Otuz ildir ərzə qədəm basdığım
Yol uzun, arzu çox, ömür yarıdır...
Başqa bir şey deyil mənim yazdığım
Sahilsiz qəlbimin dalğalarıdır.
Abdulla Faruq
1935
Göyçaylı şair Abdulla Faruq atamgilin uzaq qohumudur. Daha dəqiq desək, böyük bibim Kubra xanımın həyat yoldaşı Əbdülkərim Əfəndiyevlə Abdulla Faruq Əfəndiyev əmioğludurlar.
Uşaqlıq və yeniyetməlik çağlarında Göyçayda Rəsulla Abdullanın tanış olub-olmaması haqqında məlumatım yoxdur. Hər halda, atamın yazmağa başlayıb tamamlamadığı tərcümeyi-halında bu barədə bir şey demir. Faruq haqqında yalnız Bakıya gəldiyi vaxtdan yazır. Rəsul Rza otuzuncu ildə Bakıya gələndə Abdulla Faruq artıq ədəbiyyat aləmində tanınırdı. Atamın yazdığına görə, məhz Faruq göyçaylı qohumunu ədəbiyyat aləminə gətirib, "Gənc işçi" qəzetinin redaksiyasında Mikayıl Müşfiqlə, Sabit Rəhmanla, Mehdi Hüseynlə, Süleyman Rüstəmlə və başqalarıyla tanış edib. Qısa müddətdə Rəsul Rza həmin şeirləri, hekayələri, məqalələri, həm də ədəbi-ictimai həyatda fəallığıyla daha çox məşhur olur.
Ey hər gün
Başımın üstündən keçən
Buludlar, buludlar...
Qara buludlar!
Silsilə dağları bürüyəndə çən
Gedirsiniz belə hara buludlar?
Gah düzəlirsiniz böyük bir alay,
Gah toplanırsınız səmada lay-lay...
Küləklər axşama çalanda lay-lay,
Günü çəkirsiniz dara buludlar!
Kiminiz nəşəli, kiminiz qəmli.
Kiminizin gözü daima nəmli,
Qışın qasırğalı, yazın şəbnəmli
Günlərinə verin ara, buludlar!
Faruq bu "Buludlar" şeirini Rəsul Rzaya ithaf edib.
Otuzuncu illərdə ədəbiyyata gəlmiş başqa şairlər kimi, A.Faruqun da yaradıcılığında yeni həyatın tərənnümü, quruculuq işlərinə, tarlalara, pambığa, buruqlara, Leninə, Qorkiyə, Dolores İbaruriyə həsr olunmuş şeirlər müəyyən yer tutur. Bunlarla yanaşı, bu gün belə, təravətini itirməmiş incə lirik parçalar da var:
Oylə bir xəyalın hökmündəyəm ki,
Ruhuma dar gəlir səmalar mənim
Bəzən buludların üzərindəki
Boşluqlar istərəm ola məskənim.
Yaxud:
Son şəfəq - günəşin batdığı yerdə
Yanıb şölələnən tonqal kimidir.
Çəkilir dağlara, daşlara pərdə
Qayalar uzaqda xəyal kimidir.
Dəniz xoş - uyuyur dalğalar belə
Susur küləklərin uğultusu da.
Tək-tənha çıxmışam qumsal sahilə
Bir xəyal arayır gözlərim suda.
Şair sözləri oynadaraq gözlənilməz təşbeh yarada bilir.
Yenə gəlir sahilləri yorta-yorta dalğalar
Yenə gəlir yaxasını yırta-yırta dalğalar.
Son illər tədqiqatçı Sona Xəyal arxivlərdən atamın Faruqa məktublarını tapıb. Bu məktublardan bəzi parçaları gətirirəm (gətirmədiyim parçalar sırf məişət xarakterindədir). Məktublardan hər iki şairin səmimi dost, məhrəm, həm də bir-birinin yaradıcılığına tələbkar münasibətləri aydın görünür.
"Qardaşım Faruq! Məktubunu aldım, son şeirim haqqında yazdıqlarını oxudum. Sən özün yaradıcılıq etibarilə aramızda olan ayrılığı yaxşı göstərirsən. Sənin dediklərinin bəziləri ilə mən də şərikəm. Əlbəttə, oylə şeir yazmaq lazımdır ki, o yalnız öz təzəliyi, orijinallığı, dərinliyi deyil, öz ahəngi etibarilə də əski şeirdən qat-qat yuxarı dursun. Bu baxış nöqtəsindən, benim şeirlərim hələ ben istedigim kamilliyə yetə bilməmişdir...
...Bu günlərdə imtahanlarımız başlayır, ona görə sənə bir az gec-gec məktub yazsam incimə. Hələlik bu qədər. Əllərini sıxıram sənin.
R.Rza.
21.11.1935-ci il. Moskva.
Göründüyü kimi, məktub atamın Moskvada təhsil aldığı (və təhsilini bitirmədiyi) illərdə yazılıb. Hətta 1935-ci ildə də "mən" deyil "ben" yazmaları maraqlıdır.
Qardaşım Abdulla, salam! Üçüncü məktubunu aldım... Sənin şeirin haqqında hələlik (yəni bir dəfə oxumuşam, həm də fikrim bir qədəri dağınıqdır) bir qədər deyim. Əvvəla, göndərdiyin parça bir poema hissəsi olsa gərəkdir, ikinci, burada da bəzi şeirlərin də özünü göstərən və benim sana dəfələrlə dediyim trafaretlərdən qurtulmamısan. Daha aydın deyim, sənin "Snayper", "Partizanlar" və bir sıra başqa qüvvətli, ruhlu, atəşli şeirlərinə kölgə salan sadalamalar, eyni ahəngdə gələn tarixi, coğrafi adlardır. Əslində, istər tarixi, istərsə də coğrafi adlar, sözlər işlədilə bilər və bunlar "v meru" olduğu zaman şeiri daha da qüvvətləndirər. Misal üçün, müharibə mövzusunda sənin qədər qüvvətdə yazan olmamışdır.
Ancaq sənin bu gözəl yazının qüvvətini padşahlar, sultanlar, baronlar, xanlar, panlar və bu gibi sadalamalar azaldır. Cavab parçasında bundan başqa bir nöqsan da vardır. Bu nöqsan əsgərə məktub yazan kəndli qızın (mən inanıram ki, sən bunu boylə vermək istəmisən, yəni kəndli qızının dilindən) Litvinov qədər xarici siyasət məsələləri haqqında məlumatı olduğu, Polşa, alman, ingilis ordularının silahlarının bildiyidir.
(Litvinov o vaxt SSRİ Xarici İşlər Komissarı idi - A.)
Başqa əsgərin son məktubu çox uzundur. Sevgilim deyə başladığın yer çox səmimidir. Sonra isə sənin əsgərin çox hap-gop edir. Axırıncı səhifələrdə ayrı-ayrı təşbehlər və qüvvətli misralar vardır. Bitkin bir obraz yoxdur. Sözlərdir. Bu sözləri insan göz qarşısında canlandırmaq istədikdə səhnə çox tez keçir. İnsana bütün təsir verməyir. Bəlkə də qırıq-qırıq təsirlər buraxır. Bu kiçik parçada "hərb" sözü on bir dəfə, "Qanıma" sözü 45 dəfə, "bomba, top, təyyarə, sərhəd" sözü hərəsi 45 dəfə, "ordu" sözü 67 dəfə, "düşmən" sözü 45 dəfə təkrar olunur. Bunlar nədir? Həm də sənin kimi o tövr dəsxoş (oformivşis) (püxtələşmiş - A.) yazıçı üçün əfvedilməz nöqsandır.
Bir də ben seni bir şeydən saqındırım. Bu hərb məfhumlarını həmişə bir cəhətdən götürməyin. Bunları yazmaq benim dostluq, qardaşlıq borcumdur. Bəlkə mən fikirlərimdə yanılıram. Yaz, mübahisə edək, bir-birimizi qane salarıq...
Benim haqqımda o Rəhmlidir nədir onun yazdığı isə beni zərrə qədər də rahatsız etməyir. Yer yiyəsiz olanda donuz təpəyə çıxar. Bugünkü Azərbaycan ədəbiyyatı cəbhəsində boylə-boylə şeylərin meydana çıxması həm də təəccüblü bir şey deyildir. Rahim isə Cəfər Xəndanla bərabər benim şeirimi anlaya bilmirsə, bu çox gözəl, beni son dərəcə şad edən bir faktdır. Bu boylə də olmalıdır.
Nigarın sana çoxlu xeyir-duası var. Hələlik bu qədər. Əlini sıxıram. Sənin
Rəsul
12.11.1935-ci il
Çox illər sonra Müşfiqin xatirəsinə həsr olunmuş "Qızılgül olmayaydı" poemasında Rəsul Rza adlarını çəkməsə də, gənclik dostlarını portretlərini yaradır.
O gün.
tanış olanda biz,
orda
bir talei kür
şair də vardı.
Tez qızar, tez soyuyardı.
İndi yoxdur o da.
Fırtınalı illər onu
Yaralı ov kimi
Qabağına qatdı.
Ömrünü parça-parça
tikə-tikə qopartdı.
Vətən xaini dedilər adına.
Min bir ləkə yaxdılar
Özünə, əcdadına.
O cavan ömrünü
Qurban verdi
Vətən yolunda.
Güllü bir bahar axşamı.
Kaş onuntək
Vətənə
Sadiq olaydı hamı!
Onu uddu cəbhədə
odlar-alovlar.
Bəli, həyatın belə
Qanlı hekayəti var.
Bu sətirlər Abdulla Faruqa aiddir və onun kür xasiyyətini, kədərli ömür yolunu canlandırır. Atamdan başqa Faruq haqqında Ənvər Məmmədxanlıdan, bibilərimdən, Kubra bibimin oğlu tarixçi Oqtay Əfəndiyevdən eşitmişdim. Hamısı onu dəli-dolu, qabağından yeməyən, son dərəcə cəsur, mərd gənc kimi səciyyələndirirlər. Ənvərin bacıları Arifə və Həbibə danışırdılar ki, bir dəfə axşam vaxtı Faruq onları Ənvərgildən evlərinə ötürürmüş. İçərişəhərdə, küçənin tinində bir neçə cavan oğlan söhbət edirmiş. Həbibəgil keçəndə bu oğlanlar öz aralarında etdikləri söhbətə gülüşüblər. Onlara heç bir dəxli olmasa da, Faruqa elə gəlib ki, onlara sataşırlar. Tez tapançasını çıxarıb təkbaşına onların üstünə cumub. Qızlar birtəhər yalvar-yaxarla onu sakitləşdirib qorxmuş oğlanlardan aralayıblar.
- Həmişə üstündə tapança gəzdirərdi - deyirdilər.
Faruqla bağlı məzəli əhvalatlar da yadımda qalıb. Bir şakəri varmış, tez-tez deyərmiş: Qoy bu da mənə dərs olsun. Axır bir gün Sabit Rəhman: Faruq, sən bu universiteti haçan qurtaracaqsan? - deyir.
Danışırlardı ki, Faruq rus dilini o qədər də yaxşı bilmirdi, odur ki, rus ofisianta pivə sifariş verəndə bilmirdi necə desin: "dve ya dva butulki" - Prinesi tri butilki - deyirdi. Üç şüşə gətirəndə - eto vozmi - deyə üçüncü şüşəni göstərirdi.
Bu xasiyyətinin canlı detalları olsa da, Faruq, əlbəttə, ədəbiyyatda həm şeirləriylə, həm taleyində məşum rol oynamış məktub olaylarıyla qalıb.
1939-cu il dekabrın 21-də "Ədəbiyyat qəzeti"ndə belə bir məlumat çıxıb:
"Bu günlərdə Azərbaycan Sovet Yazıçılar İttifaqının geniş plenum iclası olmuşdur. Azərbaycan Sovet Yazıçılar İttifaqının işi ciddi surətdə tənqid edilmişdir. Plenum iclası Azərbaycan Sovet Yazıçılar İttifaqında işin öhdəsindən gələ bilmədiklərinə görə və sovet yazıçılarının etimadını doğrultmadıqlarına görə İttifaqın məsul katibi Rəsul Rzayevi və onun müavini Cəfər Cəfərovu vəzifədən götürmüş və Prezidium heyətindən çıxarmışdır".
Nə oldu, nə baş verdi? Nə səbəbdən birdən-birə Rəsul Rzanı İttifaqın rəhbəri vəzifəsindən (o vaxt bu vəzifə məsul katib adlanırdı) uzaqlaşdırdılar? Qəzetin sonrakı nömrələrində Rəsul Rzaya məsələn, Mayakovskini təbliğ etmədiyi kimi gülünc ittihamlar verilir, daha sonrakı saylarında isə uzun müddət ümumiyyətlə, heç yerdə adı çəkilmirdi.
Rəsul Rzanın Yazıçılar İttifaqının rəhbərliyindən çıxarılmasının əsas, daha doğrusu, yeganə səbəbi latın qrafikasından rus əlifbasına keçidlə bağlı idi. Azərbaycanın latın əlifbasından rus əlifbasına keçməsi sadəcə hurafatın dəyişməsi deyildi. Bu xalqın milli şüuruna vurulan güclü zərbə, mənəviyyatını zədələyən bir təkan idi. Bu zərbənin, bu təkanın təsiri ayrı-ayrı şəxslərin taleyində də hiss olundu. O cümlədən Abdulla Faruqun taleyində, Rəsul Rza ömrünün müəyyən mərhələsində.
Uşaqlığımda evimizdə valideynlərimin bu əlifba dəyişməsinə aid söhbətlərini eşitmişdim. Onlar bu məsələni 37-ci il faciəsindən sonra Azərbaycanın mənəviyyatına vurulan ikinci ağır yara kimi dəyərləndirirdilər.
Anam danışırdı ki, bir gün Rəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisi də bir haldaydı ki, çırtma vursan sifətlərindən qan damardı. Bağırovun yanından gəlmişdilər. Bağırov bunları əlifba məsələsi üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içki istədilər, içdilər və dərdləşməyə başladılar. Bağırov onlara deyib ki, rus əlifbasına keçirik, özü də burada daha heç o yan-bu yan ola bilməz, bu, şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxunc sözlərə baxmayaraq, etiraz etməyə çalışıblar. - Axı ermənilər, gürcülər öz əlifbalarından əl çəkmirlər - deyiblər. Bağırov: yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər - deyib. - Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyni əlifbadan istifadə etməlidirlər.
Bu söhbətin ardını Ənvər Məmmədxanlının dilindən eşidib yazmışam:
"Faruq mənə dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab edirəm, bu, Bağırovun işidir, ona məktub yazacam. Dedim yazma, bu, Bağırovun işi deyil, Stalindən gələn məsələdir. Faruq qulaq asmadı, yazdı. Məktub Bağırova çatan kimi tufan qopdu. Bağırovun bir xasiyyəti vardı, biri bir iş tutan kimi o saat deyirdi ki, bu tək sənin işin deyil, bunun altında hansısa bir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış təxribatdır. Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq Rəsul Rzanın qohumudur və Rəsul də Yazıçılar İttifaqının sədri olduğu üçün bu məsələni o təşkil edib. Bağırov bütün Yazıçılar İttifaqını darmadağın etdi. Bir-bir adamları çağırırdı, içəri girən kimi də soruşurmuş ki, kakoy on poet? (yəni Faruq necə şairdir - A.) Məsələn, Səməd nə bilsin ki, hadisədən xəbəri yoxdu, deyir ki, "tovariş Bağırov rastuşiy, xoroşiy poet" (yaxşı, inkişaf edən şairdir) "A.. rastuşiy xoroşiy poet?". Otur!
Bir nəfər adını demirəm kimdir, nə təhər olubsa, hiss edib ki, bu nə məsələdi, içəri girən kimi ondan da soruşub, "Po tvoemu kakoy poet Faruq?". O da dərhal deyib ki, "eto provokator, a ne poet".
Bağırov: Vot nastoyaşiy bolşevik, - deyib".
Ənvərin bu xatirəsinə ancaq onu əlavə edə bilərəm ki, Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar İttifaqına rəhbər göndərdilər.
Ənvərlə Faruq yaxın dost idilər, bu hadisələr zamanı Faruq hər axşam Ənvərgilə gələrmiş.
"Bir nəfər də vardı, o da gələrdi və mən də bilirdim ki, bu adam söz almağa gəlir. Bu adam hər dəfə məndən soruşurdu: Ənvər, sən necə baxırsan bu əlifba məsələsinə? Mən ehtiyatla cavab verməyə çalışırdım, amma ağzımı açmamış Faruq ortalığa atılırdı ki, çox pis baxıram bu əlifba dəyişdirilməsinə. O adam yenə məndən soruşurdu: Ənvər, sən necə baxırsan və mən də ağzımı açmamış Faruq yenə atılırdı ortaya: Mən çox pis baxıram, filan. Axırda o adamın hövsələsi çatmadı, qayıtdı Faruqa ki, əşi, səni bilirik e. Sən pis baxırsan, mən bu kişinin fikrini bilmək istəyirəm".
Ənvərin vəfatından sonra tarixçi Solmaz xanım Tohidi məni NKVD arxivindən çıxardığı bir sənədlə tanış etdi. Bu sənəd-informasiyada deyilirdi:
"Yazıçı Məmmədxanlı deyirmiş. - Biz kiçik millətik və əlifba vasitəsilə bizi ruslaşdırmaq istəyirlər.
Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadan qayıdan Səməd Vurğun və Rəsulov Rza (sənəddə belədir - A.) yeni əlifbaya keçmənin əleyhinə kəskin şəkildə danışırlarmış. Şair Əfəndiyev Abdlulla Faruq deyirmiş: "Mən yeni əlifbaya keçmənin əleyhinə çıxış etmək istəyirdim, amma Rəsul Rza bunu məsləhət görmədi".
Atamın da bu barədə söhbəti yaxşı yadımdadır. Deyirdi ki, bir gün Bağırov məni çağırdı, gözündən, ağzından od tökülürdü, mən də hələ başa düşmürdüm ki, niyə qəzəbə keçmişəm, çünki Faruqun məktubundan xəbərim yoxdu. Məsələ açılanda, deyəndə ki, Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki, bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün cavabdehsiniz? Daha da özündən çıxdı: Mən, bax bu əlimlə öz qohumlarımı güllələmişəm - dedi.
O vaxtın şərtlərinə görə, hələ yaxşı qurtarıblar. Rəsul Rzanı olmasa da, Faruqu tutdura da bilərdi. Bunu etməməsinin səbəbi, məncə, rəhmdilliyində deyildi. 37-ci il qırğınından sonra həbs, sürgün və güllələnmə planları artıqlamasıyla doldurulmuşdu və 39-cu ildə Yejovun süqutundan sonra ölkədə repressiya kampaniyası səngiməkdə idi.
Abdulla Faruqun adı qara siyahıya düşür, onu ayrı bəhanəylə Yazıçılar İttifaqından çıxarırlar. Sovet sisteminin riyakarlığı bir də ondaydı ki, cəzalandırdığı adamın nəyə görə cəzalandırıldığını açıb ağartmırdı.
Dostum Ramiz Rövşən tələbəlik illərində ədəbiyyat müəlliməsindən eşitdiyi Faruqa məxsus misraları yadında saxlayıb. Şairin heç bir kitabına daxil edilməyən bu misraları Ramizin dilindən kağıza köçürdüm:
Gül, gül, gülən gözündən sevinc sağılsın
Gündüz günəş kimi, gecə ay kimi
Kədərin dağılsın, dərdin dağılsın,
At dərdi başından kəlağay kimi.
Nə yazıq ki, o ağır günlərdən sonra Faruqun kədəri dağılmadı, dərdi başından kəlağay kimi ata bilmədi.
O gündən sonra atamın Faruqla münasibətləri necə olub? Təəssüf edirəm ki, bu barədə nə atamdan, nə anamdan xəbər almamışam. Bircə çox illər sonra, 1964-cü ilin martında atamın Faruqun xatirəsinə həsr etdiyi "Səhifələrin yaddaşından" şeirində buna bəzi işarələr var.
Bu kitabı sən vermişdin:
Üstündə
"dostum nöqtə, nöqtə" yazı
Sonra, sonra oldu
sənə atılan acı sözlərin,
insafsız sözləri,
tikanlı sözlərin
tolamazı.
Sənin yazından aşağı
iki sətir mən yazmışdım
O bədbəxt, o qaynar,
O kədərli axşam.
Sən özün yazmışdın:
"Bəlkə görüşmədik"
Görüşmədik,
bəlkəsiz.
Düşünürəm, bu məsələ, yəni Faruqun məktubuyla bağlı tufan Rəsul Rzaya necə təsir edə bilərdi? (Yeri gəlmişkən, arxivlərdə işləyən bir neçə tarirxçidən Faruqun bu mənhus məktubu haqqında soruşsam da, bu sənədə rast gələn olmamışdı).
Rəsul Rza 29 yaşında Yazıçılar İttifaqının rəhbəri və deputat seçilir. Xalqa, ədəbiyyata xidmət etmək, doğma dilin qorunması yolunda qəlbi qaynar arzularla, beyni böyük planlarla dopdolu olan gəncin bir an içində həyatı sarsılır. Özünün nəinki təqsiri, xəbəri belə olmadığı bir məktubdan, dostunun heç nəyi dəyişə bilməyəcəyi uğursuz məktubundan sonra hər şey alt-üst olur.
Yazıçılar İttifaqına rəhbərlik etdiyi iki ildən də az müddətdə Azərbaycan dilinin vəziyyəti, onu gözləyən təhlükələr haqqında Plenum keçirir və özü məruzə edir. Azərbaycan ədəbiyyatı tarixinin yaradılması təklifini irəli sürür. O il "Ədəbiyyat qəzeti"ndə gedən bütün yazıların altında müəlliflərin imzaları həmişəki təxəllüsləriylə deyil, "oğlu" deyə göstərilir.
Natəvan klubu yaradılır. Həm də bütün bu təşəbbüslər 37-ci il xofunun hələ yaddaşlardan silinmədiyi bir vaxtda baş verir.
Rəsul Rzanı nəinki Yazıçılar İttifaqının rəhbəri vəzifəsindən çıxarırlar, adı və kitabları yasaq olunur. Mətbuatda adı çəkiləndə ancaq mənfi mənada, cürbəcür iradlarla çəkilir. Anam danışırdı ki, o vaxt hər iclasda İttifaqın yeni rəhbərliyi hökmən Rəsulun adını kəskin tənqidlə hallandırırdı. Moskvada keçiriləcək dekadaya nə özünün, nə artıq nəşr olunmuş kitablarının aparılmaması bəs deyilmiş kimi, başqa çapa gedən kitablardan da adını pozurmuşlar və xüsusi qəddarlıqla bu işi Rəsulun o vaxt Azərnəşrdə işləyən bacısı Surəyə tapşırırlarmış. Göz yaşları içində bu işdən imtina edən bibimin halını təsəvvür etmək olar.
Araya müharibə düşür, Rəsulun hərbi müxbir kimi Krım cəbhəsindən, azərbaycanlı əsgərlərin rəşadəti, igidliyi haqqında yazıları soydaşlarımızın hərbi səriştəsizliyi, vuruşa bilməmələri, hətta fərariliyi barədə mifləri təkzib edirdi.
Müharibənin ilk günündən cəbhəyə yollanan Abdulla Faruq döyüşdə ağır yaralanır, müalicədən sonra yenidən döyüşən orduya qayıdır.
Bəzən cəbhələrdə qanad çalıram.
Bəzən xəyalımdan keçir uzaqlar
Şeirimdə canlanır dumanlı dağlar.
Nə cəbhədə qanad çala bildi, nə xəyalında canlanan uzaqları, dumanlı dağları bir daha görə bildi. 37 yaşlı şair davadan qayıtmadı. Rəsul Rzanın Elegiyasında xatırlandı:
Nə son dəqiqələrindən xəbərim var,
nə harda basdırıldığını bilirəm.
Bəlkə qara quzğunlar
caynaqlayıb yedi qara gözlərini,
Bəlkə də yanaqlarında
gilə-gilə buz oldu
hələ ağrılı nəfəsi kəsilməmiş
üzünə düşən qar naxışları.
Bəlkə
üstünə cansız sərildiyin torpaqda,
bir parça, bir boy o torpaqda
cəsədin qaldı neçə gün
və düşmən ayağı dəymədi
torpağın o parçasına.
Bu da sənin vətənə son borcun oldu
Bəlkə də o torpaq,
o torpaq ki, sinəsinə aldı səni
dönə-dönə sənin qoruyucun oldu.
Lakin
nə sən qoruya bildin onu
sona qədər, nə o səni.
Əbədi o torpaqda qaldı
Yurdumun neçə-neçə
Əlisi, Əhmədi, Həsəni və sən!
Dünyaları versələr,
İstəməzdim
bir gün təbəssümünlə
qapımdan girsən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!