə Prezidenti tərəfindən Nəsimi ili elan edilməsi Azərbaycan ədəbiyyatı tarixində həqiqətən də unikal və əvəzsiz bir addım oldu. Bu Sərəncam nə qədər dahi olsa belə, sadəcə bir klassik şairimizin xatirəsinin yad edilməsi yox, ümumilikdə Azərbaycanın XXI əsrdə dövlətçilik siyasətinin hansı istiqamətdə aparılmasına dair də bir yol göstərisi idi - Bəli, Azərbaycan müasir qloballaşan dünyanın bir hissəsidir və öz hərtərəfli inkişafında qabaqcıl dünya ölkələrinin təcrübəsindən bəhrələnir, iqtisadiyyatını, mədəniyyətini inkişaf etdirir, lakin bütün bunlar milli mədəni ənənələrimizin unudulması, üstündən xətt çəkilməsi hesabına edilmir - Azərbaycan XXI əsrə zəngin mədəni-ədəbi sərvəti ilə qədəm qoyub və bu sərvət dövlətimiz tərəfindən göz bəbəyi kimi qorunur. Bütün xalqımız, ələlxüsus da ziyalı təbəqə bu sərvətin qorunması üçün əlindən gələni əsirgəməməlidir. Çünki milli mənəvi dəyərlərinin qiymətini bilməyən, onları bu qloballaşan dünyada qorumağı bacarmayan xalq, əvvəl axır tarixin dəyirmanında ovulub gedəcək, bir xalq olaraq nə identifikasiyası, nə də özünəinamı qalmayacaq...
Ölkədə Nəsimi ilinin elan olunması, təbii ki, bütün ziyalı təbəqəyə, elmi dairələrə, təhsil sahəsinə, mədəniyyət xadimlərinə, klassik ədəbiyyatımıza - bu zəngin xəzinəyə daha da dərindən baş vurmaq üçün stimul vermiş oldu...
Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən artıq ikinci dəfə beynəlxalq Nəsimi festivalının keçirilməsi və bu festivalın dünyada artıq bir müasir Azərbaycan brendinə çevrilməsi də bu böyük siyasətin bir hissəsidir. Bəli, biz müasir dünya mədəniyyəti meydanına çıxmışıq, ancaq əliboş çıxmamışıq, çarəsizlikdən kimlərisə imitasiya etməmişik, heç kimdən heç nə oğurlamırıq, öz Nizamimizlə, Nəsimimizlə, Xaqanimizlə, Füzulimizlə çıxmışıq...
Nəsimi ili çərçivəsində ölkədə onlarca maraqlı layihə ərsəyə gətirildi - televiziyalarda Nəsimi yaradıcılığıyla bağlı layihələr, filmlər; Akademik elmi dairələrdə Nəsimi irsinin araşdırılmasıyla bağlı yeni sanballı kitablar, elmi əsər müsabiqələri; teatrlarımızda Nəsiminin həyat və yaradıcılığıyla bağlı tamaşalar; Nəsimi şeirləri üzərində musiqiçilərimizin və bəstəkarlarımızın yeni əsərləri; Ali və orta təhsil müəssisələrində Nəsimi yaradıcılığının gənc nəsil arasında təbliğ olunmasıyla bağlı çoxsaylı görüşlər, ədəbi-bədii tədbirlər və sair və ilaxır...
Əlbəttə ki, qələm adamları da bu il ərzində Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif məzmunlu çoxsaylı ədəbi əsərlər ortaya qoydular. Bu əsərlərin hər biri haqqında ayrıca yazılar yazmağa, analiz etməyə dəyər... Lakin bu yazıda belə əsərlərdən biri üzərində dayanmaq istərdim ki, bu da Sayman Aruzun "Nəsimi" mənzum dramıdır...
Dünya ədəbiyyatında mənzum dram janrının tarixi demək olar ki, dramaturgiya tarixi qədər qədimdir. Onlarca böyük dramaturq bu janrda maraqlı əsərlər yaradıb, poeziya ilə səhnə oyununun vəhdətini qurmağa çalışıb... Azərbaycan ədəbiyyatında da son yüz ildə bu janrda xeyli böyük əsərlər ərsəyə gəlib. Hüseyn Caviddən tutmuş, Bəxtiyar Vahabzadəyə, Nəriman Həsənzadəyə qədər bir çox şairlərimiz bu janrda qələm sınayıb və bu tamaşalar teatrlarımızda səhnəyə qoyulub.
Lakin əfsuslar olsun ki, sırf romantik teatrın elementi olan mənzum dram janrı son yarım əsrdə bütün dünyada unudulmağa başladı. Dramaturqlar daha çox realist psixoloji janrlara və absurd teatra üstünlük verməyə başladılar. Bizdə də son onilliklərdə mənzum dramlar demək olar ki, yazılmır və səhnələşdirilmir. Məhz bu prizmadan yanaşanda Sayman Aruzun Nəsimi yubileyilə bağlı qələmə aldığı "Nəsimi" mənzum dramının ərsəyə gəlməsini ədəbiyyatımız üçün əlamətdar hadisə hesab etmək olar. Ümumiyyətlə, hansısa ədəbi və dramatik janrların unudulması, diqqətdən kənarda qalması təqdirəlayiq hal deyil... Sayman Aruzun "Nəsimi" dramının bir özəlliyi də sadəcə şeirlə yox, ən çətin vəzn olan əruz vəznində qələmə alınmasıdır. Bunun özü də böyük cəsarət tələb edir... Bu vəzndə Azərbaycan ədəbiyyatında son dram əsərləri uzaq keçmişdə Hüseyn Cavid tərəfindən qələmə alınmışdı...
Olmuşam od, həm də İbrahim özüm,
Olmuşam öz bağıma qaim özüm.
Rücət etdim öz içimə, amma kim,
Yoxdu "mən"dən başqa məndə, ey həkim!
Həqqə çatsan, güzgü olsan həqqə gər,
Sən susarsan, həqq səni dinləndirər.
Diqqət etsək görərik ki əruzun rəməl bəhrində ("failatun, failatun, failun" təfiləsi) yazılmış bu beytlər ilk baxışdan çox sadə təsir bağışlayır. Amma yalnız əruz şairləri bilir ki, bu sadəliyi və rəvanlığı əldə etmək əslində nə qədər çətindir...
Xəlqin Allahı çörəkdir, ey Nəsim,
Kütlənin şahı çörəkdir, ey Nəsim!
Aclıq olsa bu cahanda bircə ay,
Xəlq içində eşq olar iblisə tay.
Unudar xəlq aclıq olsa şahı da,
Unudar xəlq eşqi də, Allahı da,
Sən ürək vermə, çörək ver, xəlqinə,
Xəlq inanar onda ənəlhəqqinə.
Təbii ki, belə böyük əsəri əruzda qələmə alanda, müəyyən zihaf və imalələrdən qaçmaq mümkün deyil və biz böyükhəcmli klassik poemalarımızda da bu halın şahidi oluruq. Lakin Sayman Aruz bu zihaf və imalələrin də sayını bacardıqca maksimuma endirməyə çalışmışdır...
Dram əsərində, əlbəttə ki, mövzuya uyğun olaraq şərtiliklər üstünlük təşkil edir. İstər Nəsimi obrazı, istər Nəimi, Şəms, Həllac, Şah, Səmazən və başqa obrazlar real psixoloji xarakterlər kimi deyil, irfani həqiqətləri bəyan etməkçün şərti və abstrakt simalar kimi simvolik şəkildə təqdim edilib. Səhnələrin ardıcıllığı və quruluşu da ənənəvi Şərq sufi traktatlarındakı irfani aşiqanə dialoqları xatırladır ki, bu da əsərin sırf Şərq sufi məzmununu ön plana çəkir...
Mən əsiri eşqəm, ey afət, burax,
Eşqi öyrən, eşqi dərk et, eşqə bax.
Mən təriqi eşqə düşdüm bir kərə,
Çatmışam indi geri dönməzlərə...
Mənsur üçün dar mükafatdır, bəli,
Zahid üçün dar mücazatdır vəli.
Mən o Mənsuram ki, eşqin darına,
Gər çəkilsə çatar o dildarına.
Ümumilikdə bütün romantik şeir parçalarında, dialoq və monoloqlarda Mövlana Cəlaləddin Ruminin poeziyasının təsiri duyulur ki, bu da təbiidir, çünki Sayman Aruz uzun ilər ərzində Mövlana yaradıcılığının tərcümə və tədqiqi ilə məşğul olub... Özündən sonrakı bütün Şərq şairlərinin yaradıcılığına təsir etmiş Mövlana, təbii ki, Nəsimi yaradıcılığını da təsirsiz buraxmamışdır, lakin təbii ki, Nəsimi sadəcə imitator kimi çıxış etməmiş, ümumi irfan fəlsəfəsinə öz fərdi hiss və duyğularını, fikir və düşüncələrini də əlavə etmişdir...
"Nəsimi" dramının bütün məzmunu, sanki Haqq daşıyıcısı olan mübariz arif-şair, Haqq uğrunda, hətta canından keçməyə belə hazır olan bir Şəhid obrazının vəsfinə həsr edilib... Sanki bütün ətraf obrazlar yalnız və yalnız Nəsimi obrazının açılmasına, sufi-irfan təfəkkürünün təqdimatına istiqamətlənib. Bütün projektorlar yalnız Nəsimiyə yönəlib. Xüsusən də əsərdəki edam səhnələrində baş qəhrəmanın cəsarəti və fədakarlığı açıq şəkildə nümayiş etdirilir... Əsərin məhz əruz vəznində və Nəsiminin öz poetik dilinə yaxın bir formada yazılması da maraqlı detallardan biridir, çünki bir çox başqa əsərlərdə olduğu kimi, klassik obraz müasir dildə danışsaydı, əsərin təsir gücü xeyli azalmış olardı...
Lakin onu da qeyd edim ki, vəhdəti-vücud fəlsəfəsi üzərində köklənmiş irfan-təsəvvüf dolu poetik fikirlərin oxşar şəkildə əsərin müxtəlif parçalarında yüngül fərqlərlə təkrar-təkrar səslənməsi, zənnimcə, müəyyən qədər yorucu təsir bağışlayır və gələcək üçün müəllif əsəri kitab halında çapa hazırlayarkən, müəyyən ixtisarlar eləsə məqsədəuyğun olar...
Əlbəttə, əsərin sırf teatral dramaturgiya baxımdan izahı və şərhi teatrşünas alimlərin işidir, mənsə əsərə səhnədə baxan yox, məhz yazıdan oxuyan bir oxucu kimi fikirlərimi yazdım, çünki etiraf edim ki, mənimçün bu əsərin poetik və irfani tərəfi daha açıq-aydındır. Və düşünürəm ki, teatrşünaslarımız da bu əsərin məhz dramaturji tərəfləri barədə öz fikirlərini yazacaqlar...
Əlbəttə ki, haqqında danışdığımız əsər Nəsimi ili çərçivəsində ərsəyə gələn çoxsaylı işlərdən yalnız biridir. Və zənnimcə, bu işlərdən hər biri - istər musiqi əsərləri olsun, istər teatr tamaşaları, istərsə də ədəbi əsərlər - xalqımızın öz milli mənəvi dəyərlərinə nə qədər sadiq olduğunun, heç vaxt nihilizmə yuvarlanmayacağının bir göstəricisidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!